AQRA.AZ

Novruz Məmiş oğlu Məmmədov

Hərfləri böyüt

     Novruzun adı çəkiləndə, istər-istəməz, xəyalım məni Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbində oxuduğumuz 60-cı illərə aparır... Nahar yeməyindən sonra dərsə hazırlıq məşğələlərinin başlama saatına qədərki istirahət vaxtlarında sinif rəhbəri və riyaziyyat müəllimimiz mərhum Ənvər Zeynalov bizi öz ətrafına toplayar, “Novruz, bir mahnı oxu, qulaq asaq”,-deyərdi. O da nazsız-minnətsiz bir xalq, yaxud bəstəkar mahnısı oxuyar, arada bizi segaha qonaq edərdi... Bu toplanmalar tez-tez təkrarlanardı, amma nə o oxumaqdan yorulardı, nə biz qulaq asmaqdan doyardıq... Bu yaşıma qədər çox səs eşitmişəm, musiqilər dinləmişəm, korifey sənətkarlarımızın canlı ifasına və lent yazılarına qulaq asmışam. Ancaq bu gün də mənə elə gəlir ki, bu qarabəniz və arıq sinif yoldaşımın səsindən yoxdu... Bu səs ecazkar, ovsunlu, qeyri-adi dərəcədə yanıqlı idi. Yəqin ilahi vergisi deyilən səs belə olurmuş... Bu səs dünya şöhrətli vokalçılarımız Rəşid Behbudovun və Bülbülün, məşhur xanəndələrimiz Arif Babayev və İslam Rzayevin, türk sənətkarları Zəki Müren və Selami Şahinin boğazlarının qəribə bir sintezidir.  Bu sətirləri yazarkən, Novruzun oxuduğu, sonralar heç bir müğənnimizin repertuarında eşitmədiyim bir xalq mahnısının ilk bəndi qulağımda həzin-həzin səslənir:

Yük üstdə güllü xalça,
Kim qaldıra, kim aça,
O yara qurban olum,
Dindirə, könlüm aça...

    Bu fitri istedadlı səs sahibi haqqında Bakıda eşidib, gəlib canlı qulaq asan mötəbər bir komissiyanın onu əlimizdən alıb paytaxta aparmasına sevindiyimiz qədər kədərlənmişdik də...

  Novruz  Məmmədov 1953-cü ildə Babək rayonunun Yeniyol kəndində dünyaya göz açıb. 1961-1967-ci illərdə Naxçıvan şəhər internat məktəbində təhsil alıb. 7-ci sinif şagirdi ikən gənc istedad kimi Bakıya musiqi təmayüllü orta məktəbə nəql edilib. Daha sonra təhsilini Asəf Zeynallı adına Musiqi məktəbində və 1979-cu ildə bitirdiyi Azərbaycan Milli Konservatoriyasında davam etdirib. Özünün zarafatla dediyi kimi, ali təhsil diplomu ilə bərabər tələbə yoldaşı Bahar xanımı da alıb... 

    Novruz uzun illər “Azkonsert”də işləyib, rayonlara və xarici ölkələrə qastrollara gedib. Bir müddət Gəncənin məşhur “Göy göl” musiqi ansamblının sevilən solistlərindən biri kimi yurdumuzun müxtəlif şəhər və kəndlərində konsertlərdə çıxışlar edib. Onun Azərbaycan televiziya və radiosunun video-fonotekasında xeyli xalq və estrada mahnısının lent yazıları mühafizə olunur.

    Novruz 15 ildən artıq məzunu olduğu Asəf Zeynallı adına Musiqi məktəbində və bir sıra musiqi təmayüllü təhsil ocaqlarında müəllim kimi dərs deyib. Son iyirmi ildir ki, Amerika Birləşmiş Ştatlarının Nyu-york şəhərində yaşayır. Oğlanları Azər, Rəşad və  Əfqanla birlikdə yaratdığı musuqi kollektivi uzaq Amerikada müstəqil Azərbaycan diasporunun ən aktiv üzvlərindən biri kimi mədəniyyətlərarası anlaşma və əməkdaşlığı gücləndirmək işinə öz mütəvazi töhfəsini verir. Bu ailə ansamblı öz konsert proqramları ilə qədim və zəngin musiqimizin elçiliyini layiqincə yerinə yetirir, mədəniyyətimizi geniş təbliğ edir, öz misilsiz musiqi və nəğmələri ilə orada yaşayan soydaşlarımızın toy-düyün məclislərini, bayram əyləncə və şənliklərini rövnəqləndirir.  

Əsgər Rəsulov,
filologiya elmləri doktoru, professor

Redaktordan:  Novruz Məmmədovun ifasında musiqi bu yaxınlarda övraqımızda (saytda) yerləşdiriləcək:   İzləyin...

Add comment


Security code
Refresh