Aydın Əlibəy oğlu Əzimbəyov
Azərbaycan Respublikasının Özbəkistan Respublikasında ilk Fövqəladə və Səlahiyyətli səfiri və Mərkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyovun tərcümeyi-halı
1932 – Azərbaycan SSR-in Naxçıvan şəhərində Bilan (Bilən) məhəlləsində qulluqçu ailəsində anadan olmuşdur. Atası Əlibəy qulluqçu, anası Aminə xanım evdar qadın olmuşdur.
1937, əvvəli – Atası Əlibəy qaynatasından qalma evinin başqa evlərdən nisbətən böyük olması səbəbiylə həbs olunmuş və naməlum istiqamətə aparılmışdır.
1937, ortası – Anası Aminə xanım özündən böyük üç bacısı – Laçın, Fəxriyyə, Foqiyə və 4,5 yaşlı Aydın ilə birgə Naxçıvan şəhərinin dəmiryol stansiyasından naməlum istiqamətə sürgünə göndərilmişdir.
1937, ortası – 19 gün yol getdikdən sonra həmin qatarda, başqa bir vaqonda bir-birilərindən xəbərsiz (eyni qatarın müxtəlif vaqonlarında) sürgün edilən ailə,
Qazaxıstan stansiyalarının birində atası Əlibəy ilə qovuşmuş və həyatlarının sonuna kimi birlikdə olmuşlar.
36 gün 50 vaqonluq yük qatarıyla ( yük daşıyan, el arasinda skotovoz deyilən vaqonlarda) gətirilən köçkünlər Naxçıvandan Qazaxıstandakı son stansiyaya qədər – Taldı Kurqan vilayətinin Tentek stansiyasına çatdırılaraq mal tövlələrində yerləşdirilir və orada yaşamağa məcbur edilirlər.
1939-1952 – Qazaxıstan SSR-də orta məktəb illəri. Ailənin günahsız olması barədə (1947-ci ildə) SSRİ Ali Sovetinin qərarı çıxır və ailə Naxçıvanda aclıq-səfalət olduğunu öyrənərək oraya qayıtmır, Qazaxıstanın Çimkənt vilayətinin Paxta-Aral rayonunun Slavyanka qəsəbəsinə köçür, orada da orta məktəbi bitirir.
1952-1957 – Daskənd Kənd Təsərrüfatının İrriqasiyası və Mexanikası Mühəndisləri İnstitutunda oxuyub, oranı müvəffəqiyyətlə bititir.
1957-1960 – Özbəkistanın Sırdərya vilayəti Slavyansk avtobazasında mexanik, mühəndis, baş mühəndis işləyir
1960-1964 – Slavyansk avtobazasının direktoru olur.
1964-1966 – Sırdərya vilayət avtotrestinin baş mühəndisi işləyir.
1966-1974 – Sırdərya vilayət avtotrestinin baş direktoru təyin edilir.
1974-1977 – Özbəkistan SSR Sırdərya vilayət partiya komitəsinin sənaye, tikinti, rabitə və nəqliyyat şöbəsinin müdiri olur.
1977-1986 – Özbəkistan SSR Sırdərya Vilayət Partiya Komitəsinin katibi seçilir.
1986-1988 – Özbəkistan SSR avtomobil nəqliyyatı naziri təyin olunur.
1988-1990 – Daşkənd “Ortaasiyaqazprom” İB-nin nəqliyyat və xüsusi texnika şöbəsinin rəis müavini olur.
1990-1996 – Özbəkistan SSR (1991-ci ildən Özbəkistan Respublikası) Nazirlər Kabinetinin nəqliyyat və rabitə şöbəsinin müdiri təyin olunur.
1996-2004-in dekabrınadək – Azərbaycan Respublikasının Özbəkistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri və bütün Mərkəzi (Orta) Asiya respublikalarında akkreditə olunmuş səfir təyin olunub.
2005-2012 – Azərbaycan və Özbəkistanın fərdi təqaüdçüsü
20.XI.2012 – vəfat etmişdir.
Atası Əlibəy 23.V.1976-cı ildə, anası Aminə xanım 24.XII.1972-ci ildə vəfat etmişlər. Onlar Özbəkistan Respublikasının Sırdərya vilayətinin Baxt şəhərində dəfn olunmuşlar.
İki qızı, bir oğlu, altı nəvəsi, iki nəticəsi var. Azərbaycan, özbək, qazax və rus dillərini bilirdi.
TƏLTİFLƏRİ: Bir çox orden və medallarla təltif olunmuşdur.
O cümlədən: 1985-ci ilin avqustunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) “Şərəf” ordeni; 2002-ci ilin dekabrında anadan olmasının 70 illiyi münasibəti ilə Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin yaxşılaşdırılmasında göstərdiyi xidmətlərə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə.
GÖRDÜYÜ İŞLƏR VƏ XİDMƏTLƏR
1970-1980 – Özbəkistan SSR-in bütün nəqliyyat (avtomobil, dəmiryol, su) şəbəkəsini vahid bir sistemdə birləşdirməklə, onların fasiləsiz işləməsinin və beləliklə yüklərin daşınmasının daha səmərəli yerinə yetirilməsinə nail olunmasının əsaslarını hazırlayıb bu sahəyə tətbiq etmişdir.
1980-1985 – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi bu məsələyə maraq göstərib və həmin ideyanın bütün SSRİ-də tətbiq edilməsinə göstəriş verib.
1974-1986 – Özbəkistanda 300 min hektar susuz sahənin əkin üçün yararlı hala salınaraq 1 milyondan çox insanın normal təminatı üçün Sırdərya vilayətində üç nəhəng obyektin:
– gücü saniyədə 200 kubmetr olan Girak nasos stansiyasının;
– Orta Asiyada ən böyük istilik elektrik stansiyasının;
– pambıq çiyidindən istehsal olunan yağ alınması üçün Yağ Ekstaksiya zavodunun
tikintisinə rəhbərlik edib. Nəticədə pambığın 90 faizdən çox hissəsi maşınla yığılmağa başladı və insanların əmək şəraiti yaxşılaşdı.
1992-1993 – Türkiyə Respublikası tərəfindən Özbəkistana ayrılmış 650 milyon dollar məbləğində əmtəə kreditinin natural yük halında Türkiyənin müxtəlif limanlarından Özbəkistana daşınmasına köməklik edərək ekspert qismində fəaliyyət göstərib.
1996-2005 – Özbəkistan və Azərbaycan arasında qırılmaq üzrə olan əlaqələrin bərpası üçün çalışmış və bu işlərdə “körpü” rolunu oynamışdır, o cümlədən:
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ilk rəsmi səfərinin hazırlanmasında və iki dövlət arasında rəsmi sənədlərin imzalanmasında müstəsna xidmətlər göstərmişdir.
2000-2003 – Azərbaycandan kənarda ilk dəfə olaraq Azərbaycan diasporasını bir araya gətirərək dəyəri yarım milyon dollardan artıq Azərbaycan mədəniyyət mərkəzini inşa etmiş, 2004-cü ildə prezident İlham Əliyevin rəsmi səfəri zamanı onun açılışı olmuşdur. Həmin mərkəzdə müxtəlif dərnəklər, kitabxana, yaşlıların səmərəli məşğuliyyəti və istirahəti üçün otaqlar istifadəyə verilmişdi, mərkəzin bir tərəfi isə “Qız qalası” formasında inşa edilərək müxtəlif mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdu. Həmin mərkəzdə Azərbaycan diasporasının uşaqlarına ana dili dərsinin keçirilməsi təmin edilmişdir. Mərkəzdə kitabxana yaradılmış və həmin kitabxanaya öz şəxsi arxivindən 11000-dən çox kitab bağışlamışdır.
2004 – Azərbaycan Republikası Prezidenti İlham Əliyevin xanımı M.Əliyeva ilə birgə Özbəkistana ilk rəsmi səfərini təşkil etmişdir. Bu səfər zamanı:
N.Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin qarşısında Nizaminin heykəlinin açılışı olmuşdur;
Heydər Əliyevin xaricdə ilk büstü qoyulmuşdur;
Heydər Əliyev adına ilk küçə istifadəyə verilmişdir və ən başlıcası
Müstəqil Azərbaycan Respublikasının vəsaiti hesabına xaricdə ilk səfirlik binasının tikintisini təmin etmiş, ölkə Prezidenti İ.Əliyevin səfəri zamanı həmin səfirliyin açılışı olmuşdur .
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan adına görülən işlərdə, keçirilən rəsmi tədbirlərdə xalqın elm və sənət adamlarının, ziyalılarının iştirakı Aydın Əzimbəyovun diqqət və qayğısı sayəsində həmişə yüksək səviyyədə təmin olunmuşdur.
2000-2005 – Azərbaycanın Şəki bölgəsində ipəkçiliyin yenidən bərpası üçün Özbəkistandan Azərbaycana tut ağaclarının gətirilməsi, avadanlıq təchizatı və lazımi kadrlarla təminatının əsasını qoymuşdur.
2012 – Ömrünün sonunda 80 illiyi münasibəti ilə onun haqqında yazılmış “Aydın Əzimbəyov – Tarixlə səsləşən ömür yolu” kitabı ilə tanış olduqdan sonra kitabın sonuna azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqəli biblioqrafiya siyahısının (220 adda) qoyulması ideyasının təşəbbüskarıdır. Siyahı əlavə mənbələr tapıldıqca artırılması və dolğunlaşması üçün açıqdır.
20.11.2012 80 illik yubileyinə 20 gün qalmış dünyasını dəyişmişdir.
Qəbri Bakı şəhərində “Köhnə qəbristanlıq” deyilən yerdədir. (vəfatından əvvəl həmin yeri də özü seçmişdir…)
Aydın Əzimbəyov – Tarixlə səsləşən ömür yolu
Kitabı yüklə