Əkrəm və Kənan Məmmədlilərin nota aldığı Naxçıvan – Şərur el yallıları
Azərbaycan Naxçıvan yallıları
Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.
Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.
Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.
İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə (nəticəyə) gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.
Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaqlıq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.
Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq şərtlərini pozmadan qoruyurdular.
Bu anlayışı, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.
Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.
Tarixlərdə qalan, tarixləşən dəhşətli tufanın yer kürəsi miqyasında səbəbləri var idi. Amma nəticə o səbəblər arasından xilas olmaqda özünü tamamlaya bilərdi.
Tarixlərdə həzrəti Nuh tufanı dövrü var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilaskarlığı dövrü var.
Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh tufanına qədər olan dövr mədəniyyətlər, həzrəti Nuh dövr tufanı tarixi mərhələsindən sonrakı dövr.
Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi?
Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.
Tarixlərdə, kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı ərəfəsi və xilasın, xilaskarlığın yaddaş daşıyıcısı çox önəmli tarixi bir faktdır.
Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və əhalisi xilas oldular.
Çünki o ərazidən tufana qədər də,tufan ərəfəsində də insanlar İşığı, Tenqrini, Tanqrını, Tanrını çağırırdılar.
Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli daha qorxulu idi.
Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar.
Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri, bir də İşığa idi.
Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi.
Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi, işığdan ümidə daha da böyük inam yaradırdı.
İnsanların xilası qara qurğuşun rəngində olan, qalın buludlar arasında günəşə, O İşığa idi.
Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında İşığın olmaması daha da qorxulu vahiməli idi. Bu “son gün, son gecə” – yə bənzəyirdi.
Tufan, yağış tədricən sakitləşməyə başladığca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.
Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşğın vaxtı öz haray və səslərini yad edərək günəşi tufanın dayanmasına yaddaş edərək, İşığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər.
(K.Brüllovun “Pompeyin son gecəsi” rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub)
Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühim bir hadisəyə çevrildi.
Sonrakı mərhələlərdə İşığı başlanğıc və xilas, Tenqri işığı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin kök saldı.
Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyəti, o adətləri bəyan etməklə yanaşı ( dominant) aparıcı bir funksiya daşımaqla o dövrü, o insanları Kainata, elmlərə çağırmaqla bir daha biz insanlar Kainatın və Yaranışın bir parçası olduğunu və ayrılmaz olduğunu bəyanlaşdırdı.
Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər.
Sonrakı mərhələlərdə o xilas anını, ümid anını günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.
Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.
Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.
Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı yallı kimi adlandırmağa başladılar.
Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (nuraşan) o əraziyə məxsusdur.
Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. O tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.
Babalarımız , atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı tutmaqla, mə`şəllər yandırmaqla o insanlara əraziyə xilas, təşəkkür, ümid kimi baxıblar.
Yallı iştirakçıları rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.
Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.
Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.
Zurna nəfəsli musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs nizamına səsləyir.
Nəfəsli musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı eyni vaxtda ərazi ad daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.
O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür, əhval – ruhiyyəni yaxşılaşdırır.
O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.
Çox qədim tarixlərimiz var. Həzrəti Nuh xilaskarlığı ilə, o ərazi işıq çağırışı simvolu olan və bütün bəşəriyyətin ehtiyacı olan halov, alov deməklə o ərazini işıq ərazisi olduğunu bəyanlaşdırır. Urfani yallı rəqsi Ur – mi ( uç səmt) ur – va ( o lavaş yapılanda, oxlovla xamır arasında sərf olunan un miqdarıdır). O urfa, bir – birliyə yığma funksiyası daşıyıcısıdır.
Yallıda urfanı ərazi və birlik anlayışı daşıyıcısı olmaqla, şadlıq daşıyıcısıdır.
Bütün yuxarıda deyilənlər ustad tarzənimiz Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük bir tarixi hadisədir.
Vahid Rzayev
SƏNƏTƏ EHTİRAMDA VƏTƏNDAŞ QEYRƏTİ
Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd məna daşıyır.
Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər.
Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə, ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları toplamaq, tədqiq etmək və gələcək nəsillərə ərmağan vermək. Onlar milli mədəniyyətimizin, həm də tarixi varlığımızın, mənəvi-əxlaqi dəyərlərimizin qoruyucularıdırlar.
Cəfakeş musiqiçi Əkrəm Məmmədli və onun elmi-nəzəri biliklərə yiyələnmiş oğlu Kənan Məmmədli məhz musiqi irsimizin qoruyucularıdırlar. Burada qoruyucu sözü böyük həriflərlə yazılan müqəddəs deyim kimi qavranmalıdır.
Məkan kimi çox geniş ərazini əhatə edən Azərbaycanın zəngin mədəniyyətində musiqi xüsusi yer tutur. Vətənimizin hər yerində musiqiyə ehtiram və məhəbbət müqəddəslik səviyyəsindədir. Amma etiraf edək ki, bölgələrdə musiqinin hansısa müəyyən bir növünə sevgi daha güclüdür. Bir bölgəmizdə muğam bütün musiqilərdən uca tutulur. Başqa bir yerdə ozan-aşıq musiqisi, dastan söyləmələri mənəvi dəyərlərimizin bir növü kimi formalaşıb. Başqa bir yerdə xalq mahnılarına ehtiram ilkindir.
Tarixi min – min illərlə ölçülən Naxçıvan isə qədim və növbə – növ yallıları ilə məşhurdur. Bu yallılar əsasən nəfəs və zərb alətləri ilə ifa olunur. Bu yallılar yalnız kişilərin, yalnız qadınların, həmçinin qadın və kişilərin birgə rəqsi ilə məşhurdur. Yallı həm də camaatın, elin-obanın birliyi, əyilməzliyi, möhtəşəmliyidir.
Naxçıvan yallılarının hər birinin ayrılıqda öz ritm xüsusiyyətləri, ahəng özəllikləri, ifa prinsipləri, estetik səciyyələri var. Bunlar bir-bir araşdırılmalıdır. Rəqslərin xalqın məişəti, dünyagörüşü, həyat tərzi, estetik görüşləri, daxili ehtirasları ilə bağlılığı müəyyən qədər tədqiq olunub. Lakin bu sahədə hələ çox böyük işlər görülməlidir. Bunun üçün isə əldə zəngin və orijinal nümunələr olmalıdır.
Acınacaqlı olsa da, etiraf etməliyik ki, laqeydlik və müxtəlif səbəblər ucbatından digər mədəniyyət incilərimizlə yanaşı, musiqi sənətimizdə, o cümlədən də qədim rəqslərdə itkilərimiz çox olub.
Bu, ürəkgöynədən, təəssüf doğuran faktdır… amma həqiqətdir…
Ona görə də Əkrəm və Kənan Məməmdlilərin qədim Naxçıvan yallılarını toplamaları, onları nota salmaları ilk növbədə əzəmətli vətəndaşlıq qeyrətidir. Bu iki şəxs sözün əsl mənasında böyük bir elmi-tədqiqat müəssisəsinin uzun illər görə biləcəyi işi ikilikdə reallaşdırıblar.
Mən özüm də incəsənətin başqa bir növü ilə bağlı tədqiqatlar aparmışam və bu işin bütün çətinliklərini bilirəm. Xüsusən arxivlərdə işləməyin çətinlyini və həmçinin ləzzətini duyuram.
Amma, Məmmədlilərin tədqiqatı konkret hansısa arxivlə bağlı deyil. Onlar bütün Naxçıvan mahalını kənd-kənd, oba-oba, oymaq-oymaq gəzmiş, həm bu gün çalınan və oynanılan yallıları, həmçinin az qala unudulmuş, qan yaddaşında olan yallıları toplayıblar.
Bax, budur əsl vətənpərvərlik!
Bax, budur musiqi mədəniyyətimizə əsl məhəbbət və ehtiram!
Bax, budur tədqiqatçı qüdrəti, tədqiqatçı qeyrəti!
Mənim fikrimcə, bu tədqiqat işi təkcə Naxçıvan mədəniyyətinin, bir qədər geniş anlamda Azərbaycan incəsənətinin qədimliyinə xidmət etmir. Naxçıvan yallılarının nota salınıb çap edilməsi dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfədir.
Görəsən dünyada elə bir xalq varmı onun bir rəqs formasının yüzə qədər növü olsun (hələ unudulanları nəzərə almıram)? Bəlkə də var, ancaq mən bilmirəm. Onu bilirəm ki, Naxçıvan yallılarının həm ritminin, həm ahənginin, həm ifa prinsipinin, həm çalğı palifoniyası zənginliyinin tədqiqi xalqımızın fəlsəfi-psixoloji, bədii-estetik zövqlərinin formalaşması mərhələlərinə yeni işıq salacaq.
Xalqımızın qədimliyini adi sözlərlə deyil, «Naxçıvan yallıları» kimi fundamental tədqiqat əsərləri ilə sübut etmək lazımdır. Yalnız onda dünya xalqlarının vətənimizə, millətimizə olan ehtiramına yeni-yeni töhvələr vermiş olarıq.
İlham RƏHİMLİ Sənətşünaslıq doktoru, professor.
Müəlliflərdən
Azərbaycan xalqının bədii dühasının məhsulu olan əvəzsiz musiqi və xoreoqrafiya nümunələri hələ qədim zamanlarda yaranaraq şifahi şəkildə ağızdan – ağıza, dildən – dilə keçmiş, get – gedə inkişaf edərək əsrlərdən bəri nəsillərdən- nəsillərə, bu günümüzə gəlib çatmışdır. Bu əvəzsiz sənət incilərinin qorunub saxlanmasında və inkişafında Azəbaycan musiqiçilərinin xanəndə və vokalçıların, aşıqların, rəqqasların əvəzsiz xidmətləri olmuşdur. Azəbaycan xalqının musiqi irsinə aid zəngin, özünəməxsus, bu xəzinəyə diqqət yetirdikdə ifaçılıq cəhətdən virtiozluq tələb edən vokal – instrumental muğam dəstgahları, zərb muğamlar, təsniflər, rənglər, dəramədlər eləcə də aşıq havaları, mahnılar, rəqslər və.s kimi müxtəlif forma və janrlara aid olan musiqi nümunələri ilə tanış oluruq.
Bu musiqi nümunələrinin forma və janr müxtəlifliyini nəzərə alan Azərbaycan musiqişünasları haqlı olaraq Azərbaycan musiqisinin aşağıdakı üç təbəqəyə bölündüyünü qeyd etmişlər:
- Şifahi – professional muğam janrı ( muğam dəstgahlar, kiçik formalı muğamlar, zərb muğamlar, dəraməd, rəng və təsniflər)
- Xalq professional musiqi janrı ( Aşıq musiqi yaradıcılığı)
- Xalq musiqi janrı ( mahnı və rəqs)
Bu məcmüədə Azərbaycan xalq musiqi janrına aid olan yallılar, onların ifa xüsusiyyətləri və not yazıları həmçinin yallıları müşayiət edən musiqi dəstəsi və bu dəstədə istifadə olunan çalğı alətləri haqqında məlumat verməklə Azərbaycanda yallının əsas yayıldığı və inkişaf etdiyi Naxçıvan ərazisində ifa olunan yallılardan, Şərur xalq yallı ansambllarından, eləcə də yallıların qorunub saxlanmasında və inkişafında xidmətləri olmuş musiqiçi və rəqqaslardan bəhs edilir. Bu kitabda musiqisi nota yazılmış yallının əksəriyyəti Naxçıvanın Şərur bölgəsinə aiddir. “Ağrı gülü”, “Zəngi”, “Amangəl”, “Sındırma”, “Yeli yeri”, “Aman yar”, “Bəndi”, “Bəndil”, “Cərgəbaz”, “Dağı”, “Hazıraviçin”, “Hərilli”, “Köçginən gəl”, “Qızılbaş”, “Qəmbəryamanı”, “Qızbiryana”, “Suskayi”, “Şamamagəlin” yallıları isə qərbi Azərbaycanımızın İrəvan və Dərələyəz mahallarının Uluxanlı, Taytan, Xalsa, Yengicə, Çimənkənd, Gülüdüzü və digər bölgələrindən, Cənub Azərbaycanımızın Urmu, Maku, Xoy, Sulduz bölgələrindən və qardas Türkiyənin, Anadolunun şimal bölgəsindən toplanıb. Yallıların toplanıb nota yazılmasında məqsəd zəngin xəzinəmiz olan bu xalq musiqi və xoreoqrafiya incilərimizi qoruyub saxlamaq və gələcək nəslə çatdırmaqdır.
Bu işin yerinə yetirilməsində bizə öz köməkliklərini əsirgəmədikləri üçün Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zöhrab Axundova, İsgəndər Əliyevə, Əli İsmayılova, Urmiyalı musiqiçilər Əli İsmayılzadəyə, Fərşid Cahandidəyə və Naxçıvan Dövlət Filarmoniyasının solistləri balaban , zurna ifaçıları Məmməd Məmmədova, Mahir Məmmədova öz minnətdarlığımızı bildiririk. Və həmçinin musiqişünas – alim mərhum Bayram Hüseyinlinin “Azərbaycan xalq rəqs melodiyaları” dəftərindən istifadə etdiyimiz üçün ona rəhmət diləyirik.
YALLILAR
Xalqımızın yaşayışı bədii təfəkkürü sayəsində yaranan, onun həyat və məişətinin ayrılmaz hissəsinə çevrilən zəngin, ən əsası isə, tarixin bütün proseslərindən keçib gələn bu günümüzdə də öz təravətini və mahiyyətini itirməyən, milli dəyərlərimizdən sayılan yallılar xalqımızın yaratdığı, mayası, qayəsi saf olan bir sənət növüdür. Yallı Azərbaycan xalqının birlik rəmzi, milli xüsusiyyətlərimizin örnəyi, xalq hikmətinin parlaq ifadəsidir. Yallı sözü işıq, od, alov, yalov, yallov mənasının ad daşıyıcısıdır.
Dinləyicinin qəlbini oxşayan və onu coşduran, mərdlik, əzəmət, birlik kimi ülvi hissləri tərənnüm edən müxtəlif səpgili ayrı – ayrı melodiyalar və bu melodiyaların müşayiəti ilə bir – birini tamamlayan, göz oxşayan dəyişkən xoreoqrafik hərəkət və şəkillər kütləvi xalq rəqsi olan yallıların mayasıdır. Əzəmət və qəhrəmanlıq tərənnüm edən yallı melodiyalarını dinləyərkən və xoreoqrafik hərəkətlərini izləyərkən daxilimizdə vətən məhəbbəti, xalq sevgisi kimi ülvi hisslərin bir daha coşmasını duyuruq.
Xalq mahnı və rəqsləri, eləcə də yallı rəqsləri tarixi yaddaşımızın bəhrəsidir. İlk insanın daxilində yaranan ritm onu melodiyalar eşitmək, rəqsvari hərəkətlər etmək kimi hallara həvəsləndirib. Bu həvəs xalqın bədii yaradıcılıq fəaliyyətinin meydana gəlməsi ilə nəticələnir.
Naxçıvanda Gəmiqayada, Abşeronda Qobustan qayalarında həkk olunmuş yallıya bənzər rəqs təsvirləri eləcə də dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında verilən məlumatlar yallının qədimliyindən xəbər verir.
“AQRA” elmin inkişafına dəstək ictimai birliyinin idarə heyətinin üzvü Vahid Rzayev öz məqaləsində yazır: “Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaqlıq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.
Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq şərtlərini pozmadan qoruyurdular.
Bu anlayış, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.
Tarixlərdə həzrəti Nuh tufanı dövrü var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilaskarlığı dövrü var.
Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh tufanına qədər olan dövr mədəniyyətlər, həzrəti Nuh dövr tufanı tarixi mərhələsindən sonrakı dövr.
Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər.
Sonrakı mərhələlərdə o xilas anının, ümid anının, günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.
Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.
Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.
Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı yallı kimi adlandırmağa başladılar.
Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (nuraşan) o əraziyə məxsusdur.
Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. O tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.
Babalarımız , atalarımız həmişə Naxçıvan ərazilərindəki toy məclislərində mütləq qaydada yallı tutmaqla, məşəllər yandırmaqla o insanlara ərazidə xilas, təşəkkür, ümid kimi baxıblar.”
Yallı bizim keçmişimizi özündə yaşadan, onu gələcəyə aparan ən qiymətli xalq yaradıcılığı növüdür. Bu sənət növü şifahi şəkildə beyinlərdən – beyinlərə yaddaşdan – yaddaşa köçürülərək yaşamış, inkişaf etmiş və öz yaşam hüququnu məhz xalqın süzgəcindən keçirərək qazanmışdır. Yallılarda ifa olunan musiqi, oynanılan hər bir hərəkət, özünə məxsus əhəmiyyət kəsb etməklə yanaşı, əcdadlarımızın yaşam tərzini, adət – ənənəsini, məişətini və bədii zövqünü özündə əks etdirir.
Yallıların icrasında rəqqaslardan ibarət dəstələr düzəlir. Hər dəstədə 5 – 10 nəfərdən tutmuş 20 – 30 nəfərə kimi rəqqas iştirak edir. Dəstənin sayı toylarda, el şənliklərində rəqs etməyə qoşulan rəqqasların sayından asılı olaraq 2 – 3 ola bilər. Hər bir yallı dəstəsində əvvəldə və axırda duran rəqqaslar olur ki, əvvəldə durana yallıbaşı, axırda durana isə ayaqçı deyilir. Yallıbaşının əlində qırmızı, ayaqçının əlində isə ağ rəngdə təxminən 20 – 25 sm ölçüdə yaylıqlar olur. Yallıbaşı əlindəki yaylıqı yallının ritminə uyğun yelləyərək dəsənin yoluna işıq salırmış kimi yallının tempini, xoreoqrafik hərəkətlərin düzgün icrasını nizamlayaraq dəstənin dövrəvi şəklini təmin edir. Yallı dəstəsinin axırında əlində ağ dəsmal duran ayaqçı isə müxtəlif hərəkətlərlə yallının şuxluğunu, coşqunluğunu artırır. Yallı dəstəsinə daxil olmaq istəyən yeni rəqqas ayaqçının sağından yallıya daxil olur.
Yallıbaşı və ayaqçı kimi rəqqaslar cəldliklərinə və ifalarının daha mükəmməl olmalarına görə həmin dəstədə olan digər rəqqaslardan seçilir.
Yallı dəstələrində rəqqasların hər yallıya uyğun fərqli üsullarla bir – birindən tutmaq qaydaları mövcuddur. Bunlar aşağıdakılardır:
- Çeçələ barmaqla
- Qoltuq – qoltuğa
- Qolları çiyinlərə qoymaqla
- Qolları bel nahiyəsindən keçirməklə
- Qolları aşağı istiqamətdə düz saxlamaqla
- Qolları yuxarı istiqamətdə tutmaqla
1 – ci, 2 – ci və 3 – cü üsulla tutularaq düzələn yallı dəstələrində qadın və kişilər həm birlikdə həm də ayrılıqda iştirak edir. 4 – cü üsulla düzələn yallı dəstəsində isə qadınlar və kişilər ayrı – ayrı dəstələrdən ibarət olur.
Çeçələ barmaqla tutmaq üsulu: Qollar dirsəkdən bükülü vəziyyətdə yuxarı istiqamətdə duraraq çeçələ barmaq sağ və solda duran rəqqasların çeçələ barmaqları ilə zəncirvari tutulur.
Qoltuq – qoltuğa tutmaq üsulu: Qollar dirsəkdən yarı bükülü halda önə tərəf istiqamətlənərək sağda və solda duran rəqqasların qollarına, əl barmaqları isə bir – birinə keçərək tutulur.
Qolları çiyinə qoymaq üsulu: Qollar açılaraq sağda və solda duran rəqqasların çiyinləri üzərinə qoyulur.
Qolları bel nahiyəsindən keçirmək üsulu: Qollar sağ və sol tərəfdə duran rəqqasların bel nahiyəsindən keçirilərək tutulur.
Qolları aşağı istiqamətdə düz saxlama üsulu: Qollar düz vəziyyətdə aşağı istiqamətdə saxlanaraq rəqqasların əl barmaqları bir – birinin arasına keçirilir. Qamət düz saxlanılır.
Qolları yuxarı istiqamətdə tutma üsulu: Qollar yuxarı istiqamətdə düz saxlanaraq rəqqasların əl barmaqları bir – birinin arasına keçərək əl yumulur.
“Qazi – qazi”, “Hoynəri”, “Şahsevəri” yallılarında rəqqasların bir – birindən tutması yoxdur. Burada ancaq yallı başçısının hərəkətlərinə uyğun əllərində dəsmal rəqs edilir. Rəqqasların sayı isə 3 – 4 nəfərdən ibarət olur.
“Osmanlı”, “Çöpüdüm” və.s yallılarda qollar aşağı istiqamətdə tutulur. İki dəstə (qadın – kişi) ayrı – ayrı bir xətt üzrə düzülərək dəstə başçılarının hərəkətinə uyğun rəqs edirlər. Yallı, dəstələrdən hansınınsa qalib gəlməsi ilə tamamlanır.
Yallı dəstələrində rəqqasların bir – birindən tutma üsullarının müxtəlifliyinin səbəbi yallı hərəkətləri icrasının güc və cəldlik tələb etməsindədir. Əyilmə, çökmə, yırğalanma, güc tələb edən ayaq hərəkətləri, tərsinə dönmə, sürətli temp və s. buna misal ola bilər.
Yallılar formaca 1 – 2 – 3 hissədən ibarət olur.
Bir hissəli yallıların bir qismi ağır (Andante), müəyyən bir qismi tez (Allegro) tempdə ifa olunurlar. Tez tempdə ifa olunan yallıların sürəti tədricən artaraq ən yüksək tezliyə (Presto) çatır. Beləliklə musiqi tempində və xoreoqrafik hərəkətlərdə coşqunluq kulminasiya nöqtəsinə çataraq yallı tamamlanır.
İki hissəli yallıların birinci hissəsi ağır (Andante), ikinci hissəsi isə cəld ifa edilir. Bu yallıların bir qisminin ikinci hissəsində yeni bir melodiya eşidiriksə, digərlərində isə birinci hissənin variyasiyasını müşahidə edirik.
Üç hissəli yallılarda birinci hissə ağır (Andante) İkinci hissə orta (Moderato) Üçüncü hissə isə cəld (Allegro) tempdə ifa olunur.
Müşahidəmizə əsasən görürük ki, melodiyası və xoreoqrafiq hərəkətləri eyni olan bir yallı müxtəlif yerlərdə müxtəlif adlar kimi tanınır. “El” yallısı – “Ağır” yallı, “Baharı” yallısı – “Gopu”, “Tirməşal” yallısı – “Çirməşal”, “Arzumanı”, “Leyla hanı” yallısı – “Festivalı”, Narıncı” yallısı – “Nareyi”, “Qazı – qazı” yallısı – “Çöpüdüm”, “Bəndi” yallısı – “Tovlama” və.s
YALLILARI MÜŞAYİƏT EDƏN MUSİQİ ÜÇLÜYÜ
HAQQINDA
Yallılar iki zurna və bir davuldan ibarət musiqi alətləri üçlüyünün, eləcə də bir çoxu müğənni və ya xorun oxuması ilə müşayiət olunur. Zurna ifaçıları biri “usta”, digəri “dəmkeş”, davul ifaçısı isə davulçu adlanır. Müğənni və xorun oxuduğu musiqinin sözləri isə ədəbiyyat, şeir həvəskarı olan hər hansı bir yallı iştirakçısı tərəfindən klassik şairlərimizin şeirləri yallının melodiyasına uyğun düzəldilir. Bu sözlərdə əsasən vətən, təbiət, sevgi tərənnüm olunur. Orta əsr musiqişünaslarımızın əsərləri sübut edir ki, çox qədimdən Azərbaycan xalqının şadlıq məclislərini, toy – düyünlərini müxtəlif çalğı alətlərinin birliyi bəzəmişdir. Mingəçevir ərazisində, Kür çayı sahilində sümükdən düzəldilmiş zurnaya oxşar musiqi alətlərinin, zərb alətinin qalıqlarına məxsus ağac və dəri hissələrinin tapılması hələ bizim eramızdan əvvəl Azərbaycanda müxtəlif musiqi janrlarının və ayrı – ayrı çalğı alətlərinin mövcud olmasını göstərir. Yazılı məlumatlara görə orta əsrlərdə Azərbaycanda 60 – a yaxın müxtəlif simli, nəfəsli və zərb alətləri yayılmışdır.
“Kitabi – Dədə Qorqud” dastanında ozanların qopuz çalması, toy – büsatlarda zurna, nağara səslərinin eşidilməsi, döyüş səhnələrində davullar döyülməsi, borular çalınması qeyd olunmuşdur.
Yuxarıda yazılanlardan məlum olur ki, Azərbaycan nəfəsli çalğı aləti olan zurnanın və zərb çalğı aləti davulun çox qədim yaranma tarixi var.
ZURNA ÇALĞI ALƏTİ
280 – 300 mm uzunluğunda, sakit (piano) ifadan uzaq yalnız güclü (forte) ifaya və zil səsə malik nəfəsli çalğı aləti olan zurnanın tərkibi gövdə, maşa, mil, dil, tağalaq və qapaq kimi hissələrdən ibarətdir.
“Gövdə” əsasən ərik ağacından hazırlanır. Üst tərəfində səkkiz deşik, alt tərəfində isə bir deşik açılır. Bu deşiklərə pərdə də deyilir (8 üst pərdə, 1 alt pərdə). Gövdənin diametri altıncı deşikdən (pərdədən) başlayaraq tədricən artır və gövdə ayaq hissədə konusvari şəkil alır.
“Maşa” söyüd ağacından hazırlanaraq haça şəklində gövdəyə salınır. Onun vəzifəsi səsi nizamlamaq və gücləndirməkdir.
“Mil” bürünc və ya sümükdən hazırlanıb maşaya taxılır. Milə isə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Çalğıdan sonra dil qapaqla örtülür.
Zurna çalğı alətinin diapazonu kiçik oktavanın “si – bemol” səsindən, üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir zurna ifaçıları üçüncü oktavanın “do – diyez”, “re”, “mi – bemol”, “mi – bekar”, “fa” və “sol” səslərini də çala bilirlər.
Zurna çalğı aləti üçün yazılan musiqi səsləri yazılışından bir oktava yuxarı səslənir. Bu çalğı alətində ən çox istifadə olunan diapazon ikinci oktavanın “do” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Zurna çalğı alətindən yallıların müşayiətindən əlavə aşıq havalarının, rəqs musiqilərinin, cəngilərin, həmçinin solo çalğı aləti kimi xalq çalğı alətləri orkestrinin, simfonik orkestrin tərkibinə daxil olmaqla qəhrəmanlıq hissi oyadan əsərlərin ifasında geniş istifadə edilir.
Azərbaycan bəstəkarları öz əsərlərində zurna çalğı alətindən daim istifadə etmiş və edirlər.
DAVUL
Azərbaycan xalq çalğı alətlərinin tərkibinə dəf, nağara, qoşanağara, təbil, davul və s. kimi müxtəlif növ zərb çalğı alətləri daxildir. Bu zərb çalğı alətlərindən orkestr və ansambllarda, musiqi üçlüklərində istifadə olunur. Əvvəldə qeyd etdiyimiz kimi yallıları müşayiət edən çalğı alətlərindən biri də davul çalğı alətidir. Davul zərb çalğı aləti silindr şəklində qoz ağacından düzəldilmiş sağanaqdan ibarətdir. Sağanaq hər iki tərəfdən keçi dərisindən hazırlanmış üzlə örtülür. Gövdəsinin alt və üst qurtaracaqlarına metal halqalar keçirilir. Bu halqalar dəri ilə birlikdə gövdəyə çarpaz dolanan iplə dartılır. Diametri 500 – 600 mm olan bu çalğı aləti 250 – 300 mm uzunluğunda, ana-bacı ağacından hazırlanmış iki çubuqla, sağanağın hər iki tərəfinə çəkilmiş dəriyə döyməklə çalınır. Ağac çubuğun birinin baş tərəfi qarmaq şəklində yumru, digəri isə düz olur. Baş tərəfi yumru olan ağac çubuq sağ əldə tutularaq “çönbax”, duz ağac çubuq isə sol əldə tutularaq “çilik” adlanır. Yallıların ifasında ritm və tempin sabit və düzgün nizamlanması əsas şərtdir. Bunlardan hər hansı birində yanlışlıq olarsa yallı dəstələrində qatışıqlıq yaranar. Bu baxımdan davul çalan musiqiçi diqqətli və ehtiyatlı olmalıdır.
Yallıların dinamik inkişafında davul çalğı alətinin rolu əvəzsizdir.
ŞƏRURDA İFA OLUNAN YALLILAR
Qədim zamanlardan insanların yaddaşına hopmuş yallılarımız digər mədəniyyət örnəklərimiz kimi əsrlərdən – əsrlərə keçib gəlmiş və Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Naxçıvanda, onun bir bölgəsi olan, “Kitabi – Dədə Qorqud” dastanında adı çəkilən qədim Şərur diyarında daha çox özünü göstərib, böyük bir inkişaf yolu keçmişdir. Yallının Azərbaycan xalqının tarixində çox mühüm rolunu nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir… Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır” ( Bax: “ Şərq Qapısı” qəzeti, 19.11.2011 No. 216). Bu sözlərdə ulu öndərin xalq sənətinə böyük sevgisi məhəbbəti, açıq aşkar duyulur. Ümummilli lider Azərbaycan mədəniyyətinin, xüsusən də xalq yaradıcılığı örnəklərinin böyük qayğıkeşi himayədarı və təəssübkeşi idi ona görə də onun yallılara belə dəyər verməsi təbii hal idi.
Aparılan tədqiqatlar göstərir ki, yallı rəqs növünün yaranması min illər bundan əvvələ söykənir. Bu baxımdan Şərurun Oğuz yurdu olaraq qədim tarixə, zəngin mədəniyyətə malik olması faktı ortaya qoyulur. Akademik İsa Həbibbəyli öz yazılarında bu fikri aydın sürətdə təsdiq edir: “ Yallıların mövcudluğu, onun geniş sürətdə yayılması bu yerlərin qədim Oğuz – türk yurdu olmasını sübut edir. Harada yallı varsa, yaxud yallı rəqsi geniş yayılıbsa oralar qədim Oğuz – türk yurdu olub”. Onu da əlavə edək ki, Şərur yallılarının Urmiya Van və Göyçə gölləri arasındakı ərazilərdə geniş yayılması bu fikri bir daha təsdiq edir.
Bir çox alimlər, folklorşünaslar, incəsənət adamları yallı haqqında maraqlı, dəyərli fikirlər söyləmiş, bu rəqs növünü rəqslərimizin ilki, əzəli adlandırmışlar.
Hələ vaxtilə “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” qənaətində olan (Bax: “Şərq Qapısı” qəzeti, 19.11.2011 No.216). Azərbaycan nəzəri – bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyli 1937 – ci ildə SSRİ Ali Sovetinə deputatlığa namizədliyi Şərur rayonundan irəli sürülməsi ilə əlaqədar bu rayonda öz seçiciləri ilə görüşdən sonra təşkil olunan konsertdə Şərur yallılarına böyük maraqla tamaşa etmiş, yallı ifaçıları ilə ətraflı söhbət aparmışdır. Söhbət əsnasında məlum olmuşdur ki Şərurda yaranan ilk rəsmi yallı ansamblı
1924 – cü ildən fəaliyyət göstərməyə başlamış və onlarla Şərur yallıları bu ansambl tərəfindən müxtəlif tədbirlərdə və konsertlərdə maraqla ifa olunmuşdur. Dahi bəstəkarın Şərur yallılarına olan diqqətinin nəticəsi olaraq bəstəkarın təşəbbüsü ilə bu ansambl 1938 – ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və incəsənəti on günlüyündə iştirak edərək uğurlu nəticələr əldə etmişdir.
Azərbaycan milli rəqs sənətinin mükəmməl bilicisi, görkəmli baletmeyster, xalq artisti Əlibaba Abdullayev 1950 –ci ildə Şərur rayonunda yaradıcılıq ezamiyyətində olarkən yallılar haqqında bu fikirləri söyləmişdir:
“Şərur yallıları milli xoreoqrafiya sənətimizin zəngin və qiymətli xəzinəsidir. Bu rəqslərin hər biri xalq tərəfindən elə yoğrulub ki, ona nəyisə əlavə etmək yaxud bu hərəkətlərdən hansınısa dəyişmək bu rəqslərə yalnız xələl gətirə bilər.”
Tədqiqatçıların araşdırmalarına əsasən Azərbaycanda yallıların sayının yüzdən yuxarı olması göstərilir.(ASE) Yaddaşlardan silinən, və bizim nəzərimizdən kənarda qala bilən yallılardan əlavə məcmuədə not yazısı verilmiş əksər yallılar yüz illərdir ki, Şərurda el şənliklərində toylarda oynanılır. Bu yallıların bir çoxu “Şərur xalq yallı ansamblı”, “Nurani” və “Şərur qönçələri” yallı ansamblları tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində və eləcə də xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə, folklor festivallarında ifa olunmuşdur. Şərurda kiçikdən böyüyə elə bir adam tapa bilməzsən ki yallı oynaya bilməsin. El arasında belə bir söz də var “Yallı gedə bilmirsənsə deməli Şərurlu deyilsən”. Şərur rayon mədəniyyət evlərinin əksəriyyətində yallı qrupları var. Bu yallı qruplarının repertuarları müxtəlif yallılarla tez – tez yeniləşir və bu yeniliklər rayonda keçirilən müxtəlif tədbirlərdə göstərilir. Şərurda onlarla yallı qruplarının daim inkişaf edərək fəaliyyət göstərməsi burda yaşayan insanların əcdadlarının yaratdığı birlik və saflıq rəmzi olan yallılara sevgisinin təzahürüdür. Öyrənib yazdıqlarımızdan bu nəticəyə gəlirik ki, yüzə yaxın yallıların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsində el şənliklərində və toylarda oynanılır. Bu reallıq dahi Üzeyir Hacıbəylinin “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” söyləməsi fikrinin gerçəkliyini bir daha sübut edir. Beləliklə heç bir şərhə ehtiyac olmadan deyə bilərik ki, yallılarımız qədim Naxçıvan bölgəsində şifahi şəkildə xalq tərəfindən yaradılan və inkişaf etdirilən milli mədəni dəyərlərimizin qiymətli qolu, xalq yaradıcılıq xəzinəmizin parlaq nümunəsidir.
Şərurun ən geniş tərkibli və uzun müddət keçdikləri təcrübə nəticəsində professional səviyyəyə yüksələn üç yallı kollektivi var. Şərur rayon mədəniyyət sarayında fəaliyyət göstərən “Şərur xalq yallı ansamblı”, Şərur rayon Çərçiboğan kənd mədəniyyət evinin “Nurani” yallı ansamblı və Şərur rayon mədəniyyət evinin “Şərur qönçələri” yallı ansamblı. Fərqli yaşa mənsub olan bu kollektivləri bir – birinin ardıcılı, yaradıcılıq baxımından bir – birinin davamçısı hesab etmək olar.
Şərur rayonunun Çərçiboğan kənd mədəniyyət evinin yaşlı kişilərdən ibarət olan məşhur “Nurani” yallı ansamblı 1978 – ci ildə fəaliyyətə başlayıb. “Nurani” adını ansambla Azərbaycan respublikasının Xalq artisti Əminə Dilbazi verib. Əminə xanım 1975 – ci ildə Şərurda olarkən ansamblın çıxışına baxır. Yaşlı nəslin nümayəndələrinin çıxışı onu valeh edir və elə orada ansamblın “Nurani” adlanmasını təklif edir. O vaxtdan, bu kollektiv “Nurani” adı ilə fəaliyyət göstərir. Kollektivin ən gənc üzvünün 55 yaşı varsa, digər üzvlərin yaşının 70 – dən yuxarı olması təbii görünür. Bu yallı ustalarının hər biri 35 – 40 – il yallı ilə məşğul olub. Azad Ramazanov, Zülfüqar, Həmid, Aydın Cabbarovlar, Yarəli, Kamil Ələsgərovlar, Hüseyin, Nəcəf Mehdiyevlər, Mustafa, Elbəyi Zamanovlar, Ələsgər Novruzov, Fərəməz Mahmudov, Bahəddin Əsgərov, Bəxtiyar Mehdiyev zurnaçalanlardan Vəli, Hüseyin, Nəsrulla İsmayılovlar, nağaraçalan Ələkbər Məmmədov, Aydın Cabbarov. Əhsən bu insanlara ki, milli incilərimiz olan yallılarımızı yaşadır unudulmağa qoymurlar. Qədim, həmişə təravətli yallılarımızın təbliğində respublikamızın hüdudlarından kənarda nümayiş etdirilməsində “Nurani” xalq yallı ansamblının öz yeri var. Ansambl dəfələrlə Bakı və Naxçıvan şəhərlərində keçirilən müxtəlif tədbirlərdə uğurla çıxış edib. 1986 – 1988 – ci illərdə Moskvada xalq yaradıcılığı festivalında, 1998 – ci ildə isə Türkiyənin Bayburt şəhərində keçirilən beynəlxalq festivalda iştirak edib. 2012 – ci ildə Naxçıvan Muxtar Respublikasında milli dəyərlər ili elan olunması münasibətilə keçirilən folklor və muğam festivalında “Nurani” yallı ansamblı festivalın yekun konsertində “Urfani” yallısını ifa edərək digər folklor kollektivlərinə örnək olmuşdur. Bu kollektivin ifalarını o vaxt ki, mərkəzi televiziya və Azərbaycan Televiziyası bir neçə dəfə lentə alaraq tamaşaçılara nümayiş etdirib. “Nurani“ ansamblı hələ də var, yallısevər yaşlı kişilər yenə qol – qola, əl – ələ tutaraq əvvəlki şövqlə yallı gedir və gənclərə də yallının ifa qaydalarını öyrədir. Bu gün “ Nurani” xalq yallı ansamblının repertuarında 20 -ə qədər yallı oynanılır.
Azərbaycanın mədəni həyatında kifayət qədər tanınan, öz yüksək ifa qabiliyyəti ilə geniş tamaşaçı rəğbəti qazanan və Şərurluların haqlı olaraq fəxr etdikləri “Şərur xalq yallı ansamblı” 1924 – cü ildə yaranan ilk rəsmi yallı kollektividir. Bu yallı ansamblı Şərur rayon mədəniyyət sarayında yerləşən rayon mədəniyyət evinin ən geniş tərkibli kollektividir. Şərur xalq yallı ansamblı yarandığı vaxtdan indiyədək üzvlərinin sayına nəzər salsaq yüzlərlə yallısevər bu ansamblda fəaliyyət göstərmiş, mükəmməl yallı bilicisinə çevrilmişlər.
Bu baxımdan ansamblın təşkilində, bədii səviyyəsinin yüksəldilməsində xüsusi əməyi və zəhməti olan yallısevərlərin, yallıları müşayiət edən musiqiçilərin, həmçinin kollektivə müxtəlif illərdə rəhbərlik edən bədii rəhbərlərin adlarını qeyd etmək lazımdır.
Şərur rayonunun Oğlanqala kəndindən Səyyub və Əyyub Abdullayev qardaşları, Yengicə kəndindən Əli Pişkək, Çumaxtur kəndindən Yəhya Abdullayev və Qədim Qədimov, Çərçiboğan kəndindən Hədəy, Həsənbəy və Əli Abbasovlar, musiqiçilərdən mahir balaban, zurna ifaçıları Çərçiboğan kəndindən Vəli İsmayılov, Aralıq kəndindən Nağı Maqsudov və mahir qarmon ifaçısı Bahəddin Əsgərov yallı ansamblının ilk musiqiçilərindən olmuşlar. İllər keçdikcə kollektiv öz sıralarını genişləndirir və yeni – yeni yallısevərləri ətrafına toplayır. Azad Ramazanov, Əli Əsgərov, Mais Hüseynov, Vasif İbrahimov, İsa Mustafayev, Mir Mahmud Seyidov, Çinar Babayeva, Hüseyin Nəbiyev, Kəmalə Babayeva, Tərifə Əsədova, Yusif Həsənov, Kimya Babayeva, Nərminə Məmmədova, Əmanət Cavadova, Mircəfər Seyidov, Səttar Əhmədov, Hüseyin Cabbarov, Mir Ələkbər Seyidov, Vahid Əliyev, Rövşən Məmmədov, Məmməd Piriyev, Bəyim Sadiqova, Gülər Qasımova, Məhərrəm Orucov, Sədaqət Fərəcova, Bəxtiyar Mehdiyev, Sevil Əliyeva, Bəxtiyar Tahirov, Xuraman Tarverdiyeva, Musa Nəcəfov, Səfər Qəhrəmanov, Həbib Ələkbərov, Rəna Əliyeva, Şərəf Məmmədova, Ölkə İsmayılova, Rəqsanə Salahova, Müşviqə Tarverdiyeva, Xuraman Tarverdiyeva, Tofiq Rüstəmov, Əhməd Əhmədov, Ülviyyə Qənbərova, Mürsəl Novruzov, Həsən İbrahimov, Sveta Mustafayeva, Afiqə Nəsirova, Yeganə Əliyeva, Balaxanım Həsənova, Ülviyyə Paşayeva, Ramilə Əliyeva öz yaradıcılıqlarını yallı ilə sıx bağlamışlar.
Şərur xalq yallı ansamblının yaradıcılıq imkanlarının genişlənməsinə, yeni – yeni repertuarların hazırlanmasına öz töhfələrini vermiş bədii rəhbər, eyni zamanda yallı ifaçısı kimi Səyyub Abdullayev, Bahəddin Əsgərov, Səməd Allahverdiyev, Əli Əsgərov, Səfər Qəhrəmanov, Yusif Həsənov, Nərminə Seyidova, Kimya Babayeva, Mircəfər Seyidov, Mir Ələkbər Seyidov, Səttar Əhmədov, Əfsər Novruzov əzmkarlıqla uğurlu fəaliyyət göstərmişlər. Musiqi, ritm yallıda olduqca mühüm əhəmiyyət daşıyır və rəqsin ayrılmaz hissəsidir. Hər bir hərəkətin musiqi müşayiəti ilə uzlaşması ümumi bir harmoniya yaratması vacibdir. Şərur xalq yallı ansamblında istedadlı tulum, balaban, tütək və zurna ifaçıları Kamil Babayev, Hatəm Məmmədov, Hüseyn Orucov, İsa Mirzəyev, Nəsrullah İsmayılov, Vəli İsmayılov, Cəlal Cəlalov, Nağı Maqsudov, Ələsgər Mirzəyev, Kamal Babayev, Afəddin İsmayılov, Məmməd Yaqubovun, həmçinin mükəmməl zərb – davul ifaçıları Ələkbər Məmmədov, İsabala Mustafayev, Eldar Nəcəfov, İsa Əliyev, Aydın Cabbarov, Yaşar Həsənov və İsgəndər Əliyevin adlarını çəkə bilərik.
Bu musiqiçilərdən dövlətimiz tərəfdən fəxri adlara və Azərbaycan Prezidentinin mükafatına layiq görülmüş Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, mahir zurna ifaçısı Kamal Babayev və Naxçıvan MR Əməkdar artisti, mahir davul ifaçısı İsgəndər Əliyevin Şərur xalq yallı ansamblındakı yaradıcılıq fəaliyyətləri geniş və əvəzsizdir. 40 – ilə yaxındır ki bu istedadlı musiqiçilərin ifalarının təranəsi ilə yallılarımız nəfəs alır, hərəkət edir, coşur.
Yallılarımızın toplanıb məcmuə halına salınma işində yaxından köməklik göstərən Naxçıvan MR – in Əməkdar artistləri davulçu – rəqqas İsgəndər Əliyev və tarzən Zöhrab Axundovun əməyi xüsusi qeyd edilməlidir. Hər iki sənətkarın yaddaşlardan silinməkdə olan bir neçə yallılarımızı (“Dönə”, “Çaleyi”, “Qarakilsə”, “Göyçəməni”, “Kərimbəy”, “Şahgəldi”, “Ağrı gülü”, “Amangəl”) tapıb bərpa üçün təqdim etmləri təqdirə layiqdir.
Yallılarımızın ölkəmizdən kənarda tanıdılmasında və təbliğində Şərur xalq yallı ansamblının əməyi danılmazdır. Ansambl Almanyada, Macarıstanda, Rumıniyada, Misirdə, Polşada, Moskvada və qardaş Türkiyənin bir çox şəhərlərində konsertlər vermiş bu ölkələrdə keçirilən musiqi və folklor festivallarında, uğurlu nəticələr əldə edərək bir sıra diplom və mükafatlarla təltif edilmişdir. 1972 – ci ildə kollektivin Almanyada musiqi və folklor festivalında böyük uğurlar qazanması şair Vaqif Məmmədovun o vaxtlar çap olunan şeirində çox maraqlı bədii lövhələrlə öz əksini tapmışdır:
Yallı sədaları yüksəlir göyə,
Şərur qəm – kədəri çoxdan atıbdır.
Bura top – tüfənglə gələn ölkəyə,
Şərur, yallı ilə gedib çatıbdır.
Şərur yallı ansamblına 1981 – ci ildə “Xalq yallı ansamblı” adı verilib. Həmin il Səttar Əhmədov bədii rəhbər, Mir Ələkbər Seyidov isə baletmeyster təyin olub. 2005 – ci ildə ansambla 25 ştat vahidi verilmiş və direktor vəzifəsinə Azərbaycan respublikasının əməkdar mədəniyyət işçisi Kimya Babayeva təyin olunmuşdur. 2007 – 2011 – ci illərdə mərhum Mir Ələkbər Seyidov kollektivin bədii rəhbəri olub. 2011 – ci ildən isə bu işi Əfsər Novruzov davam etdirir. Bu müddət ərzində Şərur xalq yallı ansamblı böyük dövlət qayğısı ilə əhatə olunmuş, kollektivin maddi texniki bazası möhkəmləndirilmiş, yeni paltar dəstləri tikilmiş, ansambla istedadlı gənclər cəlb edilmişdir. Ansamblın repertuarında 25 – ə qədər yallı oynanılır. Hal – hazırda Şərur xalq yallı ansamblı aşağıdakı heyətlə çıxış edir:
- Əfsər Novruzov – bədii rəhbər
- Müşviqə Tarverdiyeva
- Arif Nağıyev
- Əfsanə Cəfərova
- İlkanə Cavadova
- Əhməd Əhmədov
- Sevinc Qasımova
- Mürsəl Novruzov
- Aygün Hüseynova
- Mehdi Əliyev
- Sevinc Məmmədova
- Vahid Əliyev
- Günay Həsənəliyeva
- Ricay Seyidov
- Zülfiyyə Qənbərova
- Ehtiram Qafarov.
Musiqiçilər:
- Kamal Babayev – Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
- İsgəndər Əliyev – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti
- Yaşar Həsənov.
Şərurda hörmət və rəğbətlə qarşılanan kollektivlərdən biri də uşaqlardan və yeniyetmələrdən ibarət “Şərur qönçələri” yallı ansamblıdır. Bu ansambl ilk dəfə 1974 – cü ildə Şərur rayonunun Yengicə kənd mədəniyyət evində mahir yallı ifaçısı və bilicisi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun təşəbbüsü ilə yaradılmışdır. Üzvləri məktəblilərdən ibarət bu kollektiv 1999 –cu ildən Səttar müəllimin bədii rəhbərliyi ilə öz fəaliyyətini Şərur rayon mədəniyyət evində davam etdirir. “Şərur qönçələri” ansamblı Bakıda, Naxçıvanda və qardaş Türkiyədə keçirilən folklor festivallarında iştirak etmiş diplom və mükafatlara layiq görülmüşdür. 2000 – ci ildə Türkiyənin Ankara şəhərində keçirilən 23 nisan Çocuk bayramında uğurlu çıxışlarına görə diplom və mükafatlara layiq görülən kollektivə mükafatları həmin vaxt Türkiyənin prezidenti olmuş Süleyman Dəmirəl təqdim etmişdir. 2010 – cu il avqust ayında TÜRKSOY – un dəstəyi ilə keçirilən Türk ölkələri sənət günlərində də müvəffəqiyyət qazanan kollektiv TÜRKSOY – un diplom və mükafatına layiq görülüb. Naxçıvan şəhərində keçirilən türkdilli dövlət başçılarının 9 – cu zirvə toplantısında milli yallılarımızı layiqincə nümayiş etdirən “Şərur qönçələri” ansamblının ifaları türkdilli dövlət başçılarının heyranedici rəğbətini və alqışlarını qazandı. Üzvlərinin sayı 24 nəfər olan “Şərur qönçələri” ansamblında 10 – dan artıq yallılarımız ifa olunur.
Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra digər mədəniyyət sahələri kimi musiqimizin inkişafında, o cümlədən yallılarımızın inkişafı və təbliği baxımından uğurlu addımlar atıldı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun aşağıdakı fikri son dövrlərdə yallıya verilən qiyməti bir daha ifadə edir:
Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir.
Əshabi – Kəhf , Gəmiqaya və Şərur yallıları. Biz bu
inciləri qoruyub saxlamalıyıq. (bax “Şərurun səsi” qəzeti,
2012, No. 05(6150)
Muğamlarımız, Aşıq havalarımız, xalq mahnılarımız və rəqslərimiz kimi, yallılar da əsrlərin yaddaşından süzülüb gələrək bizlərə çatmış və biz də bu dəyərli mənəvi xəzinəmizi qoruyub, zənginləşdirib gələcək nəsillərə çatdırmağı özümüzə borc bilməliyik.
YALLI ADLARINDA QƏDİM DİLİMİZ VƏ TARİXİMİZ.
Bütöv Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan torpağı, bəşər tarixi və mədəniyyətinə öz arxeoloji abidələri, qayaüstü rəsmləri, yazı nümunələri ilə qiymətli elmi yeniliklər verməklə yanaşı, musiqi mədəniyyətimizin özünəməxsus inciləri ilə də dunyanı heyrətləndirməkdədir.
Azərbaycan müsiqi və xoreoqrafiya sənətinin əvəzsiz incilərindən olub tarixi ilk tünc dövründən də qabağa gedən yallıların Naxçıvanda ümum Azərbaycan yallılarından fərqli ifadə forma və imkanları əski tariximizlə sıx bağlı olmuş, qayaüstü rəsmlərdə günümüzə qədər gəlib çatmışdır. Bu ecazkar müsiqi və xoreoqrafiya sənətinin adı da qaynaqlarda maraqlı mənaya malik olmaqla qədim türk dilində Yallı/Yalı/yalın yazılışlarında “atəş”, “alov” mənalarında işlənmiş (1, s. 229) qədim inancımızla bağlı olmuşdur.
Xüsusi qeyd etmək istərdik ki, tarzən – pedaqoq Əkrəm Məmməd oğlu Məmmədlinin 14 Azərbaycan muğamını notlaşdırıb dərs vəsaiti kimi nəşr etdirməsi, musiqi sənətimizin ən uğurlu nəticələrindən biri idi (ətraflı bax, 3). Qədim qam – şamanlardan günümüzə gəlib çatmış bu sənət əsərlərinə bu gün digər millətlər sahib çıxmaq istəsələr də, ustad tarzənin muğamları notlaşdırması bu qədim sənət əsərlərinin dünya ictimaiyyətinə inteqrasiyasına yol açır və Azərbaycan xalqına məxsusluğunu bir daha sübut edir. Ömrünün müdrüklük çağında bu istiqamətdə öz işini davam etdirən görkəmli tarzənimiz, oğlu gənc musiqişünas Kənan Məmmədli ilə birgə zəhmətinin məhsulu olan “Naxçıvan – Şərur El yallıları” kitabı isə, ümumtürk dünyasında bu musiqi yanrının Azərbaycan xalqına mənsub olduğunun bir uca kimliyi (pasportu) yerindədir..
Qeyd edək ki, yallı adlarının daşıdığı məna da dil, tarixi və mifoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Adlara diqqət edərkən rast gəldiyimiz protoazərbaycanlılara məxsus tayfa adları ilə yanaşı qədim sözlərimiz, eləcə də əski mifik inancımız Naxçıvanın bəşər sivilizasiyasının ilk beşiklərindən olduğunu bir daha sübut edir. Bu həm də qədim mifdən sonralar isə şaman ayinlərindən öz mənbəyini götürən yallıların ilk beşiklərindən birinin də məhz Naxçıvan olduğuna tarixi sübutdur.
Müəlliflərin toplayıb notlaşdırdığı 90 yallıdan Nazilə, Xəlili, Mərcanlar, Mərcanı, Qəmbər yamanı, Bəndi, Bəndil, Gülşanə, Kərimbəy, Leylahanı, Baharı, Nuran, Salamı kimi bir qrupu insan adları ilə (antroponimlərlə) adlanmışdır. Heç şübhəsiz ki, bu amil qədim yallılara əlavə rəqs hərəkətləri və yenilik gətirən milli mənəvi dəyərlərimizin təəssübkeşləri olmuş şəxslərin adı ilə bağlıdır. Burada Qəmbər adındakı “yamanı” sözü təbii ki, “yaxşı” mənasındadır və biz hazırda da “yaman oynadı, yaman oxudu, yaman çaldı” və s. ifadələrdə bu sözü “yaxşı” mənasında işlədirik.
Yallı adlarının bir qismində isə rəqs hərəkətinin icra formaları və ifa tərzi öz əksini tapır. Bura Çökəli, Narıncı, İkiayağı, Dönə, Üçayağı, Asta Qarabağı, Qazı-qazı, Qazayağı, Dikdabanı, Sər-səri, Xanı-xanı, Nanay, kimi yallılar aiddir. Təbii ki, Naxçıvan ərazisindəki El, Qarakilsə, Hərilli, Göyçəməni, Hoynəri (fikrimizcə bu Xoy – Xok nəri, igidi yallı adıdır), Dağı, Dalan, Dağ gülü kimi yallı rəqsləri isə yarandığı ərazi, kənd və elin adını daşıyır.
Naxçıvan yallı adlarının maraqlı cəhətlərindən biri də onların ifasında rəqs edənlərə müraciətlər, xitablardır. Ola bilsin ki, Söylə, Köçginən gəl, Ay xanım, Aman gəl, Aman Lelo kimi yallı adlarında müəyyən rəqs hərəkətinin icrasına hər hansı bir xəbərdarlıq nəzərdə tutulmuşdur. Bu adlardan bir qismi eyni zamanda geyimə – Tirməşal, hər hansı bir ictimai prosesə – Köçəri, eləcə də rəqsin xarakterinə uyğun –Nanay, Cərgəbaz kimi adlarla yallı adına çevrilmişdir. Bütün bunlar milli rəqslərimizin son minilliklər inkişafı ilə bağlı adlar olmaqla asanlıqla anlaşılır. Lakin bu yallıların dairəvi ifa tərzi, rəqs hərəkətləri icrasında əyilib qalxmalar, müxtəlif qeyri – adi ifalar və rəqs zamanı müəyyən həmahəng səslərin nə ilə bağlı olduğu və nə məna daşıdığı günümüzədək aydınlaşdırılmamışdır.
Biz qədim qaynaqlara baxdıqda bu yallı adlarından bir qisminin mənaca milladdan öncəki minilliklərin tayfa adı və inancları ilə bağlı adlar olduğunu görürük və adlar müasir dilimizdə anlaşılmır. Yallıda əsasən dairəvi rəqs amilinin qədim mifik inancımızla bağlı olduğu da qədim qaynaqlar hesabına anlaşılır. Bu adların tarixi qaynaqlar və qədim türk dili sözlükləri ilə etimoloji izahları milli musiqimizin, eləcə də yallı rəqslərimizin hələ neçə minilliklər əvvəl yarandığını ortaya çıxarır. Bu isə milli mədəniyyətimizin qədimliyinin sübutu ilə yanaşı, bu rəqslərin Gəmi – qaya, Qobustan, Təbriz, Nüvədi, Mingəçevir və s. ərazilərin qayaüstü rəsmlərində e.ə. minilliklərə aidliyi yallı janrı mədəniyyətinin məhz Azərbaycan xalqına məxsus olduğunu da təsdiq edir (7, s. 113-122). Rəqslərin dairəvi ifa amilinə gəldikdə isə qədim qaynaqlara diqqət etdikdə bu rəqsin qədim azərbaycanlıların Günəş və Ay inancı ilə bağlı olduğu ortaya çıxır. Yallı rəqsində hərəkətlərin dairəvi tamamı günəşə və Aya işarədir. Hələ e.ə. minilliklərdə Şar – “Günəş” və “Ay” tanrısı qədim xalqımızın inancında xüsusi yer almış onlara aid inam şamanlarımızın ayinlərində yallı rəqslərinə uyğun icra olunmuşdur (6, II c., s. 88 ). Təbii ki, yallı rəqslərimiz də bu tarixi inancımızın izləri olmaqla buradan qaynaqlanıb minilləri ötərək günümüzə qədər gəlmişdir.
Şərili, Şərili köçərisi, Sərsəvan, Sareyi, Şirhan kimi yallı adları həm qədim türk mifi Şar – “Günəş tanrısı” adından, həm də Tanrı adını daşıyan Şir (Şirak – “Uca Şir”) tayfa adlarından öz adlarını götürmüşlər (6, II c., s. 88 ). Adlara qoşulan il – “yurd”, kan – “məkan”, “mənbə”, sav – “insan dolu dünya”, eyi/öyi – “yaradan , cənab, 4 cahanın sahibi” (1, 289, 492) kimi qədim Azərbaycan sözləri adları Şərili – “Şar tanrısının yurdu”, Sərsəvan – “Şar tanrısını insan dolu dünyası”, Sareyi – “4 cahanın sahibi Şar tanrısı” Şirhan –“Şar məkanı”, mənalarında uzaq tariximizə bağlayır. Bu yallılar Günəş tanrı adına dairəvi icra olunan ayin olub qədim inanc və mədəniyyətimizin rəqs hərəkətləri ilə ifa üsuludur. Bütün bu qədimliyin, babalarımızın mirasının bir yerə yığılıb sistemləşdirilməsi və notlaşdırılması isə, Məmmədlilər musiqi tariximizin keçmişinə olan vətəndaş məhəbətinin və sənətkar qeyrətinin təcəssümüdür.
Yallı adlarımızdan Noraşan – “Onuncu As ərlər”, Türkan, Tello, Desoy/Tusay, Qaleyi, Çaleyi, Əfsəri, Gilani, Hazıravicin – “Şanlı Xəzərevi”, Ağrı gülü, Osmanlı, Qızılbaş kimi adlar da tarixi baxımdan xüsusu əhəmiyyət daşıyır. Bu adlar qədim Azərbaycan və onun qədim ayrılmaz yurdlarından olan Naxçıvan əhalisinin 4 – 5 min il bundan öncəki ulu babalarından olan As, Türk, Tal, Tus, Ağri-Oğuz, Xəzər, Gel, Kol, Çul, Əfşar, Səfəvi, Osmanlı, Qızılbaş kimi tayfa adlarının adını özündə qorumaqdadır (2, s.29; 4, s.104; 8, s.129, 354, 418). Bununla bərabər Desoy/Tusay yallı adı qədim Ay inancımızdan da xəbər verir. Yallı adlarından tayfa adlarına qoşulan eyi/eya/iya – “yaradan, 4 cahanın sahibi”, kan – “xaqan”, bəzən də “məkan”, av-“ev”, can/san – “şan-şöhrət” kimi qədim sözlər də adların əski minilliklərdən gəlməklə qədim türklərdə Tanrıya aid işarənin daşıyıcılarıdır (1, s.167, 205). Qədim əsatirlərə görə Ay tanrısı azərbaycanılıların inancında ayrıca yer almış, Asay, Doray, Talay, Matay kimi onlarla tayfa adlarımızda bu izlər qalmışdır (8, s.442). Bundan başqa Ay hunlarda Tanrı adı olmuş, Günəşlə birgə Meteni hakim təyin etmişdir (9,s. 118). Bunlar nəzərə alınmaqla Tusay – “Ay tanrısı Tuslarının yallısı”, Qaleyi – “Yaradanın Kol tayfa yallısı”, Çaleyi – “Yaradanın Çul tayfa yallısı” və Güneyi – “4 cahanın sahibinə məxsus Gun” yallısı, Kafeyi – “4 cahanın sahibinə məxsus Yurd”, Gilan – “Gillərə məxsus”, Şahsevən (Şahsevəri) yallı adları bu mənaları ilə qədim mifik kökümüzlə bağlı adlardır. Bundan sonra tayfa adı və bir qrup Sələni – “Döyüşçü yallısı”, Papil/Babil– “Başçı yurdunun yallısı” (1, s.76, 482), Səfəvi adlarının sonundakı i “izafət” sonluğu adlara ərəb işğalından sonra artırılan şəkilçidir (yenə orada, 289, 492). Bu tayfa adlarından yaranan yallılar ümumxalq arasından çıxan qədim türk- Azərbaycan mifik inancını özündə saxlayan ayin rəqsləri olmasını bir daha sübut edir. Eyni hal Tənzərə – “Dan işığı, ziyası” mənasındakı Günəş tanrısına işarə olan bu yallı adında da təkrarlanır. Bu yallı eyni adda Türkiyənin Artvin, Şavşad bölgələrində rəqs zamanı səcdə xarakterli hərəkətlərlə qeydə alınır. Bu da yallının Tanrı adına icra olunan qədim ayin, rəqs növü olduğunu göstəriri və şübhəsiz, ifa tərzi Naxçıvan mədəni mühitindən ümumtürk ərazilərinə adlamışdır. Eyni qədimlik İrəvani, Urfanı yallı adlarında təkrarlanır. Bu adlardakı insanı yaradan türk tanrısı Anu adı və qədim türk sözləri ur -“məskən, yurd”, ban – “uca” (1, s. 81; 5, I ç. s. 164”) sözləri adları “Uca Anu yurdu”,“Uca yurd” yallsı mənalarını da izah edir.
Əkrəm və Kənan Məmmədlilər tərəfindən tarixi keçmişdən günümüzə gələn, milli mədəniyyətimizin bir parçası olan yallılarımızın toplanıb notlaşdırılması və kitab şəklində əbədiləşdirilməsi ağır və məsuliyyətli zəhmətin nəticəsidir
Firudin Rzayev Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Mənbələr
- Дрвнетюркский словрь. Ленинград: Наука.1969, 676 с.
- Cəfərоv C.İ. Milli etnik yaddaşın izi ilə. Bakı: Səda, 2005, 171 s.
- MəmmədliƏ.M. Azərbaycan muğamları. Bakı: —- 2012, 328 s.
- Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 138 s.
- Mahmud Kaşğari. Divanü lüğat-it-türk. I c., Ankara: Basımevi, 1985, 530 s.
- Мифы народов мира. Энциклопедия. Т. II, Москва: Советская энциклопедия.1988, 719 с.7. Rzayev F.H. Gəmiqaya təsvirlərinin və toponimlərinin ümumtürk çağırışı // AMEA NB Xəbərlər, Naxçıvan: Tusi, 2005, №1, s. 113-122.
- Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən.I c. Bakı:ADPU-nun mətbəəsi, 2013, 529 c.
- Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.
KİTABIN İÇİNDƏKİLƏR
Sənətə etiramda vətəndaş qeyrəti……………………………………………………………. 5
Müəlliflərdən……………………………………………………………………………………… 7
Yallılar……………………………………………………………………………………………… 9
Yallıları müşayiət edən musiqi üçlüyü…………………………………………………………. 14
Zurna çalğı aləti…………………………………………………………………………………. 15
Davul……………………………………………………………………………………………….16
Şərurda ifa olunan yallılar………………………………………………………………………. 17
Yallı adlarımızda qədim dilimiz və tariximiz…………………………………………………. 25
Ağrı gülü yallısı………………………………………………………………………………… 30
Aman Lelo yallısı……………………………………………………………………………… 35
Aman yar yallısı……………………………………………………………………………….. 37
Amangəl yallısı………………………………………………………………………………… 41
Asta Qarabağı yallısı…………………………………………………………………………. 45
Ay xanım yallısı……………………………………………………………………………….. 49
Baharı yallısı……………………………………………………………………………………. 52
Bəndi yallısı…………………………………………………………………………………….. 60
Bəndil yallısı……………………………………………………………………………………. 62
Bir addım geri yallısı………………………………………………………………………… 64
Cərgəbaz yallısı………………………………………………………………………………… 68
Çaleyi yallısı……………………………………………………………………………………. 69
Çınq – çınq yallısı…………………………………………………………………………….. 73
Çökəli yallısı…………………………………………………………………………………… 75
Dağ gülü yallısı……………………………………………………………………………….. 77
Dağı yallısı…………………………………………………………………………………….. 78
Dalan yallısı…………………………………………………………………………………….. 79
Desoy yallısı……………………………………………………………………………………. 81
Dəllo yallısı……………………………………………………………………………………… 85
Dikdabanı yallısı………………………………………………………………………………. 86
Dönə yallısı……………………………………………………………………………………….88
Durqoyu yallısı………………………………………………………………………………… 92
El yallısı…………………………………………………………………………………………. 94
II El yallısı……………………………………………………………………………………….102
Əfsəri yallısı…………………………………………………………………………………….106
Gilani yallısı…………………………………………………………………………………… 109
Göyçəməni yallısı……………………………………………………………………………..112
Gülüşanə yallısı………………………………………………………………………………..113
Güneyi yallısı…………………………………………………………………………………..117
Hazıraviçin yallısı……………………………………………………………………………. 121
Hərilli yallısı…………………………………………………………………………………… 123
Hoynəri yallısı………………………………………………………………………………… 125
Xanı xanı yallısı……………………………………………………………………………… 127
Xələfi yallısı…………………………………………………………………………………….131
Xəlili yallısı……………………………………………………………………………………. 135
İki ayağı yallısı…………………………………………………………………………………139
II İkiayağı yallısı……………………………………………………………………………… 142
İrəvanı yallısı…………………………………………………………………………………..144
Kafeyi yallısı………………………………………………………………………………….. 147
Kərimbəy yallısı……………………………………………………………………………… 148
Köçəri yallısı………………………………………………………………………………….. 151
Köşginən gəl yallısı……………………………………………………………………….. 155
Qaleyi yallısı…………………………………………………………………………………. 159
Qarakilsə yallısı…………………………………………………………………………….. 164
Qaz ayağı yallısı……………………………………………………………………………. 166
Qazı – qazı yallısı………………………………………………………………………….. 168
Qəmbəryamanı yallısı……………………………………………………………………. 171
Qənimo yallısı………………………………………………………………………………. 172
Qızbiryana yallısı………………………………………………………………………….. 174
Qızılbaş yallısı……………………………………………………………………………… 176
Qoçəri yalllısı………………………………………………………………………………. 179
Leylahanı yallısı…………………………………………………………………………… 180
Ləyli xani yallısı…………………………………………………………………………… 182
Mərcanı yallısı……………………………………………………………………………… 186
Mərcanlar yallısı…………………………………………………………………………… 188
Nanay yallısı………………………………………………………………………………… 193
Narıncı yallısı………………………………………………………………………………. 194
Nazilə yallısı……………………………………………………………………………….. 196
Nuran yallısı………………………………………………………………………………… 197
Nuraşan yallısı…………………………………………………………………………….. 198
Osmanlı yallısı…………………………………………………………………………….. 200
Papili yallısı………………………………………………………………………………… 203
Paşamgəl……………………………………………………………………………………. 204
Rüstəmbazı yallısı………………………………………………………………………… 208
Salamı yallısı………………………………………………………………………………. 213
Sareyi yallısı……………………………………………………………………………….. 216
Seyranı yallısı……………………………………………………………………………… 217
Sələni yallısı……………………………………………………………………………….. 218
Sər – səri yallısı…………………………………………………………………………… 220
Sərsəvan yallısı……………………………………………………………………………. 224
Sındırma yallısı……………………………………………………………………………. 225
Siyaqutu yallısı……………………………………………………………………………. 228
Söylə yallısı………………………………………………………………………………… 230
Suskayi yallısı ……………………………………………………………………………. 232
Şahsevəri yallısı………………………………………………………………………….. 234
Şah gəldi yallısı………………………………………………………………………….. 237
Şamamagəlin yallısı……………………………………………………………………. 241
Şəli – Şəli yallısı ……………………………………………………………………….. 243
Şərili köçərisi yallısı…………………………………………………………………… 245
Şərili yallısı……………………………………………………………………………….. 248
Şirhanı yallısı…………………………………………………………………………….. 249
Tello yallısı……………………………………………………………………………….. 250
Tənzərə yallısı……………………………………………………………………………. 255
Tirməşal yallısı…………………………………………………………………………… 259
Türkanı yallısı……………………………………………………………………………. 264
Urfanı yallısı……………………………………………………………………………… 268
II Urfanı yallısı………………………………………………………………………….. 272
Üç ayağı yallısı………………………………………………………………………….. 275
II Üç ayağı yallısı………………………………………………………………………. 278
Yeli Yeri yallısı…………………………………………………………………………. 280
Zəngi yallısı………………………………………………………………………………. 282
Zor – zoru yallısı………………………………………………………………………… 284
Kitabın içindəkilər ………………………………………………………………………. 288