AQRA.AZ

İdris müəllim, “Dom pioner” və onun fədakar müəllimləri (Xatirələr)

Hərfləri böyüt

...İdris müəllim kollektivi işlətməkdən yorulmurdu. O, qarşısına qoyulan və ya qarşısına qoyduğu məqsədə nail olmaq üçün nə lazım gəlirsə, edərdi və onu həll etməmiş əl çəkməzdi.Pedaqoqluğunda ən çox əhəmiyyət verdiyi iş isə nəsihət idi...

...O zaman biz uşaq idik, yorular, İdris müəllimdən uzaq durmağa çalışardıq. Amma indi o insanı qəribə bir heyranlıqla xatırlayıram. Allah rəhmət eləsin, onlar olmasaydı, kim bilir, insanların halı necə olardı?!..

...Bəzi müəllimlər, valideyinlər şagirdi ictimai işlərdən uzaqlaşdırmağa çalışırlar. Bu cür fəaliyyətləri vaxt alan, boş, mənasız iş hesab edirlər.    Halbuki, insanın ictimai varlıq olaraq yaradılması onun həmişə başqaları ilə ünsiyyətdə olmasını və bu ünsiyyətdə də ona aid istedad və qabiliyyətlərini önə çıxarmasını tələb edir. Əgər insandakı istedad və qabiliyyətlər üzə çıxarılıb inkişaf etdirilməzsə, o zaman ondakı MƏN - eqo başqa cür üzə çıxar və insan dağıdıcı, zərərli bir varlığa çevrilə bilər...

     .Naxçıvan şəhərini mərkəzi məscidi olan “Came məscidi”nin üç yüz, üç yüz əlli metrliyində qadim bir bina vardır. Bu bina mənim məktəbli olduğum illərdə, yəni keçən əsrin 60-cı illərində, hətta daha sonra da bura “Dom Pioner” (“Pionerlər Evi”) idi. Bizim dövrün yaşlı nəsli isə bu binaya “Telman klubu,” daha yaşlı nəsil isə qorxa-qorxa “Zaviyyə məscidi” deyirdi. Bu günkü nəsil üçün anlaşılmaz olan bu ifadə, hətta onun kimi “pioner,” “komsomol,” “Sov.İKP” kimi söz və terminlər tanış  olmaya bilər. Bunu nəzərə alaraq bu barədə qısa məlumat vermək istəyirəm.

Sovet dövləti bir ideologiya üzərində qurulan və hər kəsi bu ideologiya ilə yaşamağa məcbur edən bir siyasi, ictimai sistem idi. Burada insanı uşaqlıq dövründən başlamış ölənəcən leninizm, bir az da geniş götürsək, marksizm-leninizm adlı mənasız, içi boş bir ideya ilə yaşatmağa çalışırdılar. İşin qəribə tərəfi bu idi ki, bu təlimi təbliğ edənlərin böyük əksəriyyəti nə Lenini oxumuşdu, nə də leninizmdən, marksizmdən xəbərsiz idi. Soruşsaydın, partiya aparatının ən yüksək vəzifə pilləsində oturan adam belə Leninin 53 cildlik əsərlərindən 5-10 səhifə oxuyan biri tapılmazdı. Özünü marksist-leninçi adlandıranlardan Marksın hansı əsərini oxuduğunu soruşsaydın, müsbət cavab ala biləcəyin çox az adam çıxardı. Hətta belə bir lətifə də vardır:

Bir nəfəri Kommunist Partiyası sıralarına qəbul edirmişlər. Adam fəhlə sinfinin nümayəndəsi olduğundan, ona ən asan sualı verirlər:

- De görək, “Kapital”ı kim yazıb?

Yazıq adamın rəngi qaçır, onu imzasız məktub yazmaqda ittiham etdiklərini düşündüyündən çox qorxur, and-aman etməyə başlayır:

- Yoldaş katib,-deyir,-vallah mən yazmamışam, xəbərim yoxdur...

Büro üzvlərindən rayon milis (bu günkü polis) rəisi katibə yaltaqlanmaq fürsətini əldən qaçırmaq istəmir, üzünü ona tutur:

- Yoldaş katib, icazə verin bu yoldaşla mən məşğul olum!

Katib razılıq verir. Bir neçə saatdan sonra rəis birinci katibə zəng vuraraq sevinclə belə deyir:

- Yoldaş katib, axır ki boynuna aldı. Etiraf etdi ki, “Kapital”ı şəxsən özü yazıb.

Bu ideologiya ilə idarə edənlər bundan bir silah kimi istifadə edirdilər - istədikləri adamı asanlıqla bu ideologiyaya, partiyaya, vətənə, dövlətə xəyanətdə ittiham edə bilir, istənilən cəzaya məhkum edə bilirdilər. “Demoqoq” adlandırılan, ora-bura yalan xəbərlərlə insanları ittiham edən və onlara zərər vuran bir qrup “donosbaz” (xəbərçi) də həyat və məişətini bu vasitə ilə təmin edərdi.

Sovet hökuməti insanların beyninə bu çürük ideologiyanı yerləşdiirmək üçün çox geniş bir şəbəkə qurmuşdu və bu şəbəkəi də əsasən məktəbdə işlədilirdi. İbtidai məktəbin 1-3-cü sinfində oxuyanlar oktyabryat, yəni Böyük Oktyabr Sosialist İnqilabının uşaqları adlandırılır, sinələrində Vladimir İliç Leninin uşaqlıq dövrünün şəkli olan beşguşəli ulduz gəzdirərdilər.

Üçüncü sinifdən 8-ci sinfədək məktəblilər pioner olurdular. Bunların manqaları, dəstələri, drujinaları olurdu. Boyunlarına qırmızı rəngdə qalstuk bağlayar, sinələrinə üstü üçdilli alov olan beşguşəli ulduz taxardılar. Buna əməl etməyənlər tənqid edilər, dərsə biraxılmazdı. Pionerin xüsusi andı və əxlaq qaydaları var idi...

Yuxarıda haqqında danışmağa başladığım “Dom pioner,” yəni Pionerlər Evi də məhz bu yaşda uşaqların estetik-bədii tərbiyəsi ilə məşğul olan bir müəssisə idi və bu müəssisə SSRİ-nin hər yerində eyni adla fəaliyyət göstərirdi. Həmin müəssisə adında qismən dəyişiklik edilərək bu gün də “Məktəblilərin Estetik Tərbiyə Mərkəzi” kimi, artıq başqa məqsədlə fəaliyyət göstərir.

On dörd yaşına çatan yeniyetmələr isə komsomol (yəni Gənclərin Kommunist İttifaqı) sıralarına qəbul edilərdilər ki, bundan sonrakı növbəti pillə artıq tam kommunustlik - Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmaqdan ibarət idi.

Bu pilləyə - Sov.İKP sıralarına ali təhsilliləri qəbul etməzdilər. Yalnız xüsusi imtiyaz sahibi olanlar, partiya, sovet, komsomol və həmkarlar sistemində yüksək vəzifələrdə işə qəbul ediləcək olanları qəbul edərdilər. Sov.İKP üzvlərinə “partiyaçı” deyərdilər. Belə gənclər cəmiyyətdə gələcəyi yaxşı olan, gələcəyindən ümidvar olunan qrupa daxil idilər. Buna görə də ali məktəbi bitirən hər bir gənc Sov.İKP üzvü olmağa can atar, bəzən buna ömürlərinin bir çox illərini həsr edərdilər. Bu arzuya çatanlar da olurdu, bu arzusu ürəyində dünyadan köçənlər də.

Bu sətirlərin müəllifi də illərlə bu arzu ilə yaşamış, yalnız altı ildən sonra Sov.İKP sıralarına qəbul edilə bilmişdi. Yeri gəlsə, bu barədə ayrıca danışaram.

Naxçıvandakı  Dom Pioner- babam Abdulla Axundovla birlikdə işləmiş, bir müddət Əlixan məhəlləsindəki 5 nömrəli məktəbin direktoru olmuş, rəhmətlik İdris Səlimovun adı ilə bağlı idi. İdris müəllim uzun illər həmin məktəbə rəhbərlik etmişdi.

Mən 60-cı illərdə sinif yoldaşım, dostum Səid Fərəcovun təkidi ilə “Dom Pioner”ə cəlb olunanlardan idim. Orada rəqs, tar, kamança, nağara, xor, foto, dərzilik dərnəkləri var idi. Mən 5-ci, 6-cı sinifdə oxuyarkən anam məni foto dərnəyinə yazdırmışdı. Dərnəyin rəhbəri Sergey Torosyan adlı bir erməni idi.

O zaman fotoqrafçılıq yeni və cəlbedici iş idi. Bu gün hər kəsin cib telefonu olduğu və onunla istədiyi foto və video çəkən gənclər o illərdə foto-aparatı olan adamlara necə qibtə ilə baxıldığını təsəvvür edə bilməzlər. Foto-aparatım ucuzlu - “Smena” markalı olsa da, mən foto-aparatımla fəxr edirdim. Bilmirəm, bəlkə,  anam  gələcəyimi düşünərək, “Oğlumun əlində bir sənət olsun” düşüncəsi ilə  məni  bu dərnəyə göndərmişdi.

Sergey müəllimin qəribə bir laboratoriyası var idi. Laboratoriya əvvəllər məscid olmuş (Zaviyyə məscidi) binanın minarə qismində yerləşirdi. Minarənin yuxarı hissəsi uçurularaq bina ilə eyni səviyyəyə gətirilmişdi. Minarədən küçəyə açılan kiçik pəncərə var idi. Sergey müəllim bu pəncərəni iki hissəyə ayırıb bir hissəsinə qırmızı şüşə, o birinə isə adi şüşə salmışdı. Adi şüşənin üstünə də qara pərdə tutmuşdu. Şəkilçıxarma işi qırmızı şüşədən düşən işıq altında aparılırdı. Foto-lent kimyəvi aşkarlamadan keçirildikdən sonra foto-kağızın üstünə qoyulur, adi pəncərə bir anlığa açılıb-qapadılardı. Bayırdan düşən günəş işığı altında lentdəki neqativ əks bu kağıza düşür, sonra dərmanlardan keçirilərək pozitivə çevrilirdi. Günəş təqribən saat 1-dən 4-dək bu pəncərədən minarənin içərisinə düşərdi. Digər saatlarda və buludlu günlərdə “foto-laboratoriya” istifadəsiz olardı.

O illərdə daha çox 6 x 9 formatlı “Lyubitel” foto-aparatından istifadə edərdilər. Atamın “FED” və ya “Zenit” markalı foto-aparatı olduğunu xatırlayıram. Vəfatından bir il əvvəl – 1959-cu ilin yayında Naxcıvana gəlmişdi. “Sabir bağı” adlanan, bu gün Heydər Əliyevin büstü qoyulmuş xiyabanın bir hissəsi olan yerdə mənim şəklimi də həmin foto-aparatla çəkmişdi. O zaman bu foto-aparatlar indiki “Nikon” kimi bir şey idi. Mən uzun illər “FED,” “Zenit” “Kiev” kimi bir foto-aparatım olmasını arzu etdim, amma bir çox arzularım kimi, kasıbçılıq üzündən bu da olmadı.

Foto dərnəyindən bir müddət sonra, sinif yoldaşım, dostum Səid Fərəcovun təkidi ilə mən Dom Pionerin xor dərnəyinə üzv yazıldım və bir neçə il bu dərnəkdə iştirak etdim.

Bizim sinifdən buraya üzv olan bir neçə şagird var idi. Həmin Səid Fərəcovun çox gözəl səsi var idi. Rəşid Behbudovsayağı oxuyardı. Pionerlər evi mahnı və rəqs ansamblının ifa etdiyi bütün mahnıların, kantataların, süitaların solosunu, demək olar ki, Səid oxuyardı. Dom Pionerin ən fəal üzvü olan dostum Səid Fərəcov sonra Teatr İnstitutunda ali təhsil aldı və məzun olandan təqaüdə çıxanadək orada işlədi.

Bir başqa sinif yoldaşım Süsən adlı qız idi. Süsən sinif əlaçısı idi. Səhv etmirəmsə, məktəbi də ya Qızıl, ya da Gümüş medalla bitirdi, Bakı DU-nun fizika fakültəsinə imtahansız qəbul olundu, bu gün Bakıdakı 201 nömrəli məktəbin direktoru vəzifəsində işləyir. O illərdə olduğu kimi, indi də böyük hörmət sahibidir.

Süsən çox gözəl rəqs edərdi. Onun rəqqaslığı professional rəqqaslarınkından heç də aşağı səviyyədə deyildi. Dom Pionerdə ən fəal, dərsdə ən fəal, yoldaşları ilə ən səmimi ünsiyyətdə olan bu adamı mən indiyədək hər yerdə müəllimlərə, pedaqoji kollektivlərə nümunə kimi göstərirəm. Çünki bəzi müəllimlər, valideyinlər şagirdi ictimai işlərdən uzaqlaşdırmağa çalışırlar. Bu cür fəaliyyətləri vaxt alan, boş, mənasız iş hesab edirlər.    Halbuki, insanın ictimai varlıq olaraq yaradılması onun həmişə başqaları ilə ünsiyyətdə olmasını və bu ünsiyyətdə də ona aid istedad və qabiliyyətlərini önə çıxarmasını tələb edir. Əgər insandakı istedad və qabiliyyətlər üzə çıxarılıb inkişaf etdirilməzsə, o zaman ondakı MƏN - eqo başqa cür üzə çıxar və insan dağıdıcı, zərərli bir varlığa çevrilə bilər.

Süsən belə bir ictimai fəalliqla indiyədək öz işini davam etdirir. Bu yaxınlarda onun direktor olduğu məktəbdə bir tədbirdə iştirak edirdik. Uşaqlar gözəl bir səhnəcik göstərdilər. Həmin səhnəciyin ssenarisindən tutmuş səhnəyə qoyulmasınadək hər mərhələsində Süsənin, daha doğrudu, Naxçıvanın XX əsr 60-cı illər Dom Pionerinin qoxusu, ətri, təravəti hiss edilirdi.

Bizim sinifdən Nizami adlı bir başqa oğlan da Dom Pionerin fəallarından idi. İndi rəhmətlik olmuş Nizami gözəl akkordeon çalardı. Ümumiyyətlə, onların ailələrindən olan bütün uşaqlar Dom Pionerdə böyümüşdülər. Böyük qardaşı Əkrəm Məmmədov Naxçıvanın bir nömrəli tarzəni idi. Kiçik qardaşı rəhmətlik Kamil də gözəl kamança çalırdı. Gənc yaşda rəhmətə getdi. Bacısı Validə də rəqs dərnəyində idi.

Sinfimizdən Tahirə (sonra yuxarıda adını çəkdiyim Əkrəmlə ailə həyatı qurdu) və Sabirə adlı qızlar da Dom Pionerin rəqs dərnəyinin üzvləri idilər və onların da həyatında, zənnimcə, Dom Pioner çox böyük rola sahibdir.

Dom Pionerin direktoru İdris müəllim o zamankı təbirlə desək, Nikolay vaxtı orta məktəbi bitirənlərdən idi. Danışarkən, söhbət edərkən, birinə hirslənərkən Sədi Şirazinin “Gülüstan” və “Bustan”ından farsca bir beyt oxuyar, sonra Azərbaycan dilində mənasını izah edərdi. Xatirəmdə qalan, ən çox işlətdiyi də bunlar idi:

“Şəkkəri-Mazandaran, şəkkərü-Hindistan. Amma an koca, in koca…” Yəni, “Mazandaranın da şəkəri var, Hindistanın da. Amma o hara, bu hara.”

“Xər həmən xərəst, çuləş digərəst,” yəni “Eşşək həmin eşşəkdir, çulu başqadır…”

Başqa sözləri də var idi, amma unutmuşam, xatırlamıram.

İdris müəllim deyəsən, ixtisasca dil-ədəbiyyat müəllimi idi. Amma məktəblilər evinin müdiri kimi heç bir incəsənət adamının görə bilməyəcəyi işləri görürdü. Naxçıvan Pioner və Məktəblilər Evi həmişə respublika üzrə müsabiqələrdə birinci yer tutardı. İdris müəllim o dövrün məşhur bəstəkarlarından olan Cahangir Cahangirovla, Süleyman Ələsgərovla, rəqqasə Əminə Dilbazi ilə, bir çox musiqiçilərlə şəxsən tanış idi və onları Naxçıvana dəvət edər, onların köməyindən maksimum istifadə edərdi. Çox qəribə idi ki, Cahangir Cahangirovun bir neçə kantatasının ilk ifaçısı Naxçıvan Pioner və Məktəblilər Evinin mahnı və rəqs ansamblı olmuşdu.

İdris müəllim kollektivi işlətməkdən yorulmurdu. O, qarşısına qoyulan və ya qarşısına qoyduğu məqsədə nail olmaq üçün nə lazım gəlirsə, edərdi və onu həll etməmiş əl çəkməzdi. Pedaqoqluğunda ən çox əhəmiyyət verdiyi iş isə nəsihət idi. Bəzən saatlarla bizi ayaq üstə saxlayıb nəsihət edər, danışar, Sədi Şirazidən misallar çəkər, biz haldan düşər, qaz kimi ayağımızın  birini qaldırıb o birini qoyardıq, amma o, nəsihət etməkdən yorulmazdı. Nəsihətləri əsasən ədəb-ərkan qaydaları haqqında olardı. Ədəb və davranış qaydaları sahəsində nadir mütəxəssislərdən idi.

O zaman biz uşaq idik, yorular, İdris müəllimdən uzaq durmağa çalışardıq. Amm indi o insanı qəribə bir heyranlıqla xatırlayıram. Allah rəhmət eləsin, onlar olmasaydı, kim bilir, insanların halı necə olardı?!

Bir dəfə Bakıya məktəblilərin növbəti musiqi olumpiadasına gəlmişdik. Mən və bir neçə uşaq gizlicə dondurma alıb yedik. O dövrdə dondurma Naxçıvan üçün delikates hesab olunurdu. Bunu kimsə İdris müəllimə xəbər vermişdi. Məni çağırdı.

- Oğlum,-dedi,-sənin bacın Elmira nəfsibütün bir qızdır. Neçə illər onu Bakıya olimpiadaya gətirmişəm. Bir dəfə dondurma nədir, bilməzdi. Sən nəfsibədlikdə kimə oxşamısan?

Və uzun bir nəsihətə başladı. Çox sevdiyi bir deyimi mənə də dedi:

- Nəfsi atdılar itə, it yemədi, qaldı insana. Sən nəfsibədlik edib özünü nə səviyyəyə endirirsən? İndi səni qatara oturdub Naxçıvana yollayımmı? Bəs sən fikirləşmirsınmi ki, sabah bizə baxış olacaq? Səsin tutulsa nə olacaq? Səni buraya nə üçün gətirmişik, dondurma yeməyə, yoxsa xorda oxumağa?

İdris müəllimin mənə nümunə göstərdiyi bacım Elmira doğrudan da istedadlı qız idi. Uzun illər həmin Dom Pionerdə gözəl, məlahətli səsi ilə oxuyardı. Dəfələrlə Bakıda keçirilən olimpiadlarda laureat da olmuşdu. Əgər müğənnilik peşəsini seçsəydi, çox məşhur müğənni ola bilərdi. Amma babam razı olmadı.

Yeri gəlmişkən, Elmira bacımın çox gözəl şairlik istedadı da vardır. Əsasən satirik mövzuda çox gözəl şeirləri vardır. Əgər bu sahədə azacıq təhsil almış olsaydı, sadəcə qafiyə ilə deyil, ideya, məzmun xətti, şeir üçün lazım olan bəzi nəzəri məlumatlara sahib ola bilsəydi, bu günün şairlərinin çoxundan daha yaxşı şeirlər yaza bilərdi. Amma o da maddi çətinliklərə görə ali təhsil ala bilmədi, bu gün yaşının ahıl çağında orta təhsil barədə attestatla kifayətlənməli oldu. Evdar qadın olaraq yaşayır. Allah uzun ömür versin, amin!

O illərdə, yəni keçən əsrin ortalarında, hətta sonlarınadək  artistlik peşəsinə yaxşı baxmazdılar. Yaxşı yadımdadır, bir dəfə anam yolda qonşumuz olan bir aktrisa ilə görüşüb söhbət edirmiş. Bunu babama xəbər vermişdilər. Babam axşam anamı çağırıb, o ki var, danlayır.

- Ay Mirzə,-deyə anam özünü müdafiə etmək istəyir,-nə edim, üz-üzə gəlmişik, qonşudur, salam verir, salamını almayım?

- Yox, alma,-deyə babam etiraz edir,-alma onun salamını. O, artistdir. Səni onunla söhbət edən görənlər nə düşünər?

- Onun əri var, ailəsi var, kim nə deyər ki?-deyə anam yenə özünü müdafiə edir.

- Olsa da! Sənə deyirəm danışma, deməli, danışmamalısan.

O dövrdən cəmi bir-iki onillik sonra insanların hadisələrə baxışı dəyişdi. Mən heç bir peşəni əxlaqi baxımdan ayırıb aşağılamaq istəmirəm. Amma həyatımıza baxın, gör nə gündəyik! Bəzi ailələr, şəxslər ar-namus məsələsini bürüb-büküb elə uzağa atmışlar ki, bu gün onların normal cəmiyyətdə yaşamaq haqqı yoxdur. Bəziləri bunu şəxsi məsələ kimi müdafiə etsə də, bu sətirlərin müəlliifinə görə insanın şəxsi məsələsi deyə bir şey yoxdur. İnsan ictimai varlıqdır, onun danışığı, rəftarı, hal və davranışları mütləq başqalarına da təsir edir. Buna görə də “Şəxsi işimdir!”-deyib kimsə başqasının hüququna təcavüz etməməlidir. Bunun nəticəsidir ki, bəzi əxlaqsız adamlar hətta ailə və əxlaq barəsində teleproqramlar da aparırlar. Vay səni! Haradan haraya…

...Hər halda İdris müəllimin uzun-uzadı danlaqlarından narazı idim. Amma sonra fikirləşirdim ki, İdris müəllim haqlı idi. Doğrudan da, necə olar ki,  Naxçıvandan Bakıya gələsən, sənin səsinin də bu ümumi işdə bir payı olsun, amma sən bunu dərk etməyib dondurma yeyəsən, səsinin batması təhlükəsini nəzərə almayasan? Bir səsin xorda çox rolu olmaya bilər, amma beş-on nəfər dondurma yesə, o zaman məsələ başqa cür olar axı!..

Bədii rəhbər Mamed müəllim...

Dom Pionerdə mahnı və rəqs ansamblının bədii rəhbəri Məmməd Məmmədov idi. Hamı ona “Mamed müəllim,” deyə xitab edərdi. Mamed müəllim sonralar bir neçə çağırış Azərbaycan Ali Məclisinin deputatı seçilmiş, məşhur akademik Fərəməz Maqsudovun qardaşı idi.

Mamed müəllim gözəl truba çalardı. Xor kollektivini də, ansamblı da o idarə edirdi. Həm də necə idarə edirdi! Əlli dəfə də olsa, bir şeyi təkrar etməkdən yorulmaz, usanmazdı. Ta ki, ifa edilən əsər düzgün ifa edilsin. Alətlərdə ifa edənlərin 15-16 yaşlı məktəblilər olduğunu, rəqqasların və solistlərin heç birinin peşəkar deyil, 12-17 yaşlı məktəbli oğlan və qızlardan ibarət olduğunu nəzərə alsaq, Mamed müəllimin hansı səbr, dözüm və zəhmət bahasına məqsədə doğru addım-addım yaxınlaşdığını və ən üstün keyfiyyəti əldə etdiyini anlamaq olar. Bu ansambldan keçən adamların çoxu sonralar tanınmış alim, bəstəkar, müğənni, aktyor, rejissor oldu. Məsələn, Opera Teatrının solisti, “Leyli və Məcnun” operasında Məcnunun atası rolunun unudulmaz  ifaçısı Hüsnü Qubadov, filarmoniyanın və Azteleradio şirkətinin solisti Yaşar Səfərov, Gənc Tamaşaçılar Teatrının rejissoru Vaqif Əsədov, kinorejissor, “Əhməd haradadır?” filmində sürücü Əhməd rolu ilə məşhurlaşan Elxan Qasımov, Səid Rüstəmov adına mahnı və rəqs ansamblının ifaçıları pianoçu  Müsəvvər Əsgərov, kamançaçı Abdulla (familiyasını unutmuşam), tarzənlər Əkrəm Məmmədov, mərhum Rza Abbasov, daha neçə-neçə ifaçılar, rəssamlar və başqaları.

Qəribə idi ki, Mamed müəllimdən başqa, Dom Pionerin pedaqoji kollektivinin çoxu not bilmirdi. Məsələn, kamança, tar, nağara müəllimi olan üç qardaş var idi. Aparıcı müəllim isə Səfər müəllim Rəcəbov idi. Onların heç biri not bilməzdi, amma şagird yetişdirməkdə indiyədək onlara çata bilən heç bir konservatoriya məzunu müəllim yoxdur, desəm, yalan olmaz.

Tarzən Səfər Rəcəbov...

Səfər müəllim anadangəlmə kor idi, amma nə cür dərs deyirdisə, onun yetirmələri sonralar Azərbaycanda və Naxçıvanda ən məşhur tarçalanlar olurdular. Səfər müəllim dilini ovurdunda oynada-oynada (bu onun şakəri idi) qarşısındakı şagirdləri öyrədir, onların səhvlərini səbrlə düzəldir, heç vaxt hirslənməzdi. Allah ona rəhmət eləsin, o, yüz nəfər gözü görən adamın görə bilmədiyi işi görürdü. Çünki peşəsini sevirdi, şagirdlərini sevərdi, buna görə şagirdləri də onu sevərdi.

Onun qolundan tutub iş yerindən evlərinə aparıb yola salmaq Səfər müəllimin şagirdləri üçün bir şərəf işi idi və bu şərəfə nail olmaq da hamıya müəssər olmazdı. Çünki yol gedərkən belə Səfər müəllim müəllimlik peşəsinin haqqını verərdi. Müəllimlik təkcə ixtisasını öyrətmək demək deyildir ki! Müəllimlik insanlığı öyrətməkdir. Səfər müəllim də tar çalmaqdan daha çox insanlığı öyrədərdi.

Səfər müəllim məktəbi də deyə biləcəyimiz  Səfər Rəcəbovun dizinin dibindən çıxmış tarzənlər nəslində say hesabı aparmaq mənim üçün çətindir, amma tanıdığım, hafizəmdə qalan bir neçə adamın adını çəkə bilərəm. Bunlardan yuxarıda adlarını çəkdiyim  tarzən Əkrəm Məmmədov, Ələkbər Məmmədov, Rza Abbasov və onlarla başqalarının adlarını çəkmək olar.

Bu tarzənlər Səfər müəllim məktəbini keçdikdən sonra musiqi məktəbində də təhsil alırdılar və onların repertuarında Şarl Qunonun “Faust” operasından, Jorj Bizenin “Karmen” operasından parçalar, Vittorio Montinin məşhur “Çardaş” kimi əsərlər var idi. Təəssüf hissi ilə qeyd edim ki, bu gün bu cür ifalar, bu cür əsərlərin tar və digər milli alətlərimizdə səsləndirilməsi nadir hadisələrdən biridir.

Səfər müəllim vəfat edəndən sonra “Dom pioner” onun qoyub getdiyi boşluğu doldura bilmədi.

...Sonralar İdris müəllim təqaüdə çıxarıldı. O, evlənməmişdi, ailəsi yox idi. Bütün ömrünü uşaqlara, təhsilə, tərbiyəyə həsr etmişdi. Çox səliqəli, həddindən artıq təmizkar bir adam olan İdris müəllim anası ilə bir yerdə yaşayırdı. Anası vəfat edəndən sonra ömrünü tək başa vurdu.

                                                                          Nazim  (Fərruxoglu) Əkbərov

Add comment


Security code
Refresh