Əcəmi sənətinə yeni elmi yanaşma
Memarlıq namizədi Qadir Əliyevin “Memar Əcəmi Naxçıvani yaradıcılıbında ahəngdarlıq” adlı elmi əsəri dahi memar, klassik Azəraycan memarlq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat fəaliyyəti və sənətinə həsr olunmuş ilk və dəyərli monoqrafik tədqiqat kimi mühüm əhəmiyyətə malikdir.
Bu əsərlə Qadir Əliyev görkəmli sənət xadimi Əcəmi Naxçıvani haqqında memarlıqda mövcud olan boşluğu doldurmağa xidmət edir. Oxuculara təqdim olunan kitab memar Əcəminin dövri, həyatı, sənəti və fəlsəfəsinə həsr olunmuş, dərin elmi-nəzəri qənaətlərdən yoğrulmuş dəyərli elmi mənbədir. Xüsusən Əcəmi sənətinin özünəməxsusluğunu müəyyən edən bənzərsiz naxışların sirlərinin açılması sahəsində Qadir Əliyevin apardığı araşdırmalar həm əcəmişünaslıqda, həm də memarlıq elmində yeni hadisədir. Qadir müəllimin dünyanı heyran qoyan Əcəmi naxışlarının sirrini mühitin, müxtəlif elmlərin və dini düşüncələrin vəhdətində axtarması mövcud problemə yeni yanaşmanın ifadəsi kimi ciddi maraq doğurur. Bütün bunlar həm Mömünə xatun türbəsi kimi möhtəşəm sənət abidəsinin mahiyyətini düzgün müəyyən etməyə, həm də geniş mənada Əcəmi Naxçıvaninin sənətkar kimi özünəməxsusluğunu, onun fəlsəfəsini daha tam və aydın şəkildə təqdim etməyə imkan yaradır.
Əsərdə Qadir Əliyevin Əcəmi sənəti ilə Nizami Gəncəvinin yaradıcılığı arasında apardığı paralellər də dövrün sənət düşüncəsinin tamlığını, bütövlüyünü, əzəmətini bütün genişliyi və mükəmməlliyi ilə təsəvvür etməyə meydan açır. Bundan başqa Nizaminin müxtəlif əsərlərindən nümunə kimi gətirilən şer parçaları sanki dahi şairin müasiri Əcəmi Naxçıvanini yaxından tanıdığına, onun sənətinə bələd olduğuna şahidlik edir. Nizami Gəncəvinin universal biliyə malik olan ustad memar haqqındakı poetik qənaətləri də elə bil ki, tam mənası ilə Əcəmi Naxçıvaniyə aiddir. Bütün bunlar isə nizamişünaslıqda müəyyən yer tutan bu iki nəhəng sənətkarın bir-birlərini tanımaları, görüşləri barədəki mülahizələrin həqiqətə yaxınlığını bir daha təsdiqləməkdədir. Fikrimizcə, məsələnin bu cəhəti də elmimiz üçün heç də az əhəmiyyət kəsb etmir.
Memarlıq namizədi Qadir Əliyevin “Memar əcəmi yaradıcılığında ahəngdarlıq” adlı monoqrafiyasının Naxçıvanda, Əcəmi Naxçıvaninin vətənində yazılması müəllifin yerli materialları daha dərindən, əhatəli şəkildə öyrənməsinə şərait yaratmışdır. Təqdim olunan kitab həm də Qadir Əliyevin Əcəmi Naxçıvaninin sənətinə və şəxsiyyətinə böyük sevginin elmi ifadəsidir.
“Memar Əcəmi Naxçıvaninin yaradıcılığında ahəngdalıq” monoqrafiyası sənətşünaslar, memarlar, inşaatçılar, filosoflar, ömürlərini bu sahəyə həsr etmiş müəllimlər və tələbələr üçün qiymətli töhvədir.
İsa Həbibbəyli
Naxçıvan Dövlət Univeristetinin
rektoru,akademik.
Qadir Əliyev. “MemarƏcəmi Naxçıvani
yaradıcılığında ahəngdarlıq”
kitabından.
Bakı, “Şərq-Qərb”, 2007, səh.4