Məmmədov Cavanşir Musa oğlu
Naxçıvan haqqında nəğmə
Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına.
Qoy dolanım, Vətən, sənin başına,
Deməsinlər pərvanəsi çatışmır.
Dərviş Cavanşir (Məmmədov Cavanşir Musa oğlu) 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Bəbək rayonunun Əliyabad kəndində anadan olmuşdur.
Ətrafli: İzləyin.
Dəli
Oyna, deyirdilər dəliyə, oyna!
Oyna, deyirdilər havalı başla…
Əgər oynamasan,
başını əzərik, yoxsa, bu daşla…
Dəli də əlinə daş yığa-yığa,
qaçırdı torpaq yollara…
bəlkə torpaq yolda
onu daşlamağa daş tapmadılar.
Şeytan daşlamağa Allah evində
daş tapılırsa,
bir yetim başını əzməyə
quru səhrada da kəsək tapılar…
1998
Divani
Uca könlümün sultanı, alçaq könülüm mənim,
Bir öyrən gör necə keçir ömrüm-günüm mənim.
Dərviş-libas Şah Abbasdı gendən görünüşüm mənim,
Yaxın gəlsən, görəcəksən, göz-göz olan yaram var.
Səbirnən haqqa varan var, beyqafil haqdan dönən,
Çırağı haqdan yanan var, ocağı haqdan sönən.
Sənin ki ağlar balan var, ruzusu haqdan gələn.
Sən niyə haqdan qorxursan, halalında haram var?
O ucuyla taraz gəlmir, bax bu ucu dünyanın,
Bilinmir ağdı-qaradı üzü suçlu dünyanın.
Əvvəli toy-düyünlü, sonu puçdu dünyanın,
Ya dərviş ol, ya Şah Abbas, bizi bir yaradan var.
1992
Ovsarım dəvə boynunda
Fələk ki barmaq sanamır,
Əlində sananan nədir?
Ürəyimin qanı damır,
Ürəyimə daman nədir?
Ömür bir köfşən yeridi,
Qurdun-quşun dən yeridi…
Qoruqcu köhlən yedirdir,
Mənə qalan saman nədir?
.Fələyin bu bic oynunda,
Qalmışam əli qoynunda.
Ovsarım dəvə boynunda,
Öndə kedən sarvan nədi?
1993
Şah sağ olsun…
Şah sağ olsun, özün dedin…
Özün də gəl, vur boynumu…
İlana da yer vermişəm,
İnanmırsan, gəz qoynumu.
Haqqın-sayın var boynumda,
Boynum ki qıldan nazikdi.
Məni cəllada tapşırma,
Onsuz da başım kəsikdi.
Əvvəl qollarımı vurun,
Əlim Allaha çatmasın…
Qoy ölümün haqdan gəlsin,
Bəndə günaha batmasın!
1992
Salvador Dali
Gizlədərəm, özgə bilməz,
Çəkərəm gizlicə, bilməz.
Min ağıllı çəkə bilməz
İndi bir dəli dərdimi.
Atın dağlara, daşlara,
Verin qurdlara, quşlara…
Bükün ağca qumaşlara
Bir sümük-dəri dərdimi.
Çəksin, qoy şəhanə çəksin,
Ya da dərvişanə çəksin.
Tapsın bir bəhanə, çəksin
Salvador Dali dərdimi.
1994
Saxlayın bu karvanı…
Yerdə qumlar qaynayır, göydən od-atəş yağır,
Dəvələr ilğımlardan təşnə-təşnə su içir.
Günün ilkindi çağı uzaqdan ağır-ağır,
Ayağı pöşülənən qoca bir dərviş keçir.
Dayan, a dərviş baba, yenə nə köçhaköçdü?
Gördüyün karvan ötdü, sürdüyün dövran keçdi…
Dünya yaranışdan fələk bizlərnən öcdü,
Bilmirdinmi arğacın üstündən əriş keçir?!
Köhnə yaram qövr edir, bağrım olur qan gedir…
Neçə təxti-Süleyman əlində fərman gedir.
Saxlayın bu karvanı… məndə olan can gedir,
Çərxi dönsün fələyin, bu nə gərdişdi keçir…
02.08.1990
Sənin gecən xeyrə qalsın
Mənim gəlhagəlim getdi,
Sənin gedənlərin gəlsin.
Gözlə, bir hövsələn olsun,
Gözlə, bir səbirin gəlsin.
Bu söz-söhbət hələ qalsın,
Saxlayaq, səhərə qalsın.
Sənin gecən xeyrə qalsın.
Mənim də səhərim gəlsin.
Gedən ağrı-acın olsun,
Gələn qardaş-bacın olsun,
Əcəldən macalın olsun,
Təki xoş xəbərin gəlsin.
1994