Əhəd Firudin oğlu Hüseynov

5 oktyabr 1943-cü  ildə  Bakı şəhərində,  fəhlə ailəsində anadan olub.
1961-ci ildə 199 saylı şəhər orta məktəbini bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində fəhlə kimi başlayıb.1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomatika və telemexanika fakültəsinin axşam şöbəsində təhsil alıb. Həmin institutu bitirdikdən sonra ikinci ali təhsilə yiyələnib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının planlaşdırılması fakültəsində oxuyub.

Ə.Hüseynov 1964-cü ildən ticarət sistemində işləyib. Adi satıcılıqdan ticarət idarəsinin rəisi vəzifəsinədək uğurlu yol keçib. O, 1983-cü ildən əmək fəaliyyətinin sonuna kimi Azərbaycan Dəmir Yolu fəhlə təchizatı idarəsinin baş direktoru vəzifəsində işləmişdir.
Ölkənin fəxri dəmiryolçusudur. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Hacıdır.

Ailəlidir: 2 övladı — bir oğlu, bir qızı, dörd  nəvəsi var. Ləyaqəti, dəyanəti, paklığı, halallığı və kişiliyi ilə el arasında böyük hörmət, nüfuz qazanıb.

        Onun çox işıqlı və şövqlü siması var. İlk baxışdan mənə elə gəldi ki, Allahın nurundan, Tanrının şəfqətindən və dünya işığından süzülüb, onun üz-gözünə bu işıq-nur, bu şövq-şəfqət.

Həyatda özümü insan kimi tanıyandan çox nurlu simalar görmüşəm. Amma, beləsini yox. Hacının üzündəki nur, camalındakı şövq, gözlərindəki işıq daha rövnəqdir.
…Xeyli vaxtdır yaxın dostum Mir Ələkbərin xudmani, rahat ofisində, bu şəfqət nurunun işığında uzun illərdən bəri axtardığım, sevib-seçdiyim, görüb-duyduğum, ləyaqəti, dəyanəti, halallığı, paklığı ilə hamıya nümunə olan, insanlıq şərəfini həmişə, hər yerdə başından yüksək tutan ər kişilərdən biri ilə — Hacı Əhəd Hüseynovla qabaq-qənşər oturmuşuq.

Ehtiram və hörmət əlaməti olaraq üç adla çağırırlar onu. Rəsmi yığıncaqlarda, mötəbər məclislərdə “cənab Hüseynov” və ya “Əhəd Firudin oğlu” deyə müraciət olunur. Dostları, həmyaşıdları “Hacı”, yaxınları, doğmaları isə “Ağa” deyirlər. Bu adların üçü də möhtəbərliyə, möminliyə ehtiramdan, sevgidən yaranıb.

Mən Hacı Əhəd haqqında çox eşitsəm də, nurlu üzünü ilk dəfə idi görürəm. Və ilk görüşdəcə gözümə-könlümə hakim kəsilir. Şirin danışığı, xoş təbəssümü, mehriban baxışı, ləngərli- sanballı tərzi-hərəkəti, lətif sözü-söhbəti ilə sanki ovsunlayır, məni.
Hər sözü-kəlməsi qulağa yatımlı, ürəyə munisdir. Hacı Əhəd olanlardan-keçənlərdən söhbət edir, mənsə onu dinləyə-dinləyə işıqlı gözlərinin şabalıdı gilələrində daxili dünyasına açılan pəncərəni, ürəyinə uzanan yolu axtarıram.
Çünki hər ürəyin, hər qəlb dünyasının cığırı gözdən başlanır. Göz könül dünyasının açarı və aynasıdır — deyənlər əsla yanılmırlar.

Xeyli vaxtdır ki, bu təmiz büllur aynaya baxa-baxa, həmin açarı, yolu, çığırı axtarıb-arayıram. Hə, tapdım deyəsən?! Və tapdığım bu cığırla Hacı Əhədin könül dünyasının dərinliklərinə doğru gedirəm. Onun gözləri, baxışları, çöhrəsi kimi, qəlb dünyası da çox işıqlı, nurlu və genişdir. Bu dünyaya bütün bəşər yerləşə bilər. Bu qəlbin mayası, binası saflıqdan və paklıqdan yoğrulub, qurulub. Bu könül dünyası həm də nazikdir, yuxadır, həssasdır, kövrəkdir, bərkdir, möhkəmdir, əzəmətli və dözümlüdür. Onu ancaq adicə bir eyhamla silkələyib-sındırmaq olar və həm də həyatın bütün təlatümləri, zəlzələləri və vəlvələri yerindən oynada bilməz.

Onda həm də daxili bir əzəmət, qürur, özünə və dünyaya inam, insanlara etibar gücü var. Üzündə-gözündə cilvələnən bu ilahi nurun işığı, ziyası da onun geniş, işıqlı ürəyindən süzülüb axır ulu çöhrəsinə.
Hacının boy-buxunu, şəsti-bəsti, təhər-töhəri də gözəgəlimlidir. Məğrurluqdan və sadəlikdən doğan bir əzəmət, vüqar var bu şəsti-bəstdə. Yerişində-duruşunda dünyanm çəkisi, ləngəri duyulur.
Sözündə-söhbətində və baxışında yalandan, riyadan əsər-əlamət yoxdur. Əksinə lətafət, mərifət, fəzilət və ləyaqət mədənidir o qəlb də, o dil də, o baxış da.
Bir də onu duydum ki, Hacı həmişə və hər yerdə şəxsiyyətini və ləyaqətini başından qat-qat ucada saxlayan, yuxarıda tutan kişidir.

    Ən böyük sevgisi Tanrı və İnsan sevgisidir. Allaha, Qurana, Peyğəmbərə, dinə, imana qaildir və maildir. Böyük millət və yurd sevgisi də qarışıb bu əbədi, ilahi sevgiyə… Və mənə belə gəlir ki, ondakı səmimiyyətin, sadəliyin, saflığın, mənəvi təmizliyin, pak əxlaqın, əzəmət və vüqarın, qeyrət və qürurun, bir sözlə kişiliyə bağlanan, insanlığa söykənən fütühatın və fəzilətin özülü bu ilahi, bə- şəri, dünyəvi sevgisi üstündə qurulub.
— Biz nəsildə, törəndə yaxşı nə var, hamısı kökdən-soydan gəlib deyə o, başladığı şirin söhbəti aramla davam etdirir. —Babam Hacı Əhəd kişi də, atam Firudin kişi də adicə rəncbər, fəhlə olublar. Amma dünyaya ayıq başla, iti gözlə, təmiz ürəklə baxıblar.

Atam çox imanlı və inamlı adam idi. Onun həssas qəlbi, təmiz ürəyi, tox nəfsi, halal haqqı var idi. Bir həftə ac qalardı, amma bir tikə harama ən uzatmazdı. Bu halallığı, toxnəfsliyi, düzlüyü imanla, inamla bizə öyrədərdi.
Əslimiz-nəslimiz lənkəranlı olsa da, Bakıda doğulub böyümüşük. Gözümüzü dünyaya açandan, evimizdə səmimiyyət, mehribanlıq, halallıq olub.
Yalançılıq, yaltaqlıq, xəbislik o evdən, o həyətdən uzaq düşüb.
    Bəzən çörəyimiz, suyumuz yetərincə olmasa da Allaha, Peyğəmbərə, imama, həyata sevgimiz qədərincə olub. Özü kasıb olsa da, mənən varlı, gözü-könlü tox böyüdüb, atam bizi.

Elə mənim özümdə yaxşı nə var — halallıq, zəhmətsevərlik, düzlük, sözübütövlük, iman, ınam — hamısını həmin o uşaqlıq və gənclik illərində rəhmətlik atamdan və bir də hər yerdə mənə ata əvəzi olan böyük qardaşım Hacı Soltandan keçib qanıma-canıma — deyir Hacı Əhəd Ağa.

—    Zəhmətlə böyüyüb, yekəlmişik bütün qardaşlar. Elə sağlığında ləyaqəti, mərdliyi, kişiliyi Bakıya sığışmayan böyük qardaşım Hacı Soltan da ağır zəhmətlə pillə-pillə ucalıb. Təsərrüfat malları ticarəti idarəsinin, Bakı Şəhər Ticarət İdarəsinin, Bakı univermağının düz 28 il baş direktoru olub. Təmizliyi, halallığı, xeyirxahlığı, sadəliyi, səmimiyyəti adla söylənib, onun.

Bəli, Hacı Soltan dünyaya təmiz adla, tox nəfəslə, bir sözlü, bir üzlü kişi kimi gəldi, kişi kimi də köçdü bu fani dünyadan, özünün haqq evinə. Halallıq, düzlük, ədalət, qanun adamıydı. Elə buna görə də Sovet hökuməti beş qəpik üstündə adamları asıb-kəsən bir dövrdə bütöv bir qərinəni — 30 ili ticarət sistemində qüsursuz işləmək hələm-hələm kişinin işi deyildi. Amma, Hacı Soltan işlədi. Ağılla, fərasətlə, ləyaqətlə, halallıqla işlədi. Allahın yolunu, qanu- nun səmtini, insan haqqını, bilərək işlədi. Allah ona və cəmi dünyadan köçən bütün kişilərə rəhmət eləsin.

Hacı Əhəd fıkrini tamamlayır. Söhbətinə ara verir. Nə haqdasa ürəyində, beynində götür-qoy edir və yenidən aramla danışır.

—   Elə mənim özüm də zəhmətin qucağında böyümüşəm. Orta məktəbi qurtaran kimi radio və televiziya verilişləri komitəsində adi fəhlə işləmişəm, ora-bura aparat-avadanlıq daşımışam. Sonra satıcı oldum mağazada. Bütün günü piştaxta arxasında ayaq üstə alıcılara xidmət edirdim. İstəmirdim ki, onların aldıqları maldan, verdikləri puldan beş qram, ya da beş qəpik kəsim.

Elə bu zəhmətlə, bu halallıqla və bir də qardaşım Hacı Soltanın öyüd-nəsihətləri ilə pillə-pillə adi satıcıdan böyük bir ticarət idarəsinin baş direktoru vəzifəsinə qədər yüksəldim və bu illərdə, bu yollarda təkcə Allahdan savayı heç kimdən, heç nədən qorxub çəkinmədim.
Heç SƏDM-dən və ya nəzarətdən də?..

—   Bəli, onlardan da! Düz işləyib, işini qanun-qayda ilə görsən, neyləyəsidir onlar, sənə. Qanun da, qanuna nəzarət edən də, onu pozanları ilişdirir.
       Həmişə yoxlamağa gələnlərə deyərdim: Gəlmisiniz, xoş gəlmisiniz! Bir insan kimi, əziz qonağımsımz. Oturun, yoxlayın, nə əyər-əskik tapdınız, yazın. Onlar da gələrdilər, qanun çərçivəsində yoxlamalarını aparıb, hər şeyin yerli-yerində olduğunu biləndən sonra, çox sağ ol — deyib gedərdilər.
      Gəlin gündə hamımız az qala on dəfə görüb müşahidə etdiyimiz bir hadisəni misal çəkək. Səni yol polisi nə vaxt yaxalayır?
—   Yol hərəkəti qaydalarını pozanda… Onu deyim ki, mən düz 20 ildir sükan arxasındayam və şəhəri gündə az qala beş dəfə dövrə vururam. Bircə dəfə də olsun DYP müfəttişi məni saxlamır.

—    Niyə?
—    Ona görə ki, yol hərəkəti qaydasım pozmuram. Necə lazımdır o sayaq da hərəkət edirəm.
—    Bax, görürsənmi? Düzgün, qanun-qayda ilə işləyənə heç kəs dəyib dolaşmır. Mən də təqribən 40 il ticarət sistemində, onun 20 ilini də rəhbər vəzifələrdə işləmişəm. Nəyə deyirsən and içə bilərəm ki, bu illər ərzində nə dilimə yalan, nə də əlimə haram dəyib.

O, danışır. Özü də inamla, imanla danışır. Mənsə böyük təəccüb və maraq dolu baxışlarımı Hacının nurlu çöhrəsindən, işıqlı gözündən çəkmirəm. Bu gözdə, bu üzdə yalandan, riyadan əsər-əlamət belə yoxdur. Axı, ticarət elə peşədir ki, mütləq hardasa yalan damşmalı, kimisə aldadıb nəyisə almalı olursan. Özü də indiki zamanda. Başqasının cibi, zəhməti hesabına eyş-işrətlə yaşayanları hər addımbaşı görüb-tanıdığımız dövrdə.

Hacı mənim daxili şübhələrimi gözümdən duyur.
—   Mən tacir, ticarətçi olmuşam, alverçi-xırdavatçı yox. Ticarətlə alver bambaşqa şeylərdir. Aralarında yerlə asiman qədər fərq var. Biri insanlar önündə vəzifəsini, Allah qarşısında borcunu yerinə yetirir, o biri isə cibini, nəfıni güdür, nəfsinin quluna çevrilir.
    Ta qədimdən ticarətə-tacirə böyük qayğı-sayğı olub. Dövlətin qüdrətinin artmasında, insanların möhkəm iqtisadi təminatında ticarətin rolu yüksək qiymətləndirilir. Gərək biz də ticarətlə alveri qarışdırmayaq.
Çox maraqlıdır. Ticarətçi olasan, malına haram qatmayasan. Gördüyün işin, tutduğun vəzifənin, elədiyin xeyirxahlığın müqabilində nəsə bir nəf, mənfəət güdməyəsən. Bu, insana, insanlığa xas olan keyfiyyət və xarakterdir. Həmin kəslərin biri də Hacı Əhəd Ağadır.
—   Bu hal, xasiyyət mənə yaddır. İnsan olan bəndə gərək elədiyi hörmətin, yaxşılığın, xeyirxahlığın, köməyin müqabilində təmənna ummasın! Nəsə umulanda bu köməyin, hörmətin bir qəpiklik dəyəri olmaz.
Yaxşı yadımdadır. Yevla­­x — Balakən dəmiryolu çəkiləndə yol boyu dayanacaqlarda nümunəvi ticarət köşkləri, dükanlar tikirdik. Balakəndə də bir neçə belə ticarət obyekti tikmişdik.

     Onda yaxın dostum Əli Ansuxski məndən xahiş eləmişdi ki, konserv zavodunun kollektivi üçün də belə bir ticarət mağazası açım.
     Onun xahişini yerinə yetirdim. Kombinat üçün yaraşıqlı bir mağaza tikdik. Mağazanın açılışında Əli bəy bizə yetərincə qayğı-sayğı göstərdi və elə məclisdəcə əntiq bir əşyanı  üstü zər-ziba ilə bəzədilmiş Kubaçı xəncərini mənə hədiyyə vermək istədi. Götürmədim. Çox təkid elədi, razılaşmadım.Çünki mən onu qəbul etsəm elədiyim təmənnasız yaxşılığın əvəzini almış olardım.Və beləliklə də tikdiyim obyektin dəyəri heçə enərdi…

…Söz-sözü çəkər deyirlər. Hacının bu maraqlı söhbəti məni on beş il arxaya qaytarıb, təqribən səksəninci illərin axırlarında Əli Ansuxskinin evində olan bir söhbəti yadıma saldı.

     Əlinin evində oturub, uzun illərin dostluq dəftərinin maraqlı səhifələrini vərəqləyirdik. Birdən gözüm geniş və səliqə-sahmanlı otağın divarında, zövqlə toxunmuş xalı üstündən asılmış əntik xəncərə sataşdı. Gümüş qınlı,bər-bəzəkli qəbzəli xəncər uzaqdan adama “Gəl məni gör, dərdimnən öl” deyirdi.

—   Əli, nə gözəl xəncərdir! Atandan qalıb?
—  Yox, Kubaçı ustalarına hazırlatmışam onu. Bizdə qaydadır: Əziz qonağın nədən xoşu gəlir, gərək onu pay verək, həmin qonağa. Amma, incimə, xəncəri verə bilməyəcəyəm, sənə. Çünki, həmin xəncəri yaxın bir dostum üçün kəsdirib düzəltdirmişdim.
—    Bəs niyə verməmisən?
—   Vermişdim, götürmədi. Çox xahiş elədim, ”Üz vurma götürmərəm” — dedi. Soruşdum, “niyə götürmürsən”. Cavab verdi ki, “onda bu hədiyyə mənim sənə gördüyüm təmənnasız işi təmənnalı edər.”

—     Nə iş görmüşdü, dostun sənə.
—     İşçilər üçün əla bir mağaza tikdirmişdi. Mən də istəyirdim, bu yaxşılığın əvəzini kiçik bir hədiyyə ilə qaytarım.
—     Kim idi o xeyirxah və minnətgötürməz kişi?

—     Bakılıdır. Azərbaycan Dəmir Yolu Fəhlə Təchizatı İdarəsinin baş direktorudur. Mən də onun üçün hazırlatdığım hədiyyəni daim başım üstə saxlayıram ki, dediyi hikmətin hökmünü unutmayım. Gördüyüm bir xeyirxah əməl üçün kimdənsə təmənna ummayım.
İndi bir vaxt Əli bəyin nişan verdiyi həmin mötəbər kişi ilə xeyli vaxtdır, üz-üzə oturmuşuq. Mən özümdən asılı olmayaraq:
—    Deməli, o şəxs siz imişsiniz?
—    Kim?
—    Heç, elə belə, ağlıma nəsə gəldi – dedim və əlavə etdim: – Söhbətinizi davam etdirin.
—    Hə, deməyim odur ki, gərək adam elədiyi yaxşılığı dilinə gətirməsin, kiminsə başına qaxmasın. Onsuz da elədiyi yaxşılıqların haqqı bir gün qayıdacaq özünə. Sənə qayıtmasa da oğluna, qızına qayıdacaq. E1 demiş: “Sən yaxşılıq elə, balığı at dəryaya. Balıq bilməsə də Xaliq biləcək onu”.
—   Bəlkə kimlərəsə elədiyiniz yaxşılıqlardan danışasınız.

—    Nə danışım! Nə eləmişəm ki, onu da danışam. İnsanıqsa, insanlıq borcumuzu yerinə yetirməliyik. Əlimizdən nə gəlirsə onu da eləməliyik və elədiklərimizi də dilə gətirməməliyik. Həzrəti Peyğəmbərimiz demiş, “sağ əlin verdiyini sol əl bilməməlidir”. Bu, Allaha da, bəndəyə də xoş gələn iş deyil.

Rəhmətlik qardaşım Hacı Soltan deyərdi: Köməyini bir kimsədən əsirgəmə. Kiməsə nə verdinsə çıxart o verdiyini ürəyindən. Həmin adam sən verən borcu, elədiyin hörməti qaytarsa da sağ olsun, qaytarmasa da.

—   Axı insan çiy süd əmib. Bəzən yaxşılığa yamanlıq edənlər də olur, — dedim.
—   Hədislərin birində deyilir ki, bir nəfər Həzrəti Peyğəmbəri- mizin (s) yanına gələrək deyir:
—   Ya Məhəmməd, mən fılankəsə nə qədər yaxşılıq edirəmsə əvəzini pisliklə qaytarır. İndi mən neyləyim, ona?
—   Get yaxşılıq elə deyir Peyğəmbər.
       Kişi cavabında:
—   Elədiyim yaxşılığın əvəzinə pislik görürəm, axı?
—   Yenə yaxşılıq elə.
—   Axı nə vaxtacan eləyim, o yaxşılığı?
       Peyğəmbər cavab verir:
—   O kəs pisliyindən qalmırsa, sən niyə yaxşılığından qalırsan?!.
       Bir də o var ki, pislik də, yaxşılıq da yaddan çıxmır. Xeyir verən
xeyirə urcah olur. Pislik edənin də qənşərinə şər çıxır.
        Hacı daha bir hədis danışır,
        Yenə də biri gəlib Peyğəmbərə deyir;
—    Ya Məhəmməd, nə qədər yaxşılıq eləyirəm, gözə görünmür. Bircə dəfə pislik eləyəndə, hamı məni pis adam kimi tanıyır. Bu nədəndir?
        Peyğəmbər deyir:
—    Yaxşılığın sayı-hesabı bilinmir. Pislik isə azdır. Üzə çıxan kimi hamı görür onu.

           Hacı Əhəd Ağanın şirin, duzlu-məzəli söhbətləri məni xəyalən çəkib Gəncəyə, rəhmətlik Tofiq Məsim oğlunun qohumlarınm birinin yanına apardı. Onun əla bir çörək sexi var. Bütün vağzalətrafı camaat onun çörəyini dadından, ətrindən tanıyır.
          Bir dəfə o, mənə qəribə bir əhvalat danışdı. Həmin bu Hacı Əhəd Ağa barədə. Dedi ki, Gəncənin dəmir yolu vağzalı yaxınlığında köhnə bir anbar var idi. Və həmin anbar da Gəncə dəmiryolu ORS-unun balansında idi. Müdirdən istədim. Hacı Əhədsiz verə bilmərəm — dedi.
          Həmin anbarı çörəkbişirmə sexi eləmək istəyirdim. Fikrimi Tofıq əmiyə dedim. O da uzun illər yaxından tanıdığı Hacı Əhədə telefon açdı.
—   Hacı, yanına bir nəfər göndərirəm, — dedi. — Xahiş edirəm, ona kömək edin.

     Baş üstə, göndərin — deyir, Hacı.

Səhər gəldim Hacının yanına və istəyimi dedim. Hacı məni diqqətlə dinlədikdən sonra telefonla Gəncəylə danışdı. Həmin köhnə anbarın mənə verilməsini tapşırdı. Və mənə müraciətlə:

—     Avadanlığa ehtiyacın olsa onu da verə bilərəm — dedi.

Allah işini avand eləsin, Hacının. Əli çox yüngül imiş. İşim yağ

kimi getdi. Sexi açdım. Bişirdiyim çörəklər hamının ürəyincədir.

Bir müddətdən sonra onun bu xeyirxahlığının əvəzini vermək istədim.Yanına getdim. Mənə göstərdiyi qayğı-sayğıya görə təşəkkür edib, stolun üstünə balaca bir banderol qoydum. Hacı soruşdu ki, o nədir?

Dedim:

—    Sizin yaxşılığınızın əvəzidir.

Kişini od götürdü.

—     Mən Tofıq müəllimin bir sözü üçün eləmişəm, bu xeyirxahlığı. Və bir də onu bil ki, Hacı Əhəd həyatı boyu sözünü pula satmayıb. Elə eləmə, həmin binanı verdiyim kimi də, səndən geri alım. O, nədirsə götür və bir də belə şeylə mənim yanıma gəlmə! Oldu?!

         Əsl imam övladı, Peyğəmbər törənidir, Ağa!

Hacı Əhəd barədə bir maraqlı xatirə də yaxın dostum Mir Ələkbər danışmışdı mənə.

—   1970-ci illərdə Ağa müəllim  (Mir Ələkbər həmişə Hacı Əhədə “Ağa müəllim” deyə müraciət edir) respublika təsərrüfat malları ticarəti idarəsində şöbə müdiri işləyəndə tez-tez Bakıya, onun yanına gedərdim. Onda mən də Naxçıvanda ticarət idarəsində işləyirdim. Həmin vaxt Naxçıvana nədənsə daha çox yerli sənaye müəssisələrinin istehsalı olan çini (farfor) və şüşə qablar göndərilirdi.

      Bir dəfə bu qəribə bölgüyə etiraz elədim.

—   Bakının nə qədər “qranyor” — qalın stəkanı var hamısım Naxçıvana göndərirsiniz, — dedim. — Axı biz də nazik və büllur stəkanda çay içmək istəyirik- dedim.

      Ağa müəllim mənim etirazımı səmimi qəbul edib, bir daha Naxçıvana qalın stəkan göndərmədi.

      Aradan xeyli vaxt keçdi. Ağa müəllim Azərbaycan Dəmir Yolu Fəhlə Təchizatı İdarəsində baş direktor işlədi. Az sonra Naxçıvan şəhər komitəsi məni də Naxçıvan Dəmir Yolu Fəhlə Təchizatı İdarəsinə müdir təklif etdi və əmrimi almaq üçün Bakıya, Dəmir Yolu İdarəsinə göndərdi.

      Ağa müəllimin qəbuluna getdim. O, göndərişi oxudu və:

—  Naxçıvan Dəmir Yolu Fəhlə Təchizatı Idarəsində müdir işləməyinə etiraz eləmirəm. Çünki səni yaxşı tanıyıram. Haqqını tələb edən oğlansan — deyib, mənim çoxdan unutduğum  həmin o “qranyor” stəkan əhvalatını xatırladı. Sonra da telefonla Dəmir Yolu İdarəsinin rəisinə təyinat barədə öz razılığını bildirdi.

      Ağa müəllimin bircə sözü ilə də rəis mənim əmrimi verib, həmin gün Naxçıvana yola saldı.

      Bir dəfə də İmişlidə içində 72 min manatlıq mal olan mağaza elektrik qapanmasından büsbütün yanmışdı. Onda Ağa müəllim, bu iş üstündə, bir nəfərin də məhkəməyə, prokrora düşməsinə icazə vermədi. Əl-ələ verib əyər-əskiyi düzəltdik. Mağazanı da Ağa müəllim təmir etdirdi.

      Ümumiyyətlə, Ağa müəllim dünyaya xeyirxahlıq, yaxşı işlər üçün gəlib. Məhz buna görə ORS-da işlədiyi 20 il ərzində bir nəfərin də yolu məhkəməyə, prokurora düşməyib. Və Allah qarşısında mən və rəhbərlik etdiyim 200-dən çox obyektdə işləyənlərin hamısı şahadət verə bilərik ki, bircə nəfərimizdən də bircə manat ummayıb. Ağa müəllimin payını da, qismətini də Allah verir, adamlar yox. Allah verdiyi qismətlə də hamıya əl tutur, köməklik göstərir. İmkansızlara, əsgərlərə, qaçqınlara ianə paylayır…

     …Mirinin sözü 1993-cü ilin noyabrında televiziyada gördüyüm bir görüntünü yadıma saldı. Hacıya müraciətlə dedim:

—    Hacı, Siz, 1993-cü ildə prezidentimizin qəbulunda olmusunuz?

—    Bəli, olmuşuq. Onda rəhmətlik qardaşım Hacı Soltanla həcc ziyarətindən qayıtmışdıq. Cənab Heydər Əliyev, başda da şeyxülislam Hacı Allahşükür olmaqla, biz on-on iki Hacını yanına dəvət elədi. Müqəddəs həcc ziyarətini başa vurduğumuza görə təbrik eləyib, millət və din yolunda bundan sonra da daha yaxşı xidmət etməyimizi arzuladı.

     Söhbət zamanı Hacı Soltan prezidentə müraciətlə dedi:

—   Cənab prezident, biz hamımız imkanlı adamlarıq. Özü də vaxtı ilə bu pulu Azərbaycanda qazanmışıq. İndi Azərbaycanda müharibə gedir. Ölkənin iqtisadiyyatı büsbütün dağılıb. Camaatın güzəranı ağırdır. Çox sayda qaçqınlarımız, köçkünlərimiz var. Biz istəyirik, bu ağır anlarda xalqımıza, döyüşən ordumuza kömək edək. Ona görə də xahiş edirik, bir yardım və ya müdafiə fondu açın. Hərəmiz də imkanımız daxilində, o fonda vəsait keçirək. Azərbaycan xalqı imanlı, etiqadlı xalqdır. Hamı kömək edə bilər, dövlətimizə.

     Prezident qardaşımı diqqətlə dinləyib təşəkkür elədi. Və onun təklifini razılıqla qarşıladı.

     Elə səhəri gün bütün Hacılar bir neçə maşın ərzaq-şəkər, qənd, siqaret götürüb Füzulidən ta Qazaxa qədər, bütün cəbhə boyu döyüşən əsgərlərə payladıq. Fonda da filan qədər vəsait keçirdik.

—   Hacı, eşitmişəm Sizin də fondunuz var?

—   Hə! Rəhmətlik Hacı Soltanın adına açılıb bu fond. Hər il ən mötəbər elm, incəsənət, ədəbiyyat xadimlərinə və pak adamlara mükafatlar verilir bu fonddan. Neçə ildir veririk onu, özü də diplomu ilə birgə. Həmin diplomu mən xaricdə hazırlatmışam.

      Bu “Paklıq” fondundan Qafqaz İslam Universitetinin imkansız tələbələrinə, Bibi-Heybət məscidinin tikilməsinə, Nardaran pirinin təmirinə, Mir Möhsün Ağanın ziyarətgahının yenidən qurulmasına da xeyli maddi yardım göstərmişik.

Hər ilin noyabr ayında veririk bu mükafatları,nüfuzlu münsiflər heyətinin seçdiyi sənət sahiblərinə.

      Hacınm xeyirxahlığı məni riqqətə gətirdi. Vaxtı ilə məşhur alim Nobel də dünyada ən yaxşı əsərlər, kəşflər və sülh naminə mübarizlər üçün belə bir mükafat təsis elətdirmişdi. Arzum budur ki, Hacı Soltanın şərəfinə təsis edilən bu fond daha da böyüyüb, dünyanın ən nüfuzlu, mötəbər fondlarından birinə çevrilsin və onun səsi-sorağı ərzin o başından eşidilsin.

      Bu baxımdan Hacı Soltan da, Hacı Əhəd də Tanrının ən sevimli bəndələridir. Ulu Tanrı sevdiyi bəndələri, həm də xoşbəxt edir.

—  Hacı, deyirlər Allah bəndəsinə iki gözlə baxmır, heç vaxt. Ona görə də hərənin bir çəkəcəyi, kəm-kəsiri, əyər-əksiyi olur. Məncə…

     Allahın xoşbəxt bəndəsiyəm ki, Tanrı mənə hər iki gözü ilə baxıb. Ona görə də heç nədən nigarançılığım, heç şeydən əyər-əskiyim və heç kimdən asılılığım yoxdur. Tanrı mənə sağ can verib, o canla da hələ ki, yaşayırıq. Gözəl ailəm, sevimli balalarım, nəvələrim və bir də başımızın üstündə damımız, yeməyə də bir qismət halal çörəyimiz var. Elə bu baxımdan da mən özümü Allahın ən xoşbəxt bəndəsi hesab edirəm. Tək bir ağrım və bircə də dərdim var.

O, dərindən köks ötürdü. Nurlu gözlərinə hardansa kölgə düşdü.

—  Ağrım odur ki, yaxın zamanlarda, bir-birinin ardınca dörd qardaşımı itirdim. İndi tək-tənha qalmışam, bu fani dünyada. Dərdim də hamı kimi bütöv Azərbaycan dərdi, Qarabağ yarasıdır. Torpaq xalqın, millətin namusu, qeyrətidir. Nə qədər Qarabağı və itirilmiş torpaqlarımızı özümüzə qaytarmamışıq, rahatlıq, dinclik haram olmalıdır bizə.

      Amma, adamlar var, bu milli faciə üstündə öz fıravanlığını qurur. Var-dövlət yığır. Günlərini çal-çağırla, eyş-işrətlə keçirirlər. Onlar hiss eləmirlər ki, işğal olunan torpaqlarımız, on ildir qaçqın- köçkün həyatı yaşayan soydaşlarımız, o sayaq biqeyrətlərin əlilə aşılanan milli mədəniyyətimiz, ucuzlaşan və unudulan milli-mənəvi dəyərlərimiz, tapdalanan namusumuz, ismətimiz Azərbaycan adlı bütöv bir məmləkətin, azərbaycanlı adlanan ulu bir xalqm isməti, qeyrətidir.

      Axı bu xalq, bu ulu millət heç zaman belə ucuzluğa gedib, hər şeyini hərrac bazarlarına çıxarmamışdı — dedi, yana-yana, göynəyə-göynəyə, Hacı Əhəd.

— Gərək kişi namusunu, arvad ismətini qorusun. Yalan danışmasın, yala yalmalanmasın, qarnın qulu olmasın. Ziyalı öz ziyalı missiyasmı yerinə yetirərək maarifli, mədəniyyətli, sağlam və qeyrətli vətəndaş yetişdirsin.

      Bizim bəzi ziyalılar, müəllimlər, yazıçılar, şairlər, mömünlər yaltaqlıq, naqqallıq və mütrüblük eləməklə məşğuldurlar.

      Bu millət Şah İsmayıl, Nizami, Füzuli, Nəsimi, Koroğlu, Babək, Hacı Zeynalabdin kimi sərkərdələr, igidlər, müdriklər, xeyirxahlar yetişdirib. Onu cırlaşmağa, mütiləşməyə, cılızlaşmağa, sökülüb parçalanmağa, regionlara, məhəllələrə, mənə-sənə ayırmağa qoymamalıyıq.

…Hacı Əhədin geniş və işıqlı kabinetində Azərbaycanm müdrik, dəyərli və ləyaqətli oğlu Hacı Zeynalabdin Tağıyevin zövqlə yonulmuş büstü var. Bu Hacı Əhədin Hacı Zeynalabdin Tağıyevə sonsuz sevgisi rəmzidir. Hər gün möhtərəm Hacımn ruhuna dua oxumadan keçmir, o heykəlin yanından.

      Deyilənə görə, Hacı Əhəd Ağa bir dəfə yaxın dostu heykəltəraş İbrahim Zeynalovun emalatxanasına gedibmiş. Oradakı çox saylı heykəllərə, büstlərə, barelyeflərə Hacının böyük heyranlıqla tamaşa etdiyini görən heykəltəraş:

—   Ağa — deyir, çox diqqətlə və maraqla baxırsan. Hansı heykəl, büst ürəyinə yatır, peşkəşdir sənə.

      Hacı Əhəd gülümsəyir:

—   Ay İbrahim, bu heykəllər nəyimə lazımdır?

—   Sənə Lazım olmasa da, mənə lazımdır. İstəyirəm mənim əl işlərimdən biri ən yaxın dostumun yanında, olsun.

—    Elə isə Hacı Zeynalabdin Tağıyevin büstünü ver mənə.

—    Baş üstə — deyir, İbrahim Zeynalov. Və ertəsi günü həmin büstü gətirib qoyur Hacı Əhədin kabinetinə.

      Hacı Əhədin insani keyfiyyətlərindən, yüksək mənəvi dəyərlərə sahib olmasından, sədaqətindən, səmimiyyətindən, insani böyüklüyündən və insani sadəliyindən illərcə danışmaq olar. Mənim görüb duyduqlarım və yazdıqlarım Hacı Əhəd Hüseynovun, mənalarla, gözəlliklərlə və zəngin xatirələrlə dolu həyatının xırda detallarıdır. Onun insanlığı, kamilliyi, aqilliyi, müdrikliyi, ağsaqqallığı, mərdliyi, halallığı, sözü bütövlüyü və nəhayət, kişiliyi neçə-neçə qalın kitaba belə sığmaz.

      Mən də özümü ona görə xoşbəxt sayıram ki, həyatımın döngə- dolaylarında Hacı Əhəd kimi mötəbərləri, mənəvi dəyər xəzinələri ən qiymətli incilərlə dolu olan kişiləri həmişə qənşərimə çıxarıb. Ulu Tanrının bu sayaq geniş ürəkli, Allaha, imana və insana sonsuz sevgi-sayğı bəsləyən bəndələri dünyanın ən xoşbəxti, bəxtəvəri və bəxtiyarlarıdır.

Məmməd Əfşan, “Mən görən kişilər”  kitabından (səh 324-336) ,  Bakı,
“Nurlan” Nəşriyyat-Poliqrafiya Müəsisəsi, 2004

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir