1990-cı il 20 yanvar hadisələri haqqında bəzi xatirələrim
Ermənilər tərəfindən zaman-zaman xalqımzın başına açılan faciələri heç zaman, heç kəs unutmamalıdır. Ona görə də bu hadisələri olduğu kimi yazmaq, xalqa çatdırmaq alimin, ziyalının, hər bir azərbaycanlının müqəddəs vəzifəsidir, müqəddəs borcudur.
Qoy o günlər, başımıza gələn faciələr heç vaxt yaddan çıxmasın.
20 yanvar 1990-cı il faciəsindən 8 il keçir. Bu münasibətlə keçırilən yığıncaqlarda, televiziya, radio verilişlərində çıxış edənlər öz xatirələrindən, bu faciəyə o zaman və indi verdikləri qiymətdən danışdılar.
Mən bu çıxışların hamısına çox diqqətlə qulaq asdım və belə qənaətə gəldim ki, çıxış edənlərin əksəriyyəti ancaq 1990-cı 20 yanvar günü Bakı şəhərində baş vermiş hadisələrdən danışırlar.
Ancaq Bakı faciəsinə qədər Azərbaycanın bəzi rayon və şəhərlərində baş vermiş, həm də birbaşa Bakı faciəsinə gətirib çıxaran hadisələrdən danışmırlar, heç o hadisələri xatırlatmadılar . Məndə belə bir fıkir əmələ gəldi ki, bu yoldaşların yəqin ki, hadisələrdən xəbərləri yoxdur. Axı o zaman baş verən hadisələr haqqında mətbuat orqanları ya yanlış xəbər verir, ya da heç xəbər vermirdilər. Baş vermiş hadisələri çəkməyə, yazmağa icazə verilmirdi, çəkilənlərin, yazılanların isə sonradan məhv edildiyinin indi şahidi olduq.
Azərbaycan xalqının başına gətirilən cinayətlər uzun bir yol keçdi, nəhayət onun ən yüksək zirvəsi olan Bakı faciəsinə gətirib çıxardı.
Mən Naxçıvan Muxtar Respublikasında baş vermiş hadisələrin canlı şahidi və iştirakçısı olduğum üçün o hadisələr haqqında xatirimdə qalan bəzi fıkirləri yazmağı özümə borc bildim. Bəlkə bu yazı o zamankı hadisələrin açılıb xalqa çatdırılmasında müəyyən rol oynadı.
Çıxış edənlərə belə sual verirdilər. Bakı faciəsi baş verməyə bilərdimi? Cavablar belə olurdu ki, respublikanın o zamankı rəhbərliyi ilə xalq arasında birlik olsaydı, bu hadisədən qaçmaq olardı. Bu düzdür, ancaq tam cavab deyil. Ona görə ki, Bakı faciəsi bir gündə baş verməmişdi. İllərlə Azərbaycan xalqına qarşı törədilən cinayətə lazımi qiymət verilməmiş, hər dəfə hadisələrin üstü ört-basdır edilmiş, xalqı səbirli olmağa çağırmışlar.
Bundan arxayınlaşan canilər daha qanlı hadisələr törətmişlər. Ona görə də 8 il bundan əvvəl öz azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə qalxan adamlar faciəli surətdə qırıldılar. Əliyalın adamlar “öz dövlətinin” müasir silahlarla silahlanmış qoşunları tərəfındən faciəli surətdə şəhid oldular.
Torpaqlarımız hissə-hissə ermənilərə veriləndə Ermənistanda yaşayan azərbaycanlılara əzab-əziyyət veriləndə, onları öz doğma yurdlarından qovanda, adamlara düzgün məlumat vermirdilər.
Azərbaycan torpaqlarını işğal etmək bədnam qonşularımızın əzəli arzusu olmuşdu. Lakin bu onlara nəsib olmamışdı. 1921-ci ildə keçirilən referendumda Naxçıvan əhalisinin 91 faizi Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs vermişdi. Ona görə də onlar bu məsələyə zaman-zaman qayıtmış, ov ovlamaq üçün pusquda duran vəhşi heyvanlar kimi həmişə vaxt, zaman gözləmişlər. Mən uzaq keçmişdən danışmıram. Bu tarixçilərin işidir. 1963-cü ilə qayıdıram.
Həmin il Ermənistan SSR Elmlər Akademiyasmın prezidenti Anbarsumyan başda olmaqla bir qrup erməni alimlərinin, tarixçilərinin Sov.İKP MK-ya göndərdikləri müraciəti xatırlatmaq istəyirəm. Həmin müraciətdə Naxçıvanın Ermənistana verilməsi tələb edilirdi. Bu zaman Naxçıvanda çox böyük narahatlıq yarandı. Daşnak generalı qulağı kəsik-qaniçən Andranik tərəfındən vaxtı ilə kəndlərimizin yandırılmasının, çoxlu insan qırğınına yol verildiyinin şahidi olan adamlar, döşləri Andranikin saldatları tərəfındən kəsilmiş qadınlar Şahbuz rayonunun mərkəzi meydanına toplanıb bu məsələyə öz etirazlarını bildirdilər. Moskvaya çoxlu müraciətlər oldu. Tarix elmləri doktoru – bu hadisələrin ən yaxşı tədqiqatçısı, bəzi hadisələrin canlı şahidiolan Ə.Əliyev birbaşa Moskvaya, Yerevana, SSRİ Elmlər Akademiyasına məktublar göndərirdisə də heç bir qaneedici cavab olmadı – mərkəzin belə münasibətini görən ermənilər daha da qızışdılar. Bu dəfə bizi şərləməyə başladılar. Qabağına Andranikin şəkili vurulmuş avtomaşınlar Sisyan rayonundan gəlib Şahbuz qəsəbəsinin içindən keçən zaman onlar aid orqan işçiləri tərəfındən saxlanılıb şəkillərin çıxarılmasını tələb etdikdə haray salıb Moskvaya bildirdilər ki, guya Naxçıvanda onların maşınlarını yandırırlar, onlara buradan gedib-gəlməyə imkan vermirlər. O zaman ermənilərin bu yalanı nəinki ifşa edilmədi, əksinə Moskva dərhal onların müdafiəsinə qalxdı. Bizi təqsirləndirdilər ki, biz respublikada yaşayan ermənilərə lazımi şərait yaratmırıq, onlara əzab-əziyyət veririk. Ermənilər rəhbər işlərdə işləmirlər, erməni məktəblərinin sayı azdır. Erməni dilində radioda veriliş verilmir və s. Halbuki, bunların heç biri düz deyil. Elə həmin vaxt Naxçıvan MSSR Nazirlər Soveti sədrinın birinci müavini Şahnazaryan, Kənd Təsərrüfatı nazirinin müavini Markaryan, Naxçıvan Şəhər Partiya Komitəsinin katibi Q.Mkrtçyan, Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi Qevorkyan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdir müavini A.Saakyan və başqaları respublikada uzun illər belə yüksək vəzifələrdə işləyirdilər. Radioda hər gün erməni dilində veriliş gedirdi. Respublikada olan ən böyük məktəb Naxçıvan şəhər 3 saylı orta məktəbin yarısı rus, yarısı erməni məktəbi idi. Hər sinifdə 2-3 nəfər tələbə qalana qədər həmin məktəb fəaliyyət göstərdi. Onu da deyim ki, 3 saylı məktəb beynəlmiləl məktəb idi. Rus dilində təhsil alan şagirdlərin sayı həmişə ermənilərdən çox olmasına baxmayaraq, məktəbin direktoru həmişə erməni Markaryan olub.
Şahbuz rayonunun Nurs, Arınc, Gömür, Ordubad rayonunun Parağa, Çənnəb, Aza, Bist, Babək rayonunun Əznəbürt, Ə.Təzəkənd, Culfa rayonunun Cuğa, Paradaş, Culfa şəhərində və başqa yerlərdə xüsusi erməni məktəbləri fəaliyyət göstərirdi. Ayrı-ayrı kəndlərdə bir neçə erməni ailəsi yaşayırdı, onların 2-3 nəfəri uşağına görə həmin kəndlərdə fəaliyyət göstərən məktəblərdə xüsusi erməni sinifləri saxlanılırdı.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti üzvlərindən biri mütləq erməni olmalı idi. Növbəti seçkilərdə əhalinin sayından asılı olmayaraq erməni deputatlarının sayı artırıldı.
Ən dəhşətli hal o idi ki, Naxçıvan respublikasında erməni dilində “Kommunist” qəzeti çox yayılsın deyə erməni dilini bilib bilməməsindən asılı olmayaraq Ordubad, Şahbuz, Culfa rayonlarında adamlar məcburi surətdə o qəzetə abunəçi olmalı idilər Vilayət Partiya Komitəsinin, Ali Sovetin Rəyasət Heyətinin respublika Nazirlər Sovetinin işçilərinin bu, “Kommunist” borcu idi. 1960-cı ildən başlayaraq Ermənistanda atom elektrik stansiyasının və metronun tikintisi ilə əlaqədar olaraq orada həddindən artıq yaşayış evləri tikilirdi. Həmin tikintilərdə işə gedənlərə heç bir növbə gözlənilmədən ev verirdilər. Ona görə bir evdən həmin tikintilərdə 3-4 nəfər işləyirdisə bir ilin içərisində bir ailədən eyni zamanda 3-4 ev alanlar oldu. Eyni zaman da Ermənistan ali məktəblərində təhsil alan mütəxəssislər orada qalsın deyə hətta son kursda onlara ev verirdilər. Ev alan cavanların çoxu sonradan öz valideynlərini də oraya aparırdılar. Ona görə də gedənlərin bəziləri öz evlərini satır, bəziləri isə həmin evlərdə bir qocanı qoyurdular, o evlərdən yaylaq kimi istifadə edirdilər. Ona görə də ermənilər yaşadıqları kəndlərdə yeni ev tikmir, heç bir abadlıq işi aparmırdılar. Ancaq təsərrüfatı inkişaf etdirib, bol məhsul yığıb Yerevana göndərirdilər.
O zaman xüsusi göstəriş olmuşdu ki, ermənilər Naxçıvandan getməsin deyə onları partiya və passport qeydiyyatından çıxarmaq olmaz, özlərinin təkidi və xahişi ilə Şahbuzda kolxoz sədrini, Culfada məktəb direktorunu partiya qeydiyyatından çıxarılmasına icazə verdiyinə görə Azərbaycan KP Naxçıvan Vilayət komitəsinin bürosu hər iki rayon partiya komitəsinin birinci katiblərinə cəza verdi.
Ancaq sonra qatı millətçi Z.Balayan yazacaq ki, Naxçıvanda ermənilərə genosid edildiyindən ermənilər Naxçıvandan köçüblər.
Naxçıvandan hər gün Yerevana bir neçə avtobus işləməsinə baxmayaraq, heç bir ehtiyac olmadığı halda və yerli təşkilatların xəbəri və icazəsi olmadan Yerevandan Yerevan-Ordubad, Yerevan-Culfa marşrutları üzrə Ermənistan maşınları işləməyə başladı. Sonradan aydın oldu ki, həmin marşrutlarla xüsusi qruppa adamlar kəndlərə gəlir, qədim abidələri, qəbiristanlıqda olan qəbirüstü yazıları söküb özlərinə lazım olanları həmin maşınlarla daşıyırlar. Belə avtobusların bir neçəsi tutulmuş, apardıqları əşyalar geri qaytarılmışdı. Mən özüm bir hadisənin şahidiyəm. Culfa rayonunun Cuğa kəndinin ətrafında – sərhəddə bir qəbristanlıq var. Ermənistandan kino çəkmək adı ilə Naxçıvana xüsusi adamlar göndərirdilər. Qəbiristanlıq sərhəddə yerləşdiyi üçün onlar birbaşa ora gedə bilməzdilər. Bunun üçün Naxçıvan sərhəd qoşunlarının icazəsi olmalı idi. Hərbi hissəyə xüsusi göstəriş verildi ki, onları ora buraxmasınlar.
Bu hadisədən bir müddət keçəndən sonra, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri məzuniyyətdə olduğu üçün mən onu əvəz edirdim. Bu zaman Moskvadan dövlət telefonu zəng çaldı. Özünü təqdim etdi. Danışan Ermənistan SSR meşə təsərrüfatı naziri idi. O dedi ki, biz kino çəkirik. Culfa rayonunun Cuğa kəndinin yanında bir köhnə qəbiristanlıq var, onu çəkmək istəyirik. Naxçıvanm rəhbərləri bizim adamları ora buraxmırlar. Burada elə bir şey yoxdur. Xahiş edirəm onlara göstəriş verəsiniz bu məsələni həll etsinlər.
Mən ona sual verəndə ki, nə vaxtdan bəri meşə təsərrüfatı nazirliyi qədim abidələr haqqında kino çəkir, əgər bu doğrudan da belədirsə necə oldu ki, Ermənistanda bir köhnə qəbiristanlıq tapılmadı? Deyəndə ki, mən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədriyəm və bu işdən xəbərim var, o, dərhal telefonu yerə qoydu, danışmadı.
Sonradan aydın oldu ki, Ermənistanda Türklərin erməniləri qırması haqqında kino çəkirlər. Həmin qəbiristanlığı isə türklər tərəfındən qırılmış ermənilərin qəbiristanlığı kimi göstərmək istəyirlər. Bununla isbat etmək istəyirlər ki, Naxçıvan erməni torpağıdır, neçə əsr əvvəl burada ermənilər yaşayıblar və onlanrın belə böyük qəbiristanlığı vardır. Halbuki, tarixçilərin verdikləri məlumata görə bu böyük qəbiristanlıq ermənilərə deyil, oda sitayiş edən Albanlara aiddir. Belə hallar çox olub, lakin onlara vaxtında cavab verilməyibdir.
1962-ci ilin təxminən aprel-may ayı idi. Mən Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində təbliğat-təşviqat üzrə katib vəzifəsində işləyirdim. O zaman Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi işləyən H.X.İbrahimov mənə dedi ki, Sovet İttifaqı marşalı Baqramyan Mehriyə gedir. Vağzalda sən onu qarşıla və Mehriyə yola sal.
Mən Ordubad Rayon İcraiyyə Komitəsinin o zamankı sədri H.Kazımova zəng vurub dedim ki, Dəstəbaşına gəlib məni orada gözləsin. Nə məqsədlə oraya gələcəyimi ona demədim.
Baqramyan vaqondan düşən kimi birinci sözü bu oldu ki, mənim arvadım Ordubadın Çənnəb kəndindəndir. Xəstə olduğu üçün gələ bilmədi, mənə tapşırdı ki, kəndə gedim atasının evlərinə baxım.
Bu təklif mənim üçün gözlənilməz oldu. Əvvəla kənddə heç bir hazırlıq işi görülməmişdi. Digər tərəfdən Sovet İttifaqı marşalını bu ağır, çətin yolla o kəndə aparmaq məsuliyyət tələb edirdi. Yolun çox çətin olduğunu, bizim maşınların ora qalxa bilməyəcəyini ona dedim. Ancaq o, qəti surətdə təkid etdi və dedi ki, mən mütləq arvadımın xahişini yerinə yetirməliyəm. Maşınlar hara qədər gedir-getsin, qalxa bilməsələr, yük maşını ilə qalxarıq. Mən cəmi orada 2 saat qalacağam. Biz Ordubad rayonunun Aza kəndinə yaxınlaşanda körpünün üstündə bir dəstə adamın toplandığını görüb maşınları saxladıq. Ordakı adamlar Cənnəb kəndinin kolxoz sədri, kənd sovetinin sədri, məktəb direktoru, xəstəxananın baş həkimi və başqaları idi. Onlar kənddən doğrudan da yük maşını ilə gəlmişdilər və bir anda Baqramyanı əhatəyə aldılar. Mən N.Kazımovdan soruşdum: bunları bura kim gətirib? O dedi ki, mənim xəbərim yoxdur, mən gəlib onları burada gördüm. Mənə dedilər ki, Baqramyan gəlir, Mehriyə gedəcək, biz onu qarşılayırıq.
Biz yolun bir hissəsini bizim maşınlarla, bir hissəsini isə yük maşınında gedəsi olduq.
Çənnəb kəndi o zaman ermənilərin sıx yaşadıqları kənd idi. Kəndin əksər rəhbərliyi erməni idi. Marşalı kənddə əvvəlcədən hazırlanmış ssenari üzrə çox təntənə ilə qarşıladılar. Qız-gəlinlər onun əlindən, ətəyindən öpür, yaşlılar onu bağrına basıb sevindiklərindən ağlayırdılar.
O, kəndin hər yerini piyada gəzdi, məktəbin zalına toplanmış adamlarla 3 saatdan çox söhbət etdi. Getməyə hazırlaşanda məktəbin direktoru onu evinə dəvət etdi. Mən zənn edirdim ki, özünün dediyinə görə onun vaxtı çox azdır, yəqin ki, oraya getməyəcəkdir. Ancaq o, direktorun dəvətini çox məmnuniyyətlə qəbul etdi və üstəlik dedi ki, getməsəm məndən inciyərlər, hazırlaşıblar. Məktəb direktorunun evində 50-60 nəfərlik çox zəngin bir süfrə açılmışdı. Hiss olunurdu ki, doğrudan da çox geniş hazırlıq işi aparılmışdı. Dörd saata yaxın da orada oldu, nəhayət qaranlıq düşəndə yola düşdük. Həmin adamların bir hissəsi Aza körpüsünə qədər gəlib onu yola saldılar. Bizə aydın oldu ki, bu görüş əvvəlcədən, çox incəliklə hazırlanmış görüş idi.
Bundan sonra qatı millətçi Z.Balayanın Ordubad, Culfa, Şahbuz kəndlərinə məlum səfərləri başladı. O, kənd və şəhərləri dərviş kimi gəzir, imkanı daxilində bütün erməni evlərində “qonaq” olurdu. Yığdığı materialları isə o zaman Naxçıvan şəhər partiya komitəsinin birinci katibi milliyyətcə erməni İliç Ələkbərovun atası-anası arvadı erməni idi. O, körpə olarkən anası erməni ərini qoyub Süleyman Ələkbərov adlı bir azərbaycanlı ilə qoşulub qaçmışdı. Ermənidən olan oğlu İliçi özü ilə gətirmiş, sonradan Süleyman kişi ona öz familiyasını vermişdi. Beləliklə onun adi İliç, atasımn adı Süleyman, familiyası isə Ələkbərov olmuşdu. O, Naxçıvan şəhər partiya komitəsinin birinci katibi seçildikdən sonra onu tanıyanlar yazırdılar ki, erməninin Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi seçilməsi düzgün deyil. Hər dəfə belə cavab verilirdi ki, bu ailə beynəlmiləl ailədir. Guya onun anası qrek, atası azərbaycanlı, arvadı ermənidi. Cavab da belə olmalı idi. Axı yazılmış məktublar həmişə Azərbaycan KP MK Naxçıvan Respublikası üzrə inspektorları Aramayıs Əmiroviç, Qevorqov yoxlayırdılar. Pis hal o deyildi ki, erməni idi. Ən pis hal o idi ki, onun özü erməni olduğunu danırdı. İ.Ələkbərov öləndən sonra onun qızları təkid etdilər ki, bizim atamız anamızın yanında erməni qəbiristanlığında dəfn olunmalıdır. Axı o, ermənidir. Onların dediyi kimi də oldu. Onu erməni qəbiristanlığında dəfn etdilər və onunla bir binada yaşayan ermənicə “Kommunist” qəzetinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri H.Mkrtçyanın evlərində yekunlaşdırdılar.
Beləliklə marşal Baqramyan və Z.Balayanın “Naxçıvana “Məşhur” səfərlərindən sonra Z.Balayanın “Ocaq” kitabı nəşr olunub hər yerə yayıldı. O kitabı ərə gedən erməni qızlara cehiz verirdilər. Belə misalları çox çəkmək olar.
1990-cı ildə ermənilər tərəfindən işğal olunmuş Şərur rayonunun Kərki kəndindən Ermənistana gedən yol kəndin yanından keçirdi, özü də çox geniş yol idi. Bir də gördük ki, heç kimin xəbəri olmadan texnika tökülüb işləyir, yol bir başa kəndin ortasına keçirildi. Aid orqanlar qarşısında məsələ qaldırıldı, cavab verdilər ki, burada nə var, onların yaxşı texnikası var, qoyun abad yol çəksinlər.
Arazdəyəndən keçib birbaşa Sədərək kəndinin ərazisində zavod tikəndə, Həsənqulu bağı adlandırılan ərik bağını, qəbiristanlığı sökəndə məsələ aid orqanlar qarşısında yenə qaldınldı. Hətta səlahiyyətli orqanlar Azərbaycan SSR Xarici İşlər və Ədliyyə Nazirlikləri işə qarışdılar.
Ancaq komissiyanın verdiyi nəticə belə oldu ki, 1927-1967- ci illərin kartoqrafık sənədlərinə əsasən 1969-cu ildə təsdiq edilmiş materiallarda Həsənqulu bağı adlanan ərazinin yaxınlığında sərhədboyu və sərhəddin yaxınlığında göstərilən bütün dağ və təpələrin yüksəklikləri göstərilməklə iki respublikanın sərhəddinin natural (yerində) daha dəqiq muəyyən edilməsinə imkan yaradılmasına və bütün sərhəd nişanları yerə köçürülən zaman hətta bütün məxfi sənədlərdə də “Həsənqulu bağı” Ermənistan SSR ərazisinə aid edilmişdi.
Mənə elə gəlir ki, izahata ehtiyac yoxdur. Bir neçə il ermənilər öz təcavüzkarlıq işlərini beləcə yerinə yetirdilər və bir növü gizli hücuma keçmək üçün fürsət axtarırdılar.
Belə maqamı H.Əliyev cənablarının Sov. İKP MK Siyasi bürosunun üzvlüyündən uzaqlaşdırdıqlarından sonra əldə etdilər. Bədnam qonşularımız M.S.Qorbaçovun ən yaxın silahdaşları və yardımçıları olan ağambekyanların, şahnazaryanların vasitəsilə yenidən öz bəd əməllərini davam etdirməyə başladılar.
Əvvəla ondan başladılar ki, SSRİ Nazirlər Soveti, SSRİ Dövlət Plan Komitəsi səviyyəsində demək olar ki, həll olunmuş Mehri-Naxçıvan arasında olan 14 km. avtomaşın yolunda xeyli iş görülməsinə baxmayaraq, o işi davam etdirməyə icazə vermədilər. Hər dəfə biz bu məsələni qaldıranda mərkəzin cavabı belə olurdu ki, Ermənistan icazə vermir. Bu yolun hərbi əhəmiyyəti olduğundan hərbiçilər Naxçıvandan SSRİ Ali Sovetinin deputanın SSRİ Müdafıə nazirinin müavini Papov söz verdi ki, onlar buməsələni həll edirlər. Bu da heç bir nəticə vermədi. Papov deputat seçildikdən sonra bir dəfə də olsa bu məsələ ilə məşğul olmadı.
Bir müddət keçəndən sonra Naxçıvanı Bakı ilə birləşdirən yeganə avtomaşın yolunu bağlayıb, yüzlərlə sürücünü işsiz qoydular. Bununla da respublikanın iqtisadiyyatına çox ağır zərbə vurdular. Qonşu erməni kəndlərindən kəndlərimizə hücum edib kolxoz, sovxozların mal-qarasını aparıb, çobanları öldürürdülər.
İstirahət etmədən 30-33 saat fasiləsiz işləyib, zəlzələdən zərər çəkmiş məkrli qonşularımıza yük daşıyan Culfa dəmiryolçularını Mehri ərazisində atəşə tutdular. Vaqonları dəlik-deşik etdilər, maşinistləri öldürdülər. Belə vəziyyətdə dəmiryolçular işləməkdən imtina etdikdə dərhal haray saldılar ki, dəmiryolçular işləmir, yüklər daşınmır. Zəlzələdən zərər çəkənlər acından qırılırlar. Halbuki, sonra aydın oldu ki, onlar həmin vaqonlarda hərbi sursat daşıyırmışlar.
Onların harayına cavab olaraq o zamankı SSRİ Müdafiə Nazirinin müavini Varennikov Culfaya gəlib dəmiryolçuların yığıncağında iştirak etdi. Mən də həmin yığıncaqda iştirak edirdim. O, portfelindən “Quran”ı çıxarıb göstərdi ki, mən sizin yanınıza müqəddəs kitabla gəlmişəm. Mən inandım ki, Siz haqlısınız belə şəraitdə işləmək olmaz. İcazə verin ermənilər gülləyə tutduğu deşik-deşik edilmiş vaqonu Moskvaya aparıb sərgidə hamıya göstərim ki, kimdir günahkar. Dəmiryolçular ona inanıb vaqonu verdilər, özləri də işə başladılar. Sən demə ermənilərin havadarları cinayətin izini itirmək üçün bunu edirmişlər. Vaqonu dərhal aradan çıxartdılar. Bu hadisədən bir neçə gün sonra Mehri sahəsindəki tunellərin girişləri ermənilər tərəfındən betonla hörüldü, relslər dağıdıldı, dəmiryol qurğuları tamamilə sıradan çıxarıldı.
SSRİ xalq deputatları qurultayında bizi, dəmiryolunu mühasirəyə alan, Ermənistan SSR-in iqtisadiyyatına zərbə vuran kimi qələmə verdilər. Şərur rayonunun Sədərək kəndi ətrafına gecə ikən buldozer salıb meyvə bağlarını qırdılar. 20-25 dərəcə sərt şaxtalı qış günlərində qaz və işığı, televiziya-telefon xətlərini kəsdilər.
İllər boyu bir yerdə yaşayıb naxçıvanlılardan heç bir pislik görməyən Babək rayonunun Əznəbürt kəndində, Naxçıvan şəhərində yaşayan ermənilərin təhülkəsizliyini qorumaq üçün bütün tədbirlər görüldü. Bunun nəticəsində hadisələr başlanandan axıra qədər Naxçıvan MSSR-də milli zəmində heç bir hadisə baş vermədi. Ancaq öz şəxsi və dövlət evlərini könüllü surətdə çox baha qiymətə satıb və ya Ermənistandan gələn qaçqınlarla dəyişib “Sizdən çox razıyıq” deyib yola düşən ermənilər Arazdəyəndən o tərəfə kecən kimi maşınların üstündə qara çəkib fəğan qopardılar ki, bizi döyüb qovublar, maşınlarda ölü aparırıq. Dərhal onların üstü örtülü maşınlarının şəkli çəkilir, mərkəzi televiziya ilə göstərilirdi. Lakin heç kim bu maşınların içindən nəinki ölü, heç yaralı da tapa bilmədi.
Lakin qatı millətçi Z.Balayan Ermənistan SSR Ali Sovetinin sessiyasında Naxçıvanda ermənilərə genosid edilməsi haqqında car çəkdi. Ancaq başlarına min oyun açılmış, öz dədə-baba yurdlarından qovulmuş 1987-1988-ci ildən Naxçıvanın şəhər və kəndlərinə tökülmüş qaçqınların şəklini çəkməyə bizə icazə verrmədilər. Onları biz çox çətinliklə Naxçıvandan vaqonlarla yola saldıq, onlar birbaşa Xankəndinə, Ağdama, Xocalıya getməyi təkid edirdilər. Çox təəssüflər olsun ki, onları yenidən Naxçıvana qaytarırdılar, ya da özləri Bakıya gedirdilər. O zamankı Azərbaycan KP MK-nın birinci katibi işləyən Ə.Vəzirovun xüsusi göstərişi olmuşdu ki, Ermənistandan gələnləri Qarabağa buraxmaq olmaz.
Mən, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müavini N.Fətəliyev, Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini Qalustyan Babək rayonunda yerləşən minə yaxın qaçqını qəbul edib dinlədik. Onların hamısı başlarına açılan dərdlərdən, onlara verilən əzablardan, qonşularının günün – günorta çağı onların qız və gəlinlərinin namusuna təcavüz etməklərindən yana- yana danışırdılar. Azərbaycanlıya ərə getmiş milliyyətçi erməni olan 3 uşaq anası qadın, onun və uşaqlarının başına açılan müsibətlərdən ağlaya-ağlaya danışanda Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini özünü saxlaya bilməyib ermənicə o qadını söydü və dedi ki, sənin qanın erməni qanı deyil, erməni olsaydın belə damşmazdın. Gərək səni orda öldürəydilər.
Bütün azərbaycanlılar Ermənistandan qovulandan sonra isə Sov. İKP MK bu hərəkətlərin yol verilməzliyi haqqında qərar qəbul etdi. O zaman Azərbaycan KP MK birinci katibi olan Ə.Vəzirov isə Azərbaycandan gedən ermənilərin yenidən Azərbaycana qayıtması haqqında xəbəri müjdə kimi xalqa çatdırdı.
Ancaq bu səbrlilik, abır-həya etmək, etikanı gözləmək bizə çox baha başa gəldi. Bu kədər, əsəb gərginliyi hələ az imiş kimi 1990-cı ilin yanvar ayında başımıza daha böyük müsibətlər gəldi. İnsan tələfatı ilə qurtaran hadisə baş verdi. Bundan bir az sonra danışacağam.
Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, Qarabağ məsələsinin həll olunmaması, 1989-cu ilin dekabr ayında yolların bağlanması, qazın və işığın kəsilməsi Naxçıvan şəhərində və rayonlarında bir sıra müəssisələrin iş ahəngini pozdu. Fabrik, zavodlar dayandı, işsiz qalanların sayı artdı.
Bütün bunlardan narazı qalan xalq kütlələri meydanlara çıxır, öz azadlığı, suverenlikləri uğrunda mübarizəyə, sosial iqtisadi məsələlərə aid bir sıra tələblər irəli sürürdülər.
Bu məsələlərdən biri başqa ölkələrdə olduğu kimi qonşu İran, Türkiyə ilə olan sərhədlərdən tikanlı simlərin yığışdırılması və sərhədlərin açılması idi.
1989-cu il dekabr ayının 5-də mitinqlərin birində bu məsələyə aid qəbul olunmuş təklif Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə göndərilmişdi. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti öz növbəsində bu məsələnin həlli üçün Azərbaycan KP MK, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə müraciət etdikdə şifahi surətdə belə cavab verirdilər ki, indiki zamanda bu məsələni qaldırmaq ən azı siyasi korluqdur.
Azərbaycan SSR Ali Sovetinin XI sessiyası gedirdi. Gözləmədiyim bir halda Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi A.Cəlilov mənə dedi ki, sənin Ali Sovetə göndərdiyin məktuba müsbət cavab verəcəklər. Ancaq gərək sən sessiyada çıxış edib təklif verəsən ki, İran ilə olan dövlət sərhədlərində çəpərlərin içərisində çoxlu torpaqlar var. Biz ondan istifadə edə bilmirik, ona görə də bu məsələyə sessiyada baxılıb müsbət cavab verilsin.
Mən sərhədyanı problemlərinin həlli məsələsi ilə XI çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış etdim. Mənim Təklifim əsasında sessiyada Ə.M.Şəkinski yoldaş sədr olmaqla 23 nəfərdən ibarət komissiya təşkil edildi. Komissiyanm tərkibinə Azərbaycan SSR Xarici İşlər Naziri H.M.Sadıxov, general M.C.Nəsirov, D.Q.Vaziçik, Zaqafqaziya sərhəd qoşunları dairəsindən V.K.Jukov, 2062 hərbi hissənin komandiri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədr və sədr müavinləri, respublika prokurorluğu, daxili işlər naziri, təhlükəsizlik komitəsinin sədr müavini, Azərbaycan Xalq Cəbhəsi İdarə heyətinin üzvləri daxil idilər.
Biz həmin gün xüsusi təyyarə ilə Bakıdan Naxçıvana qayıtdıq. 1989-cu il 30 dekabr saat 19:00-da Naxçıvan MSSR Ali Soveti Naxçıvan MSSR sərhədyanı problemləri həlli məsələsi üzrə on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin on birinci sessiyası tərəfindən təsdiq edilmiş iclası oldu. İki gün davam edən çox gərgin danışıqlardan sonra Moskva nəhayət icazə verdı ki, Babək rayonunda Araz su qovşağı sahilində sərhəd çəpərləri sökülsün. Bunu sərhədçilər özləri edəcəklər, sizin də adamlar orada olsa yaxşıdır. Komissiyanın üzvləri sərhədləri gəzəndə gördük ki, bir neçə gün əvvəl hərbiçi ailələri xüsusi hərbi təyyarə ilə Naxçıvandan köçürülmüş, sərhəd məntəqələri boşaldılmış, məntəqələrin hər birində bir nəfər rus generalı sərhəd dirəklərinin sökülməsinə nəzarət edirdilər.
Yanvar ayınnın 1-də bütün Naxçıvan ərazisində sərhəd dirəklərinin sökülməsi davam etdirildi. Tikanlı məftillərin söküldüyü yerlərdə xalq Araza doğru axışmış sevincdən doğan göz yaşlarının ulu və nisgilli Arazın suları ilə yumuşlar.
Bütün bu hadisələrin gedişində hərbiçilərlə onların ailələrinə və mühəndis-istehkam qurğularına qarşı heç bir zorakılıq tədbiri həyata keçirilməmişdir. Sovet sərhədçiləri içərisində sərhəd bölmələri tam bitərəfli müşahidəçi mövqe tutmuşlar.
Naxçıvan ərazisində sərhəd dirəklərinin ləğv edilməsi əmin- amanlıq, asayişi tam riayət olunduğu bir şəraitdə həyatda keçirilməsinə baxmayaraq, Sovet kütləvi məlumat vasitələri xalqımızın tarixində mühüm əhəmiyyət daşıyan bu hadisələri barbarlıq və zorakıhq işi kimi qiymətləndirmiş, bununla da rəsmi dairələrin Azərbaycana qarşı qeyri-səmimi və ayrı-seçkilik münasibəti göstərildiyini bir daha sübut etmişdir. Halbuki, Moskva televiziyasının “Zaman” xəbərlər proqramı Naxçıvanda Cənubi və Şimali Azərbaycan arasındakı əlaqələri bərpa etməyə doğru yönəldilmiş hərəkətlərə öz mənfı münasibətini bildirdikdə dərhal sonra növbəti hadisəni- Demokratik-Almaniya ilə Federativ Almaniya arasında sərhədlərin ləğv edilməsini demokratiya və ədalət yolunda atılmış mühüm addım kimi qiymətləndirmişdi.
M.Qorbaçov isə mərkəzi televiziya ilə çıxışında utanmadan deyir ki, Naxçıvanda narkomanlar və alkoqoliklər “yüzlərlə kilometr uzanan dövlət sərhədlərində mühəndis-texniki qurğuları ləğv etmişlər”.
İndi tarixi dəqiq yadımda deyil, bu hadisədən təxminən bir həftə sonra mənim “Kommunist” qəzetində çap olunmuş müsahibəmdə deyilirdi ki, Naxçıvanda ekstremistlər, narkomanlar, alkoqoliklər yoxdur, heç kəs sərhəddə hücum etməyibdir. Sərhədləri xalqın tələbi ilə hərbiçilərin özləri açıblar və bu zaman sərhədlərdə heç bir hadisə baş verməyibdir. Heç bir mühəndis-texniki qurğu məhv edilməyibdir. 1990-cı il 20 yanvar gecəsi qoşunlar Bakıya yeridildikdə bizə aydın oldu ki, sərhədlərin biz açılmasını tələb edəndə, bu haqda məsələ qaldıranda yox, məhz Moskvaya əlverişli olanda – yəni Ermənistana şərait yaratmaq üçün icazə verilmişdi. Daha doğrusu, o zaman Moskvadakı rəhbərlər bilirmişlər ki, Bakıya qoşun yeridiləcəkdir. Yollar isə bağlıdır. Naxçıvana heç yerdən köməyə gələn olmayacaqdır. Bunu bilən ermənilər məhz həmin gün Naxçıvana hücum etdilər. Onlar güman edirdilər ki, əlacsız və müdafiəsiz qalan naxçıvanlılar açılmış sərhədlərdən qonşu İran və Türkiyəyə qaçarlar ermənilər isə Naxçıvanı zəbt edərlər. Başqa hadisələrdə olduğu kimi M.S.Qorbaçov sonra deyəcək ki, mənim bu işdən xəbərim yoxdur.
1990-cı ilin yanvar ayının əvvəllərindən başlayaraq bizə xəbər gəlirdi ki, Şərur rayonunun Sədərək kəndi yaxınlığında, Şahbuz, Ordubad, Babək rayonlarının Ermənistanla həmsərhəd olan kəndlərində erməni yaraqlılarının böyük qüvvəsi toplaşır.
Lakin heç kim onlardan soruşmurdu ki, Qarabağ məsələsi başlanandan Naxçıvandan Ermənistan ərazisinə hansı basqınlar olub ki, indi onlar sərhədləri belə möhkəmləndirirlər. Yanvar ayının 10-dan başlayaraq erməni yaraqlıları sərhəd kəndlərinə odlu silahlardan atəş açdılar. Bütün hadisələr haqqında dəfələrlə SSRİ, Azərbaycan SSR və Ermənistan SSR Daxili İşlər Nazirliklərinə vaxtında məlumat verilməsinə baxmayaraq, heç bir tədbir görmədikləri üçün ermənilərin özbaşınalığı daha da şiddətləndi.
Yanvar ayının 17-də saat 19-da Şərur – o zamankı “İliç” rayonunun Kərki kəndini müdafıə edən hərbiçilər Naxçıvan MSSR Daxili İşlər Nazirliyinə məlumat verərək 3 minə yaxın erməni ekstremistlərinin və 3 BTR-in daşnaq partiyasının bayrağı altında kəndə basqın etdiklərini bildirmişdilər. Bir neçə saat davam edən şiddətli atışmadan sonra məcburiyyət qarşısında qalan kənd əhalisi evlərini tərk edərək Sədərək kəndinə qaçmışlar.
1990-cı il yanvar ayının 18-də gündüz saat 17: 00-da top, raket, pulemyot, avtomat və s. müasir silahlarla silahlanmış beş minə yaxın erməni yaraqlısı Sədərək kəndi ətrafında milis karantin postuna, “Oktyabrın 60 illiyi” adına şərab zavoduna, sovxozun fermalarına basqın etmişlər. Milis işçiləri yerli əhalinin həyatının ciddi təhlükə qarşısında qaldığını görərək kəndin müdafıəsinə qalxmışlar. 4 saat davam edən şiddətli atışmadan sonra milis postu dağıdılmış, postda olan “Viola-A” markalı radio stansiyası və digər dövlət əmlakı qarət edilmişdi. Kərki kəndinə gedən yol bağlanmış, kənd işğal edilmişdi.
Kərki kəndinin azad edilməsi haqqında dəfələrlə məsələ qaldırılsa da, hər dəfə cavab verdilər ki, bizim orda adamımız yoxdur, onlar Bakıdan qaçıb gələn azərbaycan vətəndaşlarıdır. Bacarırsınızsa, gedib onları oradan çıxarın. Yaranmış vəziyyət haqqında biz yuxarı təşkilatlara məlumat verdik.
Birbaşa təkrar-təkrar o zamankı SSRİ Prezidenti M.S.Qorbaçov, SSR Ali Sovetinin sədri A.İ.Lukyanov, SSRİ Daxili İşlər naziri V.V.Bakatin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.A.Kryuçkov, SSRİ Müdafıə naziri Yazov – SSRİ Xaricı İşlər naziri E.A.Şevardnadzeyə teleqramlar verilməsinə, bir başa dövlət telefonları ilə zəng vurulmasına baxmayaraq, bizə ancaq belə cavab gəlirdi ki, teleqram sahibinə çatdırılıbdır. Başqa cavab ala bilmədik. Eyni məzmunlu teleqramlar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarovaya, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirova vuruldu. Bundan əlavə eyni məzmunlu teleqramlar Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinə seçilmiş deputatların adından da vurulmuşdu. Təəssüflər olsun ki, bunların hamısı cavabsız qaldı. Bakı ilə demək olar ki, əlaqə tamam kəsilmişdi. Hökumət telefonları cavab vermir, adi telefonlar isə ümumiyyətlə işləmirdi.
Respublika əhalisi vahimə içərisində idi. İndiki Azadlıq meydanına yüz mindən çox əhali toplanmışdı. Bu zaman Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, respublika Təhlükəsizlik Komitəsinin sədri vəzifələri boş idi. A.Cəlilov yenicə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi seçilmişdi.
Naxçıvan MSSR-də həmişə SSRİ Müdafıə Nazirliyinin xüsusi diviziyası, SSRİ Sərhəd qoşunlarının 2062 N-li xüsusi hissəsi yerləşirdi. Bizim onlarla həmişə sıx əlaqəmiz var idi.
Naxçıvan şəhərindəki mərkəzi meydana toplaşanlar vəziyyətin ağırlığını görüb müdafiə üçün ordu hissələrinə müraciət etməyi tələb edirdilər. O zaman diviziyanın komandiri hazırda Rusiya dumasının üzvü Lev Roxlin, sərhəd qoşunlarınm komandiri V.K.Jukov idi. Mən onlara müraciət etdim ki, heç olmasa bir tank göndərin, sərhəddə ermənilər görsünlər, bəlkə qorxub çəkildilər. Hər iki komandir mənə cavab verdi ki, bizim hər şeyimiz var, özümüz də döyüşə hazır vəziyyətdəyik, ancaq Moskva bu işlərə qarışmağa bizə icazə vermir. Siz icazə alsanız biz hər şeyə hazırıq. Bundan sonra mən yenidən SSRİ Müdafiə Naziri Yazova teleqram verdim, özüm isə dövlət telefonu ilə ona zəng çaldım, köməkçisi dedi ki, mən sizin dediklərinizi ona çatdıraram, ancaq təəssüf olsun ki, o mənə cavab vermədi. Sonradan aydın oldu ki, o Bakı faciəsinə hazırlaşırmış. Vəziyyəti belə görən L.Roxlin dedi ki, mənim sizə çox böyük hörmətim var. Mən sizə ancaq belə kömək edərəm. Naxçıvan MSSR Nazirlər Sovetinin dal qapısından çıx, bizim adamlar sizi bir başa qospitala gətirsinlər. Sonra görək nə edə bilirik. Əlbəttə mən insanları belə ağır vəziyyətdə qoyub öz canımı xilas edə bilməzdim. Xalqı bu ağır vəziyyətdə qoyub heç bir yerə gedə bilməzdim.
Etiraf edirəm ki, bir anda nə edəcəyimi, adamlara necə cavabverəcəyimi bilmirdim. Bir onu bilirdim ki, belə bir faciəli anda mən xalqla bir yerdə olmalıyam. Ancaq ürəyimdə tez-tez deyirdim ki, Allah, sən mənə səbr və qüvvət ver. İnsanların dərdinə şərik olub onları bu vəziyyətdən qurtaraq, Allah mənə kömək etdi. Bir anda məndən qorxu hissi yox oldu. Mən meydandakı adamlara müraciət edib dedim: – Ölsək hamımız bir yerdə öləcəyik, qalsaq da hamımız bir yerdə olacayıq. Səbrli olun, necə tələb edirsiniz elə qərar qəbul edək”.
Elə bu vaxt xəbər gəldi ki, indi də ermənilər Sədərəyə hücum ediblər 8 nəfəri öldürüblər:
1. Abbasəli Qara oğlu Nəcəfəliyev 1960-cı il Babək rayonunun Əliabad kəndindən anadan olmuş, bir uşaq atası idi;
2. Etibar Rzaqulu oğlu Əhmədov 28 yaşlı, Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdu, 3 uşaq atası idi;
3. Məhəmməd Əli oğlu Məmmədov 1949-cu ildə Şərur ra- yonunun Yenikənd kəndində anadan olmuşdu, 6 uşaq atası idi;
4. Mirhəşim Mirşəmid oğlu Seyidov 1958-ci ildə Şərur rayo- nunun Oğlanqala kəndində anadan olmuşdu, 4 uşaq atası idi;
5. İdris Ələsgər oğlu Məmmədov 1957-ci ildə Naxçıvan şə- hərində anadan olmuşdu, bir uşaq atası idi;
6. Məhərrəm Mirəziz oğlu Seyidov 1950-ci ildə Şərur rayo- nunun Alışar kəndində anadan olmuşdu, 4 uşaq atası idi.
Sədərək kəndində Nəsirovlar ailəsinə daha ağır itki üz vermişdi. 7 yaşlı Elvin və 5 yaşlı Malik torpaqlarının xoşbəxt gələcəyini görmədən erməni basqınçılarının gülləsindən həyatdan getmişlər. Evləri yanmış, anaları ağır yaralanmışdı. Belə vəziyyəti görən əliyalın naxçıvanlılar Sədərəyə gedib erməni yaraqlıları ilə döyüşə hazır olduqlarım bildirdilər.
Meydana toplaşan adamların bir qismi Sədərəyə getdi, bir qismi isə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin binasına qalxaraq Naxçıvan MSSR Ali Soveti sessiyasının çağırılmasını tələb etdilər.
Naxçıvan MSSR Ali Sovetinin 110 deputatının əksəriyyəti rayonlarda, kəndlərdə yaşayırdılar. Telefonlar işləmədiyi üçün bütün rayonlara dərhal adamlar gedib onlara xəbər çatdırdılar.
Həmin sessiyaya Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinə seçilmiş deputatlar və Azərbaycan SSR Ali Sovetinin deputatları dəvət olundular.
Sessiya 1990-cı il yanvar ayının 19-da saat 20-də öz işinə başladı. Sessiya birbaşa adamların toplandığı meydana translyasiya edilirdi. Naxçıvan MSSR Ali Sovetinin binasının üstündə Azərbaycan Demokratik Respublikasının bayrağı vurulmuşdu.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bütün işçiləri öz iş yerində olduğu halda onlardan heç kəs – o cümlədən Naxçıvan MSSR Ali Sovetinin deputatı, Vilayət Partiya Komitəsinin birinci katibi A.Cəlilov, Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdiri – Naxçıvan MSSR Ali Sovetinin sədri V.Cəlilov və başqa yoldaşlar da sessiyaya gəlmədilər. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin binasında işıqlar keçirilmişdi ki, oraya daş atmasınlar. Belə hal bir neçə gün əvvəl olmuşdu. Bakıdan nümayəndə kimi gəlmiş Z.Hacıyev və başqaları da orada idi.
Ali Sovetin sessiyasının aparılması qaydasına görə sessiyanı Ali Sovetin sədri Vahid Cəlilov açmalı və aparmalı idi. Yuxarıda qeyd etdiyim kimi o sessiyaya gəlmədi. Sonradan dedi ki, Ordubadda olub, sessiyanın çağırılmasından xəbəri olmayıbdır. Halbuki, Ordubad rayonundan seçilmiş sıravi deputatların əksəriyyəti qadın idi, maşınları da yox idi. Ancaq onlar sessiyada iştirak etdilər. Belə vəziyyətdə başqa əlac yox idi. Sessiyanı mən açmalı idim. Belə də etdim. Sessiyanı açıb axıra qədər apardım.
Mən sessiyanı açıb dedim ki, muxtar respublikada vəziyyət gərgin olaraq qalır. Ayın 15-dən başlayaraq bu günə və bu gün səhər saat 7- dən indiyədək bütün instansiyalara müraciət etmiş, muxtar respublikada yaranmış ictimai-siyasi vəziyyəti hər tərəfli şərh etmişik. Respublika blokada şəraitindədir. Əhalinin vəziyyəti pisdir. Biz dəfələrlə M.S.Qorbaçova, A.Lukyanova, Nişanova. E.Şvardnadzeyə, Yazova, Bakatinə, Kruçkova müraciət etmişik. Lakin heç bir cavab almamışıq. Biz sərhəd məsələsi haqqında da öz fıkirlərimizi bildirmişik.
Azərbaycan SSR Xarici İşlər naziri Sadıqov yoldaş rəsmən bildirmişdir ki, bu məsələ haqqında hazırlanmış müqavilə SSRİ və İran Respublikası arasında yanvar ayının 28-də imzalanacaqdır. İki gündür ki, muxtar respublikada gərginlik daha da artıbdır. Ermənistan Respublikasından ərazimizə basqınlar edilir. Top və raketlərdən atəş açılır. Artıq insan tələfatı var. Ona görə də mən xahiş edirəm ki, deputatlar çıxış edib bundan sonra görəcəyimiz işlər haqqında öz təkliflərini versinlər.
(1998)
Sessiyanın gündəliyi təsdiq edilir:
1. Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında
Deputatlar çıxış etdikləri müddətdə bir neçə dəfə Naxçıvan MSRR Ali Soveti Rəyasət heyətinin katibi H.Xəlilovu Vilayət Partiya Komitəsindən telefonla çağırdılar və ona dedilər ki, deputatların tələb etdiyi kimi qərar qəbul etmək olmaz. Sessiyada 29 nəfər – o cümlədən indi milli Məclisin üzvü – aqrar məsələlər üzrə daimi komissiyamn sədri E.İbrahimov çıxış etdi. Deputatlardan başqa sessiyada xalq cəbhəsinin bir neçə üzvü də çıxış edib təklif verdilər.
Çıxış edənlərin hamısı qeyd etdi ki, respublikada vəziyyət çox gərgindir, insanların həyatı təhlükə qarşısındadır. SSRİ və Azərbaycan SSR-in bütün təşkilatlarına xəbər verilməsinə baxmayaraq, heç kim bizim müraciətimizə cavab vermir, rus hökuməti bizi aldada-aldada qırğına verdi. Biz Partiyaya inanmışdıq, indi artıq gecdir, səhvimizi özümüz düzəltməliyik.
Qadınlar şurasınm sədri S.Kərimova dedi ki, mən bu gün bütün anaların, qadınların adından özünü sülhsevər və humanist adlandıran dövlətdən – M.S.Qorbaçovdan kömək istəmişəm, ancaq heç bir cavab almamışam. Biz kişilərlə birlikdə vuruşmağa hazırıq. SSRİ Ali Sovetinin deputatları çıxış edərək göstərdilər ki, indiyədək biz mərkəzdən kömək gözləmişik, belə vaxtda kömək etmək onların borcudur. Onlar nəinki kömək etmirlər, hətta vurduğumuz teleqramları geri qaytarırlar. Biz xalqın üzünə baxa bilmirk, buna görə də deputatlıqdan imtina edirik.
Deputatlar qeyd etdilər ki, erməniləri silahlandırıb bizim üstümüzə göndərirdilər. Bizdə olan ov silahlarını, məktəblərdə olan tədris üçün olan silahları yığdılar. Biz tələb edirik xalq silahlansın, deputatlarımız xalqın qabağında gedib torpaqlarımız uğrunda vuruşmalıdırlar.
Çıxış edənlərin çoxu qeyd etdi ki, Azərbaycanın taleyi M.S.Qorbaçovun siyasəti ilə il yarımdır ki, şəxsiyyəti, ləyaqəti olmayan, Azərbaycan xalqının dinini, adət-ənənəsini bilməyən adama tapşırıldı. (Ə.X.Vəzirov bu müddət ərzində xalqın əsəbləri ilə oynadı, yalançı vədlərlə xalqı aldatdı, axırda da bizi qırğına verib qaçdı.)
Hamı təklif edirdi ki, Qars müqaviləsinə əsasən kömək üçün Türkiyə Respublikasına müraciət etmək lazımdır. Belə vəziyyətdə biz daha SSRİ-nin tərkibində qala bilmərik.
Deputatların hamısınm təklifı belə oldu. Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar sessiyası aşağıdakı qərarı qəbul etsin.
Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında
SSRİ-nin əsas Qanununun 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan MSSRsuverenliyi və ərazi bütövlüyü müdafıə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali qanunvericilik orqanlarının ittifaq orqanlarına dəfələrlə edilən müraciəti nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfındən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan vətəndaşların həyatı təhlükə qarşısında qaldığından;
Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası
qərara alır:
1. Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir;
2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.
3. Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər təşkilatına, İran İslam Respublikasına, dünyanm bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun.
4. Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıxarılsın.
5.SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.
6. Sessiyanın qəran Azərbaycan SSR və SSRİ Respublikasının bütün dövlətlərinin nəzərinə çatdırılsın.
Sessiya öz işini səhərə yaxın qurtardı. Qəbul olunmuş qərar televiziya vasitəsilə respublikanın hər yerinə çatdırıldı. Qərar qəbul olunandan sonra mən yenə də Bakıya demək olar ki, bütün dövlət telefonları olan rəhbərlərin hamısına zəng vurdumsa da, heç bir telefon cavab vermədi.
Səhərə yaxın təxminən saat 5-də Azərbaycan SSR Təhlükəsizlik naziri V.Hüseynovun telefonu cavab verdi. Mən respublikada olan vəziyyəti, qəbul olunmuş qərar haqqında ona məlumat verdim. Ona dedim ki, bəs bizi müdafiə etməli olan hüquq mühafızə orqanları, hərbiçilər niyə belə bir zamanda bizə kömək etmədilər? Sualımın cavabında V.Hüseynov dedi ki, yoldaş Əliyeva Siz çoxdan işləyirsiniz, adamlarla pis siyasi-tərbiyə işi aparmısınız, ona görə də onlar indi sözə baxmırlar.
Cavab verdim ki, ermənilər bizim torpaqlara hücum edib, insanları qırıb, evləri dağılıb, məktəbi, şərab zavodunu dağıdıblar, hərbiçilər bizə heç bir köməklik göstərmədi, Moskvaya etdiyimiz müraciətlərə cavab verilmədi, adamlarla aparılan siyasi tərbiyə işinin buna nə dəxli var deyib, telefonun dəstəyini yerə qoydum.
Bundan sonra heç kəs mənə zəng vurmadı. Meydana toplanan qadınlar, uşaqlar sanki bu qərardan bir təskinlik tapıb evlərinə getdilər. Kişilər, cavanlar sərhədi müdafiə etmək üçün Sədərəyə yollandılar.
1990-cı il yanvar ayının 20-də biz hələ bilmirdik ki, Azərbaycan xalqının başına böyük müsibətlər gətirilmiş, Sovet qoşunları Bakı şəhərində qırğın törətmiş, günahsız insanlar qırılmışlar. Şəhərin küçələri yüzlərlə günahsız adamların, o cümlədən uşaqların, qadınların, qocaların qanına boyanmışdır. Bambılı Ə.Vəzirov xalqın ağır faciəli günündə onunla bir olmaq əvəzinə, hərbi təyyarəyə minib Moskvaya havadarlarının yanına qaçıb.
Başqa rəhbərlər isə vəzifə uğrunda mübarizə apardıqları uçün bir müddət bizimlə heç kim məşğul olmadı. Ona görə də bizım belə düşünməyə haqqımız var, həqiqətdə də bu belədir. Bakı faciəsi ilə Naxçıvana ermənilərin hücum etməsi biri-biri ilə sıx bağlı hadisədir.
1990-cı il yanvar ayının 19-da gecə Bakıda fövqəladə vəziyyətin elan olunacağından və mərkəzə edəcəyimiz müraciətə cavab verilməyəcəyindən arxayın olan erməni quldur dəstələri Naxçıvana mütəşəkkil surətdə hücum edib, onun Azərbaycanla əlaqəsini kəsmək, onu təkləyib məhv etmək üçün hər fitnəyə əl atmışlar. Rabitə xətləri, televiziya verilişləri kəsilmiş, dəmir yolları minalanmış, bəzi yerlərdə partladılmış, günahsız sərnişinlərə qəsd edilmişdir.
Əgər naxçıvanlılar həmin günü özlərini müdafıə edə bilməsəydilər Şərur rayonunun Kərki kəndi kimi Naxçıvan da erməni millətçiləri tərəfındən işğal ediləcəkidi.
Başları Bakı hadisələrinə, daha doğrusu rəhbərlik uğrunda mübarizəyə qarışan Azərbaycan SSR rəhbərləri belə ağır gündə nəinki bizə başsağlığı vermədilər, hətta bir müddət heç bir hadisə olmamış kimi susmağı üstün tutdular.
Hörmətli Prezidentimiz Heydər Əliyev cənablarının Azərbaycan SSR Elmlər Akademiyasınm alimləri ilə görüşündəki çıxışında dediyi kimi iş onda deyildi ki, faciə baş verən zaman kim harada idi? Söhbət həmin hadisələrə siyasi qiymət verməkdən gedir.
Necə oldu ki, o zaman bütün vəzifələrdən azad edilmiş, həyatı təhlükədə olan H.Əliyev cənabları öz övladları ilə xəstəxanadan bir başa Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir, baş vermiş faciəyə öz münasibətini bildirir və baş vermiş hadisəyə siyasi qiymət verilməsini tələb edir?
Ancaq Azərbaycan KP MK-nın o zamankı rəhbərliyi yuxarıda dediyim kimi əvvəl susur, sonradan isə Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar sessiyasımn qərarı hüquqı qüvvəsi olmayan qərar kimi ləğv olunması haqqında qərar çıxarırlar.
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin rəhbərliyi baş vermiş faciənin səhərisi: “Moskvadan generallar gəlib Ali Sovetin binasının üstündən bayrağın götürülməsi” haqqında göstəriş verdi. Ondan bir-iki gün keçəndən sonra o zaman Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdiri, Naxçıvan MSSR Ali Sovetinin sədri V.Cəlilov Ali Sovetə gəlib sessiyanın qərarını yoxlamağa başladı.
Bakı faciəsindən bir müddət keçəndən, yeni rəhbərlik seçiləndən sonra bizi, səlahiyyətli orqanlar: Azərbaycan KP MK, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Konstitusiyaya uyğun olmayan, qərar qəbul etməkdə təqsirləndirdilər.
Ancaq mən onu mütləq qeyd etmək istəyirəm ki, Naxçıvan MSSR deputatları həmin qərarı qəbul edərkən bilirdik ki, Muxtar Respublikanın Konstitusiyasında SSRİ-nin tərkibindən çıxıb müstəqil olmaq haqqında maddə yoxdur. Bu hüquq ancaq Azərbaycan SSR-yə verilibdir. Sual olunur bəs biz gözləri qarşısında 5-7 yaşlı oğlanları həlak olmuş, evi yanmış ataya, vahid oğlu həlak olmuş ata və anaya, öz ərlərini itirmiş cavan qadınlara, atalarını itirmiş uşaqlara, bütün hadisələrdən qəzəblənmiş meydana yığılan zəhmətkeşlərə Konstitusiyanın hansı maddəsi ilə cavab verməliydik?
Biz yaxşı bilirdik ki, Azərbaycanın müqəddəs torpağı, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan və naxçıvanlılar heç zaman Azərbaycandan ayrılmaq fıkrində olmamış və ola da bilməzdik. Bu bizim təhlükəsizliyimizin müdafiəsini öz üzərinə götürmüş SSRİ və onun aid orqanlarına, Sov. İKP MK onun rəhbərliyinə etiraz səsimiz idi. Ona görə də Naxçıvan MSSR Ali Sovetinin deputatları xalqın tələbi ilə Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq Sovet Sosialist Respublikası İttifaqının Konstitusiyasının (Əsas Qanununun) 81-ci maddəsinə əsasən Azərbaycan SSR suveren hüquqları SSRİ İttifaqı tərəfindən qorunmadığından, İttifaq orqanlarma edilən müraciətləri nəticəsiz qaldığından, Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığındanNaxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası məlum olan “hüququ qüvvəsi olmayan” qərarı qəbul etməklə həmin gün törənə biləcək daha dəhşətli faciənin – Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşısını aldılar.
Birinci dəfə möhtərəm və hörmətli prezidentimiz H.Əliyev cənabları görkəmli ədib H.Cavidin məqbərəsinin açılması mərasimində çıxış edərək o gərgin və çətin günlərdə Muxtar Respublikanın Ali Sovetinin növbədənkənar fövqəladə sessiyasının qəbul etdiyi qərara çox yüksək qiymət verdi.
O dedi: “Mən Moskvada olarkən Azərbaycana qarşı edilən bu cinayətə etiraz səsimi qaldırdım, xalqıma, millətimə həmrəy olduğumu bildirdim və orada olan imkanlarla Azərbaycan xalqının müdafiəsinə çalışdım. Orada eşitdim ki, naxçıvanlılar bu dəhşətli faciə ilə ələqadar ayağa qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər. Azərbaycana qarşı edilən cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikasının, Sovet İttifaqınm tərkibindən çıxması haqqında qərar qəbul ediblər.
İndi Sovet İttifaqı dağılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovet İttifaqına mənsub olmuş ölkələr öz müstəqilliklərini əldə ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi. Bu xəbər bütün dünyaya yayıldı ki, Naxçıvan Muxtar Respublikasının Sovetlər İttifaqından çıxmaq barədə qərar qəbul ediblər. Bu naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıq sevər və müstəqilliyinə nə qədər bağlı olduqlarım dünyaya sübut etdi, nümayiş etdirdi”.
Düzdür o qərarı qəbul edəndən sonra mən muxtar respublikanın vətəndaşlarından, Azərbaycanın bir çox vətəndaşlarından, bakılılardan, Ukrayna vətəndaşlarından, hətta qonşumuz olan Türkiyə Respublikasının vətəndaşlarından çoxlu təbrik teleqramları, məktublar aldım. Onlar bu qərarın çox cəsarətli qərar olduğunu qeyd edirdilər.
Azərbaycan SSR rəhbərləri isə nəinki, naxçıvanlıların qəbul etdiyi qərara və Naxçıvanda baş vermiş hadisələrə siyasi qiymət vermədilər, Bakı hadisələrindən sonra bizim qərarı təftiş etməyə başladılar. Məni çətin anda bir kommunist kimi prinsipial olmamaqda günahlandırırdılar, ancaq xalqın qəzəbindən qorxduqları üçün məni üç aydan sonra işdən azad etmirdilər. Ancaq bütün işlərdə kənarda qalırdım. Hiss edirdim ki, mənə inanmırdılar. Hətta mənə partiya və dövlət əleyhinə çıxan bir adam kimi baxırdılar.
Yaxşı yadımdadır: Bakıya Azərbaycan KP MK plenumuna getmişdik. Həmişə mənim yanımda oturan yoldaşlar mənim yanımda oturmadılar, hətta qorxudan mənimlə görüşmədilər. Vilayət Partiya Komitəsinin birinci katibliyindən çıxarılmış rəhmətlik Aslan Hüseynov kişi kimi gəlib yanımda oturdu.
Aprel ayının 26-na kimi məni itirib-axtaran olmadı. Aprelin ortalarında gözləmədiyim halda Moskvadan “veçe” telefon zəng çaldı, mənim zəngimdən 3 ay sonra kimsə soruşdu ki, “Hə, indi Naxçıvanda vəziyyət necədir?”
Yeni seçilmiş Azərbaycan SSR rəhbərliyi əvvəla 1990-cı il yanvar ayınm 26-da Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarını hüququ qüvvəsi olmayan qərar hesab edib Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə tapşırdılar: ‘‘Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında “Naxçıvan MSSR Ali Sovetinin qərarının, Azərbaycan SSR, Naxçıvan MSSR Konstitusiyasına zidd qərar kimi ləğv edilməsi üçün lazımi tədbir görülməsi haqqmda qərar qəbul etdilər.
Azərbaycan KP MK plenumunda A.Mütəllibov Azərbaycan KP MK birinci katibi seçildi. O, Moskvada olarkən M.S.Qorbaçov öz çıxışında mənim adımı çəkmiş, bizim qəbul etdiyimiz qərar haqqında danışmışdı.
Aprelin 26-da Azərbaycan KP MK katibi Telman Orucov Naxçıvana gəldi, sessiyanın çağırılması haqqında qanunlara əməl edilmədən həmin gün sessiya çağrıldı. Bu məni işdən çıxarmaq üçün idi. İlk addımı özüm atdım, bütün bu etimadsızlıqlara cavab olaraq özüm istefa verdim, təqaüdə çıxdım. (Üç aydan sonra SSRİ Nazirlər Sovetinin qərarı ilə mənə təqaüd təyin olundu). Salondan deputatların tələbi ilə mənə Ali Sovetin Fəxri Fərmanı verildi. Lakin həmin fərmanı mənə təqdim etməyi o zamankı Vilayət Partiya Komitəsinin rəhbərliyi özünə layiq bilmədi. Bunu Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi H.Xəlilov yoldaşa həvalə etdilər.
Mənim üçün çox ağır idi, bütün ömrünü xalqına, işə həsr etmiş, o dəhşətli gecədə Naxçıvanda xalqın qabağına çıxmış qadını, Azərbaycan rəhbərləri bircə dəfə də dindirib danışdırmadılar, mənim sonrakı taleyimlə maraqlanmadılar. Mənim vəzifəm o zamankı Sov.İKP MK, Azərbaycan KP MK namenklaturasında idi. Mən 50 ilə yaxın Naxçıvanda Partiya Sovet orqanlarında işləmişdim, 27 il arası kəsilmədən Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini olmuşdum; 7 çağırış Azərbaycan SSR Ali Soveti və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdim. Qüsursuz işimə görə 7 orden, bir neçə medalla təltif olunmuşdum. O ordenlərin 4-ü “Qırmızı Əmək Bayrağı” ordeni qüsursuz əməyə görə verilən ordendir.
Bundan başqa mən dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdum. O orden və medallar mənim qüsursuz əməyimə verilən qiymət olduğu üçün indi də onlarla fəxr edirəm.
Bundan başqa hələ o zaman mən Azərbaycan KP MK üzvü, Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü idim. Bütün bunlar bəs etmədi ki, o zamankı Azərbaycan KP MK birinci katibi A.Mütəllibov məni qəbul edib, mənim sonrakı taleyimlə maraqlansın. Bu hələ az imiş kimi Naxçıvana gələn T.Orucovməni ancaq sessiyaya bir-iki saat qalmış qəbul etdi və dedi ki, MK-da belə məsləhət olub ki, yaşınız çatdığı üçün təqaüdə çıxasınız.
Mən vəzifədən çıxmağımın əleyhinə deyildim, 1990-cı il 19 yanvar hadisələrindən sonra mən vəzifədən azad olunmağım haqqında Vilayət Partiya Komitəsinə ərizə göndərmişdim. Məni kədərləndirən o idi ki, axı mən təsadüfi adam deyildim. Bütün şüurlu ömrümü xalqa xidmət etməkdə görmüş və buna həsr etmişəm. Respublikada hamı məni tanıyırdı. Mənim yoldaşlarım (əlbəttə bu hamıya aid deyil) necə yaşayacağımla, taleyimlə qəti maraqlanmadılar.
Mən isə belə adamlar qarşısında əyilmədim, heç kimdən heç nə xahiş etmədim.
Görünür ki, onlar utanmırdılar, xalqın çətin, faciəli anında Ə.Vəzirov kimi adamlar aradan çıxdılar. Mən isə heç nədən qorxmadan, ehtiyat etmədən xalqın içərisinə gedib onlarla bir yerdə oldum, ona görə də xalq o zaman və indi nəinki məndən üz döndərmədi, əksinə mənə onların münasibəti daha da yaxşılaşdı.
Belə düşünmək olardı ki, kommunistlər hakimiyyətdən getdi, SSRİ dağıldı. Sov.İKP fəaliyyətinə son qoyuldu. Yəqin ki, hakimiyyətə gəlmiş xalq cəbhəsi onun rəhbərlər Ə.Əliyev, İ.Qənbərov, İ.Həmidov, R.Qazıyev, P.Hüseynov və başqaları naxçıvanlıların bu qərarını yəqin heç olmasa yada salarlar. Lakin əfsuslar olsun ki, belə olmadı. Birincilərdən fərqli olaraq ikincilər bu məsələ barəsində tamamilə susmağı üstün tutdular. Hətta xalq cəbhəsinin bəzi başa bəla “rəhbərləri” Qarabağda ermənilərin hücumlarmm qarşısını almaq əvəzinə hərbi qüvvələri aeroporta toplayıb Naxçıvana hücum etməyə hazırlaşdılar. Lakin onlar naxçıvanlıların iradəsinə, cəsarətinə bəlli olduqları üçün oraya heç gələ də bilmədilər.
Mənə sual verirlər ki, belə bir aqibətə görə özünüzü “Xalqla bir yerdə olmağın qurbanı” saymırsınız ki? Qətiyyən. Bilirsinizmi o gecə mən çox qəribə bir tale yaşadım. 27 il həmin vəzifədə işləmişdim. İlk dəfə hiss etdim ki, xalqla bir yerdə olmamaq ölümə bərabərdir.
Şübhəsiz, bəzi dairələrin soyuq münasibəti məni incik saldı. O qərarın əhəmiyyəti sanki sonralar unuduldu. Əgər heç nə olmayıbsa, mənasız bir işin qurbanı olmusansa, əlbəttə, bu sənə pis təsir edər.
H.Əliyev 1991-ci ildə Naxçıvana gələndə mən də onun görüşünə getdim və bu məsələdən söhbət düşəndə dedi ki, Səkinə xanım, çox düz iş görmüsünüz. Bax bu mənim üçün ən böyük mükafat və qayğı idi. Axı H.Əliyev ağıl və zəkası ilə görkəmli siyasətçiləri heyran edən, dünyaya tanınmış dövlət xadimi, çox dərin siyasətçi, gələcəyi görən, ona uyğun olaraq öz fikirlərini söyləyən bir insandır.
Hörmətli prezidentimiz bu günlərdə muxtar respublikanm yeni Konstitusiyasının müzakirəsi zamanı Naxçıvan tarixinin parlaq səhifələrini xatırlarkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqınm tərkibindən çıxması haqqında qərarı mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir.
Doğrudur. Azərbaycamn Ali Soveti yanvarm 26-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasınm insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifa ediblər: Nəyə görə?
Azərbaycana qarşı edilən ədalətsizliyə görə o vaxt Sovet qoşunları Bakıya hələ də daxil olmamışdı, amma Naxçıvana hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə də hücumlar edilmişdi. Həm Ermənistanda həm də Naxçıvanda olan Sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər…
Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər.”
H.Əliyevin o qərarı xatırlaması o gecə Naxçıvanı təhlükədən sovuşduranların əməyinə verdiyi yüksək qiymətə, mən çox sevinirdim. Mən bu qiymətlə çox fəxr edirəm.
Hadisələrə belə qiyməti ancaq öz ağlı və dərin zəkası ilə insanları heyran edən H.Əliyev kimi dahilər verə bilərlər.
Bu illər ərzində mənim boş vaxtım olub. O zaman və indi özümə çox sual verirəm bəs nəyə görə bizim sessiyadan iki il əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Konstitusiyanın heç bir maddəsinə uyğun olmayan qərarlar qəbul olunanda, Azərbaycan SSR-nin suveren hüquqlan pozulanda, SSRİ Ali Sovetinin qərarından 3 gün sonra 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti heç bir şey olmamış kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşdirilməsi haqqında qərar qəbul ediləndə, Dağlıq Qarabağ Vilayətinin bütün müəssisələrini Ermənistan SSR-nin nazirlik və idarələrinin tərkibinə daxil ediləndə, bütün idarə və müəssisələrin rəhbərləri həmin nazirliklərin kollegiya üzvü seçiləndə, bayrağımız, gerbimiz, Azərbaycan dilində olan ayrı-ayrı yazı lövhələri məhv edilib Ermənistanın gerbi, bayrağı hər yerə vurulanda nə Ermənistan SSR-nin rəhbərləri, nə də DQVM rəhbərləri təqsirləndirilib mühakimə olunmadılar, əksinə Qdlyan, Balayan, Poqosyan SSRİ xalq deputatları seçildilər. Onları Sov.İKP MK Baş katibi və başqa rəhbərlər qəbul edib dinlədilər. SSRİ Xalq deputatlarının qurultayında yüksək tribunalardan çıxış edib haray salmaq üçün onlara söz verdilər. Çünki onların sahibləri, müdafıə edənləri var idi.
Ermənistan KP MK birinci katibi deyirdi ki, mən kommunist olmadan əvvəl erməniyəm. Ona görə də erməniləri müdafiə etməliyəm.
Yenə mən əvvəlki fıkrimə qayıdıram ki, 1963-cü ildən başlamış, 1987-ci ilədək daha da şiddətlənmiş təcavüzə qarşı vaxtında siyasi qiymət verilsəydi, səlahiyyətli orqanlar öz səslərini yüksək kürsülərdən qaldırsaydılar, ən nəhayət vəzifə uğrunda mübarizə aparmasaydılar bəlkə də bu hadisələr baş verməzdi və ya bu şəkildə dəhşətli olmazdı. Lakin ermənilər görəndə ki, etdikləri təcavüzə qarşı heç bir cəza almadılar, yenə də öz pis əməllərini davam etdirməyə başladılar. Onlar müntəzəm olaraq respublikanın kəndlərinə: Şahbuz rayonunun Şada, Babək rayonunun Buzqov kəndlərini atəşə tutur, mal-qaralannı aparırdılar.
Bu hadisələr hörmətli prezidentimiz H.Əliyev cənablarının Naxçıvana gələnə qədər, Naxçıvan Ali Məclisin sədri seçilənə kimi davam etdi.
Ondan əvvəlki rəhbərlər işin öhdəsindən gələ bilmədiklərindən vəzifələrini qoyub getməyə məcbur oldular. Eyni münasibət Bakı faciəsi zamanında oldu. O zamankı rəhbərlər Bakı faciəsinə qarşı öz sözünü demiş, o dövr üçün çox cəsarətli qərar qəbul etmiş, Azərbaycan SSR Ali Soveti növbədənkənar sessiyanın qərarı haqqında sessiyadan cəmi 3-4 gün sonra çağırılmış Azərbaycan KP MK plenumunda nəinki o qərara oxşar qərar qəbul etmədilər, hətta o qərar haqqında damşmadılar.
Azərbaycan xalqının gözəl adət-ənənəsi var. Matəm günü heç nədən asılı olmayaraq yasa gedib mərhumun sahibinə baş-sağlığı verərlər. Ancaq bizim o zamankı başabəla rəhbərlərimiz şəhidlərin dəfnində iştirak edib onların ailələrinə, qohumlarına başsağlığı verməyi belə özlərinə rəva bilmədilər.
Tbilisi hadisələri zamanı 16 nəfər həlak olmuşdur. Mənim yaxşı yadımdadır. Moskvada qurultayalar sarayında keçirilən Sovetlər qurultayında Gürcüstan SSR Ali Sovetinə seçilən deputatların təkidi və tələbi nəticəsində M.S.Qorbaçov gürcü xalqından üzr istədi.
Ancaq Bakıda yüzlərlə adam şəhid oldu bu hadisəyə hətta siyasi qiymət verilmədi.
H.Əliyev cənablarının tələbi və təkidi nəticəsində bu məsələyə Milli Məclisdə baxıldı və ona siyasi qiymət verildi.
Naxçıvamn belə ağır şəraitində, blokada vəziyyətində olduğu vaxt H.Əliyev cənabları Azərbaycana gəldi, lakin onun Bakıda yaşamasına nəinki şərait yaratmadılar, hətta orada çalışmasına icazə vermədilər.
H.Əliyev cənablan Naxçıvana gəldi, naxçıvanlılar isə onu çox hörmət və mehribanlıqla qarşıladılar. Lakin Naxçıvanda vəziyyət çox ağır idi. Yuxarıda deyildiyi kimi dəmiryolu işləmirdi, yollar dağıdılmışdı, qaz, işıq kəsilmişdi. Onsuz da həmişə sərt iqlim şəraitinə malik olan Naxçıvan sanki İlahi tərəfindən imtahana çəkilirdi. Belə ağır şəraitdə H.Əliyev cənabları bacısına məxsus köhnə, yarım uçuq, yaşamaq üçün heç bir şərait olmayan evdə yaşadı. Lakin naxçıvanlıların öz böyük oğluna olan münasibətləri, ona göstərdikləri qayğı, hörmət, ehtiramları ona qüvvə, cəsarət verdi.
H.Əliyev cənabları Azərbaycan SSR Ali Sovetinə seçkilər zamanı Naxçıvandan Azərbaycan SSR Ali Sovetinə deputat secildi.
Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edib Bakıda fövqəladə vəziyyətin götürülməsi, 1990-cı il 20 yanvar faciəsinə siyasi qiymət verilməsi haqqında təklif verəndə zalda əyləşən bəzi yaltaqlar ayaqlarının yerə döyüb, vaxt qurtardı, deyənlərə cavab verilmədi. Ancaq Konstitusiyanm maddəsində dəyişiklik edilməsi haqqında məsələnin müzakirəsini yaddan çıxarmadılar. Çünki onları xalqın taleyi faciəsi maraqlandırmırdı. Onları maraqlandıran ancaq kimin hansı vəzifəni tutacağı idi.
Naxçıvanlılar Azərbaycamn SSRİ tərkibində qalması, haqqında referendum keçiriləndə də, A.Mütəllibov prezident seçilən zaman da, yenə heç kəsdən qorxmadan öz sözlərini dedilər.
İndi o hadisələrdən 8 il keçir, ancaq 80 il də keçsə bizim o hadisələri, öz azadlıqları uğrunda mübarizəyə qalxıb şəhid olan günahsız insanları unutmağa haqqımız yoxdur.
1990-cı il 20 yanvar hadisələri hamı üçün ibrət dərsi olmalıdır. Biz adamları başa salmalıyıq ki, Azərbaycan xalqı ilə hörmətlə danışmaq, onlarla hesablaşmaq lazımdır.
Ermənilər öz yeni doğulan uşaqlarınm qulağına deyirlər ki, türk sənin düşmənindir. Hər il ermənilərin soyqırımı edilməsı günü qeyd olunur. Soyqırımına aid abidə onların ziyarətgah yerinə çevrilibdir. Bizdə isə 8 il bundan əvvəl olmuş hadisələr az qalır ki, yaddan çıxsın.
Bu günlərdə televiziya vasitəsilə sorğu apanlırdı. Bir neçə adamdan (onların çoxu gənclər idi) soruşdular ki, Xocalı faciəsi hansı ildə olub. Heç kəs bu suala doğru cavab verə bilmədı. Əgər 1992-ci il 26 fevralda baş vermiş əsrin faciəsi – Xocalı faciəsi belə tez unudulursa bu, çox dəhşətli haldır.
Ermənilər tərəfindən zaman-zaman xalqımzın başına açılan faciələri heç zaman, heç kəs unutmamalıdır. Ona görə də bu hadisələri olduğu kimi yazmaq, xalqa çatdırmaq alimin, ziyalının, hər bir azərbaycanlının müqəddəs vəzifəsidir, müqəddəs borcudur.
Qoy o günlər, başımıza gələn faciələr heç vaxt yaddan çıxmasın.
Səkinə Əliyeva
Fəridə Ləman, “Azadlıq carçısı” kitabından(səh: 61-94)
Adiloglu nəşriyyatı, 2003
“Azadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın ömür yolundan bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir.