AQRA.AZ

Görkəmli təbiətşünas alim Qara Mustafayevlə müsahibə

Hərfləri böyüt

 Məşhur alim Qara Mustafayev: “Rəsul Rza dedi bu cəfəngiyyatdır, ona uşaq atasına yalvaran kimi yalvardım, xeyri olmadı”

“Məni parodiya edən “Bakılı oğlanlar”ın cavabını həmən verdim”

 Bu dəfəki müsahibimiz “Müəllim sözü” qəzetinin redaksiya şurasının üzvü, uzun müddət AzTV-də efirə gedən “Təbiəti sevənlər” proqramı ilə hamının yaddaşına həkk olunmuş ekoloq, təbiətşünas, biologiya elmlər doktoru, tanınmış ziyalı Qara Mustafayevdir. Onunla müsahibəni qəzetimizin oxucularına təqdim edirik:

- Öncə səhhətinizdən danışaq. Bu gün də əvvəlki kimi məhsuldar fəaliyyətiniz davam edirmi?

 - Xoşuma gələn sualdı. Burdan başlayım ki, alim qocalmır. Peşə sahibi, məsələn müəllim qocalır. Mən, 82 yaşlı Qara müəllim bir müəllim kimi hiss edirəm ki, qocalmışam. Amma alim kimi hiss etmirəm ki, qocalmamışam. Alim ölümündən bir saat qabaq elə bir cümlə deyə bilər ki, o cümlə yüz illərlə bəşəriyyətə xidmət edər. Ona görə də alim qocalmır. Konkret özümə gələndə isə deməzdim ki, 50, 60 yaşımda olanda indiki keyfiyyətlə işləyirdim. Əksinə, indi işin kəmiyyəti azalıb, amma keyfiyyəti çoxalıb. Yaşlandıqca, alimdə bu müşahidə olunur. Universitetdə reytinq cədvəli deyilən bir şey var. İlboyu hər bir kəsə gördüyü işlərə görə bal yazılır. Məqalə 15 bal,  monoqrafiyanın hər çap vərəqi 10 bal və s. Hətta dissertasiyaya verilən bal da var. Onlar hamısı yığılır. Görürsən ki, birinin olur 150, birinin ondan da az. Rektor bir şərt qoyub ki, ilboyu kimin balı 15-dən aşağı olacaqsa, onun müəllimliyi sual altında qalacaq. Onun burada saxlanıb-saxlanılmaması müşavirədə müzakirə olunacaq. Kimin ki, balı maksimal olsa, onu “ilin alimi” seçirlər. Hər elm sahəsinə görə məsələn, fundamental, texniki, təbiət ildə 3 alimə “ilin alimi” adı verilir. 

- Yəqin sizin balınız yüksək olar...

 - Mən bu il pis deyiləm. Niyə pis deyiləm, çünki universitetin orta balı 400-450 arasındadır. Mənim öz şəxsi balım isə 1200-dür. Kafedramda işləyənlərin hamısına böləndə universitetin orta balından yüksəkdir. Bizdə bir müəllim var ki, 30 bal alıb. Bu məsələdə mənə çatan təbii ki, yoxdu. Ən çox alanlar 110, 100 baldır. Mənim 1200 balımı ortalığa qoyub böləndə kafedranın üzü ağ olur. Dünən iclasda da dedim, gizlətmirəm. Kimdir bu kafedranın üzünü ağ edən? 82 yaşlı bir qoca. Əgər belədirsə, niyə düşmüsüz qocaların üstünə (gülür). Hər il 15 nəfərdən ibarət komissiya yığılır, yoxlayır. Qərara gəlirlər ki, bu il Qara müəllim özünü doğruldub, gəlin buna bir il də işləməyə icazə verək. İndi yaxşı, gələn il də birdən mənimki 1200 bal oldu, onda bunlar nə qayıracaq? Demək istəyirəm ki, alim qocalmır. Özü də söhbət burada təkcə istedaddan getmir. Alimin üzün ağ edən təkcə istedad deyil. Zəhmətsiz istedad kordu, kardı, laldı. İstedad tək heç nə edə bilməz. Onun arxasında zəhmət dayanmalıdı.

- İnsan və təbiət fəlsəfəsində müdrik insan təbiətə sevgidən doğulur. Bir təbiət bilicisi və vurğunu kimi deyə bilərsizmi, insan əzmkarlığı təbiət sevgisindən yarana bilərmi?

- Əlbəttə ki! Bunlar bir- birilə çox bağlıdır. Hər bir insanın müəllimi təbiətdir. O cümlədən də, qoy əstafurullah deyim, Məhəmməd peyğəmbər də sağ olsaydı, o da sübut edərdi ki, təbiəti sevməsəydi, peyğəmbər də ola bilməzdi. Təbiəti sevmək eyni vaxtda insanı sevməkdir. Çünki insanla təbiət eynidir. Onlar qırılmaz əlaqədədir. Təbiətsiz insan yoxdu. İnsan Allahın ən az oxunmuş və oxunması ən çətin olan kitabıdı. Bundan artıq daha nə  deyim ki? Təbiət insanın ən böyük müəllimidir. O, müəllimlərin müəllimidir. Nədir müəllim? Öyrədən yaxud  öyrədici. Peyğəmbərin də bir sözü var ki, bilmədiyini öyrənməyənə, bildiyini öyrətməyənə dəryada balıqlar, göydə uçan quşlar lənət oxuyur. Necə yanaşırsız bu fikrə? Əla fikirdir. Görün nə gözəl bənzətmədir! Quşların, balıqların adından öz sözünü deyib.

- Təbiətdə alçaq ağaclar hündür ağacların kölgəsində qalanda saralır, tələf olur. Cəmiyyətdə də bu belədirmi? Nəhəng insanların kölgəsində qalanlar məhv olurmu?

- Heç kim istəmir ki, onun başının üstündə bir  kölgə olsun. Bu insan eqoizmindən doğur. Hamı istəyir ki, sərbəst olsun. Bu pisdir. Bu cəmiyyəti yaman günə qoyan ünsürlərdən biridir. Şərti olaraq təbiəti iki yerə bölürük: var canlı təbiət, var cansız təbiət. Təbiətin mövcudluğunu 5 milyard il hesab edirlər. Onun üç milyard yarım  ili düşür cansız təbiətin boynuna. Deməli, canlı təbiətin yaşı bir milyarda yarımdı. Bunlar əlaqəlidir, bir-birinə bağlıdır. Canlı ilə cansızın ayrılmazlığının özü də şərtidir.

- Canlı və cansız təbiət əsasən nə ilə fərqlənir? Bəs canlı və cansız cəmiyyət ola bilərmi?

- Mən bu suala fikirləşib-fikirləşib bircə cavab verə bilərəm. Canlı bölünməz varlıqdır, cansız bölünən varlıqdı. Hər ikisi də bir–birinə  bağlıdır. Götür, bir təbaşiri vur yerə. Yaxud bir şüşəni vur yerə. Həmin şüşə parçalanıb olacaq 30 şüşə. O parçalanmış şüşələrdən hansı birini götürsən şüşə xassələrini saxlayacaq, şüşə  olaraq qalacaq. Amma mən canlıyam. Mənim qolumun bir hissəsini kəs, götür, qoy stolun üstünə. Bu mənim bədənimə bitişik olanda əl idi, əl adlanırdı. Kəsib stolun üstünə qoyanda isə ət-sümük parçası olur. Bunu yenidən bitişdirmək olmaz. Stolun üstündə olan əl isə artıq əl deyil. Deməli, canlını cansızdan ayıran ən ümdə fərq canlının bölünməz olmasıdır. Amma bunlar əlaqəlidir. Yanıma jurnal gətiriblər. Mən ona zidd çıxdım. Götürüb ağzına gələni yazıblar. Yazıblar ki, təkamül cəfəngiyyatdı. Nə təhər cəfəngiyyatdı?! Cansız təbiət 3 milyard yarım il təkamül edib ilk canlını yaradıb. Canlı da milyard yarım il təkamül edib bu cür müxtəliflik yaradıb. Axırıncı dərrakəli insan Homosapiyensdi. Onu da təbiətdən ayırmaq olmaz. İnsan şərti olaraq eqoizminə uyub. Deyirlər ki, insan Yer üzünün  şahıdı. Planetdə nə varsa, insana tabe olmalıdı. Məndən sorusanız deyərəm ki,  insanın qurucu gücündən dağıdıcı gücü daha çoxdur. Qorxmuram deyirəm. Apar hər yerə yaz. Yaz ki, Qara müəllim deyir Yer kürəsinin hər yerində yaşayan səkkiz milyarda yaxın əhalinin dağıdıcı gücü qurucu gücündən çoxdur. İnkişaf dediyimiz mərhələlərin hər  birində qeyri-inkişaf var. Uğur dediklərimizin içərisində uğursuzluq daha çoxdu. Ona görə də bəşəriyyət toqquşmalarla üzləşir, bir-birimizdən narazı qalırıq. Millətlər gah milli, gah da başqa bəhanələrlə bir-birini istismar edir. Sivil insana yaraşan hərəkət etmirlər. Bu fikri  Mir Şahinin verilişində səsləndirdim. O, həmən tutdu, məndən  soruşdu ki, Qara müəllim mədəni insan kimə deyirsiz?

 - O, sualı mən də sizə verirəm...

- Mədəni deməzdim. Mən onun yerinə sivil sözünü işlədərdim. Mədəni Mədinə şəhərinin həyat forması demək idi. Bu söz ordan gəlib. Mədinə şəhəri o vaxtı necə yaşayıbsa,   fikirləşiblər ki, əgər dünya bu cür yaşasa xoşbəxt olar. Ona görə də bu adı götürüblər. Mən onun əvəzinə sivil deyərdim.

- Deyirsiz o söz funksiyasın bitirib?

- Bəli,  bəli. Vaxtında o termin çox şey edib, yaxşı işlər görüb. Amma bugünki gün  hamını,  hər şeyi əhatə etmir. Hamı bir cür deyil axı. Hamı bir cür olsaydı nə vardı ki?! Mir Şahin də məndən soruşdu ki,  mədəni insan necə olur? Onda mən öz tərifimi dedim,  bu gün də onun üstündə dururam: özünə və təmasda olduğu canlı-cansız varlıqlara qayğıkeş yanaşmağı  bacaran şəxs sivil şəxsdir. Sivil insan eqoistlikdən kənar qalmaq şərtiylə birincisi özünə, sonra isə  təmasda olduğu canlı və cansız varlıqlara qayğı ilə yanaşmalıdır. Qarşımda bir stol var,  onun arxasında da siz varsınız. Mən nə stolu sındırmalıyam,  nə də sizin qəlbinizə dəyməliyəm. Bax, onda olaram sivil insan. Özünə qulluq Yer kürəsinin hər nöqtəsində olan insanın qarşısında dayanan ən çətin bir prosesdir. Amma özünə hörmət etmək bu gün çox çətindir. Bunun üçün özünü dərk yüz faiz olmalıdır. Hər kəs özünü yüz faiz dərk etməlidi: o kimdir, nəyə qadirdir, nə üçün yaşayır, amalı nədir, nə etməlidir kimi sualları cəlb dərk etməlidir. Məhəmməd peyğəmbər qızdırmaya tutulanda ona deyirlər ki, Cənubi Amerikada bir bitki var. Xəstəliyə dərman olar, icazə ver bir dəstə yığaq, gedək onu gətirək. O isə icazə vermir. Üzün tutur yuxarıya - kosmosa, deyir ki, Allah-taala özü bilər məni harada yaşadar, ya burda, ya kosmosda. Amma mən bilmirəm, ya XXI əsrin adamıyam,  ya nəyə görəsə onunla razı deyiləm. Gərək öz çatışmazlığımı da deyim.

- Məncə Məhəmməd peyğəmbərin vaxtında Cənubi Amerika deyilən bir anlayış, ərazi vahidi yox idi. Amma hər halda bəs sizin fərziyyəniz nə olardı?

- Mən o fikirlə razı deyiləm. Mən bilirəm həkimlik nə deməkdi. Həkim nə qayırır? Xəstəni sağaltmaq nə deməkdi? Xəstəlik hər hansı şəxslə ətraf mühit arasındakı maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman balansı bərpa etmək xəstəni sağaltmaq deməkdi, vəssəlam. Bədəndə olan hansısa kimyəvi maddələrin çatışmazlığını bilir, ona uyğun da müalicə edir.

 - Rəsul Rza ilə maraqlı bir əhvalatınız olub. Poemasına nə təhər mənfi rəy yazmısınızsa, o həmin poemadan imtina edib. Yadınızda qalıbmı o əhvalat?

- Olub, olub. Mənim xəbərim  yox idi ki,  Rəsul Rza o boyda şəxsiyyətdir. Bu Rəsul Rzanın böyüklüyünü göstərən bir epizoddur. Cavan oğlan idim, dekan işləyirdim. Cibimdə kommunist biletim, gur-gur yanıram. Elə bilirəm, Yer də mənimdi, göy də mənimdi. Fakültəyə onun tərəfindən bir əlyazması gəldi ki,  buna rəy yazmaq lazımdı. Kimə verdimsə,  dedilər ki,  vaxtım yoxdu. Poemaya rəy verəcək vaxtları yox idi. Məcbur oldum, çox saxladım. İki ay məndə qaldı, axırda özüm yazdım. Bir də gördüm ki,  rəhmətlik özü zəng etdi. Mən də  o vaxta qədər Rəsul Rzanı görməmişdim. Ancaq adın eşitmişdim. Telefonu götürdüm. Dedi, kimdir, kiminlə danışıram? Dedim ki, fakültənin dekanı ilə danışırsız. Dedi ki, iki ay bundan qabaq sizə bir kitab gedib, ona rəy verəcəkdiniz, kimdədir, niyə saxlayıb onu? Dedim ki, məndədi. Niyə saxlamısan deyəndə, cavab verdim ki, hazırdır. Təklif etdi ki,  əgər çap eləməmisənsə gətir burda çap edək. Bildirdim ki, ehtiyac yoxdu çap etmişəm. Maşinkadan çıxarmışam. Dedi ki, maşın yollayım ver gətirsin. Dedim ki, maşınla bu saat özüm gətirərəm. Getdim, rəyi qoydum qabağına. 16 səhifə makinadan çıxan mənfi rəy idi. Elə görəndə yazıq kişinin rəngi soldu. Bir nəfərə dedi ki, iki çay gətir. Mən elə bilirəm ki, o çay hələ də ordadı. (gülürük). Mənə verilən çay indi də ordadır. Boğazım nə təhər qurudusa içmədim. Doğurdan bərk qorxdum. Elə-belə deyil e. Sən götür,  Rəsul Rzanın kitabına 16 səhifəlik bir mənfi rəy yaz! Dedi ki,  o 16 səhifəlik punktlardan bir- ikisin de.  Mən də bəzi məqamları ona açıqladım.

- Qara müəllim, məsələn, nəyi açıqladınız ona?

- Dedim ki,  əgər maral qışda balalayırsa,  sən onu yayda balalatdırmısan. Sonra vəzəri başqa fəsilədədir, keşniş başqa fəsildə. Sən onları bir fəsilədə calaq etmisən. Bu cür  beş-altısını deyəndən sonra rəhmətlik dedi ki, mən bu əlyazmasına çox vaxt itirmişəm. Mənim səhvim olub. Mən bütün bioloqlardan, eləcə də səndən üzür istəyirəm. Mən bu kitabı çıxartmayacağam. İmtina edirəm bu əlyazmadan bu cəfəngiyyatdır. Qurudum qaldım. Nə qədər yalvardımsa, xeyri olmadı. Dedim, yarım səhifə diqtə et, yazım, qol çəkim. İstəyirdim ki, təki  burdan  çıxım gedim. Uşaq atasına yalvaran kimi yalvardım. Dedim ki, mən səhv eləmişəm, deyin, mən qol çəkim, çıxım gedim. Dedi ki, sən düz eləmisən. Bu yolunu da davam elətdir. Sən bu cəmiyyətə lazımsan. Beləcə mənim başımı sığalladı. Nə qədər elədi ki, çayını iç, içmədim. Çıxanda dedi ki, maşının var ? Cavab verdim ki, var. O da mənimlə bir yerdə çıxdı. Dedi hanı çağır gəlsin. Məndə maşın var idi ki... Yalandan dedim ki, o biri tində saxlamışam. Heç nə demədi. Şoferini çağırdı tapşırdı apar bu kişini. Bax, Rəsul Rza belə Rəsul Rza idi. Amma xeyli sonra dedi ki, o kitabdakı əlyazmasından iki-üç dənə uşaqlar üçün düzəltmişəm. Mirəli müəllim rəhmətlik mənim müəllimim olub. Rəsul Rza dedi ki, Mirəli müəllim yoxlayıb, deyib yaxşıdı. İstərsən bir sən də bax. Mən də baxdım, bir iki xırda para çatışmazlıqları düzəltdim.

- Mirəli Axundovun adını çəkidiniz. Onunla bərabər “Təbiəti sevənlər” adlı bir verilişiniz vardı. Uzun müddət bu proqram maraqla izlənildi. Veriliş müddətində hansı maraqlı hadisələr olub?

- O proqram 35 ildən çox efirə gedib. Orada həddindən artıq maraqlı əhvalatlar baş verib. Mən bu dəqiqə onları deməkdə çətinlik çəkirəm. Sensasiya deyirsən, sensasiya da olub. Özü də çox olub. Yaxşı şeylər də olub, pis şeylər də. Mirəli müəllim sivil adam idi. Mən demirəm ki, o, dahiyə qarşı idi. Adi müəllim idi. Alim kimi də təcrübəsi bir o qədər çox deyildi. Amma Mirəli müəllimin üstünlüyü o idi ki, Mirəli müəllim bizim soy-kökümüzü öyrənməyə çalışırdı. Bax, onu Mirəli müəllim edən bu idi. Nəsimidən tutmuş Səməd Vurğuna qədər, xüsusilə,  klassik ədəbiyyatı çox gözəl bilirdi. Xüsusən, təbiətşünaslıqla poeziyanın çox gözəl kontaktını  qurmuşdu. Ona görə də çox şirin danışığı var idi. Ruhu məndən inciməsin, bugünkü müasir təbiətin quruluşuna qalanda deyirdi ki, onu Qara müəllimdən soruşun. O məndən yaxşı bilir.

 Qaldı ki o verilişə... Mən 35 ildən sonra başa düşmüşəm ki, o veriliş Azərbaycan xalqının pasportunda “propiska” olunub, qeydiyyatdan keçibmiş. Mən bunu bu gün dərk etmişəm. Dur qol-qola düşək, bu prospektdə yarım kilometr yol gedək. Beş-altı adam yolunu köndələm dəyişəcək, gələcək yanıma ki, Qara müəllim bu kitaba,  ya bir nəyəsə imza at. A, bala mən artist-filan deyiləm. Deyir,  yox, hökmən imza ver. Verilişin qəribəlikləri olubsa da, mənsiz olub. Heyvanlar aləmi proqramlarında yəqin ki, belə bir epizod izləmisiz. Timsah suyun kənarında pusquda dayanaraq, öz ovunu gözləyir. Onda çox güclü instinkt var. Burnunu çıxarıb gözləyir. Məsələn, deyək ki,  maral su içməyə gəlirsə, onun cəld ayağından yapışır, yerdən üzür və suya salıb boğur, sonra da parçalayır. Bu məşhur epizodu çox görmüsüz. Mənim verilişimdə də bu epizoda oxşar hal olub. Bu cür kadr telekompaniyanın şedevri adlanır. Amma mən belə bir hadisəni  əldən qaçırmışam

- Yadınızdadırsa danışardınız, necə oldu bu hadisə?

- Ələtin yaxınlığlındakı Gil adasına getmişdik. Gördüm adada bir koma var. Fikirləşdim ki,  bu brokonyerlərdi. Bunlar burda koma düzəldib ov ediblər. Fikirləşdim ki,  əlimə yaxşı düşüblər. Yavaş- yavaş komaya tərəf getdim. Baxdım, gördüm ki,  koma kiçilir. Gözlərimi ovuşdurdum, gördüm yox e, həqiqətən koma kiçilir. Sən demə bu “koma” su ilanı imiş. Minlərlə su ilanı toplanıb bir-birinin üstünə bunu yaradıblar. İndi görüblər ki,  təhlükə gəlir, üstəkilər yavaş-yavaş oyanıb sürüşüb gedirlər. Ona görə də “koma” kiçilir. Bunu başa düşəndən sonra operatoru çağırdım: - Vadim, Vadim. Bir də gördüm,  Vadim 150 metr o yanda paltarlarını soyunub çimir. Vadim gələnə bütün su ilanları çıxıb getdilər. Bax bu kadrı  itirdim. Televiziya üçün bənzərsiz  bir mənzərə əlimdən çıxdı.

 - Veriliş çox maraqlı idi. Bəlkə elə buna görə də parodiyalardan kənarda qalmayıb. “Bakılı oğlanlar komandası” da bunu parodiya ediblər. Həmin vaxt onlardan incimədiniz ki?

- Hə, hə, yadıma düşdü. Deməli, bunlar “Təbiəti sevənlər”i “Təbiəti sökənlər” eləmişdilər. Mən onun cavabını verdim. Razılaşdım studiya ilə, dedim icazə verin onlara təşəkkürümü bildirim. Dedim ki,  sizin ağlınıza məftunam,  Allah sizin kimi iti ağıllı cavanları çox eləsin. Siz düz deyirsiz. Verilişin adı,  “Təbiəti sevənlər”dir. Amma mən bir-iki ildi təbiəti sevdirmək imkanından məhrumam. Adi qızılgülün ləçəyini göstərməyə gedirəm, görürəm meşəni qırıblar. Məcbur olub obyektivi meşəyə tuşlayıram. Mən qızılgüldən danışıram,  amma görüntüdə meşədi. Ona görə də,  çox sağ olun,  siz düz deyirsiz. Bu verilişi dəyişib “Təbiəti sökənlər” eləsək, mən də təbiəti sökməkdən danışaram. 

- Təbiət və poeziyanın kontaktını vurğuladız. Təbiət özündə hansı poetik sirləri gizlədir?

- Əla sualdı. Əvvələn vaxtilən poeziya ilə digər elmlər bir yerdə olub. Uzun müddət poeziya və dinin  tərkibində elmlər olub. Digər elmlər sonradan yaranıb. Buna görə də poeziya ilə təbiət çox bağlıdır. Dəqiq elmlər poeziyadan ayrılandan sonra çətinliklər yaranıb. Poeziyanı yazanlar yazdığı obyekti tanımayıblar. Meşədən danışıblar, amma meşəni tanımayıblar. Maraldan yazıb maralı tanımayıb. İnsandan yazıb insanı tanımayıb. Sən Molla Pənah Vaqifə qədər poeziyada səhv tap mənə göstər. Tapammazsan. Amma ondan sonrakı şairlərində səhv tapacaqsan. Bircə Səməd Vurğunun təbiətə aid şeirlərində səhv tapa bilməzsən. O birilərinin hamısında var. Birində az, birində çox. Ona görə də bu gün təbiətdən yazan görürsə ki, təbiəti yaxşı tanımır. Onda yazdığını təbiətşünasa göstərsin. Necə ki, Rəsul Rza mənə göstərdi. Yazanlar mənə deyirlər ki, Qara müəllim çox atuvu minib çapma. Bizə on faiz səhv etməyə icazə verilir. Mən onunla razı deyiləm. Səhv səhvdir. İstər on faiz olsun, istər bir faiz. Hansı yazıda olursa olsun, yazılan reallıqdan uzaqdırsa, o səhvdir. Ona görə də indiki yazıçılıq, şairlik XVI əsrin şairliyindən daha çətindi. Hərənin tərcümeyi halına bir balaca səhv düşür.

- Siz də indinin alimisiz... Yəni, həmçinin siz də nəyisə yazırsız...

- Mən özüm bilirsən nə qədər səhvlər eləmişəm. On il bundan qabaq yazdığım kitabı indi bəyənmirəm. Çünki ruslarla əlaqəda olmuşam, rus dilinin təsiri altına düşmüşəm. İndi görürəm ki,  rus səhv edib,  biz də onun təsiri altına düşüb o səhvi etmişik. O səhv bu gün də gedir. Məsələn, rus öz dilində yazır ki, canavar meşə həyatında böyük rol oynayır. İlk baxanda görürük ki, cümlədə problem yoxdu. Rol nə deməkdi. Gəl bala-bala xırdalayaq. Rol obraz yaratmaqdır. Artist səhnədə hansısa məcazi anlamı obraz vasitəsilə  çatdırır. Deməli, onun özü həyatda yoxdu,  sadəcə obrazı yaradır. Canavar obraz yarada bilərmi?! Canavarın intellekti var, şüuru var, idrakı var?! Bunu deməklə canavarı aktyor edirlər. Sən gəlməmişdən on dəqiqə qabaq bir jurnalı qaytardım. Bir adam jurnal buraxır. Jurnalın çox yaxşı adı var,  “Düşünən insan”.  Amma içi cəfəngiyyatdı. Xahiş eləmişdi ki, o jurnalın redaksiya heyətinə məni üzv eləsin. Adını qoyub “Düşünən insan”, çağırın onu mənim yanına, qoy desin ki düşünmək nə deməkdi. Siz də qulaq asın, qoy o düşünməyin fizioloji-biokimyəvi xassələrini desin. Onda mən onu bağrıma basıb qucaqlayaram. Höte gic ola bilərdi? Əlbəttə ki, yox. O deyib ki, almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf  budur.

P.S. Qara müəllimin söhbətdən razı qalıb-qalmadığını deyə bilmərəm. Amma ən azından narazı deyil. Sağollaşıb getmək istərkən birdən dedi:

 - Mən ən ağıllı cümləmi demədim axı.

- Nə olar Qara müəllim, hələ buradayam, deyərsiz?

Diktafonu yenidən işə salıram:

- Mən deyirəm, təkamül olub, olur və həmişə də olacaq.  Cansız aləm təkamül edərək canlı təbiəti yaradıb.

- Gülümsünüb Qara müəllimə Hötenin bayaqkı sözünü xatırladıram: “Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur”.

Gülümsədi... Bu gülümsəmə həqiqətən də alim etirafı və alim böyüklüyü idi.

 

 Elmin Nuri

“Müəllim sözü” qəzetindən

 

Add comment


Security code
Refresh