Ocaqdan Nur alanlar

Print Friendly, PDF & Email

“Köz” ədəbi məclisi necə yarandı?

     Bir yay günü idi. Dost-tanışlarla sərinləmək, dincəlmək, dərdləşmək, yazdıqlarımızı, pozduqlarımızı bir-birimizlə paylaşmaq üçün münasib bir yer, guşə axtarırdıq. Ordubadın, Şahbuzun, ayrı-ayrı bölgələrimizin cənnət-məkan, dilbər guşələrində çox olduğumuzdan ayrı bir yerdə dincəlmək arzusunda idik. Çox keçmədi bu arzunun özü bizi tapdı. Hər birimiz üçün doğma, əziz, mehriban, qayğıkeş insan, sədaqətli dostumuz Səfiyar müəllim bizə yaxınlaşdı.

     – Havanın bu istisində canınıza yazığınız gəlmir?

     – Fikrimizi ona bildirdik.

     – Yığışın gedək mənim min bir əziyyətlə hasilə gətirdiyim doğma kəndimizdəki bağıma. Hər istirahət günlərində, yaxud iş saatı bitəndə bu bağa baş çəkir, ağaclara su verir, onlara xüsusi qulluq göstərirəm. Bu gün istirahət günüdür. Lap yerinə düşüb, (Yarı ciddi, yarı zarafatla) söhbətimizin davamını doğma diyarımızın səfalı kəndlərindən heç də geri qalmayan Aşağı Uzunoba kəndində – mənim həyətimdə davam etdirərik.

     Elə də oldu. Həyətə daxil olanda gül-çiçəyin ətri, ağacların ətrafa payladığı sərinlik bizə qızmar günəşin boğucu havasını unutdurdu. Aramızda iş bölgüsü də apardıq. Səfiyar müəllim həyəti suvarmağa, biz isə ağacların altında dincəlmək üçün stol-stul düzməyə, stəkan-nəlbəki gətirməyə, həyətin bir kün­cündə neçə-neçə qonaq-qara yola salan, bir əsrdən çox tarixi olan samovara od salmağa, tüstülətməyə başladıq. Sonra isə hamımız samovarın yanında çay stoluna əyləşdik. Canımıza rahatlıq gətirən ətirli çay (bu rayihəli otu onun faydasını yaxşı bilən Əzim müəllim bu həyətdən yığmışdı), bizi ağuşuna alan yaşıllıqlar, bir tərəfdən də əllərimizi donduran, həyətdəki yaşıllıqlara can verən artezian suyunun şırıltısı duyğularımızı elm, şeir-sənət aləminə aparmışdı. Kimi muxtar respublikada apardıqları elmi-tədqiqat işlərinin uğurlu nəticələrindən danışır, kimi 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına və müzəffər ordumuza həsr etdiyi şeirlərini söyləyir, kimi iqtisadiyyat sahəsindəki bilik və bacarıqlarını dostları ilə bölüşür, kimi dağlarımızın in­san orqanizmi üçün faydalı olan ot-ələfindən, kimisi elmi-tədqiqat işlərinin uğurlu nəticələrindən, kimisi musiqi sahəsində əldə etdiyi nailiyyətlərdən, kimisi isə ədəbi-mühit nümayən­dələrinin öz saytlarında necə tanıdılmasından həvəslə söhbət açırlar.

     Bu dostların içərisində hər kəsin sözünə, fikrinə yeni rəng qatan Çingiz müəllim birdən hamımızı təəccübləndirən bir səslə – “Evrika” (tapdım) deyir. Nəyi tapdığını soruşduqda o əlləri ilə samovardan tökülən, ışım-ışım ışıldayan gözlərə işarə edir və deyir:

     – Bu gündən məclisimizin adı “Köz” ədəbi birliyi olacaq (bir neçə gündən sonra Çingiz müəllim bu ədəbi birliyin yaranmasına həsr etdiyi şeirini də bizə təqdim etdi).

     Belə də oldu. Yaratdığımız “Köz” ədəbi birliyi bir neçə ildir ki, fəaliyyətini davam etdirir. Birliyin üzvləri ayda bir dəfə bir yerə yığışar, ərsəyə gətirdiyi əsərlərindən, ölkə və muxtar respublika mətbuatında dərc olunan məqalə və şeir­lərindən, əldə etdikləri uğurlardan həvəslə söhbət açarlar.

     Qələmə aldığımız hisslər, düşüncələr və nəşrinə qərar verdiyimiz bu kitabın işıq üzü görməsi yuxarıda qeyd etdiyimiz kimi elm və sənət adamlarının yaxın dostu, sirdaşı cəmiyyət içərisində tanınan, sayılan, seçilən və sevilən Səfiyar müəllimin həyətinin və qəlbinin isti ocağından qaynaqlanıb.

 

Çingiz Süleymanov
Rövşən Hüseynov

Ocaqdan Nur alanlar: Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir