Əzizə Cəfərzadənin “Hundağı” povestində tarix və müasirlik problemi

Məqalədə Əzizə Cəfərzadənin “Hun dağı” povesti tədqiqat obyekti kimi seçilmiş, əsərdə sənətkarlıq məsələləri, üslubi özünəməxsusluqlar vurğulanmışdır. Eyni zamanda əsərdə tarixi reallığın bədii təqdimi məsələləri, müasir gerçəkliyin əsərdə əksi problemi, yazıçı mövqeyinin əsərin ümumi ruhundakı həlledici mövqeyi müvafiq nümunələrlə təhlilə cəlb olunmuşdur.

Açar sözlər: Ə.Cəfərzadə, “Hun dağı”, tarix, müsair gerçəklik, ədəbi norma

Azərbaycan ədəbiyyatında povest janrının maraqlı nümunələri, özünəməxsus inkişaf yolu vardır. Sovet dövrü Azərbaycan ədəbiyyatında postsovet məkanında olduğu kimi fırqli ədəbi dəyərlər və meyarlar mğvcud olmuşdur. Müstəqillik illərində dünya ədəbiyyatına meyl, yeni ədəbi təmayüllərin ədəbiyyatımıza gəlməsi ədəbiyyatşünaslığımızda da fərqli fikirlər formalaşdırdı. Dünya ədəbiyyatşünaslığında daha çox “Uzun hekayə” kimi dəyərləndirilən povest janrı barədə müstəqillik illərinin tədqiqatlarında maraqlı, ziddiyətli fikirlər ortalığa qoyuldu. Bu tədqiqatlarda “…povestlərdə düşüncənin miqyası, konfilikləri bir hekayənin potensialından daha böyük olduğunu” –düşünən Şərif Ağayarın, Nizamidən gələn ənənəyə uyğun olaraq povest janrını “hekayət” adlandıran tənqidçi Tehran Əlişanoğlunun fikirlərini qəbul etməklə yanaşı bir faktı da qeyd edək ki, sovet dövrü Azərbaycan ədəbiyyatında povest janr kimi mövcuddur və xeyli sayda maraqlı nümunələr qələmə alınmışdır. Eyni zamanda sovet dövrü tədqiqatlarında qeyd olunduğu kimi(4, s. 139) janrın kifayət qədər tarixi mövzulu nümunələri vardır.

Azərbaycan ədəbiyyatında tarixi nəsrin ən məhsuldar simalarından biri də Əzizə Cəfərzadədir. Onun yaradıcılığında tarixi mövzulu əsərlər janrına, mövzu dairəsinə, sənətkarlıq məziyyətlərinə, dilinə, üslubi keyfiyyətlərinə, həyati hadisələrin əhatə dairəsinin genişliyinə, yaratdığı tarixi auraya görə də fərqlənməkdədir. Əzizə Cəfərzadənin 1983-ci ildə çap olunmuş “Cəlaliyyə” kitabındakı maraqlı tarixi povestlərindən biri də “Hun dağı”(1981) dır. Əsər yığcam məzmunu, işıqlı ideyası, sənətkarlıq xüsusiyyətləri ilə tarixi nəsrin maraqlı nümunələrindəndir. Ən qədim türk tayfalarından olan hun türkləri ilə bağlı tarixi araşdırmalarda səslənən qərəzli fikirlərə yazıçının etiraz səsi kimi qəbul edəcəyimiz povestin yazılması zərurətini isə müəllif tamamilə təsadüfi bir hadisəyə bağlayır. Hüzür mərasimində eşitdiyi

Gəl gedək hun dağına,

Yaş tökək hun dağına.

Oğlu ölən ananın,

Qan damar qundağına

ağısı ilə əsəri başlayan yazıçının ilkin qəsdi Azərbaycan ərazisindən toplanmış ağıda hun türkləri ilə bağlı məqamların yaddaşlarda hələ də yaşaması faktını diqqət mərkəzinə çəkməkdir. Tarixi povest haqqında danışarkən professor Yavuz Axundlu qeyd edir ki, hunların bir qismi “… Azərbaycanda məskunlaşmış, onların da bir qismi özlərini “Kəngər” adlandırmışlar” (1, s. 218). Hunların bu bölgədə yaşaması, onlarla bağlı məqamların xalqın yaddaşından süzülərək günümüzə gəlib çatması faktına söykənərək milli özünüdərk prosesində başqa meylləri qabartmağa çalışanlara yazıçı özünəməxsus şəkildə cavab vermiş olur. Yavuz Axundlu qeyd edir ki, “Bu əsəri yazmaqla Əzizə xanım xalqımızın etnogenezi barədə gedən qızğın mübahisələrə öz sənətkar münasibətini bildirməyə çalışmışdır” (1, s. 217). İlk əvvəl onu nəzərə almaq lazımdır ki, haqqında danışacağımız “Hun dağı” povesti bədii əsərdir, burada yazıçı diqqət mərkəzinə çəkmək istədiyi mövzu və ideyanı oxunur qılmaq üçün müəyyən cəhdlər etmiş, bədii şərtilikdən istifadə etmişdir. Dolayısıyla tarixi mənbələrdə verilən faktlarla uyuşmayan məqamlar vardır və bu təbiidir, olmalıdır. Əvvəlcə tarixdə Hunlar kimlər olub, hansı ərazidə mövcud olub, ən qüdrətli dövrü və hökmdarı kim olub kimi məsələlərə aydınlıq gətirək. Tarixi mənbələrdə də qeyd olunur ki, Hun türkləri Orxun, Selenqa çayları və Ötügən bölgəsində yaşamış, Şimalda Sibir, Cənubda Tibet, Kəşmir, Şərqdə Sakit okean, Qərbbdə Xəzər dənizi ilə təqribi olaraq sərhədlənmiş, paytaxtı Ötügən, bilinən ilk hökmdarı Teoman, sonra ən qüdrətli hökmdarı Mete olmuş, ondan sonra imperiya parçalanmış (e.ə. 58), bir hissəsi çinlilərin əlinə keçmiş, şimaldakı hunlar qərbə doğru köç etmişlər. Çinlilər onlardan qorunmaq üçün böyük Çin səddini tikmişlər. Tarixdə bilinən ilk türk imperiyasıdır ki, bütün türkləri bir bayraq altında birləşdirmişdir (6).

Povestdə təsvir olunur ki, Tibet ətrafında yaşayıb hökmdarlıq edən qoca Xaqan ova çıxdığı zaman kürəyindən yaralanmışdır. Qaynı Qansu isə iddia edir ki, xaqanı vuran oğlu Alptəkindir. Əslində isə bu Alptəkini xaqanın gözündən salmaqla ondan zəif, daha çox idarə oluna bilən Güntəkinin varis olmasını təmin edərək onun yerinə xaqanlığı idarə etmək istəyən xaqanın qayınları Xansu, Qansu, Damla xatunun birgə niyətidir. Yazıçı özünəməxsus təəssüflə təqdim etdiyi bu səhnələrdə tayfalar arası münaqişələrin zaman-zaman türklərin başına gətirdiyi müsibətləri sanki sadalamış olur. Qeyd edək ki, milli məsələdə barışmaz mövqeyi ilə seçilən yazıçının “Bəla” povestində də tarixi paralelliklər aparılır, Səfəvilər dövlətində tayfalararası çəkişmələrin dövləti zəif salması faktı ilə müstəqil Azərbaycan dövlətinin yarandığı ilk illərdəki partiyalararası mübarizələrin verəcəyi acı nəticəni müqayisə edərək yazıçı mövqeyini ortaya qoyur. Onun digər əsərlərində də daxili çəkişmənin, mənəmlik hissinin doğurduğu tarixi və müasir problemlərdən bəhs olunur.  Gursu, Şaman Tayanqunun şəhadətindən sonra Alptəkinin günahsızlığı ortay çıxsa da Xaqanın qəlbinə vurulan yara çətin ki, sağala idi. Qızqovdu mərasiminə qədər davam edən, bu mərasimdə daha da alovlanan çəkişmələrin nəhayətdə dövlətin parçalanmasına gətirəcəyini görən qoca Xaqan Alptəkinin qalibiyyətindən sonra ona münasibətin bir az da dəyişəcəyini, ziddiyyətlərin yaranacağını görüb tayfanın köç etməsini qərarlaşdırır. Beləliklə Alptəkin, elin başbiləni, ağsaqqalı Turqut dədə və eldən say-seçmə igidlər və gözəllər köç hazırlığına başlayırlar. “Hiylə, xəyanət yol tapan yurdda ər-igid yaşaya bilməz” (4, s. 27) devizini əldə tutan seçilmişlər şərqə köç edirlər. Narahat ürəklərdən biri də Turqut dədənin “arı belli” nəvəsi Ayladır. O Alptəkini sevir və ondan ayrılmağı düşünmək belə istəmir. Köç başlanır, şərqə doğru hərəkət edirlər. Xəzərin sahillərinə qədər uzanan yolda onların qarşısına çıxan, yazıçının min dillə vəsf etdiyi türk qəbilələrin yaşadığı gözəl torpaqların təsviri, burada yaşayan qəbilələr, bu yerlərin təsviri heyranlıq doğurur. Bu yolda karluq qəbiləsi ilə savaş cəhdləri, Alptəkinin təmkini, Turğut dədənin müdrikliyi ilə qarşısı alınan savaşın örnək kimi yazıçı tərəfindən təqdimi də maraq doğuran səhnələrdəndir. Alptəkindən ayrılamayan, onunla birlikdə səfərə çıxan Ayla ilə qəhrəman arasında təsdiqini tapan məhəbbət yol boyu davam edərək öz meyvəsini versə də Ayla doğum sırasında ölür. Alptəkin üçün isə bu çətin günlər demək olsa da o, oğlu Yolqutluq, rəhbərlik etdiyi qəbilənin maraqları xatirinə və yazıçının “həyat davam edir” devizini doğrultmaq xatirinə hətta Aylanın yaxını, oğlunu öz övladı kimi sevən Aymənlə yeni macəralara belə başlayır. Nəhayətdə onlar Xəzərə, Araz və Kürə yaxın bir yerdə, Göktanrı adlanan çayın sahilində məskən salıb yaşayırlar və Xəzərdən böyük suya qədər olan türk qəbilələrini birləşdirməyi niyətləyirlər. Turğut dədənin dilindən “Oğulcuqlar! Soyumuz bir, Tanrımız bir, dilimiz bir ikən ayrılıq, savaş nəyə gərək: güc birlikdədir… Biz…barış diləyiylə gəlmişik”(4, s. 54) sözlərini eşidirik.

Yazıçının ümumtürk dəyərlərinə sahib çıxmaq, türkün şanlı tarixini yaşatmaq, hun türklərinin tariximizdəki rolunu, missiyasını dəqiqləşdirmək kimi düşüncələri əsərdə bədii şəkildə öz həllini tapmaqla yanaşı elmi əsaslar üzərində formalaşdırılır, yazıçının elmi dünyagörüşü, milli təssübkeşliyi qabarıq şəkildə oxucuya çatdırılır. Mühakimələrini əsaslandırmaq üçün yazıçı Strabonun fikirlərini xatırladır, hunların tarix səhnəsindəki yerini ədəbi müstəvidə möhməkləndirək üçün təkcə ədəbi yox elmi cəhd edir ki, bu da müəllifin geniş mütaliəsindən xəbər verir. Şaman Tayanqu obrazı, onun missiyası, şamanizm və şaman ritualları ilə bağlı məqamlar güclü təsir effekti yaradır. Mifdən bəhrələnmə, mifik yaddaşa bağlılq əsərdə çox güclüdür. Belə ki, “Göktanrı atamızdısa torpaq anamızdı…” (4, s. 62) düşüncəsi ilə yola çıxan yazıçı türk mifologiyasından qaynaqlanan bir çox məqamları əsərə gətirməklə magik aura yaradır, oxucunu öz ovsununa sala bilir və eyni zamanda bütün bunlar müəyyən qədər elmi əsaslara söykənir. Aylanın doğum sırasında gözlərinə “hal anası” görünməsi, Turğut dədənin xüsusi ritualla onu-şər ruhun daşıyıcısını qovması, Su, Torpaq, Göy tanrıdan mədət umma, əski dönəmin yaddaşının ifadəsi kimi bayram ayinlərinin keçirilməsi zamanı tonqal qalamaq, amma odun üzərindən tullanmamaq ki, odu incik salmasınlar (4, s. 61) kimi fikirlər daha əski dönəmin yaddaşdakı izlərinin bədii ifadəsidir. Daha çox orta əsrlər dövrü ilə səsləşən “qırxkakil”-qızlıq, iki hörük-qadınlıq anlamına gələn adətlər ki, qızlar ər evinə köçdükdən sonra qoşa hörük hörmələri faktları da özlüyündə maraq doğurur.  Mifdə bolluq, bərəkət rəmzi olan Humay ilahə ilə bağlı yaddaşdan gələn informasiyalar, övladı olmayanların şaman ruhlarını göyə göndərib övlad istəməsi inamının verilməsi faktı isə mif və tarix paralelliyi aparmaq gərəyindən xəbər verir. Qeyd edək ki, “Kitabi Dədə Qorqud” dastanında da övladı olmayanlarla bağlı Bayandır xan mövqeyi vardır. Povestdəki məqamla müqayisənin məntiqi sonluğu kimi deyə bilərik ki, Bayandır xan faktından daha əski dönəmin düşüncəsinin məhsuludur ki, göy tanrıdan övlad istəyir türk, amma Dədə Qorqud dönəmində sanki göy tanrının qarğıdığının övladı olmayacağına möhkəm inam vardır və bu “Tanrının qarğıdığını biz də qarğıyalım” kimi ifadə olunması mifik-tarixi kontekstdə gəlinən nəticə olduğunu deyə bilərik. Hunların məskənlərində tuğ həlləsi rəsm olunmuş tağların olması, Qızqovdu mərasimi, mərasimdən sonra “Xoyrad gecəsi” keçirilməsi kimi məqamların verilməsi əsərin elmi tutumunu artırır. Alptəkinlə Aylanın uğursuz taleyində onların adətlərə uyulmadan birlikdəliyinin payı da var idi kimi inamı müəllif Alptəkinin dilindən səsləndirir ki, bu da  yeni nəslin əxlaqi dəyərlərə, mənəvi yaddaşa bağlı şəkildə yetişməsində əhəmiyyətli rol oynayır. Folklordan, xalq yaradıcılığının ayrı-ayrı janrlarından da yaradıcı şəkildə bəhrələnmə müsbət mənada dəyərə malikdir. Belə ki, Aylanın ölümü səhnəsində Çağla xatunun dilindən verilən

Su axar, gələr ağlar,

Dağ, daşı dələr ağlar,

Balan beşikdə qalıb,

Süd deyər mələr ağlar (4, s. 58)

ağı folklordan bəhrələnmənin yüksək nümunəsidir. Povestdə diqqət çəkiləsi məqamlardan bir də dəfn adətləri ilə bağlıdır. Belə ki, əsərdə ayrı-ayrı səhnələrdən bəlli olur ki, xan nəslinə mənsub olanların dəfni zamanı cəsədin ana bətnində olduğu kimi qoyulması(İlkin təsəvvürlər dövrü idi. Ana bətnində insanın necə olduğunu nə bilirdilər ki, elə də dəfn edələr?), səfər zamanı ildırım vurmasından ölən Laçının ölümündən doğan təccüb və onun daş qutu qəbirdə dəfni səhnələri, (İldırım vurmasını tamamilə dərk etməyən insanlar odu necə əldə etmişdilər? Axı tarix kitablarında odun ildırım çaxmasından yarandığı deyilir), Aylanın qızıl əşyaları ilə birlikdə dəfn olunması və s. kimi səhnələrdə yazıçı tarixi aura yaratmağa çalışsa da bəzən buna tamailə nail olmamışdır. Çünki bu dediklərimizi tarix etibarı ilə müqayisə etdiyimizdə uyğunsuzluq ortaya çıxır. Fərqli tarixi dövrlərə aid olan hadisələrin bir çoxunun hunların yaşadığı dövrə aid edilməsi, həmçinin hun türklərinin yaşadığı dövrlərə daxil edilməsi elmi təsdiqini tapmadığı halda mətndə bu kimi informasiyaların verilməsi bədii əsər olması, təxəyyül imkanlarının da olduğunu nəzərə alsaq belə doğru təsir bağışlamır. Çünki, yazıçının tarixə münasibətindən bəhs edən tənqidçi Əsəd Cahangir “Yazıçı Allah qədər obyektiv olmalıdır”(3), deyir.

Yazıçı bütün ciddi cəhdi ilə araşdırma aparmış, hunlarla bağlı ola bildiyincə məlumat toplamış və bu informasiyadan yaradıcı şəkildə bəhrələnmişdir. Belə ki, əsərdə adları keçən hun, bun, karluq və s. kimi türk qəbilələrinin adlarının, onların haqqında qısa məlumatların verilməsi bu qəbildəndir. Göyçay yaxınlığındakı Hunlu kəndinin olması, huni qarpız, huni daxma kimi adlara müraciət, həmçinin əsərin mətnində işlədilən qədim sözlər, ifadə və məsəllər, qəlibləşdirilən “Sümüyünü aşıqcan, qanını qaşıqcan” ifadələri də əsərdə tarixiliyi şərtləndirən mükəmməl folklor və dil faktlarıdır. Bu kimi hallar həm də yazıçının gərgin axtarışlarının nəticəsi kimi dəyərlidir.

Povestin maraqlı obrazlar sistemi var və hər obraz öz adında qədim türklərdən nəsə bir element daşıyır və eyni zamanda süjet xəttinin formalaşmasında özünəməxsus rol oynayır. Alpər, Baykal, Şaman Tayanqu, Xansu, Qansu, Çağla xatun və digər obrazlar adı və süjetdəki missiyası etibarilə maraq doğurur, əsər haqda müsbət fikir formalaşdırır.

Bütün bu müsbət keyfiyyətləri ilə birlikdə povestdə tarixlə, yaxud ədəbi normalarla, dil normaları ilə uyuşmayan məqamlar da vardır. Belə ki, Xaqanın vurulması səhnəsində oxu gərəndə ifadəsi ilə yanaşı “tətiyi çəkəndə ifadəsini”, “Gözlə”, “Ayla” kimi ifadələri təkrar işlətməsə daha yaxşı olardı. Həmçinin hun türklərinin yallı rəqsini oynaması ilə bağlı fikiri, yaxud xoyrat gecəsinin keçirilməsi məqamları oxucunu düşündürür, tarixi auradan ayırır. Bu sırada “… qızın şalvarla köynək arasından çılpaq qalmış belini tutdu” (4, s. 27) ifadəsinə diqqət yetirək. Hunların yaşadığı dövrdə şalvar və köynək geyim forması kimi var idi mi? Vardısa belə adlandırılırdı mı? və s. Professor Yavuz Axundlu əsərin nöqsanlı cəhətlərindən bəhs edərkən yazır: “Yaxşı olardı ki, başqa təkzibolunmaz məxəzlərdən də yeri gəldikcə nümunələr verilməklə, əsərin tarixiliyi dərinləşəydi” (1, s. 217). Onu da demək lazımdır ki, bu kimi kiçik nöqsanlar əsərin ümumi ruhuna xələl gətirmir. Sadəcə yazıçının diqqətsizliyindən irəli gəlir, belə hallar olmasa da yaxşı olardı.

Əzizə Cəfərzadənin “Hun dağı” povesti tarixi nəsrimizin uğurlu nümunəsidir ona görə ki, tarixi keçmişimizin, milli yaddaşımızın, qədim və zəngin mədəniyyətimizin təbliği, tanıdılması, milli özünüdərk prosesindəki rolu baxımından əvəzsiz sənətkarlıq nümunəsidir. Alptəkinin dilindən səslənənən “Axı mənim ən böyük niyyətim bu bir-birinə yağı kəsilmiş, bir dildə danışan, bir ulu tanrıya qul olan elləri, bir ulusda birləşdirmək, əlbir, dilbir görməkdir” (4, s. 45), sözləri qəhrəmanın, eyni zamanda yazıçının nəcib və milli niyyətindən xəbər verir. Povestdə yazıçı müraciət etdiyi dövr və hadisələr barədə az həcmdə dolğun informasiyalar verir, tariximizin bu mərhələsinə işıq tutmuş olur ki, bu da ədəbi-tarixi yaddaşın bərpası istiqamətində atılmış nəcib addımdır.

 

    ƏDƏBİYYAT

1.    Axundlu Y.İ. Ədəbi estafet. Bakı: Adiloğlu, 2013, 560 s. s. 216-218

2.  Azərbaycan tarixi.(Ziya Bünyadov, Y.Yusifovun redaktəsi ilə). Bakı: Azərnəşr, 1994, 687 s.

3.    Cahangir Ə. http://olaylar.az/news/culture/78816

4.    Cəfərzadə Ə. Cəlaliyyə. Bakı: Gənclik, 1983, s 463.

5.    Ədəbiyyatşünaslıq terminləri lüğəti (tərtibçi Əziz Mirəhmədov). Bakı: Maarif, 1978, 200 s.

6.    http://www.kitabxana.net/?oper=readNewsid=997

7.    http:www.bilgiyuvasi2016.com/hun-devleti-hakkında-bilgi.html/ixzz3vKmykMag

 

SUMMARY

Ali HESHİMOV

HISTORY AND MODERNISM PROBLEM IN AZIZA JAFARZADA`S “HUN MOUNTAIN” NARRATIVE

In the articel Aziza Jafarzada`s “Hun mountain” narrative elected as investigation object and its crafstman problems, Stylistic originalities have been emphasized. According to the examples the problems of art assignment of the historical reality in the work, reflection of modern truth in the work have been investigated by the author.

Key words: A.Jafarzada, “Hun mountain”, history, modern reality, literary norm

 

РЕЗЮМЕ

Али ГАШИМОВ

АЗИЗА ДЖАФАРЗАДЕ, “ГОРА ГУННОВ” ПОВЕСТЬ ИСТОРИЯ И СОВРЕМЕННОСТЬ ПРОБЛЕМА

Азиза Джафарзаде статье “Гора Гуннов”выбран в качестве объекта исследования романа, работа, вопросы труда, имеют свои собственные стилистические подчеркнул. В то же время историческая реальность и художественное представление работы, работы современной реальности, противоположной проблемы, позиция писателя является ключевой позицией в духе работы принимал участие в анализе образцов.

            Ключевые слова: A.Jafarzade, “Гора Гуннов”, история, современная реальность, литературная норма

 

ƏLİ HƏŞİMOV

AMEA Naxçıvan Bölməsi

E-mail: aliheshim@yahoo.com

 

ƏZİZƏ CƏFƏRZADƏNİN “BƏLA” POVESTİNDƏ TARİX VƏ MÜASİRLİK PROBLEMİ

Məqalədə Əzizə Cəfərzadənin “Bəla” povesti tədqiqat obyekti kimi seçilmiş, əsərdə sənətkarlıq məsələləri, üslubi özünəməxsusluqlar vurğulanmışdır. Eyni zamanda əsərdə tarixi reallığın bədii təqdimi məsələləri, müasir gerçəkliyin əsərdə əksi problemi, yazıçı mövqeyinin əsərin ümumi ruhundakı həlledici mövqeyi müvafiq nümunələrlə təhlilə cəlb olunmuşdur.

Açar sözlər: Ə.Cəfərzadə, “Bəla”, tarix, müsair gerçəklik, ədəbi norma

Azərbaycan nəsrində özünəməxsus dəsti-xətti olan görkəmli sənətkarlardan biri də Əzizə Cəfərzadədir. Əzizə Cəfərzadə yaradıcılığı həm tarixi mövzulu əsərlərdə tariximizin əhəmiyyətli dövr və şəxsiyyətlərinin həyatı, fəaliyyətinin işıqlandırılması baxımından, həm də müasir mövzulu əsərlərində yaşadığı dövrün reallıqlarının əks etdirilməsi, yeni nəslin sosial-mənəvi tərbiyyəsində, psixologiyasının formalaşmasında mühüm mərhələdir. Onun qələmindən çıxan çoxsaylı bədii əsərlərin mövzu dairəsinə nəzərə saldıqda aydın olur ki, yazıçı nə qədər məhsuldar işləmişdir.

Əzizə Cəfərzadənin Şah İsmayıl Xətai, M.Ə.Sabir, A.Səhət, H.Z.Şirvani və digər tarixi və ədəbi şəxsiyyətlərin həyatı və dövründən bəhs edən romanları mövzu müxtəlifliyi, dil-üslub xüsusiyyətləri, sənətkarlıq məziyyətləri, yaratdığı tarixi aura baxımından maraq doğurmuş, ədəbi tənqidin diqqətini cəlb etmişdir.

Onun tarixi mövzulu əsərləri janr etibarı ilə də zəngindir. Ədibin “Cəlaliyyə”, “Hun dağı”, “Xoş gördük səyyah”, “Bəla” kimi əsərləri Azərbaycan ədəbiyyatında tarixi povest janrının diqqətəlayiq nümunələrindəndir. “Bəla” povestində Səfəvi hökmdarı I Təhmasibdən sonra hakimiyyət uğrundakı çəkişmələr, dövlətin İran Səfəvilər dövlətinə çevrilməsi prosesi, dövlətin Şamlu, Ustaclı, Təkəli və s. türk tayfaları arasındakı çəkişmələrdə zəifləməsi, yeni hökmdar Məhəmməd Xudabəndənin zəifliyindən istifadə edən fars qəbilələrinin dövlət idarəçiliyini ələ alması prosesi mövzu alınmışdır. 37 rəqəminin tarixi taleyimizdəki yerini mifikləşdirilərək repressiya gerçəkliyi, 37 türk tayfasının çəkişmələri nəticəsində zəifləyən Səfəvilər dövlətinin vəziyyəti ilə müstəqilliyin ilk illərindəki Azərbaycan reallığı, çoxpartiyalılıq dönəmi arasında fikir körpüsü salınmış, əsərin əsas ideyası ortaya qoyulmuşdur. Povestin bədii məziyyətləri, nəzəri quruluşu, işıqlı ideyasından bəhs edən professor Yavuz Axundlu da əsərdə tarixi paralelliklərdən doğan yazıçı ideyasını diqqət mərkəzinə çəkərək yazır: “Povestdə qaldırılan əsas məsələ-xalqın, xüsusən ziyalıların ölkənin taleyinə biganə münasibəti, özünün şəxsi marağını ümummilli mənafedən üstün tutması, baş verən hadisələrə susmaqla “cavab” verməsi faciədir, bəladır” (1, s. 215). Əsərin əvvəlində təsvir olunur ki, hökmdar ölmüşdür, 37 tayfa başçısı yığılıb məşvərət keçirir, hökmdar təyin etməyə çalışırlar. Tayfalar arasındakı çəkişmələr burada da özünü göstərir. Məhəmməd Xudabəndə yazıçının təbirincə desək, qapandığı ibadət dünyasından ayrılıb taxtda əyləşdirilir. Sonrakı mərhələdə gördüyümüz, tarixi mənbələrin də təsdiqlədiyi kimi Xudabəndənin hakimiyyəti daxili çəkişmələri daha da gərginləşdirir. Xudabəndənin zəifliyindən istifadə edən fars əsilli Xeyranisa Bəyim atasının intiqamı beynində hakimiyyətin idarəsini öz əlinə alır, türk əsilli tayfa başçılarını müxtəlif yollarla xanədandan incik salır. Daxili sabitliyin pozulduğunu görən xarici güclər də öz ərazilərini genişlətmək istiqamətində addımlar atırlar. Adil Gərayla vuruşma dövlətin daxilində gedən proseslərin aydınlıqla təsvirində əhəmiyyətli olur. Əmirxan Türkmanın Xudabəndənin bacısına elçi getməsi, Həmzə Mirzənin sünni türk tayfasından qız istəməsi, şiə dövləti kimi səfəvilərin islamı parçalayan təriqətlərə münasibəti, Xeyranisa Bəyimin oyunları nəticəsində heysiyyatına toxunulmuş tayfaların özlüyündə biri-birinə düşmən olsa da dövlətin dar günündə birləşməsi, xanədanı gözləyən təhlükəni aradan qaldırması-Həmzə Mirzənin, Xeyranisa Bəyimin və anasının öldürülməsi və nəhayətində vəliəht Abbas Mirzənin-I Şah Abbasın hakimiyyətinə zəmin yaranması kimi tarixi proseslərin ədəbi müstəvidə izlənilməsi əsərin uğuru, yazıçının məharətindən xəbər verir.

Yazıçı 37 tayfa arasındakı çəkişmələri türk-müsəlman dünyasının siyasi mənzərəsi fonunda təsvir etməyə çalışır və fikrini böyük şair M.Ə.Sabirin misraları ilə əsaslandırır.

Tapmazsan iki müttəfiqür-müsəlman

Qafqazda olan bir neçə milyon arasında (3, s. 3)

Eyni zamanda əsərin ayrı-ayrı məqamlarında M.Füzuli, Ş.İ.Xətai, İ.Nəsimi kimi klassik ədəbiyyatımızın görkəmli simalarının, fars şairi Ö.Xəyyamın, Osmanlı şairi Əziz Mahmud Xudayinin şe’rlərini xatırlaması da bu qəbildəndir. Qeyd edək ki, Həmzə Mirzənin aşiqanə duyğularının Füzuli qəzəlləri ilə ifadəsi, Şah İsmayıl Xətainin aşiqanə şe’rlərinin nəsildaşı olan Həmzə Mirzənin dilindən verilməsi ilə yanaşı dillər əzbəri olması, türkmən qəbilələrinin dilində dolaşması kimi məqamlar əsərin tarixi-ədəbi bağını artırmaqla böyük Azərbaycan şairlərinin irsinin təbliği, yeni nəslin milli ruhda tərbiyyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Xalq yaddaşına bağlılığın ifadəsidir ki, Adil Gərayla döyüş səhnələrinin təsviri məqamında

Apardı tatar məni,

Qul elər, satar məni.

Vəfalı dostum olsa,

Axtarar, tapar məni (3, s. 37) bayatısı xatırlanır.

Tarixdə Səfəvilərə bağlılığı ilə seçilən Şamlu, Ustaclı, Təkəli, Türkmən, Dədəli kimi türk tayfaları ilə yanaşı Mirzə Salman(vəzir), Hüseyn Şirazi, Əfzəl Münəccim Qəzvini kimi xanədana tabe olan, sonradan dövlətin İran Səfəvilər dövlətinə çevrilməsində Xeyranisa Bəyimə köməklik edən fars tayfalarının da adı çəkilir. Bu tarixi şəxsiyyətlərin əsərdəki rolu tarixdəki roluna yaxınlığı ilə seçilir, yazıçının tarixi faktlara sədaqətliliyini ifadə edir. Yaxud 28 noyabr 1578-ci ildə Şamaxı ətrafındakı Pirhəsənli(Mollahəsənli) kəndində döyüş səhnələrinin təqdimi, Şirvanın müvafiq dövrdəki vəziyyəti ilə bağlı konkret məlumatların verilməsi maraq doğurur. Eyni zamanda mərasimlər, adət-ənənələr ilə bağlı informasiyaların verilməsi də əsərdə tarixi auranı gücləndirir. Hökmdarın bacısına elçilik səhnəsi, toy hazırlığı, türk düşüncəsində ailə, əxlaqi dəyərlər, valideyn-övlad münasibətləri məsələləri həssaslıqla işlənməklə əsərin tarixiliyini şərtləndirir, yazıçının milli-mənəvi dünyagörüşünün hüdudlarını müəyyənləşdirir, əsərin tərbiyyəvi təsir gücünü atrırır.

Yazıçı eyni zamanda tədqiqatçı kimi yaşadığı dövrün elmi yeniliklərinin, araşdırmalarının nəticələrini də uyğun bədii formada verməyə çalışır. Belə ki, “Nəsimi Səfəvi nəslinə bağlı nəsildi” (3, s. 24) sözləri, Şah İsmayıl Xətainin ölümü ətrafındakı müəmmalı fikirlərə müraciət, “…təğyiri-libaskən ölümü” iddiası, irfani dünyagörüşlə bağlı, təriqətçiliklə əlaqəli düşüncələr yazıçının elmi təfəkkürünün bədii ifadəsidir.

Bütün bunlarla yanaşı əsərdə tarixi faktlarla, ədəbi normalarla uyuşmayan məqamlar da vardır. Tənqidçi Əsəd Cahangir yazıçının tarixə münasibətindən bəhs edərkən ”Yazıçı Allah qədər obyektiv olmalıdır” (5),deyir. “Bəla” povestində yazıçının tarixi faktlara oxunaqlılıq xatirinə şərti yanaşdığı məqamların da olduğunu görürük. Tarixi mənbələrdə 1576-cı ildə I Təhmasibin ölümündən sonra saray daxili çəkişmələrin olduğu, II İsmayılın (1576-1577) qalib gələrək şah olduğu, 24 noyabr 1577-ci ildə II İsmayılın öldürüldüyü, Pərixan xanımın hakimiyyəti əlinə aldığı,  daxili çəkişmələrin bir az da qızışdığı, ölkənin əmirlər arasında parçalandığı ilə bağlı məlumatlar verilir. Pərixan xanımın zərəsizləşdirilməsindən sonra “1578-ci il  fevralın 13-də Məhəmməd Mirzə(Xudabəndə) müqavimətsiz Qəzvində taxtda oturdu” (2). Xudabəndənin taxtda oturmasından sonra ilk işi Pərixan xanımı, onun dayısı Şamxal Sultanı, hətta II İsmayılın bir yaşlı oğlunu öldürmək olur. Yazıçı bu səhnələri təsvir edərkən tarixi reallıqları təhrif etməsə də təkrar da etmir. Təxəyyül imkanlarından istifadə edərək bir qisim tarixi şəxsiyyətlərin obrazını daha canlı təqdim edir. Belə ki, Məhdi Ülya- Məhəmməd Xudabəndənin arvadının saray işlərindəki fəaliyyətini qabardarkən yazıçı müəyyən qədər tarixi faktlara da söykənir. Tarixi faktlar isə onu deyir ki, “O, ali divan vəkili vəzifəsinə yüksəldi. Padşahın fərmanının arxasında vəzirin möhürünün üstündə onun möhürünün vurulması qərara alındı” (2, s. 423). Tarixiliklə yanaşı əsərin dilində də müəyyən qüsurlar vardır ki, bu detallar təsvir olunan XVI əsr tariximizə, o dövrün gerçəkliyinə uyğun gəlmir. Məsələn, əsərin 13-cü səhifəsindəki “…ağzuvu dağıtma” ifadəsi, kitabın 17-ci səhifəsində Həmzə Mirzənin “Məzələnə-məzələnə gülməsi”, “çeşm” sözünə “göz üstə” kimi arayışın verilməsi, ordu dislokasiya edildi (3, s. 29), recissor, dricor (3, s. 47) kimi sözlər əsərin dil xətaları, yazıçının diqqətsizliyi kimi povestin ümumi ruhuna kölgə salmasa da kiçik nöqsanlar kimi diqqəti cəlb edir, tarixi koloriti pozur. Bir məqamı da vurğulamaq yerinə düşər ki, yazıçı tarixi povestdə 37 rəqəmini simvolikləşdirir. Səfəvi xanədanına birləşmiş 37 tayfanın daxili çəkişmələri nəticəsində Səfəvilər kimi nəhəg türk imperiyasının zəifləməsi faktını götürərək yazıçı tarixi tərbiyyə vasitəsi kimi üzünü müasir oxucularına tutur. Və qeyd edir ki, necə ki, 37 tayfanın birləşə bilməməsi nəticəsində Səfəvilər dövləti tarix səhnəsindən silindi, yenicə müstəqilliyə qovuşmuş Azərbaycan Respublikasının da ilk dövrlərindəki çoxpartiyalılıq, partiyalararası çəkişmələr dövləti zəif sala bilər. Yazıçı narahat düşüncələrini ifadə edərək bu cür tarixi paralellər aprmaqla mətn içində tez-tez oxucuya müraciət edir. Düzdür bu özlüyündə yazıçının süjetə müdaxiləsi kimi görünə bilər. Sənətkarın milli təəssübkeşliyi, duyumu, tarixdən tərbiyyə almağa çağırışı prizmasından baxanda bu müdaxilə nəcibləşməklə qalmır, yazıçının narahat düşüncələrindən, həssas duyğularından, milli kimliyindən xəbər verir.

Əsərdə yazıçının diqqət mərkəzinə çəkmək istədiyi başlıca məsələlərdən biri müraciət etdiyi dövrdə Azərbaycan Səfəvilər dövlətinin İran Səfəvilər dövlətinə çevrilməsi prosesini izləmək missiyasıdır. Əsərin əvvəlində “Şahənşahımız İran-zəminin qibleyi-aləmi, şahzadə Məhəmməd Xudabəndə bu gündən padşahımızdı” (3, s. 6), deyilir. Göründüyü kimi burada İran Səfəvilər dövləti kimi dövlətin rəsmi adı verilirsə, sonrakı səhifələrdə bu siyasətin əsasının Xeyranisa Bəyimin vaxtında qoyulduğu təsvir edilir. Əsərin sonunda yazıçı Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin “Töhfeyi-Sami” təzkirəsinə müraciətlə bu farslaşma siyasətinin Şah İsmayıl Xətai dövründən belə hazırlandığını vurğulayır. Yazıçı göstərir ki, Şah İsmayılın oğlu Sam Mirzənin “Töhfeyi-Sami” təzkirəsində atasının türkcə yazdığı bir şe’r bel yer almamışdır.

Əsərdə islam dünyasının parçalanmasında sünni-şiə ayrıseçkiliyi problemi Səfəvilər dövründə də izlənilir. Həmzə Mirzənin sünnü qızı ilə ailə qurmasına qarşı çıxılır. Xeyranisa Bəyim oğlu Həmzə Mirzəyə deyir: “Yoxsa sən də sünni-şiə bəlasına qurban getmiş əmin İsmayıl təki məmləkətini sünniliyə çevirmək kimi xam xəyaldasan?” (3, s.18). Bu kimi çoxsaylı nümunələrin timsalında islam dünyasında məzhəbçilik davasına, bunun gətirdiyi problemlərə yazıçı tarixi şəxsiyyətlərin dili ilə cavab verir.

Əsərin baş qəhərmanı, Səfəvi hökmdarı Məhəmməd Xudabəndə ibadəti ilə məşğul, irfani düşüncəli, xoş xasiyyətli, həlim, idarəçilik psixologiyasından uzaq biridir. Onun hakimiyyəti dövründəki boşluqdan istifadə edən arvadı Xeyranisa Bəyim idarəçiliyi əlinə alır, atasının intiqamı adı ilə bütün türk tayfalarını dövlətdən incik salır, daxili sabitlik pozulur. Məhəmməd Xudabəndə insan kimi nə qədər yaxşıdırsa hökmdar kimi bir o qədər pisdir. Tarixdəki hökmdarla ədəbi hökmdar arasında uyğunluq bu məqamda zəifdir. Belə ki, Məhəmməd Xudabəndə dövlət işlərində nə qədər zəif olsa da unutmaq olmaz ki, öz qardaşının bir yaşlı oğlunu özünə rəqib bilib öldürtmüşdü. Tarixi mənbələr Azərbaycan Səfəvilər dövlətinin süqutu kimi dəyərləndirilən məqamı məhz Həmzə Mirzənin ölümü, əyanların Əbutalıb Mirzəni varis kimi tanıtmaq istəyi ilə bağlayırlar (3, s. 441). Tarixdə ziddiyətli,  dövlətin sütunlarını laxladan hökmdar, əsərdə isə zəif və iradəsiz hökmdar kimi təqdim olunan Məhəmməd Xudabəndə obrazının bu cür təqdimi ilə yazıçının mövqeyi güclənir. Tarixi nəsrdə şəxsiyyət porbleminə toxunan Vəli Nəbioğlu yazır: “ETT müasir dövrdə şəxsiyyətə münasibətdə ikili mövqe tutur: bir tərəfdən şəxsiyyəti məhv edir,… O biri tərəfdən şəxsiyyətin rolunu görünməmiş miqyasda artırır…” (4, s. 205). Yazıçı da Məhəmməd Xudabəndə obrazının zəif cəhətlərini qabartmaqla bir tərəfdən dövlətin zəifləməsində onun rolunu əsaslandırır, digər tərəfdən I Şah Abbasın hakimiyyətə gəlişinə zəmin hazırlayır. Eyni zamanda sanki yazıçı orta əsrlər ədəbiyyatımızın humanizm prinsiplərincə ədalətli şah ideyasına yeni baxışın gərəkliliyi düşüncəsini ortaya qoyur.

Məhəmməd Xudabəndədən fərqli olaraq onun yerinə hökmdarlıq edən Xeyranisa Bəyim bir o qədər çevik, siyasətcil, hiyləgər, farspərəst, ədavətli, qisascıl bir obraz-tarixi şəxsiyyət kimi yaddaşlarda qalır. Bütün mənfi, farspərəst mövqeyi ilə yanaşı bu hökmdar qadın rəşadəti, idarəçilik prinsipi, cəsarəti, döyüş taktikası, məğrurluğu ilə rəğbət qazanır.

Məhəmməd Xudabəndənin övladlarından Həmzə Mirzə nə qədər rəşadətli çevik şahzadə kimi təqdim olunursa sonda bəlli olur ki, bu yazıçının I Şah Abbasın böyüklüyünü göstərəcək zəmin üçün hazırlığıdır. Əsərdə yardımçı rollar da vardır ki, onlar əsas süjet xəttinin müvafiq məqamlarında iştirak etməklə yazıçının əsas qayəsinin açılışına xidmət edirlər, müəyyən mənada-ədəbi çərçivədə tarixdəki missiyalarını uyğun rol oynayırlar.

Bütün bu keyfiyyətləri ilə birlikdə Əzizə Cəfərzadənin “Bəla” povesti janrın uğurlu nümunəsi kimi ədəbiyyatşünaslığımızda layiqli yerini aldı. Tarixi nəsr nümunələri içərisində müəllif fikrinin daha geniş şəkildə bədii mətndə əks olunduğu əsərlərdən biri kimi “Bəla” povesti maraq doğurur.

 

ƏDƏBİYYAT

1.    Axundlu Y. Ədəbi estafet. Bakı: Adiloğlu, 2013, 559 s.

2.    Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1994, 680 s.

3.    Cəfərzadə.Ə. Cəlaliyyə. Bakı: Gənclik, 1983, s 463.

4.    Nəbioğlu V.Ədəbi tənqid və tarixi roman. Bakı: Nurlan, 2008, 232 s

5.    http: //olaylar.az/news|culture|78816

 

SUMMARY

Ali HESHİMOV

HISTORY AND MODERNISM PROBLEM IN AZIZA JAFARZADA`S “BALA”  (“MISFORTUNE”) NARRATIVE

In the articel Aziza Jafarzada`s “Misfortune” narrative elected as investigation object and its crafstman problems, Stylistic originalities have been emphasized. According to the examples the problems of art assignment of the historical reality in the work, reflection of modern truth in the work have been investigated by the author.

Key words: A.Jafarzada, “Misfortune”, history, modern reality, literary norm

 

РЕЗЮМЕ

Али ГАШИМОВ

АЗИЗА ДЖАФАРЗАДЕ, “БЕДА” ПОВЕСТЬ ИСТОРИЯ И СОВРЕМЕННОСТЬ ПРОБЛЕМА

Азиза Джафарзаде статье “Беда” выбран в качестве объекта исследования романа, работа, вопросы труда, имеют свои собственные стилистические подчеркнул. В то же время историческая реальность и художественное представление работы, работы современной реальности, противоположной проблемы, позиция писателя является ключевой позицией в духе работы принимал участие в анализе образцов.

Ключевые слова: A.Jafarzade, “Беда”, история, современная реальность, литературная норма

 

Cəlaliyyə povestində Naxçıvan həqiqətləri

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinin, mədəniyyətinin, mənəviyyatının öyrənilməsi ədəbiyyatımızın, elmimizin qarşısında duran başlıca vəzifə olmuşdur. Zaman-zaman Azərbaycan tarixinin qədim dövürləri görkəmli nasirlərimiz tərəfindən bədii əsərlərin mövzusuna çevrilmişdir. Azərbaycan tarixinin qədim dövrlərindən bəhs edən ən müxtəlif nümumələrlə yanaşı yaxın keçmişimizdən bəhs edən bədii nümunələrə də rast gəlmək olur. Bu sırada tarixi nəsr əsərlərinin xüsusi yeri var. Tarixi nəsrin yaranması, surətli inkişafı əsasən XX əsrə aiddir. İlk nümunəsi Ə.Gorani tərfindən qələmə alınmış, sonralar görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli yaradıcılığından üzü bəri Azərbaycan tarixinin ən müxtəlif dövrləri ədəbiyyatın başlıca mövzusuna çevrilmişdir. Sovetlər dönəmində isə tarixi roman janrı özünün yüksək inkişaf sürəti ilə seçilmişdir. Belə ki,  Böyük nasir, dramaturq Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, “Dumanlı Təbriz” və digər tarixi romanları bu janrı yüksək inkişaf mərhələsinə daşımışdır. Janrın ən mükəmməl nümunələri içərisində “Qan içində”, “Qızlar bulağında” “Dumanlı Təbriz”, “Qılınc və qələm” “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” romanları ilə yanaşı Əzizə Cəfərzadənin müəllifi olduğu “Bakı 1501”, “Aləmdə səsim var mənim” kimi yazıldığı dövrdə böyük maraqla qarşılanan, bu gün də orjinallığını itirməyən nəsr əsərləri vardır. Tarixi nəsrin Y.V.Çəmənzəminli, M.S. Ordubadi, F.Kərimzadə, O.Salamzadə kimi görkəmli müəllifləri arasında Əzizə Cəfərzadənin xüsusi yeri var. Tarixi romanlarla yanaşı bu illərdə mövzusu tarixdən alınmış povestlər, kiçik hekayələr də qələmə alınmışdır. XX əsrin ikinci yarısında qələm alınmış H.Arzulunun “Günahsız şikəstlər”, Ə Cəfərzadənin “Cəlaliyyə” povestləri, “Göy geyimli Fateh”, “Çinarlar qurumur” və başqa hekayələr kiçik həcmli tarixi nəsrin ən yaxşı nümunələri kimi yüksək dəyərə malikdirlər.

Azərbaycan tarixinin ən müxtəlif dövrlərini əks etdirən roman, povest və hekayələri yazmaq da müəllifdən böyük hünər, gərgin zəhmət tələb edir. Burada bədiilik, nəzəri prinsiplər gözlənilməklə yanaşı bəhs olunan tarix də dərindən mənimsənilməli, tarixi reallıqlar, təhrif olunmamalıdır. Bu mənada professor Qəzənfər Kazımovun fikri daha düzgün nəticə çıxarmağa kömək edir. O yazır: “ Bədii ədəbiyyat tarixdən çox oxunur, buna görə də onun düzgün və obyektiv mövqeyi daha vacibdir. Bu tələblərə cavab verməyən əsərlər sadəcə olaraq mövzunu korlamaqla qalmır, dövrə yanlış münasibət yaratmaqla zərərli bir şey kimi ortaya çıxır”.(3)

Yazıçı Əzizə Cəfərzadə yaradıcılığında müxtəlif illərdə qələmə alınan roman və povestlərin böyük bir qismini tarixi mövzulu əsərlər təşkil edir. O, həm də böyük tədqiqatçıdır. Ədəbiyyat tariximizin müxtəlix mərhələlərinin öyrənilməsində Əzizə xanımın böyük elmi fəaliyyət göstərmişdir. Əzizə Cəfərzadənin xalqımız qarşısında tarixi xidmətlərindən biri də, Azərbaycanın qadın hökmdarlarının, şair və yazıçılarının həyatını, fəaliyyətini öyrənməkdən ibarət olmuşdur. Bu mənada onun XII əsrdə mövcud olmuş Azərbaycan Atabəylər dövlətinin başçılarından olan Məhəmməd Cahan Pəhləvanın qızı- Naxçıvan hakimi Cəlaliyyənin həyatından, dövründən bəhs edən “Cəlaliyyə” tarixi povesti də diqqətəlayiq əsərlərdəndir. Əzizə xanımın həyatı ilə bağlı faktlardan da məlum olur ki, (2). o bir tədqiqatçı kimi XII əsr Azərbaycan tarixini, ədəbiyyatı və mədəniyyətini daim öyrənmiş və   yaradıcı şəkildə bəhrələnmişdir.

Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə ölümündən az əvvəl Naxçıvanı iqta şəklində on yaşlarında olan qızı Cəlaliyyəyə verir, idarəçiliyi ona tapşırır və özünün ən saidiq sərkərdələrindən biri olan Aydoğmuşu da Naxçıvana ona köməkçi göndərir. Cəlaliyyə Naxçıvanı əmisi Qızıl Arslanın(1187-1194), ögey qardaşı Əbu Bəkirin(1194-1210) və Özbəyin(1210-1225) hakimiyyəti illərində gözəl idarə edir, yadelli hücumlardan müdafiə edir. Məhəmməd Cahan Pəhləvan öldükdən sonra oğlanları və Səlcuq sultanı arasında hakimiyyət üstündə mübarizələr getdiyi bir vaxtda Cəlaliyyə atasının vəsiyyətini unutmur. Çünki, atası vəsiyyətində demişdi: “Əminiz Atabəy Qızıl Arslana tabe olun.Onun ağıllı və müdrik məsləhətlərinə qulaq asın”(1. s 138).Cəlaliyyə Naxçıvanın igid oğlu “Cəlallı Cəmşid”ə ərə gedir. Hilat hakimi Hacib Əli Naxçıvana hücum edir. Naxçıvanın müdafiəsi uğrunda gedən döyüşdə Cəmşid yağıları Naxçıvan torpağına ayaq basmağa qoymasada döyüşdə yaralanır. Cəlaliyyə Cəmşidin oğlu Cəlalı dünyaya gətirdiyi gün Cəmşid aldığı ağır yaradan dünyasını dəyişir. Cəlaliyyə mətanətlə dayanır, oğlunu nəsillərinin adına layıq bir şəkildə tərbiyyə etməyə çalışır. Cəlaliyyə sarayda başına topladığı qadınlarla birgə yaşayır. Nənəsi Möminə xatunun, anası Zahidə xatunun ənənələrini davam etdirir, onlardan aldığı tərbiyyə, atasından, babasından gördüyü qüdrətlə, ədalətlə Naxçıvanı idarə edir, şəhəri abadlaşdırır. Şer, sənət məclisləri təşkil etdirir, dövrün məşhurlarından, Nizami Yaradıcılığından bəhs olunur. Elə bu zaman Cəlaliyyə xəyalında əmisi Qızıl Aslanla getdiyi böyük şairlə görüş gününü xatırlayır.

Qardaşı Özbəyin təkidi ilə Xarəzimşah Cəlaləddinin qardaşı Pirşahla kəbini kəsilsədə Cəlaliyyə onu ailəsi kimi görmür. Pirşahın ölümündən sonra Naxçıvanı Hilatlıların hücumundan qorumaq, həm də özünün də dediyi kimi “Sahibsiz taxtını yel alar”(3.s112)fikrini əsas tutaraq Xarəzimşah Cəlaləddinlə rəsmi olaraq evlənən Cəlaliyyə Cəlaləddinə ”Mən sənin sarayını bəzəyən mələkə ola bilmərəm… Müslimə övrət sahibsiz ölə də bilməz, namazını da qılmazlar….Mənə təkcə sənin adın lazımdır. Adını üstümə at! Ayrı heç nə istəmirəm”(1.s112) deyir. Cəlaliyyənin özünə nəinki qul, hətta qardaş gözündə gördüyü Aydoğmuş xəyanət edir, Cəlalı Hilatlıların əmri ilə qaçırır və qarşılığında Cəlaliyyədən Hilat hakiminə tabe olmağı, ona ərə getməyi, Naxçıvan hakimiyyətində ona rəsmi hüquq verilməsini istəyir. Naxçıvanın qocaman pəhləvanı Əhliman Cəlalı qurtarmağa çalışsa da Cəlal gecəykən qaçır və Araz sahilində həlak olur. Cəlaliyyə isə Naxçıvanı xəyanətkar, düşmən əlinə vermir, bircə oğlundan, vəliəhddən keçir.  Aydoğmuşun növbəti həmləsi Cəlaliyyəni qaçırmaq olsada buna nail olmur. Aydoğmuşun nifrəti Hacib Əlini də heyrətə gətirir. Artıq başqa yol qalmadığını görən Cəlaliyyə döyüşə hazırlıq görür. Axı o şeyx Nizaminin əsərləri ilə tərbiyələnmişdi. Nizami deyirdi:”Aslanın erkəyi, dişisi olmaz”.Güclü düşmən qüvvələri qarşısında duruş gətirməyən Cəlaliyyə Naxçıvan diyarının yenilməzlik simvolu olan Əlincə qalasına sığınır. Aydoğmuş isə bir zamanlar Cəlaliyyəyə yaxınlaşmaq məqsədiylə saf, təmiz qəlbiylə oynadığı Naxçıvanlı qocaman pəhləvan Əhlimanın nəvəsi, Cəlaliyyənin kənizi Olcay tərəfindən yaralanıb sığındığı Hilatlı sərkərdə, Hacib Əli tərəfindən öldürülür, belə deyək ki, xəyanətinin qurbanı olur. İraq səfərindən qayıdan Cəlaləddin Naxçıvana basqın xəbərini eşidir və Cəlaliyyənin köməyinə çatıb Hilatlıların ordusunu darmadağın edir. Beləliklə Naxçıvan qırğınlardan qurtarır, Cəlaliyyə isə qəlbində gizlədiyi hislərini etiraf edir, Cəlalədinlə özünün və Naxçıvanın xilaskarı olan Qüdrətli sərkərdə ilə gecikmiş xoşbəxtliyinə çatır.

Povestdə dövrün tarixi faktları ilə uyuşmayan məqamlar var ki, onlar haqda danışmaq yerinə düşər. Mətndən məlum olduğu kimi Mələkə şer, sənət vurğunudur. O əmisi vasitəsi ilə Nizami ilə görüşünü xatırlayır, amma xüsusi bir detal yadda qalmır. Əksinə Nizami əsərlərinin oxunuşu zamanı diqqət mərkəzinə Nizaminin qadına qarşı bitərəfli münasibəti çəkilir. Unutmaq lazım deyil ki, bu sözlər Nizami yaradıcılığında İsgəndərin dilindən verilir, əslində dövrün qadına münasibətini göstərir və Əzizə xanımın qadın yazar olaraq bu faktı qabartması başadüşüləndir.

Əsərdən bəlli olur ki,    Olcay sevdiyi Aydoğmuşu ”ölümcül yaralayır”, bu anda Hacibin qılıncı Aydoğmuşun başını iki bölürsə də, Aydoğmuş qılınca əl atır. Birinci Türk, Azərbaycanlı həm də sevən bir qızın birdən–birə sevdiyini yaralaması, vətən naminə, babasının intiqamı naminə də olsa inandırıcı təsvir olunmayıb. İkinci isə başından yaralanmış birisinin qılınca əl atması təsəvvür olunası hal deyil.

Povestdə tarixi reallıqlar da təhrif olunub. Yazıçı Cəlaləddini müsbət planda verir. Reallıqda isə 1224-cü ildə qardaşı Pirşah, sonra Cəlaləddin Azərbaycan və Arranı istila edir və Azərbaycanda Atabəylər dövləti süqut edir. Həmin Cəlaləddin  Bəndərin üsyanını qanda boğur Özbək Əlincə qalasına qaçır, arvadı Təbrizdə qalır. Cəlaləddin onunla evlənir. Tarixi faktlarda Hacib Əli Atabəylərin siyasətini dəstəkləyən adam olmuşdur. Cəlaləddinin Hacibə son qələbəsi Atabəylərin Əlincə qalasındakı xəzinəsini ələ keçirməkdən ötəri idi.

Əsərin qüsur ayağına yazılacaq faktlardan biri də povestin dilindəki bəsit, sönük təsvirlərin olması, bədiiliyin zəif təqdimindən ibarətdir.

Bunlarla bərabər 1981-ci ildə qələmə alınan əsər öz müsbət keyfiyyətləri ilə Azərbaycan oxucusunun diqqətindən kənarda qalmamışdır. Əzizə xanımın haqqında olan məlumatlardan öyrənirik ki, yazıçı əsəri yazmamışdan əvvəl Naxçıvanda olmuş xeyli material toplamışdır(1.s 80). Məhz bu araşdırma əsərdə öz əksini tapmışdır. Povestdə Naxçıvanla bağlı olan Möminə Xatun məqbərəsi, Qızlar bulağı, Araz çayı boyu ərazilərinin səfalı təbiəti, Əshabi-kəhf möcüzəsi və bununla bağlı inamlar, Naxçıvanın alınmazlıq simvolu olan Əlincə qalası və qalaətrafının təbii şəraiti, gözəllikləri əhatəli şəkildə təsvir olunmuşdur. Povestdə diqqət çəkən məsələlərdən biri də Naxçıvanda XII əsrdəki real həyati yaşantıların dəqiqliklə təsvir olunmasıdır. Povestin əvvəlində Qarı allah qonağını evinin başına çəkir. Cəlaliyyə Naxçıvanda milli adət-ənənələri qoruyub yaşadan insan kimi təqdim olunmuşdur. Xeyir və şər mərasimlərinin təsviri, milli yeməklər, milli musiqinin, Naxçıvana məxsus rəqslərin, şənlik və mərasimlərin keçirilməsi, özünəməxsusluqları  incəliklərinə qədər öyrənilmilş və ustalıqla oxucuya çatdırılmışdır. Naxçıvanlıların dilindəki şivə xüsusiyyətlərinə diqqət yetirilmişdir ki, bunu indidə Naxçıvanın bəzi bölgələrində işlənən “Boylum” ifadəsinin yerində, dəqiq işlənməsindən görə bilərik. Naxçıvanda sözə, saza, sənətə yüksək qiymət verilməsi göstərilmişdir. Əsərdə ən çox təqdir olunası fakt naxçıvanlıların sədaqətliliyi, mərdliyi, dözümlülüyü, qonaqpərvərliyi, torpaqlarını canı, qanı bahasına qoruması, bu torpaqları ədalətli bir şəkildə idarə edən qüdrətli Cəlaliyyə ətrafında sıx birləşməsi, ona hörmətlə, sədaqətlə xidmət etmələridir. Müəllif  Naxçıvanlı sərkərdə Cəmşidin simasında öz torpağı uğrunda qanının son damlasına kimi vuruşan qəhrəmancasına həlak olan vətən övladalrının xarakterini yaratmışsa, qocaman pəhləvan Əhliman kişinin balaca Cəlalı düşmən əlindən qurtarmaq üçün bilə-bilə ölümə getməsi ilə Naxçıvanlıların ədalətli Cəlaliyyəyə sədaqətini göstərməyə çalışmışdır. Əsərdən onu da öyrənirik ki, şəhəri qırğınlardan qorumaq, həm də, qalada yaxşı müdafiə olunmaq üçün üçün Naxçıvanın alınmazlıq, məğrurluq simsolu olan Əlincə qalasına sığınan Cəlaliyyəni əhali son ana qədər yalnız buraxmır, ətraf kəndlərin adamları gecəylə qalaya ərzaq və müxtəlif mallar daşıyırlar.

Povestdə bəhs olunan tarixi dövrlə səsləşən çoxlu bu kimi nümunələrlə müəllif Naxçıvanın bir tam halında təqdim etməyə çalışmış və buna nail olmuşdur. Bu maraqdan irəli gələrək Şəfəq Sultan Əlixanlı “Cəlaliyyə” povesti əsasında radio-pyes səhnələşdirmiş, əsər dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Sonda xatırlamaq yerinə düşər ki, “Naxçıvan üçün ölərəm” deyən Cəlaliyyəyə əmisi Qızıl Arslan:”Ondan ötrü yaşa və yaşat”-deyir(1.s101).

Tarixi nəsrin görkəmli siması Əzizə Cəfərzadənin “Cəlaliyyə” povesti bəzi qüsuları ilə bərabər yüksək sənətkarlıq nümunəsi kimi ədəbi yaddaşlarda yaşayır və yaşamağa layiqdir. Bu gün də əsər böyük maraqla oxucular tərəfindən qarşılanır.

 

ƏDƏBİYYAT

1.Cəfərzadə.Ə. Cəlaliyyə.Bakı: Gənclik, 1983, s 463.

2.http:\\www.muallim.edu.az\arxiv\

3. www.kazimov.by.ru/m7.htm

ƏLİ HƏŞİMOV

AMEA Naxçıvan Bölməsi

E-mail: aliheshim@yahoo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir