Zərifə Salahova təkrarolunmaz şəxsiyyətdir

Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi qeyd edilib

Aprelin 23-də Miniatür Kitab Muzeyinin yaradılmasının 15 illiyi münasibətilə muzeydə “Miniatür Kitab Muzeyinin 15 illiyi” (“15 let Muzeyu Miniatyurnoy Kniqi”) kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova bu mədəniyyət obyektinin fəaliyyətindən söhbət açıb, muzeyin yaradılmasında ümummilli lider Heydər Əliyevin dəstəyini xüsusi vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev bu kolleksiyanın təkcə Azərbaycan deyil, həm də ümumdünya mədəniyyəti üçün əhəmiyyətini uzaqgörənliklə qiymətləndirib. Muzeyin ekspozisiyasının Ginnesin Rekordlar Kitabına salınması bunu bir daha təsdiqləyir.

Diqqətə çatdırılıb ki, muzeydə bu gün 39 rəfdə 5700 nüsxədən artıq kitab nümayiş etdirilir. 70-dən artıq ölkədə çap olunmuş bu kitabların ən kiçiyinin ölçüləri 0,75×0,75 millimetrdir. Üç ədəd kitab isə 2×2 millimetr formatındadır. Muzeyə 2002-2017-ci illər ərzində 315 min nəfərə yaxın ziyarətçi gəlib ki, onlardan 91723-ü əcnəbilərdir. Fəaliyyət göstərdiyi illər ərzində 158 miniatür kitab buraxan, dünyada unikallığı ilə seçilən muzeyin fəaliyyətinə 600-dən artıq məqalə həsr edilib. Burada, eyni zamanda, 108 kitabın təqdimatı keçirilib. “Evronews” telekanalının muzeydə çəkilişindən sonra London qəzetlərindən birində yazılmışdı ki, Azərbaycana kim səfər etsə, mütləq gedib Bakının qədim qala divarları ilə müdafiə edilən İçərişəhərdəki Miniatür Kitab Muzeyinə baxsın.

Bildirilib ki, “Miniatür Kitab Muzeyinin 15 illiyi” nəşrində “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının 1995-ci il iyunun 3-də Milli Kitabxanada təqdim edildiyi vaxt Heydər Əliyevin söylədiyi nitq üç dildə yer alıb. Bu mətni, həmçinin Heydər Əliyevin “Azərbaycanda miniatür kitab sahəsində Zərifə Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir” fikri müşayiət edir. Nəşrdə Şəlalə Həsənovanın muzeylə bağlı məqaləsi, Qalina Mikeladzenin, Elmira Əliyevanın məqalələri və digər materiallar toplanıb. Ən başlıcası isə kitabın sonunda müxtəlif ölkələrdən gəlmiş qonaqların ingilis, türk, ispan, italyan, çex, çin və digər dillərdə muzey haqqında təəssüratları əks olunub.

Kitab 2017-ci ildə “İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 60×70 millimetr olan kitab 320 səhifədən ibarətdir, nəşrdə 34 rəngli foto yer alıb. Kitabın forzasında mikrokitablar əks olunub.

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə çıxışında Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Zərifə Salahova bütün həyatı və gördüyü işlərə münasibəti ilə göstərir ki, o, təkrarolunmaz şəxsiyyətdir. O, gördüyü bütün işlərlə adamı hər dəfə təəccübləndirir. Zərifə Salahovanın bizim üçün, Azərbaycan üçün həyata keçirdiyi işlər həm də onun əsl azərbaycanlı olmasını təsdiqləyir.

Z.Salahova ilə yaxından tanışlığını xatırlayan Dilarə Seyidzadə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Zərifə Salahovanın ictimai fəallığını, Bakı Qadınlar Cəmiyyəti yaratdığını diqqətə çatdırıb. O deyib: “Heydər Əliyev Zərifə xanımı hər zaman çox səmimi qarşılayıb. Zərifə xanımın Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmaq barədə ərizəsinə Ulu Öndər dərhal “Qəbul olundu” dərkənarını yazmışdı. Mən başa düşdüm ki, Zərifə xanım Heydər Əliyevin yanında xüsusi hörmətə malikdir. Xatırlayıram ki, biz İtaliya səfirliyinin açılışında iştirak edəndə, o zaman hələ muzey yox idi, Heydər Əliyev buraya gəldi, pəncərəyə yaxınlaşdı, diqqətlə baxdı, kimsə çalışdı ona nə isə desin, lakin Ulu Öndər dərhal dedi ki, bura Miniatür Kitab Muzeyinin yeri olacaq”.

Miniatür Kitab Muzeyinin Naxçıvanda və Gəncədə filiallarının fəaliyyət göstərdiyini qeyd edən Dilarə Seyidzadə Zərifə Salahovaya uğurlar arzulayıb.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov Miniatür Kitab Muzeyinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, muzeyin yaradlmasının 15 illiyi bütövlükdə mədəniyyətimizin, kitabsevərlərin bayramıdır.

Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Zərifə Salahovanın Azərbaycan mədəniyyətində öz imzasını qoyduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Xalq Artisti Vasif Babayev, Xalq Rəssamı Arif Hüseynov, Əməkdar Jurnalist Elmira Əliyeva, Əməkdar İncəsənət xadimləri Ziyadxan Əliyev, Natiq Rəsulzadə və başqaları Zərifə Salahovanın səmərəli fəaliyyətini yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, Zərifə Salahovanın dünyanın 20 ölkəsində təşkil etdiyi sərgilər onun Vətənə, xalqa sədaqətlə xidmət göstərdiyini təsdiqləyir. Onun 1981-ci ildən Respublika Kitabsevərlər Cəmiyyətinin sədri kimi dünyanın müxtəlif elmi və mədəni mərkəzləri ilə yaratdığı işgüzar əlaqələr muzeyin uğurlu fəaliyyətində mühüm amildir.

Tədbirdə “Zərifə Salahova – Kitaba xidmət və işə sədaqət” (Zarifa Salaxova – slujeniye Kniqe i predannost Delu) (2012-2014) miniatür kitabı da təqdim edilib.

Istinad: azerbaijan-news.az

23 Aprel 2017

Şəkidə, “Marxal”da Miniatür Kitab Muzeyinin filialı açılacaq 24.04.2017

Həcmcə kiçik, dəyərcə böyük mənəvi sərvət 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir