AQRA.AZ

Dilimizin saflığını qoruyaq!

Hərfləri böyüt

Dil Dövlətin əsas rəmzlərindən biridir və birincisidir!
Öz dilində saf danışmağı bacarmayan insan  nəğmə oxuya bilməyən bülbül kimidir.

Aqillər  dilin doğmalığı  barədə elə gözəl fikirlər, hikmətlər söyləyiblər ki, o kəlamların hər biri insanın qəlbini diqqətə gətirir, onu öz elinə, öz dilinə daha sıx tellərlə bağlayır. Deyirlər: “Bir xalqı məhv etmək istəsən, onun dilini əlindən al!”
 Ulu Öndərimiz Heydər Əliyevin tez-tez söylədiyi bir ifadə var idi:”Hər bir xalqın Milli mənsubiyyəti onun Milli qürur mənbəyidir!”

           Məhz Milli mənsubiyyəti... Millilik isə ilk növbədə doğma dilinin saflığı deməkdir. Öz doğma dilində saf, səlist danışa bilməyən bir vətəndaşdan hansı vətənpərvərliyi gözləmək olar? Onun hansı xalqın numayəndəsi olduğunu, hansı milləti təmsil etdiyini necə təyin etmək olar? Dil ən yaxşı ünsiyyət vasitəsidir. Bu şərtlə ki, danışarkən sözün dəyəri, əyarı qiymətdən düşməsin. Doğma dilində danışan bir insanın nitqində işlənən əcnəbi sözlər laləli çəmənlikdə bitən alaq otlarına bənzəyir.

          Doğma dil elə bir çıraqdır ki, onun şöləsi çox uzaq məsafəni də nura qərq edə bilir.
Hər bir xalqın danışıq dilinə ehtiram göztərmək mütləqdir, amma öz doğma dilinin saflığının keşiyində dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur.
Deyirlər:”Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur.” İnsanın tam xoşbəxt olması üçün doğma Vətəni, doğma dili olmalıdır. Başqa xalqların dilində “doğma dil” adlanan bir amil Azərbaycanda ANA DİLİ adlanır. Bu danışıq dili anaların, nənələrin beşik başındakı laylaları ilə, oxşama və əzizləmələri ilə canımıza, qanımıza höpur, ruhumuza süzülən şirin kəlmələr beynimizdə kök salır. Şərqin əvəzsiz filosofu Sədi Şirazi deyib:

         “Əgər bir müəllim olsa bədəsil,
         Yetişdirə bilməz bəxtiyar nəsil!”

Həqiqətən bir müəllim şagirdlər və tələbələr qarşısında danışığında yad sözlərdən, əcnəbi kəlmələrdən istifadə edərsə, o sabah öz yetirməsindən saf dildə danışmağı necə tələb edə bilər? Belə halda deyirlər:”Həyata keçirilməyən ideya sabun köpüyünə bənzəyir.”

Dilimizin saflığının keşiyində dayanmağı övladlarımıza dünyaya gələn gündən, daha sonra məktəbəqədər uşaq müəssisələrindən aşılamaq lazımdır. Azərbaycanda az ailə tapılar  ki, orada evin xanımına “Ana”-deyə müraciət etsinlər. “Mama” kəlməsi dilimizə elə yapışıb ki, ondan yaxa qurtara bilmirik.
Azərbaycan dilində çox gözəl, ülvi bir kəlmə də var:”Şəfqət bacısı”...

Amma bütün tibb ocaqlarında bu vəzifəni yerinə yetirənlərə “Medsestra” deyə müraciət edirlər. Bu “medsestralar” da öz vəzifələrini  dərman verib,  iynə vurmaqla bitmiş hesab edirlər, şəfqət göztərmək isə yaddan çıxır...
Amma bəzən heç bir dərmanın əlac edə bilmədiyi xəstəliyə şirin dil, isti münasibət, ülvi şəfqət əlac edə bilir. İlk növbədə şirin dil!
Hər bir vətəndaş öz evində, öz ailəsində dilimizin saflığının keşiyində dayanarsa, o, cəmiyyət üçün layiqli insanlar yetişdirə bilər.
Bu məqamda Sədinin bir fikrini də yada salmaq yerinə düşərdi:” Mənimlə vəziyyətinə görə yox, ləyaqətimə görə rəftar et!”
Doğma  dilinin saflığını qorumaq, elə ləyaqətli insan olmaqdan irəli gəlir.

Azərbaycan dili çox zəngindir. Eyni  növdən olan güllərin müxtəlif rəngləri olduğu kimi Azərbaycan dilində də hər kəlmənin bir neçə sinonimi mövcuddur.
Məsələn, oturmaq ifadəsi.
Pişik oturur, it şöngüyür, quş qonur, insan əyləşir.
Dilimizin qüdrətini, qiymətini övladlarımıza aşılaya bilsək,  sabah onlar da öz ailələrində bu vacib meyarı qoruyub saxlaya bilərlər.
Müasir dövrün ən mühüm tələblərindən biri budur ki, gənclər bir neçə dildə sərbəst danışa bilsinlər, amma  öz doğma dillərinin saflığını da qoruyub saxlamağı bacarsınlar.
Təqdirə layiq haldır ki, Azərbaycana gələn hər bir rəsmi qonaq da xalqı məhz Azərbaycan dilində salamlayır.
Aqillər gözəl deyib:”Sən özünə qiymət qoymasan, kənardan gələn səni dəyərləndirməz!”

          “Ana dilim, can dilim, adına qurban dilim,
           Danışanda bal dadır, bu Azərbaycan dilim!”

                                                               

Vətənpərvər və üsyankar şairimiz Xəlil Rza Ulutürk nəcə də gözəl deyib:
“... mən dönmərəm dilimdən, doğransam dilim-dilim!”

 

             Vətən torpaq, vətən eldir, vətən sən!!!

                                Soyuq bir  çadırda ana can verir,
                                Bir qara gün gəlir qaranın üstə.
                                Qəlbində göynəyən yara qan verir,
                                Bir ovuc torpaq qoy yaranın üstə.

                                                         

Bir ovuc torpaq da yaraya məlhəm olarmış...
Görəsən haradandır torpaqda bu qüdrət?
Haradan başlanır Vətən? Yaşadığın evdənmi, məhəllədənmi, şəhərdənmi? İlk dəfə nəfəs aldığın məkandanmı? Yoxsa ilk dəfə ayaq tutub qədəm qoyduğun torpaqdanmı?
Bu sualın dəqiq cavabını bilən varmı?
Bəlkə, elə əcdadlarımızın yatdığı torpaqdan başlayır Vətən. Bəlkə, ona görə bizə bu qədər əzizdir  torpaq. Yoxsa, qapqara bir torpağa bu qədər dəyər verilərdimi?
Əslində torpaq bizi daha çox sevir.

Ayaqlayıb əzdiyimiz, üstündə gəzdiyimiz bu torpaq bizə min cür nemətlər bəxş edir. Hətta uşaq vaxtı yıxılanda da əzilən dizimizə torpaq yapışırdı. Torpaq dizimizdən axan qanı silmək, göynəyən yaramıza  məlhəm olmaq istəyirdi. Yaramıza məlhəm olan torpaq dünyadan köçəndə də bizi öz qoynuna alır, isti nəfəsi ilə soyuq vücudumuzu isitməyə çalışır. Vücudumuzu qışda qardan-şaxtadan, yayda isə qızmar günəşdən qoruyub gizlədir.

Ulularımız deyib:”Torpağı əz, torpaq səni əzizləsin!” Yəni torpağı şumla, ək, becər, o da sənə ruzi bərəkət verib səni dolandırsın.
“Dədə Qorqud” filmində deyilir:” Torpağı əkib-becərməsən, onu qorumağa dəyməz! Əgər onu qorumasan, əkib-becərməyə dəyməz!”
Nə böyük hikmət var bu bir cümlədə...
Vətəni, torpağı qorumaq hər birimizin müqəddəs borcumuzdur. Həzrəti Peyğəmbərimiz də buyurub:” Vətəni sevmək imandandır!” Torpaq haqqı, ana haqqıdır- deyirlər. Bu sevgi atanın sümüyündən, ananın südündən süzülüb höpur övladların canına.
Elimizin gözəl adətlərindən biri də budur ki, keçmişdə əsgər gedən oğulun ayaqlarına xna qoyarlarmış. Analar, nənələr ürək dolusu deyərmiş:”Qurbanlıq qoçun üzərində xna olar ki, onun qurbanlıq olduğu bilinsin!”
Anaların, nənələrin ürəyinin genişliyinə bax ki, övladını vətən yolunda qurbanlıq olmağa  qabaqcadan hazırlayırmış. Vətənin dar günündə, çətin məqamında hamının bir amalı olarmış- Torpağı, Vətəni yağıdan qorumaq.

Vətən, torpaq sevgisi gözə görünməyən, ilahi bir eşq kimi höpub canımıza, qanımıza. Elin-obanın şərəf və ləyaqəti yolunda düşmənlə aslan kimi pəncələşmək, hələ çox erkən yaşlarında övladlarımızın xarakterində formalaşmalıdır.
Nə yaxşı ki, illər, qərinələr keçsə də bu amal, bu məram dəyişmədi. Torpaq yolunda, elin namusu yolunda Azərbaycanın mərd oğulları silaha sarılıb, şərəflə döyüşdü. Şəhid olan vətən övladlarının son kəlmələri bu olurdu:”Təki, Vətən yaşasın!” Bu sözləri şəhidlərin cəbhə dostları söyləyirdi.
Deyirlər- qələbəyə gedən yol, özünə inamdan başlayır.

Bu gün Azərbaycanın, Mübariz İbrahimov, Fərid Əhmədov, Fred Asif, Nürəddin İbrahimov, Cavanşir Rəhimov kimi Milli Qəhrəmanları varsa, demək Azərbaycan basılmaz qaladır!
Bu qalanın şərəfini qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Vətən torpaqdır, Vətən eldir, Vətən sən!!!

                              Qələbəylə qayıt  Azərbaycana
                                                            Əsgər marşı

Vətən,  salam olsun  buz bulağına!
Vətən,  salam olsun  od-ocağına!
Vətən,  salam olsun  bu torpağına!
Vətən,“Ana”- dedim hər bucağına!

                nəqarət

Haydı, igid əsgər, göstər bir hünər,
Vətən darda qalıb, sənindir zəfər,
Qoy düşmənin canı  bulansın qana,
Qələbəylə qayıt  Azərbaycana,

                     ll

Sipər et Vətənə şirin canını,
Viran et düşmənin xanimanını.
Yad əlində qalan yaylaq sənindir,
Azad olsun Vətən, torpaq sənindir.

               nəqarət

Haydı, igid əsgər, göstər bir hünər,
Vətən darda qalıb, sənindir zəfər,
Qoy düşmənin canı  bulansın qana.
Qələbəylə qayıt  Azərbaycana!

                       lll

 Qeyrətinə qurban, ey vətən oğlu,
Vermə yada aman, ey vətən oğlu,
Qisas al, yağıdan, zəfər sənindir,
Açılan o  nurlu səhər sənindir.

                  nəqarət

Haydı, igid əsgər, göstər bir hünər,
Vətən darda qalıb, sənindir zəfər,
Qoy düşmənin canı bulansın qana,
Qələbəylə qayıt Azərbaycana!

(Gülarə Munis. Şairə-publisist)

 

Add comment


Security code
Refresh