Məhərrəm Zamansız ötən bir il

Əslində Məhərrəm Zaman, böyük ürək sahibi, sədaqətli dost və istedadlı yazıçı kimi onu tanıyanların qəlbində bu gün də yaşayır və yaşayacaqdır. Hər dəfə ölümdən söz düşəndə çoxlarının qorxduğu və vahimələndiyi bu sözə qəh-qəhələr çəkən bu cəsur insan cəmi 53 il ömür sürdü. Lakin bu 53 ilin içərisindən boylanan müdriklik və məğrurluq işıq-işıq yayılaraq min illər boyu diri və əbədi qalacağına işarət edir. Məhərrəm Zaman həyata, insanlığa və Tanrıya olan sonsuz sevgisi ilə haqq etdi əbədiyyəti! Onun yaşadığı parlaq ömür səhifələri çevrildikcə  bu parlaqlıq önündə könül xoşluğu və şükranlığı yaşayır insan oğlu! Elə bu şükranlıqdan Tanrı özü də məmnun kimi görünür!

Kim idi, Məhərrəm Zaman?.. – deyə, yuxarıdakı misraları oxuyan lakin onu sağlığında yaxından tanımayan bir çoxları təəssüf edərdi bəlkə də… Bax elə buna görə də mənsub olduğu xalqın hər bir üzvü öz ziyalısını zamanında tanımağa və qiymətləndirməyə cəhd etməlidi. Məhərrəm Zaman da istər Qarabağ döyüşlərində iştirak etmiş bir əsgər kimi, istərsə də yazdığı əsərlərində vətən sevgisini və Tanrı sevgisini ana xəttə, əsas qayəyə çevirən bir yazıçı kimi zamanında qiymətini almayan, əslində heç bir zamana-filana sığmayan bir vətəndaş-ziyalı idi!

 Dünya malında, zaman keçdikcə sabun köpüyünə bənzəyən şan-şöhrətdə zərrə qədər gözü olmayan bu insan 53 yaşında da uşaq saflığında qalmışdı elə bil. Və mən inanıram ki, o, 100 il yaşasa belə uşaq saflığında qalacaqdı eləcə! SEVGİ və LƏYAQƏT sözləri ən sevimli sözləri idi onun. Boğazdan yuxarı danışanları sevməzdi qəti.  “Axı biz insanıq” – deyimi, sığınacağı və tarazlığın pozulduğu anlarda ən dəqiq ölçü vahidi idi onun.

“Əfqanıstan şahini”, “Başsız atlı”, “Hava canavarı”, “Maxtalı”, “Qalx”, “Qızılı saçlı” “Aydın Əzimbəyov – Tarixə səsləşən ömür yolu” və s. kimi neçə- neçə povest və romanlar, ciddi məqalələr, yazılar müəllifi olan Məhərrəm Zaman yaratdığı hər bir əsəri yaşayaraq, dərk edərək, ürəyinin qanıyla yazmışdı desəm, daha məntiqli və insaflı olardı.  “Əfqanıstan şahini”ndəki VİDADİ, “Başsız atlı”dakı KAMİL, “Hava canavarı”ndakı LOĞMAN, “Maxtalı”dakı MAXTALI “Körpü” povestindəki müstəqil Azərbaycanın ilk səfirlərindən biri olmuş AYDIN  ƏZİMBƏYOVS obrazları milli mentaliteti, tarixi ənənələri, qəhrəmanlıq və cəsurluğu, torpağa və vətənə bağlılığı əks etdirən əsl milli qəhrəmanlardır.  “Qalx”dakı YUSİF MÜƏLLİM, “Qızılı saçlı”dakı ƏLİQULU sadəlik və ləyaqət simvollarıdır. Və bu ədəbi qəhrəmanların hər biri  Məhərrəm Zaman şəxsiyyətini və xarakterini sadiq oxucu qəlbinə daşıyan sevgi zərrəcikləridir. Bu kiçicik xatirə yazımda böyük Məhərrəm Zaman şəxsiyyətini və yaradıcılığını tam qabartmaq gücündə deyiləm əsla. Lakin əziz dostumun anım günündə onu bir an da olsun unuda bilmədiyimi anlatmaq istədim. Bir də anlatmaq istədim ki, barı bundan sonra ədəbi mühit, xüsusən də ədəbi tənqid insafa gələrək Məhərrəm Zaman yaradıcılığına diqqət ayırsın. Əgər belə olarsa inanıram ki, bütövlükdə ədəbiyyat tariximiz qazanmış və zənginləşmiş olardı…

Dunya  xali də deyilmiş…

Sag olsun Rufət, Cəfər, Kamil, Akif, Buludxan Xəlilov   və s. kimi dostları saglıgında İdarə Heyətinin  üzvü oldugu  “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyində bir  araya gələrək onun secilmiş  əsərlərini capa hazırlayır, vaxtaşırı www.aqra.az  övraqında həm onu  və həm  də  Azərbaycanın digər  onun  kimi  önəmli, lakin təəsüf  ki,  cəmiyyətin hələ də tanımaga vaxt, imkan tapa  bilmədikləri   ƏSİL ŞƏXSİYYƏTLƏRİ  həm  tanıtmaga həm  də  vaxtaşirı YAD ETMƏYƏ   calışırlar…

Hələliksə, Məhərrəm Zaman ruhuna dualarla: – Ruhun şad olsun, əziz dost!

VAHİD ASLAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir