Allahverdi Məmmədli
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Jurnalist, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatları laureatı, Naxçıvanımızın işıqlı və hörmətli ziyalılarından olan Allahverdi Məmmədlinin növbəti-onuncu kitabı işıq üzü görmüşdür. Kitab-monoqrafiya “Azərbaycançılıq Mollanəsrəddinçilərin Milli İdeya kontekstində” adlanır və bu böyük zəkaların XX əsrin əvvəllərində xalqımızın maariflənməsi naminə, ələlxüsus, Azərbaycançılıq ideyası ətrafında birləşən millət fədailərinin Azərbaycançılıq məfkurəsi istiqamətində apardıqları mübarizəyə, onların gördüyü işlərə həsr edilmişdir. Kitabda Mollanəsrəddinçilərdən-Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər bu kimi nəhənglərin həyatları, onların Azərbaycançılıq məfkurəsi istiqamətundə apardıqları işlər işıqlandırılaraq, tələbələrə və geniş oxucu kütləsinə çatdırılmışdır. Kitabı oxuduqca bir daha əmin olursan ki, kitab A.Məmmədlinin yuxusuz gecələri, Azərbaycanın və digər ölkələrin arxivlərində ətraflı araşdırmalarının, yorulmaz tədqiqatlarının nəticəsi, məqsədyönlü fəaliyyətinin gözəl bir məhsuludur.
Allahverdi müəllim Naxçıvanın Nehrəm kəndində böyüyüb, boya-başa çatmışdır. Nehrəm kəndi ölkəmizdə adambaşına düşən alimlərin sayına görə ilk yerlərdən birini tutur. O kənddən çoxlu sayda tibb, iqtisadiyyat, mühəndislik, ayrı-ayrı digər elm sahələri üzrə çoxlu alimlər yetişmişdir. Lakin Allahverdi müəllimin özəlliyi ondadır ki, o Nehrəm kəndindən olan ilk filoloq-elmlər doktoru, professor alimdir.
Yeni kitabının nəşri münasibəti ilə əlaqədar Allahverdi müəllimi səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır, yeni kitablarının yolunu səbirsizliklə gözlədiyimizi bildiririk.