AQRA.AZ

Öyrətmənim

Hərfləri böyüt

Əziz Fəridə Hocam. Əziz Fəridə anam... Əziz Fəridə xanım... Haqqınızda yazmaq, yoxsa haqqınızı yazmaq... Yoxsa Bu ÜÇLÜYÜ birləşdirən, SİZDƏN  yazmaq... HOCA...ANA...XANIM...

 Əziz Fəridə Hocam... Əziz öyrətmənim, HOCALIQ haqqınızı halal edin. Haqqınızda yazmağa yetərli, bişkin deyilik. Haqqınızı yazmağa HAQDAN icazəli deyilik...Yazmağa cəsarət etsək, SİZDƏN yaza bilərik... Onu da bacarsaq...

28 il öncə Sizi ilk dəfə sinifdə gördüm... HOCA gördüm... Öyrətmən gördüm... Türkcəmizdə necə düzgün deyim?: Öyrət - mən.., Məni Öyrət... Bəli, gəlmişdim 10-cu «A» sinfində Riyaziyyatı mənə öyrədəsiniz. Amma SİZ məni yox, bizi öyrətdiniz. Mən gəlmişdim riyaziyyatı öyrənməyə... Amma SİZ riyaziyyatı yox, Riyaziyyatı SEVMƏYİ öyrətdiniz bizə... O cansız,

o ölü, o quru,o qupquru rəqəmlər arxasında gizlənən ilahi gözəllikləri bizə göstərdiniz.., səbirlə göstərdiniz.., səbirlə öyrətdiniz... Qəlbinizin əliylə əllərimizdən tutdunuz... Qəlbinizin nuruyla bizim üçün qaranlıq gələn, əcayib görünən yolları işıqlandırdınız... Bizə elə gözəllikləri göstərdiniz ki, biz o gözəlliyə əsir olmaya bilmədik. Hər yorulanda misal edirdik... yolda gedəndə də məsələ edirdik... Yemək yeyəndə də, hətta yatanda da ANA laylası qədər şirin gələn bir səslə dediyiniz «Dincələndə misal edin!» kəlməniz qulaqlarımızda səslənir... Elə bilməyin, səhvən yazmışam səslənir. Yox! Düz yazmışam... Bu günə qədər o məlahətli səs qulağımdadır... Ömrümün sonunacan o səs mənimlə gedəcək... O səs məni mürgüləməyə qoymayan səsdir... O səs məni hər an, hətta yatanda da ayıq saxlayan səsdir... Öyrətdiniz misal həll etməyi... məsələ həll etməyi... bir məchullu, iki məchullu, üçməchullu... «N» məchullu tənliyin köklərini tapmağı... törəmə almağı...

Bu gün çox məchullu həyat tənliklərinin Köklərini tapdıqca qəlbimdə bir nida səslənir:

Əziz Fəridə Hocam... Əziz öyrətmənim,

HOCALIQ haqqınızı halal edin...

«İki nöqtədən bir düz xətt keçir » dediniz...

öyrətdiniz...

«Mən» deyilən nöqtədən

«Haqq» deyilən nöqtəyə

yönələn düz xətti

dama-dama dəftərdə çəkmək nə qədər asan...

Həyatda bu düz yolu getmək nə qədər çətin...

O çətinliyə dözməyi,

Səbirli olmağı,

Yolu öz gücünə,

özünə güvənərək tapmağı

öyrətdiniz bizə...

HOCALIQ haqqınızı halal edin bizə...

Əziz Fəridə anam...

Bu gün də,

hətta başqası üçün kimdənsə!

«Heç səndən bunu gözləməzdim!»

kəlməsini eşidəndə, utanıram...

Elə bilirəm Fəridə ANA yenə o

Şıltaq 10-cu «A» sinfini,

Ərköyün, sonbeşik sinfini

dərsdən qaçmaq üstündə,

saç düzəltdirmək üstündə,

ağ köynək geymək üstündə,

hansısa müəllimin narazılığı üstündə,

nə bilim, daha nə dəcəlliklər üstündə,

o bir kəlmə ilə danlayır...

O kəlmə qulaqlarıma

dəyəndə yeniyetmə oluram...

Zaman ölçülərini itirirəm...

Əziz Fəridə ANA!

 ANALIQ haqqınızı halal edin bizlərə...

25 ildən sonra Sizi

döyüşkən, dözümlü, dərdini içində boğan,

dərdə yoldaş deyil, dərdə sinə gərən bir

TÜRK XANIMINI tanıdım...

Əziz Fəridə Xanım...

Mən Türk Xanımının

DƏYANƏTİNİN şahidi oldum...

Bir daha İNANDIM ki, TÜRK KİŞİSİNİ

İstər BƏY olsun,

İstər XANIM,

Nə yaş(qocalıq),

Nə xəstəlik,

Nə tənhalıq,

Nə vəfasızlıq,

Nə sayğısızlıq,

Nə bilim daha

Nələr...nələr...

sındıra bilməz...

Əyə bilməz...

Bütün o NƏLƏRİ içində boğar...

Boğar...boğar...

Dözər... Mətanətlə dözər...Kimsəyə

Heç nəyi ...heç bir şeyi

Hiss etdirmədən DÖZƏR...

Mən bunu da SİZdə gördüm,

Əziz Fəridə XANIM!!!

AMMA AÇIQLAMIRAM!!!

XANIMLIQ HAQQINIZI da halal edin...

Mümkünsə...

Əziz Fəridə Hocam...

Əziz Fəridə anam...

Əziz Fəridə xanım...

Qarşınızda baş əyirik...

Tanrı Sizi qorusun!...

 

Şagirdiniz               Əliyev Elman İslam oğlu.
Bakı şəhəri                       13 mart 2003-cü il

Həmin mətn Azərbaycan Respublikasının xalq artisti Telman Əliyevin ifasında

Add comment


Security code
Refresh