Ataxan Əvəz oğlu Paşayev
Ataxan müəllimin tarixşünaslıq anlayışı ümummilli liderimiz Heydər Əliyevin tarixə və tarixçiliyə dair düşüncəsindən qidalanır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”
1 May 1938-ci ildə Culfa rayonunun Başkənd torpağında doğulmuşdur. Naxçıvan şəhər 1 №li orta məktəbini qurtardıqdan sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. 1958-ci ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini 1963-cü ildə bitirmişdir.
Əmək fəaliyyətinə 1962-ci ildə hələ tələbə ikən Oktyabr İnqilabı və Sosializm quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti olub. 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru işləyib. Arxiv işi sahəsindəki mühüm xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb (1981). Tarix elmləri namizədi (1981) və tarix elmləri doktoru (2008) elmi dərəcələri alıb. Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olmuş, bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilmiş, beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.
A.Paşayevin 31 ildir rəhbərlik etdiyi Milli Arxiv İdarəsinə bu gün bilavasitə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi (Azərbaycan Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Kino-foto Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi), Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri fəaliyyət göstərir.
A.Paşayev Azərbaycan, rus və türk dillərində nışr edilən “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)”,“Köçürülmə”, Açılmamış səhifələrin izi ilə”, “Tarixi həqiqətlər və erməni soyqırımları”, “Deportasiya”, “Bakıda 1918-ci il mart faciəsi”, “Şamaxı faciələri”, “Zəngəzur faciələri”, “Quba qırğınları”, “Qarabağ bölgəsində erməni vəhşilikləri”, “Erməni xisləti”, “Erməni məkri” kimi 10 monoqrafiya və kitabın, 300-ə yaxın elmi və publisistik məqalənin müəllifidir.
Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan A.Paşayev uzun illər Bakı Dövlət Universiteti və Azərbaycan Politexnik İnstitutu tələbələrinə arxivşünaslığa dair yüksək nəzəri səviyyəli mühazirələr oxumuşdur. Hal-hazırda Bakı Slavyan Universitetinin professoru olaraq gənc nəslə “Azərbaycanda arxiv işinin tarixi və təşkili” fənnindən dərs deyir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Elmi şurasının və bu İnstitut nəzdindəki Dissertasiya şurasının üzvüdür.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsi arasındakı sıx əməkdaşlığın və işgüzar görüşmələrin bəhrəsi olan “Azərbaycan sənədlərində erməni məsələsi (1918-1920)” irihəcmli (700 səhifəlik) sənədlər toplusunun ərsəyə gəlməsində çox mühüm xidmətləri olan A.Paşayev kitabın son dərəcə əhatəli və türk tarixçilərinin minnətdarlıq və qədirşünaslıqla qiymətləndirdikləri giriş hissəsinin də müəllifidir.
A.Paşayevin iştirakı, müqəddimə müəllifliyi və məsul redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Respublikası dövlət arxivləri: məlumat kitabı” respublikamızda arxiv işinin təşkili və onların qarşısında qoyulmuş vəzifələrin peşəkar şərhi, dövlət arxivlərinin yaranmasının yığcam tarixidir.
A.Paşayevin rəhbərlik etdiyi Milli Arxiv İdarəsi və tabeçiliyindəki Dövlət arxivləri əməkdaşlarının gerçək tariximizi, ermənilərin törətdiyi vəhşilikləri özündə əks etdirən və uzun illər onun həqiqi sahibi olan xalqdan gizli saxlanılan arxiv sənədləri və materialları əsasında hazırlayaraq nəşr etdirdikləri çoxcildli sənəd topluları respublika ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrünə aid əvəzsiz mənbə olan və böyük əksəriyyəti ilk dəfə işıq üzü görən 7 cildlik arxiv sənədləri və materialları toplusu “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Topluda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti öz geniş əksini tapmışdır. Məcmuələrdə dərc olunan sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi-məlumat aparatının hazırlanması kimi çətin və məsuliyyətli işi A.Paşayevin özü yerinə yetirmiş, sanballı müqəddimələr yazmışdır.
A.Paşayevin “Cümhuriyyət parlamentinə gedən yol” kitabı Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamentinin meydana gəlməsinə qədər xalqın iradəsini ifadə etmiş Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurasının tariximizdəki fəaliyyətini əks etdirir.
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və ümummilli lider Heydər Əliyevin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli “Azərbaycan Respublikasında arxiv işinin təkmillədirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş qaydaları” və digər normativ-hüquqi sənədlər bilavasitə A.Paşayevin rəhbərliyi ilə işlənib hazırlanmışdır.
A.Paşayevin elmi və publisistik fəaliyyətinin önəmli bir hissəsini Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni bir dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixi təşkil edir. Onun arxiv sənədləri, o dövrün rəsmi və dövri mətbuat materialları əsasında qələmə aldığı “Molla Nəsrəddin”: dostları, düşmənləri” və nəşrə hazırlayıb redaktorluq etdiyi “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı iki dəyərli kitabı işıq üzü görmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ataxan Paşayevi arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə Şöhrət ordeni ilə təltif etməsi görkəmli tarixçi-alimin əməyinə verilmiş böyük qiymətin təzahürüdür.