Atam Vaqif Məmmədov

Gözümü dünyaya açıb özümü dərk edəndən atamın yaradıcılığının canlı şahidi olmaqla yanaşı, onun ilk oxu­cu­larından idim. Hələ uşaqlıq illərimdən atamın   çap edi­lən  şeirlərinin çap olunmasına, ilk şeirlər kitabının (“Ya­şa­dacaq bu yol məni”. Bakı, “Yazıçı” 1987) çapdan çıx­ma­sına necə sevinməsini bu gün də unutmamışam. Ata­mın 40-a yaxın şeirlər və digər möv­zu­larda kitabları çap olunsa da, iki seir kitabını özündən xə­bər­siz qardaşım Tu­ralla nəşr etdirib atama hədiyyə et­mişik. Çapa hazır­la­dı­ğımız bu kitab qədər heç vaxt ata­mın yaradıcılığında mə­suliyyətimi dərk etmə­miş­dim.

Atamla əməliyatdan öncə yeni şeirlərinin çap olun­masını planlaşdırsaq da, əməliyyatdan sonra  atamın səh­hə­ti ilə bağlı bir çox işlərin icrası mənim  və qardaşı­mın üzə­­rinə düşdüyündən məsuliyyətimiz bir az da artmışdı.Mənim üçün ən vacibi  bu kitabın tər­­­ti­batını atam  istə­di­yi  qaydada geniş oxucu  kütləsinə təq­­dim edə bilməkdir.

Düzdür, bu barədə daim atamdan  da məsləhətlər al­mış­dım. Yenə də bu işin necə alınacağını düşünərək ümid edirəm ki, atamın düşündüyü  kimi  bir kitabı  ərsə­yə gə­ti­rəcəyik. Kitabda əsasən  atamın çap olun­mamış yeni  şeirləri toplanıb.

Atamın səhhətində dəyişiklikləri hiss etdikcə ki­ta­bın daha da  tez işıq üzü görməsi üçün “Şirvannəşr”in di­rek­­toru, atamın çox dəyərli dostlarından  olan Qəşəm İsa­bəyli ilə mütəmadi  əlaqə saxlayaraq işləri sürətlən­dir­səkdə kitabın ilk nüsxəsini 08.02.2016-cı il tarixə ancaq çat­dıra bilirdik, ümid edirdik ki, atam bu kitabını görə­cək.Təssüf ki, 06.02.2016-cı il tarixdə saat 11:57-də atam gözlərini bu dünyaya əbədi yumdu. Bizi, minlərlə oxu­cusunu, onu sevənləri tərk edib getdi. Atam bu ki­ta­bını görə bilməsə də bir seylə təsəlli tapıram  ki, atam kitabın cildini görmək istədiyi tərtibatda hazırlatdırıb ona göstər­dim və çox bəyəndiyini mənə dedi…

Atam Qibləm, mənə yol  göstərən bir mayak idi. Atam­dan sonra dənizdə azmış gəmi kimiyəm. Bu günlər­də  Ceyhun adlı bir müəllifin “Ata” adlı  şeirini oxudum:

 

  • Yenə də tənhalıq sıxır qəlbimi,
  • Yenə darıxıram  bu axşam sənsiz,
  • Ürəyim çırpınır, köksümə sığmır,
  • Elə bil dayanıb duracaq sənsiz,
  • Yaman darıxıram,  ay ata, sənsiz.

 

  • Həsrətin çəkibdir sinəm üstə dağ,
  • Səni istəyirəm, tək səni ancaq.
  • Çəkilib xəlvəti gözlərdən uzaq,
  • Ağlaram, ağlaram gizlicə sənsiz,
  • Yaman darıxıram, ay ata, sənsiz.

 

  • Bağışla, ata can, bağışla məni,
  • Bacarıb sağalda bilmədim səni,
  • Oğlunam, öldürür bu günah məni,
  • İnan, çox çətindir bu həyat sənsiz,
  • Yaman darıxıram, ay ata, sənsiz.

 

Bəli  son bənddə deyildiyi kimi bağışla, ata, səni  sa­ğalda bilmədim. Öz həyatım ba­ha­sı­na  olsa da səni bu hə­yatda  saxlamaq üçün hər şey edə bi­ləcəyimi, bəlkə bil­mirdin, bəlkə də  hiss edirdin. Amma çox carəsiz idim. Heç nə edə bilmədim. Bağışla məni, ATA!

Atam bizim üçün bir məktəb idi, dörd övladı, nə­vələri bundan sonra daha məsuliyyətlə “Vaqif Məm­mə­dov” adını uca tutacağıq. İstər Bakıda 3 gün  davam edən yas mərasimində is­tərsə də Naxçıvan şəhər məscidində atam üçün verilən 7 məclsində iştirak etmək üçün gələn iz­dihamlı insan axı­nı, Azərbaycanın rayonlarından  və öl­kədən kə­nar çoxsaylı başsağlığı zəngləri atamın xalqı, milləti, dost­­­ları tərəfindən nə qədər əziz olduğunu  bir da­ha təstiq edirdi.Kədərimizi bizimlə bölüşən hər bir kəsə  ai­lə­miz adın­dan təşəkkür etməyi özümə borc bilirəm.Atam ürəyi arzularla dolu insan idi, yaradıcılığı ilə bağlı bir çox yarımçıq arzuları vardı ki ömür vəfa etmədi hə­ya­ta keçirə. Atamın həyata keç­məyən arzu­larını biz öv­lad­ları zaman-zaman  həyata kecirəcəyik.

Atam oxucularının qəlbində elə bir iz qoyub getdi ki, mən inanıram, onların qəlbində əbədi yaşayacaq.Hə­yat davam edəcək, amma bundan sonrakı həyatımızı ata­sız ya­şayacağıq. Atamın  haqq dünyasında olduğunu  və bir gün  mütləq görüşəcəyimizə ümid edi­rəm. Mərhum  şa­irimiz Bəxtiyar Vahabzadənin “ ANA” şeirindəki bir bəndində qeyd etdiyi kimi, bundan sonra  keçən hər gün atamı bizdən uzaqlaşdırır, bizi isə ona yaxınlaşdırır:

 

  • …Artıq sənin üçün dayanan  zaman
  • Mənimçün dolanır…
  • Gün olur axşam.
  • Vaxt keçir, Sən Məndən  uzaqlaşırsan,
  • Mən sənə günbəgün yaxınlaşıram…

 

Atam 67 il ömür sürdü. Mənalı bir ömür yaşadı –onu sevənlərin qəlbində özünə bir abidə qoyub getdi. Sonda atamın “ATA” şeiri ilə yazımı bitirmək istəyirəm.

 

  • Ata səbr, dözüm, əzəmət, vüqar,
  • Ata övlad üçün haqqın yoludur.
  • “Ata” kəlməsində böyük məna var,
  • Ata müqəddəsdir, ata uludur.

 

  • Ata bu həyatın mənası, dadı,
  • Ata keşikçidir ata yurduna.
  • Ən uca heykəli, ən böyük adı
  • Övlad ürəyində ucaldır ona.

 

  • Tikməyə, qurmağa həvəsi olar,
  • Ata əkən güllər solmaz dünyada.
  • Dostun, sirdaşın da əvəzi olar,
  • Atanın  əvəzi olmaz dünyada.

 

  • Evin əzabkeşi, uca sütunu,
  • Ata ucalıqdır, bir ehtişamdır.
  • Övlad sevgisinin görünməz sonu,
  • Ata övlad üçün əriyən şamdır.

 

  • Ürəyi övlad məhəbbət dolu,
  • Övladçün o, zərdən altundan keçər.
  • Atalar sözüdür-cənnətin yolu
  • Atanın ayağı altından keçər.

Müqəddəs ruhun qarşında baş əyirəm, Ata!

Vaqif Məmmədov-“Ömrün Payız nəğməsi”

KLASSIK POEZİYAMIZDA NUH VƏ NUH TUFANI

 

 Səbuhi Vaqif oğlu Məmmədov

23.02.2016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir