Əkrəm Məmmədli – Azərbaycan muğamları
Ön söz
Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. Bakıda təhsil almaqla gənclik illərində əmək fəaliyyətinə də bu şəhərdə-Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist-tarzən, dirijor və bədii rəhbər kimi fəaliyyət göstərmişdir.
Əkrəm Məmmədli gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Bu baxımdan biz xüsusilə Əkrəm müəllimin tar üçün “Etüdlər”, “Qamma və arpeciolar” kimi tədris vəsaitlərinin Təbriz şəhərində “Behnamçap evi” tərəfindən 1500 nüsxədə nəfis şəkildə nəşr olunmasını önəmli bir iş kimi qiymətləndiririk. Ə.Məmmədlinin özünün dediyi kimi bu kitabların yazılmasında əsas məqsəd tar musiqi alətində çalanların texniki imkanlarının cilalanmasına, kamilləşməsinə kömək etməkdir. Söz yox ki, bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir.
Yuxarıdakılarla yanaşı onu da qeyd etməliyik ki, Əkrəm müəllim klassik musiqi incilərimizdən olan on dörd muğamı instrumental şəkildə öz ifasında nota yazmaq kimi şərəfli bir işin öhdəsindən çox bacarıq və səriştə ilə gəlmişdir. Qeyd edək ki, muğamların ilk dəfə instrumental şəkildə nota yazılıb çap olunması 1935-ci ilə aiddir. Həmin il “Azərnəşr” tərəfindən üç dəftər ustad tarzən—pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mansur Mansurovun ifasında nota alınmışdır. Hər bir dəftər bir muğamı özündə cəmləşdirir. “Rast” və “Zabul” muğamlarını görkəmli bəstəkar Tofiq Quliyev, “Dügah” muğamını isə tanınmış musiqi nəzəriyyəçisi və bəstəkar Zakir Bağırov nota yazmışdır.
Keçən əsrin 50-ci illərində Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti bəstəkar-musiqişünas Nəriman Məmmədov instrumental muğamlardan “Bayatı Şiraz” və “Şur” muğamlarını (1962-ci il) Moskvada “Sovetskiy kompozitor” nəşriyyatında, Rast“ və “Şahnaz” muğamlarını (1963-cü il) “Cahargah” və “Humayun” muğamlarını (1962-ci il), “Segah-zabul” və “Rahab” muğamlarını (1965-ci il) Bakıda nəşr etdirmişdir. Xatırladaq ki, sadalanan muğamları Nəriman Məmmədov məşhur tarzən-pedaqoq, Azərbaycan Respublikasının xalq artisti Əhməd Bakıxanovun ifasında nota yazmış və müəllif bu not yazılarını tarzənin ifaçılıq məktəbilə uyğunlaşdırmışdır. 2000 – ci illərin əvvəllərində istedadlı kamança ifaçısı Bakı musiqi akademiyasının dosenti Arif əsədullayev “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı Şiraz”, “Şüştər” və “Humayın” muğamlarını öz ifasında nota yazıb çap etdirmişdir.
O da diqqətəlayiqdir ki, Əkrəm Məmmədlinin haqqında söz açdığımız “Rast”, “Zabul – Segah”, “Şur”, “Çahargah”, “Humayun”, “Bayatı – Şiraz”, “Şüştər”, “Orta – mahur”, “Bayatı – Qacar”, “Şahnaz”, “Rahab”, “Bayatı – kürd”, “Mahir – hindi” və “Xaric – segah” mugamlarının instrumental not yazısında həmin muğamların xarekteri və onların ifa tərzi də sadə və anlaşıqlı bir dildə açıqlanır.
Kitabda verilmiş “Əlavə işarələr haqqında izahlar” da maraqlı bir yenilikdir. Axı əvvəlki illərdə çap olunmuş not yazılarının heç birində belə izahlar qeyd olunmamışdır. Biz onu da deməliyik ki, metodiki cəhətdən əlavə işarələrin izahı şagird və tələbələr üçün lazımlı və məqsədə uyğundur.
Əvvəlki instrumental muğam məcmuələrində muğamlar sərbəst metroritmik ölçüdə qeyd olunmadığı halda Əkrəm Məmmədlinin not yazılarında ölçülərin dəyişkənliyi göstərilir. Bəli, ölçülərin dəyişməsinin qeydə alınması metodik cəhətdən zəruridir.
Bu kitabdakı instrumental muğamların not yazısı ilk dəfə olaraq orijinal açarda , yə`ni metso – soprano açarında şərhini tapmışdır. Bu onu göstərir ki, məcmuə bilavasitə tar çalanlar üçün nəzərdə tutulmuşdur.
Hesab edirik ki instrumental səriştəli, yüksək professional səviyyəli not yazısına malikdir.
Əminəm ki, bu muğamların nəfis şəkildə işıq üzü görməsi tədris vəsaiti kimi muğamların və nəzəri baxımdan öyrənilməsi işində dəyərli vəsait olacaqdır.
Ramiz Zöhrabov,
Azərdaycan Respublikasının xalq artisti,
sənətşünaslıq doktoru, professor
Qeyd:
1. Maraqlananlar məqalənin altındakı “Kitabı yüklə” linkindən kitab haqqında ümumi anlayış əldə edə bilərlər.
2. Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” kitabını əldə etmək istəyənlər isə, Akademiya kitab mərkəzinə – Elmlər akademiyası metrosunun yeni çıxışına yaxın, Təranə musiqi dükanından (Daxili işlər nazirliyi ilə üzbəüz) və Fəvvarələr meydanına yaxın (tel 012 4978773) kitab mağazalarına müraciət edə bilərlər.