AQRA.AZ

Əqli qüvvə

Hərfləri böyüt

     Müasir insanların bütün həyatı boyu istemal etdikləri, prinsipcə, cəmi beş qrup prosesdən – qidalanma, isidilmə, işıq saçma, hərəkət etmə və yük daşıma, həmçinin rabitə yaratma proseslərindən ibarətdir. Bu tələbatları ödəməkdən ötrü hazırda, nəticə etibarilə, büsbütün Günəş enerjisindən istifadə edilsə də, həmin məqsədlərə bilavasitə yönəldilən enerjini iki böyük hissəyə

– Yer üzündə insandan asılı olmayaraq alınan və saxlanılan enerjiyə və insanın iştirakı ilə, əlverişli istemal üçün başqa şəklə salınan enerjiyə (yəni təbii enerjiyə və başqalaşmış enerjiyə) növlərinə ayırmaq mümkündür.

Təbii enerji növlərinə Günəş şüaları, küləyin, dəniz qabarmasının və çay axıntısının, yanardağların və qaynar bulaqların, atomun radioaktiv parçalanmasının, qarşılıqlı kimyəvi təsirlərin, bioloji kütlələrin və onun neft, qaz, daş kömür və boz kömür, torf, yanar şist şəklində yığılmış təbii ehtiyatlarının enerjisi, heyvanların və insanların cismani fiziki gücü, habelə insan zəkasının qüdrəti – əqli qüvvə aiddir.

Başqalaşdırılmamış enerjinin hansısa növündən istifadə edilməsinin nisbəti dəyişkəndir: bu, bəşəriyyətin bütövlükdə yaxud ayrı-ayrı qruplarının sivilizasiyasından – mədəniliyindən asılıdır. Başqalaşmış enerjiyə gəldikdə isə, onun hazırda işlədilən 78 faizindən çoxu elektrikк enerjisidir.

Elektrik enerjisinin payı: qida məhsullarının hazırlanmasında 48%, yaşayış, həm də istehsalat yerlərinin isidilməsində 69%, işıq saçılmasında 92%, nəqliyyatın hərəkətə gətirilməsində 54%, informasiya kommunikasiyasında az qala 100 faizdir. Özü də bu göstəricilər getdikcə artmaqdadır. Həm də səmərəsiz artmaqdadır.

Çünki enerjinin hər hansı şəkildən başqa şəklə salınması (Karno siкli) onun itkisi ilə bağlıdır. Enerjinin dəfələrlə başqalaşdırılması, mənbədən istehlakçıya çatdırılması, istehlakçılar arasında cürbəcür bölüşdürülməsi bu itkiləri daha da artırır. Bunlara baxmayaraq, hal-hazırda enerjidən istifadə məhz həmin yolu tutub getməkdədir.

Bəşəriyyət enerjinin əksər hissəsini yer altından çıxarılan karbohidrogen xammalın (neftin, təbii qazın və s.-nin) səmərəsiz yandırılması nəticəsində əldə edir. Qaldı ki, «alternativ enerji mənbələri» deyilən amillərə, bunlar əslində enerji mənbələri deyil, təbii enerji növlərinin elektrik enerjisinə çevrilməsi üçün müxtəlif vasitələrdir. Odur ki, həmin «alternativ mənbələr» də çox baha başa gəldiyi üçün faydasızdır.

Hazırda ən sərfəli enerji mənbəyi (informasiya-vakuum dəyişdiriciləri nəzərə alınmazsa) ancaq insanın əqli qüvvəsidir (heyvanların fiziki gücü isə, eləcə də insanların fiziki gücü – fəqət bir qədər az dərəcədə, idarəetmə qüsurlarına görə səmərəsizdir). Lakin əqli qüvvədən də, iqtisadi, inzibati, zehni maraqların əlaqələndirilməməsi ucbatından lazımınca istifadə edilmir.

Buradan sadə bir fikir ortaya çıxır: «alternativ mənbələr» üsullarına və enerjinin ənənəvi dəyişdiricilərinə alternativ olaraq insan tələbatının təbii enerji mənbələrindən təminatı üçün əqli qüvvədən istifadə edilməlidir. Başqa sözlə, Günəşin hərarət, işıq və s. enerjisindən bilavasitə Yerə gəlib çatan və burada yığılan şəkildə, yəni bu enerjinin elektrik enerjisinə, yaxud hansısa enerjiyə çevrilmədən istifadə olunmalıdır. Bu da indiyədək işlənib hazırlanmış texnologiyalar vasitəsilə mümkün olası işdir.

Artıq 250-dək cürbəcür enerji təminatı və enerji qənaəti ilə bağlı texnologiyalar məlumdur, intəhası sənaye tətbiqi səviyyəsinə çatdırılmayıbdır. Bu cür texnologiyaların sayı getdikcə çoxalır, keyfiyyəti yaxşılaşır, səmərəsi artır, işlədilə bilən sahələri genişlənir: bunlar mülki və sənaye inşaatında, biotexnologiyalar üçün yardımçı avadanlıq yaradılmasında, kənd təsərrüfatının müxtəlif sahələrində, qida istehsalında, istirahət və turizm infrastrukturunda, bələdiyyə xidmətlərində və s.-də kara gələ bilər.

 

Müəllif: Bahadur Tahirbəyov

Ümumdünya sistemoloqlar

Klubunun müxbir üzvü

 

 

“Elman Əliyev: Olduğu və göründüyü kimi” kitabından

Bakı, Nərgiz nəşriyyatı, 2012, səh.172-173

 

Add comment


Security code
Refresh