Ariflərin könlündə yaşayan Vaqif Məmmədov
“Yaşadıqca bu yolu mən”, “Sədərək harayı”, “Qeyrət qalası”, “Salam, oğuz elləri”, “Mənə çiçək borclusan”, “Bu dünyanın sevinci nə, qəmi nə…”, “Vətən sığır ürəyimə”, “Ömrümün yarpaqları” və s. otuza yaxın şeir kitabların müəllifi Vaqif müəllimi oxucular yaxşı tanıyır.
Məhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurlar:
- İnsanların xeyirxahı kimdir?
O cavabında belə buyurur:
- Ömrü uzun, əməli gözəl olanlar.
- Bəs insanların ən pisi kimdir?
- Ömrü uzun, əməli bəd olanlar.
Peyğəmbərimizin sözündə dərin məna, ibrətamiz həqiqət var. Həyat sübut
etmişdir ki, əməli gözəl, rəftarı düz olan, həmişə xeyirxahlıq arzuları ilə yaşayan, xalqına, millətinə dəyərli xidmət göstərən görkəmli alim və şair Vaqif Məmmədov belə insanlardandır. İnsan həyatı o zaman mənalı və məzmunludur ki, o, həmişə fəaliyyətdədir, qurub-yaradır. Vaqif müəllimin yarım əsrdən yuxarı olan ömrü zəhmətlə, xalqına xidmət etməklə bağlı olmuşdur və onun bu “həyat missiyası” həmin xeyirxah işlərə xidmət edir.
Vaqif Məmmədov məhsuldar alim, həmçinin Naxçıvan Dövlət Universitetində “Qeyrət” nəşriyyatının direktoru işləyib. Onun elmi-nəzəri araşdırmaları vaxtaşırı müasir mətbuat səhifələrində özünə yer tapıb. O, çoxsaylı monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, proqram, məqalə və tezislərin müəllifidir. Vaqif müəllim həm də bir sıra kitabların tərtibçisi, redaktoru və rəyçisi olub. İlk kitabını 1999-cu ildə nəşr etdirən V.Məmmədovun “Gəmiqaya” (ədəbi almanax), “Nəsirəddin Tusi və müasirlik” (2001), “Qeyrət nəşriyyatı beş ildə” (2002), “Çinar ömrü” (ədəbi almanax) (2003), “Anadolu və Rumelidən əsintilər” (2006), “Naxçıvan Dövlət Universitetinin yetirmələri” (2007), “Heydər Əliyev zirvəsi” (2008), “Akademik İsa Həbibbəyli: klassiklər və müasirləri” və s. əsərləri Azərbaycan ədəbi elminə dəyərli töhfədir. Onun əsərləri və şeirləri Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarusiya, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan, Gürcüstan və ABŞ şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində çap edilmişdir.
Görkəmli alim-şair Vaqif Məmmədovun diqqətəlayiq bir xüsusiyyətini ayrıca vurğulamaq lazımdır və bizim fikrimizcə, bu hər bir alim üçün son dərəcə vacibdir. Bu, öyrənmək və öyrətmək məharətidir. Daima axtarışda, yenilik, müasirlik təşəbbüsündə olanlar üçün bu həm də həyat tərzinə çevriləndə insanın yalnız özünə deyil, onun içində yaşadığı cəmiyyətə də faydalı olur. Vaqif müəllim belə bir həyat məramnaməsi ilə yaşayan vətəndaş-şair-alim olub. O, fəaliyyətində asanlıqla nəzəri fikir və təcrübənin əlaqələndirilməsinə nail olmuş, elmin və biliyin çağdaş bazar iqtisadiyyatı dövründə son dərəcə mühüm əhəmiyyət daşıdığına dair düşüncələrini məqalə, mühazirə və dostluq diskussiyalarında tez-tez dilə gətirmiş, müasir Azərbaycan müəlliminin, pedaqoji kadrlar hazırlığı işinin ümumxalq faydasına hər şeydən artıq diqqət yetirmişdir. Mərhum professor, əməkdar elm xadimi Səfərəli Babayev yazırdı ki, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyamda proloq əvəzində Vaqif Məmmədovun “Dədə Qorqud boylarında” şeiri çap olunub. Bu şeirdə dastanın ruhu, məzmunu, incəlikləri böyük məharətlə və poetik hisslərlə nəzmə çəkilmişdir. Vaqif Məmmədov az sözlə dərin mənalı, məzmunlu müdrik fikirləri izhar etməyi bacaran şairlərdəndir”.
Tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədovun şəxsiyyətində mənim üçün, onu yaxından tanıyanlardan biri kimi, bir cəhət həmişə qiymətli olub. Belə ki, sadə, təmkinli davranışı, aydın təhkiyəsi, məntiqli mühakiməsi ilə nitqinin tonunu dəyişməyən Vaqif müəllim polemikaya açıq adam, “bilən bilmədiyini biləndir” hikmətinə əməl edən alim, sabaha aydın nəzərlərlə və inamla baxan vətəndaş, heç bir zaman ümidsizliyə qapılmayan şəxsiyyət, nikbin ruhu ilə ictimai mühitdə xoş əhval-ruhiyyə, doğruluq, sadiqlik, zəhmətsevərlik ovqatı yaradan həmkar olmuşdur.
Qeyd etdiyimiz kimi, Vaqif müəllim yüksək elmi potensiala malik olmuşdur. Vaqif müəllim oxumaqdan, öyrənməkdən, işləməkdən, yazıb-yaratmaqdan heç vaxt yorulmamışdır. Hər an düşünmüş, yeni fikir, yeni iz, yeni məzmun, yeni forma yaratmışdır. Hamımızın yaxşı bildiyi kimi, 1992-1993-çü illərdə Naxçıvan təlatümlü, təbəddülatlı bir dövr yaşadı. Naxçıvanda yaranmış gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü və s. kimi məsələlər naxçıvanlılarda bir çaşqınlıq yaratmışdı. Məhz ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə, əvəzsiz dövlət xadiminin güclü və siyasi fədakarlığı nəticəsində Naxçıvanı müharibədən qorumağa müvəffəq oldu. Bu zaman Vaqif müəllimin vətənpərvər ruhlu şeir vərəqələri əl-əl gəzir və Naxçıvanın hüdudlarından kənarda belə bütün vətənsevərlərin diqqətini çəkirdi.
Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadə 17.09.1992-ci ildə “Mədəniyyət” qəzeti redaksiyasına ünvanladığı həyacan dolu məktubunda yazırdı: “Hörmətli baş redaktor! Sədərəkdən Vaqif Məmmədovun… ah dolu, aman dolu şeirlərindən üzümə alov vurdu, varaqlar əlimi yandırdı. Bu şeirlər Sədərəyin bu günkü münasibətinin sabah üçün tarixidir. Ömər Faiq Nemanzadə demişkən, biz unutqan xalqıq. İndi bizə məlum olur ki, erməninin bir-birinin ardınca başımıza açdığı bəlalar unutqanlığımızın nəticəsidir. Bu gün başımıza gətirilən müsibətlərin bədii aynası olan bu şeirləri biz indi çap etməli, gələcək nəslə yadigar qoymalıyıq ki, onlar da dədələrimiz və bizim kimi unutqan olmasınlar”. Görkəmli akademik-alim Ziya Bünyadov da “Sədərək harayı” adlı şeirlər kitabını oxuduğunu və çox təsirləndiyini qeyd edərək yazırdı: “Vaqif Məmmədovun Sədərək haqda şeirlərini oxudum. Çox təsirləndim. Eşq olsun qəhrəman Sədərək camaatına”.
Xalq arasında belə bir deyim var: Yumuruğun nə boydadırsa, ürəyin də o boydadır. Ancaq şairin vətənə olan sevgisi o qədər böyükdür ki, “yumruq boyda ola bilməz ürəyim, belə olsa Vətən ora sığmazdı” – deyən şair poetik dildə yazırdı:
Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimdə təkcə Vətən yerləşir… (1, səh.24)
Şeirlərində və ya publisist yazılarında pedaqoq-alim, şair Vaqif Məmmədov haqlı olaraq qeyd edirdi ki, milli azadlıq, milli suverenlik kimi sözləri işlətmək hələ milli mənlik şüurunun təşəkkülü demək deyildir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş gənclərdə əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Millətin adından təm-təraqlı sözlər demək hələ əqidə bütövlüyü deyildir. Vaxtilə Məhəmməd peyğəmbər deyirdi ki, millətimizin içində xəyanət olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Milli mənlik şüuru olmayan adam konkret iş görə bilməyib meydandan qaçar. Belə adamlara bel bağlamaq, onlarla müəyyən bir iş görmək qeyri-mümkündür. Milli mənlik şüuru və əqidəsi olmayan hər bir kəs ötəri hisslərlə yaşayıb hansı məsləkə, əqidəyə xidmət etdiyini bilməz. Şair yazırdı ki, qədim Naxçıvan diyarını erməni təcavüzündən naxçıvanlıların qeyrəti, namusu qorudu. Əgər ermənilərin ən müasir silahları varsa, bizim də milli mentalitetimiz olan və dədə-babadan bizə əmanət qalan qeyrətimiz, dəyanətimiz var. Qeyrət, dəyanət silaha üstün gələr. “Dəyanət dəmiydi, qeyrət dəmiydi…” adlı şeirində şair fikrini poetik dildə belə ifadə edirdi:
Köməklə düşmənin qəddi əyildi,
Dağlarda nəfəsdən əriyirdi qar.
Hamımız bilirdik, gizli deyildi –
Düşməndə silah var, bizdə qeyrət var.
Qeyrət o torpağı aldı yağıdan,
Düşmən azğın idi, tayı yox idi.
Onlarda yandıran, vuran, dağıdan,
Təzə silahların sayı çox idi (1, səh.77).
Vaqif müəllimin bu kimi fikirlərinə qoşulan və Vaqif müəllimin kitablarında “ilahi bir yanğı” olduğunu vurğulayan yazıçı-publisist Tofiq Hüseyn “Şərurlu polkovnik” adlı kitabında yazır: “… Bu kitabı (söhbət “Şərurlu polkovnik” adlı kitabdan gedir – K.C.) səbr edib bura qədər oxuyanlar əvvəlki səhifələrdə Vaqif Məmmədovun adına bir neçə dəfə rast gəliblər. Əslən sədərəkli olan şair-publisist, pedaqoq, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Vaqif Məmmədov bütöv bir ömrü doğma, ulu yurdunun tarixini yazmağa, haray çəkib Vaqif Məmmədov soydaşlarını öz qələmi ilə oyatmağa həsr etmişdir. Düşmən məkrli siyasət yürüdüb, Kərkini, Sədərəyi məmləkətimizdən qoparmaq istəyəndə bu istək birinci olaraq Vaqif müəllimin şair ürəyini ildırım kimi vurub. Vaqifin kitablarında ilahi bir yanğı var, nə yazıbsa hamısını yanıb-qovrulub yazıb”.
Alim-şair Vaqif müəllim şeirlərində oxuculara, əsasən gənclərə Vətənə, doğma torpağa, doğma yurda məhəbbət yaradırdı. Torpaq insanın yaşayış və əbədiyyət məskənidir. Doğma yurda, torpağa məhəbbət gəncləri gözə görünməz müqəddəs tellərlə bir-birinə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması naminə səfərbərliyə alır. Gənclər belə bir həqiqəti dərk edirlər ki, milli borc, torpağa bağlılıq, milli qürur və iftixar, vətəndaşlıq hüququ qazanır. Gənclərə xitabən yazılan “Gənclik nəğməsi” adlı şeirdə oxuyuruq:
…Mən gəncliyəm,
Sərhəd mənim məbədimdir, pirimdir.
Mən gəncliyəm,
Ölsəm belə, namusum and yerimdir.
…Mən gəncliyəm,
Qollarımda yer titrədən “Cəngi” var.
Mən gəncliyəm,
Al qanımda bayrağımın rəngi var.
Mən gəncliyəm,
Polad mənim nəfəsimlə əriyər,
Mən gəncliyəm,
Son nəfərim düşmən üstə yeriyər (1, səh.264).
Çoxşaxəli yaradıcılıq diapozonuna malik olan Vaqif Məmmədovun yeni yaradıcılıq işlərindən biri də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə ərmağan etdiyi “Qalib gəldi, qalib getdi” adlı minüatür kitabı olmuşdur.
Məktəb idi, dərs idi o,
Haqdan gələn səs idi o,
Bir millətə bəs idi o,
Qalib gəldi, qalib getdi (2)
– deyən Vaqif Məmmədovun altı bölmədən ibarət olan bu miniatür kitabında ulu öndərin kəlamları və fikirləri öz əksini tapıb. Kitabda birinci bölmə Heydər Əliyevin dövlətçilik və Azərbaycançılıq; ikinci bölmə Heydər Əliyevin elm və təhsil, üçüncü bölmə Heydər Əliyevin mədəniyyət və incəsənət; dördüncü bölmə Heydər Əliyevin ədəbiyyat; beşinci bölmə Heydər Əliyev və Naxçıvan; altıncı bölmədə isə görkəmli şəxsiyyətlər Heydər Əliyev haqqında kimi böyük məna və əhəmiyyət kəsb edən fikir və kəlamlar işıqlandırılır.
Yunan filosofu Platon yazır ki, “Kim adamları tanıyırsa – arifdir, özünü tanıyırsa – ağıllıdır, adamlara qalib gəlirsə – güclüdür, özünə qalib gəlirsə – qüdrətlidir, biliyi çoxsa – dövlətlidir, inadkardırsa – iradəsi var, təbiətini dəyişmirsə – uzunömürlüdür, ölüb unudulmayıbsa – ölməzdir”. Qeyd olunan bu fikirdə Vaqif müəllim ulu öndərin ağıllı, güclü, qüdrətli, iradəli, ölməz olduğunu bir daha “Qalib gəldi, qalib getdi” adlı minüatür kitabında göstərməyə nail olmuşdur.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, “Qızı qələm” mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi, Avrasiya Yazarlar Birliyinin üzvü olan Vaqif müəllim böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir işə, hər bir vəzifə borcuna, insanlıq borcuna daim humanistlik hissi ilə yanaşmışdır. Bu keyfiyyətləri mən, onunla işlədiyim dövrdə bir müşahidəçi kimi hiss etmişdim. Əsl müəllimə məxsus olan səliqə-səhmanlıq, təmizkarlıq, işlə bağlı ona müraciət edən adamlara qayğı və diqqətli münasibət, insanlarla ünsiyyətdə olmağa heç vaxt çətinlik çəkməmək onun daxili, ruhi vəziyyətinin harmoniyasından, təvazökarlığından, dünyagörüşündən irəli gəlirdi. Mən müşahidələrim dövründə bir dəfə də olsun (bunu onu tanıyan hamı təsdiq edə bilər) nə onu özündən, nə yaradıcılığından, nə də aldığı çoxsaylı mükafatlardan danışan görmədim. Maksim Qorki belə insanlar haqqında nə gözəl deyib: “Əgər sən bütün ömrün boyu həmişə və hər yerdə adamlar üçün ancaq yaxşılıq – yaxşı çiçəklər əkmisənsə, yaxşı fikirlər yaymısansa, özün barədə xoş xatirələr qoya bilmisənsə, sənin həyatın asan, xoş və şən olacaqdır”. Öz münasibətilə həyat kredosunu insanlara yaxşılıq etməkdə görən alim, publisist-şair Vaqif Məmmədov şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək, Azərbaycan təhsilinin və yeni çalarlarla dolu şeirin inkişafına ləyaqətlə xidmət etmişdir.
Bu gün tarix üzrə fəlsəfə doktoru, dosent, şair, ictimai-siyasi xadim Vaqif Məmmədov həyatda yoxdur. Ancaq onun “Yaşadıqca bu yolu mən”, “Sədərək harayı”, “Qeyrət qalası”, “Salam, oğuz elləri”, “Mənə çiçək borclusan”, “Bu dünyanın sevinci nə, qəmi nə…”, “Vətən sığır ürəyimə”, “Ömrümün yarpaqları” və “Qalib gəldi, qalib getdi” adlı minüatür kimi kitabları yaradıcı insanı həmişə yaşadacaqdır.
ƏDƏBİYYAT
- Vaqif Məmmədov. Seçilmiş əsərləri. Üç cilddə, I cild, Bakı, Şirvannəşr, 2008.
- Vaqif Məmmədov. Qalib gəldi, qalib getdi. İstanbul, Türkiyə, 2013.
KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun professoru,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü