AQRA.AZ

Vahid Aslan: İnnovativ yenilik yoxsa kultroloji problem

Hərfləri böyüt

Hadisələr elə sürətlə inkişaf edir ki, daha yüz ölçüb bir biçməyə vaxtımız qalmır. Fərqinə varsaq da, varmasaq da özümüzü bu zərurətdən təcrid edə bilmirik və bəzən bu sürətdən geri qalmağımız əksəriyyətimizdə bədbin notlar yaradır. Əlbəttə riyazi dildə ifadə etsək, söhbət funksiya adlanan sürətin arqumenti olan informasiyadan gedir. Son zamanlar “sürət əsri”, “informasiya müharibəsi” və. s. kimi terminlərlə tez-tez rastlaşırıq ki, bu da əsassız deyildir. Çeşidli və sürətli informasiya mənbələri çoxaldıqca, bir tərəfdən innovativ yeniliklər boy göstərir, digər tərəfdən isə klassik dildə ifadə etsək, kultroloji problemlər meydana çıxır. Çox zaman biri-biri ilə qarşı-qarşıya dayanan, porodoksal asılılıqlar yaradan bu iki anlayış, hadisələrə eyni bucaq altından baxdıqda bir az da şaxələnir və adamda labirint təsəvvürü yaradır.

 Insanlar özlərindən xəbərsiz virtual dünyanın sakinlərinə çevrildikcə, vizual olaraq min illər boyu aktual (bəlkə də müqəddəs) olmuş bir çox şeylər arxa plana keçir və ilk baxışdan “qorxunc” bir mənzərə yaradır. Burada qorxunc sözü özünü ona görə dırnaq arasına atır ki, əslində sözün həqiqi mənasında virtuallıq anlayışının o qədər də qorxulu bir anlayış olmadığı anlaşılsın. Axı insanlar özləri də anlayırlar ki, inkişaf hər zaman irəliyə doğru olur...

 İnnovativ yeniliklər əsrinin başlıca göstəricisi əlbəttə özündən əvvəl mövcud olanların sürətlə elektronlaşmasıdır. Artıq get-gedə mexaniki idarə üsulu öz yerini proqramlaşdırmaya verir ki, bu da bir çox şeylərin “muzey ömrü”nün başlanğıcının əsasını qoyur. Elə bizim yaşadığımız tarixi formasiyanın başlıca məziyyəti də budur!

Artıq istehsalatda, inşaatda, mənzillərin mətbəxlərindən tutmuş avtomobillərin hissələrinə qədər istifadə edilən bir çox şeylər elektronlaşır. Bu da insanların fiziki gücünə ağlagəlməz bir nisbətdə qənaət edir ki, nəticədə vaxt itkisinin də qarşısı alınır. Burada elektronlaşmaya qarşı çıxanlardan soruşmaq gərəkir: - Bütün bunlar bədbinliyə əsas verirmi?.. Nə deyim, bəlkə də yeniliyi faciə kimi qəbul edənlər hələ də yazı makinasını kompüterdən üstün tuturlar... Bəlkə də onlara tənbəllik imkan vermir ki, elektrotexniki vasitələrdən istifadə bilgisinə yiyələnsinlər. Hər halda innovativ yeniliyə arxa çevirəndə insanların təfəkküründə kultroloji problem anlayışı meydana çıxır. Məsələyə bu prizmadan yanaşanda elektronlaşmanın elə də ciddi fəsadlar yaratmadığı gözə çarpır. Lakin bir başqa yöndən yanaşdıqda – informasiya mənbələrinin elektronlaşması – yönündən, həqiqətən də bir sıra problemlər baş qaldırır.

Mən özüm də qələm əhlinin nümayəndəsi olduğumdan bu problemləri daha qabarıq şəkildə hiss edirəm və innovativ yeniliklərin məhz ədəbi yaradıcılıq sahəsində hələlik kultroloji adlandırdığımız bir çox problemlər yaratdığını görürəm. Məsələn, əgər mən yazacağım yeni şeirimi və ya məqaləmi klavişlərə toxunmaqla monitora həkk edirəmsə həmin yazının təsir gücü və daxili enerjisi kağızdan və qələmdən istifadə etməklə yazılan yazıdan kiçik olur. Tam səmimi deyim ki, bu məndə həqiqətən də belə alınır. Yaxud da hər hansı bir saytdan oxuduğum əsər, kitabdan aldığım qədər zövq verə bilmir mənə. Deməli doğrudan da bir çox müqəddəs şeylər vardır ki, biz yaşadığımız əsrdən asılı olmayaraq onlardan birdəfəlik imtina edə bilmərik. Son zamanlar qızışmaqda olan oxucu-yazar qarşıdurmasının kökündə də mənə elə gəlir ki, bir tərəfdən innovativ yeniliklər durduğu kimi, digər tərəfdən də kultroloji problemlər dayanır. Yazar kitablarının satılmamasının və ya az oxunmasının səbəbini oxucularda gördüyü kimi, oxucu da yaxşı əsərlər yaranmadığından gileylənir. Əslində isə baş verənləri olduğu kimi qəbul etdikdə görürük ki, hər iki tərəf içərisində olduqları proseslərdən xəbərsizdirlər və əsassız olaraq biri-birilərini ittiham edirlər. Olsa-olsa burada da ittiham olunmalı subyekt – innovasiyadır!

Artıq yazıçı bir şeylə barışmalıdır ki, kütləvi tirajlar və kitab bağlamaları ilə oxucu görüşünə getmək dövrü başa çatmışdır. Bir yazar olaraq lap mənim üçün də ağrılı olsa da əsl həqiqət budur! Əfsuslar olsun ki, sadiq oxucu daha sevimli kitabını balışının altında gizlətməyəcəkdir. Səbəb - əlahəzrət internet – saytlar, sosial şəbəkələr!!! Pismidir ya yaxşımı?.. İştə, əsl həqiqət budur!

Beləliklə   informasiya mənbələrinin çoxalması və virtual olaraq istənilən an istədiyini əldə etmək şansı -  innovativ yenilikdir! Kitab almaq, kitabla baş-başa qalmaq mədəniyyətinin zəifləməsi isə - kultroloji problemdir! Lakin burada da çıxış yolu vardır: - innovativ yeniliyi və kultroloji problemi təbii olaraq qəbul etmək!

Yeni yaranan nə vardırsa, həm də Tanrının özünün istəyi ilə yarandığını dərk etsək, yeniləşməkdən və yeni olanları mənimsəməkdən özgə çarəmiz qalmır. Bu yeniliklər hətta bəzi problemlər yaratsa belə...

“Müəllim sözü” qəzeti, №10(28)

Add comment


Security code
Refresh