1918-1920-ci illərdə Naxçıvan uğrunda mücadilə vermiş Əli Bəy Əzimbəyov haqqında qeydlər

Vətən tarixinin çox çətin, mürəkkəb və məğrur dövrləri var ki, onları yazmamaq olmur. Çünki o dövrlərdə zamanın tələbi ilə cəsur insanların döyüş hünərləri var. 

Bəzən zaman onları unutdurur, amma insan yaddaşı ötüb keçənləri unutmur. Vətən təəssübünü çəkənlərin, onun uğrunda döyüşənlərin adları və şücaətləri isə nəsilbənəsil yaddaşlarda yaşayır. Yaddaşlarda yaşananlar isə tarixdir. Doğrudur, keçmişi və yaşananları dəyişmək qeyri-mümkündür. Amma keçmişdə yaşananları hər kəs istədiyi kimi

 yaza bilər. Təəssübkeş və əsl tədqiqatçı isə ancaq həqiqətləri yazar ki, gələcək nəsillər üçün həmişəyaşar ideyalar olsun. Onlar da bu ideyaları daha da inkişaf  etdirib özlərindən sonrakı nəsillərə əmanət edə bilsinlər. İnsan yaddaşında olanlar çox vaxt  kağızlara köçürülərək arxivlərdə qorunur, saxlanılır. Zaman gələndə həmin sənədlər sanki dil açaraq ötüb-keçən tarixi hadisələri danışır… Çünki zaman və tarix bir-birindən ayrılmazdır.

1919-cu ilin yanvar ayı. Erməni daşnakları polkovnik Doluxanovun  (Doluxanyanın) komandirliyi ilə Sədərəyə, Dəmirçiyə və Şərur mahalının digər  kəndlərinə hücuma başlayırlar. Sədərəkli Həsən Şahverdi oğlunun rəhbərliyi ilə yerli əhalidən yaradılan tabor düşmənlə məharətlə döyüşür. Vedi tam mühasirədə olduğundan Naxçıvan taboru köməyə gəlir. Naxçıvan taborunun  komandiri gənc polkovnik III Kalbalı xan Naxçıvanski idi. Qeyd edək ki, bu taborun tərkibində məharətli döyüşçülər çox idi.  Ona görə də Vəlidağda gedən döyüşlərdə erməni daşnaklarını məğlub edirlər. Naxçıvan taboru Sədərəyi mühasirədən çıxarır. Bu böyük döyüşdə igidlik göstərən döyüşçülərdən  biri də Əli bəy Məhəmməd bəy oğlu Əzimbəyov idi. Həmin ilin mart ayında, Novruz bayramı günü daşnak qoşunları azğıncasına Naxçıvana basqın edirlər. Yenə də III Kalbalı xan Naxçıvanskinin taboru döyüşlərdə  qəhrəmanlıq göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli əmri ilə Naxçıvanın  bir qrup döyüşçüsünə göstərdikləri döyüş hünərlərinə görə hərbi rütbə verilir. Qeyd edək ki, bu tarixi sənəd görkəmli tarixçi alim Əli Əliyevin şəxsi arxivindəndir. Şərur və Naxçıvan qəzalarını erməni daşnak quldurlarından azad edən naxçıvanlı döyüşçülər hərbi nazir, artilleriya  generalı Səməd bəy Mehmandarovun imzaladığı əmrdə adbaad yazılıb: Piyada ordunun praporşik rütbəsi alanlar: Heydər ağa Bənəniyarski, Fətəli xan Naxçıvanski, Məsuməli Bənəniyarski, Qəhrəman bəy Kəngərli, Ələkbər Namazov, Həsən Musayev, Cabbar bəy Kələntərov, Adil bəy Qənbərlinski, Davud xan Naxçıvanski, Hüseyn xan İrəvanski və Allahyar xan İrəvanski.

Polis (milis) döyüşçülərdən praporşik hərbi rütbəsi alanlar: Hacı Xəlil İmanov, Vəli ağa Allahverdiyev, Kərbəlayı Muxtar Hacıyev, Əmirəli bəy Bənəniyarski, Kərbəlayı Rəhim Rizayev, Mirzə Zeynəddinski, Məmmədrza bəy Allahverdiyev, Məşədi Ələkbər bəy Camalbəyov, Əli bəy Əzimbəyov, Süleyman ağa Kəngərlinski, Əli Ağayev, Hüseyn Əliyev, Cəfər bəy Rizayev, Saleh Ələkbərov, Məmmədrəhim Hüseynov, Muxtar Nəsirov.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə döyüşdə fərqlənənlər ilin istənilən günündə təltif edilə bilərdilər. Ancaq adi qaydada hərbi rütbələr Novruz, Ramazan və Qurban bayramları günlərində verilirdi.

Bu əmrdə qeyd olunub ki, Naxçıvanda general-qubernatorun köməkçisi Bəhram xan Naxçıvanskidir. Hərbi nazirin imzaladığı bu əmrdə Baş Qərargahın rəisi general-mayor Səlimovun da imzası vardır.

İndi keçək əsl mətləbə, yəni cəsur döyüşçü Əli bəy Əzimbəyovdan söhbət açaq.

Əli bəy Məhəmməd bəy oğlu Əzimbəyov XIX əsrin sonlarında Naxçıvan şəhərində dünyaya göz açıb. Araşdırmalardan məlum olur ki, Məhəmməd bəyin Həmzə bəy adında qardaşı və Fatmabəyim adlı bacısı olub.

Əli bəy mədrəsədə və Naxçıvan şəhər qəza məktəbində təhsil alıb. Atası onu mədrəsəyə ona görə oxumağa qoymuşdu ki, ərəb və fars dillərini yaxşı öyrənsin.

Əli bəyin Naxçıvan milisində (polisində) işləməsi haqda məlumat vardır. Hətta bu, yuxarıda söhbət açdığımız əmrdə də öz təsdiqini tapıb.

Əli bəy yaxın qohumu Hacı Ələkbər bəy Əliyevin (sonralar varisləri Əlizadə soyadını işlətmişlər) 1904-cü ildə doğulan qızı Əminə xanımla ailə qurub.

Hacı Ələkbər bəy haqqında çox az məlumat vardır. O, Naxçıvanın tanınmış tacirlərindən olduğu üçün zəngin olub. Hələ çar Rusiyası dövründə ovaxtkı Puşkin küçəsi ilə Zaviyə məhəlləsini birləşdirən küçənin kəsişdiyi yerdə Naxçıvan memarlığında ev tikdirmişdi. Yerli naxçıvanlıların təbirincə desək, Hacı Ələkbər bəyin evinin 10 pəncərəsi Bilan məhəlləsinə, yəni Puşkin küçəsinə baxırmış. Bağlı-bağatlı həyətin darvazası isə Zaviyə məhəlləsinə istiqamətlənən küçəyə (1920-ci ildən sonra o küçə Pioner küçəsi adlandırılmışdı) açılırmış. Əli bəy qayın­atasının vəfatından sonra onun evinə köçür ki, sonbeşik qızı Həcər xanım tək qalmasın. Bacısı Əminə xanım onu himayə etsin. Həcər xanımın qızı Zərri Sultanovanın dediyinə görə, Hacı Ələkbər bəy taxta çarpayının ayağını qızılla doldurubmuş. Və Əli bəyə, həmçinin qızı Əminə xanıma vəsiyyət edibmiş ki, Həcəri oxutsunlar. Məqamındaca deyək ki, Əli bəy Naxçıvanda dövrünün maarifçi şəxsiyyətlərindən olub. Bir az da irəli gedərək deyək ki, Əli bəy və Əminə xanım Hacı Ələkbər bəyin arzusunu yerinə yetiriblər. 1914-cü ildə doğulmuş Həcər xanım təhsil alıb, Naxçıvan şəhərinin 2 nömrəli məktəbində uzun illər müəllimlik edib və 1994-cü ildə dünyasını       dəyişib.

Əli bəylə Əminə xanımın nikahından Laçın (1925), Fəxriyyə (1927), Foqiyə (1930) və Aydın (1932) adlı övladları olub.

1920-ci ildə Naxçıvanda Sovet hökuməti qurulandan sonra Əli bəy və onun ailəsi təqib olunmağa başlanıb. Əli bəy özünü və ailəsini, həmçinin yaxın qohumlarını Sovet NKVD-sindən xilas etmək üçün siyasətdən tamamilə uzaqlaşıb və ticarət obyektlərində işləyərək gözdən uzaqda olmağa çalışıb. Amma NKVD-də olan erməni bolşeviklər 1918-1920-ci illərdə igidliklə döyüşən və Naxçıvanı onlara verməyən cəsur oğulları heç cür nəzarətdən kənarda qoymazdılar. Yəqin ki, Əli bəyin istintaq materiallarında bunlar olmamış deyil.

155 nömrəli əmrdə adları sadalanan döyüşçülərin son taleyindən xəbəri olan varmı? İgid döyüşçüləri ya güllələyiblər, ya sürgünə göndəriblər, yaxud da Naxçıvanda əzabla məhv ediblər. Onların çoxunun arxiv sənədləri ilə tanış olduğuma görə deyirəm bunları. Erməni daşnakları vətən təəssübkeşlərini heç vaxt bağışlaya bilmirdilər. Ona görə Əli bəyə də yeyinti adı ilə böhtan atmaq üçün vasitələr axtarıblar. 1932-ci ildə belə bir hiylə qurublar. Onu həbs edib Murmanska göndəriblər. Fikir verin: “Yeyinti” üstündə ən şimala – Murmanska. Müəyyən axtarışlardan sonra bu mövzuya bir də qayıtmaq fikrimiz var. Bizcə, Əli bəy gizli də olsa, siyasi dustaq kimi Murmanska göndərilib. Amma çox bacarıqlı və qorxmaz insan olan Əli bəy yenidən Naxçıvana, doğmalarının yanına qayıdıb. Lakin bu sevinc uzun sürməyib. Yenidən NKVD-nin sorğu-sualları Əzimbəyovlar ailəsinə rahatlıq verməyib. Azərbaycan SSR-in NKVD-si 1937-ci il mayın 18-də Əli bəy Əzimbəyovun özünü və ailəsini uzaq səhralara – Taldı Kurqana sürgün edib. Əzimbəyovlar ailəsinin sürgün həyatı “Aydın Əzimbəyov – Tarixlə səsləşən ömür yolu” povestində (M.Zaman, Bakı, 2012) təsvir olunub. Amma bizcə bu, Əli bəyin bütünlüklə fəaliyyəti deyil. Biz təkrarsızlığa varmaq istəməməyimizdən Əli bəyin sürgün həyatı haqqında təfsilatı ilə danışmırıq.

Amma onu demək lazımdır ki, Əli bəy Naxçıvan tarixinin elə məğrur dövrünün qəhrəman döyüşçülərindəndir ki, onunla ancaq fəxr etmək olar.

Əli bəy və ailə üzvlərinə 1947-ci ildə icazə verilib ki, Naxçıvana gələ bilərlər. Əli bəy və həyat yoldaşı vəfat edənə kimi doğma vətənləri Naxçıvana gələr və qohum-qardaşları ilə görüşərmişlər. Əli bəy həm də əmisi oğlu Əzimin və onun oğlu Nurunun yaxın dostu idi. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 10 dekabr 1989-cu ildə verdiyi arayışda Əzimbəyovlar ailəsinə tam bəraət verildiyi bildirilir. Bu vaxt isə nə Əli bəy sağ idi, nə də Əminə xanım. Onlar qürbətdə ömürlərini başa vurmuşdular. Əminə xanım 1972-ci ilin dekabrında, Əli bəy isə 1975-ci ilin yayında dünyalarını dəyişmişdilər. Əli bəyin ailəsi Cənubi Qazaxıstanda yaşasa da, ailə nekropolları Özbəkistanın Sırdərya vilayətinin Baxt qəsəbəsindədir.

Əli bəy insanda elmi, biliyi çox yüksək qiymətləndirib. O, öz övladlarının da ali təhsil almaları üçün var gücü ilə çalışıb.

Onun oğlu Aydın Azərbaycanın və Özbəkistanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri olub.

Yazımızın əvvəlində demişdik ki, Məhəmməd bəyin Həmzə bəy adında qardaşı olub. Həmzə bəyin oğlu Əzim və onun varisləri doğma Naxçıvanda yaşayıblar və onun inkişafında bacarıqlarını əsirgəməyiblər. Onların varisləri indi də Naxçıvanda yaşayırlar.

Beləcə, 1918-1920-ci illərdə Naxçıvanı amansız, qəddar daşnaklardan qoruyan cəsur döyüşçü Əli bəy haqqında az da olsa məlumat verdik. Bizim isə Əli bəyə və onun döyüşçü dostlarına mənəvi borcumuz var. Bu mənada ki, onları unutmayaq, xatırlayaq, fəaliyyətlərini araşdırıb gənc nəslə təqdim edək. Onlar belə bir ehtirama layiqdirlər.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Mənbə: www.525.az (05.07.2016)

http://525.az/site/?name=xeber&news_id=59848

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir