28Aprel2017

AQRA.AZ

XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVANDA QADIN TƏHSİLİNİN ÜMUMİ SƏCİYYƏSİ VƏ PROBLEMLƏRİ

Hərfləri böyüt

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda qadınların təhsilə cəlb olunması Rusiya və Avropa ölkələrinə nisbətən çox çətin idi. Çünki bu dövrdə qadın təhsili ilk növbədə qadın azadlığı problemi ilə sıx bağlıydı. Demək olar ki, bütün Şərq qadınlarında olduğu kimi Azərbaycan qadınlarının təhsil məsələləri maarifpərvər ziyalıları əsrlər boyu düşündürmüşdür. Ona görə ki, bu dövrdə qadınlar ictimai həyatdan təcrid edilmişdir. Onların işləri yalnız ev işləri görməkdən ibarət idi. Qadınların belə vəziyyəti onların əl-qolunu bağlamış, zehinlərini kütləşdirmiş və əqli inkişafdan geridə qalmışlar. Digər tərəfdən müsəlman məişətində qanun halına keçən bir sıra dini-fanatizm adət və ənənələr qadınları kölə halına salmış, qadına məxsus hüquqlardan məhrum etmişdir.        

XIX əsrin sonu XX əsrin əvvəlində Şimali Azərbaycanda qadın hərəkatı yaranır, «yeni qadın» tipi, yeni maarifçi qadınlar meydana gəlirdi (15).                                                                  

XX əsrin əvvəllərində qadın təhsili məsələləri Azərbaycan müəllimlərinin I qurultayında da müzakirə olunmuşdu.                                                                            

Pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov “Azərbaycan məktəbi” jurnalında dərc olunmuş “Azərbaycan müəllimlərinin ilk qurultayı” adlı məqaləsində yazır: “Müsəlman müəllimləri üçün pedaqoji kurslar açmaq, hər şəhərdə rus-Azərbaycan qız məktəblərinin açılması və qadın təhsilinin inkişaf etdirilməsi  gündəlikdə daha çox müzakirə edilən müddəalardan olmuşdur” (18, 35-36).                                                                              

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan bölgəsində xalq maarifində vahid sistem olmadığı kimi, qadın təhsilində də sistemlilik aşağı səviyyədə idi. Ona görə ki, bu dövrdə bütün Qafqazda olduğu kimi, Naxçıvanda da qadınların təhsili tamamilə unudulmuşdu. Demək olar ki, bütün Azərbaycan üzrə “Müqəddəs Nina” qız məktəbindən başqa düzgün təşkil edilmiş ikinci bir məktəb olmamışdır.         

                                                            

XIX əsrin ortalarından etibarən ölkədə əmələ gələn ictimai və iqtisadi canlanma mövcud hakimiyyətin qadın təhsili ilə maraqlanmağa vadar edirdi. Beləliklə, 30 may 1858-ci il tarixdə Rusiya Xalq Maarif Nazirliyi (XMN) ilk dəfə olaraq qız məktəblərinin nizamnaməsini təsdiq etdi (5, 57-55). Həmin nizamnamədə qız məktəbləri I və II dərəcəli olmaqla iki dərəcəyə bölünürdü. Bu məktəb təhsil müddətlərinə görə də bir-birlərindən fərqlənirdilər. Məsələn, II dərəcəli məktəbdə təhsil müddəti 3 il olduğu halda, I dərəcəli məktəbdə 6 il  göstərilir.   

                                                                                                             

Qeyd edək ki, hər iki məktəb qadınları düzgün tərbiyə etmək, onlara dini, əxlaqi və əqli tərbiyə vermək əsas məqasədlərindən idi. Məktəblər Rusiya Xalq Maarif Nazirliyi (XMN) tərəfindən müəyyən edilmiş və təsdiq olunmuş vahid bir proqram əsasında fəaliyyət göstərirdi. Amma çox təəsüf ki, bu nizamnamə yalnız iki il qüvvədə qala bildi. Daha sonra isə bu nizamnamə 1860-cı il may ayının 10-da qəbul edilmiş yeni bir nizamnamə ilə əvəz olundu. Xoşbəxtlikdən həmin nizamnamə özündən əvvəlki nizamnamədən heç də fərlənmirdi. Lakin bu yeni nizamnamənin bir fərqi ondan ibarət idi ki, yerli şəraiti və imperiyaya daxil olan müxtəlif xalqların adət-ənənəsini və eləcə də mədəni tələblərini nəzərə almamışdır. 

                    

Rusiya Xalq Maarif Nazirliyi bu nizamnamədə qız məktəblərinin açılması ilə bağlı aşağıdakı bir neçə müddəanı gəstərmişdi: 

1. Qadın tədris müəssisələri əsasən tədrsi idarələri himayəçilərinin sərəncamında olmalı idi.

2. Açılan bütün qadın məktəbləri dinindən və irqindən asılı olmayaraq hər bir qız uşağının oxuması mümkündür.  

3. Açılan bütün qız məktəbləri bir və iki dərəcəli olmaq etibarilə iki hissəyə bölünməli idi.                                                                                    Bundan başqa 24 may 1870-ci il tarixində Rusiya Xalq Maarif Nazirliyi (XMN) qzı gimnaziya və progimnaziyalarının yeni nizamnaməsini təsdiq etdi (5, 93). Bu nizamnamədə gimnaziya 7 sinfə bölünmüş, təhsil müddəti isə 7 il təyin onmuşdu. Buraxılış sinfində təhsil gimnaziya rəhbərliyini qane etmədiyi halda əlavə səkkizinci sinifin açılmasına icazə veriliridi. Səkkizinci sinifdə təhsil müddəti bir, zəruri olduqda isə iki il göstərilmişdi. Gimnaziyalardan fərqli olaraq progimnaziyalarda təhsil müddəti ayrı-ayrılıqda hər sinifdə bir il olmaqla 3 ildən ibarət idi. Qeyd etmək lazımdır ki, Qadın gimnaziyası tələbələrinin sayı oğlanların sayının orta hesabla 31,5 faizini təşkil edirdi. Gimnaziyada təhsil alan qızların 2,8 faizi azərbaycanlı qızların payına düşüb.

Əsasən 1905-1907-ci il rus inqilabı və 1905-1911-ci illərdə İranda və Türkiyədə başlanan demokratik hərəkat Naxçıvanda qadınların təhsilə cəlb olunmasında yeni mərhələnin başlanğıcı olmuşdu (6, 47-48).

 Çarizmin müstəmləkəçilik siyasətinə baxmayaraq  XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda xalq məktəblərinin sayı artmağa başlamış bir sıra kəndlərdə yeni məktəblər açılmışdır. Bu dövrdə Naxçıvan maarifçilik hərəkatının ən səciyyəvi cəhətlərindən biri müsəlman qızların dünyəvi təhsilə cəlb edilməsi oldu. Azərbaycan dramaturgiyası tarixində ilk dəfə olaraq Eynəli bəy Sultanov qadın azadlığı mövzusunda iki pərdəli «Tatarka» (Azərbaycan qızı) adlı komediya yazaraq onu Naxçıvanda tamaşaya qoymuşdu. Naxçıvan maarifpərvərlərindən C.Məmmədquluzadə və M. T. Sidqi qadın azadlığı məsələsini çox ciddi milli və ictimai məsələ kimi irəli sürmüşlər. Bəhs olunan dövrdə Naxçıvan maarifpərvərləri qadın təhsili məsələsini daha cəsarətlə irəli sürür, hətta bu sahədə ilk addımlarını da atırdılar. Görkəmli maarif xadimləri mövhumatla mübarizə apararaq, qız məktəblərini açmaq və açılan qız məktəblərində müsəlman qızlarının oxumalarına çalışırdılar. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanın tanınmış ziyalıları qadın azadlığı və təhsili uğrunda apardıqları mübarizədə təkcə praktik fəaliyyətlə və ədəbi-bədii yaradıcılıqla kifayətlənməmişlər. Eyni zamanda onlar qadın təhsili probleminin nəzəri məsələlərinə dair məqalələrlə də çıxış etmişlər.

E. Sultanovun «Tatarka» (Azərbaycan qızı) əsəri bütün gənc, gözəl və nəcib əxlaqlı qadınlara həsr olunmuşdur. Qeyd edək ki, E. Sultanov bu əsəri real hadisələr əsasında qələmə almışdı. Müəllifin özünün dediyi kimi bu əsərdə cəryan edən hadisələr XIX əsrin sonlarında kiçik əyalət şəhərlərinin birində baş vermişdi.E. Sultanov eyni zamanda “Qadın”, “Sahib və əşya” və “Nə düzdür düzdür” kimi əsərlərində də qadın azadlığı və qadın təhsili məsələlərinə toxunmuşdu. O yazırd: “Mən hər cür təcavüzkarlığa, hər cür təzyiqə və cinsindən asılı olmayaraq insan azadlığının məhdudiyyətinə nifrət edirəm. Müsəlman qadınlarının hüquq bərabərliyini açıqcasına təbliğ etdiyim üçün məscid minbərlərindən mənə lənət yağdırırdılar” (12, 36). Qeyd etmək lazımdır ki, qadın azadlığı problemi onun publisistik fəaliyyətində də mühüm yer tuturdu. Onun bu istiqamətdəki fəaliyyəti daha dəqiq desək 1905-1907-ci illər rus inqilabından sonra daha da güclənmişdir.XIX əsrin 90-cı illərindən başlayaraq demokrat yazıçı, görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadə Naxçıvanda qadınların ağır və dözülməz həyat tərzlərini görürdü. Naxçıvan qadınlarının ictimai həyatdan və təhsildən kənar qalmaları onu daim düşündürürdü. C. Məmmədquluzadə 1893-cü ilə Nehrəm kəndində müəllim işləyərkən çox çətinliklə  də olsa 8 nəfər qız uşağını təhsilə cəlb edə bilmiş onlar üçün sinif açmış, o cümlədən bacısı Səkinə Məmmədquliyevanı da təhsilə cəlb etmişdir (4, 169-170). Qeyd edək ki, C. Məmmədquluzadə yazdığı felyeton və hekayələrində qadınların ağır vəziyyətini daima diqqət mərkəzində saxlamışıdır. O, qadınların savadsızlığını “Molla Nəsrəddin” jurnalında daha açıq və aydın şəkildə ifadə etmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycanlı qızların ölkədən kənarda açılan məktəblərində təhsil almalarını hər zaman təbliğ etmişdir. Bu baxımdan jurnalın 1909-cu il tarixli 28-ci sayında deyilir: “Biz müsəlmana fərzdir, nəinki, oğlan məktəbi, xeyir, bizlərə vacibdir qız məktəbi, çünki balalarımızın tərbiyəsi anaların əlindədir...” (15).                                                                                                                          

     C. Məmmədquluzadə ömrünün sonlarında “Şərq Qadını” jurnalının yubleyi münasibəti ilə jurnalın redaksiyasına göndərdiyi bir məktubunda aşağıdakı sözləri yazmışdı: “Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O, mənim köhnə dərdimdir” (4, 19-20).         

M. T. Sidqi bu əsərində qızlara təhsil vermək və qadınların mədəni səviyyəsini yüksəltmək lazımdır. O, bütün pedaqoji fəaliyyəti dövründə təhsilli qadınları, var-dövlət düşkünü olan qadınlardan üstün tutur. Böyük pedaqoq, maarifpərvər Məhəmməd Tağı Sidqi qadın təhsilinə ciddi fikir vermiş, onların azad, təhsilli olmalarına qayğı göstərmiş, qadın hüquqlarının müdafiəsi uğrunda onları mübarizəyə səsləmişdir (11, 216).                                              

M. T. Sidqi isə Naxçıvan qəzasında 1896-cı ildə ilk dəfə müsəlman qız məktəbi açmağa nail olmuş, lakin müxtəlif çətinliklər və maneələr ucbatından məktəb 1902-ci ildə bağlanmışdı (14, 23). M. T. Sidqi yazdığı “Qızlara hədiyyə” və “Əxlaq nümunələri” dərsliklərində, eləcə də “Rübabə”, “Sitarə və xalası” və “Analar bəzəyi” məqalələrində qadın təhsili məsələsinə toxunmuşdu.                                                                                               

Tarix elmləri doktoru Sabir Məmmədov dissertasiyasında yazır: “Qızlara hədiyyə” əsərində müəllif tərbiyəli, mədəni anaları təqdir edir, onların necə ülvi alicənab xüsusiyyətlərə malik olduğunu göstərirdi” (13, 63).                                                                                             

H. Cavid də yazdığı əsərlərində qadın təhsili məsələlərinə toxunmuşdu. O, qızlarımızın təhsil almasını dönə-dönə qeyd etmiş, oğlanlarla yanaşı qızlarında məktəblərdə oxumalarının vacibliyini bildirmişdir. O, yazırdı: “Bir çox mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını söyləməkdən çəkinməyirlər, əcaba məktəb, təlim və tərbiyə insana  itaətsizlikmi öyrədir? Yaxud insaniyyət, şəfqət, mərhəmmət, nəzafət-övlada məhəbbət, böyüklərə itaət nə olduğunu təlim edər? Bir də cəbrə təzyiqə nə hacət, arıq iyirmi ilə otuzu hsab etmək üçün anaların təsbihləri ilə, qızların barmaqlar ilə komediya çıxarmaları çəkilir bir dərd deyildir. Azacıqda utanıb qızarmalıyıq” (8, c.2, 200-201).                                                

H. Cavidin qadın təhsili ilə bağlı olan şeirlərinin içərisində  “Qız məktəbində” şeiri diqqəti daha çox cəlb edir. Dahi mütəfəkkir bu şeirində Gülbaharın timsalında qadın təhsilinin ümumi səciyyəsini daha ətraflı işıqlandırmış və təhlil etmişdir. Həmin şeiri məqalədə verməyi məqsədəuyğun bilirik:                                                                                                                      

- Quzum, yavrum! Adın nədir?                                                                                          

- Gülbahar.                                                                                                                          

- Pəki, sənin anan, baban varmı?                                                                                         

Nasıl, zənginmidir baban?                                                                                                   

- Əvət, zəngin, bəyzadə...                                                                                                    

- Öylə isə geydiyin geyim neçin böylə sadə?                                                             

Yoqmu sənin incilərin, altın biləziklərin?                                                                               

Söylə, yavrum! Hiç sıqılma...                                                                                           

- Var əfəndim, var... lakin                                                                                                

Müəlliməm hər gün söylər, onların yoq qiyməti,                                                             

- Pəki doğru söz... Bu dünyada sənin ən çoq sevdiyin                                                       

Kimdir, quzum, söylərmisin?                                                                                              

- Ən çoq sevdiyim ilkin                                                                                                      

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.                                                                            

- Sonra kimlə?                                                                                                                     

- Sonra onun göndərdiyi elçilər.                                                                                          

- Başqa sevdiklərin nasıl, yoqmu?                                                                                        - Var...                                                                                                                                 

- Kimdir onlar?                                                                                                                     

Anam, babam, müəlliməm, bir də bütün insanlar... (7, c.1, 49).

Yuxarıda adlarını sadaladığımız bu mütəfəkkirlər qadın təhsili və azadlığı problemini dərindən bilən bir nəzəriyyəçi-pedaqoq kimi çıxış etmişlər. Onlar yaxşı başa düşürdülər ki, gələcək nəsillərin xoşbəxtliyi, ana və bacılarımızın təhsil dərəcəsindən asılıdır. Ona görə də onlar özlərinin insanpərvərlik borcu kimi qadınların maariflənməsi və mənəvi azadlığı uğrunda dönmədən və yorulmadan mübarizə aparmışlar.        

Qeyd edək ki, Naxçıvanda qadınların təhsili məsələsinə digər naxçıvanlı mütəfəkkirlər kimi, Qori Müəllimlər Seminariyasının naxçıvanlı məzunu Əbülqasım Sultanovu da düşündürmüşdür. O, qadınların təhsil almaları haqqında belə demişdi: “Hər bir ata və ana gərək axırıncı köynəyini satıb balalarına elm versin. Çünki elm insanı adam edib, hörmət sahibi edər. Qızlar elm öyrənməlidirlər ki, ana olanda öz balalarına tərbiyə verib pərvəriş etsinlər” (9, 99).                                                                                                                                 

Qeyd etmək lazımdır ki, Naxçıvanda qadınların təhsilə cəlb olunmasında Ə.Sultanovun da rolu olmuşdu. O, ilk növbədə öz iki qızını – Dilbər və Süsən Sultanovaları Naxçıvandakı rus-tatar məktəbində oxutdurmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, bu qızlar Naxçıvanda ilk qadın müəllimələrdən olmuş, 1920-ci illərdə Naxçıvanda qadın təhsilinin inkişafında, savadsızlığın ləğvində, qız teatrının təşkilində müəyyən xidmətlər göstərmişdir. Həmçinin bu qızların özləri də teatr tamaşaları vermiş, aktyor kimi iştirak etmişlər.              

Bəhs olunan dövrdə Naxçıvan bölgəsində qadın təhsilinin zəruriliyini dərk edən Naxçıvan maarifpərvər ziyalıları ölkədə qız məktəblərinin yaradılmasına xüsusilə də fikir verirdilər.                                                                                                                                  

Qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan ziyalılarının qadın təhsili uğrunda mübarizəsi get-gedə genişlənirdi. Onların bir hissəsi öz həmvətənlərinin dini görüşlərini nəzərə alaraq və orada yalnız qadın müəllimlərinin dərs deməsi şərti ilə açmağı məqsədə daha müvafiq hesab edirdilər. Belək ki, naxçıvanlı ziyalıların bir dəstəsi isə bu sahədə praktik addım atmağa çalışır və imkan daxilində qızların düzgün təşkil edilmiş dünyəvi məktəblərə cəlb edilməsinə cəhd edirdilər.                                                                           

XX əsrin əvvələrində Naxçıvanda qadınlar arasında maarif nurunun yayılmasında kişilərlə yanaşı, ziyalı qadınlar da mühüm xidmətlər göstərmişlər. Tanınmış xeyriyyəçi H.Z.Tağıyevin qız məktəbini bitirmiş Nazlı xanım Tahirova 1912-ci ildə Naxçıvan şəhərində qız məktəbinin təşkil edilməsinə nail olmuşdur (16, 4). Lakin rəsmi arxiv sənədlərində Naxçıvan bölgəsində ilk qız məktəbinin 1870-ci ildə Əylis kəndində açıldığı göstərilmişdir (17, 133).       

Göstərilən dövrdə Naxçıvan bölgəsində qadınların elmə və təhsilə maraqlarının güclənməsində, əslən Naxçıvanlı olub Avropada ali təhsil almış ilk qadın Leyla xanım İsa Soltan qızı Şahtaxtınskinin  böyük rolu olmuşdur. O, İsveçrədə Lazonna Universitetinin tibb fakültəsinə qəbul olmuşdur. Lakin çox təəssüf ki, Leyla xanım buradakı təhsilini başa vura bilməmiş, 1907-ci ilin dekabr ayının 17-də soyuqdəymədən dünyasını dəyişmişdir (1, 21-22).           

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda qadın təhsilinin inkişafında müstəsna xidmətləri olmuş Nazlı xanım Tahirova-Nəcəfovanın adı xüsusi ehtiramla yada salınmalıdır. O, Bakıda  H. Z. Tağıyevin açdığı rus-müsəlman qız məktəbini bitirmiş (1908-ci il), bir müddət İrəvanda H. Nərimanbəyovun məktəbində müəllimlik etmiş, 1912-ci ildə ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçmüş, elə həmin ili də burada qız məktəbi təşkil etmişdir (2, 201-202).                                                                                                                                     Qeyd edək ki, Nazlı xanım bu məktəbdə qadınların maariflənməsi uğrunda yorulmadan çalışmış, Rəşid bəy Əfəndiyevdən sonra (1917-ci ildən etibarən) Naxçıvan türk-qız məktəbinə müdir təyin edilmiş, 1920-ci ilin oktyabr ayınadək bu məktəbdə işləmişdir. Onun bu məktəbində gələcəkdə Naxçıvanda maarifin və mədəniyyətin inkişafında mühüm rol oynayacaq bir sıra qadınlar o, cümlədən G. Kəngərli, B. Naxçıvanskaya, D. Sultanova, S. Sultanova, X. Vəzirova F. Şeyxova və başqaları təhsil almışdır.                                                       

Naxçıvanda qadın təhsilinin inkişafında xüsusi rolu olmuş qadınlardan biri də Xədicə xanım Səfərəliyeva – Cəfərova olmuşdur. O, ilk təsilini Naxçıvan şəhərində almış, Bakıda  H. Z. Tağıyevin qız məktəbində oxumuş, daha sonra Naxçıvana qayıdaraq bacısı Tərlan xanımla öz ata evində iki otaq ayıraraq qızlar üçün məktəb açmışdır. Rəsmi arxiv sənədlərinə nəzər salsaq onda görərik ki, onun açdığı bu məktəb dörd il fəaliyyət göstərmiş, fəaliyyət göstərdiyi bu illər ərzində cəmi 31 nəfər qız uşağı təhsil almışdır (3, 135). Qeyd edək ki, Naxçıvan da maarif həyatında böyük rol oynamış B. Kəngərli, X. Mahmudova, S. Novruzova, A. Kələntərli, X. Səfərəliyevanın yetirmələri olmuşlar.                                                                              

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Abbasova tədqiqat işinin monoqrafiyasında yazır: “Naxçıvan qadınlarının maarif və mədəni səviyyəsinin artırılmasında 1920-ci ildən sonra Muxtar Respublikada təşəkkül tapmağa başlamış mədəni-maarif müəssisələri şəbəkəsinin, kitabxanalar, klublar, qiraət komaları, qırmızı guşələr və s. mühim rol oynadı” (1, 28).                                                                                                                                               

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan bölgəsində qadın təhsilinin inkişafında Azərbaycan İnqilab Komitəsinin 25 dekabr 1920-ci il tarixli dekreti ilə, 1921-ci il mart ayının 1-də Bakı şəhərində açılan “Birinci Məktəbəqədər Qadın Tərbiyə İnistitutu”nun da rolu olmuşdu (10, 12). Çox keçmədi ki, “Birinci Məktəbəqədər Qadın Tərbiyə İnistitutu” Azərbaycan Xalq Komssarlıq Sovetinin 29 noyabr 1922-ci il tarixli dekreti ilə Qadın Pedaqoji İnistutuna çevrildi. Direktorluq vəzifəsi Sara xanıma tapşırılan bu İnistutut 1923-1924-cü tədris ilində 17 nəfər qadınla ilk  buraxılışını verdi (14, 15-16).                                                      

Qeyd edək ki, 1920-1921-ci tədris ilində Naxçıvan bölgəsində oxuyan azərbaycanlı qızların sayı 100, 1921-1922-ci tədris ilində isə 860 nəfərə çatmışdır. XX əsrin 20-30–cu illərində Naxçıvanda maarif sahəsində əldə edilən nailiyyətlərdən biri də qadınların savadsızlığının ləğv edilməsi oldu. Nəzərə alsaq ki, sovetləşməyə qədər Naxçıvanın qəzalarında qadınların 98-99 %-i savadsız idi. Buna görə də Naxçıvanda sovet hakimiyyətinin ilk illərində qadın müəllimlər hazırlanması üçün xüsusi qadın pedaqoji kursları da açılmışdı.  İlk kurslardan biri 1922-ci ilin noyabrında fəaliyyətə başlamış və orada cəmi 60 nəfər qadın müəllimə hazırlanmışdır (3, 47).           

Sonda onu qeyd edək ki, XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvanda qadın təhsilinin zəruriyyəti təkcə şəhərlərdə deyil, kəndlərdə də özünü göstəribdi. Bu dövrdə Naxçıvanda  maarif sahəsində ən mühüm hadisələrindən biri, heç şübhəsiz ki, qadınların təhsilə kütləvi cəlb edilməsi olmuşdu. Bu qadın təhsilinin demək olar ki, olmadığı Naxçıvanda əsl mədəni inqilab olmuşdur. Ona görə ki, bir sıra qabaqcıl maarif xadimləri işlədikləri məktəblərə oğlanlarla yanaşı qızları da cəlb edirdilər.    

 

 

ƏDƏBİYYAT

 

1.      Abbasov S. Z. Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi. Bakı: MBM, 2007, 167 s.

2.      Azərbaycanda xalq maarifinin inkişafı (1920-1927). Bakı: Azərnəşr, 1928, 128 s.

3.      Cəfərov H. R. Naxçıvanda təhsil: inkişaf yolu və imkanları. Bakı: Elm və təhsil, 2011. 544 s.

4.        Cəlil Məmmədquluzadə: taleyi və sənəti. Bakı: Elm və təhsil nəşriyyatı, 2010, 196 s.

5.      Əhmədov  H. M. XIX əsr Azərbaycan məkbəti. Bakı: Maarif, 2000, 366 s.

6.Hacıyev İ. M., Quliyev Ə. A. Tarihte ve günümüzde  Nahçıvan. Ankara: Ankara Universitesi Basım evi, 1998, 92 s.

7.Hüseyn Cavid.Əsərləri. 5 cilddə, I c., Bakı: Lider nəşiriyyatı, 2005, 256 s.

8.Hüseyn Cavid. Əsərləri. 5 cilddə. II c., Bakı: Lider nəşiriyyatı, 2005, 352 s.

9.Hüseynzadə R. L. Zaqafqaziya Müəllimlər Seminariyasının naxçıvanlı məzunları. “Azərbaycan məktəbi” jurnalı, 2010, № 1(635), s. 98-105

10.   İbrahimov F. N., Hüseynzadə R. L. Pedaqogika: Dərslik. 2 cilddə. II c., Bakı: Mütərcim, 2013, 548 s.

11.   Qədimov Ə. N. Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı. Bakı: Çaşıoğlu, 2004. 152 s.

12.   Maqsudov İ. Q. Eynəli bəy Sultanovun həyat və yaradıcılığı: Fil. elm. ...dis. Bakı, 1963, 226 s.

13.   Məmmədov S. S. Azərbaycanda qadın təhsili və Azərbaycanın tərəqqipərvər qadınlarının maarifçilik fəaliyyəti (XIX əsrin ikinci yarısı-1920-ci ilə qədər): Tar. elm. dok. ...dis. Bakı, 1996, 189 s.

14.   Mollayev İ. A. Naxçıvan MSSR-də xalq maarifinin inkişafı. Bakı: Bilik cəmiyyəti, 1983. 31 s.

15.   “Molla Nəsrəddin” jurnalı, 1909-cu il, № 28

16.   Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi: F.3, siy.1, iş 22/26, v.2-5

17.   Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi: F.4, siy.1, iş 180/307, v.131-136

18.   Rüstəmov F. A. Azərbaycan müəllimlərinin ilk qurultayı. “Azərbaycan məktəbi” jurnalı, 2006, № 6, s. 35-36

     Taleh Xəlilov

Naxçıvan Dövlət Universitetinin

“Pedaqogika və psixologiya” kafedrasının müəllimi

           Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

 

 Талех Халилов

Нахчыванский Государственный Университет

 Резюме

Характерипроблемы женского образования в концедевятнадцатого векаив начале ХХ века в Нахчыване

            В статьебыли изучены и обращается внимание на характерипроблемы женского образования в концедевятнадцатого ивначале ХХ века в Нахчыване. Было установлено, что однимиз самых важных событий этого периода,вНахчыванской области,без сомнения, былововлечение женщин в сферуобразования. Образование женщин в Нахчыване была почти культурнойреволюцией

Add comment


Security code
Refresh