ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər

 (Əvvəli  –  “İstanbulun Topqapı muzeyindən tapılan sensassion xəritə”)

XX əsrin 50-ci illərində başda ABŞ mütəxəssisləri olmaqla, qədim xəritəşünaslıq və naviqasiya üzrə peşəkar mütəxəssis sayılan yazıçı kapitan Arlinqton Melleri xəritənin tədqiqinə başlayır və sensassion nəticə əldə edir. Xəritənin cənub hissəsində verilən manuskriptdə, hazırda buz örtüyü altında qalan Kraliça Mod Torpağının sahil zolağı göstərilibdir. Belə çıxır ki, həmin ərazilər buzlardan azad olarkən kiminsə tərəfindən xəritəyə çəkilmişdir. Əlbəttə, bu sensassion nəticə ixtisas mütəxəssislərini heyran edir.

Melleri öz kəşfini yoxlamaq üçün bu işə Boston kollecinin nəzdində fəaliyyət göstərən Veston rəsədxanasının direktoru Daniel L. Laynheni və Corctaun universitetinin nəzdində olan rəsədxananın direktoru Frensis Haydeni cəlb edir. Mellerini dinlədikdən sonra həmin təcrübəli mütəxəssislər müəllif ilə birlikdə, bu mövzuya aid 1956-cı il avqustun 26-da keçirilən radiodiskussiyada iştirak edirlər. Həmin mövzu ilə bütün dünya tanış olur. Məhz bundan sonra Nyu-Hempşir ştatında yerləşən Kinsk kollecinin professoru Çarlz X. Hepqud həmin mövzu ilə maraqlanır. O, köhnə sənədin tədqiqatı ilə o qədər məşğul olur ki, həmin xəritə Kin-Steyt kollecində aparılan elmi tədqiqatlar proqramına daxil olur.

Birgə iş iki ildən çox davam edir və sübut olunur ki, xəritənin həmin hissəsi buzlaşma baş verməmişdən əvvəl çəkilibdir. 

Sonrakı illərdə tədqiqatını müstəqil şəkildə aparan Hepqud növbəti sensassion nəticə əldə edir. Xəritədə Antarktidaya yaxın olan məşhur adalardan keçən ənənəvi koordinatlar torunun tərkibində yerləşdirilən enliklər təəccüblü detallarla göstərilir. Çox güman ki, bütün bunlar müasir sferik triqonometriyadan istifadə olunmuş daha ilkin xəritədən əldə edilmişdir. İş ondadır ki, xəritənin tərtibatçıları Yerin sferik olmasından agah idilər, həm də 50 mil xətası ilə Yerin çevrə uzunluğunun həqiqi ölçüsü ilə elmi tanışlıqları vardı.

XVI əsrin ortasından başlayaraq bir çox optimist dəniz səyyahları “Cənub Torpağı”nın varlığına şübhə etmirdilər. İş ondadır ki, bəzi xəritəşünaslar həmin naməlum torpağı öz xəritələrində göstərmişdilər. 

Piri Rəisin xəritəsini müasir xəritə ilə tutuşdurulması

Hələ Gerqard Merkatorun məşhur “Atlas”ı işıq üzü görməmişdən əvvəl həmin ideyanı müdafiə edənlərdən biri məşhur ispan dənizçisi, mühəndis və səlnaməçi Pedro Sarmiyento de Qamboa idi. Onun təklifinə əsasən, Yer kürəsinin cənubunda yerləşən mifik Ofir ölkəsini tapmaqdan ötrü, məşhur ispan dəniz səyyahı Alvaro Mendanya de Neyra 1568-ci ildə Sakit okeanın cənub hissəsinə ekspedisiya təşkil edir.

Amerikanın mühəndis-xəritəşünasları Blanşe, Melleri və Uolterin apardıqları tədqiqatlar bütün düzgün koordinatları bərpa edirlər. Məlum olur ki, xəritədə nəinki Köhnə və Yeni Dünyanın, hətta Antarktidanın da sahil zolağı həddindən artıq dəqiq ölçülərlə göstərilibdir. Antarktidanın göstərilmiş sahil zolağı b.e. əvvəl 11-4 min illər arasında buzlardan azad idi. Deməli, belə çıxır ki, xəritəşünaslıq ən azı 6 min il bundan əvvəl, müasir dövrdə fəaliyyət göstərən xəritəşünaslıq kimi inkişaf etmişdi. İş ondadır ki, P. Rəisin xəritəsində Cənubi Amerikanın şərq sahilindən əlavə, qərb sahili And dağları ilə birlikdə çox dəqiq göstərilmişdir.

Məşhur fələməng xəritəşünası Abraham Orteliy 1570-ci ildə 53 xəritədən ibarət olan “Dünya teatrı”nda Sakit və Hind okeanlarının cənub hissəsində nəhəng “Cənub Torpağı” yerləşdiyini göstərir. Bu ideyanı gələcəkdə başqa fələməng xəritəşünası məşhur Gerqard Merkator dəstəkləyir və nəhəng “Cənub Torpağı”nı özünün tərtib etdiyi atlasda yerləşdirir.1

Orta əsrlərin ən məşhur xəritəşünaslarından biri Gerqard Merkator adı çəkilən sahəyə çox böyük təsir etmişdi. Xəritəşünaslıq elmində tətbiq olunan Merkator proyeksiyası bu günə qədər naviqasiya və aeronaviqasiya xəritələrinin tərtib edilməsində istifadə olunur.

         1R. Qasımov. Müqəddəs missiya. Bakı, “Çaşıoğlu”, 2001. səh .67

 

Gerqard Merkatorun tərtib etdiyi xəritə

O, özünün əsas işini “Atlas” adlandırır və ora daxil olan 107 xəritədən 102-si xəritəşünasın şəxsi əl işidir. Məhz “Atlas”da G. Merkator “Cənub Torpağı”ndan əlavə, Kolumbun kəşf etdiyi dördüncü qitəni Amerika kimi göstərməyə nail olmuşdu.

Əlbəttə belə bir qeyri-adi fakt bütün alimləri dərindən düşündürməyə vadar edir. Axı, necə ola bilərdi ki, həmin coğrafi məntəqələr düzgün koordinatlarla türk admiralının xəriəsinə düşüb? Söz yox ki, xəritənin əsl müəllifi tək Piri Rəis deyil. Maraqlıdır, həmin xəritənin əsl müəllifi kimdir və həmin material hansı şəraitdə və harada tərib olunmuşdur?

Xepqud bu xəritənin tətqiqi ilə məşğul olarkən, belə bir nəticə söləməyə məcbur olmuşdu: “Belə bir təsəvvür yaranır ki, dəqiq məlumatlar xalqdan xalqa ötürülürdü. Xəritənin çəkilişi bizə məlum olmayan bir xalq tərəfindən həyata keçirilmiş və sonradan antik dövrdə, min ildən çox dahi dənizçilər sayılan kritlilərin və finikiyalıların əlinə keçmişdir. Bəlli olub ki, həmin xəritələr Misirin, VII əsrdə ərəblər tərəfindən yandırılana qədər və X əsrdə səlibçilər tərəfindən tamamilə darmadağın edilənə qədər Böyük İsgəndəriyyə kitabxanasında yığılıb tədqiq edilmişdir”.1

Qədim yunan alimi Fukidid qeyd etmişdi ki, “kritlilərin ən tanınmış çarı Minos hamıdan əvvəl özünə dəniz donanması yaratmış və tezliklə Ellin dənizinin böyük hissəsini və Kiklad adalarını ələ keçirir”.2 Sanki onlar hara isə can atırdılar. Aralıq dənizində heç bir xalq onlar kimi gəmidən, naviqasiyadan, xəritələrdən məharətcəsinə istifadə edə bilmirdi. Lakin onların Aralıq dənizində peyda olmaları çox müəmmalıdırsa, elə yoxa çıxmaları da elə olubdur. Məlumdur ki, onlar Krit dənizindəki ağalıqdan, hələ b.e. ə. 1150-ci ildə, dorilərin Peloponnes yarımadasına köçmələri zamanı məhrum olmuşdular.1

Finikiyalıların necə mahir dənizçi olmaları çoxlarına bəllidir. Maraqlı cəhət ondan ibarətdir ki, onlar, başqa millətdən olan dənizçilərə nisbətən sistematik olaraq Cəbəllüttariq boğazından Atlantik okeanına çıxmış, oradan isə həm Avropanın, həm də Afrikanın okeanla bitişik olan sahillərinin kəşfiyyatını aparmışdılar. Nəhəng sularda təhlükəsiz şəkildə üzmək üçün finikiyalılar qədim xəritələrdən ustalıqla istifadə edirdilər.

Bir çox tədqiqatçılar bildirirlər ki, Piri Rəisin xəritəsi tək halında olmayıbdır, yəni, onlardan başqa xəritəşünaslar da istifadə etmişdilər. Deməli, həmin xəritələr İsgəndəriyyə şəhərində bir neçə nüsxələrdə olubdur. Misir işğalçılıq obyektinə çeviriləndən sonra xəritələr dünyanın bir neçə nöqtəsinə yayılmışdır. İş ondadır ki, Antarktidanın təsvirləri verilmiş xəritələr dünyanın bir neçə ölkəsinə gedib çıxmışdır. Mənim fikirimcə, belə xəritələr Gerqard Merkator, Oronteus Finiusda və Filipp Buaşedə də olmuşdur.

Başda Xepqud olmaqla bəzi alimlər bildirirlər ki, yuxarıda adı çəkilən mütəxəssislərin yaratdıqları sensassion xarakterli xəritələr, vaxtilə Misirin İsgəndəriyyə kitabxanasında toplu şəkilində saxlanmış, sonradan isə bir çox sənədlərlə yanaşı Bizans imperiyasının kiabxanasına aparılmışdır. Çox güman ki, həmin xəritələrin bir çox nüsxələri, Konstantinopol 1204-cü ildə, venetsian dənizçilərinin vasitəsi ilə Venetsiyada sığınacaq tapmışdı. Lakin heç kim zəmanət verə bilməz ki, həmin sənədli, tarixi əhəmiyyətli material venetsian dənizçilərinin və ya tacirlərinin vasitəçiliyi ilə türk admiralının əlinə keçibdir. Bunun üçün heç bir faktor yaranmamışdı. Çünki Osmanlı Türkiyəsi ilə Venetsiya müharibə vəziyyətində idilər.

Bütün bunlar ondan xəbər verir ki, xəritəşünaslıq sənəti elmin ən qədim sahələrindən biri sayılır və mövcud olan tariximizdən təxminən 15000 il bundan əvvəl, dünyamiqyaslı dəqiq xəritələrin tərtibi ilə məşğul olan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdilər. Sonrakı dövrlərdə həmin xəritələr Yer kürəsinin yeni-yeni yaranmağa başlayan sivilizasiya mərkəzlərində özünə yer tapmağa başlayır.

(Ardı – “Piri Rəisin xəritəsinin izi haralara gedib çıxır?”)     

                                                 Yazıçı-tədqiqatçı Ramiz Dəniz    

1Ч. Хепгуд. Древние карты морских королей.
2Фукидид. История. Том I., Москва, 1915. стр.5
1Хельмут Ханке. Люди, корабли, океаны. Москва, «Прогресс», 1984. стр.33

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir