Тəkrarolunmaz abidələr diyarı
NUH PEYĞƏMBƏRİN QƏBRİ TAPILIB
Bu xəbərin sevinci ilə ötən il dekabrın sonlarında Naxçıvana getdim. Beynəlxalq “Gəmiqaya” ekspedisiyasının təşkilatçıları: tanınmış akademiklər, millət vəkilləri Azərbaycan MEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev və Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ilə birlikdə şəhərin qədim qala divarının yaxınlığında hündür yamaca gəldik.
Bəşəriyyəti dünya daşqınından xilas etmiş Nuh peyğəmbərin qəbri bu yamacda idi. Mən ulu babamızın sadə məzarına baxanda düşündüm ki, bu dahi insanın, Azərbaycanın ilk tarixi şəxsiyyətinin məzarının min illər ərzində qorunub saxlanmasının özü bir qəhrəmanlıqdır. Və bu qəhrəman Azərbaycan xalqıdır.
Zaman uzaqlığından xəbər verən rəqəmlər keçdi gözümdən: 4000 ildən artıq yaş verilən Misir ehramları, 5000 ildən artıq yaş verilən “Bilqamıs” dastanı tarixin bəri üzündə qalır. Axırıncı buzlaşmadan əvvəl baş verən Dünya daşqınından isə bizi 12-13 min il ayırır. (Bəzən “məhəlli daşqın” hesab edərək, buna 6-7 min il yaş da verilir. Lakin “məhəlli daşqın”da Nuh peyğəmbərə və gəmisinə ehtiyac qalmır. Əslində “məhəlli daşqın” Quran və Bibliyanın əleyhinə getməkdir).
Gəmisinin və məzarının zaman əlçatmazlığına görə Nuh babamızın əfsanələşməyə haqqı var idi. Nuhun əsas qəhrəmanlığı-sivilizasiyanın yeni-2-ci bünövrəçisi olmasıdır. Onun qəbrinin min illər ərzində ziyarətgaha çevrilməsi də təbiidir. Sonuncu allahsızlıq dövründə Azərbaycanın da daxil olduğu Rus-Sovet imperiyasında insanın ruhani duyğuları təhqirə məruz qalır, məscidlər, kilsələr, pirlər, övliya qəbirləri dağıdılırdı. Nuh peyğəmbərin də qəbri о illərdə dağıdılıb, ziyarətgahlar sırasından kənar edilib. Amma xoş təsadüfdən qəbirüstü məqbərə uçurulsa da, peyğəmbərə toxunulmayıb, qəbir salamat qalıb.
Akademik İsa Həbibbəyli bununla əlaqədar dedi:
-Nuhun qəbrinin tapılmasında Azərbaycanın ilk professional rəssamı Bəhruz Kəngərlinin tabloları köməyimizə gəldi. Dahi rəssam XX əsrin əvvəllərində 1918-19-cu illərdə “Nuhun qəbri” mövzusunda 6 əsər yaradıb. Məhz həmin əsərlər bizə peyğəmbərimizin müqəddəs qəbrinin yerini nişan verdi. Məqbərəni 1-ci özülə 2 kərpic qalanda əl saxlayıb, sökməyə məcbur edilənlər 8 guşəli məzarın üstünü daş-torpaqla örtüb, bir növ izi itiriblər. Yəqindir ki, Nuh peyğəmbərin məqbərəsi illər ərzində xalq tərəfindən dəfələrlə təzələnib. Biz qəbri tapandan sonra onun üstünün və ətrafının toz-torpağını təmizləmişik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi tapşırığı ilə yaxın vaxtda Nuhun qəbrinin üstündə yeni, yaraşıqlı məqbərə ucaldılacaq. Bəşəriyyəti dünya daşqınından xilas edən peyğəmbər babamızın müqəddəs məzarı yenidən və həmişəlik, bütün dünya üçün ziyarətgaha çevriləcək.
NAXÇIVAN TƏKRAROLUNMAZ ABİDƏLƏR DİYARIDIR
Bu abidələr sırasında Gəmiqaya öndə dayanır. Elmi-ədəbi dairələrdə, “Naxçıvan-Gəmiqaya-Nuhun gəmisi” söhbətləri geniş müzakirə və mübahisə mövzusuna çevrilib. Bu gün həmin mövzu ümumbəşəri mahiyyət kəsb edir və elmdən çox siyasi səviyyə daşıyır. Dünya daşqını və Nuhun öz gəmisində insan nəslini (və başqa canlıları da) xilas etməsi söhbətləri getdikcə ümumdünya əfsanəsinə çevrilib. Az qala hər ölkədə bu əfsanənin yerli variantları yaranıb. О cümlədən Qazaxıstan, Altay diyarı, Koreya, Yaponiya, Çin, Hindistan, Suriya, Almaniya, İtaliya, Meksika, Qvatemala, Peru və başqa ölkələrdə bir dağı göstərib deyirlər: “Nuhun gəmisi bu dağın üstündə dayanıb”.
Bəs, Naxçıvandakı əsl Gəmiqayanın başqa “Gəmiqayalardan” fərqi nədir? Yəni belə fərqlər varmı? Əlbəttə ki, var. Onu təyin etmək üçün əsas mənbələr nəzərdən keçirilməlidir.
1-ci mənbə-müqəddəs kitabımız Qurandır. 2-ci Bibliya, 3-cü “Bilqamıs” və 4-cü, həm də ən qədim, ən ilkin mənbə: Gəmiqaya-Qobustan rəsmləri – yazılardır.
Quranın Azərbaycan dilinə tərcüməçilərindən biri, mərhum akademik Ziya Bünyadov yazırdı: “Quranda adı çəkilən Cudi dağının (ilk Gəmiqayalardan birinin -Ə.F) şöhrəti Nuhun gəmisinin bu dağ üzərinə oturmuş olduğuna dair məşhur Mesapatomiya əfsanəsilə bağlıdır.”(Bax. Quran.Qeydlər və şərhlər. Bakı, 1992. səh.674.) Naxçıvan-Gəmiqaya Cudi dağına (Suriya ərazisindədir, dünyadakı bütün başqa “Gəmiqayalardan” yaxın olanıdır. Türk alimi Ahmed Ergöz Cudini dağ silsiləsi adlandırır. (Bax. onun “Nuh tufanı”, Izmir, 1990). Bu fikrə əsaslansaq, Naxçıvan Gəmiqayası həmin silsilənin şimalında ən yüksək zirvədir. Nuhun gəmisinin məhz bu zirvəyə (4500 m) enməsi təbii hesab olunmalıdır.
Bu, 1-ci əsas mənbə-əsas fərqidir ki, heç bir başqa “Gəmiqaya” ilə müqayisə edilə bilməz. 2-ci əsas mənbə-Bibliyadır. Dünya alimləri Bilqamısı tarixi şəxsiyyət hesab edirlər. O, – Bilqamıs başına gələn (e.ə. IV minillikdə) və eşitmiş olduğu, özündən neçə min il əvvəlki hadisələri də ideallaşdıraraq, bina etdiyi və hökmdarı olduğu Uruk şəhərinin qaya kimi hündür, sal divarlarına yazdırıb:
“O hər sirri bilərdi,
о hər şeyi görərdi,
Yeri su basmasından
bizə xəbər verərdi.
Uzun yollar dolaşıb,
yorulub əldən düşdü,
Başına gələnləri sal bir qayaya döydü
Sonra hasara alıb, adını Uruk qoydu
(Bilqamıs.1985. s.8. Tərcümə İsmayıl Vəliyevindir)
Bu, səmavi kitablardan neçə min il əvvəlki yazılı məlumatdır. Burada söhbət heç də “məhəlli daşqından” yox, məhz Dünya daşqınından gedir.
“Bilqamıs”da təsvir edilən yer və insan adlarını nəzərdən keçirdikdə bunların Naxçıvan və bütövlükdə Azərbaycan ərazisi ilə paralelliyi” aşkara çıxır. Yəni məsələn, Haçadağ- Nisir Nəsirvaz dağı, Şarur (Şərur), Şuruppıq, Siduri (Səduri- Sədərək), Kiş, kənd və çay adı şəklində, Dilmun (Dilman kəndi Ağsuda, Kinqir (Kəngər), Quçi (Qutqaşen), Dimmuz (Dumuz), Utu, Bel (Belet), Ubar (Abar), Tutu, Aktu, Etana (Oteke),İştar (Sevit- günəşin qızı), Şamxat (Şamxat-şam qadın -Şaman qadın), Kur (Kür çayı), Utkarişta (utuk, otka-Adna kəndləri) və s. Dünyadakı “Gəmiqaya”lardan heç biri – yaxın ətraf ilə birlikdə belə paralellərə malik deyil.
Bu da 3-cü əsas mənbəvə əsas fərq. Dünya etiraf edir ki, “Bilqamıs”dan о yana heç bir yazılı mənbə yoxdur.
Bu sətirlərin müəllifinin son 35 il ərzində apardığı tədqiqatlardan aydın olub ki, “Gəmiqaya-Qobustan rəsmləri daş yazıları “Bilqamıs”dan neçə min il əvvəl mövcud olub və bu gün də aydın oxunur. Hörmətli alimlərimiz, akademiklər: Budaq Budaqov, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Mirabbas Qasımov,AMEA-nm müxbir üzvü Vəli Əliyev, elmlər doktorları, professorlar Qara Məşədiyev, Fənah Xəlilov, Abbas Seyidov,Qadir Qədirzadə, Aida Feyzullayeva, Elməddin Əlibəyzadə, Bayrarn Allahverdiyev, Əjdər Ağayev və başqaları bildirirlər ki, Gəmiqaya-Qobustan yazılarıən etibarlı tarixdir. Bu sətirlərin müəllifı Gəmiqaya-Qobustan təsvirləri arasında Nuhun Gəmisinin rəsmlərini aşkar edib. (Bax. onun “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası”kitabı,B.2005, 81-102səh.,rus dilində).
Bu rəsmlər dünyada hələlik ilk tapıntıdır. Bu da Gəmiqaya və Nuhun gəmisi əfsanəsinin bilavasitə Azərbaycan torpağı -Naxçıvan-Gəmiqaya ilə bağlı olduğunu tam təsdiq edir. Bu da 4-cü əsas mənbə və əsas fərqdir.
Bu 4 mənbə, 4 əsas fərq sübut edir ki, Nuhun tufanı əfsanəsi bütün dünyaya məhz Azərbaycandan-Naxçıvandan yayılıb.Amma bəzi müəlliflər bu əfsanənin “erməni” variantına “əsaslanıb”, onun ermənilərlə bağlılığını irəli sürür, bəziləri isə elə həmin səbəbdən Nuhun tufanı əfsanəsinin və Gəmiqayanın uydurma olduğunu söyləyirlər. Hətta guya “Nuhun Gəmisi” və onun Naxçıvanla bağlı olması ideyasının “erməni mənbələrindən qaynaqlandığını” iddia edir və “çıxış yolunu” bu “ideyanı” rədd etməkdə görürlər. Bunlar heç bir əsası-dayağı olmayan iddialardır.
Akademik Ziya Bünyadov yazırdı: “Qədim erməni rəvayətlərində Nuhun Gəmisinin bir dağ üzərinə oturması haqqında heç bir məlumat yoxdur. Nuhun Gəmisinin Masis (Ağrı-Ararat-Ə.F) dağı zirvəsinə oturmasına dair olan rəvayət, ancaq XI və XII əsrlərdə erməni ədəbiyyatında özünə yer tutmağa başladı” (Bax. Quran. Qeydlər və şərhlər. s.674).
Deməli, ermənilər neçə yüz il ərzində, Nuhun Gəmisinin Masis (Ağrı) dağının zirvəsinə endiyindən danışıblar. Baxıb görəndə ki, Azərbaycan alimlərinin sübut etdikləri kimi, Nuhun Gəmisi Naxçıvanla-Gəmiqaya ilə bağlıdır, onlar Qarabağ və başqa torpaqlarımız kimi, Naxçıvanı da “öz adlarına” çıxmağa başlayıblar. Bu quldur erməni nəyimiz varsa, onu həyasızcasına zəbt etmək, zorla “erməniləşdirmək” istəyirsə, biz özümüz maddi-mənəvi dəyərlərimizdən imtina etməliyikmi?! “Naxçıvanın-Nuhun ölkəsi olması ideyası”nın heç bir elmi, tarixi-dini əsası olmadan “erməniyə aid edilməsi” erməninin dəyirmanına su tökməkdir.
Bəzilərinin fikrincə, guya, “bəşər cəmiyyəti yarandıqdan sonra yer üzünün tamamilə su altında qalması kimi bir hadisə olmayıb” Bu da müqəddəs kitabımız Quranı, Bibliyanı, “Bilqamıs”ı, nəhayət, Gəmiqaya-Qobustan rəsmlərini nəzərə almamaqdan irəli gəlir. Görünür, belələrinin yeni elmi mənbələrdən də xəbərləri yoxdur. Quranda, Bibliyada və “Bilqamıs”da heç bir “məhəlli daşqından” söhbət getmir. Qoy belə müəlliflər Quranı bir daha diqqətlə oxusunlar. Dahi fizik A.Eynşteyn yazırdı: “Dinə əsaslanmayan elmə inanmaq mümkün deyil”.
Bir daha qeyd edirik ki, Gəmiqaya, Nuhun gəmisi və Nuhun qəbri haqqında əfsanənin tarixi, elmi kökləri inkarolunmazdır. Naxçıvanın-Nuhun ölkəsi olması ideyası Azərbaycan xalqına məxsusdur. Bu ideya əfsanələşərək bütün dünyaya yayılıb. Bunu 2005-ci ildə Naxçıvanda-Gəmiqayada ilk səyyar konfransını keçirən beynəlxalq “Gəmiqaya” elmi ekspedisiyasının üzvləri də bir daha təsdiq edib.
Əjdər Fərzəli