AQRA.AZ

Akademik Nadir Mir-İbrahim oğlu Seyidov

Hərfləri böyüt

Mən həmvətənimiz, dünya şöhrətli kimyaçı alim, akademik Yusuf Heydər oğlu Məmmədəliyevin həyat və elmi fəaliyyəti haqqında Sizlərə mə`lumat vermişdim. Onun sevimli tələbələri arasında gülərüz, öz fikirləri və istetadı ilə digərlərindən fərqlənən Nadir Mir-İbrahim oğlu Seyidov da var idi. İllər ötdü və N.Seyidov müəlliminin yolunu davam etdirdi və bu yol onu elmin ən yüksək zirvələrinə qaldırdı. Nadir Mir-İbrahim oğlu Seyidov polimer kimyası sahəsində respublikamızda ilk tədqiqat aparan alimlərdən birinə çevrildi, etilen-propilen kauçukunun sintezi sahəzində böyük uğurlar qazandı və Azərbaycanda polimer məktəbinin yaradıcılarından biri oldu...

Nadir Mir-İbrahim oğlu Seyidov 28 aprel 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası - Mir-İbrahim Seyidov  Mir-İsmayıl oğlu dərziliklə məşğul olmuş, anası - Dilbər Seyidova Məmmədəli qızı evdar qadın idi.

İlk təhsilini 1938-1948-ci illərdə Naxçıvan şəhərindəki 1 saylı oğlan orta məktəbində almış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuşdu. 

 

 

 

 

 

 

1955-ci ildə Universiteti bitirdikdən sonra N.M.Seyidov ilk əmək fəaliyyətinə Yusuf Məmmədəliyevin tövsiyyəsi və  göndərişi ilə 2 saylı qapalı müəssisədə (sonrakı Azərbaycan Dövlət Elmi-tədqiqat «Olefin» institutu) başlayaraq, əvvəlcə laborant, sonra isə kiçik elmi işçi, sektor rəhbəri, laboratoriya və şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.

 

 

 

 

 

 

 

1957-ci ildə o, Az. EA-nın Neft İnstitutuna aspiranturaya qəbul olunmuş və 1960-cı ildə «Ksilol izomerlərinin ayrılması və oksidləşməsinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1969-cu ildə “Aşağı molekullu olefınlər əsasında yeni sintetik kauçukların alınması” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və həmin ildə professor elmi rütbəsi almışdır.

N.M.Seyidov 1979-93-cü illərdə «Elastomerlər və karbohidrogen aşqarları» şöbəsinə rəhbərlik etmiş, 1993-97-ci illərdə Azərbaycan Elmi Tədqiqat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini işləmişdir. 1997-ci ildə elmi fəaliyyətini AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda davam etdirmişdir.

1989-cu ildə N.M. Seyidov yüksək molekullu birləşmələr ixtisası üzrə AEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2008-2013-ci ilərdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır.

1962-ci ildə «Elastomerlər» laboratoriyasının rəhbəri kimi N.M.Seyidov yüksək molekullu birləşmələr kimyası sahəsində yeni istiqamət sayılan metal-üzvi katalizatorların iştirakı ilə aşağı molekullu olefinlər əsasında yeni sintetik kauçukların alınması sahəsində fəaliyyət göstərməyə başlayır və onun rəhbərliyi ilə etilenin propilenlə, butilenlərlə, penten-1, heksen-1, 4-metilpenten-l və dienlərlə Tsiqler-Natta katalizatorların iştirakı ilə birgəpolimerləşmə prosesləri hərtərəfli öyrənilməyə başlayır. Aparılmış tədqiqatlar nəticəsində etilen- propilen kauçuklarının alınması üçün iri həcmli təcrübə qurğusu inşa olunur və müxtəlif çeşidli kauçuklar burada alınmağa başlanır. Kauçukların rezinə çevrilməsini tə`min etmək məqsədilə N.Seyidovun rəhbərliyi ilə etilen-propilen-dien kauçuklarının alınması texnologiyası yaradılır. Aparılan tədqiqatlar nəticəsində heksadien-l,4-ün alınması, eləcə də, divinilin tsiklopentadienlə birgədimerləşməsi nəticəsində alınan vinilnorbornen və bunun katalitik çevrilməsindən alınan etilidennorbornenin əlverişli üçüncü komponent kimi yararlı olmasını təsdiqləmək və onun texnologiyasının yaradılması məqsədi ilə keçmiş Sovetlər Birliyində yeganə iri təcrübə qurğusu (Ümumittifaq Eimi-Tədqiqat «Olefinlər» İnstitutunda) inşa olunaraq sənayedə tətbiq edilmək üçün lazimi sənədlər hazırlanır və bu proses «Nijnekamsk-Neftexim» İstehsalat Birliyində tətbiq olunur.

Akademik N.M.Seyidovun rəhbərliyi altında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə yüksək indeksli motor yağlarının alınması üçün etilen-propilen birgəpolimerlərinin parçalanma məhsulları əsasında özlülük aşqarının yaradılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılmışdır. Göstərilmişdir ki, etilen-propilen birgəpolimerlərinin parçalanması nəticəsində yüksək qatılaşdırıcı xassəsinə malik olan komponent almaq olur. Bundan istifadə etməklə M-8B, М-10В yağları alınmış, istismar sınağından keçirilərək, tətbiq üçün tövsiyə edilmişdir. Bundan başqa, bu üsulla etilen-propilen kauçukundan müxtəlif çeşıdli sintetik, yarımsintetik, о cümlədən, neftdən çətin alınan yağlar (M-20, П-28, П-40, Oktol-600, kabel, elektrik təcridedici və s.) sintez edilmişdir. Sənaye yağlarının hazırlanması üçün qalıq komponentləri əsasında alınan yağlar Tolyatti Avtomobil zavodunda sınaqdan keçirilmiş və tətbiq üçün tövsiyə edilmişdir. Digər tərəfdən, etilen-propilen birgəpo-limerlərinin dərin parçalanması nəticəsində aşağı temperaturda donan yağlar alınmış və bu yağlar şimal rayonlarının arktik şəraitində istifadə edilmişdir.

Akademik N.M.Seyidovun rəhbərliyi ilə dünya praktikasında yüksək aktivliyə və stabilliyə malik olan yeni növ katalizatorların alınma üsulları yaradılmışdır. Bu katalizatorların əsasını xlorlu karbohidrogenlərin metallik alüminiumla qarşılıqlı tə`siri reaksiyasından əmələ gələn birləşmələr təşkil edir. Dördxlorlu karbonla metallik alüminiumun arasında gedən reaksiyanı model kimi tədqiq edərək, N.M. Seyidov ilk dəfə olaraq göstərmişdir ki, metallik aluminium dördxlorlu karbonu atomar karbona qədər reduksiya edir. Alınan reaksiya məhsulları sonradan nanokarbonun tə`siri altında dayanıqlı quruluşa çevrilir və bunlar da yüksək aktivliyə malik katalitik sistemin alınmasını təmin edir. Sonralar müxtəlif sinif halogen saxlayan karbohidrogenlərin metallik alüminiumla qarşılıqlı tə`sirindən bir sıra yeni katalizatorlar sintez olunmuşdur. Göstərilən katalizatorların bu məqsədlər üçün geniş istifadə edilən aluminium xloriddən 3 – 5 və hətta 10 dəfələrlə aktiv olduğu elmi dəlillərlə sübuta yetirilmişdir. Bu katalizator sənaye miqyasında bir sıra proseslərdə, о cümlədən Sumqayıt «Üzvi sintez» İB-də poliizobutilen, «Nijnikamskneftexim» İB-də suspenziya metodu ilə alınan butilkauçuk, Tolyatti Sintetik Kauçuk zavodunda həlledici mühitində alınan butilkauçuk, Kremençuk zavodunda poliizobutilen istehsalında müvəffəqiyyətlə sınaqdan çıxarılmış və göstərilmişdir ki, ondan istifadə olunduqda prosesin iqtisadi göstəriciləri, məhsulun keyfiyyəti, eləcə də ekoloji parametrləri xeyli yüksəlmiş olur. Bunları nəzərə alaraq, həmin katalizatorların butilkauçuk, poliizobutilen, alkilbenzol istehsallarında geniş istifadə edilməsi qərara alınmışdır.

      N.M.Seyidov və onun əməkdaşları tərəfindən ancaq bu katalizatorların alnması, onların istifadəsi sahəsində 30-dan çox müəlliflik şəhadətnaməsi, 16 xarici patent (ABŞ, Yaponiya, İtaliya, Rumıniya, Hindistan, Almaniya və s.) alınmışdır.

 

 

 

 

 

 

 

N.M.Seyidovun rəhbərliyi ilə olefinlər əsasında yüksək keyfiyyətə malik olan yeni tip termoelastoplastlar, о cümlədən, «yaddaşa» malik polimerlərin alınması, onların xassələrinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılmışdır.

N.M.Seyidovun rəhbərliyi ilə aparılmış geniş tədqiqat işləri içərisində ά-metilstirolun dimerləşmə reaksiyasının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif katalizatorlar tətbiq etməklə, dimerləşmə reaksiyasını istənilən izomerin alınmasına yönəltməyin mümkünlüyü göstərilmiş və bu izomerlərin hidrogenləşməsindən sonra yüksək keyfiyyətli raket yanacağının əsasını təşkil etməsi sınaq təcrübələrilə uğurla təsdiq olunmuşdur. Sintez olunmuş yağlar Sovetlər İttifaqında ballastik raketlərdə yanacaq kimi uğurla sınaqlardan çıxarılmışdır.

Yüksək ixtisaslı mütəxəssis olan N.M.Seyidov yüksək molekullu birləşmələr sahəsində özünəməxsus istiqamət yaratmaqla, bu məktəbin əsasını qoydu. O, 400-dən çox əsərin, о cümlədən 4 monoqrafiya, 100-dən çox müəlliflik şəhadətnaməsi, 16 xarici patentin müəllifidir. Özünün «Etilen və ά-olefinlər əsasında yeni sintetik kauçuklar» monoqrafiyasında bu sahədə dünya ədəbiyyatı ilə yanaşı, apardığı işləri ümumiləşdirmiş, həmin monoqrafiya bu sahədə işləyən alimlərin nəzər-diqqətini özünə cəlb etmişdir. Xarici alimlərin bu kitaba etdikləri çox sayda istinadlar buna daha bir sübutdur.

Akademik N.M.Seyidovun elmi kadrların hazırlanmasında da böyük xidməti olmuş, onun rəhbərliyi ilə 4 elmlər doktoru, 40 yaxın tədqiqatçı elmlər namizədi alimlik dərəcəsi almışdır. О, uzun illər Respublikamızın bir sıra Ali məktəblərində, о cümlədən, Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

 

 

 

 

 

 

 

 

Akademik N.M.Seyidov Respublikamızın elmini müxtəlif simpozium və konfranslarda, о cümlədən Praqada, Budapeştdə, Milanda, Helsinkidə, Ankarada, Krakovda, Kiyevdə, Alma-Atada, Daşkənddə, Moskvada, Sankt- Peterburqda, Ufada, Yaroslavl və b. şəhərlərdə layiqincə təmsil etmişdir. O, 1997-ci ildə Beynəlxalq Energetika və Ekologiya Akademiyasının həqiqi üzvü seçilmiş, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü idi.

 

 

 

 

 

 

 

 

N.M.Seyidov 1968-1980-ci illər ərzində sosialist ölkələri qarşılıqlı yardım şurasının kauçuklar üzrə işçi qrupunun üzvü, SSRİ Neft Emalı və Neft-Kimya Nazirliyi nəzdində kauçuklar üzrə koordinasiya şurasının üzvü, SSRİ EA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının üzvü, AEA-nın yüksəkmolekullu birləşmələr üzrə koordinasiya şurasının sədri (sonra müavini), 2003-2005-ci illərdə Azərbaycan Prezidenti yanında AAK-da kimya bölməsinin Ekspert Şurasının sədri olmuş, akademik Seyidov bir sira jurnalların redaksiya heyətinin üzvü, Kimya Problemləri jurnalının baş redaktoru idi.

 

 

 

 

 

 

 

 

 

Elmi və əmək fəaliyyətinə görə o, «Şərəf Nişanı» ordeni, Neft Emalı və Neft-Kimya Nazirliyinin əlaçısı döş nişanı, Xalq Təsərrüfatı Nailiyyəti Sərgisinin 2 medalı, AMEA-nın Fəxri Fərmanı və s. Fəxri Fərmanlarla mükafatlandırılmışdır. 2002-ci ildə N.M. Seyidov Amerika Bioqrafiya İnstitutunun «Cəmiyyətin tərəqqisi naminə» təsis olunmuş qızıl «Amerika Şöhrət medalı»na layiq görülmüşdür.

2004-cü ildə «Şöhrət» ordeni ilə mükafatlandırılmış, 2009-cu ildə «Əməkdar Elm Xadimi» adına layiq görülmüşdür. N.M.Seyidov 2012-ci ildən Prezident təqaüdçüsü idi.

 

 

 

 

 

 

 

Mənim həyatımda Nadir müəllimin müstəsna rolu olmuşdur. Əgər elmdə nəsə bir uğurum varsa, bütün bunlara onun məsləhətləri sayəsində nail olmuşam. İlk əmək fəaliyyətimə Nadir Seyidovun rəhbərlik etdiyi laboratoriyadan başlamışam və ta`le elə gətirdi ki, sonralar – ömrünün son illərini o, mənim rəhbərlik etdiyim laboratoriyada keçirdi.  Nadir müəllim çox sadə, xeyirxah, qayğıkeş, gülərüz  bir insan idi. Şe`r deməyi, lətifələr söyləməyi çox xoşlayardı.

Nadir Mir-İbrahim oğlu Seyidov5 oktyabr 2015-ci ildə 83 yaşında dünyasını dəyişdi. Allah rəhmət eləsin...

 

Hikmət İbrahimov

                                         Azərbaycan MEA-nın Y.H.Məmmədəliyev adına

Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə

direktor müavini, texnika elmləri doktoru 

Comments   

 
+6 #2 Mirələkbər Seyidov 2015-11-11 10:12
Xalqımız və millətimiz üçün taleyüklü əhəmiyyət daşıyan 2005-ci il hadisələrində bir çox görkəmli Azərbaycan ziyalıları ilə birgə Akademik Nadir Seyidovun xidmətləri barədə, övraqda - http://aqra.az/index.php/az/dizhr/khbrlr/394-elman-aeiyev-olduzhhu-vae-zhoerunduyu-kimi (səh 291) və http://aqra.az/files/aqraaz/Noev%20Kovcheq+.pdf kitablarında(sə h 351) mə`lumat verilmişdir.
Mən şəxsən 2005-ci ilin fevral-may aylarında rəhmətlik Nadir müəllimin bizim ofisə məhz bu məsələ ilə əlaqədar dəfələrlə gəlməsinin və bacardığı təmənnasız köməkliklər etməsinin, eyni zamanda yüksək vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərməsinin şahidi olmuşam.
Mirələkbər Seyidov
Quote
 
 
+6 #1 İsa Vəliyev 2015-11-10 17:19
Azərbaycanın dahi elm xadimlərindən biri idi, vəfatı Azərbaycan emli üçün çox böyük bir itgi oldu. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Və Allah onun elmdə açdığı yolu davam etdirəcək gənclər versin.
İsa Əfrasiyab oğlu Vəliyev,
"Qafqaz" Universitetinin tələbəsi
Quote
 

Add comment


Security code
Refresh