İşığın manifesti – Akif Azalp
İşığın manifesti
Kozimir Maleviçin (1879-1935)
“Qara kvadrat”na (1913) son qoyan
Salvador Dalinin (1904-1989) “Ağ
çevrə”, yaxud “Geosiyasi körpə”
(1943) əsərinin 50 illiyinə…
Bu dəfə Xeyirlə Şərdir rinqdə,
Rənglər döyüşündə XX əsrin.
İki raund öndədir Şeytanla birgə
İki Dünya hərbin başladan rəsm!
Sanki almaq üçün Nurdan intiqam,
“Qara kvadrat”a sarılıb qəsdən,
Şöhrətlə sevişir asi rəssam
Günəşin kvadrat tabutu üstdə!
Birdən Haqqın üzü dönür Xeyirə,
Başlanar-başlanmaz sonuncu raund.
Rəqibin bağrını yarıb “Ağ çevrə”,
Hayqırır:”Nokaut, ancaq nokaut”!
Yarın zülmətləri dağıdıb yenə,
Günəş öz ərşinə qalxacaq Şərqdən!
Azadlıq eşqinə, birlik eşqinə
Səsimə səs verən çıxacaq Şərqdən!
Yol ver “Ağ çevrə”mə, “Qara kvadrat”,
Yol ver həqiqətə, hoqqabaz şöhrət!
Olmadığı kimi Günəşsiz həyat,
Olmayacaq heç vaxt işıqsız sənət!”
P.S. Təşəkkür, təşəkkür, senyor Salvador,
Zərdüşt beşiyinə etimad üçün!
Bəsirət gözünüz aydın, matador,
Kəramət doğrultdu vaxtında özün!
“Ağ çevrə”dən düz on bir il sonra
Çox-çox uzaqlarda Sizin Barsadan,
Qədim Nuhçıxana bağlı Nursudan
Səsi gəldi yalnız anadan deyil,
Novruz tonqalından olan oğlanın!..
Dahiyanə çıxdı yanlışınız da:
Tonqaldan rəssam yox, şair doğuldu,
Adını İmran yox, Akif qoydular!..
Erkən gəncliyindən, bax, o şairin
Günəşin dastanın yazmaqdır işi.
İllah da, saçaraq İstiqlal sirrin,
Parlayandan bəri sülhün Günəşi!
Artıq kamlarda “Ağ çevrə” havası,
Sizdən aşağıda, məndən ucada
Birdir Barsa ilə Nursu səması!
Fərəhdən bilmirəm, nə deyim daha,
Ustad Amadeyə salam, matador,
Görüşənə qədər, senyor Salvador!..
1993