28Aprel2017

AQRA.AZ

Unudulmaz insan

Hərfləri böyüt

Bir neçə gün əvvəl aramızda olan müdrik, ziyalı insan məşhur Kəngərlilər nəslinin nümayəndəsi Respublikamızda tanınmış təcrübəli maarifçi- pedaqoq, qocaman müəllim Muxtar Kəngərli dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.  Bu ayrılıq, bu gediş dünyanın müxtəlif yerlərində yaşayan adamları, xüsusən keçmiş məzunları çox sarsıtdı. Muxtar Kəngərli 50 ildən artıq Naxçıvan Muxtar Respublikasının məktəblərində müəllim işləmiş, şərəfli bir həyat yolu keçmişdir.  Ömrünün çox hissəsi bir vaxtlar Naxçıvan şəhərində fəaliyyət göstərmiş Ə.Ağayev adına internat məktəbi ilə bağlı olmuşdur. Düz 28 il həmin məktəbin direktoru işləmişdir. Mənim üçün fəxrli haldır ki, məhz elə həmin müddətdə bu məktəbdə Azərbaycan dili və Ədəbiyyat 

müəllimi işləmişəm. Gəldiyim gündən böyük ata qayğısı, mehriban, işində tələbkar məktəb direktoru ilə rastlaşdım, pedaqoji təcrübəsindən faydalandım. İşlədiyim 30 il müddətində Muxtar müəllimin təşəbbüsü ilə mənə “ Metodist müəllim “ adı və Ali kateqoriya dərəcəsi verildi. Pedaqoji təcrübəm  Naxçıvan Muxtar Respublikası Müəllimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Muxtar Respublika məktəblərində yayıldı. Mən bu nəaliyyyətlərimə görə Muxtar müəllimə borcluyam.

 1961 – 1998 – ci illərdə internat məktəbi, 2001-ci ilədək isə orta məktəb kimi fəaliyyət göstərmiş bu təhsil ocağı öz təcrübəsi, nəaliyyətləri ilə təkcə Muxtar Respublikada deyil, bütün Azərbaycanda məşhur idi. Bizim məktəbimizdə Qərbi Azərbaycandan və müxtəlif rayonlardan gələn şagirdlər də təhsil alırdılar. Muxtar müəllim şagirdlərə elə qayğı və məhəbbətlə yanaşırdı ki, heç kim özünü qərib, kimsəsiz hiss etmirdi. O, gecə - gündüz onların əhatəsində idi. Ayrı – ayrılıqda valideyn kimi söhbət aparar, maraqlı əyləncələr, görüşlər, tətil günlərində gəzintilər təşkil edər, onlara hər şeyi unutdurardı. Heç yadımdan çıxmaz, 1982 – ci ildə məktəbimizin 20 illik yubileyi keçiriləndə əksər məzunlar gəlmişdilər. Hamısı necə də şad, xoşbəxt idilər. Öz sevimli direktorlarını əhatə edib, keçmiş, şirin, unudulmaz xatirələrini məhəbbətlə yad edirdilər.  Bunlar hamısı Muxtar müəllimin zəhmətinin, əməyinin nəticəsi, qürur bağının bəhrələri – meyvələri idi. İndi o məzunların səsi Türkiyədən, Yaponiyadan, ABŞ-dan  - dünyanın hər yerindən gəlir.

Muxtar müəllim bizim kollektivin təkcə direktoru deyildi. O, cavan müəllimlərə qayğıkeş ata nəzakəti göstərirdi. Neçə ailənin dağılmasına mane olmuşdu. İradlarını  sakitcə, mədəni, müdrikcəsinə bildirirdi. Onun alicənablığı, insanlığı, hümanistliyi, yoldaşlığı, ziyalılığı həmişə diqqətimizi çəkirdi. Bəlkə də bu nəsildən, kökdən gələn bəyzadəlik xüsusiyyətləri idi. Çox səmimi idi. Kollektivin xeyrində - şərində həmişə yaxından iştirak edərdi. Hətta bir tədbirə gedəndə deyərdilər ki, Muxtar müəllim yenə balalarını yığıb gətirir. Ailəcanlı insan idi. Oğlanlarının adı dilindən düşməzdi. Onlarla nəfəs alırdı.  Bakıda yaşayan vaxtlarda tez – tez internat məktəbinin müəllimləri onunla görüşürdülər. İndi inana bilmirəm ki, dağ vüqarlı, vətənpərvər, ziyalı bir insan – Muxtar müəllim aramızda yoxdur. Bu ölüm xəbəri ildırım sürəti ilə hər yana yayıldı. Naxçıvandakı müəllimlər bizə zəng edib öz kədərlərini, onunla bağlı xatirələrinə bölüşdürdülər. Yas mərasiminə onun bütün şagirdləri – internat uşaqları gəlmişdilər. Onlar çox kədərli, hüznlü idilər. Müəllimləri ilə bağlı xatirələrini söyləyir, təskinlik tapırdılar.  Respublika qəzetlərində nə qədər nekroloqlar verildi.

 Muxtar müəllim bu dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. Onun işıqlı əməlləri, xatirələri onu sevənlərin, tanıyanların, xüsusilə, müəllim və internat məktəbibin məzunlarının qəlbində daim yaşayacaq.

   Əziz Muxtar müəllim, ruhunuz şad, yeriniz nurlu, nəsibiniz cənnət olsun! Amin!

                                                                                                                  Zeynəb Hacıyeva

Add comment


Security code
Refresh