Azərbaycan qadını ləyaqət tacıdır

  AİLƏ!!!
Müqəddəsliyi ölçüyə gəlməyən bir amil. Dörd hərfdən ibarət olan bu kəlmədə nə qədər ülviyyət, nə qədər qüdsiyyət  var.
Ailə ictimaiyyətin təməl daşıdır. 
Ailə qurmaq!
Bu, yetkinlik yaşına çatan hər bir insanın əsas vəzifəsidir, eyni zamanda Allahın qoyduğu yol və Peyğəmbərin buyurduğu vacib əməllərdən biridir.
Məhz qurmaq. Yəni zərrəni-zərrə üstünə, qətrəni-qətrə üstünə yığmaqla ailə adlı bir saray ucaltmaq. Elə bir saray ki, onun bünövrəsi sevgidən, daşları səmimiyyətdən, palçığı məhəbbətdən  olsun.

 Elə bir saray ki, ona uzaqdan baxan içində nə baş verdiyini bilməsin. Ailənin daxilində nə varsa, onu yalnız iki nəfər bilməlidir- ər və arvad!
Ailənin bütövlüyünü, tamlığını qoruyub saxlamaq məsuliyyəti ilk növbədə qadının üzərinə düşür.
Keşmişdə Azərbaycanda qadın adının sonuna  ehtiram əlaməti olaraq “bikə”, daha sonralar “xatun”, “bəyim” müasir dövrdə isə “xanım” kəlməsi əlavə ediblər. Hər bir qadın bu kəlməni öz ləyaqəti, əxlaqı ilə doğrultmağa borcludur.

Qədim zamanlardan üzü bəri qadın ömür-gün yoldaşına arxa-dayaq, sirdaş, çətin gündə, dar məqamda pasiban olub. Ən çətin işlərin,  müşkül məsələlərin həllində müdrik nənələrimiz, uzaqgörən analarımız öz məsləhətləri ilə müşkülləri asan edib.

Azərbaycan qadını yeri gələndə cəngavər paltarı geyinib əri ilə çiyin-çiyinə düşmənə qarşı vuruşub. Tarixin səhifələrini çevirdikcə Tomrislərin, Saray Xatunların, Aləmşah Bəyimlərin, daha kimlərin-kimlərin hünərinə heyran qalmamaq qeyri-mümkündür.

Qadın incəlik və zəriflik mücəssəməsidir, amma yeri gələndə bu zərif vücud  ram olunmayan aslana cevrilib mənfur düşmənlə pəncələşməyi də bacarır. Qarabağın azadlığı uğrunda canını qurban verən Gültəkinlərin, Salatınların, Qaratellərin cəsurluğu buna bariz misaldır.

Çağdaş Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, orada qadın mərdanəliyi, dəyanəti, saflığı, ləyaqəti qırmızı bir xətt kimi keçir. İstər poeziyada, istərsə də nəsrimizdə qadın obrazları təqdirəlayiq şəkildə qələmə alınmaqdadır.
Aqillərin belə bir sözü var: “Heç nəyin itməsin deyə iki qıfıl al. Birini qapına, o birini ağzına bağla! Çünki sənin hər sirrini öz ağzından eşidib, bilirlər”.

Ər və arvad ömür-gün yoldaşıdır. Bu iki şəxsin məhəbbət və əməyi sayəsində ailə kamilləşir.”Quran-Kərim”-də ər-arvad münasibətləri barədə buyurulur:”Biz onların arasında məhəbbət və rəhmət qərar verdik”.(Rum surəsi, ayə 12). Hər insan ailə quranda özünə elə həmtay seçməlidir ki, ömürləri, günləri  bir yerdə geçsin. Elə həmtay ki, bir-birini vaxtsız bezdirməsinlər. Ailənin ən mühüm hissəsi valideyn və övlad münasibətləridir. Dünyaya gələn övlad yeni ailə quranlara sevinc gətirməklə yanaşı həm də onların çiyninə  son dərəcə böyük bir məsuliyyət qoyur. Övlad iki insanın məhəbbətinin bəhrəsi və Allahın onlara töhvəsidir. Uşaq hər iki tərəfin – ata və ananın sevgisi ilə əfatə olunmalıdır. 

Ulularımız ailə, onun möhkəmliyi və qorunub saxlanması barədə çox hikmətli və ibrətli fikirlər söyləyiblər. Ailə barədə nənələrimizin dediyi ən gözəl deyim belədir:”Ailə sacayağı kimidir. Onun bir ayağı kişi, bir ayağı qadın, bir ayağı da övladdır. Bu ayaqlardan biri tam olmasa o sacayağı yıxılar!”
Bu “yıxılar”kəlməsi ailənin dağılmasına işarədir.

 Bəs necə edək ki, qurulan ailələr yarıda dağılmasın? Atasız-anasız qalan günahsız körpələr nənə-baba ümidinə qalmasınlar?
Ailə quran gənclərə tövsiyyə edək ki, küləkli havada yanan şamı sönməkdən qoruyan kimi, öz  ailələrini qorusunlar! Qəlbiqırıq böyüyən  uşaq  hər iki valideyn olan ailələrə həsədlə baxır. Ailədə qız anasından analıq, oğlan isə atasından atalıq öyrənir. Ata və ana övladın qoşa qanadıdır. Bunlardan biri olmayanda körpə qanadıqırıq böyüyür. Belə uşaqlar həmişə boynubükülü, gözü yaşlı olurlar.

Bir az dərindən düşünsək görərik ki, ailənin qorunması ilk növbədə qadından asılıdır. Çünki qadın maye kimi olmalıdır.  Maye hansı qaba  tökülsə  onun şəklini alır. Qadın da düşdüyü mühitə alışmalıdır. O, ilk növbədə evdə uşaqların və ətrafda olanların nəzərində kişinin nüfuzunu uca tutmalıdır. Qadın zərif məxluqdur o, işdən evə yorğun, əsəbi qayıdan ərinin əsəbini və yorğunluğunu öz qadın zərifliyində əritməlidir. Qadın mehribanlığı və ülfəti ilə evin kişisinə nəvaziş göstərməlidir. Qoy bunu uşaqlar görsünlər və onlar da ataya qarşı laqeyd olmasınlar. Onun zəhmətini qiymətləndirməyi öyrənsinlər.

Haşiyə:
İşdən yorğun, ac gələn kişi evə daxil olan kimi qadın ona deyir:
–  Oğlun məktəbdə pəncərənin şüşəsini sındırıb.
Yorğun ata əsəbiləşir, bütün acığını tökür oğlunun üstünə. Nəticədə uşağın qəlbində həm ataya, həm də anaya nifrət yaranır. Gəlin bir anlıq”Ögəy ana” filmindəki kadrı xatırlayaq. Dilarə xanım necə də ustalıqla Arifin əlindən İsmayılın dəftərini alır.
Budur qadın müdrikliyi, ana ülfəti.

Şüşənin sınmasını ataya demək olardı, amma yemək yeyəndən sonra və bir az fərqli tərzdə. Onda uşaq da valideyndən inciməzdi.
Gəlinlik borcu:
Bu günün qızı sabahın gəlini və anası, övlad böyüdəni, tərbiyə verənidir.
 Hər bir gəlin, getdiyi ocaqda hər bir insanı- qayınananı, qayınatanı, baldızı və qayını  onun öz dilində dindirməlidir. Şübhəsiz bu mühitə alışmağa vaxt, zaman lazımdır. Qoy qayınanalar da ilk gündən səbrsizlik göstərib gəlinin hər hərəkətinə göz qoyub, hər şeyi ağartmasınlar. Nəzərə alsınlar ki, evə bülbül də alanda həmin an gözəl nəğmələr oxumur. Gəldiyi evə alışandan sonra nəğmə oxuyur.

Azərbaycanda gözəl bir adət də var. Qız ata evindən çıxanda ata və ana qızına deyir: “Qulağını kar elə, gözünü kor elə, dilini lal elə!” Bu kəlmələrdə bir dünya hikmət var. Yəni lazım olmayanı eşitmə, lazım olmayanı görmə, lazım olmayanı demə! Bu yerdə bir necə deyimə nəzər salaq:

”Yaxşı gəlin nübardır, pis gəlin qubar”
“Hər gəlin cehiz aparır, hər gəlin dözüm, təmkin apara bilmir”
“Qıza ləyaqət öyrət, oğula ədalət”
“Evi isidən ocağın istisi yox, qəlbin hərarətidir”
“Qız gözəl əxlaqı ilə subaylıqda  atası və qardaşının, ailə quranda əri və oğlunun başını uca edir”(Deyimlər Gülarə Munisindir)
Deyirlər kişi üçün dünya ürəkdir, qadın üçün isə ürək dünyadır. Qadın ürəyi o qədər geniş olmalıdır ki, oraya bir dünya sığışsın. 
Belə fikirləri ilk növbədə gənc qızların düşüncəsinə hopdurmaq vacibdir ki, ailənin nə olduğunu dərk etsinlər.
Gözəl qadın diqqət çəkər, ağıllı qadın məhəbbət yaradar, müdrik qadın isə ünsiyyət qurar, ülfət göstərər.

Ailə qurmaq təkcə ağ paltar geyinib, qiymətli zinət əşyaları taxmaq və dəbdəbəli cehiz aparmaqdan ibarət deyil. Ailə qurmaq çətin və məsuliyyətli bir işi öz çiyinlərinə götürməkdir. Bu xoş bir çətinlik olduğu üçün yorulanda belə onu yarıda atmaq olmaz. Dünya görmüş  nənələrimiz, ağbirçək analarımız qızlarını ər evinə göndərəndə ilk növbədə ona şirin dilli olmağı tövsiyə ediblər. Çünki şirin dil hər qapıya düşən açardır.

Şərqin filosof şairi Sədi Şirazi deyir:” Kimin olsa əgər bir şirin dili, tük ilə çəkər o dalınca fili!” Dili şirin olan gəlinin hər hərəkətindən səmimiyyət və ülfət süzüləçək. Xüsusən gəlinin getdiyi evdə qayınana varsa, o gəlin danışığında və rəftarında daha diqqətli, mehriban olmalıdır. Necə deyərlər:”Ərə gedən qızların dili altda qənd gərək, qayınanalı  qızların dili altda fənd gərək!” Gəlin ilk gündən qayınansının qəlbinə yol tapıb, özünü ona sevdirməyi bacarmalıdır.  Onun nəyi xoşladığına, nəyi bəyənmədiyinə fikir verməlidir ki, getdiyi evin ab-havasını götürə bilsin. Gəlin ilk gündən qayınanasına ürək dolusu “Ana” desə, onu anası kimi sevsə qayınana da onu öz doğma qızı kimi qəbul edər. 

Gülarə Munis. Şairə-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir