Əkrəm Məmməd oğlu Məmmədli hazırda qədim yallılarımızı da nota almaqdadır

 Bu ilin payızında 70 yaşını qeyd edəcəyimiz USTAD SƏNƏTKAR yorulmaq bilmədən çalışmaqdadır və hazırda 50-dən yuxarı “Qədim Yallı”larımızı nota alaraq gələcək nəsillərə ötürülməsi üzərində işləyir.

    Görkəmli tarzən, pedaqoq Əkrəm Məmmədli 1 oktyabr 1944-cü ildə Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində  dünyaya göz açmışdır. O, Asəf  Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu və Naxçıvan Dövlət universitetinin filologiya fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansambılında tarzən kimi başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist–tarzən, dirijor və bədii rəhbər kimi uzun müddət fəaliyyət göstərmişdir.

    Əkrəm Məmmədli gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Bu baxımdan Əkrəm Məmmədlinin tar üçün «Etüdlər», «Qamma və arpeciolar» kimi tədris vəsaitlərinin 2005 –ci ildə  Təbriz şəhərində nəfis şəklidə nəşr olunması önəmli bir işdir. Söz yox ki, bu kitablar orta və ali musiqi  məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir.                                       

   Əkrəm Məmmədlinin «Azərbaycan Muğamları» kitabı 2010-cu ildə Bakı şəhərində «Azərnəşr »  tərəfindən,  2012-ci ildə isə Təbriz şəhərində nəşr olunur . Bu nəşrlərdə sənədşünaslıq doktoru R. Zöhrabovun yazdığı ön sözdən oxuyuruq: “Əkrəm müəllim klassik musiqi incilərimizdən olan on dörd muğamı instrumental şəkildə öz ifasında nota yazmaq kimi şərəfli bir işin öhdəsindən çox bacarıq və səriştə ilə gəlmişdir.

       Əkrəm Məmmədlinin haqqında söz açdığımız «Rast»,  «Zabul-segah»,  «Şur»,  «Çahargah»,  «Humayun»,  «Bayatı-Şiraz», «Şüştər», «Orta-mahur»,  «Bayatı-Qacar»,  «Şahnaz»,  «Rahab»,  «Bayatı-kürd»,  «Mahur-hindi»  və  « Xaric-segah» muğamlarının instrumental not yazısında həmin muğamların xarakteri və onların ifa tərzi sadə və anlaşıqlı bir dildə açıqlanır.  Kitabda verilmiş «Əlavə işarələr haqqında izahlar»  maraqlı bir yenilikdir. Əvvəlki illərdə çap olunmuş not yazılarının heç birində belə izahlar qeyd olunmamışdır.  Onu da deməliyik ki, metodiki cəhətdən əlavə işarələrin izahı şagird və tələbələr üçün lazımlı və məqsədəuyğundur.

     Əvvəlki insrtumental muğam məcmuələrində muğamlar sərbəst yazılaraq, metroritmik ölçüdə qeyd olunmadığı halda Əkrəm Məmmədlinin not yazılarında ölçülərin dəyişkənliyi göstərilir. Bəli, ölçülərin dəyişməsinin qeydə alınması metodik cəhətdən zəruridir.

     Bu  kitabdakı instrumental muğamların not yazısı ilk dəfə olaraq original açarda, yəni metsosoprano açarında şərhini tapmışdır. Bu onu göstərir ki, məcmuə bilavasitə tar çalanlar üçün nəzərdə tutulmuşdur.

     Hesab edirik ki, insrtumental muğamlar səriştəli, yüksək professional səviyyəli not yazısına malikdir.

     Əminəm ki, bu kitab tədris vəsaiti kimi  muğamların  praktiki və nəzəri baxımdan öyrənilməsi işində dəyərli olacaqdır”.

          Əkrəm Məmmədlinin ifaçılıq repertuarında klassiq muğamlarımızla yanaşı Azərbaycan bəstəkarlarının iri həcmli instrumental əsərləri, lirik  musiqiləri, eləcə  də dünya bəstəkarlarının əsərləridə yer tutur.

      Əkrəm Məmmədli Naxçıvan MR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Prezident təqaüdçüsüdür.

      Bu ilin payızında 70 yaşını qeyd edəcəyimiz USTAD SƏNƏTKAR yorulmaq bilmədən çalışmaqdadır və hazırda 50-dən yuxarı “Qədim Yallı”larımızı nota alaraq gələcək nəsillərə ötürülməsi üzərində işləyir.

     ”AqRa”EİDİB-lə ciddi əməkdaşlıq edən görkəmli musiqi xadimi eyni zamanda həmin yallıların peşəkar rəqqasların  ifasinda videoçəkilişlərinin  təşkil olunması arzusundadır…  

Naxçıvanda yaşayıb yaradan ustad tarzən

Elegiya Əkrəm Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir