Əziz və qayğıkeş qaynata!

(2016-cı ildə professor Abbas Zamanovun anadan olmasının 105 ili tamam olur)

          Abbas müəllim 1936-1938-ci illərdə Naxçıvan şəhərində komsomol katibi vəzifəsində işləmişdir. Elə o vaxtdan da mənim atam Əsəd müəllimlə tanış olub və sonralar yaxın dost olmuşdular. Mən 1957-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsində oxuyurdum. Ailədən təzəcə ayrılmışdım, orada mühit tam başqa idi. Yaman darıxırdım…Atama Naxçıvana zəng edib dedim ki, 

Bakıya qayıtmaq istəyirəm, çox darıxıram. Aradan üç gün keçmişdi. Atam Naxçıvandan Bakıya Abbas müəllimə zəng edib deyib ki, Abbas, sən Əziz Şərifə zəng et, getsin Elmiranı görsün. Əziz  Şərif  o vaxtlar Moskva Dövlət Universitetinin professoru idi. Çox yaxşı insan idi. Allah ona rəhmət etsin!

          Axşamüstü idi.Yataqxanadakı otağımın qapısı döyüldü.Qapını açdım, gördüm ki, Əziz Şərif və qızı Güllüdür.Güllü də fizika fakültəsinin beşinci kursunda oxuyurdu. Əziz Şərif: “Sən Əsədin qızısan?Abbas mənə zəng edib ki, Əsədin qızı Moskvada oxuyur,yaman darıxır, get bir onu gör. Qızım, nə üçün darıxırsan, nə çətinliyin olsa, Güllüyə de, darıxma!” Əziz Şərif mənə xeyli ürək-dirək verdi.

Yuxarıda dediyim kimi, Abbas müəllim mənim atamla yaxın dost idi.Tale elə gətirdi ki, mən 1963-cü ildə Abbas müəllimin gəlini oldum. Abbas müəllim nəvələri Aygün və Aytən anadan olandan sonra onlara atalıq qayğısı ilə yanaşardı, həmişə maddi və mə`nəvi kömək edərdi, indi istəməsin,  çox istəyərdi onları. 

Bəlkə, elə ona görə də, Aygün babasının yolunu seçdi.O, 1987-ci ildə ADU-nun filologiya  fakültəsini  fərqlənmə diplomu ilə bitirdi, bir müddət Nizami adına Ədəbiyyat İnstitutunda çalışdı. Sonralar Aygün ailə həyatı qurub ailəsi ilə birlikdə Moskvaya köçdü və Moskva Dövlət Universitetinin filologiya fakültəsinin aspiranturasına daxil olub, 2001-ci ildə namizədlik dissertasiyası müdafiə etdi. Hal-hazırda o, Moskva  şəhərində yaşayır və 25 saylı gimnaziyada rus dili və ədəbiyyatı fənnini tədris edir. İki övlad anasıdır. Oğlu – Qulam Moskva Dövlət Universitetinin “informasiya texnologiyaları” ixtisası üzrə magistraturanı bitirdikdən sonra təhsilini davam etdirmək üçün İngiltərənin Sautqempton Universitetinin magistraturasına daxil olmuş və oranı 2014-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Qulam Haaqa şəhərində ixtisası üzrə işləyir. Aygünün qızı Nərmin Londonda Asiya və Afrika tədqiqatları  Universitetində (SOAS) koreya və yapon dili ixtisasına yiyələnir.

          Abbas müəllimin ikinci nəvəsi Aytən- həkim kardioloqdur, tibb elmləri doktorudur, Moskva Xalqlar dostluğu Universitetinin professorudur. Ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. İki övladı var. Oğlu  Yusif  Moskva  Dövlət Universitetinin Politologiya fakültəsinin 4-cü kurs tələbəsidir.Qızı- Nərgiz Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsinin birinci kurs tələbəsidir.

Abbas müəllim həyat yoldaşı Asya xanım rəhmətə gedəndən sonra çox sarsılmışdı, 40 ildən artıq bir yerdə ömür sürmüşdülər və bir-birlərinə çox bağlı insanlar idilər.

Elə o vaxtlar, Abbas müəllim həm də, əməliyyat keçirmişdi səhhəti çox da yaxşı deyildi. Qızım Aytən  bir həkim kimi hər gün ona qulluq edir və qayğı göstərirdi. Bu səkkiz ay belə davam etdi…

Ömrünün son  ayları Abbas müəllim tədqiqatçısı olduğu şair –satirik M.Ə.Sabiri xatırlayardı. O, dəfələrlə ucadan təkrar edərdi:” Sabir, sən ölməmisən, sən yaşayacaqsan, sən ölməyəcəksən!” Mən də zarafata salıb deyərdim:” Abbas müəllim, Siz hansı Sabiri deyirsiniz? O “ Hophopnamə”ni yazanı?” Cavab bu olurdu: “ Bəs necə, həmin Sabiri!”.

Professor Abbas Zamanov öz yaradıcılığında M.Ə.Sabirə  çox yer ayırmışdı. Elə bil, Abbas müəllim Sabirlə yaşayır, onunla nəfəs alır, hətta, ölüm ayağında da o, Sabiri çağırır və onu yaşatmaq istəyirdi. Abbas müəllim əvəzsiz bir baba, qaynata və qayğıkeş, nəcib, xeyirxah bir insan idi. Allah Abbas müəllimə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, yeri cənnət olsun!

AMEA Fizika İnstitutu, laboratoriya  rəhbəri,

fizika-riyaziyyat elmləri doktoru  Cəfərova Elmira Əsəd qızı

Abbas Zamanov FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir