Anaların şəfqəti
“Övladlarınızın sizinlə yaxşı davranmaları üçün, siz valideynlərinizlə yaxşı davranın.” (Həzrət Əli (ə) –ın kəlamlarından.
Analar! Bəşəriyyətə layla çalan analar! Nə ilə qaytarmaq olar sizin haqqınızı?
Necə çıxmaq olar ana əziyyətinin borcundan? Necə qaytarmaq olar ana nəvazişlərinin əvəzini?
Həzrəti Peyğəmbərimiz buyurub:”Cənnət anaların ayaqları altındadır!”
Bu misalı hərə bir cür başa düşür. Kimi deyir ki, ananın ayağı dəyən yer cənnətdir. Kimi deyir ki, anaların ayağının altını öpün, cənnət oradadır.
Amma, heç kim demir ki, Ananı o qədər uca tutun ki, onun ayağı altında qalıb, cənnəti fəth edəsiniz. Anaları ucalıqda görməkdən böyük şərəf yoxdur. Bizi dünyaya gətirən, bütün ərköyünlüyümüzə dözən, ağrı-acılarımızı özününkü bilən, çətin anlarımızda sinəsini qabağa verib, hər cür çətinliyə sinə gərən analara necə dəyər verək? Onları hansı sözlə fəsf edək? Onları hansı ülfətlə əzizləyək?
İnsan qəlbinin səsi, qələmin sözü bəs etməz bu böyüklüyü vəsf etməyə. Yaranmışın qüdrəti çatmaz Yaradanın bu xilqətini dəyərləndirməyə.
Amma, anaların həddən artıq səmimi, mehriban, fədakar olması bəzən övladı laqeydləşdirir. Tədricən övlad düşünür ki, ana onun üçün hər şeyi edəcək, çətin olanı həll edəcək, müşkül olanı asan edəcək və onun yerinə qərarlar verəcək.
Fədakarlıq hər bir ananın həyat amalıdır. Həm ömür-gün yoldaşı, həm də övladı üçün. Anaların bu xüsusiyyətinə adi bir vərdiş kimi baxan bəzi övladlar düşünmür ki, onun ləyaqətdən kənar hərəkətlərinə görə analar necə xəcalət çəkir. Övladın ANA heysiyyətinə toxunan hər hərəkəti, onların qəlbinə sancılan iti bir neştərdir. Analar övladlarını layiqli vətəndaş, gözəl insan, səmimi dost kimi görmək istəyir. Amma, öz nəvazişləri ilə bəzən övladlarını uçuruma aparırlar.
Yetkinlik yaşına çatan oğul və ya qız övladının qarşısında qul kimi dayanmaq, onun bütün istəklərini danışıqsız yerinə yetirmək ana məhəbbəti deyil.
Əgər analar kiçik yaşlarından uşaqlara iman (inam) barədə məlumat versələr, imanın insan həyatında nə qədər vacib bir amil olduğunu anlata bilsələr, belə övladlar gələcəkdə cəmiyyət üçün layiqli vətəndaşlar ola bilər.
Ən yüksək səviyyəli ali məktəbləri bitirən, elmin zirvələrini fəth edən, dəyərli ixtiralar edən bir alimin imanı (inamı) yoxdursa, onun yaratdığı hər şey cəmiyyətə xeyir yox, zərər gətirəcək. Çünki imanı olmayan insan şeytana xidmət edir. Belə alimin kəşfləri fəlakətlər gətirər, insanlığı məhvə aparar.
Ağılla, iman (inam) birlikdə olsa, imanın dəyəri ağılın ziyası ilə nurlansa, belə alimlərin kəşfindən dünya faydalanar, bəşəriyyət yeniliyə doğru inkişaf edər.
Analar! Övladlarınıza təkcə məhəbbət yox, həm də iman (inam) verin. İmanın nə olduğu bilən, Allahı sevən övladlar heç vaxt ata-anaya qarşı ədalətsiz olmaz, onları qoca yaşında köməksiz qoymaz və qocalar evinə atmazlar.
Bu gün cəmiyyətimizdə kifayət qədər alimlər, ziyalılar, haqq-ədalətdən dəm vuran insanlar var. Bəs haradandır qocalar evində olan bu sahibsiz ata-analar? Hanı hər bayramda həyətdə, ağac altında əyləşib, gözünü dəmir darvazaya zilləyib:”Bəlkə, bu əziz bayramda gəldilər..”-deyə düşünən, ağ saçlı, üz-gözü möhnətdən qırış-qırış olmuş anaların övladları?
Axı, bu övladları doqquz ay bətnində gəzdirən analar, onları yarı yolda atmadı, vaxtından tez tələf etmədi, öz paltarını kəsib onlara libas tikdi, özləri yavanı yeyib, övladına yağlını yedirtdi. “Uşağım imtahana gedəcək”- deyib, gecə-gündüz dua etdi. Budurmu o analara verilən qiymət? Budurmu ana şəfqətinin cavabı?
Bir nəfər Peyğəmbərin yanına gəlib deyir:”Ey Allahın Rəsulu, anam çox qocalıb, tez-tez deyinir, bizə rahatlıq vermir. Lap bezmişəm, mənə yol göstər nə edim?”
Peyğəmbər buyurur:”Get evə, qarnına iki kərpıc bağla və sabaha qədər belə gəz, gecə də onunla yat. Səhər gələrsən sənə əlac edərəm.”
Kişi belə də edir. Amma, yatağa uzananda yata bilmir. Gecə yarıya qədər, o tərəf-bu tərəfə çevrilir, axırda əlacsız qalıb kərpicləri qarnından açır və rahatca yatır.
Səhər Peyğəmbərin yanına gəlib deyir:”Mən sizin yanınızda üzüqarayam, dediyinizi edə bilmədim.”
Peyğəmbər buyurur: “Sən bir gecə qarnının üstündə iki kərpici gəzdirə bilmədin, amma, ana səni doqquz ay bətnində gəzdirib, ondan necə bezirsən?
Həmin adam başını aşağı salıb, xəcalət çəkir.
Xoşbəxt olmaq üçün, anaları sevindirin, onlardan məhəbbəti və ülfəti əsirgəməyin. Analardan aldığınız şəfqəti onlara qaytarmağa çalışın.
Gülarə Munis. Şairə-publisist.