“Enqa qushu” kitabi haqda

Eluca Atalının “Ənqa quşu” kitabı uşaq romanımdır. Müəllif cəmiyyətdə baş verən bütün hadisələri təbiətə gətirmiş, yerdə olan hadisələri göyə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibri quşu Günəşə aşiq olur, amma anası Günəşə çatmaq üçün bir quş ömrünün yetərsiz olduğunu ona anladır. O zaman balaca quş əbədiyyətə qovuşmaq yolunu axtarır, tapır. Əsərdə kolibridən savayı, çoxlu sayda quş obrazı, morfologiyası, həyat tərzi əks olunub.
      Hardadır əbədiyyət? Ona hansı şərtlərlə çatmaq olar? Uzaq diyarda bir mağara var, orda Ənqa quşu adında bir quş yaşayır, o ölümsüzdür, əbədiyyətə qovuşub. Kim bu uzun yolu gedib o Ənqa quşu ilə görüşərsə, o zaman o da əbədiyyətə qovuşa bilər. Uzun yolu tutub uçan quşlardan kimisinin yolda inamı, kimisinin də iradəsi tükənir, mənəviyyatı korlar öz səfər yoldaşlarını tutub yeyirlər: Bayquş gecə qaranlığında Yarasanı, Qartal Çalıquşunu, Çərkəz Göyərçini və s. təbii təlabatına, qarnının diktəsinə görə parçalayıb yeyir. Əbədiyyətə qovuşmaqdan ötrü ruhun təmiz olmalıdır, ruhsa Asif Atanın Mütləq İnam fəlsəfəsinə görə İnam, İdrak, Mənəviyyat və İradədən ibarətdir. Bu dörd atributun bir vəhdətdə birləşməsidir. Əsərin sonunda yalnız saf ruhlu balaca quş Başarı Ənqa quşu yaşayan mağaraya çatıb dəfələrlə onu səsləyir. “Mən gəlmişəm, Ənqa quşu!” Cavab gəlmir, bir də səsləyir, yenə cavab almır. “Mən yanılmışammı, sən yoxsanmı?” Səsi mağaranın divarlarında əks-səda verib özünə qayıdır. Nəhayət sonda: “Ənqa quşu sən özünsən!” bir səs onu silkələyir. “Mənmiyəm?!” “Bəli, sənsən! Sən ki, bu qədər məhrumiyyətlərə dözüb durmusan, uzaq yolu qət edib bura yetişmisən, o zaman Ənqa quşu sən özünsən.” Ənqa quşu özünü yaradanlardır, yalnız ruhani olan əbədi yaşayır ideyası bu əsərdə bədii təsvirini tapır.
     “Ənqa quşu” romanı səkkiz yaşından yuxarı bütün tip oxucuların oxuyub, təbiəti bədii təsvir vasitələri ilə öyrənə biləcəyi bir kitabdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir