AQRA.AZ

Rüfət Lətif oğlu Hüseynzadə

Hərfləri böyüt

     Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim
Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur.
Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə  106 yaşında dünyasını dəyişmişdir)  Naxçıvanda əvvəlcə məktəb və  mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən - Hüseyn Caviddən, onun qardaşı Şeyx Məhəmməd Rasizadədən, daha  sonralar Bakıda ali təhsilini davam etdirərkən Abdulla Şaiqdən, Bəkir Çobanzadədən, Tağı Şahbazi Simurqdan, B.B.Komarovskidən, Makovelskidən  dərs almış, Mikayıl Müşfiqlə tələbə yoldaşı olmuş,  Əhməd Cavadla dost olmuş qocaman maarif işçisi, ədəbiyyatşünas-dilçi alim, dosent, Respublikanın “Əməkdar Müəllim”i gənc nəslin təlim və tərbiyəsində, xalq maarifimizin inkişafında, yeni, orijinal əsərləri ilə ədəbiyyatımızın zənginləşməsində  təqdirəlayiq xidmətlər göstərmişdir.

Lətif müəllimin uzun illər xalq maarifinin inkişafında, gənc nəslin təlim və tərbiyəsində  fədakar əməyi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, dövlət səviyyəsində onun 100 illik yubileyi keçirilmiş  və  dövlətimizin yüksək ordeni ilə “İstiqlal” ordeni ilə mükafatlandırılmışdır ki, bu da Azərbaycan  müəlliminə verilən  ilk ən yüksək mükafat olmuşdur. Rüfət Hüseynzadə belə bir alim-ziyalı ailəsində  dünyaya gəlmiş və bu ziyalı nəslini layiqincə davam etdirməkdədir.  

R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və  1974-cü ildən isə Azərbaycan Müəllimlər İnstitutunda çalışmaqdadır. İnstitutda ilk əvvəl tərbiyə işləri metodkabinetinə metodist vəzifəsinə qəbul olunmuş, sonra 1983-cü ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən  sonra pedaqogika kafedrasına müəllim, baş müəllim və dosent vəzifəsinə keçirilmişdir.

2000-ci ildə əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar fakültəsinə dekan, daha sonra isə institutun bakalavr pilləsində pedaqogika və filologiya fakültəsinə dekan vəzifəsinə seçilmişdir.

 R.L.Hüseynzadə 2007-ci ildə   pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək,  pedaqoji elmlər doktoru elmi dərəcəsini, 2008-ci ildə isə pedaqogika kafedrasına  müdir, professor vəzifəsinə təyin olunmuşdur.

2009-cu ilin  07 dekabrında  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin  sərəncamı ilə R.L.Hüseynzadənin şərəfli elmi - pedaqoji əməyi yüksək qiymətləndirilərək ona “Əməkdar Müəllim” adı verilmişdir. 

Prof. R.L.Hüseynzadənin  əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsi və araşdırılmasıdır ki, bu sahədə  dəyərli əsərlərin müəllifidir. Onun 10-yaxın monoqrafiya, kitab, metodik vəsaiti, bir neçə tədris proqramı və 100-ə yaxın pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsərləri nəşr olunmuşdur.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Çap olunmuş əsas əsərləri aşağıdakılardır:

Dərslik.

 Pedaqogika. (Dərslik) 2 cilddə. Bakı: Mütərcim, 2013.

Dərs vəsaiti.

Tərbiyə işi və onun metodikası (Dərs vəsaiti). Bakı: ADPU, 2012.

 Metodik vəsait:

Magistr dissertasiyası (Metodik vəsait). Bakı: Nurlar, 2009.

Məktəbdə metodik işin təşkili (Merodik vəsait). Bakı: Nurlar, 2013

Monoqrafiya

Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Monoqrafiya. Bakı: Nurlar, 2007.

Proqramlar:

1. Pedaqogika (Proqram). Bakı: ADPU, 2010.
2. Azərbaycan məktəb və pedaqoji fikir tarixi(Proqram). Bakı: ADPU, 2010.
3.Tərbiyə işinin metodikası. Bakı:ADPU, 2010
4.Pedaqogika elminin tarixi və metodologiyası (Proqram.Təhsilin magistratura pilləsi üçün). Bakı: ADPU, 2010
5.Pedaqogika tarixi (Proqram). Bakı:ADPU, 2010.

    Kitablar.

1.  Ögretmen-ögrenci ilişgileri. Türkiye: Adana, 1998.
2.  Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi. Bakı: 1997. 
3.   Müasir məktəb və yeni pedaqoji düşüncələr.Bakı:1998.
4.  M.T.Sidqi dilimiz və məktəbimiz haqqında. Bakı: Müəllim,  2005.

MƏQALƏLƏR

1.  Məktəbin yеnidən qurulmаsı hаqqındа düşüncələr. (Kеçmi şməktəbdən yеni məktəbə dоğru) «Аzərbаycаnməktəbi», 1990. № 11- 12. 0.8 ç.v.
2.  Humаnis tpеdаqоgikаyа dоğru. «Аzərbаycаn məktəbi», 1991, № 6 – 7. 0.8 ç.v.
3.  Bir  dаhа təhsilin humаnistləşdirilməsinə dаir .(Аzərbаycаn və Şərq mütəfəkkirləri humаnist təhsil hаqqındа).«Аzərbаycаnməktəbi»,1997, № 4.
4.  Əхilikdə tərbiyə. Аzərbаycаn Dövlət Pеdаqоji Univеrsitеti. «Хəbərlər». 1998, № 1. 
5.  İlk əхlаqi didаktik əsər –«Аtаbətül-Həqаyiq». «Pеdаqоji tədqiqаtlаr». 1999, № 1.
6.  Sinif rəhbərinin sinif sааtı və оnуn  təşkili mеtоdikаsı. «Аzərbаycаn Pеdаqоji Kаdrlаrın İхtisаsının Аrtırılmаsı vəYеnidən Hаzırlаnmаsı İnstitutunun  «Еlmi  Əsərləri» 1999, №7.    
7.  Fаrаbinin pеdаqоji görüşləri. «Аzərbаycаn məktəbi»,  2000 ,  № 4.
8.  Yusif Хаs Hаcibin «Kutаdqubilik»  əsərində pеdаqоji idеyаlаr. «Təhsil, mədəniyyət, incəsənət», 2000, № 3.
9.  Mövlаnа Cəlаləddin Rumi mənəvi dəyərlər hаqqındа. «Аzərbаycаn məktəbi», 2002, № 2.
10.Qətrаn Təbrizinin «Divаn»ındа pеdаqоji fikirlər». Аzərbаycаn məktəbi», 2003, № 6.
11.Хətib Təbrizinin «Nizаmiyyə» mədrəsəsində pеdаqоji fəаliyyəti və pеdаqоji düşüncələri. «Аzərbаycаn məktəbi», 2004, № 1.
12.Əbül həsən Bəhmənyаrın fəlsə fifikirlərində pеdаqоji idеyаlаr. Аzərbаycаn Müəllimlər İnstitutunun «Еlmi əsərləri», 2004, № 1.
13.«Аvеstа»dа təlim-tərbiyə məsələləri və Zərdüşt məktəbləri. «Аzərbаycаn Müəllimlər İnstitutunun «Еlmi  əsərləri», 2004, № 3. 0.4
14.Pеdаqоji fikir tаriхimizdə qədim yаzılаrımız. «Аzərbаycаn məktəbi», 2005, № 2.
15.Qədim Аzərbаycаn dövlətlərində öyrətmə-öyrənmə məsələləri. Аzərbаycаn Dövlət Pеdаqоji Univеrsitеti. «Хəbərlər», 2005, № 5. 0.4       
16.Хаlq müdrikliyi və оnun pеdаqоji əhəmiyyəti. «Аzərbаycаn məktəbi», 2006, № 1.
17.«Оğuznаmə» lər və оnlаrın pеdаqоji əhəmiyyəti. Аzərbаycаn Müəllimlər İnstitutunun «Еlmi əsərləri», 2006, №1.
18.Ədib Əhməd Yüknəkinin didаktik fikirləri. BDU-nun «Dil və ədəbiyyаt» sеriyаsı. Bеynəlхаlq еlmi-nəzəri jurnаl, 2006, № 4.
19.Qədim türklərdə- Hunlаrdа və Göytürklərdə tərbiyə. «Аzərbаycаn məktəbi», 2006, № 5.
20.Еrkən оrtа əsrlər dövründə məktəb və mədrəsələr. BDU-nun «Dil və ədəbiyyаt» sеriyаsı. Bеynəlхаlq еlmi-nəzəri jurnаl, 2006, №6.
21.M.T.Sidqinin yeni əlyazmaları və pedaqoji fikirləri. Azərbaycan Müəllimlər İnstitutunun “Xəbərlər”i. 2009, № 2.
22.Zaqafqaziya  Müəllimlər Seminariyasının  məzunları. Azərbaycan məktəbi 2010 № 1
23.Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi H.Z.Tağıyevin Sultana hədiyyəsi. Azərbaycan məktəbi, 2011, № 3
24.Heydər Əliyev nəzəri irsində müəllim şəxsiyyəti. “Azərbaycan məktəbi”  2013  № 2
25.M.Ə.Sabirin pedaqoji görüşləri, tərbiyəvi fikirləri və pedaqoji fəaliyyəti.  AMİ. Xəbərlər.  Xüs. Buraxılış, 2011. Dekabr.

                                                                                                                                    

QORİ MÜƏLLİMLƏR  Semİnarİyası:   MÜDAVİMLƏR, məzunlar 
(Onlar Naxçıvan dİyarından  Qorİyə  getmİş, NAXÇIVANDA 
ÇALIŞMIŞLAR)

 

 summary
 dr.prof. R.L.Huseynzadeh
Graduates from Gori Seminari

Graduates from Gori Seminari are much spoken in this article. Many outstanding persons such as.C.Mammedquluzade, A. Suleymanov, E. Sultanov, M. A. Halilov, H. Muradasilov, R. Kazimbeyov who were very famous for their works studied in this seminary. They were graduates of this seminary.

Azərbaycanda elmi-pedaqoji kadrların yetişməsində, xalqın mədəni inkişafında XIX əsrin 70-ci illərinin ortalarında Qori şəhərində yaradılmış Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının böyük rolu olmuşdur (1875-ci ilin  8 aprelində seminariyanın açılmasına icazə verilmiş, 1876-cı ilin 12 sentyabrında fəaliyyətə başlamış, 1879-cu il 1 sentyabrda  seminariyanın Azərbaycan şöbəsi açılmış, 1918-ci ildə isə seminariyanın Azərbaycan şöbəsi Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazaxa köçürülmüşdür).

 Seminariyanın Azərbaycan şöbəsi təxminən 40 illik fəaliyyəti dövründə  Azərbaycan məktəbləri üçün 300 - dən artıq müəllim kadrı hazırlamışdır. Bu məzunlar Azərbaycanın müxtəlif guşələrindən buraya gələrək təhsillərini başa vurmuş, öz yurdlarına dönərək xalqın maariflənməsində, tərəqqi etməsində, təhsilin inkişafında faydalı işlər görmüşlər. Seminariyanın yetirmələri nəinki Azərbaycanda, həmçinin  Zaqafqaziyada ictimai-siyasi, elmi-pedaqoji mühitin inkişafında, təhsilin, maarif və mədəniyyətin yüksəlişində, xalqlar arasında dostluq əlaqələrinin yaranmasında  mütərəqqi rol oynamışlar. Seminariyanın Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə, Məmmədəli Sidqi Səfərov,  S.S.Axundov, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Mahmud bəy  Mahmudbəyov, Fərhad Ağazadə, Səfərəlibəy Vəlibəyov, Əhməd Seyidov, Bədəl Bədəlbəyli kimi məzunları olmuşdur ki, onlar bütün həyatlarını xalqın maarif və mədəniyyətinin inkişafına  həsr etmişlər. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Bu təhsil məbədi özündən sonra  böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir”.

 Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına uzaq Naxçıvan diyarından  təhsil almağa gedənlər və bu seminariyanı bitirib Naxçıvanda işləyənlər də  olmuşdur. Zaqafqaziya Müəllimlər Seminariyası məzunlarının  (xüsusilə Azərbaycan şöbəsi məzunlarının) İrəvan quberniyasının müxtəlif qəzalarında və o cümlədən Naxçıvanda da müəllim kimi pedaqoji fəaliyyətə başlamaları  Naxçıvanda xalq təhsilinin və ictimai fikrin inkişafına yeni ab-hava gətirmiş, maarif tarixinin yeni səhifələri yazılmağa başlamışdı.

    Tədqiqatlarından məlum olur ki, seminariyanın ilk yarandığı vaxtdan Azərbaycan şöbəsinin inspektoru olmuş A.O.Çernyayevski (sonralar 1905-1908-ci illərdə S.M.Qənizadə, 1917-ci ildən isə F.Köçərli şöbəyə rəhbərlik etmişdir) müdavim toplamaq üçün Naxçıvan şəhərinə, bir çox mənbələrdə deyildiyi kimi 1882-ci ildə deyil,  hələ 1879- cu ilin yazında,  elə seminariyanın Azərbaycan şöbəsinin açıldığı ilk ildə  gəlmişdir. A.O.Çernyayevskinin seminariyanın direktoruna yazdığı  9 iyul 1879-cu il tarixli hesabatında deyilir: “Naxçıvan qəza məktəbinin şagirdlərindən 10 nəfəri valideynlərinin razılığı ilə seminariyaya daxil olmaq arzusunda olduqlarını bildirdilər. Ancaq onlardan üç nəfərini qəbul etməyə imkan tapdım. Belə ki, əksəriyyətinin azyaşlılığı məlum oldu”(17). Qeyd edilən həmin üç nəfər – Mirzə Əliməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Süleymanov (1862-1921), Ələsgər Şeyxhəsənov (1862-?) olmuşlar (4, 75). (O dövrdə bəzi bilikli, savadlı şəxslərin adlarının qarşısında “Mirzə” və ya “Molla” sözü də əlavə edilirdi).

Qori Müəllimlər Seminariyasının naxçıvanlı məzunlarından Mirzə Əliməmməd  Xəlilov Naxçıvanın mötəbər ziyalılarından olmuşdur. O, 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Professor İ.Həbibbəylinin tədqiqatlarından məlum olur ki, Mirzə Əliməmməd Xəlilov şəhər ikisinifli məktəbini bitirdikdən sonra 1879-cu ildə Qori Seminariyasının  ilk müdavimlərindən olmuş və xüsusi istedadı sayəsində beş illik seminariya təhsilini  iki ilə başa vurmuş, yalnız “əla” qiymətlərlə oxumuş, 1881-ci ildə buranı bitirmişdir ki, seminariyanın ilk azərbaycanlı məzunlarından biri olmuşdur.  Mirzə Əliməmməd Xəlilov  1881-1885-ci illərdə Naxçıvan şəhər üç sinifli məktəbində müəllim və inspektor köməkçisi kimi çalışmış, 1881-1882-ci tədris ilində isə yeniyetmə Cəlil Məmmədquluyevə dərs demişdir. M.Ə.Xəlilovun Qori Müəllimlər Seminariyasının ənənələri haqqında, oradakı təhsil sistemi haqqında öz şagirdlərinə, gənclərə danışması heç şübhəsiz onların da bu seminariyaya üz tutmasında az rol oynamamışdır. Ümumiyyətlə  “C.Məmmədquluyevin taleyində onun xüsusi rolu müşahidə edilir” (4, 65).

Naxçıvan MR Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Fəxrəddin Cəfərov yazır ki,  Qori Müəllimlər Seminariyasını bitirmiş Mirzə Əliməmməd Xəlilov 1885-ci ilin  20  sentyabrında açılmış Baş Noraşen (İndiki Cəlilkənd) ikisinifli kənd məktəbinin ilk müdir –nəzarətçisi təyin olunmuşdur...” (22) .

Mirzə Əliməmməd Xəlilov məktəbdarlıqla, mətbuat və teatr işləri ilə fəal məşğul olmuşdur. O Naxçıvan teatrının inkişafında böyük xidmətlər göstərmişdir. Bir çox teatr tamaşaları 1890-cı illərdə Mirzə Əliməmməd Xəlilovun evində təşkil olunmuş və özü də aktyor və ya rejissor kimi fəaliyyət göstərmişdir (4,128, 184).MirzəƏliməmməd Xəlilov rus dilli qəzet və jurnalların fəal oxucusu olmuş, mətbuat orqanları ilə sıx əməkdaşlıq etmiş, şərq və qərb cərəyanlarının, yeniliklərin  Naxçıvanda yayılmasına şərait yaratmışdır.  Naxçıvanda "Qafqaz" qəzetinin təmsilçisi funksiyasını yerinə yetirmişdir. Həmin qəzetdə Naxçıvandan verilmiş xəbərlər və məlumatların əksəriyyəti onun tərəfindən yazılmışdır. Onun "Qafqaz" qəzetindən alınaraq "Tərcüman" qəzetində dərc edilmiş bir məqaləsində milli maarifçilik hərəkatında məktəbin, teatr və ədəbiyyatın rolu yüksək qiymətləndirilmişdir. Qori Seminariyasının müəllimi, inspektoru A.O.Çernyayevski Mirzə Əliməmməd Xəlilovu nəşr etmək istədiyi “Fikir” adlı qəzetdə əməkdaşlığa dəvət etmişdi. Lakin, bu qəzetin nəşrinə A.O.Çernyayevski çox çalışmışdırsa da buna nail ola bilməmişdir.

Professor Ə.Ağayevin və pedaqoq, alim, dosent Vahid Rzayevin dəyərli bir tədqiqat əsərində qeyd edilir ki, Qori Müəllimlər Seminariyasının məzunu Mirzə Əliməmməd Xəlilov 1881-1882-ci illərdə tanınmış alim-pedaqoq Simferopol Gimnaziyasını bitirmiş (1852-ci il) Naxçıvan Şəhər Məktəbinə müəllim-inspektor vəzifəsinə təyin olunmuş (1879 -1883-cü illər) K.A.Nikitin (1832-1894) və 1875-ci ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirmiş mükəmməl biliyə, demokratik dünyagörüşə,  malik gürcü ziyalısı 1881-1884-cü illərdə Naxçıvan Şəhər Məktəbində coğrafiya müəllimi kimi çalışmış  G.Uturqauri hər üçü birlikdə “Naxçıvan şəhərinin meteoroloji gündəliyi”ni hazırlamışlar (19, 24). K.A.Nikitin özü isə Naxçıvan Şəhər Məktəbində 1879-1882-ci illərdə Cəlil Məmmədquluzadənin müəllimi olmuş və o Naxçıvanda olduğu müddətdə  “Naxçıvan mahalı və Naxçıvan qəzası”, “Naxçıvan əyalətində xalq inamları” adlı əsərlər də  yazıb Tiflisdə nəşr etdirmişdir.

Yeri gəlmişkən qeyd edək ki,  1837-ci ilin 15  martında fəaliyyətə başlayan Naxçıvan Qəza məktəbi ilk dövlət məktəbi idi ki, 1879-cu ilin 1 iyulundan Qəza məktəbi  Şəhər Məktəbinə çevrilmişdi. Naxçıvan  Qəza məktəbinin müdiri A. Sergeyevə edilmiş müraciətə əsasən Naxçıvan Qəza qubernatorunun tərcüməçi katibi Mirzə Nəsir bəy 1863-cü ildə  İrəvan Quberniya Xalq Məktəbləri Direktoruna göndərdiyi bir raportda yazırdı: “Naxçıvan qəza məktəbində “əla” qiymətlərlə oxumuş  İsmayıl bəy Bəktaşinin Tiflis Klassik Gimnaziyasında dövlət xərci hesabına oxuması üçün lazımi kömək etmənizi xahiş edirəm” ( 21). Bu məktub müraciətdən məlum olur ki,  hələ o zamandan uzaq Naxçıvan diyarından dövrün  mütərəqqi, dünyəvi təhsilini  almaq üçün gənclər başqa yerlərə, yüksək səviyyəli tədris müəssisələrinə - xüsusilə, Tiflisə, İrəvana, Qoriyə göndərilirmiş.

              Naxçıvandan Qori Müəllimlər Seminariyasına yollananlardan və oranın Azərbaycan şöbəsinin ilk məzunlarından biri də Mirzə Ələkbər Süleymanov (1862-1921)  olmuşdur (5). O birinci buraxılış ilində - 1882-ci ildə Seminariyanı bitirərək Naxçıvana qayıtmış,  Şərur rayonunun Yengicə kənd məktəbinə müdir təyin edilmiş, 1890 - 1894-cü illərdə Baş Noraşen 2 sinifli zemstvo məktəbində müəllimlik etmiş,  1894-cü ildən isə elə ilk açılış ilindən   M.T.Sidqinin Naxçıvanda təşkil və təsis etdiyi məşhur “Tərbiyə” məktəbində rus dili dərsi demişdir (1894-1906). Yeri gəlmişkən qeyd edək ki, “M.T.Sidqi əvvəlcə Ordubadda 1892-ci ildə “Əxtər”, sonra isə Naxçıvan mütərəqqi ziyalılarının dəvəti ilə Naxçıvana köçüb gəlmiş, 1894-cü ildə Naxçıvanda yeni üsullu “Məktəbi-tərbiyə” adlı məktəb təsis etmişdir”(14,6). M.T.Sidqinin açdığı “Tərbiyə məktəbi”nin Hüseyn Cavid, Əlirza Rasizadə (Hüseyn Cavidin qardaşı), böyük yazıçı Məmməd Səid Ordubadi, məşhur ədəbiyyatşünas alim Əziz Şərif, görkəmli rejissor və aktyor Rza Təhmasib Bəyzadə, Məmmədhüseyn Təhmasib, mollanəsrəddinçi şairlərRzaqulu Nəcəfov və Əliqulu Qəmküsar qardaşları, yazıcı – publisist Ələkbər Abbasov (Ələkbər Qərib Naxçıvanlı), yazıçı, tərcüməçi Əli Səbri Qasımov, şair, tərcüməçi, pedaqoq Məmmədəli Sidqizadə (M.T.Sidqinin böyük oğlu), məşrutəçi Ələkbər Məmmədquluzadə (C.Məmmədquluzadənin kiçik qardaşı, Qori Müəllimlər Seminariyasında oxumağa ciddi təşəbbüs göstərmişdi), adlı-sanlı maarifçilər- Əbdüləzim Rüstəmzadə, Mircəfər Mirişli,  realist rəssam Bəhruz Kəngərli,  tanınmış təhsil işçisi, müəllim və pedaqoq Xəlil ağa Hacılarzadə,  əməkdar müəllim Həsən Səfərli,Məmməd Xəlilov və Əli Xəlilov, Heydər Vəzirov, Əsəd Şeyxov, Qasım Camalbəyov, Ağa Bektaşov, Əsədulla Bektaşov,  diplomat İbrahim Əbilovkimi böyük elm, ədəbiyyat və mədəniyyət, ictimai və dövlət xadimləri yetirmələri olmuşdur ki, akademik İsa Həbibbəyli bunları arxiv sənədləri əsasında üzə çıxarmış və  haqlı olaraq yazmışdır ki, görkəmli yetirmələrinə görə “Tərbiyə” məktəbini yalnız Qori Müəllimlər Seminariyası ilə müqayisə etmək olar” (7).

        Qeyd edək ki, M.T.Sidqinin bu məktəbi 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.  

       Qori Seminariyasının elmi-ilahi müəllimi görkəmli pedaqoq Rəşidbəy Əfəndizadənin( 1863-1942) Məhəmməd Tağı Sidqiyə (1854-1903) göndərdiyi bir məktubundan aydın olur ki, Mirzə Ələkbər Süleymanov və Rəşidbəy Əfəndizadə seminariyada üç il bir sinifdə oxumuşlar: “Axund Molla Məhəmməd Tağı Sidqi əfəndim həzrətlərinə! Bəradəri-həqiqim, əfəndim həzrətləri!...Sizdən təvəqqə edirəm, xah “Uşaq bağçası”nın, xah “Bəsirətül-ətfal”ın haqqında olsun, sərpa oxuyub, tənqid və təqrizinizi ixtisarən bizə bildirəsiniz...Məndən bəradəri-əzizizm Mirzə Ələkbər Süleymanova salam yetirib, deyərsən ki, onunla haqq-salamımız ifrat dərəcədə gərək olsun. Çünki Qori Seminariyasında üç il həmsinif halında oxuduq. Ələlxüsus, yatanda taxtımız qoşa yatırdıq....” Həqiqi kəmtəriniz Rəşid Əfəndizadə. Qori şəhəri, 30 oktyabr 1902-ci il (4, 570).

            Seminariya məzunu M.Ə.Süleymanov  Naxçıvanın ictimai-siyasi, elmi-pedaqoji və ədəbi həyatında fəal iştirak etmiş, xalqı, tərəqqiyə, elmə, maarifə çağırmışdır. O 1882-ci ildə yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi Eynəlibəy Sultanovun (1866-1935) Naxçıvanda ilk dəfə evində yaratdığı “Ziyalı cəmiyyəti”nin fəal üzvü olmuşdur. Onunla bərabər şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov(1862-1896), Əsəd ağa Kəngərlin, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlını, Nəsrulla Şeyxov (1863-1921) və başqaları bu cəmiyyətin işində fəal iştirak etmiş, dövrün ictimai-siyasi məsələlərini, qadın azadlığı, qadın təhsili məsələlərini müzakirə etmiş, yeni məktəblər, kitabxanalar açmış, elmi-ədəbi müzakirə və mübahisələr, şeir məclisləri  keçirmişlər. Burada Puşkin, Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirlər üzərində elmi müzakirələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi. Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəlibəy Sultanov (1866-1935), Mirzə Əliməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" yaradıldı. Məhz  "Müsəlman incəsənəti  dram cəmiyyəti”nin təşəbbüsü ilə 1883-cü ildə Naxçıvanda  “Zaviyyə” məhəlləsində dövrün mütərəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah cadukün” komediyası tamaşaya qoyulmuşdur ki, bu  komediya ilə  Naxçıvan teatrının yaranma tarixi başlayır. Bu komediyanın tamaşaya qoyulmasında, rolların ifa edilməsində  yenə də Eynəlibəy Sultanov, Mirzə Sadıq Qulubəyov, Mirzə Ələkbər Süleymanov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şurbi, Paşa ağa Sultanov, Nəsrullah və Fərəcullah Şeyxov qardaşları, Mirzə Ələkbər Məmmədqulu oğlu və başqa ziyalılar əsl fədakarlıqlar  göstərərək tamaşanı göstərmişlər. Tamaşadan toplanan pul isə yoxsul məktəb şagirdlərinin ehtiyaclarına sərf edilmişdi” (11,12-13, 16).

         M.Ə. Süleymanov Naxçıvan şəhər üçsinifli məktəbində ana dili və ilahiyyat müəllimi (1906-1909), daha sonra da həmin məktəbdə inspektor köməkçisi kimi də çalışmışdır (1910-1914). “1837-ci il 15 martda Naxçıvanda ilk dünyəvi elmlər öyrədən qəza məktəbinin... 1854-cü il 24 noyabrda Ordubadda açılan ilk ibtidai məktəbin inkişafında, yeni nəsillərin yetişməsində Naxçıvan ziyalılarından Ələkbər Süleymanovun, Abbas Qədimovun, Hacı Əliqulu Novruzovun çox böyük xidmətləri olmuşdur”(21).Naxçıvan qəza məktəbinin ilk Azərbaycan dili və şəriət müəllimi Allahverdi İmanqulu oğlu Sultanov, 1853-cü ildən 1880-ci illərə qədər  isə qəza məktəbinin yetirməsi, sonra da Kutaisi Gimnaziyasının məzunu Mirzə Sadıq Qulubəyov olmuşdur. Qəza məktəbi 1879-cu ilin 1 iyulundan Şəhər məktəbinə çevrilmişdi. Məktəb Mirzə Bədəl adlı tacirin evində yerləşirdi.

           Qori seminaristi Ələsgər Şeyxhəsənov (1862-?)  haqqında da akademik İsa Həbibbəyli geniş və dəyərli məlumatlar vermişdir.(4, 44, 45, 75, 188) C. Məmmədquluzadənin  elmi, dünyəvi dünyagörüşünün formalaşmasında xalası oğlu Əhmədin və yaxın qohumlarından olan Ələsgər Şeyxhəsənovun ilkin və müstəsna rolu olmuşdur. Mirzə Cəlil onlara “binəmazlar” demişdir. İ.Həbibbəylinin fikrinə görə “Kefli İsgəndər” obrazının yaranmasında Ələsgərin öz payı və rolu olmuşdur. Ələsgər İsgəndərin prototipidir. Ələsgər və İsgəndər adları arasında bir fonetik səsləşmə də vardır. Ələsgər Şeyxhəsənov oxumuş, savadlı, çox bilikli  olduğundan ona “Mirzə Ələsgər”  demişlər. Rus təhsili görmüş Mirzə Ələsgər Şeyxhəsənov 1883-cü ildə Qori Seminariyasını bitirərək İrəvan Quberniyasının Böyük Vedi  kənd məktəbində pedaqoji fəaliyyətə  başlamış, sonralar Şərurda və Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvanda teatr tamaşalarında aktyor kimi fəaliyyət göstərmişdir.

         Böyük demokrat yazıçı, dramaturq, böyük müəllim və pedaqoq Cəlil Məmmədquluzadə(1869-1932) Qori Müəllimlər Seminariyasına daxil olmaq arzusunda olanların ən fəalı, ən səbatlısı və ən inadcılı  olmuşdur.

       Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına kim tərəfindən cəlb edilməsi, necə getməsi, oradakı təhsil illəri, seminariya tələbəsi kimi  pedaqoji təcrübələri, imtahanları, seminariyadakı zaçot və sınaq dərslərinin protokol və icmalları ilk dəfə olaraq professor İsa Həbibbəyli tərəfindən sənədlər əsasında geniş və ətraflı təhlil və tədqiq edilmiş, yazıçının tərcümeyi-halı, şəxsiyyəti, müasirləri, ədəbi-pedaqoji mühiti haqqında yeni, dəyərli fakt və məlumatlar üzə çıxarılaraq     ədəbi və pedaqoji ictimaiyyətimizə  çatdırılmışdır (4;5;6;7).

          C.Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına müdavim kimi yazılması hələ 1879-cu ildə - A.O.Çernyayevski Naxçıvana müdavim toplamağa gələrkən qeydə alınmışdır. Lakin o zaman gələcək böyük insanın yaşının az olması (10 yaş) buna imkan verməmişdi. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu övladının Qori Müəllimlər Seminariyasına daxil olması haqqında arzusunu yerinə yetirmək üçün üç dəfə -1880, 1881, 1882-ci illərdə ərizə ilə seminariyanın rəhbərliyinə müraciət etmişdir. Lakin,  hər dəfə “yaşı azdır” – deyə onu seminariyaya qəbul etməmişlər. Nəhayət sonuncu dəfə “C.Məmmədquluzadənin yaşı seminariyanın tələblərinə uyğunlaşdırılaraq “16 yaş kimi” göstərildikdən sonra 1882-ci ilin 02 iyulunda onun imtahanlara buraxılmasına icazə verilmişdir (6,34). Beləliklə, C.Məmmədquluzadə ilahiyyatdan, rus dilindən, hesabdan,  ana dilindən müvəffəqiyyətlə qəbul imtahanları verərək 1882-ci ilin 08 sentyabrından seminariyada dərslərinə başlamışdır.

              Qori Müəllimlər Seminariyası Cəlil Məmmədquluzadənin  həyatında mühüm müsbət dəyişikliklər yaratmış, əlamətdar izlər buraxmışdır. Seminariya dövrü   Mirzə Cəlilin ümumi inkişafında, yazıçılıq taleyində, mənəvi zənginliyində  mühüm rol oynamışdır. C.Məmmədquluzadə seminariyada N.Nərimanovla (1870-1925), S.S.Axundovla (1875-1939), F.Köçərli (1863-1920) ilə bir dövrdə təhsil almışdır ki, bu böyük insanların dostluğu,  əməl və məslək birliyinin təməli də məhz Qoridə - pedaqoji elm məbədində qoyulmuşdur.

         C.Məmmədquluzadə seminariyada oxuduğu illərdə seminarist İsmayılbəy Şəfibəyovla  yaxın dostluq münasibətlərində olmuşdur. İ.Şəfibəyov  1882-cı ildə seminariyaya daxil olmuş 1887-ci ildə seminariyanı bitirmişdir. (1884-1885-ci illərdə rus dili fənnindən “qeyri kafi” qiymət aldığından sinifdə də saxlanılmışdır). İ.Şəfibəyovun təhsilində irəliləməsinə kömək göstərilməsində  C.Məmmədquluzadənin qayğısı və köməyi pedaqoji sənədlərdə aydın hiss edilməkdədir. İ.Şəfibəyov Seminariyanı bitirərkən C.Məmmədquluzadəni Şuşaya dəvət etmiş və orada C.Məmmədquluzadə Xurşudbanu Natəvanla, Ə.Haqverdiyevlə görüşmüşdür (4, 112). İ.Şəfibəyov sonralar İrəvan gimnaziyasında müəllimlik etmişdir(9, 70).

                 C.Məmmədquluzadə  Qori seminariyasını bitirdikdən sonra İrəvan quberniyasının Uluxanlı məktəbində, Baş Noraşen (indiki Cəlilkənd) iki sinifli zemstvo məktəbində, Naxçıvan və Nehrəm məktəblərində müəllimlik etmiş, ədəbi, bədii, pedaqoji yaradıcılıqla məşğul olmuş, dəyərli hekayələr, ölməz dram əsərləri yazmış, maarifçilik ideyalarını yaymış, mədəni - maarif tədbirlərində iştirak etmiş, fəal ictimai-ədəbi, pedaqoji mühit yaratmış,  xalqın maariflənməsi, tərəqqi etməsi üçün Tiflisdə bütün Şərqdə tanınan vəməşhur olan, ətrafına yaradıcı qüvvələri birləşdirən “Molla Nəsrəddin” jurnalı nəşr etdirmiş (1906, 20 aprel), ömrünü xalqın maarifinə, mədəniyyətinə və tərəqqisinə  həsr etmişdir. 

               Bir çox mənbələrdə göstərilir ki, Cəlil Məmmədquluzadə Naxçıvandan Qori Müəllimlər Seminariyasına özü ilə bərabər üç həmşəhərlisi ilə bərabər getmiş  və   1887-ci ildə buranı dörd tələbə qurtarmışdır (15, 217).

Bəs, Mirzə Cəlildən başqa o üç nəfər müdavim kim olmuşdur?  O müdavimlərin kimliyi uzun müddət qaranlıq olmuşdur. Akademik İsa Həbibbəyli “Tərcüman” qəzetinin 12 iyul, 1887-ci il nömrəsindəki kiçik məlumata əsasən  göstərir ki, həmin müdavimlərdən biri  Heydər Muradəsilov (1863-1896) olmuşdur ki, sonralar o Naxçıvan məktəblərində 1930-cu illərədək rus dili müəllimi kimi fəaliyyət göstərmişdir (5). 1887-ci ildə seminariyanı bitirən Heydər Muradəsilov dövrünün maarifpərvər, ziyalı şəxslərindən biri olmuşdur. Professor Əziz Şərifin (1895-1988) də qeyd etdiyi kimi  atası Qurbanəli Şərifzadənin tez-tez görüşdüyü, ictimai, fəlsəfi fikirləri bölüşdüyü və yaxın dostlarından biri Heydər Muradəsilov olmuşdur(8,13).

 Cəlil Məmmədquluzadədən başqa daha iki yoldaş da Qori Seminariyasında təhsil almağa getmişdir. O iki yoldaş haqqında da  Əziz Şərif məlumat vermişdir. O, “Bir şəklin tarixi” adlı məqaləsində verilmiş şəkildə Cəlil Məmmədquluzadənin arxasında ayaq üstə duran şəxsin Mirzə Əbülqasım Sultanov (1866-1916) olduğunu və  Cəlil Məmmədquluzadənin sağında əyləşmiş şəxsin isə Mirzə Ələkbər Məmmədxanov (1875-1920) olduğunu bildirir. Onlar da Cəlil Məmmədquluzadə ilə birlikdə seminariyada təhsil almışlar. Şəkil 1885-ci ilin 30 oktyabrında çəkilmiş və bir nüsxəsi A.O.Çernyayevskiyə bağışlanmışdır (10).

         Mirzə Əbülqasım Sultanov Mirzə Cəlillə eyni illərdə Naxçıvan şəhər üçsinifli məktəbində, daha sonra da Qori Müəllimlər Seminariyasında bir yerdə təhsil almışdır. Lakin Ə. Sultanov 1885-ci ildə xəstələndiyindən bir il sinifdə saxlanılmış və 1888-ci ildə seminariyanı bitirərək Şərur qəzasının Şahtaxtı kənd məktəbinə təyinat almışdır. O Seminariyada oxuduğu dövrdə “Ədəbiyyatşünaslıq dəftəri” adlı dərs vəsaiti yazmışdır ki, bu gün  o vəsait Naxçıvan MR Tarix- Diyarşünaslıq muzeyində saxlanılır ( fond KP, № 2320). Onun “Ədəbi nümunələr müntəxəbatı” adlı yenə bir dərs vəsaiti də vardır.

Mirzə Əbülqasım Sultanov əhali arasında pedaqoji təbliğat aparmış, geniş maarifləndirici işlər görmüş, şeirlər yazmış, tərcümələr etmiş,  məktəbdarlıqla məşğul olmuş, doğma Şahtaxtı kəndində 8 il  (1888-1896), Cəlil Məmmədquluzadənin işlədiyi Baş Noraşen məktəbində  isə 12 il (1896-1908) rus dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. M.Ə.Sultanov “Baş Noraşen  ikisinifli zemstvo məktəbinə daxil olan və oranı bitirənlərin siyahısı”nı tərtib etmişdir ki, bu da məktəb tarixi araşdırıcıları üçün dəyərli bir pedaqoji sənəddir. Bu siyahıda  63 nəfərin adı vardır. Məktəbin məzunlarından 13 nəfəri İrəvan Gimnaziyasında təhsil aldığı, bir nəfərin Aleksandropol şəhər məktəbində təhsilini davam etdirdiyi, bir nəfərin də - Rəhim Kazımbəyovun isə Qori Müəllimlər Seminariyasında oxuduğu qeyd edilmişdir.   

Mirzə Əbülqasım Sultanov ömrünün sonlarını Qəzvində keçirmiş orada da 1916-cı ildə dünyasını dəyişmişdir. Qəzvindən yazdığı məktublarından onun xalqın maariflənməsi üçün nə qədər qayğı göstərdiyi görünür: ”İnsanın cövhəri, qədr və qiyməti elm təhsil etməsidir. Hərgah müsəlman milləti sair millətlər kimi elmi vacib bilib oxusaydı, bu gün başına cürbəcür bəlalar gəlib, vadiyi-zülmətdə qalmazdı, abu-xak və müqəddəs Vətən əldən getməzdi. Nə deyim, nə yazım, qoy qalsın. Ancaq suznak ah çəkməkdən başqa özgə bir əlac əldən gəlmir. Lənət gəlsin o atalara ki, elm, fənn və sənətdən kənar düşüb, bəzi biməna sözlərə inanıb öz övladlarının haqqında zülm ediblər. Yan, qəlbim, yan! Şölə çək!” (4. 147).

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlu baba və nəvə Əbülqasım Sultanovlar haqqında çox səmimi və tarixi dəyərə malik sözlər deyir: “Mənim gənclik dostlarımdan olan Əbülqasım Sultanov səmimiliyi, xeyirxahlığı, sədaqəti ilə xatirəmdə yaşayır. Babası Əbülqasım Sultanovun adını daşısa da hamı onu şəhərdə də, evdə də Fikrət kimi tanıyırdı...Fikrət ömrünün sonuna kimi Naxçıvan Mədəniyyət Nazirliyi sistemində işləyirdi. 30 ilə yaxın Bəhruz Kəngərli adına Naxçıvan Tarix muzeyinin direktoru vəzifəsində çalışmışdır ...Fikrətin atası Mənsur Sultanov Yerevan Seminariyasını bitirmiş ziyalı idi... Baba Əbülqasım Sultanov...C.Məmmədquluzadə ilə birlikdə Qori seminariyasında oxumuş, 1888-ci ildə seminariyanı bitirib  Şahtaxtı kəndində pedaqoji fəaliyyətə başlamışdır. Sonra Naxçıvan şəhərində müəllimlik etmiş, yerli ziyalılarla birlikdə Naxçıvan şəhərində teatrın yaradılmasında fəal iştirakçı olmuş, uzun illər müxtəlif tamaşalarda ayrı-ayrı rollarda oynamışdır...”(16, 121).Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan” musiqili komediyasında  Mirzə Əbülqasım aşpaz Qulu rolunu məharətlə ifa etmiş və bu əsərin ilk variantı öz əli ilə köçürülərək nəvə Əbülqasımda saxlanılırdı.

Qeyd etdiyimiz kimi Cəlil Məmmədquluzadənin sağında əyləşmiş onun seminarist dostu və həmyerlisi Ələkbər Məmmədxanovdur (1875-1920). O da  seminariyada təhsil almış, amma seminariyanı bitirə bilməmişdir(“Qori Müəllimlər Seminariyasında təhsil alanların siyahısı” adlı arxiv sənədində (Bu sənəd Azərbaycan Respublikası Təhsil Muzeyində saxlanılır) bu şəxsin tam adı belə verilmişdir: Məmmədxanov Ələkbər Kərbəlayi Hüseynqulu. 1883-cü ildə seminariyaya daxil olmuş - 18.XI.1885-ci ildə seminariyadan çıxarıldığı göstərilir). Ələkbər  Məmmədxanov Naxçıvan şəhər ibtidai məktəbini bitirdikdən sonra  qəbul imtahanlarını müvəffəqiyyətlə verərək  1 sentyabr 1884-cü ildə Qori  Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfində təhsilə başlamışdır. Qoridə tələbəlik illərində C.Məmmədquluzadə Əbülqasım Sultanovla, Ələkbər Məmmədxanovla və Heydər Muradəsilovla yaxın dostluq etmişdir.

Ələkbər Məmmədxanov   Qori seminariyasının azərbaycanlı tələbələri – Aslanov, Ə. Sultanov, Əfəndiyev, İsmayılov və başqaları ilə birlikdə seminariyanın özfəaliyyət musiqiçilər kollektivinin tərkibində fəal çıxış etmişdir. Bununla belə seminariya rejiminin əksinə olaraq ana dilində danışdığına görə bir neçə dəfə cəzalandırılmışdır. Ə Məmmədxanova təhsil haqqını ödəyə bilməməsi haqqında da  dəfələrlə irad tutulmuşdur. Ə.Məmmədxanov öz ərizəsi ilə seminariyadan çıxmış, şəxsi işini geri almış və sonra Xarkov Universitetində təhsil alaraq mühəndislik ixtisasına yiyələnmişdir. Ə.Məmmədxanov C.Məmmədquluzadədən ideyaca ayrılmış, Şərq ölkələrinə səyahətə çıxmış, özünəməxsus, fərqli fəlsəfi düşüncələrini təbliğ etmişdir. Ə.Məmmədxanov görkəmli rus yazıçısı L.N.Tolstoyun şəxsiyyətinə və ədəbi, fəlsəfi irsinə böyük rəğbət göstərmiş, L.Tolstoyla şəxsi əlaqələr yaratmış və onunla məktublaşmışdır. Ənənəvi olmayan, fərqli ideyalı əsər və risalələri rus dilinə tərcümə edərək Yasna-Polyanaya-Tolstoya göndərmiş və ondan da 1908, 1909-cu illərdə minnətdarlıq və təşəkkür cavab məktubları almışdır.

          XIX əsrin 90-cı illərində C.Məmmədquluzadənin 1890-1897- ci illərdə müdir olduğu Nehrəm kənd məktəbində  daha bir seminariya məzununu görürük. Bu Kərimbəy Əsəd oğlu İsmayılovdur ki,  1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, əvvəlcə Vedi məktəbində müəllim - nəzarətçi, daha sonra Qafqaz Təhsil dairəsinin 15 centyabr 1892-ci il tarixli sərəncamı ilə Nehrəm kənd  məktəbinə müəllim  göndərilmişdir (4, 143) ki, bu məktəb 11 dekabr 1885-ci ildə iki sinifli məktəb kimi açılmışdır. K.İsmayılov bu məktəbdə 1892-1894-cü illərdə müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir (23). Nehrəm məktəbindəki əlverişli abı-hava, yaradıcılıq şəraiti, sağlam pedaqoji mühit Kərimbəy İsmayılovu elmi pedaqogikaya, metodik əsərlərin yazılmasına sövq etmişdir. O qısa müddətdə dəyərli metodik əsərlər yazmış və 1893-cü ildə “Nehrəm kəndi” adlı iri həcmli tarixi, etnoqrafik  əsər meydana gətirmiş, bu əsər 1900-cü ildə çap olunmuşdur. Daha sonralar K.İsmayılov publisistik məqalələr yazmış, “Hesab məcmuəsi”, “Nağıllar”  kitablarını da nəşr etdirmiş, “Molla Nəsrəddin” jurnalında elmi-pedaqoji məqalələrlə çıxış etmişdir. Kərimbəy İsmayılov 22 noyabr 1893-cü ildə Naxçıvan şəhərində keçirilən İrəvan quberniyası xalq məktəbləri müəllimlərinin sahə qurultayının işində fəal iştirak etmiş və çıxış etmişdir. 

              Əziz Şərifin “Keçmiş günlərdən” yazdığı bir qeydi daha bir  seminaristin təsbit olunmasına imkan verir.  Bu böyük pedaqoq,  məktəbdar Məhəmməd Tağı Sidqinin (1854-1903) böyük oğlu Məmmədəli Sidqi Səfərovdur (1888-1956). Ə.Şərif bu barədə belə yazır: ”Sidqinin ən yaxın dostlarından Cəlil Məmmədquluzadə onun oğlanlarından Məmmədhəsəni Tiflisdə təzəcə açdığı pansiona aparmışdı. Sidqinin Qoridəki Müəllimlər Seminariyasını qurtarmış böyük oğlu Məmmədəli isə “Tərbiyə” məktəbinə müəllim təyin edilmişdi, qızı Dostuxanım  Bakıda Hacı Zeynalabdın Tağıyevin qız məktəbinə qəbul edilmişdir” (8,34). Bu qeyddən həm  M.T. Sidqinin ailə üzvləri haqqında, həm  Qori seminariyasının daha bir Naxçıvanlı məzunu barəsində dəyərli məlumat alırıq,  həm də Cəlil Məmmədquluzadənin yeniyetmə və gənclərimizi gimnaziyaya hazırlamaq məqsədilə Tiflisdə xüsusi pansion açmasından xəbərdar oluruq.  C.Məmmədquluzadə  9 iyun 1910-cu ildə məktubla Məmmədəli Sidqini Tiflisə dəvət etmiş bir müddət “Molla Nəsrəddin“  jurnalının idarəçiliyini də ona  tapşırmışdı (1910-16 mart 1911-ci il).

Məmmədəli Sidqi 1894-1900-cü illərdə “Tərbiyə” məktəbində, sonra Naxçıvan şəhər məktəbində təhsil almışdır. Vaxtilə atası Sidqinin ona –

“Nə qədər ki, əlində var fürsət,

Dərsinə eylə hər zaman diqqət.

Yetişibdir zamani-elmü ədəb,

Mənzilin eylə guşeyi –məktəb” ( 1, 21).

nəsihətnaməsini yerinə yetirərək, atasının ümidlərini doğruldaraq daim təhsilini artırmış, onun yolunu davam etdirmiş, bir sıra əsərlərini (“Kəblə Nəsir”, Heykəli-insana bir nəzər”, “Puşkin”) Bakıda nəşr etdirmişdir.

Məmmədəli Sidqi özü publisistik yazılar, dəyərli şeirlər yazmış, tərcümələr etmişdir. Onun bir şeiri 2008-ci ildə 106 yaşında dünyasını dəyişmiş atam Lətif Hüseynzadənin şəxsi arxivində qorunub saxlanmışdır. Şeirdə 1918-ci ildə ermənilərin Naxçıvanda törətdikləri qırğınlar və Naxçıvan gənclərinin mübarizəsi,   döyüş səhnələri əks etdirilir. Şeir müəllifin öz əli ilə bir vərəqdə yazılmışdır. Lakin vərəqin bir hissəsi cırıldığından,  şeirin də bəzi hissələri silinmişdir. Şeirin tarixi əhəmiyyətini, ədəbi və pedaqoji ictimaiyyətimiz üçün dəyərini nəzərə alaraq şeiri məqaləmizdə veririk:

Saldırdı Abdullah düşmənə həmlə

Pürhünər cümleyi tökən qanlar.

Qeyrət əl verdi çıxdı meydanə gənclər,

Keçdilər rəzmə, mərdi-mərdanə.

Neçə cəngavər hünərpərvər,

Biri Abbas bəy şücayi-rəşid

Hifsi qılsın onu xudayi məcid.

Qətli üdvanə bəsgi talibdir,

Qanda olsa əduya qalibdir.

Uğru bəy, ta ki atdı beş açılan,

Neçəsini eylədi cəhənnəmə rəvan.

Ta Abiş bəy götürdü əndazə,

Cuşə gəldi məhəlleyi tazə.

Qoymadı düşməni içrə rahgüzar,

Qan töküb şövq ilə alıb səngər.

Neçə səngər, misali port-artur.

Mürtəf kuhi-Qaf tək məşhur.

Gəncəli bir Xəlil nam avər...

Yağdırırdı minarədən Azər

Qaldı zillətdə firqeyi-nəmrud.

Oldu islam aqibəti-məsud.

Biri Məhəmməd Hüseyn namlı.

Qoydu viranə Ermənistanı.

O da qıldı minarədə səngər.

Rast gəldi kilseyi kafər...

Biri Qəffar adlı əhli İran,

Oldu davada Rüstəmi sani.

Bəndəli səngəri eylədi məkan.

Cəng edirdi əlində əqin.

Dəstəsi mahir, tüfəng əndaz.

Bir-biri ilə olurdu həm avaz.

Düşmən üçün oldu dün çətin,

Gördülər bağlanıb yasər-yəmin.

Oldu çöl əhli əmrdən agah,

Qarabağ şəhrinə gətirdi pənah.

Hökm yazdı Xəlil bəy məxtun,

Oldu əhval Aftiluya məlum.

Mirzə Əli bəy cəvan idi səffaq.

Xunruz adəmi bi bak.

Qardaşı məşhədi Şükür cəngi

Qırıbən gətdi düşməni təngə

Çıxmadı bir kənarə səngərdən,

 Neçəsin vurdu ermənilərdən.

Miriş ağa seyyidi ilsadət,

Ümməti cəddinə verirdi nicat.

Onda zahir idi haşimi namus.

Apardı cəngə nəft ilə nasus,

Atəşi- duzəxə oldu düçar.

Xanələr cümlədən tarı-mar oldu.

Çox imarətlər oldu atəşə tuş.

Cəng vaxtında Qənbər adlı ustad

Əhli islamı eylədi çox şad.

Nə qədər var idi şikəst tufəng.

Saz edirdi ləng olmasın cəng.

Belə ustadın qədrini bilmək.

Ona lazımdır ənam vermək.

Ey vuran dəmi müdami- mandam.

Din yolunda gəlin keçin candan.

Olmayın düşmənə dəxi eymən.

Şəri gürrani verməyin əldən.

İttihadi üzərə ictihad etmək.

Düşmənə cəng ilə cəhad etmək....

2 fi 27 şərh... Mütabiq 13 şəhr oktyabr.  Qələmi kərdi (yazdı) Məhəmmədəli Sidqi Səfərzadə  be xidməti cənab Kərbəlayi ağa Əmuzadəyə və  um xahər bacıma (13).

     Məmmədəli Sidqi qardaşının da Qori Müəllimlər Seminariyasına daxil olması üçün Firudinbəy Köçərliyə (1863-1920) müraciətdə bulunmuşdur ki, Firudinbəyin Məmmədəliyə məktubu da maraqlıdır: “Mehribanım Məmmədəli!...O ki qaldı qardaşınızın seminariyaya girməyinə, indidən o barədə vədə verə bilmənəm. Amma əlimdən gələn köməkliyi müzayiqə etmənəm... O gərəkdir ki, çox yaxşı hazırlaşsın ki, əvvəlinci klasa imtahan verə bilsin...İmtahan avqust ayının 25-də başlanır...Sizdən artıq xoşhal olaram ki, mərhum Sidqinin övladlarından birisinə bacarıb təlim və tərbiyə verə biləm...Firudin Köçərli.Qori  14 noyabr, 1913-cü il “(4,577-578)l.

              Qori Seminariyasının daha bir naxçıvanlı müdavimi Rəhim  Kazımbəyov olmuşdur (1883-1958). R.Kazımbəyov 1897-ci ildə Baş Noraşen  ikisinifli məktəbini bitirdikdən sonra əvvəlcə İrəvan gimnaziyasında, daha sonra da 1903-1908-ci illərdə Qori Seminariyasında təhsil almışdır (5). Rəhim Kazımbəyovun Qoridə oxuduğu illərə dair xatirələrini akademik İsa Həbibbəyli əldə edərək ilk dəfə onu öz məqaləsində vermişdir. Seminariya haqqında təsəvvürləri genişləndirmək baxımından  həmin xatirələrdən bir parçanı bir daha oxuculara çatdırmaqda fayda görürük: “Mən seminariyada 5 il oxudum. Bu beş ilin ikisi hazırlıq, üçü isə əsas siniflərdə keçdi. Bütün fənlər rus dilində tədris olunurdu. Yalnız həftədə bir saat şəriət dərsi keçirilirdi. Bu fənni iki müəllim aparırdı: Birincisi hazırda Məmməd adlı oğlu  ADU-nun (indiki BDU) fizika-riyaziyyat kafedrasında professor olan Rəşid Əfəndiyev, ikincisi isə, özünün maarifçilik sahəsində əsərləri ilə tanınmış Firudin Köçərli idi“(5).  R.Kazımbəyovun xatirəsində həmçinin Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Azad Əmirovun seminariyada təhsil aldıqlarından Üzeyirin və Müslümün mahir skripka çaldıqlarından danışılır. 

        Rəhim Kazımbəyov Qoridən qayıtdıqdan sonra 1908-ci ildə indiki Şərur rayonunun Qıvraq kəndində, daha sonra Şərurda, Naxçıvanda orta məktəblərdə və pedaqoji texnikumda  rus dili müəllimi kimi fəaliyyət göstərmiş və ”Azərbaycan məktəblərində rus dilinin tədrisi” adlı metodik kitabça da yazmışdır.

   R.Kazımbəyov, Naxçıvan maarif və mədəniyyətinin, təhsilinin inkişafında xidmətlərinə görə 1944-cü ildə ona Əməkdar müəllim adı verilmiş, 1957-ci ildə isə Naxçıvan MR Ali Sovetinin Fəxri Fərmanı verilmişdir.

Seminariyanın naxçıvanlı məzunlarından biri də Məmmədhüseyn Mirzə Tağı oğlu Xəlilovdur.M.Xəlilov Naxçıvanda C.Məmmədquluzadənin təhsil aldığı şəhər məktəbini bitirmiş və oradan da onların böyük dostluğu başlamışdır. Məmmədhüseyn Xəlilov seminariyanı bitirərkən  “Qafqazlı yetirmələrin Rusiya taxt – tacına və Vətəninə xidmətləri” mövzusunda yazdığı buraxılış işində sərkərdə  Lazarevin, knyaz Baqrationun  və Kalbalı xan Naxçıvanskinin hərbi və maarifçilik fəaliyyətini geniş işıqlandırmışdı. Əsər dünya seminariyalarının məşhur Paris sərgisində nümayiş etdirilmişdir (4, 112). Müasirləri  Məmmədhüseyn Xəlilovu  “Xalq müəllimi” kimi yüksək ada layiq görmüşlər. Məmmədhüseyn Xəlilov Naxçıvan teatrında aktyorluq və suflyorluq etmişdir.

Qori Müəllimlər Seminariyanın daha bir naxçıvanlı məzunu Xəlil İsmayıl oğlu  Hacılarov (1895-1970) olmuşdur. O “1922-ci ildən fəaliyyətə başlayan Naxçıvan Müəllimlər Seminariyasının ilk direktoru olmuşdur ki, bu Seminariya 1923-1924-cü tədris ilində pedaqoji texnikuma çevrilmişdi. Xəlil Hacılarovun köməkçisi Əbdüləzim Talıb oğlu Rüstəmov (1887-1953),  coğrafiya müəllimi, Həsən Səfərli riyaziyyat müəllimi, Həsən Qazıyev təbiət müəllimi, İbrahimxəlil Axundov bədən tərbiyə müəllimi təyin olundular” (24,24). 

Əziz Şərif Xəlil Hacılarov haqqında yazır:  “Naxçıvan ziyalılarından Xəlil Hacılarov Qori Seminariyasında oxuyurdu. Onu qurtarandan sonra Tiflisdə Müəllimlər İnstitutunu da qurtarıb, bütün ömrünü müəllimliyə həsr etmişdi. Əvvəlcə, Naxçıvan mahalında, sonra isə Gürcüstanda və Tiflisdə maarif sahəsində çalışırdı. Mən də Tiflisdə yaşayan zaman onunla köhnə dost və yerli kimi tez-tez görüşərdik” (8, 254). Atam Lətif Hüseynzadənin  xatirələrindən, yazılarından məlum olur ki,  Xəlil Hacılarov əvvəlcə atamın təhsil aldığı yeni tipli “Rüşdiyyə” məktəbinin,  daha sonra da Müəllimlər Seminariyasında təhsil alarkən Seminariyanın ilk direktoru olmuş və atama dərs demişdir. Sonralar atam da  bu Seminariyanın – pedaqoji texnikumun müəllimi və dərs hissə müdiri olmuşdur. Vaxtilə 1938-1939-cu tədris ilində ulu öndərimiz, xalqımızın ümummilli lideri  Heydər Əliyev bu pedaqoji texnikumu  “Əla” qiymətlərlə bitirmişdir.      

L.Hüseynzadə qeyd edir ki, ”1918-ci ilin aprel ayının ortaları idi...Mən Rüşdiyyə məktəbinin 9-cu sinfində oxuyurdum. Məktəbimizin müdiri Xəlil ağa Hacılarov Hüseyn Cavidlə sinfimizə gəldi. Müdirimiz Hüseyn Cavidi bizə təqdim edib getdi...”(12,21). Tədqiqatçı alim, “İstiqlal” ordenli Əməkdar Müəllim Lətif  Hüseynzadə keçmiş illəri xatırlayaraq yenə yazır və söhbətlərində deyirdi: ”Əsası 1837-ci ildə qoyulmuş Naxçıvan şəhərindəki “Rus-tatar” məktəbinin adı sonralar dəyişdirilmiş “Rüşdiyyə” məktəbi adlandırılmışdı. Məktəbin direktoru Xəlil ağa Hacılarov,  müəllimləri Hüseyn Cavid və onun qardaşları   Şeyx Məhəmməd Rasizadə və Əlirza Rasizadə,    Əbdüləzim Rüstəmov, Həsən Səfərli, Ə.Qəmküsar və başqaları idilər ki, onlar da mənə “Rüşdiyyə”də dərs demişlər. Xəlil Hacılarov pedaqogika və didaktika fənlərini tədris edirdi. Məktəbin müəllimlərinin köməyi ilə məktəbimizdə “El güzgüsü” adlı bir dram həvəskarlar truppası yaradılmışdı. Sonralar uzun müddət “El güzgüsü” adı Naxçıvan dram teatrının adı olaraq işlədilmişdi. “Rüşdiyyə” məktəbində yaradılmış bu truppa  “El güzgüsü” dram dərnəyi Naxçıvan Dram teatrının yeni inkişaf mərhələsini təşkil etmişdir” (11, 36). “El güzgüsü” C.Məmmədquluzadənin “Ölülər”, Əbdülhaq Hamidin “Hind qızı” və digər  pyesləri tamaşaya qoymuşdur. 

Xəlil Hacılarov Naxçıvanı Öyrənən Elmi Cəmiyyətin (buna “Naxçıvan Tədqiq və Tətəbbo Cəmiyyəti” deyilmişdi. 1925-ci il 21 mayda yaranmışdır) ən fəal üzvlərindən olmuşdur. Tədqiqatçı Fərman Xəlilov yazır ki, adı keçən “cəmiyyətin protokollarında adları tez-tez çəkilən ən fəal üzvlər bunlardır: Məhəmməd Rasizadə, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə, Xəlil Hacılarov ... və başqaları”(19,4).

Qori Müəllimlər Seminariyasının daha bir məzunu Abbasov Ələkbər Tağı oğludur (Ələkbər Qərib ) (“Seminaristlərin siyahısı” arxiv sənədində onun 1909-cü ildə seminariyaya daxil olduğu 1913-cü ildə qurtardığı göstərilir). Bu barədə yenə də İ.Həbibbəylinin dəyərli və geniş məlumatları vardır (6,121-123). Abbasov Ələkbər (Ələkbər Qərib)  1893-1894-cü il xırda sənətkarlıqla məşğul olan, formasyon təriqətinin fəal üzvlərindən olan Kərbəlayi Tağının ailəsində dünyaya gəlmişdir. Məmmədhüseyn və Rza Təhmasiblə, Nəsrulla Şeyxovla yaxın qohumluqları olmuşdur. M.T.Sidqinin “Tərbiyə” məktəbində təhsil almışdır. 1913-cü ildə seminariyanı bitirtdikdən sonra o bir müddət Tiflisdə, Bakıda yaradıcılıqla məşğul olmuş  hekayə və povestlər yazmış, rus dilindən tərcümələr etmişdir. Onun 1912-ci ildə, hələ tələbə ikən yazdığı “Qəlbimin sultanı” povesti və 1914-cü ildə yazdığı  “Haqq divanı” hekayələr kitabı  Bakıda “Orucov qardaşları” mətbəəsində çap edilmişdir. 1913-cü ildə N.M.Karamzinin “Bədbəxt Liza” povestini ruscadan azərbaycancaya tərcümə etmişdir.

1915-1916-cı illərdə Doktor Xosrov bəy Sultanovun rəhbərliyi altında “Cəmiyyəti xeyriyyə” xətti ilə Ərdəhan,  Batum və başqa şəhərlərdə olaraq türk qaçqınlarına, “Hərb-zədə”lərinə yardım hərəkatında iştirak etmişdir. Bu hərəkatda Hüseyn Cavid, Əhməd Cavad, Əli Səbri və başqa ziyalılarla birlikdə səfərbəredici, əməli işlər görülmüşdür.

Ələkbər Abbasov (Ələkbər Qərib) 1917-1923-cü illərdə Naxçıvanda, 1923-1927-ci illərdə Tiflisdə  yaşamışdır. Tiflisdə yaşayarkən buradakı Azərbaycan ziyalılarını birləşdirən  1923-cü ildə təşkil olunan “Tiflis türk ədəbi dərnəyi”nin təşkilatçılarından  və idarə heyətinin – Əziz Şərif, Mirzə Həsənxan, İsmayıl Həqqi, Əli Tağızadə, Əlimirzə Nərimanov və başqaları ilə birlikdə fəal üzvlərindən biri olmuşdur.  Bu sahədə ilk addımı Tiflisdə nəşr olunan «Yeni fikir» (indiki «Gürcüstan») qəzetinin kollektivi atmışdı. Dərnəyin yaradılmasında o zaman «Yeni fikir» qəzetinin redaktoru işləyən, bacarıqlı ictimai xadim, istedadlı nasir və jurnalist kimi tanınan Böyükağa Talıblının böyük xidmətləri olmuşdur. Tiflisdə yaranan 40-a qədər üzvü olan ədəbiyyat dərnəyinin təşkil olunması və onun nizamnaməsinin müzakirəsi ilə bağlı ümumi iclasın işi «Yeni fikir» qəzetinin 28 oktyabr 1923-cü il nömrəsində ətraflı məlumat verilmişdir.«Yeni fikir» qəzeti dərnəyin fəaliyyətini daim izləmiş, «Tiflis Türk Ədəbi dərnəyində» rubrikası altında dərnəyin gördüyü işlərdən ətraflı danışılmışdır. Dərnək fəaliyyət göstərdiyi müddətdə Azərbaycan klassiklərinin yaradıcılığına xüsusi əhəmiyyət vermiş, onların həyat və fəaliyyəti, yaradıcılığı dərnəyin işində müzakirə olunmuşdur. Dərnək üzvləri M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, H.Cavid, M.Ə.Sabir, Ə.Qəmküsar kimi klassiklər haqqında dəyərli mülahizələr söyləmiş, bu görkəmli söz sənətkarlarının ədəbi irsini geniş yaymağa çalışmışlar. Dərnəyin idarə heyətinin tapşırığı ilə Böyükağa Talıblının, Eynəlibəy Sultanovun, Hüseyn Səmihin, Əziz Şərifin, Ələkbər Qəribin hazırladıqları məqalələr klassiklərimizin zəngin yaradıcılığına dərindən bələd olmaq baxımından təqdirəlayiq hesab olunmuşdur. Dərnəyin fəaliyyəti dövründə E.Sultanov böyük Azərbaycan şairləri Vaqif və Nəbati haqqında, Əziz Şərifin şair Nəqqaş haqqında,  Ələkbər Qəribin Mollanəsrəddinçi şair, publisist Ə.Qəmküsar haqqında və şair Şakir barəsində məruzələri dinlənilmişdir.

«Tiflis türk ədəbiyyat dərnəyi» mövcud olduğu müddətdə çox iş görmüş, o dövrün yazıcılarını bir yerə toplamaqda, Azərbaycan ədəbiyyatının inkişafına təkan verməkdə xeyli nailiyyətlər əldə etmişdir. Ədəbiyyat dərnəyinin yeni (latın) əlifbanın Gürcüstanda yayılması sahəsində gördüyü işlər də təqdirə layiqdir. Məhz dərnək üzvlərinin fəal iştirakı və yardımı ilə 1924-cü ildə Yeni Türk Əlifbası Tiflis Komitəsi yaradılmışdı ki, bu komitənin yaradılmasında dərnək üzvlərindən Əziz Şərifin, Eynəlibəy Sultanovun, Ələkbər Qəribin, İsmayıl Həqqinin və başqalarının böyük xidmətləri olmuşdur.
         1928-1930-cu illərin sonu, 40-cı illərin əvvəllərinədək Bakıda yaşayan Ələkbər Abbasov (Qərib)  burada da ömrünü başa vuraraq vəfat etmişdir.

Ələkbər Abbasov  tarixi-etnoqrafik, ədəbi-bədii yazılarla da mətbuatda çıxışlar etmiş, dəyərli elmi-pedaqoji, ədəbi əsərlər yazaraq unudulmaz izlər qoyub getmişdir. Xüsusilə 1928-1929-cu illərdə Ruhulla Axundovun redaktəsi və  rəhbərliyi altında 50 minə qədər sözün tərcüməsi verilən ikicildlık “Rusca-türkcə  (azərbaycanca) lüğət”in hazırlanmasında Ələkbər Qəribin xüsusi payı və zəhməti olmuşdur (Rus-türk lüğəti. Tərtibçiləri: Əhməd Pepinov, Ələkbər Qərib,Ələkbər Heydərli. Bkı, AzQİZ, 1928).

“Qori Müəllimlər Seminariyasında təhsil alanların siyahısı”nda  “Naxçıvanlı Ələkbər Rahib” – adlı bir şəxsin adına rast gəlirik ki, o da 1909-cu ildə seminariyaya daxil olmuş və 1913-cü ildə də seminariyanı bitirmişdir. Naxçıvanlı soyadından onun naxçıvanlı olması bəlli olur və şübhəsiz Naxçıvan diyarından Qoriyə yollanmışdır.

Azərbaycan Təhsil Muzeyinin arxiv sənədləri içərisində Naxçıvandan Qoriyə yollanmış bir naxçıvanlının adı da ayrıca bir sənəddə yazılmışdır: “Ələkbərov Şeyx Hüseyn”- nə vaxt daxil olması və bitirməsi haqqında isə məlumat verilməmişdir.     

           Qori Müəllimlər Seminariyasının bir naxçıvanlı məzunu da, Sidqinin “Tərbiyə” məktəbinin yetirməsi,  yazıçı, jurnalist, tərcüməçi  Əli Səbri Qasımov (15.04.1892-19.02.1983) olmuşdur (26, I c.159). Babək rayonunun  Nehrəm kəndində doğulmuşdur. 1909-cu ildə Qori seminariyasına daxil olmuş və 1913-cü ildə bu seminariyanı bitirdikdən sonra bir müddət Bakıda rus-tatar məktəbində müəllimlik etmişdir. Birinci Dünya Müharibəsi illərində Xeyriyyə Cəmiyyətlərinin xətti ilə Azərbaycanın, Gürcüstanın, Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərmişdir. 1918-ci ildə Naxçıvanda  erməni təcavüzünə qarşı könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərmiş və özü də bu dəstəyə qoşulmuşdur. Naxçıvanın Azərbaycanın tərkibində qalması haqqında Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskelə təqdim etdiyi sənədin altında Əli Səbri Qasımovun da imzası vardır. Sənədi təqdim edərkən Əli Səbri demişdir: “Əgər bizim tələblərimiz qəbul edilməzsə, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar”.  1919-cu ilin yayında ingilis-daşnak birləşmələri Naxçıvanda kütləvi həbslərə və repressiyalara başlayarkən Əli Səbri Qasımov da həbs olunaraq Aleksandropola (Gümrüyə) sürgün edilmişdir. Daha sonralar sovetləşmədən sonra da  repressiya illərində Ə.Səbri bir neçə dəfə həbs olunmuşdur. Bütün bu əzablı, mürəkkəb həyat yoluna baxmayaraq o bədii, publisistik yaradıcılığını həmişə davam etdirmişdir.

          Əli Səbri “Molla Nəsrəddin” jurnalında  “Tağyanuszadə” imzası ilə çıxışlar  etmiş, “Solğun çiçək” romanını, “Balaca və Xallı” povestini yazmışdır.  Əli Səbrinin “Xatirələr”indən məlum olur ki, o seminariyada dərs deyən Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev və başqa ziyalılarla həmişə yaxın əlaqə və münasibətdə olmuş, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”nın üzünü köçürmüş, bədii yazılarını, başqa dillərdən etdiyi tərcümələrini də Firudin bəyə oxumuş, ondan məsləhətlər almışdır.

        Əli Səbri  Qasımov 1925-1930-cu illərdə  Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  filologiya fakültəsində təhsil almışdır. “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan yazıçılar İttifaqı ədəbi fondunun sədri olmuş, bir çox povest və hekayələr yazmış, rus və dünya ədəbiyyatından Azərbaycan dilinə tərcümələr etmişdir.

 Əli Səbri xatirələrində Naxçıvan ədəbi mühitindən danışarkən 1905-ci il inqilabının təsiri ilə yaranan bir klubun fəaliyyətini yada salır. Bu klub Naxçıvanda «Ərbab Məhəm­məd» adı ilə tanınan bir dükanda yerləşirdi. Burada qəzetlər oxu­nur, məqalələr təhlil edilir, fikir mübadiləsi edilirdi. Əli Səbri klubun əsas iştirakçıları sırasında Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov, Qurbanəli Şərifov, Əsəd ağa Kəngərlinin adlarını çəkir.

Qori Seminariyasının məzunlarından biri də Həsənov Qurban Abdulla oğludur. Noraşen ( İndiki Şərur) rayonunun Zeyvə kəndindəndir. Pedaqogikadan "Azərbaycanda ikinci beşillik dövründə pedaqoji kadr problemi" mövzusunda namizədlik  dissertasiyası yazmış və 1933 –cü ildə müdafiə etmişdir. Əqidəsinə görə həbsə atılmışdır. Günahsız olaraq həbs olunduğunu və azad olması üçün  RSFSR-in Krasnoyarsk ölkəsinin Şimali Yenisey rayonundakı Novaya Eruda  qəsəbəsində həbsxanadan Mircəfər Bağırova məktub yazmışdır. Məktubunda ixtisarla belə yazılır: "Hörmətli Bağırov yoldaş! ...Mən Sizinlə ilk dəfə ordu sıralarında ikən 1920-ci ildə Şuşa yolunda görüşmüşəm. Qarabağ avantürası günlərində mən Ağdamda idim, komandiri olduğum ağır toplardan ibarət batareya karvansarayda yerləşdirilmişdi. Bunu da yaxşı bilirdim ki, Siz karvansara yaxınlığındakı evdə qalırdınız. Mənim komandirim Novruzovu da, yəqin ki, xatırlayırsınız.
         Mən 1917-ci ildə Qori Müəllimlər Seminariyasında təhsil almışam. 1929-cu ildə Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasını bitirmiş, 1932-ci ildə həmin akademiyanın pedaqoji üzrə aspiranturasını qurtarmışam. 1933-cü ildə "Azərbaycanda ikinci beşillik dövründə pedaqoji kadr problemi" mövzusunda dissertasiya müdafiə etmişəm. Pedaqoji fəaliyyətə 1918-ci ildən başlamışam, bu sahədə bir çox məqalələr müəllifiyəm. 1935-ci ildə Moskvanın "Revolyutsiya nasionalnostey" jurnalında "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında xalq maarifinin vəziyyəti və perspektivləri" adlı məqaləm dərc olunmuşdur.
Yoldaş Bağırov! Mən özüm Noraşen rayonunun Zeyvə kəndindənəm. Atam ömrünün sonunadək bərbər olmuşdur. Qardaşlarım sovet hakimiyyəti qurulanadək muzdur idilər. Yalnız mən elmi qabiliyyətimə görə dövlət hesabına Müəllimlər Seminariyasına qəbul olunmuşam. 1937-ci il oktyabr ayının 3-də Bakı şəhərində həbs edilmişəm. Mənim istintaqımı müstəntiq Səfər Məmmədov aparmışdır. O məni cəmi bir dəfə, 1938-ci il aprelin 17-də dindirmiş və bu dindirilmə protokolu ilə istintaq yekunlaşdırılmışdır. Müstəntiq Məmmədovun subyektiv rəyi əsasında vətəndən didərgin düşmüşəm. Ailəm Bakıda Kamo adına küçənin 104-cü mənzilində yaşayır. Altı oğlum və bir qızım vardır. İki oğlum hal-hazırda ordu sıralarındadır. Üçüncü oğlum da çağırış yaşındadır, bu il əsgərliyə gedəcəkdir. Arvadım səhhətinə görə işləmir və beləliklə, məktəb yaşına çatmamış uşaqlarımızın dolanışığı çıxılmaz vəziyyətdədir. Burada, Krasnoyarsk ölkəsində məhbus düşərgəsində olduğumdan, Bakıda qalmış ailəmə köməklik göstərməkdən məhrumam.
              Sizə müraciət etməklə, yoldaş Bağırov, artıq dərəcədə xahiş edirəm ki, düşdüyüm ağır vəziyyətdən çıxmaqda mənə kömək əlinizi uzadasınız"(28). Məktubdan göründüyü kimi Bir ziyalı, alim, müəllim-pedaqoq  37-cu ilin repressiya qurbanı olmuş və əfv edilmək üçün müraciət etmişdir. 
        Qori Seminariyasının naxçıvanlı  məzunları maarif və mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmişlər. Onlar yeni, dünyəvi, müasir elmin carçıları olmuşlar. Naxçıvan teatrının  qurulub, inkişaf etməsində, kitabxanaların təşkilində, elmi, ədəbi-pedaqoji cəmiyyətlərin yaradılmasında, savadsızlığın, geriliyin aradan qaldırılmasında geniş və hərtərəfli işlər aparmışlar. Onların  mühüm xidmətlərindən biri qızların təhsilə cəlb edilməsi  məsələsi idi. Cəlil Məmmədquluzadə hələ 1893-cü ildə işlədiyi Nehrəm kənd məktəbində  8 nəfər qızı təhsilə cəlb etmişdi. Daha  sonra da Məhəmməd Tağı Sidqi 1896-cı ildə Naxçıvanda qız məktəbi açmışdır ki, onun maliyyələşdirilməsinə Hacı Zeynalabdın Tağıyev böyük yardım göstərmişdir. Naxçıvanda - ucqar bir əyalətdə yaradılan bu hər iki məktəb Azərbaycan qızları üçün ana  dilində açılmış ilk məktəblərdən hesab edilə bilər. Adını yuxarıda çəkdiyimiz Qori Seminariyasının naxçıvanlı məzunu Əbülqasım Sultanov qızların təhsil alması haqqında belə deyirdi: “Hər bir ata və ana gərək  axırıncı köynəyini satıb balalarına elm versin. Çünki elm insanı adam edib, hörmət sahibi edər. Qızlar elm öyrənməlidirlər ki, ana olanda öz balalarına tərbiyə verib pərvəriş etsinlər”. Əbülqasım Sultanov. İran,  Qəzvin şəhəri, 14 oktyabr, 1911-ci il (4,583). Əbülqasım Sultanov öz iki qızını – Dilbər və Süsən Sultanovları Naxçıvandakı rus-tatar məktəbində oxutdurmuşdur. Bu qızlar Naxçıvanda ilk qadın müəllimlərindən olmuş, 20-ci illərdə Naxçıvanda qadın təhsilinin inkişafında, savadsızlığın ləğvində, qız teatrının təşkilində müəyyən xidmətlər göstərmiş, özləri də teatr tamaşaları vermiş, aktyor kimi iştirak etmişlər. Tədqiqatçı alim Sevinc Abbasova yazır ki, “Nazlı Nəcəfovanın məktəbində təhsil almış bir çox qızlar – G Kəngərli, D.Sultanova, S.Sultanova, B.Nxçıvanskaya, X.Vəzirova, F.Şeyxova və b. sonralar Naxçıvnda qadın hərəkatının öncüllərindən oldular və bölgədə qadın təhsilinin inkişafında mühüm xidmətlər göstərdilər” (27,23). 

1917-ci ilin 12 noyabrında Qori Müəllimlər Seminariyasının məzunu və müəllimi, görkəmli pedaqoq Rəşid Bəy Əfəndiyev (1863-1942) Tiflisdən aldığı əmrlə Naxçıvanda üç aylıq Müəllimlər kursu yaradarkən (15, 206), qız məktəbi də yaratmışdı ki, bu məktəbin dram dərnəyində  Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası göstərilmişdi. Bu komediyada Dilbər Sultanova – Gülçöhrə, Süsən Sultanova isə - Soltan bəy rolunu oynamışdır (18,24).

Ümumiyyətlə Qori Müəllimlər Seminariyasının məzunları Qafqazda, Azərbaycanda, o cümlədən Naxçıvanda elmin maarif və mədəniyyətin tərəqqisinə xeyli kömək etmiş,  yeni  məktəblər açmış, qəzet və jurnallar buraxmış, mütərəqqi ideyaları təbliğ etmiş, dərslik və dərs vəsaitləri yazmış, qadınları  təhsilə cəlb etmiş, savadsızlığı ləğv etmiş, teatr tamaşaları vermiş, aktyor və rejissor kimi  fəaliyyət göstərmişlər.

                                             

Ə D Ə B İ Y Y A T

1.Məhəmməd Tağı Sidqi. Əsərləri. Toplayanı, tərtib edəni, müqəddimənin müəllifi Azərbaycan MEA-nın həqiqi üzvü İsa Həbibbəyli. Bakı, Çaşıoğlu, 2004, 280 s.

2.H.M.Əhmədov. XIX əsr Azərbaycan məktəbi. Bakı, Təhsil, 2006, 580 s..

3.H.M.Əhmədov. 170 yaşlı Naxçıvan şəhər məktəbinin tarixindən. “Azərbaycan müəllimi” qəz. 25 yanvar, 2008.

4.İ.Ə.Həbibbəyli. Cəlil Məmmədquluzadə mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997, 684 s.

5. İ.Ə.Həbibbov. Qori Seminariyasının naxçıvanlı məzunları. “Şərq qapısı” qəz. 1978, 8 sentyabr.

6.İ.Ə.Həbibbəyli. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, Nurlan, 2004, 160 s.

7.İ.Ə.Həbibbəyli. “Məktəbi-Tərbiyə”nin yetirmələri. ”Məktəbi-Tərbiyə”nin 1898-1899-cu tədris ilinə dair hesabatı. ”Məktəbi-Tərbiyə” şagirdlərinintədris saliyanəsinin fehrist dəftəri (1901). “Şərq qapısı” qəzeti, 18 sentyabr, 2004.

8.Əziz Şərif. Keçmiş günlərdən. Bakı, Yazıçı, 1983, 614 s.

 9.Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı. Bakı, Azərnəşr, 1986, 394 s. 

10. A. Шариф. История одного снимка. Газ. “Moлодеж  Aзербайджана”  9 февр. 1966.

11.L.T.Hüseynzadə. Naxçıvan teatr tarixindən. Bakı, Araz, 2002, 65 s.

12.L.T.Hüseynzadə. Araz şahiddir. Türk ordu generalı Kazım Qarabəkir Paşa Naxçıvanda (1918-1920-ci illər).Bakı, Nurlan, 2001, 80 s..

13.L.T.Hüseynzadə. Şəxsi arxiv.

14.R.L.Hüseynzadə. M.T.Sidqi dilimiz və məktəbimiz haqqında. Kitab M.T.Sidqinin yeni əlyazmaları əsasında 150 illiyi münasibətilə hazırlanmışdır). Bakı, Müəllim, 2005, 60 s.

15. F.Ə.Seyidov. Qori Müəllimlər Seminariyası və onun məzunları. Bakı, Maarif, 1988, 296 s.

16. Yavuz Axundlu. Məqalələr və xatirələr. Naxçıvan, 2007, 128 s.

17. A.O.Çernyayevskinin Azərbaycan səfəri barədə Qori Seminariyasının direktoruna raportu. Gürcüstan Xalq Maarifi muzeyi. ZMS fondu, iş, 6, vərəq 20.

18. Rüstəmov F.A.Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1920-1991-ci illər).Bakı, “Bakı universiteti, 1998, 486 s.

19. Ə.Ə.Ağayev, V.M.Rzayev. Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən. Bakı, Təhsil, 2004, 136 s.

20. Fərman Xəlilov. Naxçıvanı öyrənən cəmiyyət. Bakı, Nurlan, 2005,  196 s

21. Naxçıvanda ilk məktəb və təhsilin inkişaf yolu. “Şərq qapısı” qəzeti, 28 avqust, 1998-ci il.

22. Fəxrəddin Cəfərov. 120 yaşlı məktəb.”Şərq qapısı” qəzeti, 23 iyun, 2006-cı il.

23. Fəxrəddin Cəfərov. Zəngin tarixi olan Nehrəm kənd məktəbi. “Şərq qapısı” qəzeti, 25 avqust, 2006-cı il.

24. Vaqif Məmmədov. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, 2001, 220 s.

25. Məmməd Rzayev. Sidqinin tərbiyəvi baxışları. “Şərq qapısı” 22 iyun, 2004-cü il.

26. Naxçıvan Ensiklopediyası. Naxçıvan 2005, 2 cilddə. I c. 397 s.  II c. 425 s.

27.S.Abbasova. Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf  tarixi. Bakı, 2007, 168 s

28.Teyyub Qurban.Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?   “Ekspress”qəzeti, 04 İyul

      2009

                                              summary
                                 dr.prof. R.L.Huseynzadeh
                     Graduates from Gori Seminari

Graduates from Gori Seminari are much spoken in this article. Many outstanding persons such as.C.Mammedquluzade, A. Suleymanov, E. Sultanov, M. A. Halilov, H. Muradasilov, R. Kazimbeyov who were very famous for their works studied in this seminary. They were graduates of this seminary.

                                           РЕЗЮМЕ

                                  Проф.Р.Л.Гусейнзаде

            о нахчыванских выпускниках семинарии Гори

  В статье говорится о нахчыванских выпускниках семинарии Гори. Указывается что, многие выдающийся люди, такие как Дж.Мамедкулизаде, Алекпер Сулейманов, Абулкасим.Султанов, Mамедгусейн  Халилов, Алескер Шейхгасанов, Гейдаркули бек Мурадасилов, Mамедали Сидги Сафаров,  Халил ага Гаджиларов, Алекпер Мамедханов, Рагим Кязимбеков, Алекпер Гариб Нахчыванлы, Али Сабри Касумов и др.были выпускниками этой семинарии.    

RÜFƏT LƏTİF OĞLU  HÜSEYNZADƏ
pedaqoji elmlər doktoru, professor

Add comment


Security code
Refresh