Anatoli Banişevski

Ömrün  autu

O bütün  Azərbaycanınkı idi.
O hamının sevimlisi idi.
Ölümü ilə sanki unudulmaqda olan bu həqiqəti bir daha təsdiqlədi.
1997-ci il dekabrın 10-da qəzetlərimiz yas xəbəri ilə, nekroloqlu çıxdı. İlk imzalar prezidentin, baş nazirin, parlament sədrinin…. Demək həyatdan gedən sıravi insan deyildi.

Amma dövlət və hökumət başçılarının ehtiramla vidalaşdıqları bu insanın gedişinə ən sadə insanlar da heyfsilənirdi axı. Çox vaxt elə quruca söz kimi işlətdiyimiz “ümumxalq məhəbbəti” deyimi ən sevimli, ən kədərli, bir həqiqət kimi o huzn günündə göz önündə idi.

 Yüz minlərlə cavanlı-qocalı vətandaşain da, dövlətin də ortaq qüssə ilə qarşıladığı bu itki və rəhmətliyin xatirəsinə bunca həssas münasibət yalnız onun millətə onillər qabaq göstərdiyi xidmət xatirinə deyildi. Həm də və bəlkə də daha əvvəl onun bu xalqa, bu məmləkətə – öz xalqına və öz məmləkətinə bütün ömrü boyu bəslədiyi sədaqətə görə idi.

Dövlət və xalq ürəyinin bütün sevgisiylə işıqlı dünyanı tərk edən bu sadiq balasına son sədaqət borcunu qaytarırdı.

1997-ci il dekabrın 10-u gözlərini əbədilik yummuş böyük futbolçu və böyük azərbaycanlı Anatoli  Banişevski ilə ayrılıq günüydü.

Bu matəm günündə mən tək-tək insanlarla bağlı nadir hallarda müşahidə etdiyim minnətsiz el məhəbbətini əyani şəkildə gördüm, itkinin doğurduğu kədərə qəlbən acısam da, içərimdə sevincə oxşayan qeyri-adi bir hiss də vardı – boğazımı bu təmənnasız el istəyinə şahid olmağımın yaratdığı fərəh, iftixar qarışıq bir qəhər dalayırdı. Bakının küləkli soyuqlu bir payız günündə, işimin başdan aşdığı darmacalda sağlığında bircə kəlmə belə kəsmədiyim bu insanın yas mərasiminə məni aparan “ümumxalq sevgisi”dediyimiz həmin uca duyğunun payıma düşən hissəsi deyildimi?

Milyonlarla həmvətənimə 60-70-ci illərdə qürur, bol sevinc, zövq, ləzzət, xoş həyəcan bağışlamış bu insan elə mənim və yaşıdlarımın da uşaqlıq çağlarımızın kumiri idi.

“Neftçi”nin 9 nömrəli mərkəz hücumçusu – əfsanəvi Banişevski!

Ona vurğunluğumdan ən böyük arzum böyüyəndə futbolçu olmaq idi. Amma məgər bu tək mənimmi arzum idi?!

Yeniyetmə vaxtlarında da futbol üçün “qocalıb”yaşı otuzu haqlayanda da Banişevski   meydanda həmişə lider olmuşdu. Həmişə rəqib qapısında qola can atmışdı. Bə artıq neçə illər idi ki, şəkər xəstəliyinə mübtəla olmuş, gəncliyindən başına çox bəlalar gətirən içkinin də bir tərəfdən üzdüyü bu əvəzsiz idmançı yalnız futboldan yox, həm də həyatdankənar vəziyyətdə idi. Neçə illər idi ki, o, ömür meydanında autsayderə çevrilmişdi. Onun tay-tuşları, ondan da yaşlılar indiyəcən yaşıl meydanlara bağlıdırlar. Biri məşqçidir, biri müəllimdir, çoxusu veteranların yarışlarında iştirak edir. Banişevski hər cəhətdən düşmüşdü. Və lap çoxdan görməyənlər onunla təsadüfən küçədə rastlaşanda, ekranda seyr edəndə, qəzetlərdə son illərinin fotolarına baxanda sarsılırdılar.

Bu onların “Banya”sı, bu onların “Banış”ı, onların “Qızılbaş”ı deyildi!

Nə yaman qocalmışdı!

Bu kədərli hissin bir ucu təəssüf edənlərin bilavasitə özləri ilə bağlanırdı. Çünki Banişevskini gənc, sürətli, güclü görməyə adətkərdə olanlar onu elə üzgün, düşkün görəndə həm də bir başqa nisgilli həqiqət onları daxilən incidirdi – özlərinin yaşlaşmaları, qocalmaları.

Banişevskinin ölüm xəbərini eşidənlərin, bilənlərin hamısının qəlbində nəsə qırıldı.

Bu ölümlə hər birimizin içinə uşaqlığımızın, gəncliyimizin uçub getmiş illərimizin xiffəti çökdü.

Bir neçə dostum mənə həmin qəmli 10 dekabrda “Banişevskinin ölüm sorağını televiziyadan eşidəndə ağladım”- dedi.

Dəfnə, Cavid prospektinə – Fəxri xiyabana gəldim. Polis nəfəri: “Yəqin ikinci “Fəxri”dədir. Çünki,  burada heç bir hazırliq görülməyib. Burada olsaydı artiq qəbir qazılmlş olardı. Sizdən qabaq da bir neçə nəfər gəlib soruşub”,- dedi.(Amma gərək Banişevski məhz Birincidə uyuyaydı. İkinci Anatoli Banişevskimiz olacaqmı?! )

Görünüşündən keçmiş idmançılığı sezilən və mənim kimi yanılaraq buraya gəlmiş daha bir nəfərlə qoşulub gedirik Badamdar tərəfə – İkinci Fəxriyə.

“Suraxanıdan gəlmişəm. Bəlkə eşitmisən – mən Yudanovam. Tolikdən əvvəl oynamışam. Mən gedəndə Tolik təzə gəlirdi futbola. Slavik Semiqlazovun, Tofiq Axundovun da ölümləri məni yandırmışdı. Amma Tolikin xəbərini  eşidəndən özümə yer tapa bilmirəm. O, bizim Azərbaycan futbolunun dahisi idi”.

Yox, bu qəbir üstünün,  yanıqlı günün dedirtdiyi mübaliğəli söz deyildi. Həqiqətən, Anotoli Banişevski futbolumuzun,  XX yüzil Azərbaycanın “dahi”adlanmağa tam layiq olan incilərindəndir. Ona sadəcə “istedadli”demək insafsızlıq olardı.

Baş daşlarından mənə baxan tanış üzlərin yanından keçərək böyrü izdihamlı təzə məzara yanaşıram.

Ələkbər Məmmədov, Kazbek Tuayev, Vladimir Bruxti, Adil Babayev… Futbolumuzun inkişafı yolunda can qoymuş, artiq saç-saqqalları ağarmış, bu cür təsəvvür edilmələri çətiin olan dünənki cavanlar, sabiq uldüzlar əziz Toliklə  sağollaşırlar, halallaşırlar. Öz gənclikləri ilə bir daha vidalaşırlar.

O, bu torpaqda doğuldu, bu torpağı sevdi, xoşbəxt və bəlalı ömrü boyu bu torpağa son dərəcə sadiq oldu və indi çox sevdiyi Vətən  torpağı qucağını istəkli balasına açmışdı.
Vəfasız balasına!
XX yüz ilin bitər-bitməzində rəsmi sorğu keçirildi, bilicilərimiz, səriştəlilərimiz Banişevskini əsrin ən güclü,  Azərbaycan əsrinin ən güclü futbolçusu elan etdilər.
XX yüzildə dünya futbolundakı şahlıq tacı braziliyalı  Peleyə qismət oldu. Və Banişevskinin də ideal saydığı Pele “Ömrüm və gözəl oyun” adlı etiraf kitabının lap sonunda yazırdı:” Çox istərdim ki, bir vaxtlar – ömrümün başlanğıcında, Bauruda mənimlə birgə səhərdən-axşamacan top qovan uşaqlara bənzəyən, onlar kimi futbola candan bağlı kiçik bir dəstə olsun. O uşaqları yığım başıma. Onlara idman geyimi, fərli ot örtüyü olan meydança tapmaqda kömək edim və başlıyım bu uşaqlara həyatım boyu öyrəndiklərimi başa salmağa. Başlıyim onlara mənə həyatda hər şeyi vermiş və mənin də bütünlüklə həyatımı verdiyim futbolu öyrətməyə.  Arzulayıram o gün yetişsin ki, 14-15 yaşlı bir oğlanın əlindən tutub onu məşhur klublardan birinə gətirim və o klubun menecerlərinə, məşqçilərinə deyə bilim: – Bax, bu əsl siz istəyən oyunçudur. Götürün və onunla işləyin. Bu yeni Peledir!

Və mən radiolarda bu oğlan haqqında eşitdikcə, onu teleekranda gördükcə, əmin olduqca ki, o əzl istedadlı və çalışqanlığı sayəsində gündən-günə daha yaxşı oynayır, yalnız o zaman rahat olacağam ki, borcumdan azaciq da olsa çıxdım.”.

Anatoli Banişevski vəfasızlıq edib amansızca tez getdi.  Vətənə bu borcunu yerinə yetirməyə ömür möhləti çatmadı. Özünü qoruya bilmədi. Ən azı “Qəbul edin bu gələcəyin Banişevskisidir”deyə təqdim edəcəyi uşağın naminə özünü qoruya bilmədi.

Bizə ikinci Banişevskini bağışlaya bilmədi.

Amansızca vaxtsız getdi həyatdan. Şiimşək kimi çaxib söndü, uldüz kimi yanıb keçdi.

Dilimizin deyilişi nə sərrastdır: ”Can yandırmaq”.

Gerçək mənada yanmaq sayılası bir ömür yaşadı Banişevski. Ömür boyu futbol da daxil olmaqla, nəylə məşğul oludusa can yandırdı. Amma onun yanmağıni şam, ya çıraq yanmağına bənzətmək olmur.

Asta-asta, tədricən yanmaq onun təbiətində deyildi.

Benqal çubuğu kimi ani, qığılclm saça-saça yanıb qurtardı.

Bir kometa kimi tariximizin iri bir kəsiini nurlandıraraq keçdi.

Bu yazı Bakıda adına küçə olmayan (olacaq!), Bakıda xatirə lövhəsi olmayan (olacaq!), Bakıda abidəsi olmayan (olacaq!), Bakıda adına bir idman ocoağı olmayam (olacaq!),  amma ürəklərimizdə küçəsi də , abidəsi də, parlaqdan-parlaq xatirəsi də həmişə var olan dəyərli azərbaycanlı, zirvə futbolçumuz Anotoli Banişevskinin bir meteor kimi yaşadığı ömrünün tarixçəsidir.

İşığını yadigar qoyub gedənlərə qalanlardan salam olsun!

İLK  SEVİNCİ  OĞURLANMIŞ
Ailənin başına ilk bəla Allahı başqaları kimi sevmədiklərindən gəldi.
Onda Anatoli yox idi.  Heç onu dünyaya gətirəcək atası da doğulmamışdı hələ.
İyirminci əsrin ilk illəri idi.

Qanlarına bir neçə qan qarışmış-yarırus, yarıpolşalı, yarıbender Banişevskilər Qərbi Ukraynada yaşayırdılar.  Bu nəsil dədə-babadan dindar insanlardılar.  Amma onlar adi xristian  deyildilər – protrstant təriqətçiydilər. Bantist idilər. Və babası haqqında xatirələrini atası Andrey Tolikə qədim bir nağıl kimi danışırmış: “Saqqalı sinəsinə düşən nürani bir kişiydi baba. Yaxşı skripka çalırdı . Səsi də gözəl idi. Ruhani xora rəhbərlik eləyirmiş”.

Baxışları bir çox dini – ənənəvi görüşlərə qətiyyən uyuşmayan, üzərində İsa çarmıxa çəkildiyi üçün xaçı “tanımayan”, elə bir növ müsəlman kimi şərab içməyi, donuz əti yeməyi yasaq sayan, yalnız müqəddəs kitaba tapınaraq kilsə mözüzələrini,ikonanı, bir para xiristian bayramlarını rədd edən bantistləri on doqquzuncu əsrin sonlarında çar hökuməti başlayir təqib eləməyə.

Banişevskilər qaçıb gəlirlər Pyatiqorska.

Ancaq orda da çox duruş gətirə bilmirlər.

İllər keçir çarizm devrilir, amma yeni sovet rejimi ilə bantistlər yola getmirlər.  Kolxoz quruluşuna qarşı dururlar, ta 1926-cı ilə qədər balalarını sovet ordusuna buraxmırlar, təriqətin bu hökmündən çıxmağı ən ağır günahlardan biri hesab edirlər.

1928-ci ildə Banişevskilər Pyatiqorskini də tərk etməli olur.

Pənah gətirirlər Azərbaycana.  Kasıb, amma qulaqları nisbətən dinc həyat sürməyə başlayirlar.

Özü ailələrinin 10 uşağından biri olmuş Andreyin dörd övladının hamısı Bakıda doğulur. İlki  Boris 29-da,  sonbeşiyi Anatoli  46-da.

Tolik doğulanda ata-anasının yaşı qırxın həndəvərindəydi, o biri uşaqlar da artıq yeniyetməydilər. Ona görə də sonbeşik evin ən sevimlisi oldu.

Ata-anası ona çox şey verə bilmədi.  Hətta doyunca çörək, babat geyim verə bilmədilər.  Lakin hər halda onlar Tolikə nəsil-nəsil yaşatdıqları, təqiblərə, təzyiqlərə baxmayaraq bir an belə qəlblərindən çıxarmadıqları etiqadlarını, ürəklərindəki Allah eşqi və Allah xofunu, dinin onlara aşıladığı rəhmdil, haqsevər, vicdanlı olmaq, imkan varkən heç vaxt yardım əlini uzatmağı əsirgəməmək vərdişlərini bağışladılar. Və yaxşı adam olmağın bu unudulmaz dərsləri ömrü boyu Toliki tərk etmədi. Yaxından-uzaqdan tanıyanların hansından soruşdumsa , hamı onun xeyirxahlığından danışdı, təhsildən, savaddan deyil, vəhmdən gələn yüksək daxili mədəniyyəti və saflığndan bəhs etdi.

Köhnə Bakının camaat arasında “Ermənikənd” deyilən hissəsində yaşayirdılar. Elə bil bu yerdə məskən salmaları da bir tale qismətiymiş.

Yenə neçə on illər qabaqkı kimi gecəyə yaxın üzü üzlər görmüş,  hay-hayi gedib, vay-vayı qalan yorğun,  qaltaq tramvaylar, ləhləyə-ləhləyə parka gedir. 

Anası danlayırmış ki, özünü niyə öldürürsən, atası danlayırmış ki, axı hər gün ayaqqabı almağa pulumuz yoxdur, sənə çəkmə bir həftə davam gətirmir….

Hələ 1950-ci illərin ortaları idi və dünyanın ən məşhur 9-larından olacaq Anatoli Banişevski hələ ki, nomrəsiz idi. Çünki heç hələ idman maykası da yox idi, bir cüt köynəyi vardı. Birini futbola geyinirdi, birini məktəbə.

Respublika stadionu onların gözünün qarşısında tikilirmiş. Bunlar Lida xanımın göz yaddaşında sanki  dünən baş veribmiş kimi aydın qalıb – oyunlar keçiriləndə stadionu atlı milis əhatəliyirmiş.  Amma digər zirək yoldaşları kimi stadion hasarının hər ciginə-bikinə bələd olan bacı-qardaş – Lidayla Tolik tanıdıqları dəlmə-deşikdən keçib gorərlərmiş işəri, əsl futbola havayı baxarmışlar.

Və bir Allaha bəlliymiş ki, indi oğrunca təzə stadiona yol taparaq heyranlıqla tamaşa edən bu qıvrımsaç uşaq 10-15 il sonra bu meydanda hamıya meydan oxuyacaq, bura toplaşan 40 min insanı bir anda ayağa qalxaraq onu alqışlamağa dəfə-dəfə vadar edəcək.

Bu sonranın həqiqəti idi. Bunu hələ bir Allah bilirdi,  ailənin bildiyi isə o idi ki, böyüyən hər uşaq çörək qazanmalı, evə kömək etməlidir.

Onu Kür-Araz  Su-Tikinti Baş İdarəsinin ixtisaslaşdırılmış inşaat idarəsinə işə düzəldirlər, ikinci dərəcəli – çilingər santexnik.

1961-ci ilin noyabrında evə ilk maaşını gətirir.

Şirniyyatı yaman sevirdi.  Anam sandıqçanın açarçnı ondan gizlədərdi ki, qəndin, konfetin axırına çıxmasın. Birinci maaşını alanda Tolik bir qucaq konfet, peçenye, mət süd (squşyonnoe moloko”nu belə çevirdim-R.H)  gətirmişdi.
…Yazıq qardaşım elə bu şəkərlə də getdi”.
Lidiya xanım anır…
Rayonlara,  Bakı kəndlərinə təmir işlərindən ötrü tez-tez səfərə çıxmalıymışlar.

Santexniklər sübh tezdən dəmiryol vağzalına toplaşarmışlar.  Evlərində zəngli saat yoxmuş,  hər ehtimala qarşı gecikməsin deyə,  anası Toliki vaxtından da erkən oyadıb yola salarmış vağzala. Yuxudan kal durmuş arıq, zəif uşaq perrondakı narahat, taxta skamyalara uzanıb, yoldaşlarını gözləyə-gözləyə təzədən yuxuya gedərmiş. Biriqada yığılıb qatara oturunca orada da yarım saat, bir saat uyuyarmış.  Hələ sümükləri bərkiməmiş, bir qarın ac, bir qarın tox olan bu uşağın iş yoldaşları  – həmin santexniklər biriqadası illər sonra onu ekranda gördükcə həmişə fəxr eləyəcəklər: “Bax, görün bizim briqada kimləri yetişdirib!”

İllər ötəcək.  Anatoli “böyük adam” olacaq, dünyada tanınan şəxsiyyətə çevriləcək,  mühüm vəzifə sahibləri , onların uşaqları Toliklə oturub-durmağa, dostluq etməyə can atacaq. O isə …..

“Açığı elə mən də istəyirdim ki, Tolikin ad-sanına uyğun ətrafımız olsun. Sanballı ailələrlə, tanınmış insanlarla ünsiyyət saxlayır.  Onsuz da elə onlar özləri can atırdılar. O vaxt Mərkəzi Komitədə işləyənlərin neçəsi Anatoli ilə dostluq etməkçün sino gedirdilər. Tolikinsə onlarla işi yox idi.  Azacıq vaxt tapan kimi, illah da 5-10 gün Bakıdan aralı olub səfərdən qayıdanda qaçırdı köhnə curlarının yanına.  Hərəsi bir yanda fəhləçilik eləyən keçmiş məhəllə uşaqlarını arayırdı.  Bu onun təbiəti idi. Həmin mühitsiz Tolikin ürəyi partlardı. Toliki dəyişmək mümkün deyildi. Ona görə də bir söz demirdim. Ürəyimdən keçən elə ürəyimdə qalırdı”.

Bunları Banişevski ilə 30 il qoşa ömür yaşamış İnna xanım xatırlayır.

Yalvarışlarlnda da sonrakı hücumçuluğundakı sayaq qırsaqqız, inadkar olan Tolik 1957-ci ildə istədiyinə nail olur. Qardaşı onu aparır əvvəlcə Ordu İdman Klubunun komandasına bir müddət sonra da “Lokomotiv” in uşaqlar qrupuna.

Beləliklə əsil futbolla təması başlayanda Tolikin heç 12 yaşı yox idi.

Komandada ona verilən, yuyulmaqdan rəngi solmuş ilk futbol maykası ilə Tolikə sanki dünyanı bağışlayırlar.

Tolikin atası, 2000-ci ildə, 96 yaşında dünyasını dəyişmiş Andrey ömrünün axırınacan oğlunun o ilk maykanı aldığı, sevincdən uçduğu günü yad edirmiş: ”Onu o cür sevinən görəndə hiss elədim ki, Tolikin taleyinə top nəsə gətirəcək. Ürəyimə damdı ki, futbol ona haçansa nəsə verəcək”.

Əlahəzrət VAXT hələ küçədə toz-torpaq içində səhərdən–axşamacan top dalınca qaçan qıvrımsaç Tolyanı artıq gözaltı eləmişdi, bu uşağı sabahın Ulduzu eləməkçün seçmişdi və VAXT o uşağı  Ulduz etməkçün lazım olan mühiti də tədarük edirdi.

1960-ci ildə SSRİ–nin futbol həyatına, ümumilikdə bu sevimli oyunun irəliləyişinə ciddi təsir göstərəcək çox faydalı bir addım atılır. O zaman “A”qurupu –yüksək liqa, bir də “B” qrupu varmış. “Neftçi”də “B”-dəymiş.  Qərar qəbul edilir ki, yüksək liqalardakı usta komandaların sırasına hər müttəfiq respublikanın bir komandası əlavə edilsin və onlara hətta son yeri tutsalar da, 3 il güzəşt edilsin.

Bir yandan bu xoş yenilik, digər tərəfdənsə Ələkbər Məmmədov, Yuri Kuznetsov, Alamas  Qolodes kimi “əjdaha”ların Azərbaycana qayıdışı sovet futbolunda əslində ucqar əyalət sayılmalı  Bakını futbol mühitinə elitarlıq gətirir.  Bu nəhəng futbolçular Moskva, Kiyev,  Avropa futbolunun təcrübə və sirlərini, çağdaş incəliklərini səxavətlə gənclərlə paylaşmağa başlayirlar.

VAXT Baki məhəllələrində qapıçıların qənimi kimi tanınan balaca çilingər-santexnik Tolya Banişevskini SSRİ-də ad çıxarmış o üstün müəllimlərlə görüşdürmək üçün “plan cızırdı”.

Bu ssenarini Tanrıdan savayı hansı rejissor qura bilərdi? 

“Lokomotiv”in məşqçisi texnik imiş.  Amma Tolikdən fərqli olaraq santexnik yox, diş texniki –Eduard Ohanezov.  Başqalarına o siradan yetişdirdiyi futbolçuların qohum-əqrəbasına diş düzəltməyi öz yerində, amma yeniyetmələri kəşf edib, üzə çıxarmaqda, ərsəyə gətirməkdə də səriştəliymiş.

Sonralar Azərbaycan futbolunda şöhrətlərə çatan neçə gənc “Lokomotiv”dən çıxır – həmin Eduard Markarov da, Nikolay Smolnikov da, Viktor Zabrodin də…

O dövrdə “Neftçi”nin özünün 3 hazırlıq qrupu varmış.  Birinə Jarukov, birinə Falyan, digərinə Siyavuş İbrahimov rəhbərlik edirmiş. Ümidverən uşaqlar çoxmuş, amma “Lokomotiv”lə  “Neftçi”dəki yeniyetmələrin hamısından çox Banişevskinin adı çıxıbmış.  Bütün şəhər danışırmış ki, “Lokomotiv”də bir od parçası var, qan eləyir, hər oyunda 4-5 qol vurur.

“Lokomotüv”ə  yeni məşqçi gəlir — Konstantin Koçanov.  O da Toliki ilk gəldiyi gündən sevir və onun barəsində “Neftçi”nin kapitanı Ələkbər Məmmədova danışır.  Ələkbər vaxt eləyib gəlir, baxır və görür ki, bu uşaq gerçəkdən bir qızıl külçəsidir.

1961-62-də “Neftçi”nin baş məşqçisi bütün SSRİ-də məşhur olan əməkdar idman ustası Boris Andreyeviç Arkadyev imiş.  Ona da, məşqçi Əli Əbilzadəyə də Ələkbər dönə-dönə “o uşağa baxmaq lazımdır” desə də, hər dəfə bir iş çıxır ortaya- alınmır ki, alınmır.

“Hiss etdim ki, bunları zorla aparmasam iş düzələn deyil.  Bir payız günü idi, hava da yaman soyuqdu.  Arkadyev yaşayırdı. “Cənub mehmanxanasında.  Bilirdim ki, “Lokomotiv”in uşaqlarının Razində oyunları var.  Moskvalı yaşıdları ilə qarşılaşırdılar gərək ki.

Özümü çatdırdım mehmanxanaya. Əbilzadəyə dedim ki, daha o yan, bu yanı yoxdur.  Şefinlə danış, bu saat sizi aparım stadiona.  “Neftçi”nin sürücüsü Əlimövsümü yolladım ki, bir kəmşirin alsın.  Arkadyev sən deyən vuran deyildi. Amma yaşlı kişi idi,  hava da soyuq idi.  Fikirləşdim ki, bir az içsin ki, canı qızsın.

Birbaşa  gəldik Razindəki stadiona.  Artıq oyun başlamışdı, təxminən 15-ci dəqidə idi.  Arkadyev 15-20 dəqiqə baxdı Tolikə. Bəs elədi. Yığışdıq soyunub -geyinmə otağına və Arkadyev qanadlı bir ifadəylə hökmünü verdi:  “Bu ki, əsl futbol tapıntısıdır. Gələcəyinə söz ola bilməz!”

Ələkbər Məmmədov belə xatırlayır.

Azərbaycanın bu qızıl idmançısı  – özü həm zər, həm də zərgər olduğu üçün daim zər dədrini dəqiq bilmiş Ələkbər müəllim Banişevskinin  zirvələrə aparan younun ilk nüfuzlu xerirxahı, ilk hamisi olduğu kimi, Tolikin həyatınin sonrakı bütün enişli-yoxuşlu məqamlarında da daim ona həyan kəsildi.

Beləcə, 16 yaşlı Banişevskinin “Neftçi”yə cəlb edilməsi məsələsi həll edilir və bir neçə ay sonra Bakını tərk edib Moskvaya gedəcək Boris Arkadyev yeni mövsümqabağı verdiyi bir intervüdə Banişavskidən inamla söz açır.  Rəyinə bütün İttifaqda futbol ictimaiyyətinin hörmət bəslədiyi bu ağsaqqalın mötəbər qiyməti və xeyir-duası qapı aşan sözlər idi: “Bizim bu oğlan haqqında hələ çox danışmalı olacaqlar. Onun meydançanı görüb duyması bir mözüzə kimidir. Cəsarətlidir, topu bütün varlığı ilə hiss eləyir. Doğrudur, hələ cox gəncdir, hələ cilalanmayıb, plastikası azdır, pişik kimi bir az yöndəmsiz ora-bura sıçrayır, amma qoy bir qədər keçsin, onun içərisindəki bəbir oyansın, bax, onda bu uşaq Allahın şəfqət göstərdiyi bir hücumçuya çevriləcək”.

Vladimir Bruxti yada salır: -“Sol ayaqla zərbəsi yox idi.  Hər gün Kuznetsovla Qolodes saatlarla onunla işləyirdilər. Biri sağdan, biri soldan topu atırdı. Tolik yalnız sol ayaqla zərbə vurmalı idi.  Bir müddət sonra qəribə iş baş verdi-Tolik dönüb oldu solaxay!”.

Kazbek Tuayev unutmayıb:  “Başla oynamağı da zəif idi. Kuznetsov məşqlərdə gah müxtəlif cinahlardan ayağı ilə ötürürdü,  gah da əli ilə lap çətin və hündür toplar atırdı. Tolya hər ona sarı gələn topu hansı hündürlükdə uçmasından asılı olmayaraq, qapıya başla yönətməli idi.  Məşqlərdən sonra ağlayırdı ki, başım zoqquldayır”.

Sonralar dünyanın onlarca ən mahir qapıçısını “ağladacaq “ sərrast, qorxunc başını Banişevski belə ağır zəhmətlə “tərbiyə etmişdi”.

Dünyada heş nəyə zəhmətsiz çatmaq olmur.  İstedad hələ işin yarısıdır. Zəhmətsevərlik və o cür müəllimləri olmasaydı, bu uşağın işərisində uyuyan, sonralar dünyanı lərzəyə salacaq bəbir oynardımı?!

Birinci dəfə balaca Tolik  – fəhlə Tolik yeniyetmələrdən ibarət SSRİ yığmasının tərkibinə daxil edilərək Moskvaya gedəndə, futbol sərrafı Aleksey Paramonovun qarşısında dayananda, bu uşaq haqqında hələ yalnız köməkçilərinin xoş rəyini eşitmiş baş məşqçi yamaqlı, nimdaş, sırıqlıdakı, kobud uzunboğaz çəkməli, çəlimsiz bakılı balasını ilk növbədə yeməkxanaya aparıb doyunca yedirtməyi tapşırmışdı.

Dostlarının “Banja” çağırdığı bu oğlanı uğurlu SSRİ-nin yeniyetmələr yığması tərkibinə aparıb çıxarmışdı.  Macarıstanda adı adına bənzəyən Tatabanya şəhərinə, 1963-cü ilin 22 sentyabrında Macarıstan yığmasının vurduğu gözəl qoldan sonra haqqında o çağın əldan-ələ gəzən “Furbol “ qəzetində tərifli cümlələr yer almışdı.

Bakıya Anatoli uça-uça qayıtmışdı-yalnız bu sözün birbaşa, təyyarə ilə gəlmək mənasında deyil,  həm də bu sözün məcazi, fərəhin köksə sığmaması anlamında.

Tələsirmiş ki, atasına, anasına, bacısına, qardaşlarına, dostlarına ilk medalını göstərsin.

“Biz onda Pyatiqorskda idik. Orda çoxlu qohumlarımız qalmışdı. Yalnız yay aylarında deyil, imkan düşəndə başqa vaxt da ora ailəvi dincəlməyə gedərdik. Tolik o il Bakıya dönəndə biz Pyatiqorskdan qayıtmamışdıq.  Belə danışmışdıq ki, Tolik də Bakiya çatınca gəlsin yanımıza.  Həyət evində yaşayırdıq.  Hamı bir-birini tanıyırdı, hamı bir-birinə inanırdı, bizlərdə qapı kilidləmək söhbəti-filanı olmazdı. Əslində heç kasıb evlərimizdə oğurlanası bir şey də yox idi”.

Tolikin Pyatiqorska ev paltarında, çox dilxor gəldiyini görəndə hiss edirlər ki, nəsə baş verib.

….Qapını həmişəki kimi açıq qoyubmuş.

Məhəllə uşaqlarından ayrılıb evə gələndə görür ki, nə xaricdən gətirdiyi idman geyimi qalıb, nə vımpellər, nə həyatının birinci ən böyük sevincinin əlaməti olan medal.

İlk ən böyük sevincini oğurlayırlar.

Düşər-düşməzi olarmış bunun.

Ömrü boyu itkiləri qazandıqlarını , uğurlarını qarabaqara izlədi.

Tale ondan sevinc oğurlamağa dadanmışdı……

ŞAHLIQ  QUŞU
Bu sirr o vaxt açılmadı.
Hansısa mərdimazar duyuq düşüb Moskvaya bircə ononim yollasaydı. Ələkbər Məmmədovun kitabı bağlanardı, baş məşqçiliyi elə başlandığı vaxtlarda yarımçıq qalardı.
1963-cü il idi, sabiq kapitanın baş məşqçi keçməsindən sonra əsas heyətdə nəfəs təzəliyi duyulması öz yerində, əvəzedicilərə də maraq artırmışdı.

Azarkeşlər vardı ki, “Neftçi”nin əvəzedicisinin oyunlarına, məxsus olaraq Valentin Kabanova baxmağa gəlirdi. Ayağına top keçincə rəqib müdafiəçilərini qəfil qasırğa kimi pərən-pərən salan od-yalov Valentin Kabanovun sayəsində əvəzedicinin görüşlərində tribunalardakı boş yerlər birə-beş azalmışdı.

Amma qayışbaldır Kabanov yel kimi irəli şığıyaraq qapının qarşısında peyda olcağı tribunalardan “Banya”, “Rıjiy”qışqıranlar “Vur Kabanov!”çığıranlardan çox olurdu.

İş ondadır ki,  Ələkbər Məmmədov baş məşqçiliyə təyin edilən kimi gənc sevimlisi Anatali Banişevskini daxil etmişdi. “Neftçi”nin əvəzedici heyətinə. Lakin onu sənədləşdirməyə, rəsmiləşdirməyə ixtiyarı yox idi.  Çünki Tolikin hələ 18 yaşı tamam deyildi və həmin yaş həddini aşmamış, deməli səhhət baxımından yetərincə bərkiməmiş uşaqların ustalardan ibarət komandalarda çıxışına dövrün tibb qaydaları icazə vermirdi.

Yaşı az olsa da Banişevski meydana buraxılmağa hazır idi və Ələkbər müəllim saxtakarlığının faş olacağından ehtiyatlanmasaydı. Toliki lap əsas heyətə də buraxardı. Di gəl əsaslar daha artıq diqqət mərkəzindəydilər və belə riskin xeyirdən çox zərər gətirmək ehtimalı vardı. Ona görə də Tolik əvəzedicinin oyunlarına adı Moskvada  mövsümdən öncə siyahıda rəsmi olaraq təsdiqlənmiş Kabanov kimi qatılırdı. Beləcə, həm futbol, həm rol oynamalı olurdu.

İkisi də pis alınmırdı.

Və 1964-də ikili həyatdan canı qurtardı.

O, əvəzedici olmaqçün yaranmamışdı.

Əvəzedilməzlər necə əvəzedici ola bilər?!

Yaşı tələb olunan həddə çatan kimi Ələkbər Məmmədov Toliki qatdı birbaşa əsas heyətə.

Minskin “Dinamo”su ilə oyunda təcrübəli azarkeşlər bu dəfə artıq köhnə tanış Kabanovun ….”Banişevski”elan edildiyini eşitdilər.

Və Tolikin ustalarının arasında açılışması uzun çəkmədi. Növbəti oyunda – OMİK-lə qarşılaşmada qol siftəsini elədi və bu nübar nə təhər düşümlü oldusa, ilk qoluyla Banişevski OMİK-in qapısının gözünün odunu necə aldısa, sonralar  SSRİ çempionatlarında bu güclü komandanı müxtəlif vaxtlarda daha 8 dəfə oyunu mərkəzdən başlamağa vadar etdi.  Başqa sözlə, OMİK-in qapısı onunçün ən üzüyola, digər komandalarla müqayisədə ən çox fəth etdiyi oldu? (Tolikin “hərif”inə çevrilmiş OMİK sonralar Tolikin özünü hərifləməyə çox can atacaq….).

….Ustalığı, istedadı yaşından böyük idisə də, Tolik hələ xeyli dərəcədə sadəlövh uşaq idi.

Həmin OMİK-lə debütündə, birinci taymda başgicəlləndirici fəndləri ilə moskvalıların mərkəz müdafiəçisini heydən salan, uğuruna bir az da şitənərək paytaxtın 3 nömrəlisini azarkeşləri güldürəcək qədər əməlli-başlı dolayan Banişevski ikinci hissədə dönüb olur başqa adam.

Bayaqdan cüssəli 3 nömrəliyə göz verib işıq verməyən Tolik indi onu hər dəfə qarşısında görəndə sanki tilsimlənir, topu asanca əldən (daha doğrusu ayaqdan) verir, başlayır hipnoz olmuş kimi mərkəz müdafiəçisinin ardınca baxmağa.

Bu əhvalatdan 40 ilə yaxın keçəndə Vladimir Bruxti mənə gizlinci açir:  ”Fasilədə Tolikdən soruşdum ki, bilirsən kimdir o barmağına doladığın? ”Kimdir ki, heç qaça bilmir”,- dedi. Güldüm: “Necə yəni qaça bilmir! O, SSRİ yığmasının stopperi Albert Şesternyovdur.  SSRİ-nin 1 nömrəli müdafiəçisidir o”.

Kaş deməyəydim!  Bunu biləndəm sonra Tolik başladı Şesternyova əfsanəvi bir qəhrəman kimi baxmağa, elə bil meydan yadından çıxdı. Ona görə də ikinci hissədə Tolik sanki oyunçuların arasında itdi.  Dönüb oldu tamaşaçı. Uşaq kimi ağzını ayırıb heyranlıqla Şesternyovu seyr eləyirdi.

Balası olduğu millətə, övladı olduğu Vətənə hərə bir cür qulluq edir.

Az, ya çox, istədi-istəmədi hər bəni-adəm yazılmamış (bəlkə də yazılmış, amma bizimçün oxunmaz olan ) bir qanunla xalqına və yurduna  ən kiçik damlaca da olsa xidmətini mütləq edir.  Xalq və yurdda xidməti çox olanların adını öz yaddaşına biryolluq həkk edir.

Banişevski Azərbaycana ayağı ilə xidmət etdi.

Ayağı ilə bu xalqın başını ucaldanlardan oldu.  Dini ayrı, dili ayrı, milliyyəyi ayrı ola-ola bu  xalqın  ən etibarlı balası sayılmaq haqqını ömrüylə, yoluyla qazandı.

Banişevski dərdi, qayğıları həmişə çox olmuş bu milləti qısa ömrü ərzində dəfələrlə könül dolusu sevindirmiş nadir vətəndaşlarımızdandır.  Banişevski qədər olmasa da, hər halda elə ona oxşar kimi bizləri iftixarlandıran, fərəhləndirən ayrı futbolçularımız da az olmadı. Onların hamısından Toliki üstün edən yalnız istedadı yox, həm də (və əslində ilk növbədə) bütün varlığıyla yaxşı Vətəndaş olması, sabit qədəmliyi, bu Vətənə minnətsiz bağlılığıdır.

Bəlkə indi çatdıracağım vurğulanması artıq olan bir cizgilər.  Belə də ola bilər ki, bunlar Tolikin iradəsindən tam asılı olmayaraq baş vermiş bəxt hadisələridir:  bacısı Lidiya azərbaycanlıya ərə getmişdi, Banişevskinin hər iki qızı  azərbaycanlılarla ailə həyatı qurdu, nəvələri Olya yox, Vanya yox, Saşa yox, Lalə oldu, Eldar oldu, Əli oldu. Və o, özü də ömrünün son parçasında azərbaycanlı xanımla nigaha girdi. (“azərbaycanlı” deyəndə ki, əlbəttə mən Azərbaycan türkünü nəzərdə tuturam, ona qalsa Tolik özü elə ən xalis azərbaycanlıydı).

Bəlkə də bütün bunlar tale təsadüfləridir. Ancaq  bu “təsadüflər” yığımının məhz Banişevskinin bəxtinə düşməsi mənə görə qətiyyən təsadüf deyil, bu Tolikin azərbaycançı içərisinin cazibəsiylə yaranmış zərurətlər, qanunauyğunluqlar sirasıdır.

…OMİK ki elə ilk gördüyündən Banişevskini bəyənmişdi, başladı top atmağa,  Toliki Moskvaya özlərinə tərəf çəkməyə.  Dünya şöhrətli Şesternyova bir sadədil uşaq heyranlığıyla baxaraq özünü itirən Tolya Banişevski nə qəribədir ki, elə həmin uşaq, yeniyetmə yaşlarından başlayaraq rastlaşdığı şirin vədlərə yağlı (həm də yetərincə gerçək) təkliflərə aldanmadı.

Axı ən azı cavan idi, daha artıq şöhrət də, daha artıq təminat da zahirən cəlb etməliydi onu. Uya da bilərdi bu boyunolmalara, gedə də bilərdi bu təkliflərin ardınca. Kim nə deyə bilərdi ona?

Çoxusu Moskvadan gələn o təkliflər cavabsız qalmasaydı olsun ki, Banişevskiyə istedadının daha vüsətli açılışı, bir şəxsiyyət olaraq dünyada daha artıq təsdiqi üçün qat-qat artıq metdan yaranardı, ona daha məsud bir gələcək” biçilərdi”.

Fərli dolanışığı olan bir həyat yaşamamış, yoxsulluqdan qəfilcə cah-cəlala çatmış gəncin onu bürüyən parıltıdan şaşırmaması, Vətənə, doğma Azərbaycanına bu etibarı gərək görk ola.

Çoxlarına –dili də, dini də, milliyyəti də bizimki olan, amma ruhca Banişevskinin onda biriycə bizimki ola bilməyən sıra-sıra yurddaşımıza gərək nümunə ola!

Yolunun lap başlanğıcında da, sonrakı idman ömrünün çeşidli aşırımlarında  da qıraqdan çox çağırdılar Banişevskini.

Getmədi!

Azərbaycana, Bakıya dönük çıxa bilmədi.

1990-cı ilin yanvarında, o müdhiş 19-undan 20-nə adlayan bədbəxt gecədən, Bakıya sovet tankları daraşan o qanlı gecədən sonra şayiələr yayıldı ki, Moskvanın bu zülmünə etiraz əlaməti olaraq xalq heyfini ruslardan ala bilər. Tələm-tələsik Bakıda yaşayıb-işləyən rus əsilli hərbiçi ailələrinin şəhərdən köçürülməsi bəd şaiyələrin gerçəkləşə biləcəyi ehtimallarını bir qədər də qüvvətləndirdi.

Panika içində Bakının köklü-keçmişli rus ailələrindən ev-eşiyini satıb gedənlər də oldu.

Qısa ömrü boyunca Anatoli Banişevskiyə ağız suladan vədlər verərək onu Bakıdan, Azərbaycandan uzaqlara çəkməyə çalışmışdılar.

İndi ölüm təhlükəsi, özünün, balalarının, əzizlərinin həyatlarına qarşı ola biləcək qəsdin vahiməsi onu Bakıdan, Azərbaycandan qırağa atmaqla hədələyirdi.

İnna xanım anır: ”Qorxunc şaiyələr gün-gündən artırdı. Qətiyyən inanmırdıq ki, bu ola bilər, bizə nəsə edərlər.

Amma haray-həşirlə tək-tək köçənlər vardı, ona görə də ən əvvəl uşaqlardan sarı narahatlığımız artırdı.

Bir gecə nəhayət çox tərəddüddən sonta ürəyimi Tolikə açdım ki, bəlkə biz də yığışaq Moskvaya.  Səni tanıyırlar, orda dostların çoxdur, hörmətin var, işsiz qalmazsan.

Banişevskinin rəngi boğulur.

Və bəlkə də həyatının ən vacib hesab etdiyi qərarını verir:”Axırı ölmək deyil?! Qoy tankla gəlib keçsinlər üstümdən. Məm buradan heç yerə gedən deyiləm.

Mən Bakısız yaşaya bilmərəm…”.                                 

…“Marakana”- dünyanın ən böyük stadionu, 220 min nəfərlik tutumu olan bu nəhəng  futbol tamaşaxanası vəcd içində dalğalanırdı. 54-cü dəqiqə idi və “sehrbazlar” öndəri Pele hesabı çatdırmışdı. 2:0-a.  Braziliya torsedoreslərinin-bəlkə də dünyadakı ən fanatik futbolsevərlərin hayqırışları stadionu titrədirdi.

Və 5-ci dəqiqə sonra möcüzə baş verir.  Növbəti qol vurulur.  Möcüzə qolun vurulmasında deyildi.

1965-ci ilin 22 noyabrında futbol Məkkəsində -Rio-de-Janeyroda baş verən möcüzə o idi ki, bir an içində bu boyda stadion, bu yekəlikdə insan dənizi cərəyanı kəsilmiş televizor kimi xırp susmuşdu və ağız deyəni qulaq eşitməyən stadion büsbütün adamsızmış kimi qəbirstanlıq sükutuna bənzəyən bir səssizliyə bürünmüşdü.

Brazilyalılar SSRİ yığmasıyla oynayırdılar.  Bu, yaxın aylardakı ikinci qarşılaşma idi, iyulun 4-də onlar sovetləri Moskvada 3:0 hesabı ilə ağır məğlubiyyətə uğradandan sonra braziliyalı futbol “sinoptikləri” növbəti görüşdə 6:0-lıq dağıdıcı qələbənin ciblərində olmasına şübhə belə etmirdilər.  Bu indi birdən-birə az qala mərkəzdən – aşağı-yuxarı 25-30 metrlik məsafədən – sovet komandasının hücumçusu kəllə ilə topu onların qapısından keçirmişdi  və bu zərbə ilə onları –azarkeşləri də, oyunçuları da necə karıxdırmışdısa, oyun bitənəcən özlərinə gələ bilmədilər. Həmin nakautedici kəllə matçın bitməsinə 5 dəqiqə qalanda Slava Metrevelinin vuracağı bərabərlik qolunun da təməlinə çevrildi.

Braziliya komandqasını müvazinətini itirməyə vadar edən o qola lent yazısında Azərbaycanda baxan insanların televizoru qucaqlayıb öpən neçəsi bu həyəcanlı yaşantısı barədə mənə şəxsən danışıb.

Futbol müntəxabatlarına düşəsi həmin qolu 19 yaşlı bakılı Anatoli Banişevski vurmuşdu.

O çağlar SSRİ yığmasının baş məşqçisi olan Nikolay Morozov Toliki komandaya, təlim-məşq toplanışlarına 5 ay əvvəl cəlb etmişdi, elə ilk dəfə də meydana brazilyalılara təmiz uduzmaqda olan Moskva oyununun ikinci hissəsində buraxmışdı. “Ayaqaçdısından” Pio-de-Janeyrodakı oyunacan ötən aralıqda artıq yığmada bir neçə dəfə qol sevinci dadmış Tolikçün bu qolun mənası tam başqa idi.

Braziliya qəzetləri o qolu onilliyin qolu adlandırmışlar.  Banışevski  üçün bu “ömrünün ən həlledici qolu”söylənirsə, yanlış çıxmaz.

Nağıllarımız hökmdarı müəyyənləşdirməkçün şah­lıq quşunun uçurulmasından, o uğur quşunun hərdən-birdən bəxti ayaq üstündə olan bir nəfəri seçərək başına qonmasından soraq verir.

Braziliyalıların tez-tez  işlətdiyi bir deyim var:  “Franqo”.  Hərfən çevrilərsə mənası “cücə udmaq”deməkdir.  Məcazi anlamda  bizim “xoruz buraxmaq” ifadəmizə yaxındır.  Brazilyada bu ifadəylə adətən komandaya baha başa gələn kobud səhvlər edən qapıçıları damğalayırlar.

O vaxt  “Marakana”da  brazilyalıların yaxşı mənada meymun kimi uçan qapıçısı Manqa (bilmirəm adama yaxşı mənada “meymun “demək nə dərəcədə dürüstdür. Hər halda meymun əcdadımız deyilsə də, nə qədər qohumumuz olduğundan bu bənzətmə təhqiramiz də qəbul edilməsin gərək) topu qaytarmışdı düz Banişevskiyə sarı və  bayaqdan pusquda duran Tolik də bu “hədiyyə”ni göydəcə qaparaq ayağınınkı qədər sərrast və güclü baş zərbəsiylə kosu Manqanın üzərindən göndərmişdi topa.

O topu Banişevskiyə sarı Manqa yönəltmişdi, ya Manqanın vasitəsiylə bu cavana səadət, şöhrət qapısı açmaq istəyən Tanrı?

Bunu bircə Allah bilir.

GƏNC   “QOCA”NİN   TƏSƏLLİSİ
Küy bütün SSRİ-yə düşdü.
Radio-televiziya danışırdı, qəzetlər yazırdı, cammat arasımda isə o yazılanların da üstünə beşqat əlavə edilərək “bəzədilmiş” qeybətlər dolaşırdı…..

İnsan taleyini qırmağı hədəf götürmüş bu hadisə barədə üstündən onillər sovuşandan sonra bir daha düşünərkən istər-istəməz qalmaqalın məqsədli şəkildə genişləndirildiyi, gizli bir qərəzlə bunca geniş çərçivədə yaydırıldığı qənaətinə gəlirəm.

Moskvadakı İdman Texniki Komissiyası vaxtaşırı sovet futbolçularının irili-xırdalı günahkarlarını müzakirə edərək qısa hesabatlarını mətbuata çıxarırdı.

Amma bu tənbeh az qala hər həftə oxumağa adət eləmiş yüngülvari qulaqburmalardan deyildi.

Cəza var ki, müalıcə üçündür, islah etməkdən ötrüdür.

Bu cəzanın isə məqsədi birmənalı şəkildə ev yıxmaqdan, cavan və istedadlı bir taleyi şikəst etməkdən ibarət idi.

Bu cəzanı sadəcə, idmançıya verilən ağır cəza da saymaq sadədillik olardı. Bu cəzalandırma əməliyyatının mayasında qərəzli siyasət gizlənmişdi.

Anatoli Banişevskinin başına gətirilənlərlə 1958-ci ilin mayında Eduard Strelsovun bədbəxt edilməsi mahiyyətcə oxşar qəsdlərdir.

1958-ci ildə Strelsovun 21 yaşı vardı və o, 3 il idi SSRİ yığmasının mərkəz hücumçusuydu. Strelsovu nə az, nə çox – Pele ilə müqayisə edirdilər. Dünyanın futbol meydanlarında göstərdiyi hünərlər sayəsində “xaric”rus ulduzunu tanımışdı.

Stelsovu qız zorlamaq üstündə həbsə alırlar və tezbazar 7 il iş kəsirlər.

Hadisədən 40 ildəndən də artıq bir vaxt keçəndə mahir futbolçudan bəhs edən ayrıca bir kitabda o cinayət işinin təfsilatları açıqlandı. Oxuduqca işin quramalığına şahid kəsilməmək olmur.  Sanki görünməz bir əl gedişatı idarə edir və Strelsovu xilas etmək istəyənlərin bütün cəhdləri boşa çıxır.  Hətta Strelsovla bir bağ evinə əylənməyə öz xoşuna getmiş (yəqin öyrədilərək məqsədli şəkildə göndərilmiş) qız son ucda necə dəyərli idmançının uçuruma onun vasitəsilə aşırılmasına futbolçunun xeyirxahları tərəfindən inandırıldiqdan sonra ərizə yazıb şikayətini geri götürsə də bunun bir isti-soyuğu olmur.  Gedən getməliydi!

Sovet zamanında idman, o sıradan ilk cərgələrdən birində futbol, dövlət siyasətinin tərkib hissəsiydi. Futbol meydanında qazanılan hər qələbə idmançılardan öncə dövlətin qələbəsi kimi qavranılırdı. Və SSRİ yığmasına Strelsov kimi son dərəcə gərəkli futbolçunu (işin içində başqa bir daha ciddi iş olmasaydı ), mütləq xilas edərdilər.

Hay-küy qalxsaydı belə onu elə yatızdırardılar ki,  yaxın ətrafdan əlavə başverənlərdən duyuq düşən olmazdı.

Deyir, guya Strelsova hansısa xarici komandaya köçməsi, hansısa xarici ölkəyə gedib qalması təklifi pıçıldanıbmış, bundan agah olunca onun nəinki xaricə, lap ölkənin içinə də azad yolunu biryolluq bağlamaq hökmünü veriblərmiş.

Strelsov ömrünün –bir insan kimi hər günündən zövq ala-ala yaşaycağıni gəncliyinin 7 qiymətli ilini, bir futbolçu kimi xariqılər yaratmaqçün tanrının ona ayırdığı vaxtınsa yetmiş faizini itirdi.

Elə bir o qədər də Banişevski itirdi.

Bu qəbil idmançıların təqsirkar sayılması üçün əsas həmişə olur –  özləri verirlər bəhanəni.

Erkən yaşda şöhrətin şirini dadan belə idmançılarda özündən razılıq da olur, ipə-sapa yatmazlıq da.  Amma adətən onların bütün şıltaqlıqlarını istedadlarına qurban edirlər. Görünür elə düzü də budur. Axı onlara sıravi  adam ölçüləriylə yanaşmaq haqdan deyil. Qabiliyyəti adi insanlardan bir neçə baş yüksək olanlardan məişətdə adi insan olmağı tələb etmək ədalətdəndirmi?  O hesabla onlar da bizdən istedadda özləri kimi olmağı istəməlidirlərmi?

Onlar sıravi olmadıqlarından gərək bütün yaxşı-yamanlarıyla, necə var elə qəbul edilsinlər.

Erkən parlamış Banişevskiyə “qarmaq atanlar” çox olmuşdu.  Kiyevin “Dinano”su da, Moskvanın “Spartak”ı və “Dinamo”su da, Ordu Mərkəz İdman Klubu da Banişevskini ovlamağa bir yox, bir neçə dəfə cəhdlər eləmişdi.

Kiyev “Dinamo”suna keçməməyi nəticə etibarı ilə onun özü üçün təhlükəli deyildisə də, Moskvaya qəti arxa çevirməsi xatalar vəd edirdi.

Bu qorxulu “vəd” doğuldu da!

Ən çox OMİK idi. Banişevskinin ardınca qaçan. Toliki heyətlərinə

 qatmaq üçün onların hüquqi əsası vardı. Neçəsini belə eləmişdilər-futbolçu orduya çağrılırdı və onu qatırdılar OMİK-ə.

Əvvəl istəmişdilər ki, Banişavskini də belə etsinlər.

Kazbek Tuayev söyləyir ki, bunun qabağını almaqçün Banışevskini Bakıda Daxili İşlər Nazirliyinin qoşunlarına daxil etdilər. Həm əsgərliyini çəkdi, həm də Müdafiə Nazirliyi sistemi olmadığından ordu bura qarışa bilmədi, həm də Tolik hərbi xidmətini keçə-keçə “Neftçi”də qalıb oynamağını davam etdirdi.

Adil Babayev xatırlayır ki, OMİK-in əsgərlik məsələsi ilə Toliki sıxışdırdığı vaxtlar idi.  Bir axşam Yaltaya uçmalıydıq. Hava limanında qəfilcə iki milis nəfəri yaxınlaşıb girdilər Tolikin qoluna. Çox pərişan olduq. Tolik bizi sakitləşdirdi ki, narahat olmayın. Siz gedin iki günə mən də gəlirəm.

Demə onun əsgərlik məsələsini sabaha qoymadan Bakıda-DİN-də həll etmək üçün saxlayıblarmış.

Banişevski ilə SSRİ yığmasında birgə çıxış etmiş, aralarında səmimi dostluq münasibətləri olan Aleksandr Ponomaryov da belə bir əhvalat söyləyib:”Bakıdakı oyunlarımızdan birindən sonra Tolik bizi bağa qonaq aparmışdı. Komandamızın rəhbərliyi Moskvada əla şərait, ev, indikinindən qat-qat artıq yü şan-şöhrət boyun olaraq Toliklə danışmağı mənə həvalə etmişdi.

Hər şeyi dedik ona, konkret gündə Moskvada görüş vaxtımızı da təyin elədik.

Gözlədik Tolik gəlib çıxmadı….”.

İnna xanım qayıdır ötən günlərə:  “Bir dəfə Moskvada Mir prospektində Tolik mənə uzaqdan qoşa pəncərələri göstərdi:  “Bax, mənə o mənzili verirdilər”….

…..1969-cu il idi. Stalin və guya ki, həm də stalinizm çoxdan ölüb getmişdi, zahirən başqa zəmanəydi, amma maşın ki, işləyirdi.  İnsanı cücü, qarışqa kimi aciz məxluq sayaraq ona zülm etməyin, onu alçaltmağın, onu zillətlərə mübtəla etməyin ən iblisanə sirlərinə beş barmağı kimi bələd olan, bunu bir elm səviyyəsində irəlilədib  cilalamış sovet sistemi sağ-salamat idi və hərdən-hərdən cızığından qırağa qədəm basanlara tərs üzünü göstərməyində davan edirdi.  Amma bu xəfiyyə dövlətin bir kütbeyinliyi də vardı ki, təzə üsullar axtarmırdı, onillərlə sınaqdan keçirmiş olduğu basmaqərib vasitələrdən yenə təkrar-təkrar istifadə edirdi, elə bu bəsit təkrarçılığı ilə də gizlədə bilmədiyi quyruğunu göstərmiş olurdu.

1969-cu ilin futbol mövsümü başlanırdı.  Anatoli Banişevski bəxt ulduzunun “mənəm-mənəm”çağındaydı. Vur-tut cəmi 23 yaşı vardı, dünya onu tanıyırdı və birdən-birə bu gənci hər şeydən məhrum elədilər.

Belə şeylər yalnız SSRİ kimi məhbəs dövlətlərdə, insanın dövlətdən yüz faizli əsaslı olduğu məmləkətdə baş verə bilərdi.

Sovetlər Banişevskinin nümunəsində sübut etdilər ki, Stalin repressiyalarınin bəlli vərdişləri dipdiridir, isbat etdilər ki, istənilən kəsi kimliyindən asılı olmayaraq bircə anda fəal həyatdan və tarix səhnəsindən biabırçiliqla silmək mümkündür (və kim Qurana əl bassa ki, həmin kütləvi hoydu-hoyduya götürməklə insanı hər şeydən bezdirmək vərdişini o köhnə sovet düşüncə tərzi ilə yaşadanların kökü yerli-dibli kəsilib, heç vəchlə inanmıram).

Beləliklə, 1969-cu ilin yazı idi, aprelin 4-də “Neftçi”Bakıda mövsümün ilk oyunu keçirilirdi və “Çernomores”lə qarşılaşırdı.

Birinci oyun idi, hələ futbolçular “qış yuxuçundan”yetərincə ayrılmamışdılar, hələ formaya düşənəcən çoxlarına çox oyun keçirtmək lazım idi, amma Banişevski əməlli-başlı seçilirdi.  Elə əvvəlki kimi, mövsümün ortalarında olan sayaq çevik idi, sürətli idi. Odessalı müdafiəçilərin onun qabağını kəsməkçün tez-tez yol verilməz kobud fəndlərə əl atmaqdan başqa çarəsi qalmırdı.

Və oyundan sonra qəribə bir qənbərqulu çıxır ortalığa. Guya Banişevski hakimin gözündən yayınaraq meydanda rəqib oyunçunu vurub.

Banişevskini tanıyanlaran hamısı bir ağızdan onun çox mülayim insan olduğunu təsdiqləyir. Bu xasiyyəti zavallının elə mehriban sifətində də cizgi-cizgi sezilməkdədir.  Lakin həyatda bəlkə kiminləsə mübahisə, evdə-ailədə doğmalarına qarşı cığallıq da edə bilərdisə, meydanda nəinki kobudluq etməzdi, əksinə heç ona qarşı kobudluqlara da cavab verən deyildi.

Bunu vaxtilə Toliklə oynamış indiki veteranların hamısı bir ağızdan təsdiqləyir. (İnna xanım danışır ki,bir dəfə Murtaz Xurtcilava Toliki yaman əzmişdi. Ona tapşırıq verilibmiş Toliki elə zədələsin ki,sonrakı bir neçə oyuna da çixa bilməsin.Dedim Murtaz səninlə yaxındır, yiğmada da bir yerdəsiniz, xarici səfərlərdə olmusunuz, özünə de görək axı niyə belə hərəkət elədi sənə qarşı.Qayıtdı ki,nə deyəcəm, onun təqsiri yoxdur, tapşırıblar eləyib).

“Neftçi” “Çernomeries”i 2:0 yenir.

Meydanda Banişevskiyə nə xəbərdarlıq edilir, nə bir irad tutulur.

Matçdan sonra isə protokolda yazılır ki, guya Banişevski rəqib oyunçuya yumruq atıb. Və əlüstü Moskva-İdman Texniki Komissiyası qəraq çıxarır ki, Banişevski birinci dövrənin axırınacan şərti olaraq diskvalifikasiya edilsin.

Bu gözlənilməz qərar Bakıda təəccüb doğursa da, bir tərəfdən mübahisə etməyin bihudəliyini, o biri yandan cəza qərarının şərtiliyini nəzərə alaraq o qədər də dərinə getmir, bənd olmurlar-iş ondadır ki, Banişevski bu qərara görə qarşıdakı oyunlarda iştirak haqqından məhrum edilmirdi. İşdi-şayət birinci dövrənin axırınacan yenə buna bənzər bir qüsuru olsaydı, onda cəza avtomatik işə düşəcəkdi.

Ona görə də Banişevski arxayınca şempionatı davam etdirir.  Amma sən demə cəzanın üzdən belə yüngülvari görünməsi tələymiş, daha ciddi tədbirə hazırlıqmış.

Əsl həngamə bir ay sonra baş verir. 1969-cu ilin 22 mayında SSRİ Futbol Federasiyasının İdman Texniki Komissiyasında baxılır məsələyə.  Bakıdan “Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərovu və komandanın rəisi Rauf Adıgözəlovu da dəvət edirlər yığıncağa.  SSRİ Nazirlər Soveti yanında Ümumittifaq Bədən tərbiyəsi və İdman Komitəsi Anataoli Banişevskini nalayüq hərəkətlərə, əyyaşlığa, kobudluğa, intizamsızlığa gö­rə idman ustası və beynəlxalq dərəcəli idman ustası adlarından məhrum edir. Amma Banlşevski tək deyildi – B.Semiqlazov, və B. Bruxti də eyni cəzaya məhkum idilər.  Hökümsə bununla bitmirdi. Komitə Banişevski və Semiqlazova “A” və “B” qruplarında ölkə çempionatlarının oyunlarında iki il ərzində iştirakı da yasaq edirdi. İdman Texniki Komissiyası isə cəzanı bir az da qəlizləşdirir. Azərbaycan Futbol Federasiyasının Banişevski və Semiqlazova idman formasını tamam itirmək üçün heç olmazsa Bakı və respublika çempionatı oyunlarında iştirakına icazə verilməsi xahişini də rədd edir: ”Onlar yalnız günahlarını istehsalatda çalışraq namuslu əməklə yuduqdan və həmin kollektivin müsbət zəmanətini gətirdikdən sonra şəhər və respublika yarışlarında iştiraka buraxılmayacaqlar”.

Bu bəd xəbəri 1969-un 24 mayında Azərbaycan oxucusuna bizim “İdman”qəzeti çatdırırdı. Lakin məqsəd Banişevskini əzib suyunu çıxarmaq, onu diri-diri “öldürmək” idi.  Demək, bir “İdman”la mərəkəni soyutmaq olmazdı.

Total ifşa maşını tam gücüylə hərəkətə gəlməliydi.

Mayın 26-da “Futbol-Xokkey”qəzetində B.Bino­ku­­­rovun Banişevski qəziyyəsi ilə bağlı “İclasdan  qeydlər” rubrikası altında “Bir tarixçənin dərsləri”adlı məqaləsi dərc edilir.

“Bu iclas qeyri-adi idi. Yalnız ona görə yox ki, idman-texniki komissiyası artıq günahın və cəzanın səviyyəsini müəyyənləşdirməməli idi.  Həm də ona görə ki, əsas günühkarlar yox idilər. Onları sadəcə olaraq çağırmamışdılar.  Banişevski ilə Semiqlazovun işi təmamilə aydındır”. Azad uçuş”onları tam fəlakətə gətirib çixarmış, “paraşüt açılmamışdır”.

Əslində, qaydaya , ənənəyə görə məhz məsələyə əvvəl idman –texniki komissiyası baxmalı və onun təqdimatı əsasında daha yuxarı instansiya qərar çıxarmalıydı. Banişevskigilin məsələsində isə tərsinə olmuşdu. Yuxarıdan qərar hazır gəlmişdi, “başlar kəsilməliydi”.

Baxın ki, tale yüklu məsələ müzakirə edilir, tale yiyəsini dəvət etməyi belə lazım görmürlər.

Komandanın digər üzvlərini, kollektivin rəhbər­lərini yığmışdılar Moskvaya, haqqında söz deyilənlərin elə üstündən bəri başdan xətt çəkmişdilər. Maraqlı deyildi günahkarlar nə cavab verəcək.

Məqsəd-araşdırmaq yox, basıb xurd-xəşil elə­məkdi.

“Axı siz bütün bunlara necə dözürdünüz, axı necə olub ki, siz az qala öz dırnaqarası ulduzlarınızın xidmət personalına çevrilmisiniz?” ,- sualına futbolçular cavab verə bilmədilər. Yeri gəlmişkən –onlar ümumiyyətlə təəssüf ki, susmaqla yaxalarını qırağa çəkirdilər”.

İstəyirlər ki, yoldaşları, dostları susmasın. Banişevskini bir ağızdan onlar ifşa etsinlər. Bu da sovet iclaslarının dayanıqlı məziyyətlərindən idi….

..Amma “Futbol-Xokkey”in məqaləsi “Sovetski-sport”da çıxan yazıyla müqayisədə toya getməliymiş. Zurnanın yekəsi bunun arxasınca pilənəcəkmiş.

“Sovetski sport”dan Bakıya gələn muxbir keçmiş futbolçu idi—Viktor   Penedelnik.

Banişevski yığmada onun yerini tutmuşdu.  Elə zahirlərində də oxşarlıq vardı və Ponedelniki özünə ideal saydığını Tolik müsahibələrində də əvvəllər etiraf etmişdi.

Biləndə ki, onun başına gələnlər barədə yazmaqçün Bakıya Ponedelnik gəlir, Banişevski çox sevinir.  Düşünür ki, hər halda faydası olar bu yazının.  Aeroportda ona   öz maşınında qarşılayır, onu evinə aparır, Qafqaza, Azərbaycana xas qonaqpərvərliyin bütün qaydalarıyla Bakıda olduğu müddətdə Ponedelnikə qulluq edir.

Və 1969-cu il “Sovetski sport”da V. Ponedelnikin “Murdar əhvalat”ünvanlı iri məqaləsi dərc edilir. Məqaləyə müqəddimə olaraq “zəhmətkeş məktubları” verilmişdi. Rejimin adətlərindən idi ki, belə yıxıcı işlərinə “xalqın səsi”ni də qatsın.

Xarkov vilayətində yaşayan və hambal işləyən (özü peşəsini belə göstərib:”qruzçik”) V.Qanin Banişevskinin törətdiyi xuliqanlığı eşidəndə sən demə çox hiddətlənibmiş və evində rahat yata bilsin deyə ürəyini kağıza boşaldıb. Dostlarının da adından yazır ki, İdman Komitəsi tərəfindən Banişevski və Semiqlazovun diskvalifikasiyanı təqdir edir, onların idman ustası adlarının ləvğ edilməsinə də möhkım şad olub.

Çerniqov vilayətindən İvanov, Kuybişev vilayətindən Sergeyev, Çelyabinsk vilayətindən  Jelaznyov, Sverdlovski vilayətindən Pevlenin, Aktübinskidən Pançenko, eləcə də mənzərə lap dolğun olsun deyə, Azərbaycandan Quliyev, Rostov vilayətindən Bayramov da aqressiv yekdilliklə redaksiyaya kin və qəzəb dolu məktublar “yollayıblarmış”və xalqın bu etirazlarından sonra SSRİ-nin baş idman qəzetı necə “münasibət bildirməyəydi”, Bakıya necə muxbir göndərməyəydi?

İndiki dövr deyil ki,sayı biinməyən qəzet bolluğu olsun və sənin haqqında bu gün latayır bir söz yazılanda sabah mətbuatın növbəti gur axını onun təsirini soyutsun, insanların düqqəti başqa inttriqalı yazılara yönəlsin .

Sovet dövrü idi, barmaqla sayılacaq qədər az qəzet vardı və Moskva mətbuatında məşhur azərbaycanlı haqqında dərc edilən “bomba”məqalə bir neçə ay, bəlkə də daha çox, əks-sədası eşidiləcək söz-sov, müzakirələr demək idi. Və təbii, dövrün qaydası bu idi ki, rəsmi dairələr gərək tənqidi yazıya reaksiya verərdilər, tədbirlər görəydilər.

Nələr vardı. Banişevskinin həsrətlə dərcini gözlədiyi və kumirindən havadarlıq umduğu məqalədə?

“Banişevski özünə hayıl-mayıl olan, yalnız öz tamahkar niyyətlərinin qeydinə qalan, ancaq öz müvəffəqiyyətləri haqqında düşünən bir adammış. Təriflər onu ruhlandırmaq əvəzinə korlayırmış.

…22 yaşlı bakılı mərkəz hücumçusu öz üzərində nəzarəti itirmiş, tədricən sönmüş, hətta doğma klubunda belə oyun ritmindən geridə qalmışdır. Başlanıb məşqlərə gəlməmək, gecikmələr, Semiqlazov və ona bənzərlərlə içki məclislərində əyyaşlıq.Təhsili də atıb.

Banişevskinin öz curu ilə alkoqol dumanında aradığı sevinc qara qəpiyə dəyməz.

…Smolnikov, Stekolnikov, Şevcenko, Mirzoyan, Əlizadə onlardan bağırtı və yekəxana münasibətdən savayı xoş bir rəftar görməyiblər”.

Banişevskini futboldan rəsmən ayırmışdılar”.

Titullarını əlindən almışdılar.  Faktik olaraq işsiz idi.  Məşhur adamdan sıravi bir vətəndaşa çevrilmişdi. Və 23 yaşlı gənc idi o.  Bu yaşda bütün bunları yaşamaq çox ağırdır.

V. Ponedelnikin məqaləsi onu sarsıdır.  Dünən səninlə yeyib-içən, şərəfinə bər-bəzəkli sözlər deyən, dərin hörmət bəslədiyin bir adamın gedib bu cür böhtançı,düşmən ovqatlı yazı qələmə alması həyatı bütün amansızlığı və riyası ilə Tolikə ilk dəfə çılpaqlığıyla nümayiş etdirir.

(Ən dəhşətlisi odur ki, Ponedelnik bunu elə normal hal kimi qəbul edirmiş. Üstündən illər ötəndən sonra o, Banişevskiyə:  “Gərək sən məndən inciməyəsən .O cür tapşırıq   almışdım, o cür də yazmalıydım “,- demişdi.

Amma bu etirafa hələ çox qalıb…).

V. Ponedelnikin gül qələmindən dürlər tökülürdü:  “Belə bir söz var – “xəyanətkar”.  Yiğcam və birbaşa hədəfə vuran söz. Mən bu sözü dilə gətirməyə qorxuram.  Banişevski və Semiqlazov öz yoldaşlarına xain çıxıblar, öz kollektivlərinə xəyanət ediblər.  Nəticə etibarı ilə komandalarının çempionatdakı iştirakını pozublar”.

Bu məqalə yazılmamış bir qanunla sətirlər arasından  Banişevski ilə bağlı əlavə tədbirlər görməyi təklif edirdı. V.Ponedelnik elə sözarası Banişevskinin Bakı aeroportunda “qar kimi ağappaq”  “Volqa”sının əyləcindən qopan viyiltıdan bəhs etmişdi (Bruxti indi də əsəbləşir:”  Gözündən gəlsin, səhərdən axşamacan Tolikin maşınında gəzirdi. Yalançılığını burdan götürün ki,  maşının rəngini də o biri ağ yalanlar kimi səhv yazıb. Tolikin “Volqa”sı xardal rəngindəydi”).

Tolikə növbəsiz verilmiş (amma havayı yox, öz halalca puluyla) maşınını da, qarajını da bu yazıdan sonra əlindən alırlar.

Ömrü zəhərləməyə başlamışdılar, gərək dibəcən gedəydilər.

Bakılı məmurlar Banişevskinin təhsil məsələsi ilə də maraqlanırlar.  Bəlli olur ki, oxuduğu Xalq Təsərrüfatı İstitutunu atmayıb, sadəcə, dərsə getmir.

Aydın məsələdir ki, o vaxtlar idmançıların təhsil almaları xeyli dərəcədə formal səciyyəli idi. Elə adları siyahıda olurdu. Qiymətləri mexaniki yazırdılar.

Göstəriş verirlər ki, dərsə gəlmirsə, qaibi çoxdursa, xaric edin getsin işinin dalınca!

Tolikin qanının arasına bu yerdə Ələkbər Məmmədov girir. O vaxt Ələkbər müəllim Xalq Təsərrüfatı İnstitutunun idman kafedrasının müdiriymiş. Rektorla danışır, birtəhər yola gətirir ki, onsuz da Banişevskiyə olan olub, qovmayın,  keçirdin qiyabiyə, dərsə gəlməmək məsələsi də öz-özünə həll edilsin.

…Yaxşı, bunca şişirdilən o “murdar”əhvalat necə olmuşdu?

Canlı şahid Vladimir Bruxtidən kəlbətinlə çəkirəm sözləri. Bu iyrəncikləri 30 il sonra da anmaq ürək bulandırır.

Bakıda Rostovun Oik-i ilə oynayıblarmış.

Ordu komandası oyundan  sonra gedir evə, rostovluların qapıçısı-Banişevskinin, Bruxtinin, Semiqlazovun, Kramarenkonun köhnə dostu Lev Kudasov bir gün artıq qalır Bakıda.

Ertəsi gün “neftçilər”Kudasovu yola salmaqçün aeroporta gətirirlər. Yaxşı yeyib-içiblərmiş, baxırlar ki, hələ təyyarə ləngiyir, girirlər aeroportun restoranına, bir az da orada üstünü düzəldirlər.

Kudasov gözü tutan bir xanımın da ona çox baxdığını görür, köşkdən bir dəstə gül alıb yaxınlaşır qadına,  xanım çımxırır, ikrahla onun əlini geri itələyir. Özü Kudasova yaxınlaşması üçün əsas vermiş xanımın belə hərəkəti, dostunun, qonağının pərt edilməsi Tolikə yer eləyir, gül dəstəsini Kudasovdan alıb atır xanımın üstünə. Qız qara-qışqırıq salır, ara qızışır, milis yaxınlaşır…….

Durduqları yerdə düşüblər zibilə.

Kramarenkonun işi olduğundan erkən gedibmiş aeroportdan. Smolnikov da uşaqları maşında gözləyirmiş – ona görə də bu qalmaqalda adları hallandırılmır.

Danışırlar ki, guya o xanım çox yüksək vəzifə tutan bir şəxsin qohumuymuş, ona görə də belə sərt rəftar edirlər Banişevskigillə.  Boş sözdür. Moskvanın Banişevski ilə bağlı xüsusi canfəşanlığı bu cür zəif ehtimalları dərhal rədd edir.

Belə bir zənnə də düşənlər var—guya Bakının bu işdə marağı varmış ki, Banişevski Azərbaycandan kənara getməsin.

Bu da lax gümandır .

Bakı rəsmiləri gözəlcə bilirdilər ki, Tolikə çox təkliflər edilib, heç birinə də uymayıb, hamısına rədd cavabı verib.

Bu fərziyyələr çaşdırıcı görüntülərdir, bəlkə də qəsdən buraxılmış şayiələrdir. Kələfin ucu Moskvada idi.

Adicə bir sübut.  Elə o arada Valeri  Haciyevin cəzalandırılması vasitəsilə Bakı Moskvaya müraciət etmişdi. Qəribədir ki, Banişevskigilin məsələsində xüsusi fəallıq göstərən İdman Texniki Komossiyası, SSRİ Futbol Federsiyası bu müraciəti heç müzakirəyə çıxarmamışdı.

Və Valeri Haciyev başlamışdı Moskva “Dina­mo”sunda oynamağa.

Semiqlazov bir ara OMİK-in maykasını geymişdi. 1862-1964-də əsgərlik adıyla onu aparmışdılar bu komandaya. İlk bürünc medalını da elə orada almışdı. Amma medal da Moskvadakı uğurlu gələcəyi haqda “qızıl dağ” vədləri də onu yoldan çıxara bilməmişdi.  Hərbi xidmət müddəti bitincə Moskvanı tərk etmişdi, qayıtmışdı doğma Bakısına. Və sonra da dəvətçilər az olmamışdı.  Semiqlazov heç birinə üz göstərməmişdi.

Heyflər ki, futbol taleyi daşlı-kəsəkli olmuş Vyaçeslav Semiqlazovu,  milli futbolumuzun bu etibarlı balasını da erkən itirdik. 1975-də 54 yaşındaykən. 

1969-cu ilin o mənhus yayında, sarsıntı sarsıntı dalıyca ruhunu əzdiyi çağlarda, həyatının mənası olan futbolsuz qalanda bəlkə də Banişevski ömründə ilk dəfə tam aydınlığı ilə futbolun onunçün nə qədər əziz olduğunu dərk etdi.

Bu nigaran günlərində sınıq qəlbinə ən şəfalı məlhəmisə yenə nəcibliyi və xeyirxahlığına baş əydiyim Ələkbər Məmmədov etdi.

Ələkbər müəllim Azərbaycan futbolunun veteranlarını toplayaraq vaxtaşırı maraqlı oyunlar təşkil edirdı.

Banişevskiyə bütün rəsmi yarışlarda iştirakı yasaq etmişdilər, ala biləcəkləri hər şeyi ondan almışdılar, amma şərəfli keçmişləri olan Azərbaycan futbolu veteranları ilə bir komanda oynamağı ona kimsə qadağan etməmişdi, edə də bilməzdi.

Bu komandanın kopitanı Ələkbər Məmmədov idi.

Banişevski SSRİ yığmasının ən gənc hücumçularından biri olmuşdu.

Amma ondan əvvəl də, sonra da bu yaşda yığmaya düşənlər oldu.

Azərbaycanın veteranlarından ibarət yığmasında isə onun yaşında “qoca” nə olmuşdu, nə olacaq.

Banişevski veteranlarla oynayırdı və onun 23 yaşı vardı.

Banişevskinin 23 yaşı vardı və Pele, Qarrinça, Eysebio, Bekkenbayer, Yaşin……kimi dünya futbol ulduzları ilə Yer kürəsinin ən nəhəng stadionlarında dünənəcən üzbəüz olan bu gənc üçün indi ayda-ildə bir kərə Lənkəranın, Mingəçevirin, Sumqayıtın həndir-hamar torpaq stadionlarında saç-saqaqlı ağarmış, keçmiş Azərbaycan futbolçuları ilə oynamaq ən böyük təsəlli idi…….

ÖMÜR,   KEÇƏN  GÜN DEYİL
O il Tolikin zirvəsiydi.
 Uğur-uğur dalınca gəlirdı.
1966-da Banişevski dünya çenpionatında bürünc medal aldı.

Bu, SSRİ yığmasının yer üzündəki idman yarışlarının ən mötəbəri sayılan futbol üzrə dünya çempionatında ilk və son medalı idi.

Həmin il “Neftçi”öz tarixində ilk və son dəfə SSRİ çempionatlarındakı ən yüksək nəticəni əldə etdi. Üçüncü yeri götürdü.

Və  66-nın  9 dekabrında “Neftçi”və SSRİ-nin 9 nömrəlisi Anatoli Banişevskinin toyu oldu.

Amma 66 və ümumiyyətlə, 60-cı illər SSRİ-də futbolun bəlkə də ən parlaq, sovet futbolununsa dünyada özünü tam təsdiq edən illəri idi.

Sovet adamı, o cümlədən Azərbaycan insanı futbola vurğundu.

Futbolu dünyanın harasında sevmirlər ki!

Amma sovet rejimi kimi qapalı bir cəmiyyətdə insanların futbola aludəliyində tamam başqa çalar-siyasi dalğa, vətəndaşların ruh azadlığının ifadəsi də olmamış deyildi.

Stadion o yer idi ki, sovet insanı orada az-şox sərbəst idi, istədiyi qədər qışqıra, hətta ürəyini boşaltmaqçün söyüş söyə, kiməsə məhəbbətini, kiməsə nifrətini açıqca dilə gətirə bilirdi. Bir növ bu, insanların içərisinə yığılan buxarın buraxılması idi.

Altmışıncı illərdə sovet cəmiyyətində getdikcə artmağa başlayan sərbəstlik, çərçivəsi müəyyən qədər genişləşən ifadə asudəliyi futbolun bu baxımdan onsuz da gen olan imkanlarını bir az da artırdı.

Azərbaycanda futbol məişətin, gündəlik həyatın, insanlarımizin bir parçasına çevrildi.

Qətiyyən təsadüfi deyil ki, məhz o illərdə futbol ədəbiyyatımıza gəldi, Seyfəddin Dağlının futbol mövzulu povesti işıq üzü gördü, bəstəkarlarımız futbola həsr edilən ilk mahnılarını bəstələdilər, Bəşir Səfəroğlu məşhur “Gəlməli, görməli,gülməli”məzhəkə teatrının bir neçə miniatürünü futbolla bağladı.

Və məşhur futbolçular oldular hamınınkı.

Banişevskini SSRİ-nin hər yerində tanıyırdılar, ona rəğbət bəsləyirdilər.

Ancaq azərbaycanlıların ona sevgisi büsbütün başqa idi. O illərdə Azərbaycanda bu eloğlunun üzünə açiq olmayacaq qapı yox idi.  Günün istənilən saatında Banişevski Azərbaycanın istənilən darvazasını döysəydi, həmin ailə özünü ən xoşbəxt sanardı.

Futbolun cəmiyyətə təsir gücü ola biləcəyini hələ orta əsrlərdə sezən bir para Avropa hökm sahiblərinin bu oyunu niyə sıxışdırmasının hikməti adama indi-indi aydın olur.

Tarixin təxminən dibinə çökmüş kimi uzaqda qalmış 1314-cü il aprelin 13-də İngiltərədə İkinci Elvard ictimai asayışə ciddi zərbə vura biləcək futbolu qadağan etmiş, bu yasağı pozanlara həbs cəzası müəyyənləşdirmişdi.

Bununla bitməmişdi.Yasaqlara baxmayaraq futbol yenə də dirçəlmişdi və 1349-cu ildə Üçüncü Edvard şeriflərə hökm vermişd ki,” bu dəliqanlı  əyləncəni” yığışdırsınlar .

1389-cu ildə İkinci Riçard baltanı lap kökdən vurdu-futbol oynamaq qadağasını pozanlara ölüm cəzası müəyyənləşdirdi.

Zamansa keçirdi. Yeni dövrlərin yeni hökmdarları yeni-yeni yasaq fərmanları imzalayırdılar. …

Futbolsa ölmədi, dözdü, maneələri aşdı və yaşadı.

Futbola qoyulan bu yasaqlar azad ruhun ifadəsi olan caz musiqisinə zaman-zaman edilmiş basqilara bənzərdir.

Əcaib qanunauyğunluqdur. Cazda da, futbolda da bəlalar ən parlaqları daim qarabaqara izləyib və cazda da, futbolda da erkən dahilərin ömürləri qısa, həm də çox zaman faciəli olub.

Nədir bu sirr?

66 Banişevskinin zirvəsi idi. Bu sonra bilindi.  Bu sonrakı illərdən göründü. O vaxtsa bunu yalnız başlanğıc, daha böyük zəfərlərin müqəddiməsi sayırdı hamı. Axı Tolikin 20 yaşı  vardı.

Tolik evdə danışıbmış ki,SSRİ yığmasını London çempionatına aparan təyyarə elə havadaykən mühərriklərdən biri sıradan çıxıbmış. Ölim gəlib durubmuş qaşla-gözün arasında.

Və  sovuşubmuş  ölüm (1979-da “Paxtakor”un növbəti oyuna uçan heyətinə isə bəxt güzəşt etməmişdi. Hamısı həlak olmuşdular) .

Həmin 60-cı illərdə Kiyev “Dinomo”sunu SSRİ-nin və Avropanın ən güclü kulublarından birinə çevirmiş istadadlı məşqçi V. Maslov bir müsahibəsində qolu “kiçik möcüzə” adlandırmışdı.

Düz deyib.  Amma qol var, qol var. Elə qollar olur ki, onları “böyük möcüzə adlandırsan haqlı çıxarsan. Lakin orası düppədüzdür ki, hər halda istənilən qolda mütləq möcüzə izi var. İnsanın içərisini lərzəyə sala bilən, onu bircə anda sevinməyə, qorxmağa,bağırmağa, dərdlənməyə vadar etməyə qadir olan hadisəyə “möcüzə “ deməyib nə söyləyəsən?

Banişevski möcüzələr yaratmağın ustası idi.

Bir-birindən gözəl qolları.

Gözünün qabağından toplar uçur—onun qolları.

Azərbaycanın stajlı azərkeşlərinin çoxu Banişevskinin şox qallarını bütün təfərrüatlarıyla dəqiqəsinə qədər dəqiqliklə xatırlayırlar.

Əlbəttə, qolsuz oyunlar da olur. Olur ki, heç hesab açılmir, oyundan ləzzət də alırsan.  Lakin istənilən halda qolsuz oyun o dadı vermir. Qolsuz futbol qadınsız film kimi yarımçıq təsir buraxır.

İlf və Petrovun qanadlı sözlərindən biri də budur ki, ststistika hər şeyi bilir.

Hər şeyi bilən (amma bəzən bildiyinin çoxunu gizlədən) quru statistikanı istedadlı adam şairanə də edə bilərmiş.

Məşhur Sergey Yeseninin oğlu Konstantin statistik idi. Futbol staristiki. Atasının şairlik vergisinin ona da irsən qismət olduğunu inanmaqçün Konstantin Yeseninin futbola həsr edilmişvə cılxa rəqəmlərdən ibarət istənilən yazısını oxumaq yetərli idi.  Ən böyük xidməti isə bu oldu ki, yox yerdən bir klub yaratdı. Və o klubu yaratmaqla SSRİ-də möcüzələrin artmasına təkan verdi.

Əfsanəvi Moskva futbolçusu Qriqori Fedotovun adıyla ünvanlandığı o rəmzi kluba K.Yesenin SSRİ çempionatlarında və SSRİ yığmaları tərkibində azı 100 qol vuran futboçunu daxil edirdi.  K. Yeseninin bu kəşfi SSRİ-nin ən ünlü möcüzə yaradanlarını-mahir qol vuranlarını bir daha şərəfləndirir, hər kəsə yaxından tanıdırdı. Bundan əlavə, ixtiyari də olsa,belə bir klubun, belə bir yarışın varlığı həmin sanballı siyahıya düşmək girəvəsi olanları səylərini artırmağa cəhdlərini çoxaltmağa sövq edirdi.  Bizdən o kluba – həmin möcüzəçilər zümrəsinə daxil edilən tək futbolçu Banişevski oldu.

1965. Pirey. Yunanıstan yığmasını SSRİ yığması 4:1 yenir. Bir – birindən cazibəli 3 qolun altında bir imza var – Banişevski.

Urqvay, Braziliya, Fransa, Argentina, Yuqoslaviya, Uels, Finlandiya…. yığmalarının şöhrətli qapıçıları suyu süzülə-süzülə toru içəridən titrədən topu seyr edir.

Bais Banişevskidir.

Amma Banişevski Fedatov klubuna da üzv olmaya bilərdi.

1969 – da qovlandı futboldan. Həyatı tam ayrı bir səmtdə  – futbolsuz davam etməliydi.  Lakin 1971 – də onun daimi xilaskarı  Ələkbər Məmmədov “Neftçi”yə baş məşqçi gəldi və Toliki futbola da qaytardı. “Neftçi”nin əsas heyətinə də gətirdi.

Amma artıq “Neftçi”nin ağır günləri başlamışdı. 69 – da Banişevski diskvalifikasiya ediləndən sonra Boqdanov, Hacıyev, Tuayev başqa komandalara keçmişdilər. 70 – də Adil və Yaşar Babayevlər butslarını çıxarmışdılar.

Əli Rəhmanovla, Eduard Markarov “qızıl məsələsi”ndə ilişdilər. Əlini tutdular. Markarov qaçıb getdi Yerevana. Danışırlar ki, “Ararat”da oynayacağı təqdirdə Yerevan  Markarovu xilas etməyi götürür boynuna (Markarovun “Neftçi”yə o xəyanəti Mark Peyzelin 1971 – də “İdman”da çıxmış “Futbol meşşanı”yazısında üstörtülü də olsa əksini tapıb).

1792 – də Banişevski Fedotov klubunun lap kandarındaydı. Qolllarının sayı 90 – na çatmışdı.

Lakin qismət deyilmiş. O rəmzi kluba adının qeydə alınması üçün gərək qolları yüksək liqada  vuraydın, birinci dəstədəkilər sayılmırdı. “Neftçi” isə fəlakət astanasındaydı.

69 – dakı qovulmadan  sonra futbola təzədən qayıtmış Banişevskini SSRİ yığması da yenidən sıralarına çağırmışdı,  amma 1972 – də Avtopa şempionatının finalında bitinci yox, ikinci yeri tutanda komandada kimlərisə cəzalandırmaq lazım gəldi və günahın çoxunu yıxdılar Tolikin boynuna.

Yenə SSRİ yığmasından uzaqlaşdırdılar onu.

Finalda sovet komandası Helmut Şönün baş məşqçisi olduğu Almaniya Federativ Respublikası komandasına 3:0 uduzmuşdu. Başqa cür də mümkün deyildi. Almanlar müqayisəedilməz dərəcədə güclüydülər.  Moskva isə “SSRİ uduzmaz” deyirdi.

Əslində dili başına bəla gətirmişdi Tolikin.

Belçikada keçirilən və məğlubiyyətlə bitən final oyundan dərhal sonra yüksək vəzifəli bir Kreml çinovniki gəlir soyunub – geyinmə otağına, dişinin dibindən çıxanları əndərir futbolçulara, Tolik də dözməyərək : ”Belə asandırsa, çıxıb özünüz oynayardınız “, – deyir.

Bu danqazlığı da taleyini həll edir.

…Uğursuzluq zolağı isə bitmirdi.

1972 – də “Neftçi”nin digər itkilərinə bu da əlavə olunur ki, Kramarenko ilə Semiqlazov disvalifikasiya edilirlər.

Komanda lap heydən düşür və yüksək liqanı tərk edir.

1973 – də Baniçevski 27 yaşın içindəydi, hələ əsl oynayası vaxtları idi.

Başqa komandaya keçmək istəmir.

Birinci liqada oynamaq da onunçün daha maraq kəsb etmirdi. Və ən mühümü –“Neftçi”də onu işarədən anlayan, oynayıb isinişdiyi partnyorları yox idi.

İlham sönmüşdü artıq.

Futbola “əlvida”deyir.

Tərk edir idmanı.

Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi, diplomu vardı və “Azneftkəşfiyyat”ın “Qaradağneft” idarəsində mühəndis – iqtisadşı vəzifəsinə işə düzəlir.  Ərzaq təhçizatı məsələləri ilə məşğul olur və futbolçu şöhrəti ona defisit əyyamlarında kifayət qədər uğurlu ərzaq təhcizatı aparmaqda xeyli kömək edir.

Həmişə şəkisi 76 kiloqram olmuşdu.

Futboldan aralanandan 7 – 8 ay sonra 15 kilo əlavə çəki yığır, qarın  bağlayır.

Və il yarım sonra “Neftçi”onu çağırır: ”Lazımsan, gəl.  Nəyin bahasına olursa – olsun yüksək liqaya qayıtmalıyıq.  Sənsiz mümkün deyil”.

Bu artıq şərəf məsələsi idi.

Banişevski qayıdır.

“Neftçi”yə və Azərbaycana növbəti dəfə borcunu vermək üçün qayıdır.

1976 – cı il idi.

Banişevski daha  əvvəlki kimi qaça bilmirdi.  Qabaqkı plastikası yox idi. Tez yorulurdu.  Amma ustalıq yerindəydi. Hər oyunda da 2-3 rəqib onun böyrünü kəsdirirdi.

Və 77-də “Neftçi” təzədən qayıdır yüksək liqaya.

Yarıbayarı Banişevskinin xidməti idi.

Bu yalnız futbol məsələsi deyildi.

Bu qayıdışın siyasi, milli mənası vardı.

Bu Azərbaycanın qüruru məsələsi idi.

Və o qürurun hifs olunmasında, ləyaqətimizin dikəlməsində Tolikin zəhmətləri əvəzsiz idi.

“Neftçi”təzədən qayıtmışdı yüksək  liqaya.

Son 2 ildə birinci dəstədə vurduğu qollar kov deyildi.  Fedotov klubuna aparan yoldakı 90 qolu 1972-də donan idi,  azı daha 10 qol vurmalıydı.

İndi isə bu prinsip məsələsi idi.

Yaşı 32 idi.

Artıq gerçəkdən oyunçu olaraq futbolla xudafizləşmək məqamı yetişmişdi. Amma Tolik son sözünü deməliydi.  Böyüklüyünə yaraşan tərzlə getməliydı. Möcüzələrin sayını yuvarlaq 100 -ə çatdırmalıydı.  Bir daha sübut etməliydi ki, mən mənəm.

1978 – ci ilin noyabrında Banişevski 100-ün tamamlanması üçün gərək olan son 2 qolu “Dnepr”in qapısından keçirdi.

Və az sonra Banişevski “Neftçi”nin geyimində meydana axırıncı dəfə çıxdı.

Moskva “Dinamo”su ilə oynayırdılar.

Topa ilk zərbəni Tolik vurdu.

Və Banişevski üçün oyun bitdi……

….Asim Xudiyev, Tofiq Abbasov, Səməd Qurbanov….onu çiyinlərində ararırdılar.

Komanda yoldaşları…..mübarizə yoldaşları onu başları üzərinə qaldırmışdılar.

Respublika stadionu uğuldayırdı.

Bu cür kəsilməz alqışları Banişevski ən gözəl qollarını vuranda eşitmişdi.

Tribunalarda gözlərinin yaşını silənlər, qəhərlənənlər çox idi.

Əlbəttə ki, ömür yalnız quru statistikanın məcmusu, mənalı-mənasız ötmüş bütün günlərin ucdan tutma toplusu deyil.

Ömür YAŞANMIŞ günlərin, anların yekunudur.

Bu Banişevskinin  ƏSL QMÜR kimi yaşadığı anlar bəlkə də qısa həyatının tuta biləcəyindən qat-qat çox oldu.

Biri elə çiyinlər üstündə stadionu tərk etdiyi həmin gün idi…..

SÜD  YOLU  KİMİ
Ora ömrünün ardınca gedirmiş.
Futbol meydanından aralanandan sonra başlamışdı məşqçiliyə.Moskvada Ali Məşqçilər məktəbini də bitirmişdi və maddi vəziyyətini nizama salmaqçün çox arzulayırdı ki, getsin bir – iki il xaricdə işləsin.  Nəhayət ki, 87 – nin mayında istəyinə çatdı və xanımı İnna ilə yola düşdülər.  Afrikaya –Burkina – Fasoya. Gedəndə azı 2 -3 il, döşünə yatarsa bəlkə daha artıq qalıb işləmək barədə düşünürdü.  Növbəti mayda qayıdası oldu.

Bruxti danışır ki, mən də xaricə məşqçi göndərilmək növbəsində idim. Tolik vaxtından əvvəl qayıdanda mənə dedilər ki, sən get Burkina-Fasoya. Tolikin ordan hansı vəziyyətdə geri döndüyünü görmüşdüm. “Lap qızıl da olsa getmərəm” dedim.

Tolik Burkina – Fasonun gənclərdən ibarət yığmasının məşçisi idi və qısa zamanda dillərini bilməyə-bilməyə oyunçularla dil tapmışdı, yaxşı komanda formalaşdıra bilmişdi.

İnna xanım xatırlayır ki, Bakıda heç məni stadiona getməyə qoymazdı.  Hətta deyirdi ki, televiziyada da baxma.  Birdə görürdün ki, uduzub gəlib. Tərs-tərs mənə baxıb soruşurdu: “Baxırdın televizora?”, – Yox, – deyirdim. – Baxmısan. Bəs niyə uduzduq?.

Amma Afrikada hərdən icazə verirdi stadiona getməyimə.  Məndən başqa kimi  vardı ki orda! Hərdən zarafat edirdi ki, hara baxıram səndən başqa tanış üz görmürəm.

Hə, bir də meymunumuz vardı. Adını qoymuşdum Bumbulina Anatolyevna.

Oranın iqlimi çox isti, həm də quru idi. Tolik də, mən də arıqlayırdıq. Tolik daha sürətlə arıqlayırdı, ancaq bunu nəsə xəstəlik kimi qəbul etmək ağlımıza gəlmirdi. Axı mən özüm də o qədər olmasa belə, hər halda arıqlayırdım. Amma sən demə Tolikinki şəkərdənmiş.

Bərk qorxmuşdu. Stadionda oyun getdiyi vaxt Burkina-Fasoda çevriliş olmuşdu. Əli silahlılar stadiona doluşmuşdu. Atəş səsləri, qan, vahimə içində qaçışan insan seli sarsıtmışdı Toliki.

İnna xanım belə yada salır, amma Banişevski ömrünün şəkərli son parçasında bir neçə dəfə bunu da etiraf edibmiş ki, ilk gəncliyində SSRİ yığmasında oynayanda hər dəfə oyundan qabaq onlara xüsusi həblər verirlərmiş. Həmin həbləri atandan sonra yorğunluq nədir bilməzlərmiş, sanki gücləri birə beş artarmış, at kimi qaçarlarmış. Amma ertəsi gün üzücü bir yorğunluq, lətlik basarmış onları, bir neçə gün xəstəhal olarmışlar.

Tolik güman eləyirmiş ki, onun və onunla yığmada oynamışların əksərinin sonralar düçar olduqları ciddi mərəzlərin bir kökü də bəlkə elə o həblərdən gəlir.

O zaman – 66 çempionatında İngiltərənin baş naziri Vilson Banişevskiyə: «Neft ölkənizin iqtisadiyyatında hansı əhəmiyyətə malikdirsə, sizin komandadakı oyununuz da o dəyərə layiqdir», – demişdi.

O zaman «Deyli meyl» qəzeti dünya futbol bazarında Banişevskinin aşağısı 150 min funt sterlinq qiyməti olduğunu yazmışdı və bu o çağlar üçün nəhəng qiymət idi.

Burkina-Fasodan qayıdandan az sonra Banişe­vskinin həyatındakı ən qara zolaq ahəstə-ahəstə başlayır qatılaşmağa.

Amansız xəstəlik bir yandan, kasıbçılıq o yandan, etibarsızlıqlar digər tərəfdən.

1988-in payızında ilk şəkər tutması Banişevskiyə ölümün nə olduğunu əyani olaraq göstərir.

O dünyanı görüb qayıdır. 88-in sentyabrında Moskvada qısa müayinə və müalicədən sonra isə möhtac olur iynəyə.

Başlanır ömrünün insulin əsiri olduğu, yaddaş pozğunluğundan əzab çəkdiyi ağır günləri.

Ələkbər Məmmədov Banişevskini həyatının bu müdhiş mərhələsində də qayğısından kənarda qoymur. Yenə ona əl uzadır. Yenə onu rəhbərlik etdiyi veteranlar komandası ilə tez-tez rayonlara aparır ki, havasını dəyişsin, ürəyi açılsın.

Oynamağına oynamırmış. Elə topa ilk zərbəni vururmuş. Amma rayonlarda biləndə ki, Banişevski də gəlib, elə onun adının sorağına stadion dolurmuş.

Tolik komanda ilə hər dəfə veteranlarla rayona çıxanda İnna onun şprislərini, dərmanlarını verirmiş Yaşar Babayevə. Tolikin hər müəyyən vaxt fasiləsindən sonrakı iynələrini Yaşar vururmuş.

«Süd kimi təmiz oğlan idi Tolik».

Yaşar deyir bunu və davam eləyir: «Köhnə İnturist»də 60-cı illərin əvvəllərində komandamız nahar edərdi. Tolik həmişə süd istəyərdi içməyə. Bir dəfə Aleksandr Syomin: «Məgər molokansan, həmişə süd içirsən?», – soruşdu. O gündən hamımız Tolikə zarafatla “molokan” deyirdik. Ona görə adamlar arasında da söz yayılmışdı ki, kuya Banişevski molokandır. Amma yazığın molokanlara qətiyyən aidiyyəti yoxdur».

Ürəyi saf, daxilən xıltsız, süd kimi təmiz oğlanın – Banişevskinin həyat yolu səmadakı süd yolu kimi parlaq olsa da, bu erkən bitən yolda hamarlıqdan əsər-əlamət yoxdu. Daim yoxuşlar, dərələr, aşırımlar onu izlədi. Ömrün son kəsiyindəsə nicatsız azar bir bataqlıq kimi biçarəni girdabına sovurdu.

Tez evlənməyinin bir xeyri oldu ki, qızlarının toyunu, nəvələrini gördü.

Amma sonda ailəsi dağıldı və doğma ünvanı tərk edəsi oldu.

Bu həyatı boyu bir neçə dəfə məruz qaldığı diskvalifikasiyalardan sonuncusu və ən ağırı idi.

Qaldıracaqsınız kitabxana rəflərindəki köhnə qəzetləri, şayiəbaz mətbuatdan onun həyətdəki ocaqxanada içib, həftələrlə orada gecələməyə məcbur olması, evə buraxılmaması haqda yazıları oxuyacaqsınız.

Çox bənd olmayın.

Əksəri cəfəng ara dedi-qodularıdır.            

30 il yaşadığı İnnadan 1996-da ayrıldı.

Evləndi pərstişkarı Səidə Sultanova ilə.

Bu azərbaycanlı qız onun familiyasını götürdü.

Birinci arvadı da ondan ayrılmasına baxmayaraq, Banişevski soyadını saxladı.

Mən İnna xanımı da anlamağa, nə şəkildəsə ona bəraət tapmağa cəhd edirəm.

Hər gün körpə nəvələrinin qayğısını çəkmək, bu yandan da bir neçə uşaqla bərabər xəstə, yaddaşı korlaşmış, şəkərin hər yarım saat bir, saatdan bir yemək istətdiyi əri yola vermək ağır idi.

Dildə demək asandır.

1 ay, 3 ay, 5 ay dözmək olur.

Vaxt uzandıqca hövsələ də daralır, əsəblər də yalınlaşır. Bütün bunları anlayıram. İnna xanımı başa düşməyə çalışıram. Lakin bütün əziyyətlərdən daha yüksəkdə duran VƏFA BORCU deyilən ali bir hiss də var axı.

Lakin bunu da dərk edirəm ki, ona sonacan əməl etmək hər çiynin zoru deyil.

Ömrü boyu sədaqətindən sapmamış, borclarına münasibətdə son dərəçə etibarlı olmuş bir insanı dönüklük, etibarsızlıq, təbii ki, adi adamları yandırdığından qat-qat artıq ağrıdır.

Kazbek Tuayev söyləyir ki, Nikolay Morozov Banişevskiyə atalıq etmişdi, onu SSRİ yığmasına götürmüşdü, daim müdafiə edirdi, irəli çəkirdi və heç kəsdən də Tolikə olan mehribanlığını gizlətmirdi.

«Neftçi» Moskva «Torpedo»         su ilə oynamalıymış. N.Morozov SSRİ yığması ilə yanaşı «Tor­pe­do»nun  da baş məşqçisi  idi. Tolikdən xa­hiş edir ki,  prob­lemlərimiz var, imkan olsa güzəştə gedin, komandanız razılıq verməsə də, heç olmazsa sən özün fəal oynama.

Banişevski N. Morozova borclu idi.

İndi ayda-ildə ilk dəfə ondan xahiş edirdi. Həm də bugünün sabahı vardı axı. Sabah yenə SSRİ yığmasına cəlb edilməsi, oyunlara buraxılması baş məşqçidən asılı idi. Lakin Tolik daha əvvəl özünü vətənə borclu sayırdı. Komandaya, dostlarına, ümumi mənafeyə və Azərbaycana sədaqət onun üçün pozulması mümkünsüz yüksək əxlaqi dəyər idi.

Qalır iki can arasında.

Heç nə deyə bilmir Morozova.

Çıxır «Torpedo» ilə oyuna.

V. Bruxti dəqiqləşdirir: «Banişevskini müdafiəçi Andreyuk qoruyurdu. Tolya onu elə karıxdırmışdı ki, topun ardınca meydandan qırağa qaçanda da Adreyuk düşürdü bunun dalınca».

«Neftçi» udur və Tolik həmin oyunda öz qolunu vurur.

Tolik borcun borcdan fərqini seçə bilirdi. Ali borcla sıradan olan, şəxsi borcun sərhədini müəyyənləşdirə bilirdi. Seçim anında yanılmırdı.

Ona münasibətdə isə yadlar o yana qalsın, son ucda doğmaları da yanıldılar.

İnna xanım ağlaya-ağlaya etiraf edir: «Tabutunu qucaqlayıb bağışla, Tolya, – dedim».

(Zənnimcə, ölüm uyğusundan ayıla bilsəydi, bağışlardı Tolik. O, kinli deyildi. O, bağışlamağı bacaran idi. Üzüyumşaqlıqdan daha çox, məhz alicənab olduğu üçün, mərhəmət hissi həmişə içərisində var olduğu üçün bağışlardı.

Heç kim heç vaxt onun taleyinə və taleyindəkilərə qiymət verərkən Banişevskinin əvəzindən qərar qəbul etməsin. Hərənin öz qisməti).

Səidə xanımın, indi Tolikin xatirəsi ilə yaşayan, onun hər doğum və ölüm günündə ərinin dostlarını mənzilinə toplayan bu qadının Banişevskiyə kədərli sonluqda göstərdiyi fədakar qayğılarını qiymətləndirirəm.

Heç vaxt heç kəsə borclu qalmağı sevməmiş Banişevski həyatının son ağrılı parçasında zənnimcə, bir də o əzabı yaşayırmış ki, əziyyətlərini çəkən Səidəyə bu diqqətin əvəzini qaytara bilmir.

Amma bu süd kimi təmiz, bu pak ürəkli insanı qadir Allah həmin minnətdən də qurtarır.

Heç ağla gəlməyən tərəfdən bir qapı açır.

1996-cı ildə sovet futbolunun 100 illiyi qeyd ediləndə Rusiya prezidenti Boris Yelsinin adından ona 3500 dollar göndərilir.

Tolik pulların hamısını verir Səidəyə: «Nə istəyirsən al özünə», – deyir.

Səidə xanım da əksinə, o pulların çoxunu elə geyim-keçimi çoxdan nimdaşlaşmış Tolikinə pal-paltar almağa sərf edir.

«Görürsən, Səidə hər şey yaxşı olacaq».

Tolik belə deyirmiş və daha heç nə yaxşı olan deyildi.

Hər ötən gün Banişevskini ölümə yaxınlaşdırırdı.

51 yaşında o, 70-i çoxdan arxada qoymuş taqətsiz qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü, lakin taxma dişlər damağını sıyırıb yara elədiyindən onları da geyə bilmirdi. Protezsiz olanda isə əyilib təhrif olunan sifətinin qocalığı bir az da qabarıqlaşırdı.

1996-da Banişevskinin 50 yaşı tamam oldu.

Azərbaycan dövləti onu «Şərəf» ordeni ilə təltif etdi.

Fərman elan edildi. Amma ordenlər özləri hazır deyildi.

Ələkbər Məmmədov xatırlayır: «Tolik təqdimolunmanı səbirsizliklə gözləyirdi. Tez-tez soruşurdu ki, Amirıç, noldu, xəbər  yoxdu hələ ordenimizdən? Yəqin ordenin üstündə konvert-filan da verəcəklər».

Tolikin ordenini qızına təqdim etdilər.

Orden hazır olanda artıq onun sahibi həyatda yox idi.

Yaşar Babayev qəhərlənir: «Əlimdə keçindi Tolik. Səhərəcən çarpayısının başında oldum. Dekabrın 8-i gecəsi idi. Ürəyimdə Allaha yalvarırdım ki, ilahi, onsuz da gedir, barı macal ver bir neçə saat artıq yaşasın, ayın 9-na çatsın. Həmişə 9 nömrə olmuşdu, Allahdan arzudayırdım ki, heç olmazsa ölümü də ayın 9-na düşsün. Dekabrın 9-da səhər çağı ürəyi dayandı. Heç cür inana bilmirdim, inanmaq istəmirdim, heç indi də inana bilmirəm ki, Tolik yoxdur».

1991-ci ildə ilk dəfə Londonu asudə gəzəndə iki yerə mütləq baş çəkmək istədim.

Uşaqlıq illərindən mənə xəyalən əziz olan iki ünvana.

Beker Strit 221-ə – Şerlok holmsun «evinə», bir də Qreyt Kuin Stritdəki tavernaya.

Həmin tavernada 1863-cü ilin 26 oktyabrında futbolun «doğum şəhadənaməsi» təsdiqlənib, onun ilk 13 qaydası müəyyənləşdirilib.

O ilk və bugünəcən yaşayan qaydalardan biri autdur.

Qısa həyatı boyunca Anatoli Banişevskini gah yoldan, gah işdən, gah institutdan, gah komandadan, gah yerli-dibli futboldan, gah… çıxarmaq istədilər.

Hey onu auta salmağa çalışdılar.

Axırı həyatdan da «çıxdı».

Düşdü ömrün autuna.

Meydandan çıxan top autdan yenidən oyuna qayıdır.

Ömür autundan qayıdış yoxdur.

Azərbaycana əsl övlad sədaqəti göstərmiş Anatoli Banişevski kimi insanların taleyindəsə aut anlayışı ola bilməz.

Bu adı millətin yaddaşından çıxarmaq daha heç zaman, heç kəsə müyəssər olmayacaq.

O daim qayıdacaq.

Anıldıqca hər zaman yaddaşımızın mərkəz xəttində dayanacaq.

Dayanacaq, mehriban təbəssümü ilə baxacaq.

Və həmişə gənc qalacaq.

Rəfael Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, 
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  direktoru,
Filologiya elmləri doktoru, Professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir