Azərbaycan türklərinin etnogenezinə dair
Arxeoloji araşdırmalar sübut edir ki, Azərbaycan ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Ərazinin bol sulu çayları, meşələri, dağlıq və dağətəyi bölgələri hələ ibtidai insanların ən qədim zamanlardan burada məskunlaşmasına şərait yaratmışdır. Bu gün ən aktual məsələlərdən biri bu ərazinin ən qədim sakinlərindən olan prototürklərin ilkin təşəkkülü, soykökümüzdə duran türk tayfalarının yayılma arealının haradan qaynaqlanması və Azərbaycan türklərinin etnogenezinin müəyyənləşməsindən ibarətdir.
Türkün düşmənləri saxta dəlillərlə XVIII əsrin birinci yarısında meydana çıxan «Ural-Altay nəzəriyyəsi» üzərində daha çox dayanaraq, iki meyli əsas götürürlər:
– türk dillərinin tunquz, monqol, mancur dilləri ilə geneoloji qohumluğu;
– Ön Asiya, Kiçik Asiya, Orta Asiya və Qafqaz regionuna türklərin Sibir və Uzaq Şərqdən gəlmə olması;
Birinci məsələyə münasibətimizi bildirərkən, qeyd etməliyik ki, yuxarıda adları göstərilən xalqlarla türklərin geneoloji yox, tipoloji-areal qohumluğuvardır. İkinci məsələyə gəldikdə isə, bu günarxeoloji, mifoloji, linqvistik, samotoloji və digər faktlar sübut edir ki, türkün ilkin təşəkkül tarixini və yayılma arealını Cənubi Qafqaz, Ön Asiya,əsasən də bütöv Azərbaycan ərazisində axtarmaq lazımdır.
Azərbaycan tarixi ümumtürk tarixindən təcrid olunmuş şəkildə öyrənilə bilməz. İmperiyanın yeritdiyi hökm siyasətindən biri də ondan tbarət olmuşdur ki, Azərbaycan tarixində hər şeydən danışmaq mümkündür, bir şərtlə ki, türklərin adı çəkilməsin. Çəkilsə də, onları orta əsrlərdə bu əraziyə «gəlmə», «vəhşi», «düşmən» və s. kimi qələmə vermək lazımdır. İndi isə o pərdə dağılmışdır və Azərbaycan tarixinin düzgün, əsaslı, elmi şəkildə öyrənilməsi üçün, mütləq, türk əcdadlarımızın ta qədimdən bu günə qədər keçdiyi yola nəzər salınmalıdır.
Azərbaycan ən qədim zamanlardan çoxsaylı etnosların yaşadığı ərazi olmuşdur. Bu etnosların içərisində eramızdan çox-çox əvvəl yaşayanları da var, eramızın ilk əsrlərindən başlayaraq buraya köçürülənləri də. Məsələn: tatların – irandilli əhalinin Cənubi Qafqaza, xüsusən də Azərbaycanın Şirvan və şimal-şərq bölgələrinə köçürülməsi ilk orta əsrlərə – sasani dövrünə aiddir. Ərəbdilli əhali isə Azərbaycan ərazisinə bir qədər gec – VII-IX əsrlərdə köçürülmüşdür. Bu etnosları Qafqaza şimaldan köçəri türk tayfalarının aramsız hücumlarının qarşısını almaq üçün köçürmüşlər. Bəzi tədqiqatçılar yazırlar ki, türklər buraya XI-XII əsrlərdə gəlmişlər. Sual oluna bilər: – əgər bu ərazinin sakinləri türk deyildilərsə, şimaldan gələn türklərlə onsuz da mübarizə aparacaqdılar. Daha buraya başqa xalqı köçürməyə lüzum yox idi ki!. Sadəcə olaraq, buranın əhalisi əzəldən türklər olduğu üçün, sasani və ərəb imperiyaları şimaldan gələn türklərlə yerli türklərin birləşməsindən ehtiyat edərək, bura özlərinə münasib əhali köçürmüşlər.
Azərbaycanın şimal-şərq regionunda Şahdağ qrupu xalqları sayılan xınalıq (hunalıq – Hun türklərinə aid ilkin məlumata e.ə.1764-cü ilə aid Çin mənbələrində rast gəlinir [Qumilyov,1960, s.23]), qrız, buduqlar vardır. Azərbaycana eramızdan əvvəl hicrət etmiş ən qədim əhalidən biri Quba yaxınlığındakı Kulqat qəsəbəsində yaşamış yəhudilər-«cuhud»lardır. Bölgədə Qaraçı kəndinin əhalisi vaxtilə Hindistandan gəlmiş sindlərdir. Şimal-qərbi Azərbaycanda, Alazan çayı vadisində elliklə məskunlaşmış ingiloylar (gellər) vardır. Lakin bu xalqların heç biri etnik durumda müəyyənedici amilə çevrilə bilməmiş və onlar yerli türkdilli əhali arasında həmişə azlıq təşkil etmişlər.
Azərbaycan ərazisinin aborigen sakinləri olan türklərin (Azərbaycan türklərinin) adını hallandırmamaq xatirinə imperiya siyasətindən asılı olaraq, bu ölkənin sakinlərinə bir ad – «azərbaycanlı» adı verilmişdir. Yəni ki, Azərbaycan xalqı azərbaycanlılardan ibarətdir. Bəs azərbaycanlılar kimdir?.. Bu torpağın sakinləri. Bu ölkənin vətəndaşları olan hər kəs… Bilirik ki, Azərbaycan bu ərazidə vətəndaşlıq hüququ almış hər bir xalqın vətənidir. Amma etiraf edək ki, Gürcüstanda yaşayan xalq «gürcüstanlı» deyil, gürcü, Ermənistanda yaşayan xalq «ermənistanlı» deyil, erməni adlanır. Rusiya dövləti əsasən rusların vətənidir və s. Azərbaycan xalqı ifadəsi isə bütün adı çəkilən və çəkilməyən, bu ərazidə yaşayan xalqların hamısına şamil edilir və yaxud da heç birinə şamil edilmir.
Bəzən belə ifadələr işlədirik: – «ermənistanlı azərbaycanlı», «gücüstanlı azərbaycanlı» və s. Amma bizdə yaşayan xalqlar isə öz adları ilə çəkilir. Biz torpağın, vətənin adı ilə millətin adını niyə qarışdırırıq?!.. Niyə bizə düşmən olan erməni bizi öz adımızla – «türk» deyə çağırır?! Niyə farslar şimaq-qərbi İranı (Cənubi Azərbaycan) Azərbaycan kimi tanısalar da, orada yaşayan əhaliyə öz adı ilə «türk» deyirlər?! Bu sualların cavabanı açmağa çalışacağıq. Azərbaycanın əsas əhalisini və çoxluq təşkil edən Azərbaycan türkünün etnogenezisi ilə bağlı öz elmi fikirlərimizi oxucu ilə bölüşmək istəyirik.
Azərbaycan türklərinin etnoqenezindən yazmış bir neçə psevdo tarixçinin siyasətə xidmət edən elmi ümumiləşdirmələri insanı dəhşətə gətirir. Onlar Azərbaycan ərazisində yaşayan xalqların hamısını qədim hesab edərək, Azərbaycan türklərinin etnoqenezini tam bəsitləşdirir və həm də onları Qafqaza «gəlmə» kimi qələmə verməklə, tariximizi lap dünənlə – yəni XI-XII əsrlərlə bağlayırlar. Bəzi tədqiqatcılara etnoqenezlə bağlı məlum olmayan və yaxud da bilərəkdən özlərini bilməməzliyə qoyduqları faktları dəqiqləşdirək.
Əli bəy Hüseynzadə 100 il bundan əvvəl «Həyat» qəzetində yazırdı ki, Qafqaz canişini Voronçov Daşqov 1905-ci il iyulun 20-də qəzetin bağlanmasını təklif etmiş və sənədin dərkənarında yazmışdır: «təcili olaraq «Həyat»ın sərlövhəsindəki «türk» sözü pozulsun, əvəzinə «tatar» sözü yazılsın» (Bir millətə nə qədər yabançı ad qoymaq olar? müəl.). O zamankı Rusiyanın mətbuat səhifələrində türkü unutdurmaq üçün onu təhqir etməkdən çəkinmirdilər. Məsələn, «türkə hakimiyyət ver, atasını öldürər». Və ya «türk alim ola bilər, insan ola bilməz» və s. kimi ifadələr işlədilirdi. XVIII əsrdə yaşamış fransız mütəfəkkiri Monteskye yazırdı: «Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz. Çingiz xanın fütuhatları ilə müqayisədə İsgəndərin qələbələri nədir ki?… bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağılagəlməz qələbələrinin şöhrətini yaysınlar. Nə qədər ölməz əməllər, əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır» [Ə.Hüseynzadə, 1997, s.34-40]. Doğrudan da türklər bütün güclərini əsrlər boyu tarix yaratmağa sərf etmişlər və yaratmışlar da. Amma yazmamışlar. Ona görə də türkün tarixini yazan kəs onlara zülm etmiş bir xalq haqqında yaxşı nə yaza bilərdilər ki?..
Arxeoloji tədqiqatlar nəticəsində aydın olur ki, Qobustan qayaüstü yazılarının (petroqliflərinin) yaranma tarixi mezolit dövründən – yəni 10-15 min il bundan əvvəldən başlayır. Gəmiqaya qayaüstü petroqliflərinin yaşı isə 4-5 min ildir. Ən böyük nailiyyətlərdən biri Qobustan və Gəmiqaya təsvirlərində yazı nümunələrinin olmasıdır. Bu günə qədər tədqiqatçılar misirliləri, finikiyalıları, minoyları əlifbanın yaradıcıları hesab edirlər. Əsasən, Finikiya əlifbası üzərində dayanan alimlər bu fikrə gəlmişlər ki, Şərqdə bu əlifba əsasında ilk dəfə arami yazısı (sağdan sola) yaranmışdır. Hətta Milan Universitetinin professoru Radivoye Peşiç Dunay sahilində, özünün qeyd etdiyi kimi, 48 işarədən ibarət dünyanın ən qədim əlifbasını kəşf etmiş və onu etrusk yazı işarələrinə bənzətmişdir. Azərbaycanlı tədqiqatçı Əjdər Fərzəli Gəmiqaya və Qobustanda olan daşlar üzərində 32 hərfdən (9 sait və 21 samit səsdən) ibarət ilk Azərbaycan (türk) əlifbasını kəşf etmiş və 400-dən artıq söz oxumuşdur. Maraqlısı isə odur ki, bu sözlərin hamısı («Tanqrı», «Ana», «adam», «gün» və s.) bugünkü ana dilimizdədir. O, «Gəmiqaya-Qobustan əlifbası» adlı kitabında yazır ki, bu əlifba bu günədək dünyada qəbul olunmuş əlifbaların ən qədimi olub, 8-10 min il bundan əvvələ aiddir [Ə.Fərzəli, 2003]. Bu daşlar üzərindəki yazıları qədim rəssam ümumi tayfalar tərəfindən qəbul olunmuş dildə – protoazərbaycan, prototürk dilində – Tanrıçılıq dilində yazmışdır. Qədim Azərbaycan türklərinin dili Tanrıçılıq dili olub [A.Farzali, 2005, s.250].
Məlumdur ki, dünya alimləri xalqları bu sahədə iki qrupa bölürlər:
– əlifbası olan;
– əlifbası olmayan.
Azərbaycan xalqı əlifbası olmayanlar sırasına daxildir. Söz yox ki, bu tədqiqatlarla biz dünyaya isbat etməliyik ki, Azərbaycan (türk) xalqı neçə min il əvvəl dünya xalqlarının çoxuna «əlifba dərsi» keçmişdir. Görəsən, qayaların yaddaşına həkk olunmuş bu yazılar yazılı mənbə deyil? Görünür ki, bəzi «tədqiqatçılara» müasir mürəkkəblə kağıza yazılmış məqalələr lazımdır. Onların fikrincə, güya müdrik babaların daşlara, qayalara həkk etdikləri tarixi əhəmiyyət kəsb edən bu yazılar, yazı deyil. Biz isə cəsarətlə deyirik ki, Qobustan və Gəmiqaya petroqlifləri Azərbaycan türkünün yaratdığı ən qədim yazılı mənbələrdir.
Etnogenez məsələsinin dəqiqləşdirilməsində ən mühüm yeri qədim insan qalıqlarının tədqiqi tutur. Qobustandan 10-15 min əvvələ aid tapılmış iki kəllə qalığının paleoantropoloji və antropoloji (somatoloji) cəhətdən vizual müşahidələrlə öyrənilməsi və qədim tayfaların genezisini əks etdirən digər materiallar sübut edir ki, Azərbaycan türkünün əsas özəyini təmsil edən «kaspi» tipi avropoid irqin cənub qolununun məhəlli variantı kimi hələ ən qədim zamanlarda olduğu kimi, eneolit dövründə də (e.ə.VI-V minilliklər) cənub-şərqi Zaqafqaziyada geniş yayılmışdır. Bu tipin təmsil etdiyi əhalinin Zaqafqaziyaya gəlmə olmasını sübut edən heç bir dəlil yoxdur. Erkən tunc dövründə (e.ə.IV-III minilliklər) bu mədəniyyətin yaranma ocağı saydığımız Naxçıvan-Urmiya-Şərqi Anadolu-Qərbi Azərbaycan (müasir Ermənistan Respublikası) bölgəsinin əhalisi əsas etibarı ilə prototürklərin və müasir Azərbaycan türklərinin antropoloji tipini təmsil edən «kaspi» tipindən ibarət olmuşdur. Arxeoloji materiallar da bu mədəniyyətlərin məhz qədim türk tayfaları tərəfindən yarandığını sübut edir. Bu tipə məxsus olanlar bu ərazinin aborigen sakinləri kimi bu gün də dəyişməyərək, Azərbaycan türklərinin antropoloji tipini təmsil edir [R.Qasımova, 1997].
Tədqiqatçılar Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biri olan Azıx mağarasının adının türk diliinin ən qədim, ilkin ifadələrindən biri olması qənaətinə gəlirlər[T.Hacıyev, 1983, s.25-26; X.Xəlilli, 2005, s.3-9]. Azıx mağarası qədim türk dillərində «ayı mağarası» kimi də göstərilir. Burada məntiq nədir? Məlum olduğu kimi, ibtidai insanlar qışda yem ehtiyatından həmişə əziyyət çəkmişlər. Bu insanların artımına, həyat sürmələrinə ciddi maneə idi. Aydındır ki, dekabr ayından mart ayına kimi ayılar qış yuxusuna gedirlər. İnsanların nə çətinliklə ovladıqları ayıların qış aylarında mağara və kahalara gəlib qış yuxusuna getməsi, insanları təəccübləndirirdi. Ona görə də Azıx mağarasının xüsusi, gizli bir guşəsində 300-350 min yaşı olan və üzərinə işarələr çəkilmiş ayı kəllələri tapılmışdır [Ə.Cəfərov, 2004, s. 135-136]. Artıq bu ayılar insanlar üçün azuqəyə – yemə çevrilirdi. «Dədə Qorqud kitabında» da «azuğ» sözü «qida, yemək ehtiyatı» mənasında işlədilr. Məsələn: «Yeddi günlük azuğla çıxayım» [«Dədə Qorqud kitabı», 1988, s. 69]. Uzun dövr ərzində sabit formada qalan azuğ (Azıx) sözü türk dilinin ilkin yaranış variantlarından biridir.
Azərbaycan türklərinin tarixi və etnogenezi məsələsi qonşu regionlarda protürklərin yaşaması ilə sırf bağlı olmuşdur. Qədim türklər Azərbaycana yaxın hansı ərazilərdə yaşamışlar? Bu gün tədqiqatçılar daha çox şumerlərin türk olması və mixi yazıların türkcə oxunması haqqında təkzibolunmaz dəlillər gətirirlər. Hələ XIX əsrin sonlarında Lenorman və Qommel şumer dilinin ural-altay (türk) dilində olması fikrinə gəlmişlər. Onlar qeyd edirlər ki, səslənməsinə, saitlərin harmoniyasına və d. səbəblərə görə bu dil türk dilləri qrupuna daxildir. Məsələn, ata sözü şumer dilində «atta», oğul sözü «uqhul» kimi səslənir [Brokqauz i Efron, 1901,s.62-63]. Maraqlıdır ki, başqa hansı dildə «ata» və «oğul» sözləri türk dilində olduğu kimi səslənir? Bundan başqa, XXI əsrdə ABŞ və Türkiyədə çap olunmuş bir sıra əsərlərdə şumer mixi yazılarının türkcə olması faktı təsdiqlənir [T.Azərtürk, 2001; 2002; 2003; A.Cəliloğlu, 2001]. Sadəcə, bu yazıların oxunuşu ilə uzun illər başqa xalqlar məşğul olmuşlar ki, onlar ya türk dilini bilmədikləri üçün və yaxud da bilərəkdən mixi yazıların dilini və onları haradan «gəlməsi» məlum olmayan bir xalq kimi qələmə vermişlər (yenə də özləri üçün yol qoyurlar ki, bir zaman onların türk olduğu təsdiqlənsə, desinlər ki, «gəlmədir»lər).
S.Kramer «Tarix şumerdən başlayır» kitabında şumerlərin 39 yeniliyin ixtiraçıları olduğu bildirilir. O, bu siyahıya yazı, təkər, məktəb, ikipalatalı parlament, tarixçi, kosmologiya, ədəbiyyat müzakirələri, Nuhun ilk surəti, kitab kataloqu, pul (gümüş), vergi, qanun və sosial islahatlar, tibb və s. Daxil edir. Bu sivilizasiyanın necə yarandığı mənbələrdə əsaslı şəkildə qeyd olunmur. Milli Coğrafiya Cəmiyyəti isə bu barədə belə deyir: «Şumer xalqının haradan gəlməsi barədə çox yazılıb, ancaq bunu hələ də heç kim bilmir» (əgər şumerlər türk olmasaydılar, mütləq adı çəkilərdi. Susurlarsa, deməli türkdürlər. müəl.). Bəşəriyyətə sivilizasiya gətirən bu qədim türklər (şumerlər) e.ə.3760-cı ildə Nippur şəhərində dəqiqliyi ilə bilnən Günəş-Ay təqvimindən istifadə etməyə başlamışlar. Hazırki 360 dərəcəlik bucaq, 12 aydan ibarət il, 24 saatdan ibarət günlər, 12 bürc (60 rəqəminin bölünəni) və s. şumerlərdən qalmadır [http://ufo.metrocom.ru/book3/elford1/elford1.htm].
Yazılı mənbələr sübut edir ki, Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlət (Aratta istisna olmaqla) Quti dövlətidir. F.Ağasıoğlu yazır ki, «Qədim akkad və elam yazılarında göstərilir ki, qutilər ölkəsi 70 boyla vuruşmuşdular. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda «quti» adı o dövrdə həmin ərazilərdə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir». Tədqiqatçı qədim proto – azər tayfalarından olan qutilərin e.ə.2200-2109-cu illərdə ikiçayarası əraziləri ələ keçirib, 91 il hakimiyyətdə olmalarından, assur mənbələrində «Göydəki ulduzların sayı qədər çox olan qutilər» haqqında məlumatdan xəbər verir [F.Ağasıoğlu, 2000, s.149-155].
Digər mənbələrdə də e.ə.III minilliyin ikinci yarısında Urmi gölünün cənubunda olan qədim türk tayfaları arasında quti və lullubəylər haqqında məlumatlar vardır [Y.Oğuz, 2002, s.17-19]. Tədqiqatçılar qeyd edirlər ki, «…lullubi (lullubəy-müəl.) Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur» [Azərbaycan tarixi, 1994, s.79].
İ.Əliyevin redaktəsi ilə çap olunmuş «Azərbaycan tarixi» (rus dilində) kitabında yazılıb ki, «Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş quti, lullubi, hürri və digər tayfa və tayfa ittifaqlarının birbaşa varisidir [İstoriya Azerbaydjana,1995,s.89]. Deməli, Manna dövlətini quran tayfaların əkssəriyyəti prototürk etnosları olmuşlar.
Maraqlıdır ki, yazılı mənbələrdə qədim türk tayfalarının adı qalmaqdadır. E.ə. II minilliyə aid akkad mixi yazılarında «türükkü» (türk) tayfalarının adı yad edilir və bildirilir ki, Urmiya gölünün cənubunda yaşayan bu tayfalar o dövrdə (4-5 min il bundan əvvəl) regionda baş vermiş siyasi proseslərdə mühüm rol oynamışlar [Azərbaycan tarixi, 1994, s.78-80].
E.ə.VII əsrin əvvəllərindən e.ə.VI əsrin əvvələrinə qədər Azərbaycan ərazisində türkdilli tayfaların yaratdıqları kimmer-skit-sak padşahlığı mövcud olmuşdur. Roma imperiyasının məşhur saray şairi P.O.Nazo yazır ki, eramızın əvvəllərindən Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skitlər-türkdilli tayfalar yaşamışlar. Bu faktı Herodot (e.ə.V əsr), Miletli Hekatey (e.ə. V-IV əsrlər) və başqalarının əsərləri də sübut edir. Cənubi Qafqazda meydana çıxan gürcü, erməni və alban yazılarından çox-çox öncə türk yazıları mövcüd olmuş, Alban əlifbası qədim türk əlifbası əsasında tərtib edilmişdir [V.Əsədov, 2005].
Skiflər Krasnoyarsk vilayətində tədqiq edilən «Taqar arxeoloji mədəniyyəti»nin (e.ə.700-100-cü illər), «Andronovo mədəniyyəti»nin yaradıcıları olmuşlar. Sibirdə – Tuvada 1971-1974-cü illərdə öyrənilən və e.ə. IX-VII əsrlərə aid «Arjan-1», «Arjan-2» kurqanları da skitlərə aiddir. Arjan-1-də 160 at dəfni qeydə alınıb. Arjan-2-dən isə 6000 ədəd qızıl, bürünc və dəmirdən hazırlanmış qədim zərgərlik məmulatı tapılmışdır. Bu tapıntılar skiflərin türkdilli olmasını bir daha təsdiqləyir. Altay türklərinə məxsus Pazırıq kurqanlarında (e.ə.V əsr) qeydə alınmış bir sıra adətlər Herodotun təsvir etdiyi qədim skiflər haqqında olan adətlərlə eyniyyət təşkil edir [A.Hüseynova, 2005, s.17-25]. Herodot göstərir ki, skiflər öldürdükləri düşmənin başından su içmək üçün kasa hazırlayırdılar. Görünür ki, Azərbaycan türklərinin etnogenezində skiflərin də rolu olmuşdur.
Yazıçı, etnoqraf, türkoloq Murad Aci yazır: «Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki qədim Ermənistanda dualar türkcə qələmə alınmışdır, deməli, əski ermənilər ibadətlərini suryani dilində deyil, türkcə etmişlər… Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər?.. Bu sualların cavabını qədim erməni məbədlərinin divarlarında tapmaq olar – orada türk tamğaları həkk olunmuşdur. İnşaatçıların tamğaları. Ayrı-ayrı kilsələrin divarlarında 23 belə işarə var. Zvartnots, Kotavank, Dvin, Çvari və digər yaşayış məntəqələrindən run (türk) yazıları tapılmışdır…Ermənilər onlara baxır, özləri onların nəşr etdirir və bu yazıların türkcə olduğunu anlamırlar» [M. Adji, s.168].
Azərbaycan arxeoloqlarının apardığı qazıntıların bir çoxundan türkdilli xalqların Cənubi Qafqazda eramızdan əvvəl V-II minilliklərdə və eramızsy ilk əsrlərində yaşamalarını sübut edən maddi dəlillər vardır. Buraya arxası üstə uzadılmış skeletlər, daş qarışıq torpaq kurqanlar, müxtəlif dəfn adətləri, türk sərkərdələrinin öz atları ilə birgə və yaxud da atlarının dəfn olunduğu qəbirlər və digər arxeoloji faktlar daxildir [Narimanov,1987; Seyidov,2003]. Zaqafqaziya ərazisində ən çox at dəfnləri ilə müşahidə olunan qəbir abidələrinə Azərbaycanda rast gəlinmişdir. Bu da təsadüfi deyil. Atın əhilləşdirilməsindən sonra türklərin yeni dünyası və yeni həyatı başlayır. Azərbaycan ərazisində belə dəfnlərə Naxçıvan, Qarabağ, Mingəçevir, Gəncə-Qazax, Daşkəsən, Şəki-Zaqatala, Muğan və b. yerlərdə rast gəlinmişdir [F.Quliyev, 2003, s.10-13]. Naxçıvanda (Maxtakəndi) 5 min il bundan əvvələ aid at fiquru tapılmışdır. Herodotun verdiyi məlumata görə, massagetlər (türklər) atı Günəşə qurban kəsmişlər (Qerodot, kniqa, 1, 1988).
Hər hansı xalqın qəbul etdiyi qida məhsulları və musiqisi də geneoloji xüsusiyyət daşıyır. Əliköməktəpə (Cəlilabad rayonu) abidəsindən eneolit dövrünə aid tapılmış at sümükləri içərisində kürək sümüklərinin çoxluğu, at ətindən qida məhsulu kimi istifadə edildiyini göstərir. Bu gün Orta Asiyada yaşayan türklər at əti yeməklə bərabər, ən hörmətli qonağa dayça (atın balası) kəsər, at südündən istifadə edərlər. Digər mənbələrdə də ən qədim zamanlardan türklərin at əti yeməsindən, at südü içməsindən bəhs edilir və bu gün də bu geneoloji xüsusiyyət saxlanılır. Musiqi mədəniyyətinə gəldikdə isə, onu deyə bilərik ki, ən qədim musiqi alətlərindən biri saz, dligəri isə uddur. E.ə. III minilliyə aid qədim şumer daş barelyefi üzərində saz çalan insan təsviri, e.ə. II minilliyə aid Babilistan ərazisindən tapılmış gil lövhə üzərində ud çalan insan təsviri, e.ə. I minilliyə aid Ziviyədən tapılmış gümüş qab üzərində saz çalan manna musiqiçisi musiqi tarixismizdən xəbər vermirmi? Və bu gün sazı və udu çalan hansı xalqdır? Diqqət edin! Uzaq Sibirdən Avropaya qədər bu musiqi alətlərini ifa edənlər ancaq türklərdir. Mühit və şəraitdən asılı olmayaraq, hər hansı bir xalqın qan yaddaşı, gen yaddaşı heç vaxt itmir.
Müxtəlif tədqiqatçıların əsərlərində türklərin bu ərazidə ta qədim zamanlardan yaşaması haqqında yazılı məlumatlar vardır. Tarixin atası Herodot 2500 il bundan əvvəl bu ərazidə türklərin yaşamasından xəbər verir. VII əsrdə yaşamış ərəb tarixçisi Cürcuma qətiyyətlə bildirir ki, Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır. Türklər çoxdan bu ərazidə məskunlaşmışdır. Xəlifə Müaviyə tarixçi Abid ibn Şoriyədən soruşur: «Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: «Azərbaycan qədimdən burada məskunlaşmış türklərin ölkəsidir». 1126-cı ildə fars tarixinə aid bir mənbədə yazılır: «Azərbaycan – lap qədimdən türklərin əlində olan bir ölkədir…»[L.Qumilyov, 1993, s.6-7].
Türkdilli xalqların ədəbiyyat tarixində özünəməxsus yer tutan və uzaq əsrlərdən soraq verən «Kitabi-Dədə Qorqud»un ən qədim adət-ənənələri oğuz türklərinin ibtidai dövrünə – eramızın III-IV əsrlərinə aiddir. Dastanda göstərilir ki, türklər çadır və alaçıqlarda yaşayır, maldarlıqla məşğul olur, at südü və ondan hazırlanmış içkilər içir, at kultuna sitayiş edir və s. Qəhrəman yaralananda atın quyruğunu kəsir, öləndə isə atı da öldürürlər. Dastanda etnos kimi 2 dəfə «alban» sözü işlənmişdir. Ümumiyyətlə, türklərin mədəniyyətinin, etnogenezinin, dilinin təməl sənədi, ədəbi-bədii fikrinin ən qədim və zəngin qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud»un yazıya alınması bizim eranın ilk orta əsrlərinə təsadüf etsə də [“Kitabi-Dədə Qorqud”, 1988, s.16-18], burada eramızdan əvvəlki minilliklərdə qədim türklərin davamlı həyat tərzi ilə səsləşən çoxlu maraqlı faktlar vardır.
Araşdırmalar göstərir ki, türkdilli xalqların kökü düşmən dəyirmanına su tökən bəzi tarixçilərin söylədikləri kimi deyil. Q.Qeybullayev yazılı və maddi-mədəniyyət nümunələrinə əsaslanaraq, etnotoponimlərə aid samballı faktiki dəlillər irəli sürmüşdür. O, qədim türk dillərinin bölünərək formalaşması dövrünü e.ə.II minilliyin sonu və e.ə. I minilliyin əvvəllərinə təsadüf etdiyini göstərir [Q.Qeybullayev, 1991, s.498]. Ümumiyyətlə, Azərbaycan xalqının islamaqədərki mənşəyi, soykökü və inkişaf yolunu E.Əlibəyzadə 3 mərhələyə bölür:
-şumer-türk mərhələsi (e.ə.III-II minilliklər);
-turan–iskit (skif) türk mərhələsi;
-türk mərhələsi [E.Əlibəyzadə, 1998,s.8].
M.Seyidov Azərbaycan xalqının soykökündə əsasən üç qolun olması fikrinə gəlir – Atropaten, Arran-Alban və bir sıra digər türk qəbilə birləşmələri [M.Seyidov,1983,s.9].
Son olaraq bu nəticəyə gəlirik ki, Azərbaycan türkləri Bütöv Azərbaycanın ən qədim sakinləri olaraq, nəsli icma dövründən, ilk nitq mədəniyyətinin yarandığı zamandan bu günədək davamlı olaraq bu ərazidə digər azsaylı etnoslarla birlikdə yaşamış, çoxluq təşkil etdiyindən dilini və ərazisini itirməmiş, çox zəngin və sivilizasiyalı mədəniyyətə malik olmuşlar.
Ədəbiyyat
1. Qumilev L. Xunnı. M., 1960.
2. Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minilliklərdə, Bakı, 2003.
3. Sumbatzade A.S.. Azerbaydjanüı-gtnoqenez i formirovanie naroda. Baku, «Glm»
1990.
4. Allahverdiyev S., Haqverdiyev Ə. Türk dünyası xalqlarının tarixi, Bakı, 1996.
5. Qeybullaev Q.A,. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994.
6. Qeybullaev Q.A. Gtnoqenez Azerbaydjanüev. 1, Baku, «Glm» 1991.550 s.
7. Bartolğd B.B. Törki. Alma-Ata, 1998.
8. Həbiboğlu V. Qədim türklərin dünyagörüşü. Bakı, 1996.
9. Nərimanov İ.. Azərbaycanın əkinçi-maldarlıq tayfalarının mədəniyyəti. Bakı, «Elm», 1987.
10. Qasımova R.M.. Azərbaycan xalqının etnogenezisi paleoantropoloji və antropoloji (somatoloji) materiallar əsasında. Elmlər doktoru dissert. Avtoreferatı, Bakı, 1997.
11. Qumilyov L. Qədim türklər. Bakı, 1993. 534 s
12. Fərzəli Ə.. Gəmiqaya-Qobustan əlifbası, Bakı, 2003.
13. Azərbaycan tarixi,Bakı,1994
14. Əsədov V.. Qafqaz Albaniyasında yazının yaranması və inkişafı. «Azərbaycan» qəzeti, 25 avqust, 2005.
15. Qerodot. İstoriya, kniqa 1, M, 1988.
16. Azərtürk T. Azəri (Şumer), Çin və Hunqar (On oqur) dillərinin köməyi ilə Hun dilinin bərpası. ABŞ, Sietl, 2003. 84 səh.
17. Azərtürk T. Mixi yazıların mənşəyi, kimindir onlar? ABŞ, Sietl, 2002. 115 səh.
18. Azərtürk T. Muğam «Şumer» deyilən Azəri türkünün milli mənəvi sərvətidir. ABŞ, Sietl, 2001. 65 səh.
19. Atakişi Cəliloğlu. «Şumercə» Kesin olarak türk dilidir. İstanbul, 2001. 151 səh.
20. Brokqauz F.A., Efron İ.A. Sumeriyskiy vopros. Gnüiklopediçeskiy slovarğ, tom XXXII, S-Peterburq, 1901, s. 62-63.
21. Murad Adji. Evropa, törki, velikaə stepğ. M.2001 ,
22. Quliyev F.E. Qədim Azərbaycanda atçılıq. Namizədlik diss. avtoreferatı, Bakı, 2003. 29 s.
23. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, 1983. 325 s.
24. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Bakı, 1998. 521 s.
25. Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, 1997, 292 s.
26. Hüseynova A.Q. Skif problemi rus və sovet tarixşünaslığında. Namizədlik disser. avtoreferatı. Bakı, 2005, 29 s.
27. Farzali A. Noev Kovçeq i Qəmiqaə-Qobustanskiy alfavit. Baku, 2005, 278 s.
28. Firidun Ağasıoğlu. Azər xalqı. Bakı, 2000. 436 s.
29. Yunus Oğuz. Qədim Anadolu və Azərbaycan türkləri. Bakı, 2002, 112 s.
30. Kitabi Dədə Qorqud. Bakı, 1988, 265 s.
31. İstoriə Azerbaydjana. (pod redaküiey İqrara Alieva), Baku, 1995, 432 s.
32. http://ufo.metrocom.ru/book3/elford1/elford1.htm
33. Xəlilli X. Dədə Qorqud kitabı türklərin mədəniyyətinin, etnogenezinin və dilinin təməl sənədidir. «Dədə Qorqud» jurnalı, №3, 2005, s.3-10.
34. Hacıyev T. Azərbaycan dili tarixi. Bakı, 1983.
35. Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. Bakı, 2004.
Abbas Seyidov
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
tarix elmləri doktoru, professor