AZƏRBAYCAN BAYRAĞI
Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə əcnəbi tələbələrlə iş üzrə dekan, II çağırış Naxçıvan MR Ali məclisinin deputatı, Naxçvan MR Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O bir sıra elmi, ictimai və publisist məqalələrin, “Ay işığında” (1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı…” (2004), “Mənə elə gəlir ki…” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, Urmiyə, 2011), “Payız Duyğuları” (2013) şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası” (2000) metodik vəsaitin müəllifidir. Haqqında “Xanəli Kərimli-55: Şairə məktub” (2007), “Xanəli Kərimli-60: Sözün Əlincə qalası” (2011), “Xanəli Kərimli-65: Bir ömrün işığı” (2016) məqalələr topluları və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) monoqrafiyası nəşr edilib. “Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” (akademik İsa Həbibbəyli) olan Xanəli Kərimlinin şeirləri ingilis, fransız, rus, türk, fars dillərinə tərcümə edilib. Ayrı-ayrı vaxtlarda Pakistanda, Hollandiyada, Türkiyədə, İranda, Gürcüstanda keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda o, Azərbaycan elm və mədəniyyətini ləyaqətlə təmsil etmişdir.
Xanəli Kərimlinin “Azərbaycan bayrağı” adlı yeni şeirini də sizlərə təqdim edirik:
Mənim başımın üstə
İki səcdəgahım var:
Biri uca Allahım,
Biri – yenməz Bayrağım!
Bayrağımın rəngində
Yerin-göyün rəngi var.
Yurdumun azadlığı,
Pozulmaz ahəngi var.
Mən onu qoparmışam
Köləlik zəncirindən.
Ona səcdə edirlər
Dünyanın hər yerindən.
O qalxıb ucalanda
Bayraqların içində,
Ucalır millətim də
Millətlərin içində.
O mənim yad ellərdə
Danışan saf dilimdi.
Vüqarım, ləyaqətim,
Vətənimdi, elimdi.
Onu sevən ölkələr
Doğmalaşır gözümdə.
Onu sevməyənlərin
Tökəcəyəm gözün də…
Onda olan əzəmət,
Ondakı çarpan ürək
Hayqırır: sabah üçün
Daha ciddi döyüşək.
Çünki döyüşdən doğub
Millətimin xoş çağı!
Bayraqlar bayraqdarı
Azərbaycan bayrağı!..
Xanəli Kərimli.