Azərbaycan yallı rəqslərinin not yazılarına dair

Dairəvi və yarım dairəvi formada ifa edilən müasir “yallı” rəqslərimizin özündə birlik və vəhdəti təcəssüm etdirməsi onun iştirakçısı və tamaşaçısı olan hər kəsə bəllidir. Azərbaycan“yallı” rəqslərinin qədim köklərə malik olması barədə yazılı mənbələrdə mə`lumatlar verilmişdir. Qaya təsvirlərindən də göründüyü kimi, yallıların tarixi hələ dünyəvi dinlərin meydana gəlmədiyi, qədim insanlar arasında danışıq dilinin mövcud olmadığı, onların etnoslar kimi formalaşmadığı, 

cəmiyyətdə sosial təbəqələşmə proseslərinin getmədiyi tarixi mərhələdən başlanmışdır. Düşünürük ki, “Günəşə” sitayiş erkən tarixi mərhələdə yaşamış insanlarının dünyagörüşü forması ilə bağlı olmuşdu. Bu baxımdan da günəşin müqəddəsliyinə inanan insanların arxaik təfəkkür tərzinin izləri müasir dairəvi rəqslərdə – “yallı”larda müşahidə olunur. Ehtimal etmək olar ki, nitqin inkişafı ilə əlaqədar olaraq tarixin erkən çağlarında günəşin və odun şərəfinə keçirilmiş dairəvi ayinlər və mərasimlər get-gedə dəyişilməyə başlamışdır. Müxtəlif şaxələrə ayrılmış ayinlər və mərasimlərlə müasir dairəvi yallı rəqslərinin əsası qoyulmuşdur. “Yallı”ların inkişaf mərhələlərini araşdırdıqda onların çoxəsrlik təkamül prosesini keçərək oyun forması aldığını müşahidə etmək mümkündür.

Naxçıvan MR-nın ərazisində bu rəqsin 100-ə qədər növü qeydə alınmışdır. “Yallı”nın Masallı, Lənkəran, Şəki, Qazaxda da ifa olunduğu bəllidir. Onu ifa edərkən iştirakaçıların sayı 10-15-dən 100 nəfərədək ola bilər. “Yallı” rəqsi zamanı kişi və qadınlardan ibarət dəstə düzəldilir. Sıranın başında duran rəqqas, yəni “yallıbaşı” əlində yaylıq və yaxud çubuq tutur, axırdakı rəqqas isə “ayaqçı” adlanır. Rəqs ağır tempdə başlayır, getdikcə sürətlənir. İfaçılar ritmik hərəkətlə dövrə vuraraq rəqs edirlər.

Milli-mə`nəvi sərvətimiz olan yallı rəqslərinin toplanması, nota salınması cari vaxtda mühüm məsələlərdən biridir. Bu sahədə müxtəlif dövrlərdə əhəmiyyətli işlərin görüldüyünü qeyd etmək istərdik. Həmin problemə həsr olunmuş Azərbaycan musiqişünaslığında görkəmli alimlər Bayram Hüseynli, Əhməd İsazadə, Nəriman Məmmədov, Məmməd Ələkbərov, Əqidə Ələkbərova və Əkrəm Məmmədli tərəfindən müəyyən axtarışlar aparılmışdır. “Yallı” rəqslərinin xoreoqrafik tərəflərini səciyyələndirmiş sənətşünas Kamal Həsənovun işləri də dəyərli mənbələrdən hesab olunur.

“Yallı” rəqslərimizin nota yazılaraq gələcək nəsillərə çatdırılması sahəsində Xalq Musiqi Kabineti tərəfindən 1930-cu illərdə bir çox əhəmiyyətli addımlar atılmışdır. Kabinetin ekspedisiyalarında kütləvi xalq rəqsləri toplanaraq notlaşdırılmış, lakin əlyazma halında qalmışdır.

Nota salma işində M.Ələkbərovun  xidmətlərini qeyd etmək lazımdır. O, ilk dəfə 1969-cu ildə Naxçıvan yallılarını nota yazaraq Azərbaycan Mədəniyyət Nazirliyi xalq yaradıcılığı evinə təqdim etmişdir. Bu mövzu altında bəstəkar “Şərur eskizləri” adlı III hissəli süitasını da bəstələmişdir.

Azərbaycan yallı rəqs melodiyalarının notlaşdırılması sahəsində görkəmli tədqiqatçı-alim Bayram Hüseynlinin dəyərli işləri qeyd olunmalıdır. O, Azərbaycan xalq rəqsləri haqqında ilk dissertasiyanı yazan musiqişünasdır. B.Hüseynlinin xalq rəqslərinin, xüsusilə “yallı”ların toplanılması, nota yazılması və nəşri sahəsində xidmətləri böyükdür. Onun notlaşdırdığı bir çox rəqs nümunələri əsasən iki məcmuədə toplanılmışdır. “Azərbaycan xalq rəqs melodiyaları” (3) adlı birinci məcmuədə “yallı” rəqslərinin not yazıları öz əksini tapmışdır.

Birinci dəftərdəki Yallı nümunələri B.Hüseynli tərəfindən Naxçıvan MR-nın Ordubad, Şərur və Şahbuz rayonlarından toplanmışdır. Bu fakt heç də təsadüfi səciyyə daşımır. Çünki yallı rəqsləri və onların səciyyəvi ifası daha çox həmin rayonlarda geniş şəkildə yayılmış və yaşamışdır. Məcmuəyə daxil olan nümunələr həm melodik, forma və lad-məqam quruluşu, həm ifa xüsusiyyətləri və folklor-rəqs ifaçılığı baxımından, həm də musiqi tariximizin qədim dövrlərinin öyrənilməsi nöqteyi-nəzərindən ciddi elmi maraq doğurur. B.Hüseynli birinci dəftərə 25 yallının not yazısını daxil etmişdir.

Bu istiqamətində elmi-məqsədyönlü şəkildə görülən işlərdən biri də, sənətşünaslıq doktoru, professor Ə.İsazadə ilə bəstəkar, N.Məmmədovun birlikdə tərtib etdikləri “Azərbaycan xalq mahnıları və oyun havaları” (4) adlı topludur. Adı çəkilən topluya daxil olan nümunələr – xalq mahnıları və rəqsləri, o cümlədən, yallı rəqsləri respublikamızın Ağdam, Şəki, Zaqatala, Balakən, Salyan, Naxçıvan bölgələrindən toplanılmışdır. Məcmuəyə 24 yallı nümunəsi daxildir. Onların Naxçıvan MR-nın ərazisindən, məhz Şərur, Ordubad və Şahbuz rayonlarından toplanılmasını xüsusilə qeyd etməliyik.

Milli-mə`nəvi dəyərlərimizdən sayılan yallı rəqslərimizin tədqiqi sahəsində görülən maraqlı və dəyərli işlərdən biri də sənətşünaslıq namizədi Ə.Ələkbərovaya məxsusdur. Onun Naxçıvan bölgəsinin yallı rəqsləri haqqında yazdığı dissertasiya (7; 1) bu janrın öyrənilməsi yolunda atılan daha bir addım kimi elmi əhəmiyyətə malikdir.

 “Yallı” rəqslərinin toplanılması və nota salınması kimi mühüm elmi əhəmiyyət kəsb edən iş ölkəmiz müstəqillik əldə etdikdən sonra da davam etdirilmişdir. “Yallı”larımızın qorunması və yaşadılması sahəsində görkəmli tarzən-pedaqoq Ə.Məmmədlinin son illərdə apardığı araşdırmalar çox dəyərlidir. O, uzun illərdir ki, unudulmaqda olan yallı rəqslərimizi toplamaqla məşğul olur. Əkrəm Məmmədli ilə Kənan Məmmədlinin birlikdə araya-ərsəyə gətirdikləri “Naxçıvan – Şərur el yallıları”  (6) adlı kitab 2015-ci ildə işıq üzü görmüşdür. Bu kitabda yallıların ifa xüsusiyyətləri, not yazıları, onları müşayiət edən musiqi dəstəsi və bu dəstədə istifadə olunan çalğı alətləri, eləcə də Azərbaycanda yallı rəqslərinin əsas yayıldığı və inkişaf etdiyi Naxçıvan ərazisində ifa olunan dairəvi rəqslərdən bəhs edilir. Həmin yallıların əksəriyyəti Naxçıvanın Şərur bölgəsinə aiddir. Onu da qeyd edək ki, Şahbuz rayonundan toplanmış yallı rəqsləri də adı çəkilən kitaba daxil edilmişdir. “Naxçıvan – Şərur el yallıları” adlı kitabda 92 yallının not yazısı öz əksini tapmışdır.

 Nadir sənət incilərimizdən sayılan yallı rəqslərimizin toplanılması, nota yazılması və gələcək nəsillərə miras kimi ötürülməsi isə etnomusiqişünasların əsas vəzifələrindən biri kimi bundan sonra da davam etdiriləcəkdir. Bütün bunların qloballaşan dünyada Azərbaycan yallı rəqslərini başqaları tərəfindən özününküləşdirmək  təhlükəsindən xilas edə biləcəyini və milli musiqi xəzinəmizi daha da zənginləşdirəcəyini düşünürük.

Ədəbiyyat:

1.Ələkbərova Ə.M. Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. /“Qobustan” jurnalı. № 2, 1999. S. 42-44

2.Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsləri. Bakı: İşıq, 1983, 59 s.

3.Hüseynli B.X. Azərbaycan xalq rəqs melodiyaları. I dəftər. Bakı: Azərnəşr, 1965, 42 s.

4.İsazadə Ə.İ. Məmmədov N.H. Azərbaycan xalq mahnıları və oyun havaları. Bakı: Elm, 1984. 76 s.

5.Məmmədov Ə.K. Yallı. Bakı: Şirvannəşr, 2004. 116 s.

6.Məmmədli Ə.M, Məmmədli K.Ə. Naxçıvan-Şərur el yallıları. Naxçıvan: Əcəmi Nəşriyyatı Poliqrafiya Birliyi, 2015, 276 s.

7.Алекперова А.М. Хороводные танцы «яллы» Нахичеванской зоны: Автор.диссерт.на соиск.уч.степ.кандид.искусств. Баку, 1994, 24 c.

Fazilə Nəbiyeva

                                                                                                               Musiqişünas

F.Nəbiyevanın tədqiqatlarından

a) “Dairəvi rəqslərdə multikultural dəyərlərin təzahürü” .s. 187-191

b) “Dairə konseptual işarə kimi”. // “Musiqi dünyası” jurnalı.  3/56-2013

c) Круговые танчы как проявление кулъта солнца

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir