AFAD QURBANOV – 85 TARİX YARADAN İNSAN
Afad Qurbanov bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına verən əvəzsiz alimlərdəndir.
XX və XX1 əsr Azərbaycan dilçiliyinin görkəmli, istedadlı alim və elm təşkilatçısı, Azərbaycan Elmlər Akadmiyasının üzvü, Əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı Afad Qurbanov uzun illər bütün qüvvə və bacarığını fasiləsiz olaraq dilimizin hərtərəfli tədqiqi və təbliğinə, elmi və pedaqoji kadrlar yetişdirmək işinə həsr etmişdir. O, orta məktəb müəllimliyindən Respublika Elmlər Akademiyasının üzvlüyünədək mənalı həyat və fəaliyyət yolu keçmişdir.
Bu şərəfli alimin zəngin və maraqlı yaradıcılıgı həqiqi və hərtərəfli filoloq-dilçi əməyinin əsl nümunəsi olmuşdur.
A.Qurbanov yaradıcılığının ilk illərində iki elmi istiqamətə – nəzəri-filoloji və pedaqoji-metodiki sahələrə meyl göstərmişdir. O, tədris problemlərinin ən vacib məsələləri üzərində düşünərək müəyyən nəticələrə gələ bilmiş, öz fikirlərini elmi məqalələr şəklində təqdim etmişdir. Dilin fonetik sisteminin tədris və təbliği prinsiplərinin bəzi müddəaları onun axtarışlarında öz həllini tapmış və bunlar mətbuata çıxarılaraq geniş oxucu kütləsinə çatdırılmışdır.
A.Qurbanovun filoloji dilçilik sahəsində elmi maraq dairəsinin ilk mərhələsini Azərbaycan dilçiliyində xüsusi adların öyrənilməsi məsələləri təşkil etmişdir.
A. Qurbanovun əsərləri 1956-cı ildən nəşr olunmağa başlamışdır. Həmin ildə onun Bakı və Tbilisi şəhərlərində bir neçə məqaləsi dərc edilmişdir. O, “Azərbaycan şəxs adları və onların xüsusiyyətləri” adlı məqaləsində Gürcüstanda yaşayan azərbaycanlıların işlətdikləri antroponimlərin fərqli və maraqlı cəhətlərini elmi şəkildə izah etməyi qarşıya məqsəd qoymuş və buna layiqincə nail ola bilmişdir.
Həmin məqalə A. Qurbanovun sonralar çox yüksək səviyyədə inkişaf etdirdiyi onomastika sahəsinin ilk addımı idi.
Prof. A.Qurbanovun çoxsaylı dilçilik tədqiqatlarına dair 70-dən artıq kitabı, 500-ə qədər elmi məqaləsi nəşr olunmuşdur. Bu əsərlərin bir qismi xarici ölkələrdə, o cümlədən Rusiyada, Türkiyədə və başqa yerlərdə dərc edilmişdir. A.Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilmiş, ona 1981-ci ildə Əməkdar elm xadimi fəxri adı verilmişdir.
A. Qurbanovun dilçiliyin müxtəlif sahələrini əhatə edən çoxcəhətli elmi yaradıcılıq fəaliyyətinin mövzu və istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Ümumi dilçilik problemləri sahəsində.
2.Türkoloji dilçilik məsələləri sahəsində.
3.Azərbaycan dilçiliyi problemləri sahəsində.
4.Müasir Azərbaycan ədəbi dili sahəsində.
5.Onomastika sahəsində.
6.Bədii əsərlərin dilinin linqvistik tədqiqi sahəsində.
7. Ali məktəb pedaqogikası və metodikası sahəsində.
8. Dilçi kadrlar hazırlamaq sahəsində.
9. Elmi təşkilatçılıq məsələləri sahəsində və s.
ƏSL İNSAN, ƏSL ZİYALI
Yer üzündə ən böyük varlıq insandır, insanda isə ən qiymətli şey müdriklikdir. Nə qədər müdrik, nə qədər böyük, böyük olduğu qədər də sadə bir insan idi Afad Qurbanov. Onun haqqında keçmişdə danışmaq çox ağırdır.
Deyirlər, insanı kamilləşdirən onun dərdləridir. Biz yetirmələri professor Afad Qurbanovun aramızda olmadığını bu son illərdə hiss etdik. Nə qədər kamilləşdik, nə qədər böyüdük! Əvvəllər ərköyün uşaqlar kimi ətrafına toplaşar, elmlə, şəxsi həyatımızda baş verən probləmlərlə bağlı sorğu-sual edərdik. O isə mehriban ata kimi hər kəsi sona qədər səbrlə dinləyər, ağıllı, müdrik məsləhətlər verərdi. Mübahisə edəndə: “Gedək, Afad müəllimdən soruşaq”,- deyər, ən etibarlı cavabı ondan almağa tələsərdik. İndi isə…
Professor A.Qurbanov yalnız öz ailəsindən, doğmalardan deyil, xalqdan, eldən getdi.
Özünü auditoriyadan kənarda, tələbələrindən uzaq təsəvvür edə bilmirdi. Universitetin dəhlizində belə ona yaxınlaşan tələbələrin hər sualına tələsmədən, sakit-sakit cavab verər, doğru yola istiqamətləndirər və bundan mənəvi zövq alardı. Əmin idi ki, yetişdirdiyi gənc və orta nəslə məxsus böyük bir alimlər ordusu onun yolunu davam etdirəcək, başladığı işləri sona çatdıracaq və onun tələb etdiyi kimi, hər işə məsuliyyətlə yanaşacaq.
Ömrünü elmə sərf etmişdi Afad Qurbanov. Onun yaradıcılığı ümumbəşəri mənəvi xəzinənin bir hissəsidir. A.Qurbanovun əsərləri, elmi görüşləri olmadan Azərbaycan dilçilik elmini təsəvvür etmək mümkün deyil. Azərbaycan dilçiliyi, ümümi dilçilik, türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, bədii dilin linqvistik təhlili sahəsindəki xidmətləri, dilçi kadrların hazırlanması və digər ictimai fəaliyyəti ölçüyəgəlməzdir.
Afad Qurbanovun Azərbaycanda onomastika məktəbinin, “Onomastika” elmi cəmiyyətinin və “Onomastika” elmi jurnalının yaradıcısı, təsisçisi kimi xidmətləri də böyükdür. O deyirdi: “ Dildə mənasız söz yoxdur və ola da bilməz. Hər bir söz geniş şəkildə araşdırılmalıdır, xüsusi adlar da həmçinin”. Azərbaycan dilçiliyində xüsusi adların tədqiqi A. Qurbanovun adı ilə bağlıdır.
Hər insan ömrünün öz dünyası var,
Dünyanı görməyə göz dünyası var,
Xüsusi adların söz dünyası var,
Sən həmin dünyanın şahı, ey alim!
Son zamanlar elə bil tələsirdi. Ərsəyə gətirdiyi ali məktəb dərsliklərinə yenidən nəzər salır, monoqrafiya və ensiklopediyalar yaratmaq, yetirmələrinin elmi fəaliyyətini istiqamətləndirmək və bir çox başqa problemlər haqqında düşünür, çox qayğılı görünürdü: “Hələ nə qədər görülməli işlərim var”,- deyirdi. Amma… Qəfil gələn ölüm hər şeyi yarımçıq qoydu. Həyatı çiçək üzərindəki şeh damlası kimi yuvarlanaraq yox oldu. Ən gözəl bir şəkildə dünyasını dəyişdi: dostlarının, ailə üzvlərinin əhatəsində. Heç kimdən incimədən, heç kimi incitmədən.
Afad Qurbanov öz yetirmələri üçün böyük insan, ideal ziyalı idi. Böyük insanlar uca dağlara bənzəyirlər, onlar birdəfəlik ölmürlər. Əgər onları xatırlayan, yada salan, qoyub getdiyi elmi irsdən faydalanan varsa, demək, o insanlar yaşayırlar. Onların dəyəri daha çox sağlığında deyil, öldükdən sonra bilinir. Insanın əsl dəyərini ölüm aşkara çıxarır.
Professor Afad Qurbanov bu gün də aramızdadır. Kitablarının hər sətrində, yetirmələrinin həyatında, elmi fəaliyyətlərində ikinci həyatını yaşayır.
Həyatının son anlarına qədər ümumi dilçilik, Azərbaycan dilçiliyi və türkologiya sahəsində səmərəli araşdırmalarını davam etdirən zəhmətkeş alim, yorulmaz tədqiqatçı Afad Qurbanovun elmi irsi bundan sonra da Azərbaycan xalqına öz töhfəsini verəcək. Elm, bilik, təhsil, ən əsası isə insanlıq öyrətdiyi böyük bir tələbə ordusu onu heç vaxt unutmayacaq.
Ruhun şad olsun, ustad!
Dos. Həcər Eminqızı,
ADPU, Azərbaycan dilçiliyi kafedrası
P.S.1. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına əsasən, akademik A.A.Axundovun və AMEA- nın müxbir üzvü K.M.Abdullayevin rəhbərliyi altında, professor F.Y.Veysəllinin redaktəsi ilə “Azərbaycan dilçiliyi müntəxabatı” adlı üççildlik işıq üzü gördü.
AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilçiliyi müntəxabatı” adlı üçcildliyin təqdimat mərasimi yüksək səviyyədə təşkil olundu. Üçcildlikdə Mahmud Kaşğarlıdan bu günümüzə qədər: XI-XXI əsrlərdə türkoloji dilçilik müstəvisində Azərbaycan dilçiliyində baş verən inkişaf və yeniləşmələr öz əksini tapmışdır. Belə bir ensiklopedik xarakterli kitabda yer almaq hər bir insana, hər bir alimə qismət olmur. Lakin Afad Qurbanov özü həyatda olmasa da, belə bir şərəfə nail oldu.
Kitabın üçüncü cildində dilçilik tariximizi yaradanların sırasında professor A.Qurbanovun rolu da qeyd olunmuşdur. Alimin Azərbaycan dilçiliyinin bütün sahələri üzrə apardığı araşdırmalar nəzərə çatdırılmış, Azərbaycanda Onomastika elmi məktəbinin yaradıcısı, “Onomastika” elmi jurnalının təsisçisi və baş redaktoru kimi xidmətləri xüsusilə vurğulanmışdır.
“Müəllim sözü” qəzetindən, №01(29)
P.S.2. Hazıkı kitabın əlyazması ilə tanış olanlardan birisi də Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru , “Ümumi dilçilik” kafedrasının müdiri Afad Qurbanov olmuşdur. Onun məsləhəti ilə bu kitabın sonluğuna əlavə olaraq qardaşım Vahid ilə birlikdə yazdığımız “Dilin yaradılmasına dair İlahi nəzəriyyə” mövzusu da daxil edilmişdir. Hər ikimiz professor Afad Qurbanova məsləhətlərinə görə dərin minnətdarlıqlarımızı bildiririk.
Fikrət Rzayev, “Söz” kitabı, Bakı, Maarif 2012 səh-6
P.S.3. Hörmətli dilçi alim Afad Qurbanovun dəstəyi ilə yazılan “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin fəxri üzvü mərhum Fikrət Rzayevin müəllifi olduğu “Söz” adlı bu tədqiqat əsərinə “Dilin yaradılışına dair İlahi nəzəriyyə fəsli” (səh- 228- 243) həmin ictimai birliyin idarə heyətinin üzvü, qardaşı Vahid Rzayevlə birgə yazılaraq həmin kitaba əlavə olundu və bu kitab yazıçı-publisist, “AqRa” EİDİB-in idarə heyətinin üzvü mərhum Məhərrəm Zamanın nəşriyyatında işıq üzü gördü.
Bundan sonra həmin nəşriyyatda mərhum Fikrət Rzazyevin dilçiliyə dair daha bir əsəri “Söz konstruktorluğu ” kitabı da nəşr olundu..
Maraqlananlar həmin əsərlərlə övraqımızda tanış ola bilərlər.