Azərbaycanın ən qədim Elmlər Akademiyaları sırasından

Şamaxı şəhəri yaxınlığında XI əsrdə Azərbaycanın ən qocaman Elmlər Akademiyalarından biri yaradılmışdı. Əsasən ona Tibb Elmlər Akademiyası deyilirdi və Azərbaycanın görkəmli alimi böyük filosof, riyaziyyatçı, astronom, anatom, kimyaçı və həkim kimi tanınan Şirvani Kafiəddin Ömər Osman (1080-1150) oğlu həmin mərkəzin banisi sayılırdı. O, orta əsrin təbabətinin, fəlsəfəsinin, farmakologiyasının və elm nəzəriyyəsinin korifeylərindən biridir.

    Bu haqda professor Eybali Mehrəliyev yazır: “Belə alim (Kafiəddin Ömər – R. D.) rəhbər ölkə şahının (Şirvanşah I, Fəriburz hakimiyyət illəri 1063-1096 – R. D.) hörmətini qazandığına görə geniş fəaliyyəti, nəinki tibbi-bioloji (bitkilərdən, kiflərdən və heyvan bədəni hissələrindən dərman almaq və düzəltmək) texnologiasından başlamış hər cür xəstəliyin müalicəsi üçün əldə edilən dərmanların tətbiqinin nəticələrini sınaqdan keçirmək, hətta cərrahiyyə əməliyyatı aparmaq üsullarını işləyib hazırlamaq sistemi, astronomiya, riyaziyyat, inşaat (su qurğuları, mülki və istehsalat), nəzm və nəsr, fiqh (hüquq) və fəlsəfə, sərf və nəhv, tarix, musiqi (nəzəriyyəsi və ifa qaydaları), təsvir (rəssamlıq), siyasətşünaslıq və hərbşünaslıq sahəsində elmi istiqamətlərin formalaşmasını başa çatdırmışdı…

    Belə bir rəvayət var: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

    XI-XII əsrlərdə Şirvan Elmlər Akademiyası aşağıdakı quruluşa malik idi: rəyasət heyəti – Prezident-elm şöbsəində – elmi–adab (qayda-qanun elmləri) və Darül-ülum (elm-evi). Lakin hərb xadimləri ilə alimlərin sıx əlaqələri və hərbi xadimlərinin başqa elmlərdə daha sıx məşğul olmaları belə qənaətə gətirir ki, çox güman akademiyanın strukturunda hərb elmi də olmuşdur”.(1)

    Azərbaycanın görkəmli şairi Əfzələddin Xaqani (1126-1199) əmisi Kafiəddin haqqında yazırdı: “Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su Günəşin tə`siri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur (Aristotel – R. D.).”

    Maraqlı odur ki, 1953-cü ildə Parisdə nəşr olunan elm tarixi ensiklopediyasında  Şərqdə elmin inkişafına həsr olunmuş məqalədə XI əsrdə Şirvan Elmlər Akademiyası haqqında mə`lumat verilir.

    Artıq birdəfəlik sübut olunub ki, Azərbaycanda elm ocaqları o qədər inkişaf etmişdir ki, orada çalışan bir çox alimlərin şöhrəti ətraf ölkələrinə yayılmış və həmin mütəxəssislər, əlverişli imtiyazlar və`d edilməklə, başqa-başqa şəhərlərə dəvət olunurdular.

    Dahi alimlərin yaranması həmişə və hər yerdə sələflərinin təfəkküründən yaranan elmi bazanın əsasında baş qaldırır və çiçəklənir. Bu cəhətdən Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) ensiklopedik yaradıcılığı özündən əvvəl Şərqdə, o cümlədən Azərbaycanda formalaşmış elmi mərkəzlərin davamı və inkişafıdır.

    Z. Yaqut əl-Həməvi əsərlərində IX-XII əsrlərdə Azərbaycan alimlərin, onların yetişdirdiyi və yaratdığı elmi mühitin səciyyəsi, IX-X əsrdə Bərdədən, X-XII əsrdə Şamaxıdan, Dərbənddən, Gəncədən, Təbrizdən, Xodyan çoxlu alimlər haqqında xəbər verir.

    Təbiətşünaslıqda, tibb elmində, Azərbaycan farmakologiyasının banisi (Hacı Sabir), XI əsr Şirvan Elmlər Akademiyasının yaradıcısı Kafiəddin Ömər əczaçılığa dair bilikləri özünün “Tibb-e-Nəbəvi” əsərində sistemləşdirmiş, bitki, heyvan və minerallardan dərman almağın üsullarını vermişdir. Onun oğlu Osman ibn Ömər Vəhiəddin Şirvani, Fələki Şirvani isə riyaziyyat, fizika və astronomiya ilə, hələ X-XI əsrlərdə dahi Əbdülkərim Şirvani, onun nəvəsi Fazil Fəridəddin Əbülhəsən Şirvani astronomik cihazlar hazırlamış və tədqiqatlar aparmışdılar.

    Tusinin yaratdığı Marağa rəsədxanasına Şirvan astronomiya mərkəzindən Şəmsəddin Şirvani də dəvət almışdı. O, elmi tədqiqatları ilə bərabər, astronomik cihazlar (üstürlab) da yaratmışdır.(2)

    XII əsrdə yaşayıb, yaratmış təbib, astronom və riyaziyyatçı Əbülfəz Hübeyş ibn İbrahim Tiflisinin tibb və əczaçılığa dair 9 əsəri, astronomiyaya dair “Bəyan ən-Nücum” (Ulduzların təsviri), “Mədxəl ila ilm ən-Nücum” (Ulduzlar elminə giriş) və s. onlarla əsərin müəllifidir…

 

    1. E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. səh. 69-70

     2. Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor E. Q. Mehrəliyevin mə`ruzəsi, səh. 500-501

 Yazıçı-tədqiqatçı Ramiz Dəniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir