Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin təsis etdiyi beş seriyalı “Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında
Yəqin oxucular texnika elmləri doktoru Nizami İsmayılovun saytımızda yerləşdirilmiş məqaləsi ilə artıq tanışdırlar və “Təhsil” Cəmiyyətinin fəaliyyəti ilə bağlı müəyyən bilgilərə malikdirlər. Həmin səpgidə yazımızı davam etdiririk.
Məlumdur ki, SSRİ dağılıdıqdan sonra onun tərkibindən ayrılmış respublikalar müstəqilliklərini elan etdilər. SSRİ-nin bütün varidatı Rusiya Federasiyasının əlində qaldı. Digər respublikalarda olduğu kimi, Azərbaycan Respublikası da ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdi, digər tərəfdən də erməni təcavüzü… Hətta dövlət müəssisələrində işləyənlərin əmək haqqlarının vaxtlı-vaxtında verilməsi çətin idi. Həmin dövrdə böhran vəziyyətində olan sahələrdən biri də təhsil sahəsi idi. Maliyyə çətinliyindən nə Elmlər Akademiyasının, onun Elmi-Tədqiqat instutlarının, habelə ali təhsil ocaqlarının elmi jurnalları vaxtlı-vaxtında nəşr olunmurdu. Məlumdur ki, elmi-tədqiqat işləri dərc olunmursa, vaxtı-vaxtında elmi-ictimaiyyətə çatdırılmırsa aktuallığını və əhəmiyyətini itirir.
Bütün bunları nəzərə alaraq “Təhsil” Cəmiyyətində elmi jurnalların təsis olunması zərurəti yarandı. 1998-ci ildə “Təhsil” Cəmiyyətinin adından Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinə “Bilgi” dərgisinin (5 seriyalı) azərbaycan, rus və ingilis dilində nəşr olunması və yayılmasına icazə verilməsinə dair müraciət edildi. Nazirliyin əməkdaşı Xalidə xanımın köməkliyi sayəsində bütün sənədlər hazırlanıb təqdim edildi. Fürsətdən istifadə edib Xalidə xanıma minnətdarlığımızı bildiririk.
Beləliklə, Mətbuat və informasiya Nazirliyinin 9 yanvar 1999-cu il tarixli razılıq məktubu( qeydiyyat nömrəsi B 70, seriya AB № 022270 lisenziyası) ilə dərginin nəşr olunması və yayılmasına icazə verildi.
Bundan sonra t.e.d Nizami İsmayılov, t.e.d Valeh Baxşəliyev, fəlsəfə doktoru Zəki Vəliyev f.r.e.d . Rövşən Quliyevin gərgin zəhmətləri və təşkilatçılığı sayəsində 1999-cu ildə “Bilgi” dərgisinin “Texnika” seriyası işıq üzü gördü. Artıq 2000-ci ildə “Bilgi” dərgisinin 5 seriyasının hamısı :“Təhsil, mədəniyyət, incəsənət” “Texnika”, “Fizika, riyaziyyat, yer elmləri”, “Kimya, biologiya. Tibb”, “Sosial bilgilər” seriyaları işıq üzü gördü. Elmi ictimaiyyətin iştirakı ilə jurnalların böyük təqdimat mərasimi keçirildi, xeyir-dua verildi.
2000-ci ilin sonunadək bütün jurnalların redaksiya heyəti formalaşdırıldı. Məhz həmin alimlərin əzmkar əməyi sayəsində beş seriyanın hər birinin il ərzində dörd nömrəsi nəşr olundu, geniş, elmi ictimaiyyətə təqdim edildi və yüksək qiymətləndirildi.
Bunun əsas səbəblərindən biri dərc olunacaq məqalələrin anonim (müəllifi bildirilmədən) redaksiyalarda müzakirəsi və nəşri məsləhət bilinən mətnlərə müvafiq sahə alimlərindən elmi rəy alınması idi.
2001-ci ildə elmi ictimaiyyətin təkidi ilə “Bilgi” dərgisinin Redaksiya Şurası yaradıldı və hər bir seriyanın redaksiya heyəti yenidən təşkil edildi. Görkəmli elm xadimi, dünya elm aləmində tanınmış sima AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev dərginin dərginin baş redaktoru, t.e.d. Nizami İsmayılov elmi katibi seçildi (Ona qədər baş redaktor AR Təhsil Cəmiyyətinin sədri dosent Nuğay Əliyev olmuşdur). Professor Rafiq Əliyevin səyləri nəticəsində dərginin Redaksiya Şurasına dünyanın bir çox ölkələrindən görkəmli alimlər cəlb edildi: bu dövrdə artıq dərginin seriyalarında müxtəlif ölkələrin alimlərinin, habelə ölkə alim və mütəxəssislərinin elmi əsərləri dərc olunurdu. Dərginin “Texnika” seriyası 2003-cü ildə Almaniyada ən yaxşı texniki jurnalların sərgisində nümayiş etdirilmişdi. Həmin ildən həm də “Bilgi” dərgisi seriyasına yeni “Biznes” jurnalları əlavə edildi.
Dərginin seriyalarının Beynəlxalq qeydiyyatdan keçməsi üçün Fransaya- Parisdəki YUNESKO-nun elm şöbəsinə müraciət edilmişdi. Bu məqsədlə seriyalarda dərc olunan məqalələrin xülasələrinin ora göndərilməsi və jurnalların üç il dövri nəşri təmin edilmişdi. Aparılan işlər və redaksiya heyətlərinin səyləri nəticəsində və tələblər yerinə yetirildiyinə görə 2003 –cü ildə “Bilgi” dərginin bütün seriyaları dövrü nəşrlərinin Beynəlxalq qeydiyyat nömrəsini almışdı. Onlar aşağıdakılardır:
İSSN 1683-7592
Key title: Bilgi. Fizika, riyaziyyat , yer elmlari
Abbreviated key title: Bilgi, Fiz, riyaziyyat , yer elml.
ISSN 1683-7606
Key title: Bilgi. Tahsil, madaniyyat, incasanat
Abbreviated key title: Bilgi, Tahsil, madaniyyat, incasanat
ISSN 1683-7614
Key title: Bilgi. Kimya, biologiya, tibb
Abbreviated key title: Bilgi, Kim. biol. Tibb
ISSN 1683-7622
Key title: Bilgi. Tehnika
Abbreviated key title: Bilgi, Tehn.
ISSN 1683-7649
Key title: Bilgi. Sosial bilgilar
Abbreviated key title: Bilgi, Sos. bilgilar
Qeyd: Etiraf etmək lazımdır ki, mərhum akademik, Azərbaycanın görkəmli elm xadimi Azad Mirzəncanzadə Ali Attestasiya Komisssiyasının (AAK) sədri olduğu dövrdə “Bilgi” dərgisinin seriyalarını Beynəlxalq standartlara cavab verdiyini görə yüksək qiymətləndirilmiş, namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin “Bilgi” dərgisinin seriyalarında dərc olunmasını tövsiyə etmişdi.
Dərginin seriyalarının ildə dörd nömrəsi vaxtlı-vaxtında dərc olunmuş həm elmi ictimaiyyətə,həm də Milli Elmlər Akademiyasının Mərkəzi Kirtabxanasının köməyi sayəsində Asiya, Avropa və Amerika qitəsində yerləşən dövlətlərin 10 kitabxanasına göndərilmişdir. Eyni zamanda dünyanın bir çox ölkələrdən görkəmli alimlər dərginin müxtəlif seriyalarında çoxsaylı məqalələr dərc etdirmişdilər.
Jurnallar aktiv fəaliyyət göstərdiyi dövrdə və illərdə respublikanın bütün nüfuzlu alimlərinin elmi məqalələri həmin dərgilərdə dərc olunurdu və onların bir çoxu həm Redaksiya şurasında həm də “Bilgi” dərgisininin ayrı-ayrı seriyalarının redaksiya heyətlərində iştirak edirdilər.
Bizə məlum olmayan səbəblər üzündən dərginin seriyaları AAK-ın nüfuzlu jurnallar siyahısından çıxarıldıqdan və cəmiyyətin kirayə qaldığı yer başqa təşkilata verildikdən sonra “Bilgi” dərgisinin nəşri çətinləşdi. Bunlara baxmayaraq dərginin bütün seriyaları 2006-cı ilin axırına qədər öz işini davam etdirmişdir.
Hal-hazırda “Bilgi” dərgisinin fəaliyyətinin davam etdirilməsi barədə dünyanın müxtəlif yerlərindən müraciətlər edilir və indi də AR “Təhsil” Cəmiyyəti bu işi başqa formada davam etdirməyə calışır. Müxtəlif rəsmi instansiyalara müraciətlərimiz cavabsız qaldığından “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi (“AqRa” EİDİB) ilə birgə bu işlərin davam etdirilməsi barədə müvafiq razılıq əldə edilmişdir. Bu mövzularda www.aqra.az övraqında (sayt) müxtəlif elmi məqalələr və materiallar dərc edilməsi davam etdirilir.
Həmin övraqda ilk olaraq 1999-2006-cı illərdə “Bilgi” dərgisi seriyalarında dərc olunan önəmli məqalələrin (onların dərgilərdə dərc edildiyi müxtəlif dillərdə) xülasələrini (annotasiya) verməyi düşünürük.
İzləyin!
Yekunda “Bilgi”dərgisinin bütün seryalarının ərsəyə gəlməsində və 8 il ərzində nəşrində əməyi olan bütün alimlərımizə, ziyalılarımıza və məqalələri, yazıları nəşr olunan 3000-dən çox müəlliflərə (dünyasını dəyişənlər də daxil olmaqla) öz minnətdarlığımı çatdıraraq bildirirəm ki, hazırda AR-nın “Təhsil” Cəmiyyəti Bakı şəhəri Xocalı prospekti 24a ünvanında yerləşir və “AqRa” EİDİB ilə birgə Azərbaycanın elminin, təhsilinin, mədəniyyətinin irəli getməsinə, yüksəlməsinə xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edir.Bu səpgidə müxtəlif elmi məqalələrinizi, yazılarınızı, araşdırmalarınızı, təkliflərinizi hazırda birgə fəaliyyət göstərən AR “Təhsil” Cəmiyyəti və “AqRa” EİDİB-ə təqdim edə bilərsiniz.
Əlaqə: 050 662-47-54, 055-206-05-24, 012 490-33-53
E-mail: aqra_tehsil@mail.ru
Övraq (sayt): www.aqra.az
Poçt ünvanı: AZE 1025, Bakı şəh. Xocalı pr.24a
Hörmətlə, Azərbaycan Respublikası,
Təhsil Cəmiyyəti idarə heyətinin sədri Nuğay Əliyev
P.S.1. Həmin övraqda 1999-2006-cı illərdə dərgilərdə gedən bütün məqalələrin sahələr və illər üzrə mündəricatları dərc olunacaqdır.
P.S.2. İmkan düşdükcə, həm də oxucuların arzusu nəzərə alınaraq məqalələrin bir qisminin tam mətninin dərgilərdə dərc olunduğu dildə övraqda yerləşdirilməsi planlaşdırılır.
P.S.3. Bundan başqa aşağıda qeyd olunan pullu xidmətlər də göstərilə bilər:
– Həmin elmi məqalələrin (müəllif hüququ saxlanılmaqla) dünyanın müxtəlif dillərinə tərcümə edilməsi və arzu edənlərə poçt vasitəsilə göndərilməsi məsələsinə baxıla bilər.
– Arzu edənlər 1999-2006-cı illərdə həmin dərgilərdə dərc edilmiş məqalələrin fotosurətlərini həm adi poçt vasitəsilə, həm də elektron poçt vasitəsilə əldə edə bilərlər.