Bir neçə söz, bir neçə fikir
· Ağrısızlıq əhatəsində, ağrılı insan.
· İnsan dörd məfhum qarşısında acizdir: aclığın, susuzluğun, yuxusuzluğun, bir də ölümün.
· İnsanda dörd yaddaş aləmi var: göz, bədən, dad, bir də baş (kəllə). Dörd ağrısız (ağrı verməyən) varlıq əhatəsində olan insan: süd (ana), su, hava, bitki aləmi (qida) – bu dörd məfhum canlı varlığa, cismani agrı verməyənlərdir (ağrısızdırlar).
· Heyvanat aləmi üçün də ağrı verməyən sahələr var. Qəribədir, amma bu belədir.
Şir, pələng, it, canavar, pişik balalarının yerini dəyişdikdə mütləq olaraq onları dişləri ilə boyun nahiyəsindən yapışıb yer dəyişərlər (heyvanların boyun nahiyəsi, ağrımayan sahədir). At ayağı ağrı verməyən nahiyə olduğu üçün, at ayağına nal vurulan zaman ona ağrı vermədiyindən sakitliklə gözləyə bilir. İnsanda tük kəsildikdə, əl-ayaq dırnaqları kəsildikdə (qısaldıqda), ağrı vermir. Quşlarda dimdik, buynuzlu heyvanlarda buynuz, kenquruda qarın, it-pişiklərdə pəncə və.s ağrısızdırlar.
· Əgər insan başı ilə yox, dili ilə düşünürsə (məntiqsiz danışır), xəstəliyin əvvəlindədir. Əgər insan düşünə bilmirsə (istəmirsə), vücudun yarısı yoxdur. Əgər insan ancaq iftira və yalan danışırsa, demək, o daha “ölmüş” bir canlıdır.
· Dörd məfhum ardıcıllığına sığan insan: gəlişi, yaşadığı (illər) müddət, məzarı və bir də “daşa” – yazıya sığan adı!
· Yerdən qopa bilməyən insan! Üfüqi baxışla ümid gözlədi, şaquli baxışla kainatdan kömək dilədi.
· Ey insan, sizin “dünyanıza” baxdım, sığa bilmədim. Haqq dünya qanunlarından isə qopa bilmədim!
· Hələ də insanlar elə bilirlər ki, hər bir ulduz bir günəşdir. Bu yanlış fikirdir. (Necə ki, yer planetində hərarət 400C-dən artıqda meşələr, torf yataqları, quru çöllüklər alovlanır). Kainatda hər bir ulduz bir günəş olmuş olsa idi, o “günəşlərin” istisindən elə bir Kainat alovlanması baş verərdi ki, o Kainat alovlanmasının qarşısını almaq mümkünsüz olardı.
· Məhdudiyyət – məhrumiyyət deyil. Məhrumiyyətlər isə məhdudiyyətlər deyil, ey insan!
· Heyf biz insanlar “bu dünya” ilə “o dünyanın” mənalarını dərk etmək istəmədik. Kainata isə öz qanunlarımızı “diktə” etmək istədik. “O” isə qəbul etmədi.
· Bütün insanlar dünyanı dedilər, dünyadan isə deyə bilmədilər.
· Xoşbəxtliyə meyar varmı, ey insan? Bədbəxtliyə meyar varmı, ey insan? Istəyə, arzuya, fikirlərə, düşüncələrə, bir də əbədiyyətə meyar yoxdur, ey insan!
· Kim ki, harmoniyanı (ahəngi) duymaq istəmirsə, heyf…
· Vətənin sərhəddi? – tarixindir, tarixlərdədir.
· Deyirlər, deyirlər, deyirlər! Yad olanları nə tez-tez deyirlər. Özlərini isə həmişə yaddan çıxarırlar, görəsən, axı bunlar nə deyirlər?
· Dəymə müqəddəslik xatirinə, dəymə. Nəticələri çox ağır olur, dəymə!
· Qaranlıqlardan çıx, İşığa gəl! Ləl işığına, Eynə gəl!
· Müəllimin şagirdi fikirlərini bildirməyə başlayanda onun müəlliminin “müəllimlik” qədəri bilinir, görünür.
· Hər dahilik yazır özünə baş daşı!
· Canlıya, insana “soyuq dəymir”, ətrafın qarası, acısı hopur canımıza, gör ki, bu insan nə imiş. İnsan Kainatla Yer aləmi arasında rabitə üçün yaranıb. İnsan o rabitələri pozmağa çalışdıqca təbiət də karıxır. Əsir, coşur, sanki, insana suallarını yağdırır. Onda insan vahimələnir, yenə də üzünü Kainata tutur, Kainatla özü arasında “o ilkin rabitəni” çağırır. Ətraf, təbiət sakitləşdikcə insan yenə də unudur. Gör ki, bu insan nə imiş!
· Gülün, çiçəyin, ağacın, kolun ətri (rayihəsi) torpağındır. Çiçəklərin rəngləri planetlərin rəngidir. Səmanın mavi olmasına karıxma, o səma rəngi dəniz, okeanların günəş işığından əks olunma rəngidir. Axşam qaranlığı Kainatın ilkin rəngidir.
· Kainat sirrləri açandır. Müəmmalarla insan fərq, isbat axtarandır.
· “Fəlsəfə” – deyir, “məkan yoxdur!” “Məkan” ovalın (ellepsoidin) özündə olan planetlərin məzmuisidir. Cəm, cəmin özündədir. Məkan istinadlarıdır. Fəlsəfə Kainatın mərkəzini axtarır. Kainat dördə bölünüb, dörddədir, dörd üstə, dörddədir. Ovalı dördə böl, dörddədir.
· Əgər ilkdən (o partlayışdan) Kainat forması ellepsoid (oval) həndəsi quruluşda olmasa idi, riyazi ədəd və tənliklər olmayacaqdı. Riyazi ədədlər yenə də həndəsi quruluşun çərçivəsi daxilindədir.
· Öləndən sonra bilmək istəmirəm, diriykən bilmək istəyirəm.
· Münasib, hələ mütənasib deyil!
· Ruh dediyimiz Yaradandan yaranışa işıq payı, yaranış varlığıdır (o sinədədir).
· Yenilik gözlənilmədən olmur. Yeniliyə də yenilik gərəkdir.
· Ey insan! Sən dünyanı istəmə, dünya səni istəsin.
· Ailəyə bəxş olunan övlad da dörd baxımdadır: dünya üçün bəxş olunan övlad, xalq üçün bəxş olunan övlad, ərazi üçün baxş olunan övlad, ailə üçün bəxş olunan övlad – bu, ata-ana istəyi və hökmündə deyil.
· Ağıl, elm ölənə qədər lazım olur. Öləndən sonra onları xərc edəcəyin lazım olur.
· Ölümün son anında, insan anilikdə çox aktivləşir. Bu ilkdən “var olma halından” (işıqdan), “var oldu” halına keçid halıdır. Varlıq vücudundan ayrılan işıq payını mütləq işığa çatdırmaq, qovuşdurmaq isə Can aparanın müşahidə halıdır. Kainatın yaranma halında, ilkdən hər bir yaranış əvvəli işıq və istidən olmayıb, ancaq soyuqdan olmuş olsa idi, hər varlıq həcm və kütləsinə görə həmişə dəyişən, qeyri-sabit olacaqdı. İstinin özündən istilik keçiricilik olmasa idi, öz formasını (halını) dəyişən olacaqdı. Onda Kainatda bütün planetlər assimetrik və qeyri-hərəkətli, xaotik hərəkətdə bir varlıq olmalı idi. Kainatda olan cəm planetlər və bütün canlılar işıq, isti əhatəsində və varlığındadır. İlk partlayışdan ayrılan isti, o istidən “var olma” üzvi bağlılıqda və vəhdətdədir.
· Düzgünlük arasında yalan yoxdur. Yalan arasında isə düzgünlük yoxdur. Düzgünlük əqli, vücudi rahatlığın,yalan isə əqli vücudi vahimən və nəticədə uğursuzluqların, vücudi əzablarındır.
· Elə düşün, elə davran ki, ətrafın sənə təşəkkürlü olsun. Ətrafın təşəkkürü Kainatlara “səslənən” təşəkkür olsun. Ey insan, Kainata səslənən hər bir təşəkkür. Təşəkkürlərin təşəkkürüdür.
· Tanıdıq, tanıdıq, tanıdıq bu dünyada hamını tanıdıq. Təkcə özümüz, özümüzü tanımaq istəmədik ki, tanımaq istəmədik.
· Elə demə ki, elə bilirsən. Nə qədər bilsən də, yenə də o qədər bilirsən “nə qədər? Elə o qədər” deyib də, yenə də hələ tamı deyil, elə o qədər bilirsən.
· Var olanın var olması mütləqdir, amma səbəb deyil. “Var olan” – bir halda Yaratmada Yaratmağındadır. Hər bir varlıq: cisim, maddə, fauna və flora, dialoq, simvol, riyazi, həndəsi, fiziki, anatomik-fizioloji varlıq “Var olanın” yaradıcılıq xassə və xüsusiyyətidir. Hər bir yaranış “O mütləqin” bərabərliyinə çatan deyil.
· Hər bir yenilik keçmişi unutdurmur. Hər bir yenilik keçmişi müqayisəli dərəcədə xatırladır. “Keçmiş” dediyin uzaqlaşmaz. O, hər an yaxınlığındadır.
· Yer kürəsi Günəş ətrafında saniyədə 500 km.san. sürətlə hərəkətdədir. O, 500 km saniyəyə uyğunlaşa bilsən, (əqli) gələcəyi bilmək olar. Əgər Kainatda olan planetlərin, cəm hərəkət sürətinə bağlana bilsən, onda insana maraqlı olan gələcəyi demək olar. “Onu demək”- zehni yox, əqli sürətin nəticəsidir. O, hal sürətinə uyğunlaşmaq hər varlığa nəsib deyil. O halları bilmək isə zehni yox, əqli yox, zəkadadır, o da alındadır.
· Nəzakətli düşüncə və davranışın özüdür başlanğıc. Kainata xitab və müraciət hökmdə yox, nəzakətin özündədir. Tələb etmək yox, təşəkkürdür mütləq.
· İnsan ikili gördüyünə döndü ona “dual” – dualizm dedi. Dualizm yox, duet var! Duet ikilik arasında – sən və məndir. O, və səndir.
· Musiqi, rəngkarlıq, ilahiyyat elə bir varlıqdır ki, heç vaxt onun “sonuna, mütləqinə çatdım” demək olmur. O, elə bir varidatdır ki, həmişə özündən bəxş edir. Elmlər, elmi araşdırmalar, kəşflər də belədir. Onlar tükənməyən bir varidatdır.
· Maddə biradlı, çox mənalıdır. Maddə var olmanın fiziki-kimyəvi halıdır. Riyazi-həndəsi halı deyil. Varlığında, bütün məlum və naməlumların məzmuisi haldır. Maddə məzmuisi aləmlərin işıq toplum halıdır. Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır. Maddə ətrafın halına görə dəyişilə bilmir. O, ətrafın həmahəng halına uyğunlaşdırılma halını dəyişə bilən halıdır. Dəyişdiyi qədərində də yenə də naməlum məzmuisidir. Maddə bütün məlum elmlərin astrofiziki bağlılıq halındadır. Maddə “var olmaq” üçün, “var etmək” üçün “var” edəndir. Nə qədər var etsə də, yenə də var edə bilənlərin toplum halıdır. Maddə bütün aləmlər üçün təməl başlanğıcı və ardıcıllıq halıdır. Onun forması “yoxdur” bütün müddət və an ardıcıllığında “vardır” – olandır, mənasıdır. İlk o böyük partlayış anında işıqla qaranlıq arasında təzahür ediləndir. O, işıq, temperatur, nəmlik, rənglərin, kütlələrin cisimlərin bir birlikdə olmasına daşıyıcı mənasındadır. İlkdən, ilk insandan onlara məlum idi ki, “ma” – Kainat və varlıqların ardıcıl dayanmayan, tükənməyən, törəyən, törədən, nizamlayan, hasilə gətirən, tamamlayan işıq, isti, nəmlilik qədərini, rəngləri özündə hasilə gətirib bir törədicidir. Yaranmışlara əsas aparıcı və törədicidir. O, çoxmənalı, təyinatlı olduğu üçün konkret forma daşıyıcısı deyil. Maddə Kainat yaranmasına ardıcıl hərəkət təyinatının işıq toplumudur. Zərrənin özü də yaranışa “biradlı”, çoxmənalıdır. O zərrə dediyimiz yaranışa təyinli, ilkin işıq halı, işıq daşıyıcısı bütün varlıqlara yaradıcı əvvəlidir. O işıq halı təyinli olmasa idi (xaotik olsa idi), yaranış, cisim, kütlə mövcud ola bilməzdi.
Maddi aləm gördüyün, toxunduğun, eşitdiyin, duyduğun, məsafəyə böldüyün, hiss etdiyindir.
Maddə isə naməlum, Maddəni görmüş olsan da, o maddənin ehtiyatının (resursunun) haradan başlayıb, haracan yaradıcı daşıyıcısı olduğu naməlumundur. Maddə hərəkət edən, varlıqlar arasında hərəkət edib yaranışa çoxmənalı, çoxtərəfli daşıyıcıdır. Budur İşıq, budur zərrə, budur maddə, budur ətraf, budur yaranış, budur yaranmış olacaq. Çünki maddə itmir. O itmək, itirmək üçün yox, hallar, varlıqlar arasında varlıqları var etmək üçün toplum halıdır. Maddə insanamı aiddir? Yox, insan maddəyə aiddir. Maddə yoxsa, maddilik yoxdur. İşıq yoxsa, zərrə yoxdur, zərrə yoxsa, yaranış yoxdur, ilk yoxdur. Yaranış yoxsa, yaranmanın mənası yoxdur.
Maddə həmişə sevinc halındadır. Maddə yaranmalı olacaqların ilk sevincin özündə ardıcıl yaradıcılıq halındadır. O dayanmaz, o tükənməz, o yorulmaz, o yatmaz, yaradıcılıq halları mürgüləməz. Maddə maddidən deyil, maddədəndir. Maddədən maddiliyə köməkçidir. Yaranışlar arasına ötürücüdür, dayanmayan halı, dişli çarx halıdır. Maddə toplum yaddaş halıdır, yaddaşsız deyil. Yaddaş halında olduğu üçün itmir. Hallar arasında yenə də yaddaş halını deyir. Ona görə maddə itmir. Çünki kainat özü yaddaşsız deyil.
Hər gördüyün, görə bilmədiyin də yaddaşsız deyil.
Vahid Rzayev