TƏLƏBƏ DOSTUM XANƏLİ KƏRİMLİ HAQQINDA BİR NEÇƏ SÖZ
Əziz dostum, qardaşım, uzaq tələbəlik illərimin yaxın sirdaşı Xanəli Kərimli, bu yazını yazmazdan əvvəl əlli iki illik bütöv bir dövrün sirinli-acılı, fərəhli-fərəhsiz, sevincli-kədərli günlərini, ustad M.Şəhriyar demişkən “bir sinema pərdəsi tək” göz önümə gətirdim, nədən və necə başlayacağımı kəsdirə bilmədim…
Əziz qardaşım, sənin şeirlərinin birində deyildiyi kimi:
“xatirələr var ki, yaşamalıdır,
xatirələr var ki, ölsə yaxşıdır…”
…Bu misralarını xatırlayanda 1969-cu ilin 1 setyabrı yadıma düşdü. Ali məktəbə (o vaxtkı APİ-nin Naxçıvan Fili alının Azərbaycan dili və ədəbiyyatı ixtisasına) qəbul olub dərsə gəldiyimiz ilk gün. Bizi iyirmi altı nəfərilik qrupu (7 oğlan,19 qızı) ayrıca sıraya düzüb Filialın direktoru, tarix elmləri namizədi, dosent rəhmətlik Əli Əliyev yeni qəbul olunanlarla bərabər bizi də qısa, mənalı çıxışı ilə təbik edib təhsildə uğur dilədikdən sonra bizi qrupumuz üçün ayrılmış auditoriyaya apardılar. Hamımızın üzündə həm sevinc,həm də qürur (bəlkə də təkəbbür) vardı. Bizim – rəhmətlik Nəbi Zey- nalov, mən və sənin ilk tanışlığımız elə birinci dərsdən başladı. Nəbi yaşca bizdən böyük olduğu üçün bizdən fərqli olaraq şəhər mühitinə bizdən tez alışa bildi. Bizsə şəhər mühitinə, ali məktəb həyatına ürkək kənd uşağı kimi yanaşırdıq. Ancaq daxilimizdə bir qürur, bir məğrurluq hissi var idi ki, əliqabarlı, çörəyi də daşdan çıxan, çoban-çoluq tərbiyəsi görmüş bizlər indi kimsədən minnət çəkmədən alnıaçıq, üzüağ ali məktəb tələbələri idik…
Əzizim Xanəli, sən kiminçünsə gözəl pedaqoq, kiminçünsə gözəl tədqiqatçı alim, kiminçünsə gözəl içtimai xadim, kiminçünsə gözəl şairsən, mənimçün isə sadəcə dostsan, uzun illərin – 52 il bundan qabaq ərklə, inamla dərd ortağım bildiyim Xanəlisən!..
Bizim dostluğumuzun, dediyim kimi, 52 yaşı var. Bu illər ərzində tez-tez görüşməsək də, bir-birimizə qarşı sədaqətli olmuşuq. Aramızdan soyuq yellərin əsməsinə şərait yaratmamışıq. Elə dost olmuşuq ki,”dost” kəlməsinin açmasını uca səslə deməyə hər ikimizin haqqı çatır. “DOST” – Dünyada Olduqca Səni Tutacağam! Bəli, biz belə dostuq.
Etiraf edək ki, bizim dostluğumuzun əsasını adını yuxa- rıda hörmətlə çəkdiyim Nəbi qoymuşdu. O, bizdən 7 yaş böyük idi, özü də rabitə texnikumunu bitirmişdi, üstəlik də hərbi xidmətini də başa vurmuşdu və əgər yadındadırsa, o vaxt Naxçıvan Filialının imtahanları Bakıda APİ-nin özündə aparılırdı – qəbul imtahanlarına da Nəbi əsgər paltarında gəlirdi, ona görə də onu özümüzə böyük qardaş və ağsaqqal bilirdik. Həqiqətən də Nəbi haqq dünyasına qovuşduğu günədək (Allah rəhmət eləsin) öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirdi.
Hə, əzizim, sənnlə biz iki kurs bir yerdə oxuduq. Bu iki ildə sən təkcə mənim yox qrupumuzun yaddaşında əbədi yaşarlıq qazandın. Üçüncü kursa gələndə – 1971-ci ilin sentyabrında – Nəbi dedi ki, Qarabala (o, səni yadındadır ki, bu adla əzizləyirdi) bizi atıb getdi. Təəcübləndim. Dedi ki, APİ-ə dəyişildi. Tələbə yoldaşın kimi sənə olan bəzi “haqqsızlıqları” görürdük və bu “haqsızlıqlar” bizim də taleyimizə bir çox hallarda, neçə deyərlər, abunəçi idi. Amma sən bizdən fərqli olaraq bunlara dözmədin və bu dözümsüzlük indi də sənin tale yoldaşındır… Sonralar öyrəndim ki, ali məktəbi fərqlənmə diplomu ilə bitirmisən, üstəlik, o dövr üçün məsuliyyətli mövzu olan Cənubi Azərbaycan ədəbiyyatından namizədlik işi üçün dissertasiya mövzusu da götürmüsən. Sənin bu yolda nə qədər əziyyətlər çəkdiyini sənin xəbərin olmadan bir dost, bir sadiq tələbə yoldaşın kimi şahidi olmuşuq. Kənd müəllimi kimi həm ailə-uşaq dolandır, həm də elmi işlə – elmi-ədəbi mühitdən uzaq bir diyarda – məşğul olmaq və şükürlər olsun ki, bu işi böyük inad və inamla başa çatdırmaq, təvazökarlıqdan uzaq, hər oğulun işi deyildi, qardaş.
Elmi işdən söz düşmüşkən, ibrətamiz və sənin şəxsiy- yətinin, daxili mənəvi aləminin təzahürü kimi dəqiq bildiyim bir “hadisəni” burada qeyd etməyi məqsədəuyğun saydım: səndən qabaq elmi işlə məşğul olan, bu yolun yolağasını “yaxşı bilənlər” sənə məsləhət görürlər ki, elmi rəhbərinə “hörmət” etməsən, işin aşmaz… “Dostların” çox təkidindən sonra, sən kənddən layiqli bir sovqatla Bakıya gəlir və qatardan düşüb çox tərəddüddən sonra sıxıla-sıxıla elmi rəhbərinin evinə küçə telefonuyla zəng açıb istəyini ona bildirəndə telefonun o ba- şından qəzəb və acıqlı bir səslə “elə şeylər bu çağacan mənim qapımdan içəri girməyib” sözlərini eşidəndə sən telefonunun dəstəyini asıb tərəddüd etmədən gətirdiyin sovqatı voğzaldakı zibil qutularından birinə atıb getmisən… və elmi rəhbərinlə bir də dissertasiya işin hazır olanda görüşmüsən.
Əzizim Xanəli, tələbəlik illərinə ötəri belə boylananda çox şirin anlar yada düşür. Yadındamı, “Seyyidin kitab mağazası” adlı tələbələr arasında məşhur olan bir mağaza vardı ki, biz ordan hər gün bir yeni kitab almasaydıq, yuxumuz gəlməzdi.
O da yadındamı, bir dəfə mağazaya girəndə piştaxtın üstündə sarı cilddə rus yazıçısı İ.Buninin əsərlərinin rus dilində 2-ci cildini və bu kitabı almaq üçün bir rus qadınının Seyidə necə yalvarıb ağladığını gördük. Məlum oldu ki, bu əsər başqa bir rus qadını üçün abunə olaraq gəldiyindən və 1-ci cildin də abunəçi tərəfindən alındığından satıcı kitabı göz yaşları içində boğulan qadına verə bimir. Biz mağazadan çıxanda hər ikimiz eyni cümləni işlətdik ki, kaş, bizim millətin qadınları da sevdiyi kitabı almaq üçün belə göz yaşı tökəydi. Onda millətimizin gəncliyi daha böyük,daha qüdrətli olardı…
…Neçə illərdir ki, Naxçıvan Dövlət Universitetində çalışırsan. Ancaq nə müəllim yoldaşların,nə də əlinin altından çıxan tələbələrin bilmirlər ki (bəlkə də bilənlər var), sən bu illəri necə bükə-bükə gəlmisən. Bu gün mən bir həqiqəti bilirəm ki, sən Abbasəli kişinin (Allah ona qəni-qəni rəhmət eləsin) tapşırığını vicdanına sığınaraq yerinə yetirirsən – halallıqla yaşayırsan, qol çəkib aldığın əməkhaqqına qane olan Xanəli müəllimsən!.. Bax, bizi bir-birimizə illərdir ki, bağlayan əsas cəhət budur. Çətinliklərin olsa da, adının təmizliyini, şərəfini qorumaq sənin üçün həyat idealın olub. Necə ki,şerlərinin birində etiraf edirsən:
Ucuz şöhrət üçün,ucuz ad üçün
Mən öz istəyimə dönük çıxmadım.
Ucuz şöhrətlər də ucuz ölümdü…
Təmənna xatrinə əllər sıxmadım,
Mən öz istəyimə dönük çıxmadım.
Xanəli, səninlə bütün görüşlərimizdə tələbəlik illərində çəkdiyimiz əziyyətləri dönə-dönə xatırlayırıq. Xüsusən də, M.S.Ordubadi adına kitabxanada kitab növbəsinə durmağımız tez-tez yadımıza düşər. İndiki internet əsrində, qloballaşma zamanında, etiraf edək ki, bir sıra milli mənəvi dəyərlərimiz sıradan çıxmaq üzrədir, o cümlədən də müqəddəs bildiyimiz kitaba münasibət də. O zaman kitab oxumaq vardı, oxuduqlarını qeyd etmək vardı. Yadındadırmı, istədiyimiz kitabı əldə etmək və oxu zalında yer saxlamaq üçün tələbə yoldaşlarımızdan birinin yaxın qhumu, kitabxanada şöbə müdiri vəzifəsində işləyən Rəfiqə xala bizə necə köməklik edirdi. Şəxsən mən onun bizə olan doğmalıq qayğısını indi də minnətdarlıqla xatırlayıram.
Yadındadırmı, İzzət müəllim – filologiya elmləri namizədi İzzət Maksudovu (Allah rəhmət eləsin) deyirəm. O, bizə XIX əsr Azərbaycan ədəbiyyatını tədris edirdi. O qədər sevgi və tələbkarlıqla o fənni bizə sevdirdi ki, bu gün də, yaşımızın bu çağında belə biz onu şirin və unudulmaz bir xatirə kimi xatırlayırıq. Eləcə də, bütün ömrünü və rahatlığını Naxçıvanda elmin, təhsilin inkişafına həsr etmiş rəhmətlik Yavuz müəllim – Yavuz Axundlu, İbrahim Mollayev, Nəriman Orucəliyev, İbrahim Salayev, Müseyib Zeynalov, Möhsün Möhsümov… Onlar bizim tələbəlik illərimizin unudulmaz müəllimləri idi.
Xanəli, əzizim, indi sən ən aqil görkəmdəsən. Yaradıcılığınla bağlı işıq üzü görmüş, özününsə bir şair kimi Vətənimizdə, Türkiyədə, İranda nəşr olunmuş ondan çox şeir kitabın çağdaş elmi-ədəbi mühitin istifadəsindədir. Dünyanın bir neçə ölkəsində keçirilən elmi simpozium, konfrasn və beynəlxalq tədbirlərində olmusan. Nə yazmısan, harda olmusan, söz sənin əlindən tutub. Haqqında yazılanlarla tanış olduqca, dost kimi ürəyim dağa dönür. Bunu bildiyindəndir ki, işıq üzü görən hər kitabının bir nüsxəsini mənə ayırırsan və hər dəfə də nigaranlıqla deyirsən ki, bax, gör xoşuna gələcək?!. İnsafən, sözə qarşı çox tələbkarsan. Səni oxuyanda həmişə M.Füzulinin “Söz” rədifli qəzəlindən iki misra yadıma düşür. Böyük Füzuli deyir:
Olmayan qəvvasi-bəhri mərifət arif deyil,
Kim, sədəf tərkibi-təndir,lölöyi-şəhvar,söz-
Sən elə şeylərdən yazırsan ki, adini qeyri-adi edirsən. Na- rahatsan, arayıb-axtarırsan, oxucunu təəccübləndirməyə çalı- şırsan. Bir şair üçün bu, başlıca məsələdir. Sənin şeirlərində bir halallıq, ”adamlıq” var. Sən şeirlərinin birində yazırsan ki:
Mən bir Allah quluyam ki,
Gələn vəhyləri yazıram.
Bir Hatifi misal olub,
Rəngdə rəngləri yazırm.
Başqa bir şeirində isə sanki bu fikrin məntiqi davamı kimi belə bir qənaətə gəlirsən ki:
Şeir gərək Haqqdan gələ,
Zorla şeir yazmaq olmaz.
Haqqdan gələn bir sözün də
Mizanını pozmaq olmaz.
Haqqında yazılan çoxsaylı məqalələrdə, kitablarda qeyd edildiyi kimi, sən ədəbiyyat, şeirə ötən əsrin 80-ci illərində gəlmisən. Bizim dostluğumuzsa 69-70-ci illərdən başlanır. O illərdə sən bir misra da olsun, şeir və ya bir cümlə də olsun, bədii yazı yazmamısan. Ancaq sonralar sənin kimsənin gözləmədiyi halda ədəbiyyata qəfil gəlişin çoxları kimi məni də təəccübləndirdi. Xüsusən,”Azərbaycan müəllimi” qəzetində (1985-ci ilin 20 sentyabr sayında – red.) dərc olunan və insafən, o vaxt əl-əl gəzən “Toğluqayanın Məmməd Araza məktubu” şeirindən sonra bizi inandırdın ki, sən ədəbiyyata ötəri həvəslə gəlməmisən.
Bu cümlələri yazanda sənin “Anamdan məktub” (2001) kitabına yazdığın “Ön söz və ya ömrümdən-günümdən anlar” yazının 1-ci bölümü yadıma düşdü: “1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində dünyaya göz açanda milyonlar kimi haray-həşir qoparmadım. Mənim qeyri-adi, səssiz-səmirsiz bu dünyaya gəlişim hamıdan çox anamı “peşiman” etmişdi. Anam da elə bilib ki, ölü doğul muşam. Ancaq bir təsadüf nəticəsində, kimsənin gözləmədiyi halda mən qışqırıb hamını heyrətləndirmişəm…”
Sənin dünyaya səssiz-səmirsiz gəlişin “hamını heyrətlən- dirdiyi” kimi, ədəbiyyata da “səssiz-səmirsiz”, gözlənilməz gəlişin səni tanıyanları heyrətdə qoydu. Bu da Allahın sənə olan bir lütfü, bir möcüzəsi idi ki, əziz qardaşım, səni seçilənlərdən, fərqlənənlərdən etdi.
Əzizim Xanəli, elə o illərdə (80-ci illərdə, daha dəqiq 1986- cı ildə) yazdığın bir şeirin var – “Küçə iti”. Oxucu düşünməsin ki, aradan keçən illərdə sənin heç yaxşı şeirin olmayıb. Məsələ bundadır ki, bu şeirdə ifadə olunan fikir, fikrimcə, sənin bü- tün yaradıcılığının leytmotividir. Sən ətrafındakıları “İNSAN” görmək istəyirsən, ağlı, dərrakəsi, düşüncəsi ilə seçilən “İNSAN”. Quyruq bulayanları, nakişiləri, bir şahıya Vətənini, millətini satanları görməyə gözün yoxdur. Sənin idealın, şeirində də deyildiyi kimi, təmizlikdir, halallıqdır:
Vüqarla yaşamaq, halal yaşamaq Həyatın bəzəyi, ömrün naxşıdır. Sənin bu halını görməyəydim kaş… Belə yaşamaqdan ölüm yaxşıdır!.
Hörmətli tələbə dostum, şair qardaşım, sənin yaradıcılığını saf-çürük etmək fikrindən uzağam. Sadəcə haqqın- da illərin dostu kimi danışmaq istədim. Bu işi filoloqların, tədqiqatçıların öhdəsinə buraxdım. (Hərçənd, indi kiminsə haqqında söz deməkdən də umurlar.) Düşündüm ki, bu yolla sənin şeirlərinin həyatiliyi daha aydın seçiləcək. Oxuyanlar biləcək ki, sənin daşlı-kəsəkli həyat yolunda müqəddəs olan idealın, amalın nədir, sən bu çağacan nəyə qulluq etmisən və nəyə qulluq edirsən:
Qəlbində insanlıq hissi ölənə
Bir çimdik insanlıq bəxş elə,
Allah. Şeytan xislətiylə yaşayanlardan
Nə qədər bəlalar çəkmişik,vallah.
Səni tanıyandan bu sətirləri yazdığım anadək sənə inanmışam – dost kimi, insan kimi! Bilirəm ki, əqidəsindən dönməz adamsan. Bəzən kükrəyirsən, bəzən həlim olursan, bəzən için- için əriyirsən. Ancaq şeirlərinlə yaşayacağına bir əminlik var səndə – təvazökarlıqdan uzaq olsa da. Özünün dediyin kimi:
Qələmin tətiyindən
əlimi çəkməyəcək,
yolumdan dönməyəcək,
deyəcəyəm sözümü
zamanın sərt üzünə
öləcəyim günədək!..
Bu yolda sənənə daha böyük uğurlar diləmək arzusu ilə 70 yaşın mübarək, əziz dostum, qardaşım!!..
Ordubad, Unus kəndi,
22-24.05.2021.
Vidadi YUSİFOĞLU,
Təqaüdçü müəllim
Xanəli Kərimli: Şairin könül dünyası.