AQRA.AZ

İmdad Tağıyev "Qarayazınamə"

Hərfləri böyüt

 Görkəmli ziyalı, “Təhsil” cəmiyyətinin yaradıcılarından biri, fizika-riyaziyyat elmləri namizədi, dosent İmdad Hüseyn oğlu Tağıyevin (1938-1997) doğulub boya-başa çatdığı qədim Azərbaycan diyarı Borçalı barədə yazdığı “Qarayazınamə” poeması müəllifin sağlığında “Təhsil” cəmiyyətinin nəşriyyatında “Təhsil” qəzetinin baş redaktoru Müşviq Çobanlının (Borçalı) yaxından köməyi ilə, o dövrün imkanları daxilində, cəmi 70 nüsxədə kitabça şəklində nəşr olunmuşdur.

  Son aylarda “Təhsil” cəmiyyətinin sədri dosent Nuqay Əliyev bu kitabçanı bizə təqdim etdikdən sonra, onun oxucuların diqqətinə çatdırmaq qərarına gəldik. Müxtəlif ünvanlara müraciyətimiz sonunda uğurla nəticələndi və gənc vətənpərvər ziyalımız Rəşad Sahil (Borçalı) həmin mətni kompüterdə yığaraq, redaktə, korrektə etdi.
Poemanı Sizə təqdim edərək bir daha Rəşad Borçalıya öz dərin minnətdarlığımızı bildiririk. Düşünürük ki, kitabçanı yenidən çap etdirmək arzusunda olanlar tapılaraq R. Sahilə müraciyət edəcəklər.

 

“AqRa” EİDİB
 

REDAKTORDAN


Gürcüstanlı ziyalılarımız arasında İmdad müəllimin adı həmişə hörmətlə çəkilir. İmdad Hüseyn oğlu Tağıyev 1938-ci il iyulun 10-da qədim Qarayazı diyarında dünyaya göz açıb və 1958-ci ilə kimi ömrünü-gününü bu doğma diyarda keçirmişdir. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı bitirmişdir. 1966-1969-cu illərdə keçmiş SSRİ EA-nın Yarımkeçiricilər İnstitutunun (indiki Rusiya EA-nın A.F.İoffe adına S-Peterburq Fizika-Texnika İnstitutu) aspiranturasında oxumuş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəçəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bir çox tanınmış alimlər onun elmi-tədqiqatının nəticələrinə yüksək qiymət vermişlər. İmdad müəllim hazırda Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. İmdad müəllim 30-dan çox elmi məqalənin, o çümlədən 10 kitabın və onlarla publisistik yazının müəllifidir. Onun zəngin elmi kitabxanası və çoxlu xatirələr arxivi vardır. Öz arxivi ilə bizi tanış etdikdə, onun çoxlu əlyazmaları arasında diqqətimizi cəlb edənlərdən biri də özünün “QARAYAZINAMƏ” adlandırdığı xatirə-yazısı oldu. “Qarayazınamə”ni diqqətlə oxuduq. Məmnuniyyətlə qeyd edirik ki, onun bir çox bəndləri tarixilik, folklorşünaslıq və dialektologiya baxımından böyük marağımıza səbəb oldu. Elə buna görə də “Qarayazınamə”ni cüzi redaktə etsək də, müəllifin üslubuna toxunmadıq və əlyazmanın demək olar ki, olduğu kimi nəşr olunmasını, üstün tutduq. Budur, İmdad müəllimin özünün geniş müqəddiməsi və bəzi qeydləri ilə “Qarayazınamə”nin bir hissəsi sizin sərəncamınızdadır. “Qarayazınamə”yə qiymət verməyi isə, əziz oxucular, Sizin öhdənizə buraxırıq.

M. M. ÇOBANLI, “Təhsil” qəzetinin baş redaktoru
Bakı, 5 fevral 1994.

 

BİR DİYAR VAR, QARAYAZI

Tarixin üzümüzə gülməz dönərgəsində Ana Vətənimiz Azərbaycanın indiki sərhədləri hüdudlarından kənarda qalmış doğma guşələrindən biri də ulu türk torpağı qədim Qarayazıdır! Hazırdz Qarayazı Gürcüstan Respublikasının daxilində Qardabani adı ilə məlum olan ən böyük rayonlardan biridir. Heç vaxt vətənimizin bir guşəsini o birindən üstün və ya əskik tutmamışam. Lakin 1938-1958-ci illər arasında 20 illik bir müddətdə bu doğma diyarda böyüyüb boya-başa çatdığımdan bu yerlərin təbiəti, ümumi mənzərəsi və xüsusilə zəhmətlə məşğul olan xeyirxah sakinləri ilə yaxındaş olduğumdan acılı-şirinli çoxlu xatirələr toplamışdım. Yeri düşdükcə bunları dostlara və tanışlara danışırdım. Amma bunları çap etdirmək fikrim yox idi. Aradan illər keçdikçə, məni yaxından tanıyan qarayazılı sakinlərdən, görüşüb hal-əhval tutanlardan, evimizə qonaq gələnlərdən və nəhayət, qohum-qardaşlardan iradlar və giley-güzarlar eşidirdim ki, yaxşı, sən qarayazılısan, bu diyarın çörəyini yeyib, suyunu içmisən. Allaha şükür, müdafiə də edib alimlik dərəcəsi almısan. Bəs, niyə Qarayazı haqqında yazmırsan. Radiodan və ya televiziyadan səsini eşitmirik. Qarayazıya da gec-gec gəlirsən... Dostlarımın iltiması həm də ondan ibarət idi ki, bütün olub keçmişləri şeirlə qələmə alım. Deyilən iradlara, giley-güzarlara ciddi etiraz etməsəm də dönə-dönə üzrxahlıq etdim ki, bu işlər mənim imkanlarım xaricindədir. Yaxşı olar ki, bu barədə başqa yoldaşlar yazsınlar. Etirazlarım fayda vermədi, hiss etdim ki, dostlarım etirazlarımı ürəkdən qəbul etmirlər. Çarəsiz qalıb uzun illər ərzində doğma Qarayazıda öz gözlərimlə gördüklərimi, ağsaqqallardan eşitdiklərimi ifçin-ifçin düzməyə başladım. 20 il müddətində (1938-1958) və sonralar bu doğma diyara gəlib getdikcə, gördüklərimi, öyrəndiklərimi, eşitdiklərimi və bildiklərimi, nəhayət, 1988-ci ildə tamamladım və 1993-cü ildə bir sıra əlavələr etdim. Beləliklə də, saysız təkidlərdən sonra, topladığım bütün xatirələri “Qarayazınamə” adı ilə əziz oxucuların sərəncamına verirəm.
Öncə onu qeyd edək ki, “Qarayazınamə”yə hər hansı səpkili dolğun bir əsər kimi baxılmamalıdır. Bu yalnız və yalnız mənim o doğma diyarda yaşadığım dövrdəki şəxsi müşahidələrimin və sonralar buraya gəldikcə gördüklərimin və eşitdiklərimin təsviridir.
Məqsəd isə tanıdığım, gördüyüm və həm-söhbət olduğum cəfakeş Qarayazı sakinlərinin unudulmaz xatirələrini yad etməkdən, onların hələ ki qiyməti verilməyən zəhməti, halallığı, paklığı və görünməmiş əziyyətlərinin ayrı-ayrı məqamlarından türk gənclərinə ötəri də olsa məlumat verməkdir. Qarayazı rayonu öz ərazisinə və əhalisinin sayına görə Gürcüstan Respublikasının soydaşlarımızın yığcam halda yaşadıqları ən böyük rayonlarından biridir. Tarixi mənbələrdən məlum olur ki, bu ərazidə türklər çox-çox qədimlərdən məskunlaşmışlar. Hazırkı Qarayazı şəhəri və rayonu haqqında bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirik.
Sovetləşmədən əvvəl və keçmiş Sovet hökumətinin ilk 10-13 ili ərzində buranın rayon statusu olmamışdır. Rayonun indiki mərkəzinin ərazisində Qaratəpə kəndi və ətrafda bəzi başqa kəndlər vardı.
Qaratəpə toponimi iki komponentdən ibarətdir, qara və təpə. Qədim türk dilində qara böyük, geniş deməkdir. Təpə isə müasir mənasında hündür yer, təpə kimi işlənmişdir. Bu ərazi düzənlik, çöllük yerdir. Ərazinin təqribən tən ortası hündür bir təpəlikdir. Çox-çox qədimlərdə buraya gələn insanlar bu təpəni uzaqlardan bir nişangah kimi seçmiş, sonralar bu təpənin üstündə kənd salmış və məskunlaşmışlar. Beləliklə, böyük, geniş təpə mənası verən Qaratəpə yaranmışdır...
1917-ci il oktyabr hadisələrindən sonra bütün imperiyada olduğu kimi, ümumiyyətlə, Zaqafqaziyada da çox ziddiyyətli bir vəziyyət mövcud idi. İlk vaxtlar Zaqafqaziyada, o cümlədən Gürcüstanda da rəsmi surətdə müvəqqəti hökumətin strukturu saxlanılırdı. Noyabr 1917 - mart 1918-ci illər arasında isə Gürcüstanın paytaxtı Tbilisidə Y.P.Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya Komissarlığı adlanan hökumət qurumu yaradıldı. 22 aprel 1918-ci ildə Zaqafqaziya Komissarlığı başqa bir orqanı - Zaqafqaziya Seymini yaratdı. Zaqafqaziya Seymi rəsmi orqan kimi 1918-ci il 10 fevraldan 1918-ci il 25 marta kimi fəaliyyət göstərdi. 22 aprel 1918-ci ildə isə Zaqafqaziya Seymi Sovet Rusiyasından ayrılmış müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılmasını elan etdi. Lakin məlum olduğu kimi, çox qısa bir müddətdən sonra bu federasiya ləğv edildi və Qafqazda üç müstəqil Respublika yaradıldı. Bu respublikaların da ömrü gödək oldu. Hər üç respublikada sovetləşmə başladı. 1922-ci ildə SSRİ yaradıldı. 1936-cı ildən etibarən isə Zaqafqaziya respublikaları keçmiş SSRİ-nin tərkibində “müstəqil” surətdə fəaliyyətlərini davam etdirmişlər.
Təəssüflər olsun ki, tarixçilərimiz nəinki 1917-ci ildən əvvəl, hətta yuxarıda göstərilən ayrı-ayrı mərhələlərdə Gürcüstanda (eləcə də həmçinin daşnak yuvası Ermənistanda və bütünlüklə keçmiş SSRİ imperiyası hüdudları daxilində) soydaşlarımızın, o cümlədən Qarayazı bölgəsinin sakinlərinin başlarına gətirilən müsibətlərin mənzərəsini bütün genişliyi ilə ictimaiyyətə çatdırmamışlar. Bu müsibətlər isə görünməmiş dərəcədə çox olmuşdur.
Keçmiş Sovet hökumətinin ilk 10-13 ili ərzində Qarayazının ərazisində Ağ Təhlə və Qara Təhlə nahiyələri varıydı. Hər iki nahiyənin partiya təşkilatları Qaratəpə partiya təşkilatları kimi birgə fəaliyyətdə idi. Bunlar da öz növbəsində Tbilisi partiya təşkilatının tabeliyində idi. İlk vaxtlardan Qarayazının zəhmətkeş sakinləri sosialist tədbirlərinin həyata keçirilməsində çox böyük zəhmət çəkmiş və sədaqətlə Sovet hökumətinə (həmçinin Gürcüstan hökumətinə) xidmət etmişlər. Onlar bütün ədalətsizliklərə baxmayaraq bu sədaqətlərinə daim sadiq qaldılar. Elə buradaca əsas sualımızı verək. Bəs bu sədaqətin əvəzində onlar nə görmüşlər? Bədbəxtlik orasıdır ki, bu cür sədaqətlik tuthatutla, sürgünlə, açıq-aşkar ayrıseçkiliklə və başqa ədalətsizliklərlə qiymətləndirilmişdir.
1930-cu ildə Qaratəpə bölgəsində Qaratəpə rayonu təşkil edildi. Rayonun mərkəzi Qaratəpə kəndi oldu. 1932-ci ildə isə rayonun və onun mərkəzinin adı dəyişdirilib Qarayazı edildi və bu da 1947-ci ilə kimi rəsmən “yaşadı”. (Qaratəpə sözü kimi Qarayazı da qədim türk sözüdür. Qeyd edildiyi kimi “qara” sözü qədim türk dilində böyük, geniş deməkdir, “yazı” sözü isə qədim türk dilində çöl deməkdir. Beləliklə, Qarayazı böyük çöl mənasını verir.)
Yüz dəfələrlə danışdırdığım, sual verib cavab aldığım yaşlı və savadlı Qarayazı sakinləri deyirdilər ki, onlar hökumət uğrunda sözün əsil mənasında böyük fədakarlıqla çalışmışlar. 20-30-cu illərdə Qarayazının azərbaycanlı (türk) təsərrüfat bilicilərinin gərgin əməyi nəticəsində burada kolxoz hərəkatı geniş vüsət aldı, maşın, traktor stansiyaları tikilməyə başladı, pambıqçılıq zavodu, cins atçılıq sovxozu və başqa əmək sahələri təşkil edildi. Çox böyük ərazilərdə əkin sahələrini suvarmaq üçün Rustavi şəhərinin Kürlə birləşdiyi hissədən kanallar qazıldı, arxlar çəkildi. Küllü miqdarda idarə binaları inşa edilib istifadəyə verildi. Hökumətə tabe olmayan qaçaqlara və başqa qüvvələrə qarşı ölüm-dirim mübarizəsi aparıldı. Bu yolda Qarayazı kişilərinin bir çoxu öz canlarından keçdi. Sakinlərin qabar-qabar olmuş əlləri ilə məhsullar vaxtı-vaxtında yığıldı və hökumət fonduna verildi. Gözü tox sakinlər isə bir dənə də artıq meyvə qurusu, pamidor, badımcan, qarğıdalı dənəsi də özlərinin torbalarına qoyub evlərinə aparmırdılar. Bunlar olmuş hadisələrdir və bunlardan imtina edilə bilməz. Bəs, bu zəhmətdən sonra necə oldu? Necə deyərlər, hər şey hazır olandan sonra bu zəhmətkeş insanların əməyi, qədir-qiyməti heçə endirildi. 1937-1938-ci illərdə donosçuluq təşkil edildi. Tuthatut və gedərgəlməz yolları başladı. Dost-dostun, qardaş-qardaşın, ata-oğulun zorla üzünə durduruldu. Onlarla Qarayazı sakininin qara damlarının işığı söndürüldü, çırağı keçirildi. Gül kimi körpələr yetimlik dövrünə başladı. Camaat arasından say-seçmə oğullar seçilib Sibir vilayətlərinə sürgün edildi. Bir havadar, qahmar çıxıb hökumət səviyyəsində soruşa bilmədi ki, Hüseynov qardaşlarının Məhəmməd, Əlixan və İsmayıl), Sultanəlinin, Qulamın, Qafarın, Muxtarın, Əlinin, Səfərin, Bayramın, Ələsgərin, həsənqalalı İsmayılın, Qasımın, Xocayev Usubun, Məhəmmədağanın və onlarca başqa dinc Allah bəndəsinin nə idi sovet hökuməti yolunda təqsiri? Yaşlı nəslin nümayəndələri qeyd edirlər ki, tuthatut ilində ana və bacıların, qız və gəlinlərin ah-naləsindən qulaq tutulurdu. Müxtəlif bəhanələrlə, üzə durdurulmaqla bacarıqlı azərbaycanlılar tutuldu. Bir çoxu güllələndi. Digərləri 20-25 ilə didərgin edildi. Sahibsiz qalan qadınlar, uşaqlar və dövranı keçmiş ahıllar tut, yemlik, pərpətöyün, göyqulançar, əvəlik, ispanaq və b. təbiət bitki və meyvəsinin ümidinə qapıldılar. Gedənlərin bir çoxu bir daha öz doğma yurdlarına qayıtmadı. Qayıdanların isə danışdıqları əhvalatlardan insan vahiməyə gəlirdi. Gözləri yollarda qalan analar ərsiz, bakirə qızlar nişanlısız yol gözləməklə öz sındırılmış həyatlarını başa vururdular. Hələ bunlar azmış kimi 1941-ci ildə qanlı-qadalı müharibə illərinin elə ilk bir neçə günü ərzində beş yüzdən çox qarayazılı igid yeniyətmə səfərbər edilib davaya göndərildi. Ailələr yenə də qəmə batdı. Gedənlərin əksəriyyəti geri qayıtmadı. Çoxlarının qara kağızı gəldi. Lakin bütün bunlara baxmayaraq, Qarayazının əli iştutan, ayağı yeriyə bilən bütün sakinləri böyük şücaət göstərdilər. Olduqca ağır işlərdə qadınlar öz həyat yoldaşlarını və qardaşlarını əvəz etdilər. Onlar bütün rayon ərazisində ağır zəhmətli işlər gördülər. Gecələri-gündüzlərə qatıb hökumət yolunda cəsarətlə çalışdılar. Qələbəyə bircə an da ümidlərini itirməyən cəfakeş Qarayazı qadınları və qızları sırasından heç də Bəstidən, Şamamadan, Surəyyadan geri qalmayan əmək qəhrəmanları yetişdi. Onlar həm də dəhşətli müharibənin dəhşətli günlərində özləri bir qarına ac, bir qarına tox isti nəfəsləri ilə biz tifilləri böyüdüb boya-başa çatdırdılar. Belə ağır bir zamanda gənc müəlliməmiz Səmayə Bəxtiyarlı əsl müəllimlik nümunəsi nümayiş etdirdi. Qarda, boranda, şaxtada, uşaqlara həyan oldu. Qara peçlərdə qarğıdalı qovurub şagirdlərə verdi, onlara yorulmadan dərs öyrətdi. Evlərə gedib uşaqlara baş çəkdi. Bütün şagirdlərin əsil anası Səmayə müəllimə sayılırdı. Bəs, həmin illər (eləcə də sonralar) bu qəhrəman qadınların adları bir mötəbər məclisdən çəkildimi? Əsla yox. Əksinə, açıq-aşkar ayrı seçkilik edildi. Heç biri yüksək hökumət mükafatı ilə mükafatlandırılmadı. Birinə də əmək qəhrəmanı adı verilmədi, yüksək səviyyədə deputat seçilmədi. Bütün irəliçəkmələr yalnız gürcülərə aid idi. Bir nəfər gürcü hökumətindən soruşan olmadı ki, bu zəhmətin müqabilində bu ayrı-seçkilikdən məqsəd nədir?
Müharibə qurtarmağa yaxınlaşırdı. Qələbəyə ümid daha da artmışdı. O vaxtlar Cənubi-qərbi Gürcüstanda olduğu kimi Qarayazıda da Məhsəti türkləri yaşayırdı. 1944-cü ildə onları bircə gecənin içində ilim-ilim elə itirdilər ki, indi də gördüm deyən yoxdur. Siyasi ambisyalardan, bic ermənilər kimi min cür hiylədən çox-çox uzaq olan aydan-arı, sudan-duru soydaşlarımız haradan biləydilər ki, bu ayrı-seçkiliyin, qəddarcasına həyata keçirilən şübhəli tədbirlərin arxasında daha müdhiş fikirlər durur. Müharibə qurtaranda sevindik. Sakinlər yenidən zəhmətli günlərini davam etdirdilər. 1947-ci ildə Gürcüstan hökumətinin qərarı ilə rayonun adı “sürgün” edildi. Qədim türk QARAYAZI sözü “Qardabani” gürcü sözü ilə əvəz edildi. Elə həmin ərəfədə rayon mərkəzində fəaliyyət göstərən yeganə köhnə məscid binası uçuruldu. Lakin bu dediklərimiz Qarayazı camaatının son ağrısı-acısı deyilmiş. Görəcəkli qara günlərimiz hələ sən demə irəlidəymiş. 1940-ci ilin soyuq fevral günlərində, daha doğrusu fevralın 14-dən 15-ə keçən kecə saat 1-2 radələrində daha müsibətli hadisə baş verdi. Fevralın 13 idi. Axşam saat 17-18 radələri idi. Məktəbdən evimizə qayıdırdım. Həmin vaxt rayon mərkəzinin tən ortasından keçən şosse yolunun kənarı ilə onlarla hərbi sudabekr maşınları dayandı. Sudabekrlərdən düşənlərin əynində boz şinel, başlarında şikarı və cüy papaqlar vardı. Camaat onlara çapayevski papaqlar deyirdi. Qorxu hələ güclü olduğundan heç kəs heç kəsdən soruşa bilmirdi ki, kimdir bu çağırılmamışlar? Kim bunları rayona çağırıb? Nə məqsədlə çağırıblar? Camaatı vahimə bürümüşdü. Hamının qanı qaralmışdı. Ürəklərə dammışdı ki, nəsə bir bədbəxt hadisə baş verəcəkdir. Elə də oldu. İki günə yaxın maşınlar və onları idarə edənlər əllərində və çiyinlərində avtomat rayon mərkəzindən uzaqlaşmadılar. Həmin vaxt rayon partiya komitəsinin binasında isə “uzki kruqda” fasiləsiz surətdə siyahılar tutulur, gedər-gəlməzə göndərilənlərin adları müəyyənləşdirilirdi. Fevralın 14-də gecədən xeyli keçmiş tərtib edilmiş xüsusi siyahılar üzrə hər qapıya bir qara maşın yaxınlaşdı. Faraların yandırılıb - söndürülən uzüntülü işığında zorakılıqla həyətlərə daxil olan maşınlardan əli avtomatlılar düşdülər. Siyahılar üzrə evlərə istiqamət götürən sudabekrləri Qoçaryan, Minasyan, Mirzoyan, Kakayan və b. kimi hiyləgər ermənilər, həmçinin Tulçin, Ravva kimi başqa “aktivistlər” müşaiyyət edirdilər.
Qəfil gəlişdən sarsılan zavallı azərbaycanlı ailələrini yarımca saatın ərzində avtomatların qundaqları ilə vəhşicəsinə maşınlara doldurdular. Onlara ev əşyalarından lazım olanları götürmək imkanı da verilmədi. Evlərin işıqları (neft lampaları) söndürülmüşdü. Zil qaranlıqda heç nəyi görməyən sakinlər, götürüləcək bərxanadan daha çox öz ailə üzvlərinin haraylarına qalmışdı. Gecədən xeyli keçməsinə baxmayaraq bəzi evlərdə ailə üzvlərindən olmayanlar da var idi. Odur ki, olmazın dəhşətlər baş verdi. Hərbçilərin tələbləri isə qəti idi və müzakirə edilə bilməzdi. Sürgün edilənlərin demək olar ki, bütün ev əşyaları, xalça-palazı, məhsulu (qarğıdalı, badbudu, və s.) malqarası sahibsiz qaldı. Sürülənləri maşınlara doldurub soyuq qış gecəsində naməlum səmtə apardılar. Səhər açılar-açılmaz hələlik sürülməyən sakinlər küçələrə axışdı. Qohum-əqrəbanı, qonum-qonşunu, tanış-bilişi soruşmağa başladılar. Camaat öyrəndi ki, sürülənləri Tbilisi dəmiryol vağzalına gətirib, orada olduqca narahat vaqonlara dolduraraq Qazaxıstana aparıblar. Camaatın o zamankı ah-naləsi indi də yadımdan çıxmır. Soruşuram, nə idi o əlləri qabarlı yazıqların günahı? Heç nə! Səbəb onda idi ki, onlar azərbaycanlılar (türklər) idi.
Çox qısa bir müddətdə Gürcüstan azərbaycanlılardan təmizlənməli idi. Gürcüstanın başında duranların və onların Kremldə əyləşən havadarlarının əlinə tarixi girəvə düşmüşdü. Bu deyilənlər qətiyyən zəhmətkeş gürcü xalqının adı ilə bağlanmamalıdır. Zəhmətkeş gürcülər və azərbaycanlılar arasında dostluq həmişə olmuş və olacaqdır. Söhbət bu bəlanın təşkilatçılarından gedir. 1937-1938-ci illərin dəhşəti, 1944-cü ildə Gürcüstandan məhsəti türklərinin axırıncı nəfərinə kimi sürülməsi, Şimali Qafqazdan və digər yerlərdən müsəlmanların sürülməsi, 1947- 1948-ci illərdə Ermənistanda yaşayan soydaşlarımızın köçürülməsi və b. qeyri-insani münasibətlər cəzasız qalmışdı. Ümid edilirdi ki, bu da cəzasız qalmayacaq. Sürgün gecəsinin səhəri rayonun mərkəzində yaşayan bəzi erməni sakinləri də gözə dəymədi. Qalan ermənilər isə şaiyə buraxmışdılar ki, guya ermənilərdən də sürülüblər. Amma hadisədən bircə həftə keçməmiş onların hamısı bir nəfər kimi rayonda peyda oldular. Məlum oldu ki, həmin bic ermənilər əvvəlcədən Yerevana və başqa yerlərə gedərək orada qalmışlar. Demək olar ki, sürgün aksiyalarından onlar əvvəlcədən xəbərdar idilər.
Səhər məktəbə gəldim. Məktəbdə müəllimlər və şagirdlər qəmli idilər. Öyrəndim ki, onlardan da bir çoxu sürülüb. Çoxlarının təhsili, nişanları və b. arzu-kamı ürəyindən qaldı: Tağar, Yaşar, Firudin, Nəsrulla, Rəsul, Cavad, Əli, Əsəd, Həsən Cavadi, Mərdan, Yetər (qızı Gündüz mənimlə bir sinifdə oxuyurdu) İbad, Sayalı, Seyid, Həsən, İman, Fatma, İsmayıl, Həsən Şirməmmədoğlu, Xəlil, Tomayev İsmayıl (oğlanları Tebo və Tabo bizim məktəbdə oxuyurdular), Məcid, Ələkbər və onlarla başqa ailə başçıları zor gücünə qədim Qarayazı yurdlarından didərgin salındılar.
Bu dəfə də məsələnin qoyuluşunu, onun siyasi mahiyyətini tam mənası ilə başa düşməyən namuslu azərbaycanlı ailələr dərindən köks ötürdülər, Allaha dua etdilər. Yenə də səbrlə, təmkinlə, sədaqətlə öz iş-güclərini davam etdirdilər. Hökumət yolunda sidq ürəklə çalışdılar. İnam qorxu şəklində də olsa hələ çox güclü idi. Bununla yanaşı biz elə bilirdik ki, bu son müsibətimizdir. Qara maşınlar və əli avtomatlılar 25 dekabr 1951-ci ildə gecədən xeyli keçmiş şığıyaraq yenə azərbaycanlı ailələrin həyətlərinə daxil oldular. Yenə də həmin dəhşətlər, həmin zorakılıqlar. Bu dəfə başqa azərbaycanlılar: o cümlədən V.Q.Tomayev, müəllimlərdən Dilara, Laləzar, Hümbət, təsərrüfatçılardan Məşədi, Kazım və onlarca başqaları həmin vəhşiliklə yenə də uzaq Qazaxıstana sürüldülər. Əziz müəllimimiz Hümbət müəllimin son yarımçıq dərsi indi də yadımdan çıxmayıb. Sürgün illəri Gürcüstan K(b) P MK-nin katibi Çarkviani, Qardabani rayon partiya komitəsinin I katibi isə Sirikdze idi. Hökm elə yerinə yetirilmişdi ki, 1950-1952-ci illər ərzində bir dənə də səhih məlumat əldə edilməmişdi. Əksinə, söz-söhbət gedirdi ki, qısa zamanda qalan sakinlər də bütünlüklə sürüləcəklər.
Qapı-qapı Şərif nalox yığırdı. Yerli ziyalılar indi də əmindirlər ki, belə bir plan mövcud imiş. Amma sən saydığını say, gör fələk nə sayır. 1953-cü ildə əzrayıl Stalini diri gözlü caynağına saldı. İkinci cəllad Beriya gor-bagor edildi. Bu dəfə isə başqalarının istəyi ürəyində qaldı. Rayonun üstündən qaranlıq pərdəsi çəkilməyə başladı. Rəhimov Ə. A. və başqa yerli ziyalılar məsələ qaldırdılar. Yazdılar. Tələb etdilər. Tədricən sürülən həmyerlilərimizdən məktublar almağa başladıq. Sürülənlərin bəziləri qayıtmağa başladılar. Unudulmaz şairimiz V.Q.Tomayev qayıdanda isə rayonda toy-bayram oldu. Aradan çox illər keçib. Amma nəcib və mərd insanlar yaşayan Qarayazıda pərən-pərən olmuş soydaşlarımızın faciəsini heç cürə unuda bilmərəm. Yenə də soruşuram. Nə idi o dinc haqpərvər və hökumətə sədaqətli camaatın təqsiri? Hələ indiyə kimi bəzi fərdi hallardan başqa rəsmi səviyyədə o camaatın sağ qalanlarından (bir çoxu dünyasını dəyişib, Allah onlara min rəhmət etsin!) bir dəfə də olsun üzr istənilməyib. Bütün dəhşətlərə baxmayaraq həyat davam edirdi. 1947-ci ildə məktəbə getdim. 11 il oxuduqdan sonra 1958-ci ildə Qardabani Azərbaycan orta məktəbini bitirdim və Bakıya gələrək indiki M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. Ali təhsil aldığım illərdə və ondan sonralar da (indi də) doğma və əziz Qarayazı diyarı ilə heç vaxt əlaqəm kəsilmədi.
Beləliklə, həyatımın ilk 20 ili fasiləsiz olaraq bu diyarda keçdi. Bu müddət ərzində Qarayazıda baş verən bir çox hadisələr gözlərim qarşısında cərəyan etdi. Uşaqların, tay-tuşlarımın, qoca və cavanların, ağbirçəklərin nəcib-nəcib işlərinin, gözəl xasiyyətlərinin, xeyirxahlıq və əliaçıqlıqlarının, ağır zəhmətlərinin, sevincli və qəmli günlərinin canlı şahidi oldum. 1963-cü ildə Qardabani kəndinə (rayon mərkəzinə) Qardabani qəsəbəsi, 1969-cu ildə isə Qardabani qəsəbəsinə Qardabani şəhəri statusu verildi. 60-cı illərin əvvəllərində Qardabani rayonunun mərkəzi Samqori kəndinə köçürüldü və bütün rayon Samqori rayonu adlandırıldı. Şübhəsiz ki, bunun müəyyən məqsədi və səbəbi var idi. Lakin az sonra Gürcüstan hökuməti bu qərarı ləğv etdi. Ötən illər ərzində Qarayazının torpaqlarından bir neçə dəfə kəsilərək Tbilisi, Rustavi şəhərlərinə və başqa rayonlara birləşdirilmişdir. Bununla da rayonun ərazisi xeyli azaldılmışdır. Uzun illər ərzində rayon ərazisində bir çox tarixi yerlərin adları dəyişdirilərək gürcüləşdirilmişdir. Digər tərəfdən 60-cı illərin əvvəllərindən başlayaraq həyətləri olan şəhər sakinlərinin xüsusi evləri kütləvi şəkildə uçurularaq 5-9 mərtəbəli binalardan verilən mənzillərlə əvəz edilmişdir. Bu vaxtlar həmin binalara olduqca çoxlu miqdarda müxtəlif regionlardan gürcü və svan ailələri köçürülmüşdür. Bundan məqsəd rayon ərazisində, xüsusilə onun mərkəzində gürcü əhalisinin sayını artırmaq idi. 80-ci illərin axırlarından başlayaraq rayon mərkəzinə və kəndlərə xeyli gürcü ailələri köçürülmüşdür. Bundan başqa müxtəlif kəndlər arasında yeni-yeni kəndlər və qəsəbələr salınaraq oralara da küllü miqdarda svan ailələri köçürülmüşdür. Bunun nəticəsində rayonda azərbaycanlıların sayı ilə gürcülərin sayı arasında fərq azaldılmağa başlamışdır. Hazırda Qarayazı rayonunun tərkibində aşağıdakı kəndlər var: Soğanlıq (Poniçala), Qaracalar, Ağ Təhlə, Qara Təhlə, Birlik, Təzəkənd, Ulukişili (Kəpənəkçi), Kosalı, Nazarlı, Candar, Birlik, Təzəkənd, Ulyanovka, Qocori, Telet, Martkobi, Vaziani, Sərtcala, Qamarcveba, Lilo, Axali Samqori, Didi Lilo, Naqebi, Tabaxmela və b. adlar özləri hər şeyi deyir. Qarayazıda yaşadığım illərdə rayonun sosial vəziyyətində böyük çətinliklər var idi. İçməli suyun, mavi qazın olmaması, yolların pis vəziyyətdə olması və onlarca başqa çətinliklər.
Sakinlər hər cür əziyyətə dözməyi bacarırdılar. Dəhşətli bürküdə və şaxtada onların müxtəlif əkin-tikin və ev işlərində ruh yüksəkliyi ilə çalışdıqlarını gözlərimlə çox görmüşəm. Uzun illər ərzində əlləri qabar-qabar olmuş, nurüzlü sakinlər evlərində, həyətlərində və bizim evdə, həyətdə, küçədə, məclislərdə dəfələrlə görüşüb söhbət etmişəm. Çoxları ilə qohum əqrəbam və özüm duz-çörək kəsmişik. Salamımız olub. Bir çoxunun da şəxsən mənim boynumda unudulmaz minnəti vardır. Heç birinin ağrısı-acısı, mərifətli işi, hər cür zəhmətə qatlaşması heç vaxt yadımdan çıxa bilməz. Səd heyf ki, mən gördüyüm ötkəm sözlü, nurüzlü ağ-saqqalların və ağbirçəklərin bir çoxu mən rayondan oxumağa gedəndən sonra öz dünyalarını dəyişib, axirət dünyalarına qovuşmuşlar. Allahtaala öz calalı xatirinə onlara qəni-qəni rəhmət etsin, pak məzarlarını nurla doldursun! Sağ və salamat yaşayan sakinlər isə əmin-amanlıqda yaşasınlar və min qadadan və bəladan uzaq olsunlar. Hazırda sağ və salamat yaşayan Qarayazı sakinlərinin, həmçinin cavan nəslin öhdəsinə xüsusi bir borc düşür. Onlar ötənləri və keçənləri heç vaxt unutmamalıdırlar! Öz övladlarına və onların övladlarına keçmiş ağsaqqallar və ağ birçəklər kimi qeyrətli və namuslu, halal və pak, xeyirxah və zəhmətsevər olmağı öyrətməlidir. Öyrətməlidirlər ki, heç bir şey zəhmətdən, elmdən üstün ola bilməz. Ən böyük bərəkət torpaqdır. Öyrətsinlər ki, nahaqqa dözmək olmaz. Haramla millət irəli gedə bilməz. Biz bilməliyik ki, nəyə görə ingilis, alman, fransız məktəbləri və gəncləri elmdə bizimkiləri ötüblər. Mübarizəmiz də bu səmtə yönəldilməlidir.
Nəhayət, qeyd edək ki, başqa on illiklərə baxanda 60-80-ci illərdə dolanışığı pis olmayan Qarayazı sakinlərinin 80-ci illərin ortalarından, xüsusilə axırlarından başlayaraq bütün keçmiş - SSRİ Respublikalarında olduğu kimi Gürcüstandada ab- havanın yenidən xarab olması ilə əlaqədar vəziyyətləri yenə pisləşdi. Başqa yerlərdə olduğu kimi Qarayazıda da çətinliklər baş alıb gedir. Namuslu soydaşlarımız süni və bezikdirici manelərlə qarşılaşırlar. Hər yerdə özbaşnalıq, ədalətsizlik. Belə bir ağır zamanda, başqa gənclər kimi, bəzi Qarayazı gəncləri də eli-obanı atıb pul, maşın dalınca başqa şəhərlərə gedirlər. Bu isə arzulanmaz hadisədir və bunun cəzasını çəkməli oluruq. Buna görə də “herti-perti” başa düşməyənlər yerli camaatın üstünə ayaq açırlar. Bu proseslər getdikcə şiddətlənə bilər. Elə-obaya, xalqa möhkəm tellərlə bağlılıq məhz indi olmalıdır! Əslən Gürcüstanlı olan ziyalıların və başqa imkanlıların da öhdələrinə indi daha böyük məsuliyyət düşür. hamılıqla birləşib sözün həqiqi mənasında möhkəm birliyimizi yaratmalıyıq və ümumən millətimizlə bir olmalıyıq, onlara da dayaq durmalıyıq! Əbəs yerə deməmişlər ki, el bir olsa, zərbi kərən sındırar.
Mənə elə gəlir ki, sayıb-sadaladıqca ayrı-ayrı məqamlar ötərgi də olsa “Qarayazınamə”də verilir. Burada gördüyümüz qəmli-kədərli və xoş xatirəli günlərin, xüsusən uşaqlıq çağlarımızın, cəfakeş insanların həyatlarının müxtəlif məqamları yad edilir. Burada deyiləsi çox məqamlar mövcuddur. Lakin fikrimizcə bütün bunları əziz oxucunun öz öhdəsinə buraxsaq daha münasib olardı. Əgər əziz oxuclarımız və ilk növbədə gənclərimiz bu qeydlərdən zərrə qədər də olsa razılıq edib bəhrələnsələr, mən də həmin qədər özümü unudlmaz Qarayazılılar qarşısında öz borcumdan çıxmış hesab edərdim. Şübhəsiz ki, bütün iradlar, giley-güzarlar, təklif və arzular mənim tərəfimdən böyük minnətdarlıqla qəbul ediləcəkdir... ardını yüklə


İ. H. TAĞIYEV.
Bakı, 30 dekabr, 1993-cü il
 

Add comment


Security code
Refresh