AQRA.AZ

ABŞ məhkəmələrinə silahla girə bilən yeganə azərbaycanlı vəkil

Hərfləri böyüt

Taleh yazısı! Bu gözəgörünməz yazının mövcudluğuna və insanları idarə etdiyinə inananlar az deyil. Amma “seçim” adlı bir məvhum da var, insan gedəcəyi yolu özü seçirsə və bu yolda əzmlə irəliləyirsə, deməli hər bir kəs öz taleyini yazır.

O, 1976-ci ilin fevralın 25-də Yardımlı rayonunun Osnağaran kəndində, öz halal zəhməti ilə dolanan Eyyub kişinin ailəsində dünyaya gəlib. Uşaqlıq illəri elə də asan keçməyib. Evin təsərrüfat işlərinin bir hissəsi onun payına düşüb. Qoyun da otarıb, mal nobatına da gedib. Buna baxmayaraq təhsildən də yayınmayıb, məktəbin ə'laçı şagirdlərindən biri olub. Doqquzuncu sinifdə oxuyanda təsadüfən televizorda eşitdiyi bir e'lan onun həyatını dəyişib. Həmin e'lanın sorağı ilə Bakıya gəlib və müsabiqədən keçərək Türkiyədə təhsil almağa göndərilən istedadlı şagirdlərin sıralarına qəbul edilib. İki il Türkiyədə litseydə oxuyub. Sonra Ankara Universitetinin hüquq fakultəsinə daxil olub. 2000-ci ildə ali təhsilini başa vurub. 2003-cü ildə magistr təhsilini bitirərək doktoranturaya götürülüb. Doktoranturada təhsil aldığı zaman bir türk tələbə yoldaşının təklifi ilə ABŞ-ın “Yaşıl kart” lotoreyasına sənədlərini təqdim edib. Bu lotoreyanı udaraq ABŞ-da yaşamaq hüququ qazanıb və qısa müddətdə ABŞ-ın Massaçusets ştatına gəlib. ABŞ-a gələndə onun cibində cəmi iki yüz əlli dollar pulu olub. Türkiyədə yaşayarkən idmanın karate növü üzrə professonal şəkildə məşğul olması, qara kəmər qazanması ABŞ-da onun köməyinə yetişir. Bir il məşqçi kimi fəaliyyət göstərir. Sonra Massaçusets ştatında, Konnektikut Hüquq universitetinə qəbul olunur. Oranı bitirdikdən sonra vəkillik fəaliyyətinə başlayır. Hazırda ştatın ən yaxşı vəkillərindən biri kimi ad qazanıb. Söhbət ABŞ-da sayılıb-seçilən vəkillərdən biri- Vüqar Eyyub oğlu Cəfərovdan gedir.

ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston dünyanın ən bahalı şəhərlərindən biridir. Burada əcnəbilərin hər hansı bir nüfuzlu vəzifəyə yüksəlməsi çox çətindi. Vüqar Cəfərov 2003-cü ildən Boston şəhərində yaşayır. Nyu York vəkillər kollegiyasının həqiqi üzvüdür. Bundan əlavə o, Amerika vəkillər kollegiyasının, eləcə də Yeni İngiltərə Müsəlman Vəkillər kollegiyasının üzvüdür. ABŞ-ın harasında olmasından asılı olmayaraq müştərilərinin hüquqlarını Federal Məhkəmələrdə və dövlət orqanlarında müdafiə etmək hüququ qazanıb. Yeganə Azərbaycanlı vəkildir ki, məhkəməyə tabel silahı ilə daxil ola bilir. ABŞ kimi bir ölkədə qısa müddətdə bu səviyyəyə çatmaq elə də asan deyil.

Vüqar təpədən-dırnağa vətənpərvər, azərbaycançıdır. ABŞ-ın harasında yaşamasından asılı olmayaraq ona müraciət edən soydaşlarımıza yardım etməkdən usanmır. O, eyni zamanda Bostondakı həmvətənlərimizin təşkil etdikləri toplantı və görüşlərdə də aktiv iştirak edir. Buradakı diaspora ilə daim əlaqədədir. Vüqar Cəfərov eyni zamanda öz üzərində çalışmağı, elmini artırmağı çox sevir. Hazırda hüquq üzrə doktorantura (SJD – Senior Judicial Doctor) proqramına qoşularaq doktorantura təhsilini davam etdirir.

Bəli, ucqar bir rayonun, ucqar kəndində, zəhmətkeş bir ailədə doğulub, on altı yaşından qürbət ellərdə həyatın çətinliklərinə sinə gərərək öz taleyini yazan Vüqar Cəfərov kim bilir hələ neçə-neçə uğurlara imza atacaq. Biz ona bu yolda uğurlar diləyirik.

Sonda onu da qeyd edək ki, Vüqar Cəfərov millət vəkili, professor Musa Qasımlının bacısı oğludur.

Elman Eldaroğlu,

ABŞ, Miçiqan

 moderator.az övraqından (tarix 03/09/2016 )

 

Add comment


Security code
Refresh