Anaların səbri dağ yarar…
Səbr etmək …
Nəyə səbr etmək və niyə səbr etmək?…
Ana!!!
Adı kimi özü də əziz olan bir varlıq.
Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik.
Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi?
Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara.
Bu günlərdə Qadınlar Cəmiyyətinin xətti ilə Bakının Bilgəh qəsəbəsində, gözdən-könüldən uzaq bir yerdə yerləşən “Əlillər və əmək veteranları üçün pansionat” adlanan, əslində qocalar evi olan yerə getmişdik. Hər tərəfdə səliqə səhman, təmizlik göz oxşayırdı. Apardığımız sovqat payını yeməkxanaya verəndə bizə bildirdilər ki, gəzə bilməyən, yataqda olan qocalar da var. Onlara baş çəkmək üçün otaqları gəzdik. Kaş, bu mənzərəni görməyəydik…
Gözləri qapıda qalan sakinlər bizi görən kimi çox kövrəldilər. Burada onlara sadəcə “sakinlər” deyə müraciət edirlər. Biz onların hər biri ilə görüşəndə qadınlara “Ana”, kişilərə “Ata”-deyə müraciət edəndə yaşla dolan baxışlarını gizlətməyə çalışırdılar. Nədənsə burada say edibarı ilə analar çoxluq təşkil edirdi. Ağ saçlı, bənizi solğun, əlləri əsən, amma qürurunu sındırmayan analar…
Görüşdüyümüz qocalarla xatirə şəkilləri çəkdirirdik. Bütün analar eyni sözü deyirdilər:”Qurban olum, bu şəkilləri televizorda göstərməyin ha, oğlum yaxşı yerdə işləyir, xəcalət çəkər.” yaxud ”Ay bala, neynirsən şəkil çəkib, birdən əldən-ələ düşər, qohum-əqrəba görər, övladlarıma tə”nə edər.”
İlahi, ana ürəyinin böyüklüyünə bax! Fərsiz övladlarının əvəzinə xəcalət çəkir, amma onların ünvanına pis söz deyilməsini istəmir. Övladına tənə olunmasını rəva görmür.
Haradandır analarda bu qədər əzəmət? Haradandır bu qədər mərhəmət?
Yataq xəstəsi olan, gəzə bilməyən analarla söhbət edərkən yanımızda xidmətçilər də var idi. Göz yaşlarını saxlaya bilməyən bu analar, övlad nəfəsi üçün ürəyi göynəyən analar kəlməbaşı qeyd edirdilər ki, uşaqlar tez-tez gəlib mənə baş çəkir, özüm burada qalmaq istəyirəm. Evdə nəvələrin səsi başıma düşür.
Yazıq analar!!! Zaman onlara yalan danışmağı da öyrətdi…
Otaqdan çıxandan sonra xidmətçilər bizə bildirdilər ki, illərlə bu analar övladının üzünü görmür. Bəziləri övladlarının şəklini sinəsinə sıxıb yatır, bəzi analar vəsiyyətini övladlarına yox, xidmətçilərə edirlər.
Ürəyimiz param-parça olmuşdu, amma geriyə yol yox idi, hamı ilə görüşməli idik. Gözləri ağlamaqdan zəifləyən, ayaqları yer tutmayan bu anaların qəlbində nə qədər övlad məhəbbəti var, İlahi!
Bütün günahları özlərində görür, fərsiz övladlarının tərəfini vermək istəmirdilər.
Bu analara baxdıqca, beynimdə bir sual mənə rahatlıq vermirdi. Düşünürdüm ki, min əziyyətlə böyütdüyü övlad ananı gətirib qocalar evinə atıb, illərlə onu yada salmır, amma, ana ona nifrət edə bilmir. Axı niyə???
…Qocalar evindən bir baş dəniz sahilinə getdim. Gördüyüm təsirli səhnələri, göz yaşlarını, acıları özümlə evə aparmaq istəmədim.
Sahildə dayanıb dənizə tamaşa edirdim. Diqqətimi bir mənzərə çəkdi. Kiçik bir qağayı suyun üsərində çabalayır, uçmağa çalışırdı. Amma, nə isə ona mane olurdu. Yaxına getdim, gördüm ki, bala qağayının ayağına nə isə dolaşıb, ona uçmağa çətinlik törədir. Bu zaman ana qağayı sürətlə başımın üstündən uçub bala qağayıya yanaşdı. Mənim balaya xətər yetirəcəyimdən qorxan ana qağayı dimdiyi ilə onun ayağına dolaşan maneəni didişdirməyə başladı. Qəribə mənzərə idi, bala çapalayır, ana isə onu azad etməyə çalışırdı. Nəhayət ana qalib gəldi, balasını çətinlikdən çıxardı, bala qanad çalıb səmaya tərəf uçdu.
Beynumdə dolaşan suala həmin an cavab tapdım. Analar övladları üçün min bir əziyyət çəkir, onu həyatı boyu hər təhlükədən qoruyur. Hətta ananı atanda belə, övladının adına xələl gəlməsini istəmir.
Analar öz zəhmətlərinin, əziyyətlərinin xatirinə onları atan balalarına nifrət edə bilmirlər.
Analar hər vəziyyətdə səbr etməyi bacarırlar.
Analar canüstə olanda belə, son nəfəsdə də övladlarının onlara sahib duracaq məqamını gözləyirlər.
EY ÖVLADLAR, sizi doqquz ay bətnində gəzdirən, min əzabla dünyaya gətirən, gözünün nurunu, ürəyinin yağını sizə verən anaların qəlbini qırmayın! Onların qırışmış əllərini, soğlun surətlərini, ağaran saçlarını görəndə üzünüzü yana çevirməyin. O əllər sizi bağrına basıb, hər bəladan qoruyub, o solğun surətin təravəti səni böyütdükcə əriyib, yox olub. O ağaran saçların hər bir telində sənin bir günahın gizlənib. Anaların, ataların qədir-qiymətini qocalanda bilin ki, sizi də bu aqibət gözləyir!!!
Gülarə Munis,Şairə-publisist
.