10 dekabr Aydın Əzimbəyovun ad günüdür
Akademik, Sosialist Əməyi Qəhrəmanı Nacim Xamrayev
Aydın Əzimbəyov haqqında
Əsl insan xarkterinin cizgiləri
Aydın Əlibəy oğlu Əzimbəyovla aramızda olan möhkəm kişi dostluğunun qırx illik tarixi var. Bu illər ərzində münasibətlərimizin dəyişməzliyinə, sadiqliyinə, onu qiymətləndirmək və qoruyub saxlamaq bacarığına görə daha çox Aydına minnətdar olmalıyam.
Onunla müxtəlif sahələrdə işləməyimizə baxmayaraq, Ac Çölün – Özbəkistanın Sırdərya vilayətinin 300 min hektar sahəni əhatə edən bu ən böyük, susuz və məskunlaşmamış massivinin fəth edilməsi ilə bağlı müxtəlif təsərrüfat məsələləri ilə əlaqədar tez-tez görüşməli olurduq.
Aydın Əzimbəyov kimi yüzlərlə mütəxəssisin sayəsində burada bir milyona yaxın əhalisi olan yeni inzibati vilayət yaradıldı.
İstehsal gücü 200 kub/san olan nəhəng, unikal Cizak Nasos Stansiyasnın inşasında və avadanlıqların montajı işlərinin təşkil olunmasında da Aydın Əlibəyoviç yaxından iştirak edirdi.
Çox qısa müddət ərzində pambıq tarlalarının suvarılması üçün təcili su verilməsi tələb olunduğundan bu istiqamətdə iş dayanmadan, bütün gün ərzində çox gərgin şəraitdə davam edirdi. Bu yerdə Aydın Əlibəyoviçin xarakterindəki çox dəyərli keyfiyyətləri xüsusi qeyd etmək istəyirəm. Aydın Əzimbəyov heç vaxt emosiyalara qapanmır və işçi kollektivində yaranan hər hansı neqativ əhval-ruhiyyənin qarşısını dərhal almağı bacarırdı. O, həssaslıqla vəziyyətin mürəkkəbliyini hiss edir və danışdığı bir qayda olaraq, çox yerinə düşən, yumoristik əhvalatlarla bu gərginliyin azaldılmasına nail olurdu. Həm də onun danışdıqları adi lətifə yox, çox mənalı, əyləncəli, həm də müdrik həyat hadisələri olurdu. Xeyirxahlığı, ünsiyyətcilliyi, həmkarları və fəhlələrlə hörmətlə davranması, təşkilati məsələləri operativ həll etmə qabiliyyəti Aydın Əlibəyoviçin böyük hörmət sahibi olmasına və onun professional inşaatçı kimi sayılıb-seçilməsinə zəmin yaradırdı. Özbəkistan Nazirlər Soveti Nəqliyyat şöbəsinin müdiri və Respublikanın Avtomobil Nəqliyyatı Naziri vəzifəsinə təyin olunanda da o, özünün heyrət doğuran fəallığı, gördüyü işə vicdanla və məsuliyyətlə yanaşması ilə fərqlənirdi.
Azərbaycan Respublikası rəhbərliyinin çox müdrik qərarı ilə Aydın Əlibəyoviç Əzimbəyovun Özbəkistana səfir təyin edilməsi bizi – onun dostlarını heç də təəccübləndirmədi. Sözsüz ki, bu zaman onun uzun müddət bu Respublikada yaşaması, rəhbər vəzifələrdəki çoxillik təcrübəsi və adamlarla tez dil tapa bilməsi, fitrən tərbiyəli, təmkinli, olması və əlbəttə ki, diplomat kimi şəxsi keyfiyyətləri nəzərə alınmışdı. Onun təyinatı ilə Azərbaycan Respublikaının Özbəkistandakı səfirliyi ən fəal qurumlardan birinə çevrilə bildi.
Çoxlu sayda müxtəlif, birgə mədəni tədbirlər keçirilir, milli kalorit və adət-ənənələr nəzərə alınmaqla, geniş və rəngarəng milli bayramlar qeyd edilirdi.
Respublika rəhbərliyi ilə çox gözəl şəxsi və işgüzar əlaqələri olan Aydın Əzimbəyov Azərbaycan Mədəniyyət Mərkəzi üçün həlli heç də sadə olmayan yer seçilməsi, səfirliyin yeni binasının inşa edilməsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin ucaldılması kimi bir çox məsələlərin operativ həllinə nail ola bilmişdi. Özünün çox zəngin inşaatçı təcrübəsindən və təşkilatçılığından istifadə edərək, o, çox qısa bir müddət ərzində bu obyektlərin tikinti işlərini başa çatdırdı, ətraf ərazini abadlaşdırdı. İndi Daşkəndin gözəl ümumi memarlığına harmonik daxil olan bu tikililər, şübhəsiz, onu daha da gözəlləşdirmişdir.
Azərbaycan diasporu Özbəkistandakı ən önəmli diasporlardan biridir. Şişirtmədən demək olar ki, Aydın Əlibəyoviç hər bir həmvətənini şəxsən tanıyır. O, mübahisəli, hərdən konflikt xarakteri almış məsələlərin həllində şəxsən iştirak edir, əmək və müharibə veteranları, yaşlı nəslin nümayəndələri və gənclərlə görüşlər təşkil edirdi. Göstərdiyi həssas və qayğıkeş münasibətə görə adamlar onunla təmasda olmağa can atır, səfirlə görüşdükdə xeyirxah məsləhət alacaqlarına və onların problemlərinin həllinə mütləq kömək ediləcəyinə inanırdılar. Aydın Əlibəyoviç Özbəkistanda akkreditə olunmuş digər ölkələrnin diplomatik korpusları ilə də çox gözəl, etibarlı münasibətlər yarada bilmişdi.
Azərbaycan və Özbəkistan Respublikaları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə görə Özbəkistan dövlətinin rəhbərliyi səfir Aydın Əlibəy oğlu Əzimbəyovu «Xalqlar Dostluğu» ordeni ilə təltif etmişdir.
Dost ölkənin səfirinin belə bir yüksək ordenlə təltif edilməsi kimi qeyri-ordinar bu fakt onun şəxsi və xidməti keyfiyyətlərinin yüksək səviyyədə etirafına şəhadət verirdi. Uzun illər boyu rəhbər vəzifələrdə çalışması Aydın Əzimbəyovun xarakterinin dəyişməsinə səbəb ola bilmədi. Zaman və şərait çox vaxt insanlar arasındakı münasibətlərə təsirsiz qalmır. Halal, ləyaqətli və əxlaqlı olmaq, yaxşılığı unutmamaq kimi qiymətli insani keyfiyyətləri necə qoruyub saxlamalı? Nadir hallarda kiməsə, bütün şüurlu həyatı boyunca, bu ən yaxşı insani keyfiyyətləri qoruyub saxlaya bilmək nəsib olur.
Mən çox şadam ki, həyatımda Aydın Əzimbəyov kimi bir insanın yeri var və ötən illər bizim qarşılıqlı mehribanlığımıza, ən yaxşı hisslərimizə təsir göstərib, dəyişdirə bilməyib.
Nacim Xamrayev,
Özbəkistan və Rusiya
Kənd Təsərrüfatı Elmləri
Akademiyasının akademiki,
texnika elmləri doktoru, professor,
Sosialist Əməyi Qəhrəmanı
“Aydın Əzimbəyov – Tarixlə səsləşən ömür yolu” , Məhərrəm Zaman , “Ziya” Nəşriyyat Poliqrafiya Mərkəzi, Bakı 2012 səh 91-94