AQRA.AZ

Həmrəylik günü

Hərfləri böyüt

                      Sənədli  miniatür

 Həmrəylik...

Haradan başlayır, görəsən bu həmrəylik?

Ailədənmi? Uşaq bağçasındanmı? Məktəbdənmi?

Haradan?

İnsan nə vaxt, hansı yaşda hiss edir ki, kiminləsə həmrəy olmaq ehtiyacı var?

Tənhalığa dücar olandamı?

 Qəribliyə düşəndəmi?

Bu suallara cavab axtarırdım.

Həmrəylik gününə lap az qalırdı...

İlin son günlərini yaşayan vaxt şad bir xəbər aldım. Qardaşım qızı ana olmuşdu.

Azərbaycanın balaca bir vətəndaşı dünyaya göz açmışdı.

Qardaşımı mən evləndirmişdim.

 Anam dünyadan köçdüyü üçün uşaqlar mənə nənə deyirlər. İlk dəfə mənə “Nənə”-deyən qız ana olmuşdu, özü də qız anası...

Demək mənim ilk nəticəm idi, dünyaya gələn.

Deyirlər: “Dünyaya qızlar gələndə, dünyada sülh, əmin- amanlıq olacaq.

Hazırlaşıb doğum evinə getdim. Balaca gözlüyü olan qapının arxasında dayanıb tibb bacısını gözləyirdim.

İçəridə sakitlik idi.

Birdən körpələrdən biri ağladı. Sonra ikinci körpə ona qoşuldu, daha sonra üçüncü, dördüncü uşaq ağlamağa başladı. Sakitliyi körpələrin səsi pozdu. Xoş, şirin bir səs..

Mən elə bil yuxudan ayıldım.

 Bu mənim cavab tapmadığım sualların cavabı idi...

Heç demə həmrəylik dünyaya gələn ilk gündən, doğum evində yaranırmış...

Qoruyun bu həmrəyliyi, ey həmvətənlər!

Gülarə Munis.

Add comment


Security code
Refresh