Brest-sonuncu dayanacaq… Rahim Sadıqbəyli yazır
Xalq yazıçısı Anarın bu yaxınlarda “Qatardan qalan adam” hekayəsini oxudum. Professor, dostum Çingiz Abdullayevlə 24 il öncə başımıza gələn hadisə bir daha gözlərim önündə canlandı və bu sənədli hekayəni qələmə almaq qərarına gəldim.
2000-ci ilin noyabr ayı idi. Dostum, professor Çingiz Abdullayevlə uzun bir səfərə çıxmağa hazırlaşırdıq. Uzun sözünü ona görə xüsusi vurğulayıram ki, Almaniyaya, onun paytaxtı Berlinə qatarla gedəcəkdik. Təyyarənin cəmi üç saat yarıma uça biləcəyi rahat yolu qoyub niyə beş günlük qatar macərasını seçmişdik? Bu barədə bir az sonra…
Öncədən tutduğumuz plana görə Bakı-Moskva qatarı ilə iki gün yol gedib Rusiya paytaxtına yetişməli, bir gün səfirliyimizin Moskvanın mərkəzində
Tverskoy küçəsində yerləşən qonaq evində qaldıqdan sonra ”Belarus” vağzalından Moskva-Berlin qatarıyla Almaniyaya yola düşməli idik.
O ki qaldı sürətli və rahat təyyarə yox, uzun, yorucu qatar variantı seçməyimizə…
Professor Çingiz Abdullayevin rəhbəri olduğu Alman-Azərbaycan Cəmiyyəti birinci Qarabağ müharibəsi dövründə yaralı əsgərlərimiz üçün Almaniyadan dava-dərman gətirirdi. Dərmanları Qarabağdakı hərbi hospitala daşıyarkən Çingiz Abdullayevin də içərisində olduğu helikopter hava boşluğuna düşür. Pilotun peşəkarlığı sayəsində böyük faciədən qaçmaq mümkün olur. Amma buna baxmayaraq həmin hadisə Çingiz müəllimin səhhətində dərin iz buraxır, beynindən və qulaqlarından uzun müddət müalicə almaq məcburiyyətində qalır. Məhz bu hadisədən sonra uzun müddət Çingiz müəllim təyyarəyə minə bilmir.
Professor dostumun səhhətindəki problemləri nəzərə alıb uzaq yola qatarla getməyi qərarlaşdırmışdıq. Atam Telman kişi bizə yol azuqəsi hazırlamaq üçün əməlli-başlı əziyyət çəkmişdi. Səhər tezdən gedib Lənkərandakı qonşumuz Cəmilin Bakıda açdığı təndirdən bir toyuq ləvəngisi və iki təndir çörəyi almışdı. Duz, sumağ, soğan və sarmısağı kiçik salafanlara yığmışdı. Rəhmətlik həmişə mənə sarmısağ yeməyi məsləhət görürdü.
Elə dəmiryolu vağzalına da atamla gəldim. Hər işdə alman dəqiqliyini sevən Çingiz müəllim artıq ordaydı. Ağ kepkası başında perronda var-gəl edirdi. Bizi görcək sevindi, qucaqlaşdıq. Atamla da salamlaşıb, heç nədən narahat olmayın deyib ona ürək-dirək verdi. Qatar fiti sərnişinlərlə yola salmağa gələnləri ayırdı. Atamla qucaqlaşıb qatara mindik. Hələ uşaq vaxtlarından Teli deyə çağırdığım atam qatar gözdən itənəcən arxamızca baxdı.
Bileti SV vaqonuna – indiki dillə desək, VİP-ə almışdıq, düz Moskvaya qədər kupedə ikimiz gedəcəkdik. Aramızdakı anlaşmaya görə Çingiz müəllimin yaşına, başına və təcrübəsinə görə onun icazəsi olmadan heç bir addım atmamalı idim. Amma nə gizlədim, cavanlığıma salıb arada bir “yekəbaşlıq” da edirdim. Kupedə yeməklərimizi çantadan çıxarıb stolun üstünə düzdük və əynimizi yüngül idman kostymları ilə əvəz etdik. Çingiz müəllim evdən dadlı peraşkilər gətirmişdi, pendirlə kolbasanı isə mağazadan almışdı. Ən əsas da ”Təzə bazar”dan isti dağlı çörəyi almışdı. Çörəyi çantadan çıxaran kimi ətri az qala bütün vaqonu bürüdü.
Hər şey çox gözəl idi. Rusiya sərhədini keçəndə sərhədçilər kupenin qapısını döydülər. Əvvəlcədən bunu gözlədiyimiz üçün pasportlarımızı və ikimizdə də olan press-kartlarımızı masanın üstünə qoymuşduq. Sərhədçilər sənədlərimizə baxıb heç bir şey soruşmadan kupedən uzaqlaşdılar, üstəlik, gedəndə bizə yaxşı yol da arzuladılar. Baxmayaraq ki, biz hər bir suallarına hazır idik. Çingiz müəllim əvvəlcədən tapşırmışdı ki, Almaniyanın adını da çəkməyək. Soruşsalar deyək ki, Moskvadakı Azərbaycan səfirliyinə gedirik. Vəssalam, artıq heç bir kəlmə. Amma bunların heç birinə ehtiyac olmadı. Səhər ikimiz də erkən oyandıq. Qatarımız Rusiyanın ucsuz-bucaqsız çöllərindən şütüyürdü. Arada qatardan baxımsız həyətlər, evlər, kəndlər aydın görünürdü. Bizim kimi tezdən oyanan rus kəndlilərinin həyətdə nə etiklərini görmək olurdu. Həyətlərin birində qadın vedrəyə oturmuşdu, deyəsən işi ağır idi… Biz ikimiz də bunu görüb bərkdən güldük. Çingiz müəllim fotoaparatı götürmədiyimə görə məni məzəmmət elədi. Çünki hər yerə gedəndə ya fotoaparat ya da videokamera apardığımı bilirdi. Dedim ki, Almaniyadan təzə kamera almaq istəyirəm.
Çingiz bəy kupenin pəncərəsindən görünən kəndlərin acınacaqlı vəziyyətini göstərib “Dövlətləri bunlara söz verib ki, 200 ildən sonra yaxşı olacaq…”, – deyəndə ikimiz də qəhqəhə çəkib güldük. Yol uzanır, evdən gətirdiyimiz yeməklər artıq qurtarmaq üzrə idi. Aclıq təhlükəsi artıq ilk xəbərdarlığını edirdi… Qatar Həştərxana çatdı, cədvələ görə bu stansiyada 15 dəqiqə dayanacaqdı.
Perronda arvadlar hisə verilmiş balıq, evdə hazırlanan şoraba, qara çörək, sala, meyvə arağı, toyuq, peraşki satırdılar. Yola düşəndə özümüzlə rus publu götürmüşdük, hətta sərhədçilərə verməyə rüşvəti də əvvəldən ayırıb saxlamışdıq. Press-kartın hesabına sərhədi keçmək bizə pulsuz başa gəldiyindən pulların bir qismini bazarlığa xərcləyə bilərdik. Mən dərhal perrona endim və görməmiş kimi balıq, evdə çəkilmiş arağ, şpig (yarı hisə verilmiş duzlu donuz piyi) qara çörək aldım. Sonra başladım arvadlarla mırt vurmağa. Çingiz müəllim vaqondan enən kimi vağzaldakı Lenin babanın heykəlinə tərəf getdi. Sonra nəsə onunla danışıb qatara mindi. Mən buna o qədər də əhəmiyyət vermədən arvadlarla çənə döyməyə davam edirdim. Düzü orda bir az cavan, əndamlı xanımı gözüm yaman tutmuşdu. Gözlərimi ondan çəkə bilmirdim. Yola onunla davam etmək, kupedə onunla söhbətləşmək, aradabir… Nəsə xəyallar qururdum. Amma bu mümkün deyildi əlbəttə. Bir də gördüm qatar Çingiz müəllim qarışıq gedir. Fit nə vaxt verilib heç xəbərim olmayıb. Güc-bəla ilə əlimdəki ərzaqları başqa vaqonun hələ bağlanmamış qapısından içəri tulladım. Bələdçi qadın yekəpər qolu ilə məni dartıb vaqona saldı. Sonra qalxıb öz vaqonumuza keçə bildim.
Kupeyə qayıtdığımı görən Çingiz müəllim gülməkdən uğundu. Sözün düzü, bir az əsəbiləşsəm də biruzə vermədim. Amma Çingiz müəllim asanlıqla əl çəkənə oxşamırdı. Mən mövzunu dəyişmək istədim və anidən soruşdum: “Müəllim, mənim balıq satan rus arvadlarla mırt vurmağım aydındır. De görüm sən Lenin babaya nə deyirdin? Elə bilirsən gözümdən qaçdı?” Çingiz müəllim tam çiddi heç təhərini pozmadan – “Lenin babadan icazə alırdım ki, Berlinə gedə bilərik ya yox? Sən bilmirsən ki, biz bu bolşevik-kommunistlərin dövründə icazəsiz heç yana gedə bilmirdik?”, – deyib mövzuya nöqtə qoymaq istədi. Lakin bu dəfə mən əl çəkmədim:
“Əlbəttə bilirəm, yadımdadır, Lənkərana qeydiyyatı olmayan lənkəranlıları belə Biləsuvardan o tərəfə buraxmırdılar. Bir dəfə xalamın əri Əlipaşa müəllim sərhəddə rəsmən üsyan elədi. Yaxşı ki, sərhəddəki zabit azərbaycanlı idi, yoxsa qohumum əlli-ayaqlı getmişdi…“
Mən danışa-danışa aldığım ərzaqları səliqə ilə masanın üstünə düzdüm, araqdan hər ikimiz üçün süzüb hazır saxladım. Çingiz müəllim dünəndən qalan dağlı çörəyinin tikələri, yumurta soyutması və aldığım kartof soyutması ilə kifayətləndi. Mən araqdan vurub balıqdan və saladan ötürürdüm içəri. Çingiz müəllim də mənimlə məzələnirdi. Gözümün hələ də şor xiyar satan əndamlı rus qızında qaldığını və lakin əlimdə elə ondan yadigar şor xiyarın qaldığını təkrarlayıb kefimə soğan doğramaq istəyirdi. Düzü bir ara araq başıma vurdu və əsəbiləşdim. Çingiz müəllimin son dərəcə sakit və mülayim rəftarı məni də sakitləşdirdi. Boynuma alım ki, cavanlıqda bir az cırtqoz idim, yəni tez özümdən çıxırdım. Amma bu hal heç vaxt on dəqiqədən artıq sürmürdü. Elə əsəbiləşdiyim kimi də anicə sakitləşirdim. Əslində indinin özündə də hərdən bu cırtqoz xasiyyətim özünü biruzə verir, amma kontrolu tez ələ ala bilirəm.
Nə isə zarafatla, mübahisələrlə gəlib Moskvaya çatdıq. Səfirliyimizin nəzdindəki otel şəhərin mərkəzində Tverskoy küçəsinin Lermontovskaya dalanında yerləşir. Çingiz müəllim ora ayaqla getməyi məsləhət görsə də yükümüzün ağır olmasını nəzərə alıb mənə yazığı gəldi və sonda qərara aldıq ki, ”Puşkin” stansiyasına qədər metro ilə, ordan isə ayaqla gedək. Yolüstü mənzərəsi gözəl Kremli də seyr edə bilək. Çingiz müəllim axır ki, Moskvaya çatdığımızı dahi rəhbərliyi 1991-ci ildə sona çatan, amma hələ də mumiyası movzoleydə uzadılan yoldaş Leninə sevinclə bildirmək istəyirdi və ona görə də taksidən vaz keçib metroyla getməyi üstün saydı. Piyada on dəqiqəlik yolumuzu düz qırx beş dəqiqəyə qət edəndən sonra nəhayət ki, gəlib səfirliyimizin qonaq evinə çatdıq. Qonaq evinin müdiri əslən Neftçaladan olan dostumuz Mustafa Kərimov bizi pilləkənlərdə qarşıladı. Kabinetinin istirahət otağındakı böyük masada artıq hər şey hazır idi. Mustafa müəllimin qardaşları da orda idilər. Süfrədə “Doktorski” kolbasa, sarı pendir, yağ, “stoliçnı” salatı, hisə verilmiş toyuq, Çərkəz bazarında lənkəranlı Baloğlandan alınan təzə pomidor və xiyar var idi. Biz də Bakıdan qara kürü, nərə balığının qurusunu, 5-6 kiloqram mandarin və limon gətirmişdik. Bəs necə Rusiya paytaxtında qəriblik yaşayan neftçalalı Mustafa müəllimin yanına qara kürüsüz gəlmək ayıb olardı axı…. Bir də lənkəranlı olasan sapsarı limonu Moskvaya daşımayasan? Limonu masanın üzərinə qoyanda Çingiz müəllim qəhqəhə çəkib güldü. Mustafa müəllim və stol ətrafında oturanlar əvvəlcə heç bir şey başa düşmədilər. Çingiz müəllim qəhqəhə içində mənə dedi ki, sən canın o yolda danışdığını bir də danış. Dedim məclis bir az qızışsın danışaram. Bəli arağ açıldı, müxtəlif sağlıqlar deyildi və Mustafa müəllim mənə baxıb, limonla bağlı əhvalatı danışmağımı istədi. Mən də bir az biədəb olsa da əhvalatı danışdım. Allah rəhmət eləsin bunu mənə müəllimim uzun illər Telefilm yaradıcılıq birliyinin rəhbəri kino və tv rejissoru Nazim Abbas danışmışdı. Deməli 70-cı illərin əvvəlidir. Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilir və dekadaya incəsənət xadimlərindən ibarət böyük bir heyət də gedir. Lənkəranın “Şənlik” rəqs ansambılı da bu heyətdərir. Bolşoy teatrda konsertdən bir gün əvvəl məşq gedir. “Şənlik” rəqs ansambılının üzvləri də “Sarı limon bizdədir, bizdədir, bizdədir” mahnısını həm rəqs edir həm də oxuyurlar. Lənkəranlıların çox şirin ləhcəsində “bizdədir” sözünü dekadanın Rusiyadan olan bədii rəhbəri tamam başqa cür anladığından əsəbiləşir. Əmr edir ki, təcili bu sözü ayrı ifadə ilə dəyişin, yoxsa səhnə üzü görməyəcəksiz. Ansamblın rəhbəri də elə bir göz qırpımında sözü dəyişir bizdə əvəzinə kollektiv “Sarı limon məndədir, məndədir məndədir”, – deyə bir ağızdan oxumağa başlayır. Amma bu ifadə də dekadanın bədii rəhbərinin qulağına pis dəyir, yenə səsi aləmi bürüyür, deyir ki, sizdə bu iki sözdən başqa söz yoxdur? Elə bu vaxt zalda bizimkilərdən kimsə dillənir özü də rusca: ”Var, xiyar sözü var, yeri gəlmişkən xiyar da Lənkəranda bitir”.
Mən bu lətifəni danışdıqca gördüm ki, masanın ətrafındakılar qəşş eləyiblər. Bir də mən axı əsl lənkəranlı kimi danışırdım bu əhvalatı. Axşamı elə bu ovqatda otaqlarımıza çəkilib yatdıq.
Səhər tezdən durub yollandıq “Belarus” vağzalına, sabah səhərə Berlinə biletimizi alıb geri döndük. Dedik bir az Kremlin ətrafında veyillənək. Moskvaya hər gün yolumuz düşmür ki? Mustafa müəllim də, qardaşları da iş-güc adamlarıdır, onlara mane olmayaq. Çingiz müəllim təklif elədi ki, ”Bakı” restoranında yemək yeyək. Dedim ay qardaş, biz Moskvadayıq. Gedək qəşəng borş yeyək, pivə içək, sala yeyək. Yanımızda pizzahat var ordan pizza alarıq. Axşamı da müşkulat edərik özümüzçün. İndi ayıbdır daha Mustafanı da xərcə salmayaq. Amma sizə deyim ki, vallah dünyada bizim yeməklərdən yoxdur və bu başqa söhbətin mövzusudur əlbəttə. Nə isə bir yeməkxanaya girib günorta yeməyini yola verəndən sonra gəzə-gəzə gəldik Kremlin yanına. Çingiz müəllim tutdurdu ki, gedək movzoleyə “bəs kişinin xeyir-duasını almalıyam”. Vaxtımız da kı bol. Gəldik ki, vay dədə növbənin uzunluğu bəlkə bir kilometr. Mən əvvəldə də demişdim axı, həm tələsgənəm, həm cırtqozam bir az, həm də özümü diribaş sayıram. Uzun növbəni görən kimi irəli doğru getdim ki, bəlkə bir az boşluq tapıb növbəsiz keçə bilək. Azərbaycanlı döyülük? Bizdə ömrü boyu növbəyə duranlara bəyəm pis baxmayıblar? Elə növbələrin arasınca fırlanırdım ki, yaşlı bir qadın niyyətimi başa düşüb qaraqışqırıq salmağa başladı ki, bəs ”qaralar” movzoleyə də növbəsiz keçmək istəyirlər. Sözünü bitirməmiş milis əməkdaşları özlərini yetirdi. Girdilər qoluma, qışqırıq salıb Çingiz müəllimə xəbər vermək istəyirdim ki, milislər çiynimdən vurub aşağı əydilər. Hər halda deyəsən səsim Çingiz müəllimə çatmışdı, tez özünü yetirdi. Vəsiqəsini göstərib özünü təqdim etdi. Mənə isə vəsiqə göstərməyə, televiziya əməkdaşı olmağımı deməyə imkan belə vermədilər.
Bir də gördüm milis bölməsindəyəm, kameraya salıb qapını da üzümə bağladılar. Təxminən bir saata yaxın mən içəridə, Çingiz müəllim isə çöldə gözləməli oldu. Nəhayət müvəqqəti saxlama kamerasının qapısını açıb məni bölmədən buraxdılar. Polis bölməsinin qarşısında isə məni Çingiz müəllim, Mustafa Kərimov və səfirliyimizin əməkdaşı Elvin müəllim gözləyirdi. Mustafa müəllim məni görən kimi ”Sarı limon pizdədi, yoxsa mande?”, – deyib onlara danışdığım zarafatı xatırlatdı. Utandım düzü. Mustafa müəllim və səfirliyin digər əməkdaşları üçün problem yaratdığımı anladım. Məlum oldu ki, mən “içəridə” saxlanılanda yol yoldaşım Çingiz müəllm boş oturmayıb, Moskvadakı səfirliyimizə gedərək hadisəni danışıb. Mustafa müəllim və diplomatik korpusun Elvin adlı əməkdaşı bölməyə gələrək müvafiq sənədlər təqdim edib və məni sərbəst buraxdırmağa nail olublar.
Həmin gün macəra bununla bitmədi ki… Bölmədən yenicə aralanmışdıq ki, Çingiz müəllim biletləri istədi, pasportumu açanda qatar biletləri orda yox idi. Bir az əsəbi halda, bir az da narahatlıq içində yenidən bölməyə qayıtdıq. Milis zabiti pasportumun içərisindən düşən biletləri tapıb bizə qaytarandan sonra əhvalımız dəyişdi.
Mustafa müəllimin xidməti avtomobilində ”Belarus” vağzalına gəldik. Moskva-Berlin qatarına yerimizi tapan kimi Çingiz müəllim mənə sərt xəbərdarlıq etdi: “Rəhim, bax daha sərgüzəştlər bitdi, tualetə gedəndə də mənə bildirəcəksən”. “Baş üstə müəllim”, -deməkdən başqa yolum qalmadı. Amma yolboyu bizi nələr gözlədiyimizdən xəbərimiz yox idi. Nə biləydik ki, ən böyük sərgüzəşt hələ qabaqdadır…
Moskva-Berlin qatarındakı vaqonda iki yataq yeri və iki oturacaq üçün yer var idi. Yəni kupe əslində dörd nəfərlik idi. Biz axşam yatıb Berlinə günorta çatacaqdıq. Ona görə də kupedəki yataq yerləri bizim idi. Rusiyadan Belarusun Brest şəhərinə ordan əvvəl Varşavaya sonra isə Berlinə gedəcəkdik. Qatar Rusiyanın kiçik stansiyalarında da dayanırdı və qısa məsafəli stansiyalara gedən yolçular minib düşürdülər. Bizim vaqona da Qrişa adlı bir rus dayı mindi. O, Volqaqradın hansısa kəndinə gedəcəkdi. Kişi ilə yol boyu mehriban söhbət elədik. Məlum oldu ki, Qrişa dayı kənddə yaşayır. Əvvəllər müəllim işləyib. İndi həyatyanı sahəsi var, meyvə ağaclarına qulluq edir, toyuq-cücə saxlayır. 23 yaşlı Lena adlı nəvəsi də onunla birgə qalır. Qrişa dayı nəvəsindən o qədər ağızdolusu danışdı ki, qiyabi olaraq Lenoçkaya aşiq oldum. Stansiyaya çatanda Qrişa dayı qatardan enməzdən qabaq bizi kəndlərinə də dəvət etdi. Dedi ki, Berlindən qayıdanda qonağım olun, bir –iki gün dincəlin. İndi də Lena barədə xəyallar qumağa başladım. Lakin professor imkan vermədi, dedi ki, qayıdanda vaxtımız olmayacaq sizin kəndə qonaq gələk. Nə isə bu məhəbbət gülü də açılmadan soldu…
Növbəti kupe yoldaşımız isə Qrişa dayıdan fərqli olaraq qaradinməz bir cavan oğlan idi. Kupeyə daxil olanda salam belə verməyib yerində oturdu və özü ilə gətirdiyi kitabı oxumağa başladı.
Yaxşı ki, onunla yolçuluq az çəkdi və təxminən bir saatdan sonra növbəti stansiyada qatardan endi. Biz koridora çıxıb musiqi səsi gələn kupeyə tərəf getdik. Məlum oldu ki, bizimlə bir vaqonda Moskvadan Berlinə konsertə gedən simli alətlər kvartetinin üzvləri də var. Şən uşaqlar idi, elə bütün yol boyu çalıb oxuyurdular. Kvartet üzvlərinin ikisi Rusiyadan, digər iki nəfər isə Ukrayna və Özbəkistandan idi. Berlində kilsədə konsert proqramı ilə çıxış edəcəkdilər. Bir az onlarla deyib güldükdən sonra kupemizə çəkildik. Artıq axşam düşmüşdü. Bir az meyvədən, pendir çörəkdən yeyib kupemizi kilidləyib yatdıq. Çingiz müəllim təcrübəsindən bilirdi ki, Polşada hərdən soyğunçular uzunmüddətli dayanacaq olanda gecəyarı qatara minib açıq olan kupelərdəki sərnişinlərin üzdə olan nəyi varsa silib-süpürüb aparırlar. Ona görə də kupeni kilidləmək və sənədlərimizi başımızın altındakı yastığın içinə qoymaq mütləq şərt idi. Gecə yarısı kupemizin qapısı döyülməyə başladı. Sərhədçilər idi. Qatar Belarusun Brest sərhəd gömrük məntəqəsinin Polşanın Terespol sərhədi ilə kəsişmə stansiyasında dayanmışdı. Burda həm də qatarların relslərə uyğun təkərləri dəyişməli idi. Bilənlər bilir, keçmiş sovetlər birliyi ölkələrindəki dəmir yolları enli, Avropa birliyi ölkələrindəki dəmir yolları isə nisbətən dar olur. Ona görə sərhədi keçəndə qatarlar Brestlə Terespol arasındakı stansiyada dayanır. Bu müddətdə həm texniki işçilərə şərait yaranır ki, qatarların təkərlərindəki məsafəni daraldıb nisbətən kiçik təkərlərlə dəyişirlər və həm də sərhədçilər ilə gömrükçülər sərnişinlərin sənədlərini və yükləri rahat kontrol edə bilirlər.
Polşa və Belarus sərhədçiləri gömrükçülərlə birlikdə kupemizə gəldilər. Sənədlərimizi sərhədçilərə verdik. Çantalarımızı açıb göstərdik. Əvvəlcə gömrükçülər baxıb qadağan olunmuş əşyalar tapmayınca çamadanlarımızı bağlaya bildiyimizi dedilər. Biz çamadanları yığışdırmaq istəyirdik ki, əlində sənədlərimiz olan polşalı sərhədçi təmiz rus dilində əmrlə “Tələsməyin. Sizin Polşa vizanız yoxdur ona görə də əşyalarınızı götürüb vaqonu tərk edin”, – dedi. Lənət şeytana… Biz bir-birimizə baxdıq. Çingiz müəllim “necə yəni bizim Şengen vizamız var” deyə etraz edəndə, sərhədçi gülümsəyərək, “Şengen vizanız var əlbəttə. Amma iş burasındadır ki, Polşa Avropa birliyinə daxil olsa da Şengen ölkələrinin tərkibinə bir aydan sonra girəcək. Ona görə də sərhədi keçmək üçün Polşanın tranzit vizasını almalısınız. Zəhmət olmasa qatardan enin, Brest şəhəri bura yaxındır ordan Polşanın tranzit vizasını ala bilərsiniz”. Çingiz müəllim yenə etiraz etdi ki: “Mən professoram, dostum da rejissordur, biz mötəbər konfransa dəvətliyik, bu necə olur axı? Nədən bizdən başqa kimsə qatardan enmir?”. Belarus sərhədçi söhbətə müdaxilə etdi:
“Belarusun, Ukraynanın və Rusiyanın Polşa ilə ikitərəfli müqavilələri var. Təəssüf ki, keçmiş sovetlərdəki başqa ölkələrinin belə bir müqaviləsi yoxdur. Ona görə də siz mütləq tranzit vizası almalısınız. Siz narahat olmayın professor. Brestə Polşa səfirliyində yarım saata vizanı ala bilərsiniz. Sonra rahat gedəcəksiniz”.
Başqa çarəmiz qalmadı, əşyalarımızı götürüb Belarusdan olan sərhədçinin müşaiyəti ilə vaqondan perrona endik. Bizimlə birlikdə kvartetin violon çalanı Özbəkistandan olan Aleksey də vaqondan enmişdi. Sən demə onun da tranzit vizası yox imiş. Mən öz-özümə donquldanmağa başladım: “Gorbagora qalmış Leninin movzeleyinə getməyib vizamızı alsaydıq, indi Brestin çöllü-biyabanında qatardan məcbur endirilməzdik”. Çingiz müəllimdən “intiqam” almağın tam zamanı idi: “Nə oldu professor, bu sərgüzəşti də Rahim açdı sənin başına ya Lenin baba?”
Belarus sərhədçisinin arxasıyca suyumuz süzülə-süzülə vağzaldakı milis məntəqəsinə gəldik. Sərhədçi sənədlərimizi milis məntəqəsinin önündə duran növbədəki mayora verdi və bizimlə sağollaşıb getdi. Hə onu da qeyd edim ki, artıq səhər açılırdı. Saat dördü keçmişdi. Berlin qatarı uzun-uzadı fit verəndən sonra stansiyadan uzaqlaşdı. Biz də həsrətlə qatarın dalınca baxa-baxa qaldıq. Birdən mən Çingiz müəllimin üzündə ilk dəfə çarəsizliyin işartılarını gördüm. Tez zarafata salmaq və vəziyyətin gərginliyini azaltmaq qərarına gəldim və Flora Kərimovanı təqlid edərək ”Baxma o qatarın dalıyca baxma, gözlərini yorunca baxma. Baaaaxmaaa” sözlərini zümzümə edib oxudum. Həm Çingiz müəllim, həm Aleksey gülümsədilər. Alekseydən “Bizim dildə anlayırsanmı?”-deyə soruşanda dedi ki, özbəkcəyə yaxın olduğundan bizim dildə bəzi sözləri anlayır. Alekseyi deyəsən yalnız Berlindəki konsert düşündürürdü skripkasına baxıb məlul-məlul sükuta qərq olmuşdu. Mayor sənədlərimizə baxıb bizə ilk “şad xəbəri” çatıraraq bildirdi ki, bu gün katoliklərin bayramı olduğundan Polşa konsulluğu hər halda bağlıdır. Stansiyadan Brestə getmək üçün daxili qatara minməliydik. İlk qatar isə səhər 6-da gəlməliydi. Bəli yarım saat gözləyib qatara mindik. Qatarda bizdən başqa 24-25 yaşlarında orta boylu çox qəşəng, qara saçları, iri ala gözləri olan bir qız var idi. Biz qatarda necə edəcəyimizi diskusiya etməyə başladıq. Aleksey konsertin üç gün sonra olacağını dedi. Çingiz müəllim sabah axşam Berlindən Kölnə getməliydi. Deyəsən vaxt baxımdan ən sərbəsti mən idim. Çünki rəssam Əhrari də xalçaçı Məhəmməd də Berlində idilər. Yəni tələsik bir işim yox idi. Əsas iş Çingiz müəllim Kölndən qayıtdıqdan sonra çəkəcəyimiz filmin hazırlıqlarını görmək olacaqdı. Rusca danışığımızdan qarşımızda oturan qəşəng qız bizim söhbətimizə ədəb-ərkanla müdaxilə elədi. “Deyəsən bura ilk dəfədir gəlmisiniz?”. Biz xorla bəli dedik və Aleksey başımıza gələn əhvalatı danışdı. Qız bizi sakitləşdirdi və konsulluğa qədər bizimlə gedəcəyini dedi. Amma dedi əvvəl gedək bizə çantalarınızı bizdə qoyub rahat gedərik konsulluğa. İrina adlı bu yaraşıqlı qızın təklifi bizə göydəndüşmə gəldi. Əvvəl bir-birimizə təəccüblə baxdıq. Sonra mən əlavə etdim ki, “deyəsən bizə Allah göydən mələk göndərib”. Hamı əsas da İrina gülməyə başladı.
Brestə çatdıq. İrinanın evi vağzalın lap yaxınlığında idi. İrina mətbəxə keçməyimizi istədi. Dərhal anladım ki, ev sahibəsi bizə səhər yeməyi hazırlamaq fikrindədir. Çingiz müəllim təklif elədi ki, ən yaxşısı gedək şəhərə əvvəl bir kafedə səhər yeməyi yeyək sonra da vaxt itirmədən konsulluğa gedək. Hamı professorla razılaşdı. Yüngülvari səhər yeməyinin ardından Brestdəki Polşa konsulluğuna getdik. Bəlli oldu ki, bu gün katoliklərin bayramı imiş və konsulluq sabah səhər açılacaqmış. Çarəsiz qalıb başladıq ucuz otel axtarmağa. O zaman Brestdə cəmi bir kiçik otel və bir də yataqxana var idi. Vəssalam. Oteldə bir dənə yer yox yox idi. Yataqxanaya getdik, yer olmadığını bildirdilər. Lakin koridorda kresloda səhərə qədər otura biləcəyimizi də bildirdilər. İrina razı olmadı. Artıq tanış olmuşduq və kim olduğumuzu bilərək bir az da bizə hörməti artmışdı. İrina dedi ki, bu gün onun sevgilisi axşam gələcək. Onun üç otaqlı evində qala bilərik. Mən dedim ki, yalnız evin bir gecəlik kirayə haqqını verəndən sonra biz onun evində qala bilərik. Əvvəl razı olmadı. Amma çox israr edəndən sonra bizim təklifimizlə razılaşdı. Otel çox ucuz idi. Ona görə də dərhal artıqlaması ilə pulu ödədik. Daha sonra şəhəri gəzdik, restoranda pelmeni yəni bizim düşbərə yedik. Kolbasadan, sosiskadan pendirdən alıb axşamı da evdə yeyəcəyimizə görə hazırlığımızı bəri-başdan gördük. Axşam saat 10-da İrinanın sevgilisi gəldi. Bizi evdə görüb təəccüblə qıza baxdı. Sonra İrina ilə otağa çəkildi. Oğlan qızın bu hərəkətinə qəti etirazını bildirəndə İrina onu evdən qovdu. Artıq çox gec idi biz yataqxanaya getməyi qərara aldıq. İrina əvvəl etiraz eləsə də sonra razılaşdı. Yataqxana onun evinə yaxın olduğundan “Mən də sizinlə gəlirəm, əgər yer olmasa yenə bura qayıdarıq”-dedi. Təbii ki, yataqxanada yenə boş yer olmadı. Məcbur olub “Allahın qərib yolçulara göndərdiyi bu mələyin” evində qalası olduq. Bizim üçün bir otaq ayırmışdı, otaqda bir çarpayı və bir divan var idi. Mən yerdə yatacağımı bildirdim. Uzanan kimi yuxuya getdik. Gecə yarısı səs-küyə oyandıq ki, İrinanın sevgilisi İqor gəlib onunla möhkəm mübahisə edir. Üçümüz də paltarlı yatmışdıq. Aleksey də mən də müdaxilə etmək istəyəndə Çingiz müəllim qoymadı. Dedi ki, bizlik deyil otaqdan çıxmayın. Səhərə qədər yatmadıq.
Səhər tezdən çamadanlarımızı da götürüb evdən çıxdıq. İrina da sevgili də şirin yuxudaydılar. Qapı çöldən çəkiləndə bağlanırdı deyə səssiz-səmirsiz evdən getdik. Kafedə səhər yeməyimizi yeyib düz getdik konsulluğa. Xoşbəxtlikdən adam az idi deyə 40 avronu ödəyib tranzit vizamızı ala bildik. Vağzala gedib Berlinə bilet almağa da macal tapdıq. Qatarın getməyinə hələ 3 saat var idi. Mən təklif elədim ki, bir gül dəstəsi alıb İrinaya verək və onunla sağollaşaq. Çingiz müəllim yenidən problem olacağını dedi və etiraz elədi. Amma Aleksey də mənim təklifimi bəyəndi. Beləliklə çantalarımızı saxlanma kamerasına verdik. Yaxınlığdakı bazardan gül aldıq və İrinanın evinə yollandıq. Bazarda da maşallah satıcılar elə bizimkilər idilər. İrinanın evinin qarşısındakı küçəyə çatanda mənzərə bizi çox məyus elədi.Yolun qarşı tərəfindəki evin önündə təcili yardım və milis maşınları dayanmışdı. Bir azdan binanın blokundan təcili yardımda işləyən iki nəfər xərəydə boynu sınmış və gözləri qaralmış İrinanı çıxardılar. Milislər də qolları bağlı İqoru maşına əyləşdirdilər.
Çingiz müəllim bizə yolun qarşısına keçməyi qadağan elədi. Çünki bizi şahid kimi hələ bir neçə gün Brestə saxlaya bilərdilər. Mən bir az yaxınlaşıb İrinaya baxdım. Baxışlarımız toqquşdu və qız gülümsədi. Sonra gözlərini qapadaraq salamlaşdı. Çingiz müəllimin “Rəhimmm” çağırışına ayıldım. Yaxşı ki, İrinanın sevgilisi İqoru milislər tez maşına basdılar. Yoxsa bizi görüb şahid kimi tanıtdıra bilərdi. Qatarın getməsinə saat yarım qalmışdı. Gülləri vağzaldakı skamyanın üstünə qoyub qatara mindik. İrinanın ala gözləri və skamyadakı sahibsiz gül dəstəsi hələ də yadımdan çıxmır…
Rahim Sadıqbəyli
Kinorejissor, ssenarist.
İsveç
Mənbə: Reyting.az